Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-258/2020 30.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, Hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakış əhəri 05 saylı Vəkil Bürosunun vəkili x4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxx 2000-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nəsimi küçəsi, ev 81-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 avqust 2019-cu il tarixdə saat 20:00 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs bibisi qızına telefonla zəng edib narahat etməməsi barədə iradını bildirdiyi zaman Zərərçəkmiş şəxs ona cavab olaraq kobud formada bibisi qızına deyil, bacısına zəng etdiyini dediyi və onu nalayiq sözlərlə təhqir etdiyi üçün şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsindən qəsdən bir dəfə vuraraq ona sağ tərəfli hemopnevmatorksla nəticələnmiş döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna (daxilə) nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 avqust 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdə olarkən qonşuluqda yaşayan «Qara» kimi tanıdığı və sonradan adının Azər olduğunu bildiyi şəxsin azyaşlı bibisi qızını narahat etməsini eşitmiş, bu barədə ailə üzvlərindən heç nə soruşmadan həmin oğlanı axtaramağa başlamışdır. Həmin gün onun yaşadığı evə getmiş, Azəri soruşmuş, lakin ona Azərin evdə olmadığını bildirmişlər və bundan sonra o, çıxıb getmişdir. 21 avqust 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində yaşadığı Binə qəsəbəsinin mərkəzində olarkən təsadüfən Azərlə rastlaşmış, ona yaxınlaşıb onunla işi olduğunu demiş və bir kənara çəkilmələrini istəmişdir. O, da onunla razılaşmış və birlikdə Binə qəsəbəsində dəmiryolu keçidinin yaxınlığına getmişlər. O, Azərə hansı mövzuda söhbət edəcəklərini yəqin ki, bildiyini demiş, Azər bunu təsdiqləmişdir. Bundan sonra o, Azərə azyaşlı bibisi qızını narahat etməməsini tapşırmışdır. Azər isə kobud və özündən razı formada onun bibisi qızı ilə heç bir işinin olmadığını, bacısından xoşunun gəldiyini demiş və onun ünvanıma nalayiq söyüşlər söyərək heç kəsin ona qarşı çıxa bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar yaxalaşmışlar və həmin vaxt o, əsəbləşərək üzərində gəzdirdiyi qatlanıb bağlanan cib bıçağını sağ cibindən çıxararaq Azərə bir dəfə qarşı tərəfdən zərbə vurmuş, bundan sonra Azər qorxub həmin yerdən qaçıb getmiş, o isə öz yaşadığı evə getmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs təxminən 3-4 ay bundan əvvəl qonşuluqda yaşayan adını bilmədiyi Aydının bacısını görmüş və ondan xoşu gəlmişdir, bir-birlərini görəndə salamlaşıb baxışmışlar. 21 avqust 2019-cu il tarixdə təxminən saat 20:00 radələrində işdən evə gələrkən Aydın onu görmüş, ona yaxınlaşaraq onunla işinin olduğunu və söhbət etmək istədiyini demişdir. Bunun ardınca isə bildirmişdir ki, yəqin ki, hansı mövzuda söhbət edəcəklərini bilir. O, da təsdiq edərək bildiyini demişdir. Bundan sonra onlar Binə qəsəbəsində dəmiryolu keçidinin yaxınlığına getmişlər və orada söhbət etməyə başlamışlar. Söhbət əsnasında Aydın ona azyaşlı bibisi qızını narahat etməməsini tapşırmış, o, isə gülə-gülə azyaşlı bibisi qızı ilə heç bir işinin olmadığını, bacısından xoşunun gəldiyini demiş və əsəbləşdiyindən onun ünvanına nalayiq söyüşlər söyərək heç kəsin ona qarşı çıxa bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar yaxalaşmışlar. Həmin vaxt Aydın gözləmədiyi halda qəflətən sağ döş qəfəsindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Bundan sonra o, qaçıb getmişdir. O, daha sonra göstərmişdir ki, Aydınla barışmış və onu bağışlayır. Məhkəmədən ona qarşı humanist olmağı xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onunla bir evdə yaşamışdır. 19 avqust 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində qızı Şahid2 yaşadığı evdə öz anası Şahid3 ilə söhbət edərkən qonşuluqda yaşayan Azər adlı şəxsin onun arxasınca düşməsini və narahat etməsini demişdir. Həmin vaxt evin başqa otağında olan oğlu Aydın onların söhbətini eşitmiş və bununla bağlı Azərlə görüşüb ona iradını bildirmişdir. Buna baxmayaraq həmin vaxt Azər Aydına qarşı nalayiq söyüşlər demiş və kobud formada danışmış, buna görə də Aydın bıçaqla bir dəfə ona vurmaqla xəsarət yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 19 avqust 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində qızı Şahid2 yaşadıqları evdə onunla söhbət edərkən ona qonşuluqda yaşayan Azər adlı şəxsin onun arxasınca düşməsini və narahat etməsini demişdir. Həmin vaxt evin başqa otağında olan oğlu Aydın onların söhbətini eşidərək bununla bağlı Azərə iradını bildirmək üçün onunla görüşmüşdür. Həmin vaxt Azər Aydına qarşı nalayiq söyüşlər demiş və kobud formada danışmış, onunla yaxalaşmış, buna görə də Aydın onu qorxutmaq məqsədi ilə bıçaqla bir dəfə ona vurmaqla xəsarət yetirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və onunla bir evdə yaşamışdır. 19 avqust 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdə anası Şahid3 ilə söhbət edərkən ona qonşuluqda yaşayan Qara kimi tanıdığı və sonradan adının Azər olduğunu bildiyi şəxsin onun arxasınca düşməsini və narahat etməsini demişdir. Həmin vaxt evin başqa otağında olan qardaşı Aydın onların söhbətini eşitmiş və bununla bağlı Azərlə görüşüb ona iradını bildirmişdir. Buna baxmayaraq həmin vaxt Azər Aydınla nalayiq söyüşlə və kobud formada onun ünvanına danışmış, onunla yaxalaşmış, buna görə də Aydın bıçaqla bir dəfə ona vurmaqla xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 80-83-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 14 sentyabr 2019-cu il tarixli, 941 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ tərəfli hemopnevmatorksla nəticələnmiş döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı x2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 21 avqust 2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Cinayət işinin 116-121-i vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin məhkəmə-tibbi-kriminalistik ekspertizasının 15 oktyabr 2019-cu il tarixli, 506- MTKŞ/2019 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş köynəyin ön səthinin sağ yarısının yuxarı hisəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət və ona məxsus köynək üzərində aşkar edilmiş zədə uyğunlaşdırdıqda, müəyyən olundu ki, Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilmiş köynək üzərində olan 01 ədəd deşilmiş-kəsilmiş zədə ilə onun bədəni üzərində olan döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası yerləşməsinə görə, nisbətən üst-üstə düşürlər. Cinayət işinin 122-125-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin məhkəmə-tibbi-bialogiya ekspertizasının 24 oktyabr 2019-cu il tarixli, 755/2019- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ//portal axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə Abeta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs özünə məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının ola bilməsi də (əgər onda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) ABO sistemi ilə inkar olunmur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, təyin ediləcək cəzanın əvvəli 23 avqust 2019-cu il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi”ndən bəhs edən 60-cı maddəsinin tələblərini də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinəəsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda vəəgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 6 ildən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinəəsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı işüzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili x7 ğlu tərəfindən 35 (otuz beş) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləğidə məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkili x5 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Xəzər rayon Polis İdarəsində saxlanılan, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək təyinatını itirdiyindən məhv olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 avqust 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən x1 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut kimi Xəzər rayon Polis İdarəsində saxlanılan, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək təyinatını itirdiyindən məhv olunsun. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-258/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-258/2020
30.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver