Məhkəmə qərarları › İş №1(101)-258/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-258/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-258/2025 04.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 8 mart 1998-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “FM” reklam şirkətində dizayner işləmiş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Bağbanlar Ərazi Dairəsi, Saybalı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,763 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə aparılmış, polis şöbəsində onun üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı onun əynindəki boz rəngli parça materialdan olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 5,763 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. 16 oktyabr 2023-cü il tarixdə təxminən saat 15-16 radələrində dostluq münasibəti olan X7 onunla əlaqə saxlayaraq onlara gəlmək istədiyini, yemək yeyib işə qayıdacağını demişdir. X7 yaşadığı ünvan 2 ünvana gəlmişdir. Daha sonra təxminən saat 18-19 radələrində Adil Quliyevi yola salmaq üçün binanın həyətinə düşmüş, bu zaman 2 nəfər mülki geyimli şəxs avtomobildən düşərək yaxınlaşmışdır. Həmin şəxslər ona bildirmişdirlər ki, “qadına qarşı zorakılıq etmisən və bizimlə bölməyə gəlməlisən”. O, belə bir şeyin olmadığını bildirsə də, onlar "qadın bölmədədi, gedək sən olmasan, buraxacağıq” demişlər. O, avtomobilə əyləşmiş və dostu Adilə evdəkilərə xəbər verməsini bildirmişdir. Avtomobilə mindikdən sonra ondan telefonunu tələb edərək almışlar. Polis bölməsinə çatdıqdan sonra orada elə bir qadının olmadığı məlum olmuşdur. Polis bölməsində bir polis əməkdaşı ona barəsində narkotik vasitə ilə bağlı cinayət işi başlayacaqlarını demişdir. O isə bundan imtina etmiş, bu zaman polis əməkdaşı ona bildirmişdir ki, “ya 20 kilo narkotik vasitənin sənə məxsus olduğunu deyib narkotik vasitələrin satışı ilə məşğul olmaqla ittiham olunacaqsan, ya da masanın üzərindəki kiçik bir sellofana bükülmüş narkotik vasitəni cibinə qoyub çəkilişdə iştirak edəcəksən”. O, yenədə imtina etmiş, bu zaman yanındakı polis əməkdaşı onu döyməyə başlamışdır. Həmin vaxt döyülməkdən dişi qırılmışdır. Bir gün Polis Bölməsində saxlanıldıqdan və döyüldükdən sonra polis əməkdaşlarının təzyiqi altında guya “zakladka” götürəndə saxlanmağı, “ot götürməyə gedəndə əvəzində heroin çıxması barədə yazılmış ifadəyə məcburi şəkildə imza çəkmişdir. Çəkiliş zamanı əlavə iki polis gəlmiş və çəkilişdə bildirmişdirlər ki, guya onlar onu saxlamışlar. Üzərindən hər şeyi götürmüşlər, yalnız telefon və narkotik vasitəni ona vermişlər, çəkiliş zamanı onları cibindən çıxarmağını tələb etmişlər. 1-2 saat bölmədə qaldıqdan sonra vəkil gəlmişdir. Ona polis demişdir ki, «biz nə desək sən onu vəkilin yanında de». Lakin o, vəkilə hadisənin necə baş verdiyini danışmışdır. Vəkil isə sənədləri imzalamamağı demişdir. Növbəti gün onu X6 aparmışlar. Gecə polis əməkdaşı MSY-ə gələrək və öz yazdıqları ifadəyə imza çəkməyini tələb etmişdir. O isə etiraz etmiş, imza çəkməmişdir. Növbəti gün onu saxlayan polis əməkdaşları MSY-yə gəlmişlər, ona şiddət göstərərək imza çəkməsə, daha ağır cinayətin törədilməsində ittiham olunacağını demişlər. O da məcbur qalaraq ifadəyə imza etmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarı videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Videoçəkiliş zamanı iştirak edən polislər onu tutan polislər olmamışdır. Ona fiziki və psixi təsir göstərən polislərin adını bilmir. Həmin polislər bir-birilərinə adlarını çəkmədən müraciət edirdilər. Ona təzyiq göstərən polislər məhz onu tutan polislər olmuşdur. İbtidai istintaq zamanı könüllü olaraq ifadə verməmişdir. Onu polis idarəsinə saat 18-19 radələrində gətirmişlər. Baş verən hadislər ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə də bildirmişdir. İbtidai istintaq zamanı onun işini müstəntiq Fərid Sultanov aparmışdır. Müstəntiq tərəfindən alınmış ifadəni onu tutan polislərin təzyiqi nəticəsində imzalamışdır. Təcridxanaya daxil olan zaman bədəninə baxış keçirilmiş, ancaq xəsarət aşkar olunmamışdır.Təcridxanaya daxil olan zaman baş verən hadisə barəsində danışmış, polislər tərəfindən dişinin sındırıldığını və xəsarət aldığını deməmişdir. Müstəntiq ikinci dəfə ondan irəli sürülmüş ittiham dəyişdiyi üçün ifadə almışdır. Polislər üz nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar. İstintaq Təcridxanasına daxil olan zaman tibbi müayinədən keçmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadəni təzyiq göstərdikləri üçün imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Bağbanlar Ə/D, Saybalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır, Azərbaycan dilində latın qrafikası ilə sərbəst yazıb oxuya bilir. İfadəsini sərbəst şəkildə verə biləcək. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Əvvəllər məhkum olunmamışdır. 1 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 16 oktyabr 2023cü il tarixdə günorta saatlarında mobil telefonunda “İnstagram” sosial şəbəkəsində tanış olduğu və narkotik vasitə qurudulmuş marixuana aldığı şəxsdən 50 manatlıq marixuana istəmişdir. Həmin şəxs də bir qədər sonra ona bank kartının nömrəsini göndərmiş və o da həmin karta ödəmə terminallardan biri vasitəsilə 50 manat pul keçirmişdir. Sonra da həmin şəxs ona narkotik vasitənin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin yanına qoyulması barədə mesaj yazmaqla, həmin narkotik vasitənin qoyulduğu yerin şəklini göndərmiş və o da qeyd olunan tarixdə saat 19 radələrində deyilən ünvana getmişdir. Orada divanın dibinə qoyulmuş bükümü götürmüş və bükümdə narkotik vasitə qurudulmuş marixuana deyil, “kokos”, yəni narkotik vasitə heroin olduğunu görərək düşünmüşdür ki, həmin kütləni göndərən şəxslə yenidən əlaqə saxlayıb narkotik vasitə qurudulmuş marixuana ilə dəyişdirər. Həmin saat 19:30 radələrində 96 saylı tam orta məktəbin yanında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. O, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınıb oradan uzaqlaşmaq istəyərkən onlar onu saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsində məlumatı olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə dəvət etmişlər. O, yayına bilməyəcəyini düşünüb etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 13-cü polis şöbəsinə getmişdir. Bölmədə barəsində şübhəli şəxs qismində tutulmağıyla əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş və həmin qərarla tanış edilmişdir. O, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Düşünmüşdür ki, üzərindəki narkotik vasitə heroini təqdim edərkən müdafiəçisi görməsin və gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etsin. Ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videçəkilişlə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli parça materialdan olan gödəkçənin sağ yan cibinə qoyduğu bir büküm şəffaf sellofana bükülmüş narkotik vasitə heroini, həmin gödəkçənin sol yan cibindən isə özünə məxsus 1 ədəd “Xiaomi” markalı, “POCO” modelli mobil telefonunu da çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə heroini haradan və nə məqsədlə eldə etməyi barədə ondan soruşulduqda bu barədə bildirmişdir. Bundan sonra, üzərində axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə heroin zərfə qoyulmaqla qablaşdırılmış, həmin zərfin üzərini o, digər iştirakçılarla birlikdə imzalamışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Mobil telefonunda “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışaraq narkotik vasitə aldığı şəxsi görməmiş, adını və digər məlumatlarını da bilmir. “İnstagram" sosial şəbəkəsində narkotik vasitə istəməyilə bağlı yazdığı mesajları silmiş, həmin şəxsin sosial profilini də unutmuşdur. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. O, iki ilə yaxındır ki, ***-***-**-**, 4 ilə yaxındır ki, ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. ***-***-**-** saylı nömrə öz adınadır, ***-***-**-** saylı nömrə isə səhv etmirsə xalasının yoldaşı İrfan Səmədovun adına olmalıdır. İstifadəsində başqa mobil nömrə yoxdur və olmamışdır (cild 1, iş vərəqi 62-64). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ona müstəntiq zəng etmiş və bölməyə gəlməyini bildirmişdir. Bölmədə müstəntiq ondan Təqsirləndirilən şəxslə bağlı müəyyən suallar soruşmuşdur. Onun Elgündən narkotik almağı və ya onunla birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olub-olmamağı barədə onu sorğu-sual etmişdir. Eyni zamanda o da Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almadığını və onunla həmin maddələrin dövriyyəsi ilə məşğul olmadığını demişdir. Şahid3 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Elgünün saxlanılmasından xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən Elgünün əleyhinə ifadə verməyi üçün ona hər hansı bir təzyiq göstərilməmişdir. Əvvəllər narkotik istifadəçisi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, keçən ilin təqribən oktyabr ayının ortalarında Elgün adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında onlar rəhbərliyə raportla müraciət edərək əməliyyat qrupunu təşkil etmişlər. Şəxsi Bakıxanov qəsəbəsində, 96 saylı tam orta məktəbin yaxınlığında saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirmişlər. Şöbənin xidməti otaqlarından birində şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı şəxsin üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi, 96 saylı məktəbin yaxınlığında saxlamışlar. Onlar 2 nəfər olmuşlar. Şəxs tərəfindən onlara qarşı hər hansı bir müqavimət göstərilməmişdir. Üzərinə baxış bölmədə keçirilmişdir. Şəxsi axtarışda iştirak etməmişdir. Şəxsi axşam saat 7-8 radələrində saxlamışlar. Şəxs saxlanılan zaman ona hüquq və vəzifələri izah olunmamışdır. Maşında o, arxada əyləşmişdir. Onlar şəxsi şöbəyə gətirəndən sonra onun adını qeydiyyat kitabçasına salmışlar. Təhqiqatçı şəxsə onun hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs tək və piyada idi. Şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər, sonra şəxsi şöbəyə dəvət etmiş və iş yoldaşının maşını ilə şöbəyə getmişlər. Təqsirləndirilən şəxs öz maşınları ilə aparmışlar. Maşını Ayxan idarə edirdi. Təqsirləndirilən şəxs əllərinə qandal taxmamış, ancaq əllərindən tutmuşlar. Şöbəyə gəlmiş, rəisə məruzə etmiş və sonra xidməti otaqların birinə keçid etmişlər. Təqsirləndirilən şəxs o, müşahidə edirdi. Onlar Şöbəyə gələndən təxminən 10 dəqiqə sonra videoçəkilişə başlamışlar. Səhv etmirsə videoçəkilişdə vəkil iştirak etməmiş, şəxsdən çəkilişin vəkilin iştirakı olmadan keçirilməsi barədə sual verildikdə şəxs etiraz etməmişdir. Müdafiəçi həmin gün çəkilişdən sonra gəlmişdir. Müdafiəçinin kim olduğunu xatırlamır. Şəxsi axtarışın videoçəkilişində o, iştirak etmişdir. Baxış zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın istifadəçisi olduğunu, tanımadığı İran vətəndaşı ilə əlaqə saxlayaraq marixuana əldə etmək istədiyini, ancaq getdiyi yerdə marixuananı əvəzinə bir büküm narkotik vasitə olan heroin qoyulduğunu, həmin bükümü götürdüyünü, həmin heroindən istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxsla doktoranturaya hazırlaşan zaman tanış olmuşlar. “Facebook” sosial şəbəkəsində doktoranturaya hazırlıq ilə bağlı bir qrup yaradılmış və orada tanış olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə edən zaman görməmişdir. Bir müddət onunla içki masasında otursalar belə, ancaq onun narkotik vasitəni daşıdığını və ya istifadə etdiyini görməmişdir. Təqsirləndirilən şəxs tanışlıq zamanı marixuana istəmiş və həmçinin pul da təklif etmişdir. Ancaq Təqsirləndirilən şəxs heç vaxt ona marixuana verməmiş və hər zaman təklifini rədd etmişdir. Şahid4 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Pul təklif edərək Təqsirləndirilən şəxs marixuana istəmiş, ancaq o, təklifini rədd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 16-17 yaşında Türkiyəyə təhsil üçün getmişdir. 2021-ci ildə Bakıya geri qayıtmışdır. Bu vaxt atasına hədiyyə almaq istəmişdir. Təqsirləndirilən şəxs da naxış işi ilə məşğul olurdu və taxtadan naxışla hədiyyələr hazırlayırdı. Hədiyyəni də ondan almışdır. Bundan sonra Elgünlə tanışlıqları yaranmışdır. Elgünlə bir dəfə birlikdə narkotik vasitə də istifadə etmişdir. Şahid5 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Elgün ilə narkotik vasitə almışlar ancaq birlikdə istifadə etməmişlər. Elgün ilə tanış olan zaman onun narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Bu barədə heç kəs ona heç nə deməmişdir. Elgün ona istifadə etməyi üçün narkotik vasitə verməmişdir. Elgün ilə 4-5 ay müddətdə münasibətləri olmuşdur. Hazırda verdiyi ifadə tam həqiqəti əks etdirir. Heç kəs ona məhkəmədə fərqli formada ifadə verməyini bildirməmişdir. İfadəsini oxumuşdur. Müstəntiq tərəfindən ona qarşı psixoloji təsir göstərilmişdir. İbtidai istintaq zamanı verilən ifadə ona məxsusdur. Müstəntiq ondan Təqsirləndirilən şəxs əleyhinə ifadə verməsini istəməmişdir. Təqsirləndirilən şəxs istifadə etmək üçün narkotik vasitə almamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 4 il əvvəl o, Türkiyə Respublikasında olarkən ilk dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. Sonradan arada bir Azərbaycan Respublikasında olan zaman istifadə etmişdir. Təqsirləndirilən şəxs o, 9-10 ay olar ki tanıyırmış, onunla normal münasibətləri olmuşdur. O, Elgünü tanıyanda Elgün ona demişdir ki, taxtadan əl işləri düzəldir, o da atasına hədiyyə etmək istəmiş və ona görə də Elgünün Bakıxanov qəsəbəsində yerləşən ofisinə getmiş və orada bu barədə söhbət aparmışdır, daha sonra münasibətləri yaranmışdır. Elgünlə söhbət zamanı o, bilmişdir ki Elgün, narkotik vasitə olan marixuanadan istifadə edirmiş, o da Elgünə əvvəllər marixuanadan istifadə etdiyini demişdir. Sonra görüşlərin birində tarixi dəqiq yadında Bakıxanov qəsəbəsində o, Elgündən marixuana istəmiş və o da hazır siqaretə doldurulmuş marixuana vermişdir. Bu hal müxtəlif vaxtlarda təxminən 4-5 dəfə olmuşdur, yəni Elgün ona hazır vəziyyətdə siqaretə doldurulmuş istifadə etməsi üçün marixuana vermişdir. O, Elgünə verdiyi marixuananın müqabilində pul verməmişdir, sadəcə o, ondan istəmişdir o, da şəxsi istifadəsi üçün vermişdir. Sonuncu dəfə təxminən 1 ay olar ki, o, onlayn vasitə ilə marixuana alıb istifadə etmişdir. Sonuncu dəfə o, marixuana alanda onlayn vasitə ilə 55 manat köçürtmüşdür və konum üzrə Nərimanov rayonunda bir binanın blokuna atmışlar o, da gedib götürmüşdür (cild 1, iş vərəqi 169-170). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki o, narkotik vasitə marixuanadan istifadə etmişdir. Sonuncu dəfə 2 ay olar ki, marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs o 4 il olar ki, tanımış, belə ki onunla qonşuluqda yaşamışlar. O, Elgünü tanıyanda bilirmiş ki, Elgün narkotik vasitə olan marixuanadan istifadə edirmiş. Hətta 2 dəfə ona 10 manat müqabilində şəxsi istifadəsi üçün bir baş nəşə vermişdir. Elgünün özünü o, uzun müddətdirki görmürmüş, o, elə bilirmiş ki, o müalicədədir, lakin hazırda öyrənmişdir ki, Elgün həbsdədir. O, Elgündən başqa tanımadığı bir şəxsdən də arada bir şəxsi istifadəsi üçün 10 manat müqabilində nəşə alıb istifadə etmişdir. Lakin hazırda o, belə əməllərə son qoymuşdur. Elgünün kimdən narkotik vasitə aldığını bilmir. O, Elgündən marixuananı məhlədə görüşüb almışdır, lakin vaxtı və tarixi yadında deyil (cild 1, iş vərəqi 172-173). Cinayət işinin materiallarında olan 16 oktyabr 2023-cü il tarixli “şəxsin üzərində axtarış və götürmə aparılması haqqında” və 18 oktyabr 2023-cü il tarixli “videodiskə baxış keçirilməsi” haqqında protokollardan görünür ki, xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılması həyata keçirilmiş, polis əməkdaşı tərəfindən ona üzərində qanunla daşınması qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça materialdan olan gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər tozşəkilli maddə olan 1 ədəd büküm və 1 ədəd POCO markalı mobil telefon aşkar edilmişdir (cild 1, iş vərəqi 29-30 və 87). Cinayət işinin materiallarında olan 5 mart 2024-cü il tarixli "xxxx" haqqında protokoldan görünür ki, 1 ədəd Azərfon MMC-dən və 1 ədəd Bakcell LTD-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə dair disklərə baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və sair mobil telefon nömrələri ilə sıx danışıqlar aparması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon anten məlumatlarından görünür ki, onun mobil telefon nömrəsi sonuncu dəfə 16 oktyabr 2023-cü il tarixdə saat 19 radələrinde ünvan 3 ünvanında olmuşdur (cild 1, iş vərəqi 147). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5438 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” yazılar soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,763 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayxcan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 5,763 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,713 qram, cild 1, iş vərəqi 38-39). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 16 dekabr 2023-cü il tarixli 8249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 177-178). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 18 dekabr 2023-cü il tarixli 3503 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır (cild 1, iş vərəqi 179-180). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması və o cümlədən təzyiqlərə məruz qalması xüsusatı əsasında aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs saxlanılan zaman və sonradan hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmadığını, həmin şəxsin könüllü olaraq üzərində gəzdirdiyi narkotik vasitəsini təqdim etdiyini və qeyd edilən halın videogörüntü ilə qeydə alındığını bildirmişlər, Təqsirləndirilən şəxs barəsində olan 2845 saylı məhkəmə tibbi ekspertizasının rəyində onun bədəni üzərində xəsarət aşkar edilməməsi qeyd edilmişdir (cild 1, iş vərəqi 119-121). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi, iş üzrə əməlin tövsif edilməsi, cinayət işindən başqa cinayət işinin ayrılması və maddi sübut hesab edilməsi haqqında” 3 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,713 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 3 ədəd disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 184-190). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 88). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 18). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 71-76). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5,713 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 5,713 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar