Məhkəmə qərarları › İş №1(101)-264/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-264/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-264/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 4,958 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 19:30-da ünvan 2 ünvanında yerləşən “Badam” çay evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda – bir ədəd bükümdə ümumi təmiz çəkisi 4,958 qram olan narkotik vasitə heroin əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir Rusiya Federasiyasında yaşayır və tutulmamışdan 3-4 gün əvvəl Azərbaycana gəlmişdir. Saxlanıldığı gün təxminən 11 nəfərlə “Badam” çay evində oturub çay içib söhbət edərkən içəri sonradan bildiyi polis əməkdaşları girmiş və onların hamısını tutaraq BMCMİ-nə gətirmişlər. Orada onlara nə deyilsə, onu da etməli olmaları, əks halda başqa cür olacağı bildirilmişdir. Onu bundan əvvəl də həmin idarənin əməkdaşı olan Şahid2 saxlamış və ona Azərbaycana gəlməmişdən əvvəl xəbər veriməsini, onların razılığı olmadan gəlməməsini tapşırmışdır. O da, gəldikdən sonra Şahid2 zəng edib bildirdikdə, Rövşən onunla belə danışmadıqlarını söyləmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt çayxanada 11 nəfər oturub çay içərək söhbət etmişlər. Orada olan şəxslərin 3-4-ü dostu, qalanları da tanıdığı şəxslər olmuşdur. Rövşən ona Azərbaycana gəlməmişdən əvvəl zəng edib BMCMİ-nə məlumat verməsini tapşırmış, lakin o, gəldikdən sonra zəng edib demişdir. Onları “Badam” çay evinin içərisində tutmuşlar və həmin vaxt artıq hava qaranlıq olmuşdur. Saxlanılarkən və ya polis idarəsində olarkən onu döyən olmamış, ona qarşı fiziki və psixoloji təsir, təzyiq göstərilməmişdir. Onun dindirməsi zamanı vəkili də iştirak etmişdir. O, narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, sadəcə olaraq, əvvəlcədən onlara nə deyilmişdirsə, o da, deyilənləri söyləmişdir. Ölkəyə giriş-çıxış barədə məlumat vermədiyi üçün əməliyyatçılar onu tutmuşlar. Tutulan 11 nəfərdən 7-sini narkotik və bıçaqla sənədləşdirmiş, qalanlarını isə buraxmışlar. Videoçəkiliş zamanı narkotik vasitəni kənddə mağazanın yanından tapdığını söyləmişdir. Onun telefonu götürülmüş, oradan votsapı silib telefonu geri qaytarmışlar. İdarəyə gətirildikdən sonra hər şeyi onlara tapşırılan şəkildə söyləmişlər. Ona əvvəlcə CM-nin 234.4.3-cü maddəsi verilmiş, sonradan xahişinin olduğu deyilərək, CM-nin 234.1-1ci ilə ittiham verilmişdir. Ona məhkəmədən qolbaqla çıxacağı söylənilmiş, o da, buna uyğun ifadə vermişdir. Sanksiya verildiyi zaman hakimə olanlar barədə heç nə deməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 15-20 gündür narkotik vasitə heroindən burnuna çəkməklə istifadə edir. Bir neçə gün əvvəl yaşadığı Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində olan zaman yerdə bir ədəd bükümün olduğunu görmüş, bükümü açdıqda oradan narkotik vasitə heroin olmasının şahidi olmuş, həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” çay evində görüşmək qərarına gəlmiş, həmin gün təxminən 18 radələrində o, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Tural Hüseynov, Vüsal Cəfərov, Rəşad Ələsgərli, Şahid12, Şahid13, Şahid14 və Şahid15la görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Bu zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmiş, bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək, onun, Emil Həsənovun, Yusif Məhərrəmovun, Arif Babayevin, Tural Hüseynovun, Vüsal Cəfərovun və Rəşad Ələsgərlinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu deyərək hər birini Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə onlara tutulmalarının səbəbləri izah olunmuş və vəkillərin siyahısı təqdim edilmiş, hər biri siyahıda olan istənilən vəkillər tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra vəkillər dəvət olunmuş, hər bizinə təqdim olunaraq onlara etirazlarının olub-olmaması soruşulmuş, hər biri vəkillərə etiraz etmədiklərini demiş, bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyi, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edilmişdir. Onlar etiraz etməmiş, videoçəkiliş başlanılan zaman ilkin olaraq Emil Həsənovun üzərinə şəxsi axtarış aparılmış, bu zaman təhqiqatçı ondan üzərində olan əşyalar barədə məlumat verməyi xahiş etmiş, sonuncu, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümü, gödəkçənin sağ yan cibindən bıçağı, mobil telefonunu, pulunu, şəxsiyyət vəsiqəsini və cib dəsmalını təqdim edib, aşkar olunan bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, onu yaşadığı evin yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar olunan bıçağı marağı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir, Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülsə də, digər əşyalar özünə qaytarılmışdır. Bundan sonra Yusif Məhərrəmovun üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa, təqdim etməyi xahiş etmiş, sonuncu, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sol iç cibindən bir ədəd bıçağı, gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonu və pulu təqdim edib, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı isə marağı olduğu üçün üzərində saxladığını demişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülsə də, pullar özünə geri qaytarılmışdır. Bundan sonra Arif Babayevin üzərinə şəxsi axtarış başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək şalvarının sağ yan cibindən bir ədəd bıçağı, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Tural Hüseynovun üzərinə şəxsi axtarış başlanılmış, təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa, təqdim etməsini xahiş etmişdir. Sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, şalvarının sol yan cibindən bir ədəd bıçağı, mobil telefonu, açarı və pulu təqdim edib, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış başlanılmış, təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa, təqdim etməyi xahiş etmiş, üzərində narkotik vasitə heroin olduğunu deyib gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, onu təsadüfən tapdığını, həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Büküm qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özümə geri qaytarılmışdır. Bundan sonra Vüsal Cəfərovun üzərinə şəxsi axtarış başlanılmış, təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa, təqdim etməyi xahiş etmiş, sonuncu, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyib, şalvarının sol arxa cibindən bir ədəd bıçağı, həmin cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul özünə geri qaytarılmışdır. Bundan sonra Rəşad Ələsgərlinin üzərinə şəxsi axtarış başlanılmış, təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa, təqdim etməyi xahiş etmiş, sonuncu, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək, gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, gödəkçənin sol iç cibindən bir ədəd bıçağı, mobil telefonu, pulu, sürücülük vəsiqəsini və açarı təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon və sürücülük vəsiqəsi götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Bundan sonra Şahid12, Şahid13, Şahid14 və Şahid15 hər birinin üzərinə baxış keçirilmiş, lakin heç birinin üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra videoçəkiliş dayandırılıb protokol tərtib olunmaqla ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakşı tərəfindən imzalanmışdır. (cild 2, iş vərəqi 46-49 və cild 3, iş vərəqi 95-98 ). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və qeyrilərinin üərində soyuq silah olması və qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə Baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı onun rəhbərliyi ilə Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Şahid4, Şahid5, Şahid11, Şahid6, Şahid10, Şahid7, Şahid8 və Şahid9 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 19:30-da onlar Xətai rayonu, Neapol küçəsi, 185 ünvanında yerləşən “Badam” çay evinin qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs və qeyrilərinə bənzəyən şəxslərə yaxınlaşaraq onları saxlamışlar. Onlara üzərlərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirərək, onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən onlara müdafiəçi təyin edilmiş, hüquqları izah olunduqdan sonra üzərlərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu deyib masaya yaxınlaşmış, gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Verilən sualları cavablandıran Şahid2 təqsirləndirilən şəxsə qarşı heç bir təsir və ya təzyiq göstərilmədiyini, saxlanılan şəxslərin çoxunun narkotik vasitəni yaşadığı evlərinin yaxınlığından tapdıqlarını söylədiklərini, onları “Badam” çay evinin qarşısında saxladıqlarını və bu zaman saxlanılan şəxslər tərəfindən heç bir narazılıq göstərilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, əməliyyat məlumatının ona daxil olduğunu, Təqsirləndirilən şəxs üzərindən bir büküm heroin aşkar olunduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid3, X2, Şahid4, Şahid5, Şahid11 Əlibala oğlu, Şahid6, Şahid10, Şahid7, Şahid8 və Şahid9 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirdi ki, o, həmin günü Təqsirləndirilən şəxsla görüşmək üçün getmiş və «Badam» çay evində onunla görüşərək söhbət etmişlər. Orada olan şəxslərdən yalnız Təqsirləndirilən şəxs və Şahid14 tanımış, qalan şəxsləri tanımamışdır. Onlar “Badam” çay evində oturub çay içən zaman polis əməkdaşları içəri daxil olaraq onları tutmuş və hamısını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirmişlər. Verilən sualları cavablandıran Şahid15 bildirdi ki, polis əməkdaşları onları saxladıqdan sonra BMCMİ-nə gətirmişlər. Həmin vaxt onun da üzərinə baxış keçirilmiş, şəxsiyyət vəsiqəsi, telefonu və açarı aşkar olunmuşdur. Orada kimlərinsə cibindən narkotik vasitə aşkar olunduğunu xatırlamır. Anarla görüşmək üçün çay evinə getmiş və orada çay içmişlər. İçəri daxil olan polis əməkdaşları özlərini təqdim etməmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı təsir və ya təzyiq olunmamışdır. O, iki gün idarədə saxlanıldıqldan sonra təqsirinin olmadığı bildirilərək buraxılmışdır. Emil Həsənov adlı şəxsi tanımır. Orada Anardan başqa daha altı nəfər də tutulmuşldur. O, Anarın narkotik vasitə istifadə etdiyini görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. Həmçinin o, çay evində olan insanlardan bəzilərini çoxdan tanımış, bəzilərini isə hadisə günü yeni görmüşdür. Həmin gün onlar çay evində oturduqları vaxt polis əməkdaşları oraya gəlmiş və onları tutub polis idarəsinə aparmışlar. Orada onların üzərinə baxış keçirmişlər. O, həmin vaxt çay evində olan şəxslərin narkotik vasitələrdən istifadə etmədiklərini bilmiş, həmin şəxslər ibadət edən şəxslər olmuşlar. Onun özü də ibadətlə məşğul olan şəxsdir və narkomanlarla heç bir əlaqəsi yoxdur. Bu hadisə təxminən 8 ay-1 il bundan qabaq olmuşdur. Orada polis işçilərinin saxladıqları şəxslərdən kimdən nə çıxıb-çıxmadığını xatırlamır. Özü orada narkotik vasitə görməmişdir. Polis işçiləri onların hər birini götürüb idarəyə aparmışlar. İdarədə otağa girəndə ondan üzərində qeyri-qanuni nə olduğunu soruşmuşlar, o isə, heç nə olmadığını bildirmişdir. Sonra onları yuxarı mərtəbəyə zala qaldırmışlar və orada vəkillərin iştirakı ilə üzərlərinə çəkilişlə baxış keçirilmişdir. Çəkiliş zamanı Anarın üzərindən nə aşkar olunduğunu görməmişdir. Onun özünün də üzərinə baxış keçirmişlər, lakin qeyri-qanuni heç nə aşkar olunmamışdır. Çəkiliş zamanı onlar bir-bir yaxınlaşmış və hamının üzərinə baxmışlar. Həmin vaxt həyəcanlı olduğu üçün heç nə yadında qalmamışdır. Üzərindən narkotik aşkar olunmamış və orada narkotik vasitə görməmişdir. Oradan çıxanda ona imzalamaq üçün sənədlər vermişlər, o da, həmin sənədləri imzalayıb idarədən çıxmışdır. Sonradan onu həmin idarəyə çağırmamışlar. Kafenin adı yadında qalmamış, lakin onların hamısı kafenin içində oturub çay içmişlər. Bu zaman içəriyə 15-16 nəfər polis əməkdaşı girmişdir. Polis işçiləri içəri girəndə onları hər hansı bir qərarla tanış etməmişlər. Polis idarəsində onlara qarşı təsir və təzyiq olunmamışdır. İdarəyə onu gətirərkən qoluna qandal vurub gətirmişlər. Orada kimlərəsə qarşı işgəncə verildiyini görməmişdir. İnzibati binaya gətiriləndən nə qədər sonra baxış keçirilməsini hazırda xatırlamır. Həmin idarədə Vüsal adlı şəxsin döyüldüyünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həm onun həmkəndlisi, həm də qohumudur. Hadisə günü o, dostu Şahid15la Bakıda olmuş, Anarın Rusiyadan gəldiyini eşitmişlər və onunla görüşüb söhbətləşmək qərarına gəlmişlər. Bu məqsədlə onlar çay evinə gedib Anarla görüşmüşlər, oturub söhbət edəndə polis işçiləri gəlib onları tutmuş və idarəyə aparmışlar. İdarədə onları ayrı-ayrı yerlərdə saxlamışlar. Elə saxlanıldıqları yerdə də üzərinə baxış keçirmişlər. Bu zaman o, üzərində olan bütün əşyaları çıxarıb təqdim etmişdir. Lakin onunla çay evində saxlanılan digər şəxslərin üstlərindən nə aşkar olunduğunu görməmişdir. O, həmin vaxt qorxmuş, lakin orada onu döyən, ona təsir və təzyiq edən olmamışdır. Polis idarəsində kiminsə üzərinə baxış keçirildiyini xatırlamır, həmçinin kimisə orada incitdiklərini eşitməmişdir. İdarədən çıxanda ona imzalamaq üçün sənədlər vermişlər və oxuyub imzalamağını demişlər. O isə, oxuya bilmədiyini deyib, sənədləri imzalayaraq oradan çıxmışdır. Həmin polis idarəsində cəmi bir dəfə olmuş, sonradan onu həmin idarəyə çağırmamışlar. Həmin vaxt onun üstündə mobil telefon olmuş, lakin həmin nömrəni indi xatırlaya bilmir. Polis işçiləri onları kafenin içərisində saxlamışlar. Lakin o, polis işçilərinin sayını və idarəyə necə aparıldıqlarını xatırlamır. Polis idarəsində kiminsə döyüldüyünü görməmiş, kiminsə döyülməsi səslərini eşitməmişdir. Oraya aparılmış şəxslərdən kimin cibində bıçaq və narkotik vasitə aşkar olunduğunu xatırlamır. Şahidlər Şahid15, Şahid12 və Şahid14 ifadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında adları çəkilən şahidlərin, həmçinin məhkəmədə iştirak etmədiyinə görə ifadəsi tədqiq olunmuş Şahid13 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində adları çəkilən şahidlər həqiqətən də 17 noyabr 2022-ci il tarixdə “Badam” çay evində olarkən Təqsirləndirilən şəxsla və digər şəxslərlə görüşdüklərini bildirərək, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və eyni məzmunlu ifadələr vermişlər. Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran şahidlər Şahid15, Şahid12 və Şahid14 dindirmə protokollarındakı imzaların və sonda yazılmış qeydlərin onlar tərəfindən icra edildiyini, lakin müstəntiqə ifadə vermədiklərini, idarədən çıxanda həmin protokolları imzalayaraq oradan çıxıb getdikləini bildirdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 18 noyabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman bir bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 130-143). Məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6/6639 nömrəli rəyindən görünür ki, üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 5 №-li zərfin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 4,958 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 5 №-li zərfdəki heroinin təmiz çəkisi - 4,958 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 4,908 qr. (cild 1, iş vərəqi 212-218). Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6963 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, arabir düşəndə narkotik vasitə heroindən istifadə edib (cild 4, iş vərəqi 230-231). Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 17 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 4, iş vərəqi 38-39). İbtidai istintaq orqanının qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,908 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və BMCMİ-nin sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 239-258). İş üzrə narkotik vasitə heroinin mənbəyinin əldə edilməsi məqsədilə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiq təsdiqini tapmamış, sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni özünün istifadə etməsi məqsədilə əldə etməsi və əvvəllər də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir (cild 4, iş vərəqi 193). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, uzun müddətdir Rusiya Federasiyasında yaşadığını və tutulmamışdan 3-4 gün əvvəl Azərbaycana gəldiyini, saxlanıldığı gün təxminən 11 nəfərlə “Badam” çay evində oturub söhbət edərkən içəriyə sonradan bildiyi polis əməkdaşlarının girdiklərini və onların hamısını tutaraq BMCMİ-nə gətirdiklərini, orada onlara nə deyilsə, onu da etməli olmaları, əks halda başqa cür olacağı bildirildiyini, onu bundan əvvəl də həmin idarənin əməkdaşı olan Şahid2 saxladığını və ona Azərbaycana gəlməmişdən əvvəl xəbər veriməsini, onların razılığı olmadan gəlməməsini tapşırdığını, lakin onun bu cür etməyərək, gəldikdən sonra zəng edib dediyini, saxlanılarkən və ya polis idarəsində olarkən onu heç kimin döymədiyini, narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini və narkotiklərə heç bir aidiyyəti olmadığını qeyd edərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, Baş idarədə olarkən üzərində narkotik vasitə heroin olduğunu deyib gödəkçəsinin sol yan cibindən bir ədəd bükümü, mobil telefonları və pulunu təqdim edərək, aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, onu təsadüfən tapdığını, həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində pollis işçiləri tərəfindən saxlanılarkən və polis idarəsində olarkən onun heç kim tərəfindən döyülmədiyini, ona qarşı fiziki və psixoloji təsir, təzyiq göstərilmədiyini, sadəcə ona necə deyilmişdirsə, həmin qaydada izahat və ifadə verdiyini qeyd etmişdir. Cinayət işində olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qtəimkan tədbiri seçilməsi ilə əlaqədar vəsatətə və təqdimata baxılarkən törətdiyi cinayət əməlində özünü təqsirli bilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbir seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrdən istifadə etməməsi və aşkar olunmuş narkotiklərin ona aid olmaması barədə məhkəmə iclasında gətirdiyi dəlillə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6963 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəticəsinə gəlinmişdir. Həmin məcburi-narkoloji yoxlama zamanı Təqsirləndirilən şəxs arabir düşəndə narkotik vasitə heroindən istifadə etdiyini etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması və narkotik vasitələrdən heç vaxt istifadə etməməsi barədə gətirdiyi dəlillər məhkəmə tərəfindən tam və hərtərəfli yoxlanılmış, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutlarla müqayisəli şəkildə təhlil olunmuş, lakin qeyd olunan dəlillər məhkəmədə öz təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6963 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi mübasibətin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından barəsində tibbi xarakterli məcbəri tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,908 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 145 (yüz qırx beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 145 (yüz qırx beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının ilkin mərhələsində Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil bununla bağlı 25 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,908 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 145 (yüz qırx beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar