Məhkəmə qərarları › İş №1(101)-264/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-264/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-264/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2003-cü il aprelin 22-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 06-da saat 23 radələrində ünvan 2ndə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında tanışı Zərərçəkmiş şəxs borclu olduğu 10 manat məbləğində pulu vaxtında qaytarmamasına görə sonuncunun onun ünvanına yaxşı oğlan olmaması barədə və digər xoşagəlməz sözlər deməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı üzərindəki istintaqın müəyyən etmədiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurub qarın boşluğuna nüfuz edərək böyük piyliyi yaralamaqla deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirmiş, bununla da zərər çəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, hələ doğulanadək atası X4 2002-ci ildə vəfat etdiyindən təqaüdçü olan anası Qanuni nümayəndə2 ilə hazırda tək qalır. 2019-cu il oktyabrın 06-da saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən onlara gələn Gürcüstan vətəndaşı olan Mamed adlı tanışının əlindəki suvenir tipli bıçağı baxmaq üçün götürərək bir az oynatdıqdan sonra cibinə qoymaqla sahibinə qaytarmağı unudub sonuncu ilə xörək yemişdir. Saat 23 radələrində Mamedlə birlikdə evin yaxınlığındakı marketə şirniyyat almağa gedən vaxt sinif yoldaşları Zərərçəkmiş şəxs və Şahid2 ilə qarşılaşanda Tural onun yaxşı oğlan olmadığını, borc aldığı 10 manat pulu qaytarmadığını bildirmişdir. Mamed onun böyük qardaşı kimi üzr istəmiş, özü də üzr istəməsinə baxmayaraq Tural onun üzrxahlığını nəzərə almamışdır. Bu zaman Şahid1 adlı digər sinif yoldaşı və sonuncunun tanışı Şahid3 də oraya gəlmişlər. Uşaqların yanında Tural onu pisləməyə başlayaraq qəsdən təhqir etməklə özündən çıxmağa məcbur etmiş, o və Mamed yenidən üzr istəsələr də Tural öz fikrindən çəkinməmişdir. O, cibini eşələdikdə əlinə keçən bıçaqla Turalı qarın nahiyəsindən bir dəfə vurmuş, sonuncu isə ona yumruq və təpik atmış, söyüş söymüşdür. Turalın yetirdiyi təpik zərbəsindən yıxılanda bıçaq əlindən yerə düşmüşdür. İmkanı olsa da Turala başqa xəsarət yetirməmişdir. O, ayağa qalxıb qorxusundan qaçaraq küçədə gizlənmiş, yoldan keçən bir nəfərdən telefon almaqla zəng vurduğu əmisi Raminlə bərabər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə könüllü gedib hadisə barədə məlumat vermişdir. Mamedin anket məlumatlarını, əlaqə nömrəsini və dəqiq harada yaşadığını bilmir, sonuncu ilə hansısa əlbirliyi olmamışdır. Dava ani bir vəziyyətdə 1-2 dəqiqə çəkərək qurtarmış, gecə saatlarında aralı ərazidə baş verdiyindən hadisəni müşahidə edən olmamışdır, yalnız uşaqlar onları ayırmaqla münaqişədə bilavasitə iştirak etməmişlər. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, hərəkətlərindən çox peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində 2020-ci il oktyabrın 05-də dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu il oktyabrın 06-da saat 23 radələrində yaşadığı Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbəsindəki «Mərkəz» deyilən yerdə kompüter oyunları oynamağa pulu çatmadığı üçün yanındakı sinif yoldaşları Şahid1 və Şahid2, habelə yaşca onlardan böyük olan Şahid3 ilə ona 10 manat borclu olan sinif yoldaşı Təqsirləndirilən şəxs yaşadığı evə tərəf gedərkən «Qız Qalası» marketinin qarşısında sonuncu və Mamed adlı şəxslə görüşmüş, İlkini kənara çəkib borcunu qaytarmağı xahiş etmiş, oğlan imkanı olan kimi pulu verəcəyini söyləmiş, söhbəti eşidən Mamed İlkinin adından ondan üzr istəmiş, o isə nə vaxt borc qaytarılsa, İlkini bağışlayacağını, əks halda hamıya sonuncunun yaxşı oğlan olmadığını deyəcəyini bildirmişdir. Belə məqamda İlkin əlindəki iti alətlə onun qarnına zərbə endirmiş, o da oğlanı təpiklə vurmuş, İlkin yerə yıxılmış və əlindəki bıçağı yerə salmış, Mamed həmin aləti qaldıraraq onu vurmağa başlamaqla sol qoltuq, sağ bud və sağ döş nahiyələrinə bıçaqla zərbələr endirmişdir. Bunu görən uşaqlar yaxınlaşıb onları ayırmış, yaralandığını gördükdə onu taksi ilə Ə. D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparmışlar, ilkin tibbi yardım göstərilərək təcili tibbi yardım avtomobili ilə göndərildiyi X6 üzərində cərrahiyyə əməliyyatı keçirilmişdir. Hadisə gecə saatlarında ani surətdə ara bir sahədə baş verdiyinə görə davanı kənar şəxslər görməmişlər. Hazırda, yəni müharibə zamanı o, hərbi xidmətə çağırılmışdır. Sinif yoldaşı olan, onun kimi ata qayğısı olmadan böyüyən təqsirləndirləndirilən şəxslə barışmışdır, sonuncuya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2019-cu il oktyabrın 06-da saat 2350 radələrində kiçik tibb bacısı işlədiyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında növbədə olarkən iş yerinə taksi ilə yaralı vəziyyətdə gələn övladı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra sonuncunu X8 yola salmışlar. Sonradan Turalın sinif yoldaşı Təqsirləndirilən şəxs və Mamed adlı şəxsin oğluna bıçaq zərbələri yetirdiklərini, mübahisənin İlkinin borclu olduğu 10 manat pulu qaytarmaması səbəbindən baş verdiyini öyrənmişdir. X9 barışmışlar, bir-birinə qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunan yetkinlik yaşına çatmayanlar Şahid1 və Şahid2, habelə Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadələr verməklə yanaşı Turalın borc verdiyi 10 manat pulu Təqsirləndirilən şəxs istədiyi vaxt söhbətlərinə qarışmamaq üçün kənara çəkildiklərini, təxminən 10 dəqiqədən sonra qışqırıq səsi eşidib yaxınlaşarkən İlkinin və yanındakı Mamed adlı şəxsin Turalı bıçaqla vurmalarını görərək onları ayırdıqlarını, Turalı taksiyə mindirməklə xəstəxanaya apardıqlarını göstərmişlər (iş vərəqi 16-17, 23-24 və 56-57). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 08 oktyabr tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 1800-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 49). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 10 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 58-59). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 10 oktyabr tarixli qərarından və tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, həmin tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs idarənin müvəqqəti saxlama yerindən azad edilməklə sonuncu barəsində nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 72 və 75). İş materiallarındakı Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin tərtib etdiyi 2019-cu il 14 oktyabr tarixli 807 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, 11-ci sinif şagirdi Təqsirləndirilən şəxs oxuduğu müddətdə özünü sakit təbiətli, qapalı şagird kimi göstərmiş, dərsə davamiyyəti normal olmaqla dərslərini orta səviyyədə oxumuş, sinif yoldaşları ilə daim səmimi və normal münasibət qurmuşdur (iş vərəqi 76 və 80). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon İcra hakimiyyəti başçısının Binəqədi qəsəbə X7 üzrə nümayəndəsinin tərtib etdiyi 2019-cu il 11 oktyabr tarixli 094 və 095 nömrəli arayışlardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ünvan 1 ünvanında anası, bacısı və iki qardaşı ilə qeydiyyatdadır (iş vərəqi 77-78). İş materiallarındakı Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinin tərtib etdiyi 2012-ci il 25 fevral tarixli AZ-İ seriyalı 523650 nömrəli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs atası X4 2002ci il dekabrın 22-də xərçəngin intoksikasiyası səbəbindən vəfat etmişdir (iş vərəqi 79). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin canlı şəxsin məhkəmə-tibbi müayinəsinə dair 2019-cu il 12 oktyabr tarixli 1993 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir (iş vərəqi 83-84). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 2019-cu il oktyabrın 19-da tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 86). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 19 oktyabr tarixli protokoldan görünür ki, hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd qısaqol gödəkçə, bir ədəd uzunqol pulover və bir ədəd şalvar götürülmüş, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 89-92). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 25 oktyabr tarixli 2040 nömrəli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkarlanan qarın nahiyəsinin qarın boşluğuna nüfuz edib böyük piyliyi yaralayan deşilmiş-kəsilmiş yarası, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin sağ yarısının və sağ sağrının deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən 2019-cu il oktyabrın 06-da əmələ gələ bilərdi, qarın nahiyəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər deşilmişkəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqi 97-98). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 07 noyabr tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ailə üzvləri ilə münasibətləri normal olmaqla ona anası Qanuni nümayəndə2 və qardaşları tərəfindən nəzarət edilməsi, sonuncunun yaşadığı mənzilin şəraitinin normal olması müəyyənləşdirilmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 100-105). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasına dair 2019-cu il 18 noyabr tarixli 26739 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunan qolsuz gödəkçənin, puloverin və şalvarın ön və sağ hissələrindəki «a», «b», «c», «ç», «d», «ə» və «f» zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir, bu zədələr öndən arxa istiqamətdə, qeyd edilən predmetin tiyəsinin iti tərəfinin zərər çəkmişə nisbətdə müxtəlif istiqamətlərə olmaqla yetirilmişdir, puloverin sol qoltuq altı hissəsindəki «e» zədəsi isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik olmaqla dartılıb sökülmə zədəsidir; ekspertiza tədqiqatının dəyəri 55 manatdır (iş vərəqi 107-109). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin 2019-cu il 29 noyabr tarixli 330-4547-1219 №-li məktubunun kserosurətindən görünür ki, Mamed adlı şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır (iş vərəqi 111). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 30 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ünvan 2 ünvanındakı hadisə yerində ifadəsini təsdiq etmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 112-118). İş materiallarındakı Bakı şəhəri Binəqədi rayonu Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin tərtib etdiyi 2020-ci il 24 yanvar tarixli 488 nömrəli xasiyyətnamədən görünür ki, 2019-cu il noyabrın 30-dan təhsil alan 11-ci sinif şagirdi Təqsirləndirilən şəxs dərslərini orta səviyyədə oxumuş, özünü nizam-intizamlı şagird kimi aparmış, idmana maraq göstərməklə iki dəfə cüdo üzrə Azərbaycan olimpiadalarında ikinci yer tutmuşdur (iş vərəqi 126). İş materiallarındakı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilən 2020-ci il 25 yanvar tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır (iş vərəqi 127). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2019-cu il 16 dekabr tarixli 2606 saylı rəyindən görünür ki, 2003-cü il 22 aprel təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur; sonuncunun əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olub fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır, hadisə törədərkən fizioloji affekt halında olmamışdır (iş vərəqi 129-131). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 14 iyul tarixli protokoldan görünür ki, ünvan 2ndə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığındakı hadisə yerinə baxış vaxtı iş üçün əhəmiyyətli olan maddi sübut götürülməmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 142-144 «b»). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 20 iyul tarixli, habelə 2020-ci il 20 iyul və 2020-ci il 10 avqust tarixli qərarlarından görünür ki, ********* №-li cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməklə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.1.-ci, 126.2.4.-cü, 221.3.-cü və 228.4.-cü maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və yetkinlik yaşına çatmayan Şahid1 əməllərində hər hansı bir cinayət tərkibinin, eləcə də şəxsiyyəti istintaqla müəyyən olunmayan Mamed adlı şəxsin əməlində Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilməklə sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış, istintaqın gedişində götürülən bir ədəd qolsuz gödəkçə, bir ədəd pulover və bir ədəd şalvar maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (iş vərəqi 156-168, 170-171 və 175-176). İş materillarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il aprelin 22-də anadan olmuşdur, yəni ittiham olunduğu əməlin törədildiyi dövrdə yetkinlik yaşına çatmamışdır (iş vərəqi 183). Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2020-ci il 05 oktyabr tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün tam etirafedici, zərər çəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən ibtidai araşdırmadakı şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəri yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ciil 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 08-dən 2019-cu il oktyabrın 10-dək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin madddi sübutların saxlama kamerasına təhvil verilmiş bir ədəd qolsuz gödəkçə, bir ədəd pulover və bir ədəd şalvar məhv edilməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə istintaqında Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 32 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə,tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2019-cu il oktyabrın 08-dən 2019-cu il oktyabrın 10-dək həbsdə saxlanıldığı 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs haqqında seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhərinin Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. 55 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 192 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Binəqədi Rayon Polis İdarəsinin madddi sübutların saxlama kamerasına təhvil verilmiş bir ədəd qolsuz gödəkçə, bir ədəd pulover və bir ədəd şalvar məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar