Məhkəmə qərarları › İş №1(101)-256/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-256/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-256/2023 27.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri, X2 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Fariz” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək naməlum vaxtda və şəraitdə qabaqcadan razılaşdırılmış yerdə “Fariz” adlı şəxsdən 01 ədəd bükümdə təmiz çəkisi 24,058 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 7,198 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə əldə edərək üzərində saxlamaqla daşımış və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 25 may 2022-ci il tarixdə saat 15:30 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ərazi üzrə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 24,058 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 7,198 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 25 may 2022-ci il tarixdə saat 11-12 radələrində kirayədə qaldığı evdə yatılı vəziyyətdə olan zaman tanımadığı şəxslər onun yaşadığı evə daxil olub onu çağırmışlar. O, yerindən qalxan zaman mülki geyimli şəxslər onun əlinə qandal vurmuşlar. “Anar” adlı şəxs ona “hanı 1 kiloqram mal deyə” sual vermişdir. O da onda mal olmadığını bildirmişdir. O, həmin şəxslərə yaşadığı evi axtarmalarını, evdə heç bir narkotik maddə olmadığını demişdir. Polis əməkdaşları onun evinə baxış keçirmişlər, lakin narkotik maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onun həyat yoldaşına zəng vurmuşlar və bir az sonra yoldaşı evə gəlmişdir. 5-10 dəqiqə sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib “Bizim market”in qarşısına aparmışlar. Orada 1 saat dayandıqdan sonra onu “Atilla” marketin yanına gətirmişlər. Polis əməkdaşları “kola” içkisi aldıqdan sonra onu Suraxanı RPl-nin 31-ci PB-nə gətirmişlər. Bir müddət sonra təhqiqatçı gəlmişdir. O, qorxduğu üçün çəkilişdə narkotik vasitənin onun olduğunu bildirmişdir. Tanımadığı polis əməkdaşı ona bunu boynuna almasa, 1 kiloqram narkotik vasitəni evinə qoyacağını demiş, buna görə də o, həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Orada həmin polis əməkdaşı onun baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Üzərindən aşkar edilərək götürülmüş həmin külli miqdarda narkotik maddələri və elektron tərəzini polislər özləri onun üzərinə qoymuşlar. Həmin narkotik maddələr və elektron tərəzi ona məxsus olmamışdır. 31-ci PB-də olduğu zaman polis əməkdaşları onu döymüş və buna görə də, o, məcbur qalıb narkotik maddələrin özünə məxsus olduğunu bildirmişdir. O, qorxduğu üçün ifadə verdiyi zaman və prokurorluqda olarkən bu barədə deməmişdir. Polis əməkdaşlarının onu döydüyü və evinə narkotik maddələr qoyacaqlarını dedikləri üçün qorxub razılaşdığını bildirmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, o, Fariz adlı şəxsdən iki-üç dəfə öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. O, narkotik vasitə istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Saxlanılan zaman evindən narkotik vasitə deyil, bir ədəd elektron tərəzi çıxmışdır. Həmin tərəzidən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin çəkisini öyrənmək üçün istifadə etmişdir. O, heç vaxt psixotrop maddə metamfetamindən istifadə etməmiş, istifadə etdiyi yalnız narkotik vasitə heroin olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddələr olmadığına və həmin narkotik vasitə və psixotrop maddələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasına, narkotik vasitələrin yalnız istifadəçisi olması və satışı ilə heç vaxt məşğul olmamasına, evindən aşkar olunmuş elektron tərəzidən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin çəkisini öyrənmək üçün istifadə etməsinə dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Bununla belə, ibtidai istintaq zamanı 27 may 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, heroin və metamfetamin kimi tanıdığı narkotik maddələrdən istifadə edir. Həmin narkotik maddələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi və həm də sataraq qazanc əldə etmək məqsədilə almışdır. İndiyə kimi 4 dəfə Bakı şəhəri, Nizami rayonu ərazisində adının “Fariz” olduğunu bildiyi, lakin ünvanını və digər məlumatlarını bilmədiyi şəxsədn narkotik maddələr alıb istifadə etmiş və həm də satmışdır. Sonuncu dəfə isə təxminən 10 gün əvvəl həmin Fariz adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu ərazisində 700 manata bir ədəd bükümdə heroin və bir bükümdə metamfetamin almışdır. Sonra həmin narkotik maddələri özünə məxsus elektron tərəzidə çəkmişdir. Daha sonra isə onu üzərimdə saxlamışdır. Onun məqsədi həmin narkotik maddələrin bir qramını 25 manata satmaq olmuşdur. İndiyə kimi həmişə heroin və metamfetaminin qramını 25 manata tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə aldığı narkotik maddələrdən bir qismini qramını 25 manata tanımadığı şəxslərə satmışdır. 25 may 2022-ci il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək BNMİ-nin əməkdaşı olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPl-nin 31-ci PB-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə gəlmişdir. PB-də ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil dəvət edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan şalvarın sağ yan cibindən iki ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmişlər və əynində olan şalvarın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** saylı nömrə olan “Nokia” markalı və bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı cəmi iki ədəd mobil telefon aşkar edilmişdir. Sonra ondan təqdim etdiyi iki ədəd bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi və üzərində elektron tərəzini niyə gəzdirdiyini soruşmuşlar. O da üzərindən aşkar edilmiş bükümlərdən bir ədəd bükümdə heroin, digər bükümdə olan maddənin isə metamfetamin olduğunu, həmin narkotik maddələri satış məqsədilə təxminən 10 gün əvvəl Nizami rayonu ərazisində adını “Fariz” kimi bildiyi, lakin ünvanını və digər əlamətlərini bilmədiyi şəxsdən cəmi 700 manata aldığını, narkotik maddələrin bir qramını 25 manata tanımadığı şəxslərə satdığını, elektron tərəzini isə narkotik maddələri alan və satan zaman çəkmək üçün istifadə etdiyini, mobil telefonların, həmin narkotik maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Sonra üzərinə baxış davam etdirilmiş və qanunsuz heç bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə üzərinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilərək götürülmüş miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi “Fariz” adlı şəxsin adını bilsə də, digər məlumatlarını bilməmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmuş, narkotik maddələri tanımadığı şəxslərə satmış, satdığı şəxsləri tanımadığını qeyd etmişdir. Lakin sonradan ibtidai istintaq zamanı 10 avqust 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əvvəlki ifadəsindən fərqli ifadə verərək, məhkəmədə verdiyi ifadəsi ilə eyni ifadə vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai istintaq zamanı 10 avqust 2022-ci il tarixdə verdiyi ifadələri onun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində 27 may 2022-ci il tarixdə verdiyi ifadəsi ilə yanaşı, şahid ifadələri və işdə olan digər sübutlarla da təkzib olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradımışdır. Bundan sonra həmin gün saat 15:30 radəsində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu ərazi üzrə Suraxanı RPİ-nin 31- ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. 31- ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükümü, 01 ədəd dəftərçəni və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman onun əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon və bir ədəd üzərində ***-***-**-** nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd büküm elektron tərəzi ilə çəkilmiş və daha sonra Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümün içərisində nə olması, nə vaxt və kimdən əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu və həmin bükümlərin və elektron tərəzinin onun özünə məxsu olmasını, həmin narkotik maddələri həm satmaq, həm də özü istifadə etmək üçün 10 gün bundan əvvəl “Fariz” adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu ərazisində 700 manata aldığını, bir qramını 25 manatdan tanımadığı şəxslərə satdığını, təxminən 3 aydır “Fariz” adlı şəxsi tanıdığını və bundan əvvəl 3 dəfə “Fariz” adlı şəxsdən narkotik maddələr alıb satdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm, 01 ədəd elektron tərəzi, 01 ədəd dəftərçə və 02 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 6/2961 saylı 26 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs üzərindən.,..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 24,058 qram olan qəhvəyi rəngli maddə kusrtar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 7,198 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metemfatemindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 3989 saylı 21 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş məhkəmə psixiatrik ekspertizanın 1509 saylı 11 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş 25 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən 02 ədəd büküm, 01 ədəd dəftərçə və 01 ədəd elektron tərəzi, əynində olan şalvarın sol yan cibindən isə içərisində 055-293- 26-24 nömrəsi olan “Samsung” markalı mobil telefon və bir ədəd üzərində ***-***-**-** nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa, cinayət işinin materiallarında olan 27 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükümü, 01 ədəd dəftərçəni və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman onun əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon və bir ədəd üzərində ***-***-**-** nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd büküm elektron tərəzi ilə çəkilmiş , Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu və həmin bükümlərin və elektron tərəzinin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri həm satmaq, həm də özü istifadə etmək üçün 10 gün bundan əvvəl “Fariz” adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu ərazisində 700 manata aldığını, bir qramını 25 manatdan tanımadığı şəxslərə satdığını, təxminən 3 aydır “Fariz” adlı şəxsi tanıdığını və bundan əvvəl 3 dəfə “Fariz” adlı şəxsdən narkotik maddələr alıb satdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm, 01 ədəd elektron tərəzi, 01 ədəd dəftərçə və 02 ədəd mobil telefonun götürülərək qablaşdırılmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun üzərində ***-***-**-** saylı "xxxx" mobil operatoruna məxsus mobil nömrə olmuş və telefonda olan “Vhatsapp” proqramına daxil olduqda +98-902- ***-**-** saylı “Fariz” adı ilə qeyd edilmiş mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə arasında 15 may 2022-ci il tarixdən 25 may 2022-ci il tarixə kimi olan müddət ərzində “Vhatsapp” proqramı vasitəsilə “dərmançı ilə danış görək, nə deyir gör istəyir düz qoş eliyək”, “dərmançıya qiyməyi deyim ey, ama neçədən deyim, nə deyim”, “ona 60-dan deyərsən, arginal dərmandı yenə, düz qoş edib özümüz üçün də götürək, bax gör 100 list götürür, “gör bax kilo-kilo alındırax” “yox e qaqaş 100 dənə yox, 20 dənə list istiyir, 20 listin pulu var əlində, alınırsa alınsın, alınmırsa keçən dəfəki kimi gec olmasın”, “bir də vəsait nə vaxta gəlib çatar, axsamasın, gecikməsin”, “narahat olma”, “qaqaş neyliyə bildin dərmançı ilə danışdınmı”, “danışdım, sabah 100 faiz həll eliyərik, bu səsə qulaq asdın qurtardın zəng elə adamına, 20 dənə istəyir, istəyirsənsə 22 ya 23 elə qalan pulunu da 2-3 günə düz qoş edib göndərim”, “10 list də ataram üstünə, temamız gələndə onu da dvijeniya eliyərsən”, “10 dənə istəyir, 10 list istəyir” məzmununda səs yazışmaları olmuş, həm də 22 may 2022-ci il tarixdə qara rəngli sellofana bükülmüş, üzərində “Sİ22” yazılmış və tərəzinin üzərinə qoyulmuş, tərəzinin göstəricisində isə 1.488 kq yazılması müşahidə edilən və narkotik vasitə olması məlum olan fotoşəkil olması müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkil çəkilərək protokolla birlikdə cinayət işin materiallarına əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun üzərində üzərində ***-***-**-** saylı "xxxx" mobil operatoruna məxsus mobil nömrə və 2 GB yaddaşı olan kiçik ölçülü yaddaş kartı olması və mobil telefona baxış zamanı həmin mobil telefonun “Mesajlar” programının “Peredannıe” bölümündə ***-***-**-** saylı mobil nömyərə ”Elnur pati lazimdi puluylan varondu elaqe saxla meynen?” məzmununda sms yazılması müəyyən edilmiş, bununla bağlı protokol trətib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli “dəftərçəyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd dəftərçəyə baxış keçirilmiş, baxış zamanı həmin dəftərçədə “Elnur 3 qram +05 patı 150 m”, “Zamin 1 qram+05 pati+1 qram + 05pati=90 manat- 70 manat= 20 manat/1 qram+05pati=45 manat 1 qram+025 pati=35 manat 1 qram+05pati=45 manat =145 manat” məzmununda, “Zamin 5kola 1P=165 manat (100) = 65 manat+4kola lp+140 manat+65=205 manat” məzmununda, “Emi - 480 m+230m+140m+175m+340m+” məzmununda, “lOOmFəridə 205-50=155 z+i” məzmununda “230m-100m-50m=80 manat” məzmununda və “45+40=85” məzmununda söz və rəqəmlər yazılması müəyyən edilmiş, bununla bağlı protokol trətib edilmiş və cinayət işin materiallarına əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan 07 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış keçirilmiş, diskə baxış zamanı həmin diskin yaddaşında “Adobe Reader” proqramı vasitəsilə yazılmış 06 ədəd fayl olduğu, birinci fayla nəzər yetirdikdə, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Salam Letifenin qohumu cavab verde derman lazımdı yoxdıse başqa yerden gətirsin he yox dide” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “QAQAŞ ÖZÜN DEDİNKİ 0.5 VERƏCƏM 0.2 GÜCNƏN SİQARET KULOKUNDA CAVAB DE” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Elnur pati gotursen” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrsəsinə “Elnur pati lazimdi” məzmununda mesaj yazılması, ikinci fayla nəzər yetirdikdə, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Elnur pati gotursen eyerlerim ozuve menede yarim goturersen yaxci.ama caliw goturde saat llcun zenglewerik” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Saata bax 21.08di on dey sora salfetkada gotur gel iynevi vurumki cinlerin qalxmasin kremide getir” məzmununda, xx-xx-2022-ci il tarixdə ********** nömrəsindən ********** nömrəsinə “Elnur pati lazimdi puluylan varondu elaqe saxla meynen?” məzmununda mesaj yazılması müəyyən edilmiş, bununla bağlı protokol tərtib olunmuş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, üzərindən bir ədəd elektron tərəzinin, 01 ədəd içərisində söz və rəqəmlər yazılan dəftərçənin aşkar edilməsi və ona məxsus mobil telefonlarda olan mesajlar və səs yazılarıonun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İdrak Razyev qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 2000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 25 may 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24,008 qram olan narkotik vasitə olan heroin, qalıq qalan 7,148 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 68 (altmış səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 408 (dörd yüz səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 24,008 qram olan narkotik vasitə olan heroin, qalıq çəkisi 7,148 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 408 (dörd yüz səkkiz) manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar