Məhkəmə qərarları › İş №1(101)-260/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-260/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-260/2025 21.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, saxlayıb və daşımaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 12,135 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024-cü il tarixdə saat 21:30-da ünvan 4 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi RPİ-yə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 12,135 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 3) görünür ki, xx.xx.2024-cü il tarixdə Rəşad adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin qəbulu və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir.

4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 25-26) görünür ki, 19 fevral 2024-cü il tarixdə 21.30 radələrində Təqsirləndirilən şəxs ünvan 42 saylı ünvanın qarşısında saxalnılaraq Nəsimi RPİ-yə gətirilmişdir.

5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan (cild 1, iş vərəqə 51-54) görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında ve paltararının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd işlək vəziyyətdə olan qara rəngli İphone-X markalı mobil telefonu, 174 manat (1 ədəd 50 manat, 4 ədəd 1 manatlıq, 2 ədəd 10 manatlıq, 5 eded 20 manatlıq olmaqla) pul əskinaslarını, şalvarının sol yan cibindən isə bir ədəd şəffaf rangi sellofan bükümünü çıxarıb təqdim etdi və həmin büküm açıladıqda içərisində şəffaf rangli kristal formalı spesifik iyi olan maddə aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik olan şüşə" "metamfetamin" olduğunu bildirdi. Həmçinin verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, Memar Əcəmi yaxınlığında üzdən tanıdığı adını bilmədiyi şəxsdən (kişidən) 100 manat pul verərək oz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla gəzdirdiyini qeyd etmişdir. Eyni zamanda ona verilən suallara cavab olaraq bildirdi ki, o, narkotik maddələrdən istifadə edir, lakin narkotik maddələrin satışı ilə məşğul olmur. Daha sonra onun geyindiyi üst geyiminin və şalvarının ciblərinə baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra onun ayaqqabıları çıxarılaraq baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra iştirakçılara həmin içərisində spesifik iyi olan, şəffaf kristal formalı, psixotrop maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi ştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən zaman və RPİ-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən və RPİ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün video çəkliş müvəqqəti olaraq dayandırılır. Baxış otaqda süni işıqlardırma şəraitində aparıldı. Baxış zamanı istifadə edilən video çəkilişin eks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs ucadan oxundu, tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatətiniz varmı sualına iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və vəsatət olmadığını bildirmişlər.Həmçinin məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokolu özündə əks etdirən bir ədəd CD diskdə olan video görüntülərə baxış keçirilərək sözü gedən protokolda qeyd edilənlərin həqiqiliyi öz təsdiqini tapmışdır.

6. xx.xx.2024-cü il tarixli qəbzdən (cild 01, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində aşkar olunmuş 174 manat pul əskinasları ona geri qaytarılmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1002 nömrəli rəydən(cild 01, iş vərəqə 59-63) görünür ki, üzərində AR DİN "Zərflər üçün N° 186" möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış bir büküm psixotrop maddəyə bənzər maddə..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 12,135 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir.

8. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-79/2024 saylı qərarından (cild 01, iş vərəqə 104-108) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 fevral 2024-cü il, saat 22:20 tarixdən hesablanmışdır.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 21,02.2024-cü il tarixli, 1159 nömrəli rəyindən (cild 01, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən göndərilmiş tələbnamədən (cild 01, iş vərəqə 114-115) görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 11.11,2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 330.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 550 manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə cərimə tam ödənilmişdir.

11. 26.03.2024-cü il tarixli Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin məktubundan (cild 01, iş vərəqə 129) görünür ki,Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsin şəxsiyyətinin və eyni zmanada sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-psixiatrik ekspertiza mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 801 nömrəli rəydən (cild 01, iş vərəqə 161-162) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.

13. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Rəşad adlı şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli bilinməsi barədə daxil olmuş əməliyyat məlumatnı yoxlamaq üçün ünvan 9 ünvanına getmişlər, bir az gözlədikdən sonra Rəşad adlı şəxsin orada hərəkət etdiyi bilmişlər. Şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu Nəsimi RPİ-nə dəvət etmişlər. Həmin şəxs onlarla birlikdə RPİ-nə gəlmiş və sonuncunun üzərinə təhqiqatı və vəkilin iştirakı ilə xidməti otaqların birində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən telefon, pul və sellofan büküm aşkar edilmişdir. Bükümdə nə olması barədə soruşduqda o həmin bükümdə metamfetamin olmasını və həmin psixotrop maddəni öz istifadəsi üçün əldə etməsi barədə bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar dilmiş və suallara cavab olaraq həmin anrkotik vasitəni Əcəmidən üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Onlar Rəşdaın üzərinə narkotik vasitə və ya psixotrop maddə yerlədirməmişlər.

14. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının dəqiq xatırmadığı tarixində xidməti ərazidə fəaliyyətdə olan zaman Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri saxlaması, gəzdirməsi, istifadəsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid1 və Şahid3 daxil edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra onlar məlumat daxil olmuş ünvana getmişlər. Təxminən axşam saatlarında onlar Şamaxinka deyiləm ərazidə gözləmişlər, bu zaman Təqsirləndirilən şəxs gəlmiş və onlar sonuncunu saxlayaraq Nəsimi RPİ-ə aparmışlar. Burada təhqiqatçı və vəkili iştirakı ilə video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən pul, mobil telefon və sellofan torbada narkotik vasitə aşkarlanmışdır. Onun xatırlamasına görə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq narkotik vasitəni tapdığını demişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ilə heç bir tanışlığı yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin növü və miqdarını xatırlamır. Təqsirləndirilən şəxsi saxlayarkən ona qarşı heç bir təzyiq göstərməmişlər.

15. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, polis əməkdaşı Şahid1 Rəşad adlı şəxsin narkotik vasitə istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar məlumatda deyilən ünvanda Rəşad adlı şəxsə yaxınlaşaraq onu Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqda təhqiqatçı və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, onun üzərindən psixotrop maddə aşkar olunmuşdur.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 19 aprel tarixində işdən çıxıb evə gedən zaman ona 5 nəfər polis əməkdaşı yaxınlaşmış və onu polis Bölməsinə aparmışlar.Bölmədə üzərinə axtarış zamanı narkotik vasitəni çıxarmışlar. O narkotik vasitənin nə olması barədə məlumatsızdır. O, səkkiz ildir ki, ibadət ilə məşğul olmuş və narkotik vasitə satışı, həmçinin istifadəsi ilə məşğul olmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, son dəfə o səkkiz il əvvəl narkotik vasitə istifadə etmişdir. Onu polis əməkdaşları saxlayan zaman onun üzərində narkotik vasitə olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq və təzyiq göstərilməmişdir. O, 20 yanvar ərazisində ətir satışı ilə məşğul olmuşdur. Bölmədə ona həmin narkotik maddəni üzərinə götürməsə evinə aparıb qoyacaqları ilə hədələdiklərindən ibtidai istintaq dövründə həmin narkotik maddənin özünə aid olduğunu qəbul etməyə məcbur olmuşdur.O daha əvvəl məhkəmə iclasında ona elan olunmuş ittihamı başa düşmədiyi üçün həmin məzmunda ifadə vermişdir. Onda heç bir zaman narkotik vasitə olmamış və o heç vaxt arkotik vasitə istifadə etməmişdir. Onun polis əməkdaşları tərəfindən nə səbəbə saxlanması, nəyə görə məsuliyyətə cəlb olunması barədə məlumatsızdır. O ibtidai istintaq zamanı ona heç kəsin inanmayacağını düşünmüş və bu səbəbdən özünün təqsirli olduğunu bildirmişdir. İbtidai istintaq zamanı ona qarşı qərəzli münasibətin səbəbini bilməmişdir. O ibadət edən, namaz qılan birisi olmuş, hətta siqaret belə çəkməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

17. CM-nin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 18.4.4. residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

20. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

21. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

22. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

23. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

25. Maddə 83.3.2. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

26. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

27. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

28. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

30. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

31. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

32. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

34. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

38. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

39. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:

40. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi:

41. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.

42. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə psixotrop maddə metamfetaminə aidiyyətinin olmamasını, narkotik vasitə istifadə etmədiyini, polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, psixoloji təzyiq nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini bildirmişdir.

43. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.

44. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında sadəcə onun barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir. O hazırda məhkəmədə ifadəsində göstərdiyi heç bir hal barədə məhkəməyə məlumat verməmişdir.

45. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

46. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 7-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

47. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 29,30-cu bəndlərindəki normativ aktlara əsasən).

48. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 26-cı bəndi).

49. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

50. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 9,21,23-cü bəndləri).

51. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 11.11,2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 330.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 550 manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə cərimə tam ödənilmişdir. O, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən cəzanı çəkib qurtardığı gündən bir il keçdiyi üçün məhkumluğu ödənilmiş sayılır.(qərar 25-ci bəndi).

52. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 20-ci bəndi).

53. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

54. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 20-ci bəndi).

55. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, iş vərəqə 104-108). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 30-cu bəndi)

56. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 19 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

57. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

58. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 12,035 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. (qərarın 32-ci bəndi).

59. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur, lakin o , ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

60. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 33-cu bəndi).

61. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra 12,035 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar