Məhkəmə qərarları › İş №1(101)-263/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-263/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-263/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X12 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Müdafiəçi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin 83 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobil idarə etməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 22:46 radələrində sürücülük hüququ olmadan idarə etdiyi tanışına məxsus texniki cəhətdən saz olan “Mercedes Benz A160” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Savxoz istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə, 33-cü maddəsinin 4-cü hissəsinə və 37-ci maddənin 4-cü hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs gördüyü halda, o nəqliyyat vasitəsini saxlamağa texniki imkanı olduğu halda, qeyd olunan Qanunun həmin tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq mövcud şəraitdə avtomobili piyadanı gördüyü halda nəqliyyat vasitəsini dayandırmamış və ehtiyatsızlıqdan yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin yan güzgüsünə dəyərək əks yola yıxmış və əks yolla hərəkətdə olan X2 idarə etdiyi «Nissan Note minik» markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə dəymiş, bununla da Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törəməsi nəticəsində Zərərçəkmiş şəxs sağ təpə-ənsə-gicgah və alın nahiyyələrindən alt çənəyədək davam edən geniş ölçülü əzilmiş-cırılmış yarası, baş beynin əzilib dağılması və kəllə boşluğundan hissəvi xaricə evakuasiyası, təpə-ənsə, sağ və sol gicgah sümüklərinin çoxsaylı açıq qəlpəli sınıqları, sağ çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol saidin bayır səthinin, sol əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qabırğa qövsü proyeksiyasının, bel nahiyəsinin sağ yarısından sarğıya doğru davam edən, sol sağrı nahiyyəsinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sol ayağın baş barmağının sıyrıqları, İ-İİ boyun fəqərələrinin qapalı az yerdəyişən sınıqları, burun sümüyünün qapalı yerdəyişən sınığı, sağ almacıq sümüyünün açıq, qəlpəli yerdəyişən sınığı, üst və alt çənə sümüklərinin açıq, qəlpəli yerdəyişən sınıqları, üst və alt çənədə ön kəsici dişlərin diş əti səviyyəsindən travmatik sınığı, sağ İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları, çanaq sümüyündə solda böyük qalça darağı proyeksiyası üzrə qapalı, yerdəyişməsiz sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan, istər birlikdə, istərsə də ayrı- ayrılıqda sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər aşkar edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində həyatla bir araya sığmayan baş beynin əzilib dağılması və kəllə başlığından xaricə evakuasiyası nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi barədə polis orqanlarına xəbər vermədən və xəsarət alan Zərərçəkmiş şəxs heç bir yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 dekabr 2023-cü il tarixdə gecə saat 23 radələrində Xəzər rayonunun, Binə qəsəbəsində qeyri-rəsmi yaşadığı Şahid1 məxsus olan maşınla hərəkətdə olan zaman “Xan bağı” ərazisində hadisə yerinə 100 metr qalmış yolun sağ tərəfində park halında maşın dayanmışdır. Orada sürət həddi olmamış, o, hərəkət edən zaman ötmə əməliyyatı etmək qərarına gəlmiş, ötmə edəndə maşının mərhuma çatdığını görmüş və qəza qaçılmaz olmuşdur. O, maşını qaçırtmaq istəmiş, lakin zərərçəkmiş şəxs qaça-qaça hərəkət etmiş, maşının sol güzgüsü onun sol hissəsinə dəymişdir. O, maşını saxlamış və artıq gec olduğunu görmüşdür. Belə ki, qarşı tərəfdən hərəkət edən maşın həmin şəxsi təxminən 20 metr sürümüşdür. O, hadisə yerində donub qalmış, hadisə yerindən uzaqlaşmamış, mərhumun yaxınları gələnədək orada olmuş, Güləbətin də orada səkinin üstündə oturmuş və hər kəs qorxmuşdur. Maşında uşaqlar da olmuş, o, qarşı tərəfdəki sürücüyə yaxınlaşanda həmin şəxs də özünü itirmişdir. Güləbətin polis əməkdaşlarına məlumat vermiş, o hadisədən bir saat sonra birbaşa polis idarəsinə getmişdir. Hadisə yerində qorxduğu üçün səsini çıxara bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl o, 50 km/saat sürətlə hərəkət etmiş, piyadanı onu vurmağa təxminən 1 metr qalmış görmüş, ayağını əyləcə qoyub maşını qaçırtmış, kənara çəkib maşını saxlamış, yaxınlaşanda artıq mərhumun başının dağıldığını görmüşdür. Həmin vaxt o, özündə olmamış, ona görə də təcili tibbi yardıma müraciət etməmişdir. Hadisəni qarşı tərəfdən gələn sürücünün törətdiyini fikirləşmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün onun evində xəstəsi olmuş, o, xəstə ilə birlikdə oturmuş, hadisədən təxminən 15 dəqiqə sonra bilmişdir ki, qardaşını maşın vurmuşdur. Onlara dəymiş ziyanı ödəyən olmamış, o, təqsirləndirilən şəxslə barışmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə yerində görməmiş, həmin vaxt heç kim gəlib hadisıni törətdiyini etiraf etməmiş, hadisəni törədən avtomobili də orada görməmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmamış və onlara dəymiş ziyan ödənilməmişdir. O, nə təqsirləndirilən şəxsi, nə də digər sürücünü orada görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar Binə qəsəbəsində yaşamışlar, gecə saatlarında işdən evə gedən zaman onun gözü zəif gördüyünə görə onun maşınını Emin idarə etmişdir. Bir qədər getdikdən sonra bir şəxs onun maşınının güzgüsünə dəyib səkinin üzərinə düşmüş, sonra isə digər yolla hərəkət edən avtomobilin altında qalmışdır. Mərhum daş səddin üzərindən qarşı yola yıxılmış, onlar həmin şəxsin digər nəqliyyat vasitəsinin altında qaldığını görmüşlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən vaxt mərhum maşının qarşısından qaçmış, vurandan sonra yaxınlaşmaq istəyəndə digər avtomobilin mərhumun üzərindən keçdiyini görmüşlər. Daha sonra o, 102 xidmətinə zəng etmiş, Xəzər yol polisi idarəsində Ruslan adlı polis əməkdaşına zəng etmişdir. Hadisə olan zaman orada adamlar olmuş, Emin hadisə yerində qalmış, lakin o, maşında uşaqlar olduğuna görə onları evə düşürdüb, Eminin yanına qayıtmışdır. O, müstəntiqə hadisəni özünün törətdiyini bildirmişdir. O biri maşının mərhumu vurduğunu görməmiş, şəxs vəfat edəndən sonra uşaqlar qışqırmağa başlamış, yol polisinə zəng vurmuş, sonra polis idarəsinə getmişdir. Maşın onun adına olduğuna görə mərhumu özünün vurduğunu demiş, Emin bunu eşitdikdən sonra, həmin şəxsi özünün vurduğunu etiraf etmişdir. İbtidai istintaq zamanı ona təzyiq göstərən olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, hadisə günü Eminin idarə etdiyi avtomobildə arxa oturacaqda uşaqla birlikdə oturmuş, birdən anasının qışqırıb “Emin yavaş, adam gəlir” dediyini eşitmiş. Bu sözü deyəndən sonra qəza baş vermişdir. Qəzanı görəndən sonra halı pis olmuş və onu maşına əyləşdirib evə aparmışlar. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra onu maşına mindirib uşaqla birlikdə evə aparmışlar, hadisədən sonra maşını kimin idarə etdiyi yadında qalmamışdır. Hadisədən sonra Emin maşından düşmüşdür. Hadisə baş verən gün anası xəstə olmuş, ona görə maşını sürə bilməmişdir. İbtidai istintaq vaxtı verdiyi ifadə tam olaraq yadında qalmamışdır. Hadisə baş verən gün özündə olmamış, halı pis olmuşdur. Hadisədən sonra evdə tək qalmış, heç nədən xəbəri olmamış, hadisə baş verənə kimi maşını Emin sürmüş, amma hadisə baş verəndən sonra maşını kimin sürdüyü yadında qalmamışdır. İbtidai istintaq zamanı ona təzyiq göstərən olmamış, lakin istintaqdakı ifadəsini oxumamışdır. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə gecə saat 22.30 radələrində baş vermiş, onun idarə etdiyi avtomobil qarşısına yıxılan adamın üzərindən keçmiş, o, avtomobildən düşəndə birinci olaraq cəsədi görmüş, sonra adamlar və polislər gəlmişlər. Polis idarəsinə gedəndə təqsirləndirilən şəxsi görməmişdir. Təcili tibbi yardım gəldiyinə görə mərhumu xəstəxanaya aparmamış, təcili tibbi yardımı o çağırmamış, həmin an özündə olmamışdır. Qəza olan zaman təqsirləndirilən şəxsin maşınından bir qadın gəlib ona “şəxsi sən vurmusan” demişdir. Qadının kənardan dayanıb müşahidə etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin sürəti 50-55 km/saat olmuş, Təqsirləndirilən şəxsla hadisə yerində heç bir söhbət etməmiş, müstəntiq hadisə yerinə gələndə orada olmuş, Təqsirləndirilən şəxs maşından düşəndən sonra yenidən maşına minib getmişlər, bir müddət sonra yenidən geri qayıtmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 216 nömrəli tam orta məktəbin 1ci sinifində təhsil alır. xx.xx.2023-cü il tarixdə nənəsinin işlətdiyi Talışlar kafesini saat 22:00 radələrində bağlayaraq yaşadığları mənzilə getmək üçün yola çıxmışlar. Bu zaman nənəsinə məxsus “Mercedes Bens A 160” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili nənəsinin sevgilisi Emin idarə edirmiş. Anasıgil Binə qəsəbəsində yerləşən “Araz” marketdə düşüb evə bəzi yeyinti məhsulları almışlar. Anası, Emin və onun nənəsi həmin gün Astara rayonuna böyük nənəsinin yanına gedəcəkmişlər. O həmin nəqliyyat vasitəsində arxada anasının yanında əyləşmişdir. Təxminən beş dəqiqə getdikdən sonra qarşıda bir nəfər şəxsin qaçaraq yolun sağ tərəfindən sol tərəfinə keçmək istədiyini və əli ilə onlara dayanmalarını göstərən işarə etdiyini görmüşdür. Eminin sürəti o qədər də çox olmamışdır. Təxminən 15-20 metr qalmış Emin sürəti aşağı salmışdır. Bu zaman adam qaçaraq daş səddin üzərinə çıxmaq istəyərkən Eminin idarə etdiyi nəqliyyat vasitəsinin sol yan güzgüsü ona dəymişdir. Adam əks yola düşmüşdür. Emin nəqliyyat vasitəsini qarşıda saxlıyaraq nəqliyyat vasitəsinin siqnal verici işığını yandırmışdır. O həmin nəqliyyat vasitəsində oturmuşdur. Anası, nənəsi və Emin adlı şəxs nəqliyyat vasitəsində düşüb hadisənin olduğu yerə getmişdir. Bir müddət sonra Emin nənəsi və anasını nəqliyyat vasitəsinə mindirərək, özü isə sükana əyləşərək ordan uzaqlaşmışlar. Emin onları yaşadığları evə aparıb düşürtmüşdür. Nənəsi və Emin həmin nəqliyyat vasitəsi ilə hadisənin baş verdiyi yerə qayıtmışlar. Onlar evdə qalmışdır. (cild İ, i/v: 143-144) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: - “İş üzrə elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd videogörüntü vardır. 31 dekabr 2023cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Savxoz istiqamətində yolun sağ tərəfində “Araz” marketin qarşısında müxtəlif şəxslər və nəqliyyat vasitələri hərəkət edir. Hava qaranlıqdır. Videogörüntü 30:03 saniyə davam edir. Həmin görüntünün 12; 14 saniyəsində gümüşü rəngli “Mercedes Bens” markalı nəqliyyat vasitəsi “Araz” marketin qarşısında dayanır. Həmin nəqliyyat vasitəsindən qabaq sol tərəfdən orta yaşlı qadın, arxa sağ tərəfindən cavan qızı düşərək “Araz” marketə daxil olur. Bir az sonra sürücü yerindən orta yaşlı oğlan düşərək marketə daxil olur. Bir müddət sonra qayıdaraq sükana oturur. Həmin görüntünün 18:40 radələrində həmin şəxslər marketdən çıxaraq nəqliyyat vasitəsinə minirlər. Orta yaşlı qadın ön oturacağa, sürücünün yanına, cavan qızı isə arxa sağ tərəfə oturur. 19:01 nəqliyyat vasitəsi “Araz” marketin qarşısından hərəkət edir. Daha sonra nəqliyyat vasitələri hər iki istiqamət üzrə hərəkət edirlər. Yolda sıxlıq müşahidə olunur. (cild İ, i/v 110). - “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd videogörüntü vardır. 31 dekabr 2023-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Savxoz deyilən yerdə nəqliyyat vasitələri hər iki istiqamət üzrə sərbəst hərəkət edir. Zərərçəkmiş şəxs yolun sağ tərəfindən sol tərəfinə keçməyə çalışır bu zaman Binə savxoz istiqamətində hərəkət edən modeli və dövlət qeydiyyat nişanı bəlli olmayan nəqliyyat vasitəsi ona toxunur və həmin şəxs müvazinətini itirərək Binə qəsəbəsi istiqamətində hərəkət edən modeli və dövlət qeydiyyat nömrəsi bilinməyən nəqliyyat vasitəsinin altına düşərək həmin nəqliyyat vasitəsi onun üzərindən keçir. Bu zaman Zərərçəkmiş şəxs dəymiş birinci nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin siqnal verici işıqlarını yandıraraq dayanır. Nəqliyyat vasitəsinin içərisində olan şəxslər yerə düşərək xəsarət almış şəxsə yaxınlaşırlar. Bir müddət orada qaldıqdan sonra geri qayıdaraq nəqliyyat vasitəsinə minərək ordan uzaqlaşırlar. Nəqliyyat vasitələrinin axımı dayanır. Yolda sıxlıq müşahidə olunur. Videogörüntü 01 dəqiqə 08 saniyə davam etmişdir. (cild İ, i/v 111) - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 01 yanvar 2024-cü il tarixli, 1/7890 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmur. (cild İ, i/v 32) - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 01 yanvar 2024-cü il tarixli, 1/7891 saylı aktından görünür ki, sürücü X4 alkoqol sərxoşluğu müəyyən olunmur. (cild İ, i/v 33) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin 25 yanvar 2024-cü il tarixli, 3-13-16/2-2-12906/2024 saylı məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. (cild İ, i/v 123) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin 25 yanvar 2024-cü il tarixli, 3-13-16/2-2-12913/2024 saylı məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2005-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə BA 437545 nömrəli “А В C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. (cild İ, i/v 124) - Məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 1 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibb ekspertizasına və laborator müayinənin nəticəsinə əsasən, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlirəm: Mərhum Zərərçəkmiş şəxs meyitində sağ təpə-ənsə-gicgah və alın nahiyəsindən alt çənəyədək davam edən geniş ölçülü əzilmiş-cırılmış yarası; baş beynin əzilib dağılması və kəllə boşluğundan hissəvi xaricə evakuasiyası; təpə-ənsə, sağ və sol gicgah sümüklərinin çoxsaylı açıq qəlpəli sınıqları; sağ çiyin nahiyyəsinin, sağ dirsək nahiyyəsinin, sol saidin bayır səthinin, sol əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sol qabırğa qövsü proyeksiyasının, bel nahiyəsinin sağ yarısından - sarğıya doğru davam edən, sol sağ nahiyəsinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sol ayağın baş barmağının sınıqları; İ-İİ boyun fəqərələrinin qapalı az yerdəyişən sınıqları; burun sümüyünün qapalı yerdəyişən sınığı; sağ almacıq sümüyünün açıq, qəlpəli yerdəyişən sınığı; üst və alt çənə sümüklərinin açıq, qəlpəli yerdəyişən sınıqları; üst və alt çənədə ön kəsici dişlərin diş əti səviyyəsindən travmatik sınığı; sağ İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları; çanaq sümüyündə solda böyük qalça darağı proyeksiyası üzrə qapalı, yerdəyişməsiz sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər canlı şəxslərdə sağ təpə-ənsə-gicgah və alın nahiyələrindən alt çənəyədək davam edən geniş ölçülü əzilmiş-cırılmış yarası; baş beynin əzilib dağılması və kəllə boşluğundan hissəvi xaricə evakuasiyası; təpə-ənsə, sağ və sol gicgah sümüklərinin çoxsaylı açıq qəlpəli sınıqları; İ-İİ boyun fəqərələrinin qapalı az yerdəyişən sınıqları; burun sümüyünün qapalı yerdəyişən sınığı; sağ almacıq sümüyünün açıq, qəlpəli yerdəyişən sınığı; üst və alt çənə sümüklərinin açıq, qəlpəli yerdəyişən sınıqları; üst və alt çənədə ön kəsici dişlərin diş əti səviyyəsindən travmatik sınığı həyat üçün təhlükəli olan istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sağ İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları; Sol böyük qalça darağı sümüyünün qapalı, yerdəyişməsiz sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sağ çiyin nahiyəsinin, sağ dirsək nahiyəsinin, sol saidin bayır səthinin, sol əlin arxa səthinin, döş qəfəsinin ön səthinin sağ yansının, sol qabırğa qövsü proyeksiyasının, bel nahiyəsinin sağ yarısından - sarğıya doğru davam edən, sol sağ nahiyəsinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin, sol ayağın baş barmağının sıyrıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir, həyatidir, ölümlə səbəbli əlaqə yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində həyatla bir ara sığmayan xəsarət - baş beyinin əzilib dağılması və kəllə boşluğundan xaricə evakuasiyası olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6% etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsir edicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı N» 82/K, xx.xx.2024). Meyitin məhkəmə-tibbi ekspertizasına əsasən, haqqında məlumatları nəzərə alaraq demək olar ki, mərhum Zərərçəkmiş şəxs ilkin olaraq zərbəni bədənin sol yan səthi üzrə olmaqla, sol bud-çanaq nahiyəsindən almasına uyğun gəlir. (cild İ, i/v 158-164) - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 12 mart 2024-cü il tarixli, 8/235- 4/130 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz A160” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qənununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Nissan Note” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd “BİNGO” markalı CD-R diskə yazılmış videoyazılara görə piyadanın vurulma anındakı görüntülərin keyfiyyətinin yaxşılaşdırılması və piyadanın vurulduqdan sonra yerlə bədənin hansı nayihəsinin təmasda olmasını müəyyən etmək mümkün olmadı. (cild İ i/v 185-190) - Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 67.1-ci maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Lerik rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təyin olunmuş 3000 manat cərimə cəzası birləşdirilərək qəti olaraq 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası təyin olunmuş, xx.xx.2017-ci il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası xx.xx.2017-ci il tarixli qanun tətbiq edilməklə cəzasının müddəti 04 ilə endirilmiş, xx.xx.2019-cu ildə Xəzər rayon Məhkəməsinin qərarına əsasən 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild İ, i/v 173) - Bakı şəhər Probasiya İdarəsinin 09 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Əskərov X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə qeydiyyata alınmadığından və axtarışda olduğundan ona təyin edilmiş 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. (cild İİ, i/v 87) - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(003)-110/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(003)-208/2015 saylı hökmü ilə ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir. (cild İİ i/v 94-97) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarətlərin onun idarə etdiyi avtomobillə yetirilməsinin qeyri-mümkün olması, onun ölümünə səbəb olan xəsarətlərin qarşı yolla hərəkət edən avtomobilin onu vurması nəticəsində əmələ gəlməsini, hadisə yerindən yayınmadığını göstərməsi və öz müdafiəsi üçün gətirdiyi digər dəlillər iş üzrə şahid ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, hadisə anının videogörüntüləri və ekspert rəyləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 1 saylı rəyi ilə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş “baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində həyatla bir ara sığmayan xəsarət - baş beyinin əzilib dağılması və kəllə boşluğundan xaricə evakuasiyası” xəsarətinin məhz hansı avtomobilin zərbəsi nəticəsində yaranmasını müəyyən mümkün olmasa da, məhkəmə hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 12 mart 2024-cü il tarixli, 8/235-4/130 saylı rəyinə əsasən hadisənin qarşısını almağa texniki imkanı olan təqsirləndirilən şəxs avtomobili ilə vurmuş olduğu zərbə nəticəsində zərərçəkmiş şəxsi yolun əks tərəfinə, hadisənin qarşısını alamağa texniki imkanı olmayan X2 idarə etdiyi «Nissan Note minik» markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına yıxdığından zərərçəkmiş şəxsin ölümü ilə təqsirləndirilən şəxsin əməli arasında səbəbli əlaqə olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs hadisə yerindən yayınmadığını bildirsə də, cinayət işinin materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və şahidlərin ifadəsindən görünür ki, təqsirləndirilən şəxs hadisədən sonra avtomobilinə minərək oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmadı. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində iki azyaşlı övladının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, həmçinin elektron məhkəmə informasiya sisteminə sorğu verildikdə təqsirləndirilən şəxsin himayəsində övladının olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gədəbəy rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1(042)-31/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli 01 yanvar 2024-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunacağından onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən 180 (bir yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 390 (üç yüz doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 1(042)-31/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri –180 (bir yüz səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 390 (üç yüz doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar