Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-259/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1 fevral 1995-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu ödənilmiş, Ağcabədi şəhəri Ş.Qurbanov küçəsi ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, şəhid F.Məlikov küçəsi, 3123-cü məhəllə, ev 1G, mənzil 67-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Rasim» adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, aralarında olan cinayətkar razılaşmaya əsasən «Rasim» adlı İran İslam Respublikası vətəndaşının göstərişi əsasında 27 noyabr 2022-ci il tarixdə Binəqədi rayonu Həmzə Babaşov 9 ünvanında yerləşən məscidin yaxınlığında yerdən təmiz çəkisi 268,871 qram külli miqdarda narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edərək sonuncunun göstərişi əsasında deyəcəyi yerlərə qoymaq üçün özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 20:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3rkotiklərlə Mübarizə İdarəsinə gətirilərək, həmin gün saat 21:45-də orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş halda təmiz çəkisi 16,771 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilib götürülmüş, onun satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin qalan 252,100 qram hissəsi isə davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 noyabr 2022-ci ildə saat 23:10-da yaşadığı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, şəhid F.Məlikov küçəsi, 3123-cü məhəllə, ev 1G, mənzil 67 ünvanında baxış keçirilərkən yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd sellofan torbasında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 332-ci və 182-ci maddələri ilə məhkum edilmiş və barəsində 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 2019-cu ilin iyul ayında vaxtından əvvəl azadlığa buraxılmışdır. Daha sonra isə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 2020-ci ildə CM-nin 228-ci maddəsi ilə məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra 1 ildən çox taksi fəaliyyəti ilə məşğul olmuş və ayda təxminən 700 manat qazanmışdır. Şirkət maşınlarını da idarə etmişdir. Daha sonra aylıq gəliri qane etmədiyi üşün Səməd Vurğun küçəsində yerləşən «Feelings Boutique» mağazasında kuryer işləməyə başlamış və aylıq 1100 manat gəlir əldə etmişdir. Mağazada işlədiyi müddət ərzində aylıq 600 manata icarəyə götürdüyü maşını sürmüş, özünün şəxsi maşını olmamışdır. Saat 18:00-a kimi mağazada işləmiş, daha sonra isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Maşının yanacaq və yağ dəyişmə məsrəflərini də mağaza özü ödəmişdir. Əlavə buket sifarişi olduqda, hər sifarişə görə ona 5 manat vermişlər. 29 noyabr 2022-ci il saat 20:00 radələrində Rəşid Behbudov 90 ünvanında, Milli Bankın qarşısındakı köşkün yanında saxlanılmışdır. Su almaq üçün köşkə yaxınlaşdığı zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində, daha sonra isə maşınında axtarış aparmışlar, lakin qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə aşkar etməmişlər. Avtomobilə videoçəkiliş aparılmadan baxış keçirilmişdir. Polis əməkdaşları daha sonra ondan yaşadığı ünvanı soruşmuş və birlikdə şəhid Fərman Məlikov küçəsi, mənzil 67 ünvanında yerləşən evinə getmişlər. Evdə təxminən yarım saat axtarış aparılmış, lakin qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə aşkar edilməmişdir. Daha sonra polislər «Bolt» taksi şirkətindən taksi sifariş edərək Kia Sorento markalı maşınla onu BNMİ-nə aparmışlar. Avtomobilin qeydiyyat nömrəsini xatırlamır. BNMİ-də Şirəli və Şahin adlı polis əməkdaşları onu aldadaraq sadəcə bir gecə orada qalacağını, səhəri gün sabah sərbəst buraxılacağını demişlər. O, polis əməkdaşlarına inandığı üçün sonuncuların ona təqdim etdiyi sənədi imzalamışdır, üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirildikdən sonra yenidən birlikdə yaşadığı evə getmiş və evdə polis əməkdaşlarının dediklərini etmişdir. Daha sonra onu Binəqədi RPİ-nə aparmışlar. İdarəyə gəldiyim zaman bədənində xəsarət izləri də olmuşdur. Onu həm idarəyə gəlməzdən əvvəl, həm də idarədə olarkən döyülmüşdür. Fiziki zorakılığa məruz qalması ilə bağlı dövlət orqanlarına şikayət etmişdir. Hətta onu prokurorun qəbuluna da aparmışlar. Prokuror xəsarətlərini gördükdən sonra onu ekspertizaya göndərmiş, lakin ekspertiza qərəzli olaraq rəy verərək onun saxlanılmazdan 5 gün əvvəl xəsarət aldığını rəydə qeyd etmişdir. Həmin ekspert rəyinə dair etirazını bildirmişdir. Onu saxlayan polis əməkdaşlarını hadisədən əvvəl tanımamış, onlarla hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. Onunla nə üçün belə qərəzli rəftar etmələri barədə heç bir fikri yoxdur. Narkoloji ekspertizadan keçməmiş, ondan qan analizi götürülməmişdir. Həkim narkoloq ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, narkotik vasitə istifadə etmədiyini bildirmişdir. İran vətəndaşı olan Rasim adlı şəxsi tanımır. Heç kimlə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq üçün əvvəlcədən əlbir olmamışdır. Saxlanılarkən nə üzərində, nə də evində narkotik vasitə olmamışdır. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitələr ona məxsus deyil, polis əməkdaşları həmin narkotik vasitələri onun evinə yerləşdirdikdən sonsa videoçəkiliş həyata keçirilmişdir. Polis əməkdaşlarının təsir-təzyiqlərinin nəticəsində həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. İbtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olmasını etiraf etməmişdir. Binəqədi RPİ-yə aparıldığı andan etibarən cinayət işinin ibtidai istintaqını həyata keçirən müstəntiqə aldadıldığını, narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Onun istifadəsində olan mobil nömrənin anten dairələri də çıxarılmış, lakin heç bir sübut əldə edilməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onda yalnız siqaretə doldurulmuş narkotik vasitə marixuana olmuş və həmin narkotik vasitəni idarə etdiyi avtomobildə gizlətmişdir. Atası 1ci qrup əlildir, ayaqları işləmir, əlil arabasındadır. Başına gələn bu hadisə ilə bağlı ciddi stress keçirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, BNMİdə xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal rəhbərliyə məruzə edilmiş və ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 29 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu, Rəşid Behbudov küçəsində saxlanılaraq idarəyə dəvət edilmişdir. Orada müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar edilən maddəni nə məqsədlə üzərində saxladığı soruşulduqda həmin maddənin heroin olduğunu və 3 gün əvvəl Rasim adlı İran İslam respublikasının vətəndaşı «Rasim» adlı şəxsin vasitəsilə Binəqədi rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü və evində də narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər maddə qablaşdırılaraq götürülmüş və müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, şəhid F.Məlikov küçəsi, 3123-cü məhəllə, ev 1G, mənzil 67 ünvanında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd sellofan torbasını çıxarıb təqdim etmiş və içərisində heroin olduğunu bildirmişdir. Aşkar edilən içərisində heroinə bənzər maddə olan torba zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Sonda əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İşin 33-34-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokolan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuşdur. İşin 38-39-cu vərəqlərindəki 29 noyabr 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, şəhid F.Məlikov küçəsi, 3123-cü məhəllə, ev 1G, mənzil 67 ünvanında yerləşən evin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. İşin 53-cü vərəqlərindəki 30 noyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 29 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən, həmçinin yaşadığı mənzilə baxış keçirilərkən «Panasonic» markalı videokamera vasitəsi ilə qeydə alnımış və 2 ədəd DVD diskinə köçürülmüş videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxararaq masanın üstünə qoymuş və içərisində narkotik vasitə «kakos» olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd mobil telefon və 1 ədəd açar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 3 gün əvvəl Binəqədi rayonunda «Rasim» adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə gizlədilmiş yerdən götürdüyünü, sonradan həmin şəxsin deyəcəyi yerə qoyacağını və bunun müqabilində 100 manat zəhmət haqqı alacağını, «Rasim» adlı İİR vətəndaşı ilə 3 ay əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu, narkotik vasitənin qalan hissəsini mənzilində saxladığını və hazırda könüllü olaraq təqdim etmək istədiyim bildirmişdir. Aşkar edilərək götürülmüş həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır Digər DVD diskdəki video fayla baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 4 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzilin yataq otağında girişdən sol tərəfdə yerləşən taxta dolabın yuxarı siyirməsindən 1 ədəd sellofan bağlama və 1 ədəd gümüşü rəngli elektron tərəzini götürərək təqdim etmiş və içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 3 gün əvvəl «Rasim» adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etdiyini, belə ki, Binəqədi rayonunda məscidin yanında gizlədilmiş yerdən götürdüyünü, sonradan həmin şəxsin deyəcəyi yerə qoyacağını və bunun müqabilində 100 manat zəhmət haqqı alacağını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və bank kartı dolabın üstündən aşkar edilərək götürülmüşdür. Baxış zamanı mənzildə aşkar edilmiş, içərisində narkotik vasitə olan bağlama və 1 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılıb zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. İşin 47-50-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2022-cı il tarixli 6/6820 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №7» dairəvi möhür əksləri olan iki ədəd zərfdə, üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə..» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 16,771 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə və 1 ədəd elektron tərəzi..» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 252,100 qram olan qəhvəy rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bır ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izlən vardır, heroin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd zərfdə qablaşdırılmış ümumilikdə 2 ədəd bükümdə olan heroinlər kimyəvi tərkib komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi 268,871 qramdır. İşin 206-207-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli 187 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 208-209-cu vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 fevral 2023-cü il tarixli 462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bır psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 171-173-cü vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 7 dekabr 2022-ci il tarixli 2504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər: sağ bazu nahiyəsinin və döş qəfəsinin sol arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müxtəlif şəraitlərdə müayinədən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri istisna olunur, sol mil-bilək oynağı nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl həmin nahiyənin qandalla sıxılması zamanı əmələ gələ bilməsi istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş 20 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı alın nahiyəsində üzəri qərtməkli yara müşahidə olunmuşdur. Xəsarəti həbs edilən zaman aldığını bildirmişdir. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə 16 mart 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən təcridxanaya daxil olarkən istintaqın gedişatına etiraz olaraq sol said nahiyəsindən 4 yerdən kəsərək özünə xəsarət yetirmişdir. Ona tibbi yardım göstərilmişdir. İşin 220-228-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 268,871 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 268,671 qram heroin və 1 ədəd elektron tərəzi məhkəmənin yekun hökmünədək saxlanması uçun Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmin qərara əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogorüntülərin olduğu 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında əlavə edilmişdir. İşin 230-cu vərəqindəki Cinayət işinin ayrılması haqqında qərardan görünür ki, hazırki cinayət işinin materiallarından narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsinə məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İşin 174-177-ci vərəqlərindəki 5 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən göstərilən təzyiq və aldadılma nəticəsində etirafedici izahatında və videoçəkilişdə cinayəti etiraf etməsi ilə bağlı göstərdiyi xüsusatlar üzrə Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. İşin 162-163-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 24 fevral 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-ın 134, 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.2.5-ci maddələri ilə təqsirli bilinərək 7 il 5 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa o, 25 iyun 2020-ci ildə Biləsuvar Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdəki Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 1(093)- 15/2015 saylı, 24 fevral 2015-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan və cinayət məsuliyyətindən azad edilmişdir. İşin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 123-128-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək ittiham aktında göstərilənlərlə razılaşmadığını, üzərindən və evindən aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən aldadılaraq həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməyə məcbur edildiyini, polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qaldığını, həmin narkotik vasitəni polis əməkdaşları özləri götürərək onun üzərinə yerləşdirdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, məqsədlə heç kimlə qabaqcadan əlbir olmadığını, yalnız şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini bildirmişdir. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 5 yanvar 2023-cü il tarixli qərar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,771 qram narkotik vasitə heroin və yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 252,100 qram narkotik vasitə heroin olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 268,871 (tədqiqatdan sonra qalan 268,671) qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində və evində axtarış aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən iki ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 80 (səksən) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,771 qram narkotik vasitə heroin və yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 252,100 qram narkotik vasitə heroin olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 268,871 (tədqiqatdan sonra qalan 268,671) qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində və evində axtarış aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən iki ədəd CD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 80 (səksən) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 360 (üç yüz altmış) manat onun işlədiyi «Kredo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-259/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-259/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver