Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-265/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 15 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 18 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Həmid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən "Həmid” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində gizlətməklə saxladıqları külli miqdarda - 5310 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda – 9354,038 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 4745 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 6925 qram çəkidə narkotik vasitə tiryəki, ümumi sayı 4590 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 183,6 qram olan narkotik vasitə metadon həblərini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla ünvan 2 ünvanında yerləşən evdə qanunsuz saxlamış, qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən bir ədəd bükümdə 104,038 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib 18 may 2022-ci il tarixdə saat 17:30-dan etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 104,038 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə ünvan 2 ünvanına 18 may 2022-ci il tarixdə saat 19:00-dan etibarən keçirilmiş baxış zamanı evin tək otağının sağ tərəfindəki divanın altından onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxlağı beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1310 qram, 1100 qram, 830 qram, 1160 qram, 910 qram, ümumi təmiz çəkisi 5310 qram psixotrop maddə melamtetamin, 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1000 qram, 1000 qram, 1005 qram, 1010 qram, 1000 qram, 995 qram, 1020 qram, 1010 qram, 1005 qram, 205 qram, ümumi təmiz çəkisi 9250 qram narkotik vasitə heroin, 7 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1010 qram, 1000 qram, 1005 qram, 1010 qram, 1010 qram, 1460 qram, 430 qram, ümumi təmiz çəkisi 6925 qram narkotik vasitə tiryək, 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1349 qram, 1826 qram, 1570 qram, ümumi təmiz çəkisi 4745 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 4590 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 183,6 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələri özünü İran vətəndaşı kimi təqdim edən və adının Həmid olduğunu bildirən şəxsdən götürmüşdür. Belə ki, həmin şəxslə sosial şəbəkədə tanış olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamış, polis əməkdaşları narkotik vasitəni videoçəkiliş vaxtı ona vermişlər və çəkiliş zamanı üzərindən aşkar olunmasını bildirməsini istəmişlər. Həmçinin, onun fikrincə, evindən aşkar olunmuş narkotik vasitənin çəkisi 26 kq deyil, 17-18 kq olmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs iranlının narkotik vasitələrin olduğu yerin «konum»unu ona göndərdiyini, o da, gedib həmin yerdən narkotik vasitələri götürdüyünü, narkotik vasitəni verən şəxsin kimliyinin onun üçün maraqlı olmadığını, lakin həmin şəxsin ləhcəsindən iranlıya oxşadığını, iranlının hər kiloqram üçün ona 500 manat pul verdiyini, ibtidai istintaq zamanı ona təzyiqlər olunmadığını və döyülmədiyini, əvvəllər məhkum olunmadığını, himayəsində iki övladının olduğunu, özünün taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, iranlı ilə «İnstagram» sosial şəbəkəsində tanış olduğunu, həmin şəxsin iranlı olmasını dəqiq bilmədiyini, onun pasportunu görmədiyini, narkotik vasitənin olduğu yeri polis əməkdaşlarına onun özünün göstərdiyini, iranlıya "qorxuram, bundan sonra mən bu işlə məşğul olmayacağam" dedikdən üç gün sonra polis əməkdaşları tərəfindən tutulduğunu, özünün xarici pasportunun olmadığını və heç vaxt İranda olmadığını, niyyətinin pul qazanmaq olduğunu, ehtiyacı olduğu üçün bu işə baş qoşduğunu, narkotiki kimlərəsə şəxsən vermədiyini, birinci dəfə də narkotik vasitənin yerini həmin iranlının ona dediyini, birinci dəfə 4 kiloqram narkotik vasitə götürdüyünü və həmin narkotikə görə iranlıdan 2000 manat pul aldığını, qalanlarını isə sonradan gedib götürdüyünü, narkotiklərin İranın sərhədindən Azərbaycana keçirilib-keçirilmədiyini bilmədiyini, bu barədə Həmidin də ona heç nə bildirmədiyini, törətdiyi əməldən peşman olduğnu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyətlər olduğundan Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Tanışı Xeyrulla vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan "Həmid" adlı şəxslə tanış olmuşdur. O, Xeyrulla ilə birlikdə Həmiddən şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Ancaq daha sonra Xeyrulla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. O da, qorxduğundan Həmidlə əlaqə saxlamamışdır. Ancaq işləri qaydasında olmadığından və taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandıra bilmədiyindən Həmidlə əlaqə saxlayaraq Həmid üçün işləmək istədiyini demişdir. Həmid də onu tanıdığından dərhal onunla razılaşmışdır. Belə ki, o, Həmidin göstərişi ilə narkotik vasitə və psixotrop maddələri Həmidin dediyi yerlərdən götürmüş, daha sonra həmin maddələri müştərilərin götürə bilməsi üçün başqa yerlərə qoymaqla şəklini çəkib Həmidə göndərmişdir. Həmid də həmin şəkli müştərilərinə göndərmişdir. Müştərilər də həmin narkotik vasitələri deyilən yerdən götürmüşlər. O, həmin müştəriləri tanımamışdır. Bu qaydada bir neçə dəfə Həmidin göstərişi ilə narkotik vasitələri götürmüşdür. Sonuncu dəfə Həmidin göstərişi ilə bir neçə gün öncə Novxanı qəsəbəsi ərazisindən narkotik vasitə və psixotrop maddələri əldə etmişdir. Həmin narkotik vasitələrin bir hissəsini yuxarıda göstərdiyi qaydada müvafiq yerlərə qoyub şəklini Həmidə göndərməklə paylamışdır. 18 may 2022-ci il tarixdə Həmid ona bir ədəd bükümdə narkotik vasitə heroini götürərək müəyyən etdiyi yerə qoymasını və daha sonra həmin yerin şəklini ona göndərməsini demişdir. Buna görə də o, Həmidin göndərdiyi maddələrdən bir bükümdə heroin götürmüş və evdən çıxmışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, 18 may 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət elmişlər. İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra sonra o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ arxa cibindən "Samsung" və "Redmi" markalı mobil telefonlar, həmin şalvarın sol yan cibindən 1 ədəd açar və 325 manat pul, sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş, həmin kütlə qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonları da götürülmüş, 1 ədəd açar və 325 manat pul isə ona geri qaytarılmışdır. Dindirmə zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı '‘Həmid" adlı şəxsin göstərişi ilə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb əvəzində pul əldə etmək məqsədi ilə götürdüyünü, ‘'Həmid" adlı şəxsi Xeyrulla adlı dostunun vasitəsi ilə tanıdığını, heroindən istifadə etdiyini, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, əlavə olaraq Bakı şəhəri, Sabunçu rayonunda yerləşən yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 6 ünvanına getmişlər. Həmin mənzilin tək otağının sağ tərəfindəki divanın altında gizlətdiyi 5 bükümdə psixotrop maddə metamfetamini, 10 bükümdə narkotik vasitə heroini, 7 bükümdə tiryəki, 3 bükümdə qurudulmuş marixuananı və 4590 ədəd "Metadon" həblərini təqdim etmişdir. Sonra aşkar edilmiş maddələr tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartı otaqdakı masanın üzərindən götürülmüşdür. O, narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğu üçün peşman olduğunu bildirmişdir. İran İslam Respublikası vətəndaşı Həmidlə "Whatsapp» vasitəsi ilə +**********41 saylı nömrə ilə əlaqə saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri "Həmid" adlı İİR vətəndaşının göstərişi ilə müəyyən edilmiş yerlərə qoymaq məqsədilə əldə etmişdir. O, narkotik vasitə heroin istifadə etmişdir. Xeyrulla və Həmidin anket məlumatlarını bilməmişdir ( cild 1, iş vərəqi 68-70, 84-87, 99-104). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs onları təsdiq etdiyini, həmin ifadələri özünün verdiyini və müstəntiqin onun sözlərinə əsasən yazdığını, məhkəmədə də əməlini səmimi etiraf etmək istədiyini, dindirmə başlayarkən üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmamasını bildirdikdə, düzgün danışmadığını, hər şeyi etiraf etmək istədiyini, iki azyaşlı uşağını və ailəsini nəzərə alıb ona mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 may 2022cİ İl tarixdə işlədiyi idarəyə Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 25, mənzil 28 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı Azad Mirzəyevin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 18 may 2022-ci il tarixli qərar çıxarılmış və Baş idarənin əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, Babək prospekti 76 ünvanının yaxınlığına getmişlər. Onlar 18 may 2022-ci il tarixdə saat 16:00 radələrində qeyd edilən ünvanın yaxınlığında əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlamışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədikdən sonra videoçəkiliş apanlmaqla şəxsi axtarış başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz daşıdığı əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, iki ədəd "Samsung" və “Redmi" markalı mobil telefonlar, 1 ədəd açar və 325 manat pul aşkar olunmuşdur. Sonra heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin kütlə qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, 1 ədəd açar və 325 manat pul geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı "Həmid" adlı şəxsin göstərişi İlə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb əvəzində pul əldə etmək məqsədi ilə götürdüyünü, "Həmid" adlı şəxsi Xeyrulla adlı dostu vasitəsi ilə tanıdığını, heroindən istifadə etdiyini, Bakıxanov qəsəbəsində yerləşən yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxladığını və onları təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 25, mənzil 28 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həmin mənzildə divanın altında gizlətdiyi 5 bükümdə psixotrop maddə metamfetaminə bənzər, 10 bükümdə narkotik vasitə heroinə bənzər, 7 bükümdə tiryəkə bənzər, 3 bükümdə qurudulmuş marixuanaya bənzər maddələri və 4590 ədəd ‘'Metadon" həbinə bənzər həbləri təqdim etmişdir. Sonra aşkar edilmiş maddələr tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər apanlmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər hissələrinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd plastik bank kartı otaqdakı masanın üzərindən götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğu üçün peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş idarədə onun üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 may 2022-ci il tarixli protokola əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 ünvanının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə 104,038 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 32-34). Cinayət işində olan baxış və götürmə aparılması haqqında 18 may 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 ünvanının qarşısında saxlanılaraq, yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı evin tək otağının sağ tərəfindəki divanın altından 5310 qram çəkidə psixotrop maddə metamfetamin, 9250 qram çəkidə narkotik vasitə heroin, 6925 qram çəkidə tiryək, 4745 qram çəkidə qurudulmuş marixuana, ümumi sayı 4590 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 183,6 qram olan metadon həbləri aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 38-40). Məhkəmə-kimyəvi ekspertizasının 19 may 2022-ci il tarixli 6/2872 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün № 7” dairəvi möhür əksi olan bir ədəd kağız paketin və bir ədəd qırmızı rəngli çantada olan: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 104,038 qram nəm vəziyyətdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qırmızı rəngli çantada olan 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram, 1000 qram, 1000 qram, 1005 qram, 1010 qram, 995 qram, 1020 qram, 1010 qram, 1005 qram, 205 qram, ümumi təmiz çəkisi 9250 qram olan nəm vəziyyətdə qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1310 qram, 1100 qram, 830 qram, 1160 qram, 910 qram, ümumi təmiz çəkisi 5310 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub psixotrop maddə metamfetamindir. Digər 6 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1010 qram, 1000 qram, 1005 qram, 1010 qram, 1010 qram, 430 qram tünd qəhvəyi rəngli maddə və bir ədəd bağlamada olan təmiz çəkisi 1460 qram olan qəhvəyi rəngli maddə, ümumi təmiz çəkisi 6925 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş 6 ədəd bağlamada olan ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram, 1000 qram, 1005 qram, 1010 qram, 1010 qram, 430 qram olan tiryəklər bir-biri ilə xarici görünüş əlamətlərinə görə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, bir ədəd bağlamada təmiz çəkisi 1460 qram olan tiryək ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Təqdim edilmiş ümumi sayı 4590 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 183,6 qram təşkil edir (cild 1, iş vərəqi 48-53). Məhkəmə-bioloji ekspertizasının 19 may 2022-ci il tarixli 7/513 №-İİ rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən..." yazısı və imzalar olan qırmızı rəngli idman çantasındakı 3 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1349 qram, 1826 qram, 1570 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 4745 qramdır (cild 1, iş vərəqi 55-58). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 4200 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi soğru zamanı bildirmişdir ki, 4-5 aydır psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Həmçinin narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Əvvəllər arabir düşəndə güclü təsir edən dərman preparatı olan tramadol həblərindən və narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir (cild 1, iş vərəqi 161-162). İbtidai istintaq orqanının 24 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarına sərf olunduqdan sonra qalıq çəkiləri 4744,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, 9353,598 qram qalıq çəkisi olan heroin, 6924,72 qram qalıq çəkisi olan tiryək, 5309,8 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin və 4545 ədəd qalıq qalan metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 109-111). İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən olunması məqsədilə verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 136). İbtidai istintaq orqanının 16 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 35, 41, 148-161). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 23 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin statistik-informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 118-119). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirmədi və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildi. Lakin ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə gör, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları və hazırkı hökmdə sadalanan sübutları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl düzgün tövsif edilmişdir, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61.1.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2022-ci il tarixli 4200 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq çəkiləri 4744,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, 9353,598 qram qalıq çəkisi olan heroin, 6924,72 qram qalıq çəkisi olan tiryək, 5309,8 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin və 4545 ədəd qalıq qalan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin mənzilə baxış və götürmə zamanı aparılmış videogörüntülərin olduğu iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 143 (yüz qırx üç) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 143 (yüz qırx üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkiləri 4744,7 qram olan narkotik vasitə qurudulmuş marixuana, 9353,598 qram olan narkotik vasitə heroin, 6924,72 qram olan narkotik vasitə tiryək, 5309,8 qram olan psixotrop maddə metamfetamin və 4545 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi görüntülərini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 143 (yüz qırx üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-265/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-265/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver