Məhkəmə qərarları › İş №1(101)-259/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-259/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-259/2023 03.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orla təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda yaşamış, 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 9 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 0,306 qram, 0,056 qram, 0,057 qram, 0,585 qram, 0,203 qram, 0,110 qram, 0,402 qram, 0,147 qram və 0,178 qram olmaqla, ümumi təmiz çəkisi 2,044 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 2,782 qram olan narkotik vasitə asetilə edilmiş tiryəki 28 mart 2022-ci illarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Mirzəyev küçəsi, 141 saylı qazanxananın yaxınlığında Şahid6 Qurbanəli oğluna salmış, Bakı şəhəri, Səbail rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyala keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid6 29 mart 2022-ci il tarixdə saxlanılıb Səbail RPİ-nin inzibati binasına gətirildikdən sonra şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən yuxanda qeyd edilən çəkidə və miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq 5 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 1,824 qram, 0,448 qram, 0,902 qram, 0,505 qram və 1,425 qram olmaqla, ümumi təmiz çəkisi 5,104 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyala keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində saxlanılıb Səbail rayon Polis idarəsinin inzibati binasına gətirilərək, xidməti otaqda saat 16:40-da üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ arxa cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,425 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan kustar üsulla hazırlanmış narkotik vasilə heroin, habelə həmin tarixdə saat 19:50-də Səbail RPİ-nin Müvəqqəti saxlama yerində üzərinə yoxlanış aparılarkən əynindəki qara rəngli şalvarının zamok hissəsindən 3 ədəd bükümdə və sağ ayağındakı corabından 1 ədəd bükümdə olmaqla, cəmi 4 ədəd bükümdə ayrı-ayrlıqda təmiz çəkiləri 1,824 qram, 0,448 qram, 0,902 qram və 0,505 qram olmaqla, ümumi təmiz çəkisi 3,679 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkarlanmaqla, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üzərindən ümumilikdə 5 ədəd bükümdə təmiz çəkisi 5,104 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özü narkotik vasitədən istifadə etsə də, saxlanıldığı gün onda narkotik maddələr olmamışdır. Tutulduğu gün o, uşağı aparıb məktəbə qoymuş və daha sonra evə gəlmişdir. Təxminən bir saat keçmiş Azər ona votsapda mesaj yazaraq görüşməyi təklif etmiş, o da, uşağı məktəbdən götürəndən sonra görüşməyə razılaşmışdır. Bir saat keçmiş Azər yenidən votsapda ona yazaraq gəldiyini və qapının ağzında onu gözlədiyini bildirmişdir. O, qapıya çıxmış, lakin Azəri görməmişdir. Sonuncuya zəng vursa da, Azər telefonu götürməmişdir. Üstündən bir müddət keçmiş Azərə yenə votsapda yazaraq harada olduğunu soruşmuş, lakin telefonda başqa adamın səsi gəlmişdir. Aradan heç üç dəqiqə keçməmiş polis işçiləri ona yaxınlaşmış və onu tutaraq polis şöbəsinə gətirmişlər. Şöbədə onu döyərək 20 qram narkotiki boynuna götürməyi təklif etsələr də, o, bununla razılaşmamış və onu yenidən döymüşlər. Üstünü axtarsalar da, heç nə aşkar olunmamışdır. Təxminən bir saat sonra vəkil çağırmışlar və vəkil polis işçilərinin onun üstünə iki büküm narkotik qoyacaqlarını, işini yüngülləşdirmək üçün narkotik istifadəsisi kimi iki gün saxlayıb buraxacaqlarını bildirmiş, işini ağırlaşdırmamağı məsləhət görmüşdür. O da, vəkilin məsləhəti ilə razılaşmış, sonra polis işçiləri narkotiki gətirib onun arxa cibinə qoymuş, sonra paltarlarını geyindirmişlər. Daha sonra üzərinə videoçəkilişlə axtarış keçirilmiş, o da, polis əməkdaşlarının bir qədər əvvəl onun cibinə qoyduqları narkotik vasitəni çıxarıb stolun üstünə qoymuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, üzərində aşkar edilmiş narkotikləri polis işçiləri ona vermiş, iki büküm narkotiki onun cibinə atanda iki gün şöbədə qalıb sonra çıxacağını bildirmişlər. O da, döyüldüyünə və çox ağrıdığına görə narkotikləri boynuna almışdır. Əslində isə onun üstündən heç nə çıxmamışdır. Üzərində şəxsi axtarış keçirilərkən iştirak edən vəkil yaşlı bir kişi olmuşdur, adı yadında qalmamışdır. İstintaq vaxtı vəkili yanına gəlmiş, bundan sonra müstəntiq onu çəkilişə aparmışdır. O, hara getdiklərini soruşduqda, müstəntiq «gedək bir dənə şəkil çəkək ki, ağacın dibinə əlini uzat, guya ki, narkotiki oradan götürmüsən» demiş, o da, həmin vaxt əlini uzatmış və onun həmin vəziyyətdə şəklini çəkmişlər. Onu aprel ayında saxlamışlar. Polis işçiləri onu döymüş, bu barədə təcridxanaya daxil olanda da bildirmiş, döyülməyi ilə bağlı şikayət də etmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən 23:00 radələrində Yasamal rayonu ərazisində Əli adlı şəxsdən iki büküm narkotik vasitəni 100 manat verməklə almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində gəzərkən iki polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun ad və soyadını soruşmuşlar. O da, özünü təqdim etdikdən sonra üzərində narkotik maddənin olub-olmadığını soruşarkən, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onu Səbail RPİ-nə dəvət elmişlər. Polis idarəsində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 3 ədəd mobil telefonları («Samsung», "xxxx", «Xiaomi») çıxarıb təqdim etmiş və daha sonra qara rəngli şalvarın sağ arxa cibindən gümüşü falqaya bükülmüş 2 bükümü təqdim elmişdir. Daha sonra üzərindən çıxanları zərfə qoyaraq möhürləndikdən sonra onun iştirakı ilə imzalanmışdır. O, Şahid6 tanıyır və ona xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu ərazisində 150 manata narkotik vasitə satmışdır. Bundan başqa, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həmin tarixdə Səbail RPİ-nin MSY-nə salınarkən MSY-nə məxsus otaqda polis əməkdaşının qarşısında onun üzərinə baxış keçirilən zaman 2 ədəd şəffaf selofan büküm və 1 ədəd siqaretin gümüşü kağızında büküm əynindən çıxardığı şalvarın ön hissəsində zamokun içərisindən polis əməkdaşları əşyalarını yoxlayarkən çıxarmış, daha sonra 1 ədəd şəffaf selofan büküm isə sağ ayağından çıxardığı corabın içərisindən yerə düşmüş və polis əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqi 132-133, 176-178). Elan olunmuş ifadə ilə bağlı Təqsirləndirilən şəxs bildirdi ki, həmin ifadəni vəkilin məsləhəti ilə vermiş, dindirmə protokolunu oxumadan imzalamışdır. Polis əməkdaşları əvvəlcədən onun şalvarının zamokunun içinə 3 büküm narkotik qoymuş, bir bükümü isə ayağına geyindiyi iki corabın arasına qoymuşlar. Müvəqqəti saxlama yerinə qəbul ediləndə də həmin narkotik vasitələr aşkar olunmuşdur. Şəxsi axtarış zamanı və müvəqqəti saxlama yerinə qəbul olunanda üzərindən aşkar edilmiş heroinin və metamfetaminin ona aidiyyəti yoxdur. Ona görə də, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir və hazırda məhkəmədə verdiyi ifadəsinin düzgün ifadə kimi qəbul olunmasını xahiş edir. Cinayət işi üzrə ibtidai istintaq keçirilərkən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsi barədə sərbəst ifadəsini hadisə yerində əyani şəkildə göstərməklə narkotik vasitələri Şahid6 Yasamal rayonu, A.Mirzəyev küçəsi 141 saylı qazanxananın yaxınlığında satdığını bildirmişdir (cild 1, iş vərəqi 179-180). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ, Müvəqqəti saxlama yerinin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 05 aprel 2022-ci il tarixdə saat 19:45 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulalaraq Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. «Həbs yerlərinin daxili intizam Qaydaları»nın tələblərinə əsasən, onun üzərinə axtarış keçirilmiş, bu zaman Emilin əynindəki şalvarın ön zamokun içərisindən 2 ədəd şəffaf selofan büküm və 1 ədəd siqaretin gümüşü kağızında olan büküm, sağ ayağında olan corabın içərisindən 1 ədəd şəffaf selofan büküm aşkar edilmiş, həmin bükümlərdəki maddələr narkotik vasitəyə bənzədiyindən kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Bakı şəhəri, Səbail RPİ, Müvəqqəti saxlama yerinin polis nəfəri vəzifəsində işlədiklərini bildirərək, baş vermiş hadisə barədə Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ, Cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, Emildən qabaq onlar əməliyyat tədbiri keçirərək «İçərişəhər» metrostansiyasının ətrafında Azər adlı şəxsi saxlamışlar. Azər ondan aşkar olunmuş narkotik vasitəni Emil adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra onlar əməliyyat tədbiri keçirmək üçün Emilin yaşadığı Yasamal rayonuna getmişlər. Onun həyətdə gəzişdiyini görüb Emilə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib idarəyə dəvət etmişlər. İdarədə Emilin üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman əynindəki şalvarın arxa cibindən 2 bükümdə narkotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Emili rəhbərliyin tapşırığına əsasən saxladıqlarını, ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini, Emilin üzərinə axtarış keçiriləndə özünün də iştirak etdiyini, cibində nəyi varsa, hər şeyi Emilin təqdim etdiyini, sonra özünün əli ilə üstünə baxış keçirdiyini, bu zaman bütün nahiyələrinə baxıldığını, lakin heç nə aşkar edə bilmədiklərini, təqsirləndirilən şəxsin tualetə getdiyini xatırlamadığını, onun müvəqqəti saxlama yerinə təhvil verilməsində iştirak etdiyini, üzərinə baxış keçiriləndən təxminən 30-40 dəqiqə sonra onu Emili Müvəqqəti saxlama yerinə təhvil verdiklərini, onun paltarlarını soyundurmadıqlarını, əynindəki kurtkasına və üst geyiminə baxış keçirdiklərini, Şahid6 da saxlanılmasında və şəxsi axtarışının keçirilməsində iştirak etdiyini, ondan aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyini soruşanda, Azərin narkotiki Emil adlı şəxsdən aldığını bildirdiyini, Azərin saxlanılmasından neçə müddət sonra Emili tutduqlarını xatırlamadığını, təqsirləndirilən şəxsin yalan danışdığını, onu heç kimin döymədiyini və cibinə heç kim narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitənin Emilin özünə məxsus olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid4 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə və psixotrop maddə aşkar olunması zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid5 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 Qurbanəli oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır və onunla dostluq münasibətləri olmuşdur. Onunla arabir oturub çörək yemiş və çay içmişlər. Lakin o, heç vaxt Emilə narkotik vasitə satmamış, nə də ki, Emildən narkotik vasitə almamışdır. Ümumiyyətlə, narkotiklə bağlı Emillə onun arasında alış-veriş olmamışdır. Sonuncu dəfə tutulmamışdan təxminən 3-4 ay əvvəl Emillə görüşmüş, bir yerdə oturub çay içmişlər. O, Emilin narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Emillə onun arasında votsap yazışmaları olmamışdır. Onu 2022-ci il mart ayının 29-da tutmuşlar, lakin Emilin nə vaxt tutulması barədə məlumatı olmamışdır. O, heroin, metamfetamin və tiryək əldə edib saxladığına görə həbs olunmuş, saxlanılarkən narkotk vasitələri İlkin adlı şəxsdən aldığını demişdir. Emildən narkotik vasitə almamış, sonuncu dəfə təxminən yanvar-fevral aylarında birlikdə narkotikdən istifadə etmişlər. Tutularkən də müstəntiqə narkotik vasitəni İlkin adlı şəxsdən aldığını demişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi və cinayət işinin cild 1, iş vərəqi 80-82-də olan ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid6 bildirmişdir ki, o, üzərində aşkar olunmuş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə təxminən 17:00 radələrində Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs 150 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində «İçərişəhər» metrostansiyasının qarşısında iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək onun ad və soyadını soruşmuşlar. O da, özünü təqdim etdikdən sonra üzərində narkotik maddənin olub-olmadığını soruşarkən, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onu Səbail RPİ-nə dəvət elmişlər. Polis İdarəsində otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş baxış zamanı əynindəki yasəmən rəngli gödəkçənin sol iç cibindən şəffaf rəngli selofanın içərisindən beş ədəd qəhvəyi rəngli kağıza bükülmüş bükülü, üç ədəd şəffaf selofana bükülmüş bükülü, bir ədəd ağ rəngli kağıza bükülmüş bükülü, bir ədəd şəffaf rəngli kağıza bükülmüş bükülü, bir ədəd ağ kağıza bükülmüş bükülü, 5 ədəd tibbi iynələr, 1 ədəd üzərində "KENT" yazısı olan qabda limon duzu, iki ədəd qırıq vəziyyətdə olan ampula, həmin gödəkçənin sağ iç cibindən üzərində "Pocket Scale" yazısı olan qutu və qutunun içərisində ağ və sarı rəngli üzərində «Mesko» yazısı olan tərəzi, bundan başqa üzərində olan açıq mavi rəngli cins şalvarin qabaq sağ cibindən «Samsung» A 52 markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra üzərindən çıxanları orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürləndikdən sonra tərəflərindən imzalanmışdır (cild 1, iş vərəqi 80-82). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Şahid6 həmin ifadəni təsdiq etmədiyini, ifadəni müstəntiqin özündən yazdığını və oxumadan imzaladığını, özünün hər gün saat 17-00-da işdə olduğunu, saxlanılarkən üstündən heroin aşkar olunduğunu, metamfetamini və tiryəki isə polislərin onun cibinə qoyduqlarını, sonuncu dəfə fevral ayında Emillə votsapda yazışdıqlarını, orada «Salam necəsən» yazdığını, Emilin narkotiki haradan aldığını bilmədiyini, həmçinin özünün də narkotiki haradan aldığını Emilin bilmədiyini, məhkum olunduğu cinayət işi üzrə özünü qismən təqsirli bildiyini və saxlanılarkən üzərində bir qram heroin olduğunu, üzərindən tərəzi aşkar edildiyini, həmin tərəzidən özünün istifadə etdiyi narkotikin miqdarını bilmək üçün istifadə etdiyini, özünün CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, istifadəsində 055 500-15-50 mobil nömrəsinin və 055 384-04-03 votsap nömrəsinin olduğunu bildirdi. Məhkəmə iclasında Şahid6 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı xx.xx.2022-ci il tarixli hökm tədqiq olunarkən, sonuncunun CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bildiyi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyi müəyyən olundu. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə edilmiş 05 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri, Səbail RPİnin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən, ona üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 ədəd mobil telefonları, şalvarın sağ arxa cibindən gümüşü falqaya bükülmüş 2 bükümü təqdim etmiş, 1 ədəd bükümdə «şüşə» adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, digər 1 ədəd bükümdə isə «kokos» adlandırdığı narkotik vasitə heroin olduğunu, həmin vasitələri «Əli» adlı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsə Şahid6 Qurbanəli oğlunu tanıyıb-tanımaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Şahid6 tanıyır, bir neçə dəfə ona narkotik vasitə satmışdır. Bundan sonra həmin 2 büküm sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfə qablaşdırılıb Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq disk ilə birlikdə iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 129-131). Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, 06 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin Müvəqqəti saxlama yerinin videomüşahidə kamerası ilə qeydə alınmış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlanış aparılmasını əks etdirən videodiskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın zamok hissəsindən 2 ədəd şəffaf selofan büküm və 1 ədəd siqaretin gümüşü kağızındakı büküm, eləcə də sağ ayağındakı corabın içərisindən 1 ədəd şəffaf selofan büküm aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 154). Məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli 6/1861 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,824 qram, 0,448 qram, 0,902 qram, 0,505 qram, ümumi təmiz çəkisi 3,679 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - Üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,425 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir ) ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı (cild 1, iş vərəqi 144-146). Ambulator X1 xx.xx.2022-ci il tarixli 2713 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 6-7). Məhkəmə-kimyəvi ekspertizasının 11 may 2022-ci il tarixli 6/2702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Şahid6" sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan psixotrop maddə metamfetaminlə üzərində "..Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd " sözləri olan zərfdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 3,479 qram olan və üzərində "...Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış " sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,375 qram olan psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində "Şübhəli şəxs Şahid6 2 sözləri olan zərfdəki 9 ədəd bükümdə ümumi təmiz çəkisi 1,954 qram olan narkotik vasitə heroinlərlə üzərində "…Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,080 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər (cild 2, iş vərəqi 1-5). İbtidai istintaq zamanı Şahid6 istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri və anten əhatə dairəsi barədə məlumatlar Səbail rayon məhkəməsinin qərarı ilə "xxxx" MMC-dən götürülmüşdür. Daxil olmuş diskə baxış keçirilərkən diskin içərisində 2 ədəd dosye akşar olunmuşdur. - 5(009) - 1310.2022 nömrəli 1-ci dosyeni açdıqda içərisində 5 ədəd «PDF» formatlı fayl akşar olunmuşdur. Birinci hissə «PDF» formatlı fayl açılaraq baxış keçirilərkən müəyyən edilmişdir ki, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında müxtəlif şəxslərə məxsus mobil nömrələrdən Şahid6 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan SMS mətnləri vardır. İkinci hissə «PDF» formatlı fayla baxış zamanı müəyyən olunmuşdur ki, faylda xx.xx.2022 xx.xx.2022-ci il tarix aralığında Şahid6 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin anten əhatə dairəsi barədə məlumatlar vardır. Üçüncü hissə «PDF» formatlı faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Şahid6 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin anten əhatə dairəsi barədə məlumatlar vardır. Dördüncü hissə «PDF» formatlı faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Şahid6 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə nömrəyə yalnız "xxxx" MMC- yə məxsus mobil nömrələrdən zəng edən və zəng qəbul edən, həmçinin yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən SMS mətnləri göndərən və qəbul edən şəxslərin anket məlumatları verilmişdir. Beşinci hissə «PDF» formatlı fayl açıldıqda isə müəyyən olunmuşdur ki, xx.xx.2022xx.xx.2022-ci il tarix aralığında Şahid6 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə nömrəyə yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən zəng edən və zəng qəbul edən, həmçinin yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən SMS mətnləri göndərən və qəbul edən şəxslərin anket məlumatları verilmişdir. Baxış zamanı 5(009) - 1364.2022 nömrəli 2-ci dosye açıldıqda, içərisində 4 ədəd PDF formatlı fayl olması müəyyən edilmişdir. Birinci hissə «PDF» formatlı fayl açıldıqda, faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrədən müxtəlif şəxslərə məxsus mobil nömrələrə göndərilən SMS mətnləri olması müəyyən edilmişdir. İkinci hissə «PDF» formatlı fayla baxış zamanı müəyyən olunmuşdur ki, faylda xx.xx.2022 xx.xx.2022-ci il tarix aralığında müxtəlif şəxslərə məxsus mobil nömrələrdən Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan SMS mətnləri vardır. Üçüncü hissə «PDF» formatlı faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, həmçinin anten əhatə dairəsi barədə məlumatlar vardır. Dördüncü hissə «PDF» formatlı faylda xx.xx.2022 - xx.xx.2022-ci il tarix aralığında Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən zəng edən və zəng qəbul edən, həmçinin yalnız "xxxx" MMC-yə məxsus mobil nömrələrdən SMS mətnləri göndərən və qəbul edən şəxslərin anket məlumatları verilmişdir. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir: İkinci hissə faylda: a) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 17:20:58-də ***-***-**-** «Emin mənə zəng vur brat yarı lazımdı» sms mətni göndərilmişdir. a) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 00:46:11-də ***-***-**-** «Emin bara gəlim? Pendir yarı lazımdı, məni lomkada saxlama kişisən» sms mətni göndərilmişdir. b) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 22:15:58-də ***-***-**-** «Menem sevan alatava 5 dene ne oldu ne xeber çıxdı noldu telefonu götür bir xeber de də ne qeder vaxta alınır men rayona getmeliyem tez bazar bir cavab de» sms mətni göndərilmişdir. c) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 09:24:42-də ***-***-**-** «Ay brat cvdeyem Onluq eləməy olar» sms mətni göndərilmişdir. d) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə 10:31:38-də ***-***-**-** «Qaqa pul gəlib imkan elə danışağ meyve lazımdı bide sedereye getmiyim» sms mətni göndərilmişdir. e) Şahid6 məxsus 055 ***-**-** nömrəsindən daxil olan və çıxan zənglərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus 055 ***-**-** nömrəsinə zəng etməsi müəyyən edilmişdir. g) Şahid6 narkotik vasitəni aldığı tarixdə, yəni xx.xx.2022-ci ildə diskdə olan anlen məlumatlarına əsasən saat 16:47-dən saat 18:53-dək Yasamal rayonu ərazisində olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqi 16-17). Bundan başqa, ibtidai istintaq zamanı Şahid6 məxsus ’’Samsung" A 52 markalı mobil telefonun «WHATSAPP» mesajlarına baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Bu zaman aşağıdakılar müəyyən olunmuşdur: «X12» adı ilə qeydiyyatdan keçmiş 070 ***-**-** saylı mobil nömrənin sahibi Təqsirləndirilən şəxs məxsus 25,02.2022-ci ildə «WHATSAPP» vasitəsi ilə mesajla “neçədə çıxırsan” Şahid6 mesajında “Gecə 1 sən məhlədəsən gəlim “ sözlərini yazır. «X12» cavabında “Sumqayıtda“ sözlərini yazır. Şahid6 isə «işdən sonra» mesajını yazır. «X12» «2 dənə» sözlərini yazır. Şahid6 cavabında “hə“ mesajını yazır. «X12» isə “ok“ sözünü yazır. Həmçinin xx.xx.2022-ci il tarixdə Şahid6 mesajında «X12» “2 dənə istəyirdim“ sözlərini yazır. Daha sonra “onda 2 dənə amma ayrı-ayrı düzəldərsən da geyinim gəlirəm “ sözlərini yazır. Yekunda isə “Ata mən hansı tərəfə gəlim” sözlərini yazır (cild 2, iş vərəqi 19-24). Bundan başqa, Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefonun «WHATSAPP» mesajlarına baxış keçirilməsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Bu zaman aşağıdakılar müəyyən olunmuşdur: - 077 ***-**-** saylı mobil nömrənin sahibi xx.xx.2022-ci ildə «WHATSAPP» vasitəsi ilə Təqsirləndirilən şəxs mesajla “Lazımdırsa 25 vurum karta. Qaqaş, səni gözdəyirəm. Buda mənim nömrəmdi. Sadiqdi, didiyim kimi 5 ondan yarı kola” sözlərini yazır. xx.xx.2022-ci il tarixdə isə " 10 nuğ amma özümə götürürəm də onu qardaş payı et, axşamkı dostumla gəlirəm”sözlərini yazır. - 055 ***-**-** saylı mobil nömrənin sahibi «WHATSAPP» vasitəsi ilə mesajla Təqsirləndirilən şəxs “Ala Emin teli niyə açmırsan torpaq lazımdır. Emin adam cayl olar sən səhər Resulla görüşmüsən mən amma yazmışam sənə mənə niyə yığmadın g.t günündəyəm pulunu verirəm varyoxuna nelet torpaq” sözlərini yazır. - 050 ***-**-** saylı mobil nömrənin sahibi «WHATSAPP» vasitəsi ilə mesajla Təqsirləndirilən şəxs “Emin niyə məni arxayın eldin. Var nəsə. 05 lomkadan çıxmağa” sözlərini yazır. - 050 ***-**-** saylı mobil nömrənin sahibi «WHATSAPP» vasitəsi ilə mesajla Təqsirləndirilən şəxs «Bir adam var ona 20 manat verim kola bacardığın qədər verdə ona gətirsin mənə» sözlərini yazır. - 099 ***-**-** saylı mobil nömrənin sahibi «WHATSAPP» vasitəsi ilə mesajla Təqsirləndirilən şəxs “Qardaş marketdə aparat çek vermir ona görə ordan vurmadım bilirəm ki mütləq çek lazımdı başqa yerdən vururam sebrli ol» sözlərini yazır. Həmin «WHATSAPP» yazışmalarından görünür ki, Təqsirləndirilən şəxsla ayrı-ayrı şəxslər, habelə Şahid6 arasında müxtəlif vaxtlarda mütəmadi olaraq narkorik vasitə və psixotrop maddələrin satışı məzmununda ismarıclar vardır. Bu da, bir daha Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olduğunu təsdiq edir. (cild 2, iş vərəqi 25-28). İbtidai istintaq orqanının 23 iyul 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,824 qram, 0,448 qram, 0,902 qram, 0,505 qram, 1,425 qram olmaqla ümumi təmiz çəkisi 5,104 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd mobil telefonlar (“Samsunq”, “Baksell”, Xiaomi” markalı) maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 4,854 qram metamfetamin və 1,080 qram heroin, həmçinin 3 ədəd mobil telefonlar Bakı şəhəri, Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 29-31). Cinayət işində olan 09 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 211). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitədən istifadə etsə də, saxlanıldığı gün onda narkotik maddələr olmadığını, üzərində aşkar edilmiş narkotikləri polis işçilərinin ona verdiklərini, iki büküm narkotiki onun cibinə atanda iki gün şöbədə qalıb sonra çıxacağını bildirdiklərini, o da, döyüldüyünə və çox ağrıdığına görə narkotikləri boynuna aldığını, əslində isə onun üstündən heç nə çıxmadığını, istintaq zamanı onu çəkilişə apardıqlarını və müstəntiqin təklifinə görə, bir ağacın dibinə əlini uzadıb guya narkotiki həmin yerdən götürməsini təsdiq etmək üçün şəklinin çəkildiyini, polis işçilərinin onu döydüklərini, bu barədə təcridxanaya daxil olanda da bildirdiyini və döyülməyi ilə bağlı şikayət etdiyini qeyd edərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmçinin şəxsi axtarış zamanı aşkar olunmayan digər narkotik və psixotrop maddələr polis əməkdaşları tərəfindən Səbail RPİ-nin Müvəqqəti saxlama yerindəki videomüşahidə kameraları altında əynindəki paltarlarında gizlətdiyi yerlərdən aşkar edilmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, müşahidə kameraları vasitəsilə çəkilmiş videogörüntülərə müstəntiq tərəfindən baxış keçirilərək müvafiq protokol tərtib olunmuş və sübut kimi iş materiallarına əlavə edilmişdir. İbtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs onun şəxsi axtarışı zamanı, həmçinin Müvəqqəti saxlama yerində yoxlanış zamanı aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları Yasamal rayonu ərazisində Əli adlı şəxsdən 100 manat verməklə aldığını, 2 büküm narkotiki şəxsi axtarışı zamanı təqdim etdiyini, lakin üzərində gizlətdiyi digər narkotik və psixotrop maddələri qorxduğu üçün təqdim etmədiyini və onların MSY-nə qəbul edilərkən aşkar olunduğunu, Şahid6 tanıdığını və ona bir-iki dəfə narkotik vasitə pay verdjiyini, lakin sonuncu dəfə Azərə 150 manata narkotik satdığını bildirmiş, eyni zamanda ifadəsi yerində yoxlanılarkən həmin yeri əyani şəkildə göstərmiş, müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlin mahiyyətini başa düşdüyünü, əməlindən peşman olduğunu bildirmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş çoxsaylı SMS və votsap yazışmalarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəlki dövrdə istifadəsində olan mobil telefonlardan istifadə etməklə müxtəlif şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı barədə çoxsaylı yazışmalar aparmış, həmin yazışmalardan aydın olur ki, müraciət edən şəxslər məhz Təqsirləndirilən şəxs narkotik vasitələrin satıcısı kimi müraciət etmiş, sonuncu isə, həmin şəxsləri narkotik vasitələrlə təmin etmişdir. Yazışmalarda Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı müraciət edən şəxslərdən biri də ondan narkotik aldığına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş Şahid6dur. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə məhkəmədə verdiyi ifadəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin oxşar şikayətinə əsasən Səbail rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və 24 iyun 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Qəbul olunmuş həmin qərardan Müdafiəçi Səbail rayon məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermiş və həmin qəbildən olan işlər üzrə zəruri olan ekspertiza təyin olunub keçirilməməsi səbəbindən məhkəmənin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Səbail rayon prokurorluğunun 24 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Bundan sonra Bakı şəhəri, Səbail rayon prokurorluğunun müstəntiqi Kamran Şiriyev tərəfindən qeyd olunan şikayət əsasında yenidən araşdırma aparılmış, izahatlar alınmış və Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmişdir. Ekspertizanın 13 oktyabr 2022-ci il tarixli 727 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli tibbi müayinəsinə əsasən bədən səthi üzərində hər hansı xəsarət izləri aşkar edilməmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığına görə müstəntiqin 13 oktyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini, bununla bağlı müdafiə tərəfinin mövqeyini və Şahid6 məhkəmədə ziddiyətli ifadə verməsini məcmu halında təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq və ya onun cəzasını yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələrdən Şahid6 satdığını səmimi etiraf etməsini, həmçinin ondan aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib xırda bağlamalara bükülməsini, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Səbail RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2713 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edildiyindən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Səbail RPİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,854 qram metamfetamin və 1,080 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd mobil telefonlar (“Samsunq”, “Baksell”, Xiaomi” markalı) Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, habelə onun şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin və Səbail RPİ Müvəqqəti saxlama yerinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərin əks olunduğu cəmi 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 162 (yüz altmış iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 162 (yüz altmış iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,854 qram çəkidə psixotrop maddə metamfetamin və 1,080 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 3 ədəd mobil telefonlar (“Samsunq”, “Baksell”, Xiaomi” markalı) Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin və Səbail RPİ Müvəqqəti saxlama yerinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərin əks olunduğu cəmi 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 162 (yüz altmış iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar