Məhkəmə qərarları › İş №1(101)-265/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-265/2020

13.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-265/2020 13.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 13 » mart 2020-ci il Bakı şəhərində xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi ev 29, mənzil 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X6 adlı şəxslə və “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru başqa cinayət işi ilə məhkum olunmuş tanışı Şahid1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, özgənin əmlakını aldatma və etibardan sui-sitifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə Şahid3 məxsus olan 0,04 ha torpaq sahəsində inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının və oradakı mənzillərin faktiki olaraq Şahid2 məxsus olduğunu bildiyi halda, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq özünün guya həmin binanın 2-ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzilin mülkiyyətçisi olduğunu və mənzili 80.000 manata satdığını mənzil almaq üçün müraciət etmiş Zərərçəkmiş şəxs yalandan bildirməklə, xx xxxxxxxx 2015-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Heydər Əliyev” adına parkda Zərərçəkmiş şəxs 80.000 manat məbləğində pulu aldıqdan sonra həmin pulu Şahid1 və Fikrət adlı şəxslə bölərək şəxsi ehtiyacları üçün istifadə etmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək qeyd olunan mənzilin guya Zərərçəkmiş şəxs satılması görüntüsü yaratmaq üçün mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənədlər- xx xxxxxxxx 2015-ci il tarixli, 51 nömrəli müqavilə və mənzilin dəyərinin ödənilməsi barədə Zərərçəkmiş şəxs adına tərtib olunmuş eyni tarixli və nömrəli maliyyə arayışını ona təqdim etməklə, qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə bacanağı X5 ilə aralarında borc münasibəti yaranmış, Fikrət Qasımovun ona borcu yaranmışdır. Fikrət Qasımovun deməsinə görə Şahid1 iş görmüş və işin əvəzində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzili vermiş, Fikrətlə həmin mənzili onun adına keçirəcəyi, borcunun qalan hissəsini isə pul şəklində ödəyəcəyi barədə razılaşmışlar. Şahid1 mənzili Fikrət Qasımova hansı səbəbə görə verdiyini bilməmiş, bacanağının ona olan pul borcunun bir hissəsinin əvəzində həmin mənzilin arvadının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. O, 2015-ci ildə Fikrət Qasımovun vasitəsi ilə Şahid1la tanış olmuş, birlikdə qeyd olunan ünvana getmiş, binanı Telman X2 göstərmişlər. Şahid1 həmin binanın tikintisi və mənzillərin satışı ilə məşğul olduğunu demişdir. O, arvadı X3 adından öz adına etibarnamə alıb, mənzili arvadının adına rəsmiləşdirilməsini xahiş etmiş, Şahid1 direktoru olduğu “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından, özünün imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş müqavilə verəcəyini bildirmişdir. 2015-ci ilin aprel-may aylarında, metropolitenin “20 Yanvar” stansiyasının yaxınlığında notariat kontorunda Şahid1 qiyməti 80.000 manat yazdığı mənzilin Sevinc Əliyevanın adına rəsmiləşdirilməsinə dair özünün imzası və “X7” MMC-nin möhürü ilə təsdiq etdiyi müqaviləni, maliyyə arayışını, Sevinc Əliyevanın adına olan etibarnaməni ona vermişdir. Şahid1 həmin binanın tikintisinin 3 ay müddətində başa çatacağını, mənzilin təhvil veriləcəyini demişdir. Həmin binanın, eləcə də binanın yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması, Şahid1 həmin binaya nə kimi aidiyyətinin olması barədə heç bir dəqiq məlumatı olmamış, sadəcə olaraq Fikrətin sözlərindən belə anlamışdır ki, həmin bina Şahid1 məxsusdur və həmin binanı o inşa edir. Telman özü də binanı göstərəndə demişdir ki, “binanı mən tikirəm, özümündür”. 2015-ci ilin yay aylarında o, əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs mənzil almaq istədiyini biləndə həmin mənzili 30.000 manata təklif etmiş, Zərərçəkmiş şəxsla birlikdə həmin ünvana gedib mənzili göstərib özünə məxsus olduğunu demişdir. Zərərçəkmiş şəxs mənzilə baxıb bəyənərək almağa razılaşmışdır. 2015-ci ilin sentyabr ayının ortalarında, Zərərçəkmiş şəxsla görüşüb, şəxsiyyət vəsiqəsini almışdır ki, Şahid1 versin, Telman mənzili Azərin adına rəsmiləşdirsin. 2015-ci il sentyabr ayının sonlarında, metropolitenin “20 Yanvar” stansiyasının yaxınlığındakı, notariat kontorunda Telman Sələmovla görüşmüş və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 4085-ci məhəllədə inşa olunan 3 mərtəbəli fərdi yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 80 m2 sahəsi olan 2 otaqlı, 7 nömrəli mənzilin arvadı Sevinc Əliyevanın adına olanımüqaviləni, maliyyə arayışını və etibarnaməni Şahid1 vermiş, Telman həmin mənzili Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsinə dair müqaviləni, maliyyə arayışını və Azərin şəxsiyyət vəsiqəsini ona vermişdir. Şahid1 mənzillə bağlı öz adından Zərərçəkmiş şəxs adına etibarnamə də vermişdir. O, Zərərçəkmiş şəxsla əlaqə saxlamış və mənzilin onun adına rəsmiləşdirilməsi barədə sənədləri 2015-ci il sentyabr ayının 28-də axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ukrayna dairəsi”nin yaxınlığında Zərərçəkmiş şəxs verib, 30.000 manat məbləğində pulu ondan almışdır. Özünü təqsirli bilməsə də Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “X7” MMC-nin direktoru Şahid1 tərəfindən ünvan 1 məhəllə ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv/metr olan, 2 otaqlı, 7 nömrəli mənzil xx xxxxxxxx 2015-ci il tarixdə 80.000 manata ona satılaraq həmin tarixli 51 nömrəli müqavilə tərtib olunmaqla adına rəsmiləşdirilmiş, lakin mənzil ona təhvil verilməmişdir. Sonradan bildiyinə görə həmin binanın Şahid1 heç bir aidiyyəti olmamış, sonuncunun qeyd olunan mənzili satmağa səlahiyyəti olmamışdır. Yəni, Şahid1 7 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi barədə saxta müqavilə tərtib edib vermişdir. 2015-ci ildə Bakı şəhəri ərazisində mənzil almaq niyyətində olduğunu bilən, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu olan, bina tikməklə məşğul olduğunu güman etdiyi Təqsirləndirilən şəxs bina üçün qapı pəncərə düzəltdiyinə görə ona mənzil verildiyini, həmin mənzilin hər kv/metri 1500 manata olmasına baxmayaraq, ona 1000 manata sata biləcəyini demiş, 2015-ci il sentyabr ayının əvvəllərində Azərlə birlikdə ünvan 1 məhəllədə yerləşən 3 mərtəbəli yaşayış binasının yanına getmiş, Azər binanın 1-ci blokunda 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv/metr olan 2 otaqlı, 7 nömrəli mənzili təqdim edib satıldığını demiş, binanın “X7” MMC-yə məxsus olduğunu, MMC-nin Yeni Yasamal yaşayış massivindəki binasının qapı pəncərələrini quraşdırdığını, hazırki binanın qapı pəncərələrini də quraşdıracağını, həmin xidmətinin əvəzində 7 nömrəli mənzilin ona verildiyini demişdir. Mənzilə baxanda orada şirkətin işçilərindən, rəhbərliyindən heç kimi görməmiş, mənzili bəyənib almaq qərarına gəlmiş, Azər mənzili özünün satdığını dediyinə görə Şahid1la görüşüb nə isə danışmağa ehtiyac duymamışdır. 2015-ci ilin sentyabr ayının 28-də Azərlə telefonla zəngləşib saat 00:30-radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, “Ukrayna dairəsi” deyilən yerin yaxınlığında, “Heydər Əliyev” adına parkda ikilikdə görüşüb şəxsiyyət vəsiqəsini, 80.000 manat pulu özünə məxsus olan “Hyundai” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sayıb Azərə vermiş, sonuncu mənzilin onun adına rəsmiləşdirilməsinə dair müqaviləni səhəri gün verəcəyini deyib ayrılmışdır. xx xxxxxxxx 2015-ci il tarixdə saat 21 radələrində yenə də Azərlə zəngləşib həmin yerdə görüşəndə sonuncu, “X7” MMC-nin direktoru vəzifəsində işləyən Şahid1 ilə onun arasında bağlanmış, xx xxxxxxxx 2015-ci il tarixli, 51 nömrəli müqaviləni, həmin tarixli və nömrəli maliyyə arayışını, eləcə də, həmin tarixli 420633 nömrəli etibarnaməni ona vermişdir. Müqavilənin məzmununda göstərilmişdir ki, ünvan 1 məhəllə ünvanında 3 mərtəbəli yaşayış binasında 1-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 80 kv/metr olan, 2 otaqlı, 7 nömrəli mənzil ona bir pay kimi verilir. Mənzilin hər kv/metri 1000 manatdan olmaqla cəmi 80.000 manat olan dəyərinin elə həmin gün, yəni xx.xx.2015-ci il tarixdə tam ödənildiyi əlyazma ilə yazılmışdır. Müqavilə möhürlə də təsdiq edilmişdir. Maliyyə arayışı da, Şahid1 imzası, həmçinin MMC-nin möhürü ilə təsdiq olunmuş və həmin arayışda onun 7 saylı mənzilin dəyərini tam şəkildə ödədiyi göstərilmişdir. xx.xx.2015-ci il tarixli, 420633 nömrəli etibarnamə qeyd olunan mənzilə dair Şahid1 tərəfindən onun adına verilmişdir. Mənzil aldığını güman edib arxayın olmuş, Azər demişdir ki, bina bir ilə təhvil veriləcək, lakin bina təhvil verilməmişdir. Uzun müddət ərzində Azərlə müntəzəm olaraq telefonla danışmış, sonuncu, hər dəfə “narahat olma, bina tikilib təhvil veriləcək” demiş, sonradan o xəstələnmiş, cərrahiyə əməliyyatı olunmuşdur. Sonra isə Azərə zəng çatmamış, Şahid1 ümumiyyətlə həmin binadan mənzil satmağa səlahiyyəti olmadığını eşidəndə aldadıldığını anlayıb şikayət etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, ona qarşı heç bir iddia və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi tədqiq edilmiş Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildə ünvan 1 məhəllədə 4 mərtəbəli fərdi yaşayış evi inşa etməyə başlamış, binanın birinci mərtəbəsini tikib başa çatdırandan sonra, pulu olmadığına görə Şahid3 borc pul almış, buna görə də, binanın yerləşdiyi 0,04 ha sahəsi olan torpaq sahəsi elə əvvəlki sahibinin adından Şahid3 adına rəsmiləşdirilmiş, İcra Hakimiyyəti başçısının bina tikintisi üçün sərəncamı da, Şahid3 adına verilmişdir. Bina tikintisi üçün beton tədarük edən Nizami adlı şəxsin yanında tikinti sahəsinə gəlib-gedən, Nizaminin mühəndis kimi təqdim etdiyi Şahid1 tikintinin necə aparılmasına dair şifahi məsləhətlər verməyə cəhd etməsinə baxmayaraq, o, həmin məsləhətlərin heç biri ilə razılaşmamış, Şahid1 qeyd olunan binanın tikintisində heç bir fəaliyyət göstərməmiş, orada hansısa iş görməmiş, yaxud işlərə rəhbərlik etməsinə dair aralarında hansısa şifahi və ya yazılı razılaşma və müqavilə bağlanmamışdır. 2015-ci ilin yayında, binanın 4-cü mərtəbəsinin inşası başa çatanda Şahid1 həmin binadan 200 kv/metr ölçüdə yaşayış sahəsi almaq istədiyini demiş, o, tikinti və sənədləşmə tam başa çatandan sonra orada yaşayış sahəsi satmaq barədə düşünə biləcəyini bildirmiş, Şahid1 200 kv/metr yaşayış sahəsi almaq məqsədilə 10.000 manat pul vermiş, sonra 160.000 manat pul verəcəyini demişdir. O, pulu ödəyəndən sonra 200 kv/metr yaşayış sahəsinin Telmanın adına rəsmiləşdirilməsini təmin edəcəyini bildirmişdir. Şahid1 həmin 200 kv/metr ölçüdəki yaşayış sahəsinin gələcəkdə, bina tam hazır olandan sonra ona satılacağına, adına rəsmiləşdiriləcəyinə, eləcə də, ilkin olaraq 10.000 manat məbləğində pul ödəməsinə dair müqavilə tərtib etdiyini bildirib müvafiq qrafalarda imza etməyi xahiş etmiş, o, Telmana inandığına görə təqdim etdiyi sənədlərdə, göstərdiyi yerlərdə imza etmiş, sonuncunun məhz hansı müqavilələri tərtib etdiyinə, özünün konkret olaraq nəyə imza etdiyinə fikir verməmiş, imza etdiyi sənədlərin nüsxəsini Telman ona verməmişdir. Sonra maddi imkanı olmadığına görə tikintini davam etdirə bilməmişdir. O, Zərərçəkmiş şəxs mənzil satmamış, ona mənzil satmasına dair Şahid1 hansısa razılıq verməmişdir. X5 və ya Təqsirləndirilən şəxs adlı şəxsləri tanımamış, həmin şəxslərin də qeyd olunan binada hansısa xidmətləri olmamış, orada heç bir iş görməmişlər. Şahid1, Fikrət Qasımovun və ya Təqsirləndirilən şəxs adlı şəxslərin Zərərçəkmiş şəxs ona məxsus binadakı hansısa yaşayış sahəsinə görə hansısa məbləğdə pul almaqlarından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1, Zərərçəkmiş şəxs, X5, Təqsirləndirilən şəxs adlı şəxsləri tanımır. ünvan 1 məhəllədə 0,04 ha torpaq sahəsini 2015-ci ilin əvvəllərində satın almış, tanışı Şahid2 həmin torpaq sahəsində onun üçün fərdi yaşayış evinin tikintisini həyata keçirməsi barədə razılaşmış, ancaq, bunun üçün hərhansı müqavilə bağlamamış, hesablamışlar ki, həmin binanın tikintisinə 327320 ABŞ dolları ekvivalenti olan 343686 manat xərclənməlidir. Ona görə də, xx.xx.2015-ci il tarixdə həmin məbləğdə borc müqaviləsi bağlamışlar ki, guya həmin məbləğdə pulu Şahid2 borc vermişdir. Hazırda həmin tikinti zirzəmi və 3 mərtəbəsi yarımçıq tikilmiş, Şahid2 öhdəliyi yerinə yetirməmişdir. Şahid2 həmin torpaq sahəsini və yaxud tikilini, tikilinin bir hissəsini, hansısa ölçüdə yaşayış sahəsini kiminsə adına rəsmiləşdirib-rəsmiləşdirməməsi, tikintini davam etdirmək üçün sonradan kiminlə isə razılaşması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində 4 mərtəbəli, hər mərtəbəsi 400 kv/metr olmaqla fərdi yaşayış evi inşa etdiyini bildirən tanışı Şahid2 ilə aralarındakı şifahi razılaşmaya əsasən sonuncu həmin binanı tikməyi ona tapşırmışdır. Bundan başqa, binada 200 kv/metrlik sahəni, hər kv/metri 750 manatdan olmaqla 150.000 manata almasına dair Şahid2la müqavilə bağlayaraq, 10.000 manat ilkin ödəniş etmişdir. Bu barədə X5 adlı tanışına deyəndə sonuncu bina üçün özünün tikinti materialları tədarük etməsini və binanın tikintisini tamamlamasını təklif etmiş və bu barədə şifahi razılaşmış lakin Fikrət həmin binada faktiki olaraq heç bir iş görməmişdir. Fikrətlə birlikdə, sonuncunun bacanağı Təqsirləndirilən şəxs də ora gəlib getmişdir. 2015-ci ildə Fikrət Qasımov binada 80 kv/metrlik sahəni onun tanımadığı Zərərçəkmiş şəxs adına rəsmiləşdirməyi, həmin sahənin pulunu hesablaşanda nəzərə almağı təklif etmişdir. Mənzil rəsmiləşdirməsinə dair müqavilə tərtib etməsi üçün Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini X8 Əliyev ona vermiş, o, Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsi 4085-ci məhəllədə yerləşən 4 mərtəbəli yaşayış binasının 1-ci blokunda 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv/metr olan 2 otaqlı, 7 nömrəli mənzilin Zərərçəkmiş şəxs adına, hər kv/metri 1000 manatdan olmaqla, ümumilikdə 80.000 manata rəsmiləşdirilməsi barədə xx xxxxxxxx 2015-ci il tarixli, 51 nömrəli müqavilə, həmin tarixli və nömrəli maliyyə arayışı, eləcə də, qeyd olunan yaşayış sahəsinə dair həmin tarixli 420633 nömrəli etibarnaməni Fikrət Qasımova vermişdir. Mənzilin dəyəri ödənilmədiyi halda ödənilməsi barədə maliyyə arayışını Fikrət Qasımovun və Təqsirləndirilən şəxs xahişi ilə vermişdir. Etibarnaməni isə X8 Əliyev bina üçün material tədarük edəcəklərini vəd etdiklərinə görə vermişdir. Müqaviləni, maliyyə arayışını özü tərtib edib imzalamış, həmin sənədlərdəki əlyazmalarını da özü yazmışdır. Müqavilədə Zərərçəkmiş şəxs əvəzində, onun ad-familiyasının qarşısında isə X4 imza etmişdir. Fikrət Qasımov işini başa çatdırmamış, bu səbəbdən Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş mənzil verilməmiş, mənzilə görə 80.000 manat pul ödənilməmişdir. F.Qasımov görəcəyi işin dəyəri az olduğundan, qeyrirəsmi olaraq ona təxminən 18.000 manat pul vermiş, 185.000 manat borcunun olmasına dair isə müqavilə bağlamışlar ki, işi görməsinə qarantiya olsun. Təqsirləndirilən şəxs özü də həmin binada qapı-pəncərə işlərini, üzlük vurulması işlərini özünün yerinə yetirəcəyini söz vermiş, bu barədə təxminən 160.000 manatlıq smeta tutulmuşdur. O, qeyd olunan binadan 80 kv/metrlik mənzil sahəsini Təqsirləndirilən şəxs satmamış, sonuncunun arvadının adına rəsmiləşdirməmiş, Təqsirləndirilən şəxs ondan mənzil almamış, Təqsirləndirilən şəxs və ya ailə üzvlərinin qarşısında onun heç bir öhdəçiliyi olmamışdır. 80 kv/metrlik yaşayış sahəsini Fikrət Qasımovun xahişi əsasında Zərərçəkmiş şəxs adına rəsmiləşdirmiş, bu barədə müqaviləni Fikrət Qasımova verəndə sonuncu ona təxminən 18.000 manat məbləğində pul vermişdir. Fikrət Qasımovun və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alıb-almaması barədə məlumatı olmamışdır. Bakı şəhəri, Nizami rayonu Elşən Süleymanov küçəsi 4085-ci məhəllədə yerləşən 4 mərtəbəli yaşayış binası Şahid2 məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş “X7” MMC-nin direktoru Şahid1 imzası, həmçinin MMC-nin möhürü ilə təsdiq olunmuş xx xxxxxxxx 2015-ci il tarixli, 51 nömrəli müqavilə və maliyyə arayışı, eləcə də, həmin tarixli 420633 nömrəli etibarnamə ilə müəyyən olunmuşdur ki, ünvan 1 məhəllə ünvanında Şahid3 məxsus torpaq sahəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşməklə, 80 kv/metr sahəsi olan, 2 otaqlı 7 nömrəli mənzil “X7” MMCnin direktoru Şahid1 tərəfindən hər kv/metri 1000 manatdan olmaqla cəmi 80.000 manata Zərərçəkmiş şəxs adına satılmaqla rəsmiləşdirilmiş, mənzilin dəyəri tam şəkildə ödənilmiş, bundan başqa, qeyd olunan sahəyə dair Şahid1 adından Zərərçəkmiş şəxs adına etibarnamə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyası hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay 15 gün müddətinə uzadılmış, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və onun ifadələrini cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirini təkzib edən hal məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan yüngülləşdirici halları, onun cinayətin törədilməsində rolunu müstəsna hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi məqsədə müvafiqdir. İş üzrə maddi sübut- xx xxxxxxxx 2015-ci il tarixli, 51 nömrəli müqavilə,maliyyə arayışı və etibarnamənin surəti cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın və ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixə kimi yəni 9 ay 20 gün həbsdə və ev dustaqlığında olduğu müddəti nəzərə alaraq ona təyin olunan cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Maddi sübut- xx xxxxxxxx 2015-ci il tarixli, 51 nömrəli müqavilə,maliyyə arayışı və etibarnamənin surəti cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və ekspertiza xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar