Məhkəmə qərarları › İş №1(101)-264/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-264/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-264/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5 ooğlunun, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 30 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 100 manat pul müqabilində külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 iyun 2021-ci il tarixdə saat 19:50 dəqiqədə Xətai rayonu, N.Tusi küçəsi 14 ünvanın yaxınlığındakı kənd təsərrüfatı mallarının satıldığı yarmarkanın yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada vidcoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində üç ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,333 qram, 0,423 qram və 0,354 qram, ümumi təmiz çəkisi 1,110 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, altı ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 1,735 qram, 1,842 qram, 1,660 qram, 2,020 qram, 1,624 qram, 1,545 qram, ümumi təmiz çəkisi 10,426 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 30 iyun 2021-ci il tarixdə saat 15 radələrində Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının yaxınlığında olan zaman tanımadığım üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu 35-ci polis bölnməsinə aparmışlar. Tutulmamışdan əvvəl ”Mərmər” sexində usta vəzifəsində çalışmışdır. Onun gündəlik qazancı 30-50 manat arasında dəyişmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu zaman qazancının çox hissəsini narkotik vasitələrə xərcləmişdir. İstifadə etdiyi narkotik vasitələrin 1 qramının orta bazar qiyməti 20 manat təşkil edirdi. Gündəlik olaraq narkotik vasitəni 0.1 qram çəkisində istifadə edirmiş. Onu saxladıqları gündən bir gün əvvəl bir qram narkotik vasitə olan “heroin”, bir qram da psixotrop maddə sayılan metamfetamin almışdır. Həmin maddələri alan zaman istifadə etdiyi üçün ümumilikdə çəkisi 1.7 qram üzərində olardı-olmazdı. Onun üzərində iki sellofan büküm olmuşdur. Onun üzərinə bölmədə baxış keçirilən zaman 6 büküm sellofanda narkotik vasitənin üzərindən çıxdığını bildirmişlər. Polis bölməsində izahatı alınan zaman təziq altında olmuş və bu səbəbdən ona deyilən məzmunda ifadə vermişdir. Həmin vaxtı narkotik ağrıları altında olduğu üçün sənədləşmənin mahiyyətinə varmayaraq imza etmişdir. Üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddə şəxsi istifadəsi üçün olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 30 iyun 2021- ci il tarixdə Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə, yəni satış və istifadəsi ilə məşğul olması barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o və əməliyyat müvəkkili Şahid2 məlumat əsasən ünvan 5 ünvana gəlmişlər. Saat 19:50 dəqiqədə həmin ünvanın yaxınlığında yerləşən kənd təsərrüfatı malarının satıldığı yarmarkanın yaxınlığında Vüsal adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. O və Qalib xidməti vəqisələrini Vüsala göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmişlər. Bölmədə axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Vüsal əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq içərisində saxladığı üç ədəd şəffaf rəngli sellofana bükülmüş kristal şəkilli maddələri və altı ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələri haradan almasım barədə sual verilmiş, o da bildirdi ki, həmin bükümləri 30 iyun 2021-ci il tarixdə səhər saatlarında Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən 100 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş və müyyən edilmişdir ki, kristal şəkilli maddənin çəkisi 1.32 qram, qəhvəyi rəngli maddənin isə çəkisi 10.57 qramdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Vüsal və o, imza edərək təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, işlədiyi Bölməyə əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni istifadəsi və satması barədə daxil olmuşdur. Əməliyyat tədbiri zamanı və axtarış keçirilərkən onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:50 dəqiqədə ünvan 5 ünvanda kənd təsərrüfatı mallarının satıldığı yarmarkanın yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxararaq içərisində saxladığı 03 ədəd şəffaf rəngli sellofana bükülmüş kristal şəkilli maddələri və 06 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli maddələri təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddələri haradan almasını barədə sual verilmiş, o da bildirmişdir ki, həmin bükümləri 30 iyun 2021-ci il tarixdə səhər saatlarında Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 100 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərə baxış keçirilmiş və 03 ədəd şəffaf rəngli sellofana bükülmüş toz halında kristal şəkilli, spesfik iyə malik, 06 ədəd şəffaf rəngli sellofana bükülmüş maddələrin isə tünd qəhvəyi rəngli, toz şəkilli və spesfik iyə malik olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş, kristal şəkilli maddənin çəkisi 1.32 qram, qəhvəyi rəngli maddənin çəkisi isə 10.57 qram müyyən olunmuşdur. Aşkar edilmiş büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 01 iyul 2021-ci il tarixli 6/2656 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kibrit qutusunun içərisində olan” yazı və imzalar olan zərfdə 3 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,333 qr, 0,423 qr və 0,354 qram olmaqla ümumi təmiz çəkisi 1,110 qram ağ rəngli, kristallşəkilli maddə kütləsi öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, 6 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,735 qr, 1,842 qr, 2,020 qr və 1,545 qram olmaqla ümumi təmiz çəkisi 10,426 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 29 sentyabr 2021-ci il tarixli 3669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş maddələri yalnız özünün istifadəsi üçün üzərində saxlaması, satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokollarda göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işi üzrə Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. 05.01.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, o, məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30.06.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 1,02 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 10,186 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X3, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 1,02 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 10,186 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X3, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X2 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar