Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-260/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-«Femida» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-nin böyük mütəxəssisi işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 7, mənzil 84-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altna vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 06 bükümdə ümumi təmiz çəkisi 5,973 qram küllü miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,72 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai rayon Polis İdarəsinin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 aprel 2022-ci il tarixdə saat 20.00 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, X5 küçəsi 5 ünvanında yerləşən Xətai rayon Polis İdarəsinin 36-cı PB-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 06 ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,997 qram, 1,333 qram, 1,168 qram, 0,830 qram və 0,790 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,973 qram olan ağ rəngli kristalşəklilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,375 qram və 0,345 qram ümumi təmiz çəkisi 1,72 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, saxlanmamışdan bir neçə gün əvvəl Ceyhun adlı şəxs ondan pul istəmiş, o, Ceyhuna pul verməmişdir. Ceyhun onlayn kazino oynayır, bəzi insanları qorxudur, hədələyir pul alır. Ondan bir neçə gün əvvəl bir məclisdə polis formasını çiyninə atıb şəkil çəkdirmişdir. Onun şəkli ilə bağlı Daxili İşlər Nazirliyinin «Focebook» səhifəsinə yerləşdirmişdir. Bu səbəbdən onun başına belə işlər gəlməyə başlamışdır. Bundan sonra 16 aprel 2022-ci il tarixdə saat 18 radələrində qapı döyülmüş, açıb görmüşdür ki, 36-cı polis bölməsinin əməkdaşıdır, onu bloka çıxmasını demiş, bloka çıxan kimi bir nəfər yuxarıdan düşmüş, biri də aşağıdan çıxmış, üç nəfərə onu tutub döyüb xəsarət yetirilərək aparmışlar. O, 36-cı polis bölməsinə çatana kimi bilməmişdir ki, onu nəyə görə tutublar. Maşına minəndə sürücü sükanında əyləşən adam çevrilib ona demişdir ki, «sənin həbs olunmağının səbəbkarı Şükürdür». Şükürün kim olduğunu soruşanda, ona «siqaretləri neynəmisən» deyə soruşmuşlar, nə siqareti olduğunu demişdir. Belə başa düşmüşdür ki, guya o, hansısa dükandan siqaret oğurlamışdır. Sonra bölməyə getmişlər, hələdə bilmir nəyə görə onu gətirmişlər. Arada polisdə işləyib işləməməsi barədə soruşmuşlar, oradan bilmişdir ki, bu şəkil çəkdirdiyi formaya görədir. Xətai rayon Polis Bölməsinin əməkdaşlarından biri ona evdə nəsə olubolmadığını soruşduqda olmadığınl bildirmiş, sonra evə gəlmişlər, evdə axtarış aparmışlar, evdə heç nə aşkar olunmamışdır. Həmin vaxt iki böyük selofan götürüb əllərinə keçən nə varsa yığmışlar selofana, metrokartdan, dərmanlardan belə əllərinə keçəni doldurub selofana evdən çıxmışlar. Yenidən bölməyə qayıtmışlar, orada onun qarşısına bükümlər qoymuşlar, bükümləri tərəzinin üstünə qoymuşlar. Ona demişlər ki, sənə yaxşılıqlparı budur ki, boynuna götürsün, bunları qoysun cibinə, deyəndə üstündən çıxarar, sual veriləndə desin ki, ucuz düşüb almışdır, tərəzini də aldatmasınlar deyə üstündə gəzdirirmiş, tanımadığı adamlardan alırmış. Onu təhqiqatçı ilə görüşdürmüşlər, təhqiqatçı necə davranacağı barədə ona başa salmış. İki dəfə çəkilişdə deməmiş, üçüncü çəkilişdə etiraf etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmiçdir ki, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulduğu vaxta qədər "xxxx" ASC-də böyük mütəxəssis vəzifəsində çalışmışdır. İki ilə yaxındır ki, psixatrop maddə metamfetamindən istifadə etmişdir. İstifadə etməyinə səbəb isə bir neçə dəfə tanışları ilə birlikdə istifadə etdikdən sonra psixotrop maddələrin alüdəçisinə çevrilməsi olmuşdur. Həmin psixotrop maddəni əvvəllər tanışlarının vasitəsi ilə əldə etmiş, lakin sonradan bir neçə dəfə aldadıldığı üçün özü narkotikin haradan əldə edilməsini öyrəndikdən sonra özü bir başa olaraq İran İslam Respublikasının vətəndaşlarından almışdır. İİR-nın vətəndaşları ilə onun əlaqəsinin yaranmasına səbəb isə xatırlamadığı bir neçə tanışlarından nömrələr almaqla bir başa əlaqə qurmuş və hər dəfə ona psixatrop maddə lazım olanda adını və anket məlumatlarını bilmədiyi İİR-nın vətəndaşı ilə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrənin whatsappı ilə əlaqə quraraq metamfetaminin hər bir qramını 18-20 manat olmaqla terminal vasitəsi ilə sonradan adı ona məlum olan Mehdi adlı şəxsin ona göndərdiyi kartın hesabına pul göndərməklə əldə etmişdir. Mehdinin ona göndərdiyi şəkillərlə həmin yerə gedərək narkotiki götürmüşdür. O, hər dəfə təxminən 5-10 qram psixatrop maddə hesab edilən metamfetamin almış və aldığı metamfetamini özü istifadə etmişdir. Sonuncu dəfə yəni xx.xx.2022-ci il tarixdə ona metamfetamin lazım olduğu üçün İİR-nın vətəndaşı Mehdi ilə whatsapp vasitəsi ilə əlaqə saxlayaraq “patıya” ehtiyacı olduğu bildirib sonuncudan “patı” istəmiş və bir neçə saatdan sonra Mehdi onun mobil telefonuna şəkillər göndərək patını harada qoyduğunu izah vermiş və o, həmin ünvana gedərək təxminən 3-cü mikrorayon yaxınlığında yerləşən yerdən bükülünü götürmüşdür. Bükülünü götürdükdən sonra özünə məxsus olan elektron tərəzi ilə ölçən zaman 5 qram olmasını müəyyən etmişdir. Mehdi ilə əlaqə saxlayaraq 10 qram əvəzinə 5 qram olmasını bildirəndə sonuncu ona demişdir ki, anlaşılmamazlıq nəticəsində 5 qram qoyulub, gələn dəfə sifariş verdiyin halda 5 qram artıq verəcəkdir. O, əldə etdiyi “patını” götürərək yaşadığı evə gedərək istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 18.00 radələrində yaşadığı evdə olan zaman qapı döyülmüşdür. O, qapını açanda bir nəfər şəxsin mülki geyimdə olduğunu, ondan adını soruşanda həmin şəxsin o, olmağını bildirərək onu çölə çıxmağını xahiş etmişdir. O, əyninə gödəkcə geyinib bloka çıxaraq həmin şəxslə blokdan çölə çıxmışdır. Bundan sonra həmin şəxsin yanına əlavə iki nəfər mülki geyimli şəxs gələrək onu markasını və rəngini xatırlamadığı maşına əyləşdirərək 36- cı polis bölməsinə aparmışlar. Sonra onu xidməti otaqların birinə salaraq üzdən tanıdığı, lakin adlarını bilmədiyi bir neçə nəfər mülki geyimli polis əməkdaşları heç bir səbəb olmadan onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyməyə başlamışlar. O nə səbəbə döyüldüyünü soruşanda ona demişlər ki, narkotik və psixatrop maddələrin satışı ilə məşğuldur. O, narkotik və psixatrop maddələrin alüdəçi olmağını səmimi etiraf etsə də, onda narkotik və ya psixatrop maddələrin olmamasını deməyə cəhd göstərsə də, ona inanmayıb onunla birlikdə yaşadığı evə getmişlər. Yaşadığı evdə onun iştirakı ilə axtarış aparılsa da heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmiş və sadəcə olaraq özünə məxsus olan elektron tərəzi onun otağından tapılaraq özləri ilə götürüb polis bölməsinə qayıtmışlar. Polis bölməsində olan zaman polis əməkdaşları plastmas qabın içərisində ümumilikdə 8 (səkkiz) büküm bükülünün içərisində narkotik vasitə hesab edilən heroini və psixatrop maddə hesab edilən metamfetamin olmasını ona bildirərək, ona məxsus olan yaşadığı evdən götürdükləri elektron tərəzini və ona məxsus olan “Leo” banka aid bank kartını cibinə qoymağını və çəkiliş zamanı cibindən çıxararaq həmin əşyaların ona məxsus olmasını bildirməyini ondan zorla tələb etmişlər. O, özünün vəkilinin gəlməsini təklif etməyinə baxmayaraq dövlət hesabına ona təhkim edilmiş vəkilin iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən polis əməkdaşlarının qabaqcadan ona verdikləri ağ rəngli plastmas qabın içərisində qoyduqları ümumilikdə 8 büküm bükülünü, 01 ədəd elektron tərəzini və 01 ədəd “Leo” banka aid olan bank kartını çıxararaq masanın üzərinə qoymuş və qabın içərisində olan narkotik vasitələrin ona məxsus olmasını döyülməmək üçün qorxusundan etiraf etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş ümumilikdə 08 ədəd bükülünün içərisində olan metamfetamin və heroin kağız zərfə qoyularaq möhürlənmişdir. Zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik və psixotrop maddələr ona məxsus olmamışdır. Amma elektron tərəzi və “Leo” banka aid plastik kart ona məxsus olmuşdur. O, ümumiyyətlə narkotik vasitə hesab edilən heroindən istifadə etməmiş, ancaq metamfetamindən istifadə etmişdir. Onun istifadəsində ***-***-**-**, 077- ***-**-** və ***-***- **-** saylı mobil nömrələr olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman polis bölməsində üzdən tanıdığı, lakin adlarını bilmədiyi üç nəfər tərəfindən yerə yıxılaraq bədəninin müxtəlif nahiyəsindən təpik və yumruqla döyülərək xəsarətlər almışdır. Polis bölməsində təzyiq altında olmağına görə izahat və şəxsi axtarışda aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirmişdir. Həqiqətdə ümumiyyətlə onda nə heroin, nədə ki, metamfetamin aşkar edilməmişdir. O, Leo plastik kartından heç vaxt narkotik almaq üçün istifadə etməmişdir. O, psixatrop maddələrin alüdəçisi olsa da, satışı ilə heç vaxt məşğul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmasına dair məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb bölməyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra təhqiqat şöbəsinə təhvil verilmişdir. Təhqiqat şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı özü etiraf etmişdir ki, üzərində aşkar olunan narkotik maddəni öz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində heç bir təzyiq göstərilməmiş, saxlanılan zaman özü özünə xəsarət yetirməyə çalışmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Kamal adlı şəxsin narkotik vasitələrin qanunsuz daşınması, istifadəsi və dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəbbərliyinə raportla məruzə olunmuş və Kamal adlı şəxsin müəyyən edilməsi və qanunsuz əməllərinin ifşa olunmasından ötrü qərar qəbul olunmuş və əməliyyat qrupu təşkil olunmuş, o da həmin qrupun üzvü kimi təyin olunmuşdur. Həmin gün saat 20 radələrində ünvan 4 ünvanına getmişlər və orada ilkin məlumata görə zahiri görünüşlərinə istinadən Kamal adlı şəxsi saxlanılmış və ad soyadını soruşmuşlar, ad soyadını dedikdə Təqsirləndirilən şəxs onların axtardığı Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və onu Xətai rayon Polis İdarəsinin 36 –cı polis bölməsinə dəvət etmişlər və birlikdə 36-cı polis bölməsinə gəlmişlər. Orada dövlət tərəfindən təyin olunmuş müdafiəçi dəvət olunmuş, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı üzərində olan qeyri qanuni əşyaların və dövriyyəsi qadağan olan əşyaların olmasını, olduğu halda təqdim etməsi təklif olunmuş və o əynində olan qara rəngli gdəkcəsinin sol yan cibindən 6 ədəd bükümdə şəffaf siqaret selofanına bükülmüş kristalik, metofmfetaminə oxşar maddə təqdim etmiş, iki ədəd də ağ rəngli şəffaf selofana bükülmüş, tünd rəngli tozşəkilli heroinə bənzər maddə təqdim etmişdir. Bundan əlavə üzərindən tərəzi, bir ədəd kart və Redmi markalı mobil telefon aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin aşkar olunan maddələr psixatrop maddə metamfetamin və narkotik vasitə heroindir, tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Həmin maddələr ağ rəngli zərfə qoyularaq kablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində heç bir təzyiq göstərilməmiş, saxlanılan zaman özü özünə xəsarət yetirməyə çalışmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə inzibati ərazidə əməliyyat aparan zaman ünvan 4 ünvanında digər polis əməkdaşlarını görmüş, əməliyyatçıların köməyə ehtiyacları olduğundan onlara kömək etmişdir. Belə ki, Təqsirləndirilən şəxs maşına minmək istəməmiş, müqavimət göstərmişdir. O da kömək etmiş və Təqsirləndirilən şəxs maşına mindirib aparmışlar. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Kamal saxlanılan günü qonşusu bacısı oğlu gəlib demişdir ki, Kamalı tutublar, bir qədər sonra qapını güclü şəkildə döyüldüyünü görmüş, qapını açarkən polislər mənzilə girmişlər, Kamal da ayağı yalın başı açıq vəziyyətdə yanlarında. Kamalı öz otağına aparmışlar, porlisdən biri onun yanında qalmışdır. Otaqdan çıxandan sonra ona, vəziyyətin pis olduğunu və külli miqdarda narkotik maddə aşkar olunub. Yenədə Kamalı ayağı yalın başı açıq evdən çıxarıb aparmışlar. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PBdə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən aşkar olunmuş 06 ədəd sellofan bükülmüş bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisinin 0.95 qram, 1.41 qram, 0.90 qram, 1.32 qram, 1.06 qram və 0.89 qram, 02 ədəd sellofan bükümdə olan çəkisinin 0.53 qram və 1.64 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/2081 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün № 151” dairəvi möhür əksi “....1) imza Ələkbərov yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1,375 qr və 0,345 qram olmaqla, ümumi çəkisi 1,72 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 6 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,855 qr, 0,997 qr, 1,333 qr, 1,168 qr, 0,830 qr və 0,790 qram olmaqla, ümumi çəkisi 5,973 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd 7,11 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır, Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1,72 qram olan narkotik vasitə heroin və 5,973 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,62 qram çəkidə narkotik vasitə olan heroin, 5,673 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 2346 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 06 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,997 qram, 1,333 qram, 1,168 qram, 0,830 qram və 0,790 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,973 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,375 qram və 0,345 qram ümumi təmiz çəkisi 1,72 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun “Qalareya” bölməsindən elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin 04 ədəd foto şəklinin olması aşkar olunmuşdur. Həmçinin baxış zamanı “Redmi” markalı mobil telefonda olan “WhatsApp” proqramının Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi aşkar olunmuşdur. Mobil telefonun “WhatsApp” proqramında olan yazışmalara baxış keçirilən zaman “Motosikl” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında aşağıdakı məzmunda yazışmanın olması aşkar edildi: - “Motosikl”- Kamal salam. Necəsən qaqa? -Kamal- yaxşı, sən necəsən? -“Motosikl”- şükür qaqa. Sabah günortadan sora yanıva gəlsəm olar. Bir dəf qardaş almar 40 manata qram götürmək. Başqa yerdən ehtiyat eləyirəm. -Kamal- he, ok, gəl -“Motosikl”- çox sağol qardaşım. Sabah maaşı götürən kimi yığacam sənə, varoll. Bundan başqa “WhatsApp” proqramında olan yazışmalara baxış keçirilən zaman “Ferhad Feqan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında aşağıdakı məzmunda yazışmanın olması aşkar edildi: -“Ferhad Feqan”- Salam qaqa, dedim görüm nese varındı qaqa? Kamal- tapılar, yarı 30 manatdır “'Ferhad Feqan”- varındı indi qaqa Kamal-Həzi Aslanovda “Ferhad Feqan”- hə bildim Kamal-Burda var he , isteyirsense at menim kartıma, men birazdan görüşecem özüm üçün istesen at sene de götürüm. “Ferhad Feqan” - pul götürmeliyem qaqa götürsem xeber edecem. indi yoxumdu pul vallah. Və s. Bu mətnlərdə çoxsaylı mətnlər mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, sms danışıq mətnləri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən təzyiqlər olmuş və xəsarətlər yetirilmişdir. Təqsirləndirilən şəxs ona işgəncələr verilməsi ilə bağlı irəli sürdüyü iddialar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, işgəncə faktı ilə əlaqədar istintaq zamanı şikayətlər olmuş və nəticədə cinayət hadisəsi olmadığından Xətai rayon prokurorluğunun 25 may 2022-ci il tarixli qərarı ilə polis əməkdaşları barəsində cinayət işinin başlanması rədd olunmuşdur. İş üzrə dindirilmiş polis əməkdaşları ifadələrində göstərmişdirlər ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, onu saxlayıb polis idarəsinə dəvət edən zaman cinayətdən yayınmaq üçün özünə xəsarət yetirməyə çalışmış və qismən istəyinə nail olmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 381 saylı rəyindən də görsənir ki, Təqsirləndirilən şəxs sol gözaltı nahiyyənin qançırı, sol budun qançırı və sol qaş nahiyyəsinin sıyrığı kimi dərəcəsi təyin olunmayan xəsarətlər müəyyən edilmiş, aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunmur. Eləcədə məhkəmə xəsarətlərə nəzərə yetirdikdə bütün xəsarətlər yalnız sol tərəfli, yəni bir üzü üstə olması təqsirləndirilən şəxsin özü özünü yerə atması və ya başqa hərəkətlər nəticəsində özünə yetirə bilməsi daha inandırıcı hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həm istintaq, həmdə məhkəmədə ifadəsində cinayəti qismən etiraf edərək narkotik vasitələrin satışı ilə məşqul olmadığını bildirməkdə və eləcə də ona polis əməkdaşları tərəfindən işgəncələr verilməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini, baxış keçirilməsi barədə protokolu, sms danışıq mətnləri və ekspertiza rəyləri ilə sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və satması barədə ittihamı təsdiq edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbsə alınmalıdır. İş materiallarına əkavə olunmuş Modern Hospitalın arayışından görünür ki, Təqsirləndirilən şəxs “Sağ tərəfli xroniki orta otit, sol tərəfli təbil pərdəsinin travmatik perforasiyası” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xəstə olması və ailədə yeganə qazanc gətirən şəxs olması onun cəzasını yünğülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Xətai rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərarı ilə cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o məhkəmə iclas zalından həbsdən azad edilmiş və Xətai rayon Polis İdarəsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 gün ona təyin ediləcək cəzadan çıxılmalı və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 06 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,62 qram narkotik vasitə heroin və qalıq çəkisi 5,673 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) gün ona təyin olunmuş 05 (beş) il azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,62 qram narkotik vasitə heroin və qalıq çəkisi 5,673 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsirn. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-260/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-260/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver