Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-261/2020 21.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxxx 1987-ci il tarixdə Salyan rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, natamam-orta təhsilli, əvvəllər məhkum olunmuş (Hacıqabul rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilmiş, Hacıqabul rayonunun Atbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanının həyətində alkoqol sərxoşluğu vəziyyətində həmin evdə kirayədə yaşayan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs söyüb təhqir edərək heç bir əsaslı səbəb olmadan əlindəki bıçaq ilə sonuncunu qəsdən iki dəfə vuraraq ona sol süd vəzin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən yüngül, həmçinin, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan hematoraksla müşayiət olunan bel nahiyəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlib Türkan qəsəbəsində yerləşən daş karyerinə getmişdir. Orada əvvəllər tanıdığı Arif ilə bir nəfər şəxsin işlədiyini görüb onlara yaxınlaşmışdır. Sonradan Arifin yanındakı şəxsin Taleh olduğunu bilmişdir. O, Arifgilə onlarla işləmək istədiyini dedikdə onlar razılaşmışlar. Bundan sonra o, Arifgil ilə işləyib bir kamaz daş yığmışlar. Günün sonunda pulu bölüşdürmüş və hərələrinə 21 manat pul qalmışdır. Taleh ona Bülbülə qəsəbəsində qalmağı təklif edib karyerin həmin yerə yaxın olduğunu bildirmişdir. O da razılaşmış və Talehlə onun yaşadığı evə getmişdir. Yolda spirtli içki və ərzaq almışlar. Onlar evə çatandan sonra Talehlə oturub yeyib-içmiş və sonra da yatmışlar. Səhər saat 10 radələrində yuxudan oyanmışlar və Taleh yenə də gedib spirtli içki və səhər yeməyi üçün ərzaq almışdır. Bir az keçdikdən sonra əvvəllər tanıdığı Talehin dostları Niyaz və Feruz da ora gəlmişdir. Bundan sonra onlar dördü yeyib-içmiş və saat 14:30 radələrində Feruz və Niyaz getmək istəmişlər. Taleh də onları yola salmağa getmişdir. Taleh bir az gec gəldiyi üçün o, Talehin harada olduğunu bilmək üçün qapıya tərəf getmişdir. Həmin vaxt küçəyə açılan qapının yanında digər bir açıq qapı da olmuşdur. O, həmin qapıdan içəri baxanda içəridə yaşlı bir qadının oturduğunu görmüşdür. O həmin qadından Talehin harada olmasını soruşmaq istəmiş, ancaq sərxoş olduğu üçün səhvən həmin qadından Arifin harada olduğunu soruşduqda qadın ayağa qalxaraq ona tərəf gəlib onun və Arifin ünvanına nalayiq sözlər demişdir. O isə nə olduğunu başa düşməmiş və həmin qadından üzr istəyib yaşadığı otağa qayıtmışdır. O, otağa gedəndən bir neçə dəqiqə sonra həmin qadın gəlib açıq pəncərədən yenə də onu təhqir etmişdir. O isə yenə də həmin qadından üzr istəmişdir. Ancaq həmin qadın onu təhqir etməyə davam etmişdir. Bir az keçdikdən sonra evin sahibi Yusif gəlib ondan qadını niyə narahat etdiyini soruşaraq “yüklərini də götür buradan çıx get” sözlərini demişdir. Bundan sonra o, əsəbləşib həmin qadını vurmaq üçün masanın üstündə olan balaca və qırmızı saplı mətbəx bıçağını götürüb otaqdan çıxmış və otağın qarşısında Yusif ilə həyat yoldaşının olduğunu görmüşdür. O, dar keçid ilə küçə qapısına yaxınlaşanda küçə qapısının yanında həmin qadının dayandığını görmüşdür. Həmin qadın onu görüb “gördün səni necə çıxartdım” sözlərini demişdir. Həmin vaxt o, əsəbləşib bıçaq ilə həmin qadına iki dəfə zərbə vurmuş və sonra küçəyə çıxıb qaçmağa başlamışdır. Sonra da mərkəzi yola çıxıb avtobus ilə dostu İlhamın yanına getmişdir. Axşam saat 23 radələrində isə oradan Abşeron rayonunda olan daş karyerinə getmiş və gecəni orada qalmışdır. Növbəti gün isə Hacıqabul rayonunun Atbulaq kəndinə ailəsinin yanına getmişdir. Bir neçə gündən sonra həmin kəndin sahə inspektoru ona yaxınlaşmış və Bakı şəhərində 31-ci Polis Bölməsində işləyən Ziya müəllimlə onu danışdırmışdır. Ziya müəllim ona 31-ci Polis Bölməsinə gəlməli olduğunu demişdir. O da Ziya müəllim ilə razılaşmış və x xxxxxxxx 2019-cu il tarixdə 31-ci Polis Bölməsinə getmişdir. Həmin qadının bədəninin hansı hissələrinə xəsarət yetirdiyini xatırlamamış, qadına bıçaqla xəsarət yetirən zaman sərxoş olmuşdur. Qadın onu təhqir etdiyinə görə onu bıçaqla vurmuşdur. Həmin qadından üzr istədiyi halda qadın yenə də gəlib onu təhqir etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünü qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində Yusif adlı şəxsin evində kirayədə tək yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində yuxudan qalxıb çarpayıda olan zaman bir nəfər tanımadığı şəxsin otağa girdiyini görmüşdür. O, həmin şəxsi görüb otaqdan çıxmasını tələb etmişdir. O, qışqırandan sonra həmin şəxs otaqdan çıxıb yaşadığı yerə tərəf getmişdir. Bu vaxt ev sahibi Yusif gəlib həmin şəxsə “evin pulunu ver və çıx get” sözlərini demişdir. Bundan sonra həmin şəxs onun otağının qarşısına gəlmiş və yaxınlaşıb ona söyüş söyməyə başlamışdır. O isə həmin şəxsdən çıxıb getməsini tələb etmişdir. Bundan sonra həmin şəxs bıçaqla əvvəlcə sol kürək nahiyəsindən, sonra isə sol süd vəzindən vurmuşdur. Həmin şəxs onu vurduqdan sonra ora Yusif və onun həyat yoldaşı Aqilə gəlmişdir. Həmin şəxs isə küçəyə çıxıb qaçmağa başlamışdır. Yusif isə dərhal taksi ilə onu 3 saylı xəstəxanaya aparmışdır. Həmin şəxs sərxoş vəziyətdə onun yatdığı otağa girmişdir. O, həmin şəxsi təhqir etməmiş, əksinə həmin şəxs onu təhqir etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Qəfər oğlu ifadəsində göstərmişdir ki, 1992-ci ildən etibarən ünvan 2-də yaşayır. Həmin ev A, B və V olmaqla üç mənzildən ibarətdir. Həmin mənzillərdən birində o və həyat yoldaşı yaşayır. Digər mənzilləri isə kiçik otaqlara bölüb kirayəyə vermişdir. Belə ki, həmin otaqlardan birində 5-6 ildir ki, Nailə kimi tanıdığı qadın yaşayır. Digər otaqlardan birində isə 8-9 aydır ki, Əfqan adlı şəxs yaşayır. Əvvəllər həmin otaqlardan birində yaşamış Arif adlı şəxs yanında bir nəfər adam gətirərək dostunun qalmağa yeri olmadığını bildirmişdir. O da həmin şəxsin orada qalmasına icazə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində küçəyə çıxan vaxt Arifin yeni gətirdiyi şəxsin otağında səs-küy olduğunu eşidib oraya gedəndə 4 nəfər əvvəllər tanımadığı şəxsin masa arxasında əyləşib içki içdiyini görmüşdür. Həmin şəxslər səs-küy saldığından onlara öz iradını bildirdikdə onlar ondan üzrxahlıq edib sakitləşmişlər. Bundan sonra o, yaxınlıqdakı yas mərasiminə getmişdir. Yas mərasimindən qayıdan zaman həyat yoldaşı Aqilə ilə Nailənin həyətdə söhbət etdiyini görüb nə məsələ olduğunu soruşduqda həyat yoldaşı ona yeni gələn qonağın Nailənin evinə girdiyini, Nailənin də ona əsəbləşdiyini demişdir. O isə Nailəyə demişdir ki, “sən get otağına, gedib onu başa salacam”. Bundan sonra Nailə otağına getmiş və o da həmin şəxsin yanına gedəndə onun yerdə oturduğunu görmüşdür. O, həmin şəxsə iradını bildirdikdə sonuncu ona üzrxahlıq etmiş və sonra da çıxıb getmişdir. Bir neçə saniyə sonra həyat yoldaşı Aqilə qışqırmağa başladı ki, “Nailəni vurdular”. O da dərhal qaçıb ora gedəndə Nailənin küçəyə çıxdığını, onu vuran şəxsin isə küçə ilə qaçdığını görmüşdür. O, yaşlı olduğu üçün Nailəni vuran şəxsin arxasınca qaça bilməmişdir. Bundan sonra hadisə yerinə gələn Əfqan ilə köməkləşib Nailəni taksi ilə Sabunçu Xəstəxanasına aparmışlar.Elməddinin həmin qadına neçə bıçaq zərbəsi vurduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir k, bir müddət olardı ki, ünvan 2-də kirayədə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə karyerdə dostu Arif ilə işləyən zaman əvvəllər tanımadığı şəxs onlara yaxınlaşıb iş axtardığını demişdir. O da Arif ilə həmin şəxsin onlara kömək etməsi barədə razılaşmış və sonra həmin şəxs adının Elməddin olduğunu bildirmişdir. Həmin gün axşam karyerdən çıxandan sonra Arif yaşadığı evə getmişdir. Elməddinin yaşadığı ev uzaq olduğu üçün sonuncuya onunla birlikdə qalaraq ayda 50 manat ev sahibinə pul verməsini məsləhət bilmiş və o da razılaşmışdır. Evə gələn zaman mağazadan spirtli içki aldıqdan sonra evə gəlib ikisi də oturub yeyib-içmişlər. Ertəsi gün tezdən o, mağazaya gedib yenə də spirtli içki və ərzaq almışdır. Sonra evə gəlib yenə də Elməddinlə yeyib-içmişlər. Bundan sonra dostları Feruz və Niyaz da ora gəlmiş və onlar birlikdə yeyib-içməyə davam etmişlər. Saat 14:30 radələrində Feruz və Niyaz getmək istədiklərindən o, Niyazgili yola salmaq üçün evdən çıxıb getmiş, Elməddin isə evdə qalmışdır. Təxminən 40 dəqiqə sonra geri qayıdıb məhəlləyə çatdıqda orada olan şəxslər bildirmişlər ki, onun yanında qonaq olan şəxs onlarla eyni ünvanda yaşayan Nailə adlı şəxsi bıçaqlamışdır. Elməddinin həmin qadını nəyə görə bıçaqladığını bilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Qəfər oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 127-128). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 1828 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, onun məcburi müalicəyə ehtiyacı olmamışdır (cild 1, iş vərəqə 144-145). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 23446 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik alətin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Bu zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Təqdim edilmiş köynəyin material xüsusiyyəti və tədqiqi hissədə göstərilən səbəblərə görə zədələrin bucaqlarını, zədələrin yaranma mexanizmini, zədə yetirən alətin ölçülərini və mətbəx bıçağı ilə yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş büstqalterin üzərində trasoloji zədə yoxdur (cild 1, iş vərəqə 148-149). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli 868 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: hematoraksla müşayiət olunan bel nahiyəsinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sol süd vəzin daxilə nüfuz etməyən bir ədəd kəsilmiş-deşilmiş yarası; sağ saidin və dirsək oynağının sıyrıqları. Qeyd edilən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyaların (əşyaların, ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə bel nahiyəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ağır zərərvurmaya, sol süd vəzin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərərvurmaya aid olmuşdur. Sıyrıqlar sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 151-153). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hadisənin baş verdiyi yerə baxış keçirilərək protokol tərtib olunmuşdur (cild 1, iş vərəqə 11-15). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkil üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq onu bıçaqla vuran şəxsin fotoşəkildəki şəxs olduğunu bildirmişdir (cild 1, iş vərəqə 51-53). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları göstərmişdir (cild 1, iş vərəqə 84-86). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 161-163). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxs Fərhadov X1 rayon məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 2009-cu il tarixli qərarına əsasən Hacıqabul rayon məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə təyin olunmuş islah işləri növündə cəzadan azad edilmiş, Hacıqabul rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 121-122; 131-140). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətlərə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 166-167). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 110-111). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni x xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 77 (yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılanZərərçəkmiş şəxs hadisə vaxtı üzərində olan 1 ədəd ağ rəngli, üzərində çəhrayı rəngli çiçəkləri olan qolsuz köynək və 1 ədəd qara rəngli büsqalter Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 77 (yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılanZərərçəkmiş şəxs hadisə vaxtı üzərində olan 1 ədəd ağ rəngli, üzərində çəhrayı rəngli çiçəkləri olan qolsuz köynək və 1 ədəd qara rəngli büsqalter Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-261/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-261/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver