Məhkəmə qərarları › İş №1(101)-267/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-267/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-267/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 154 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2019-cu ilin oktyabr ayının əvvəllərində özünə müraciət edən Şahid2 cinayətdən xəbərsiz olan atası Vaqif Əmiraslanovun Bakı Humanitar Kollecində rektor olmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyində geniş əlaqələrə malik olduğunu, əlaqələrindən istifadə edərək onu həmin Kollecə prorektor vəzifəsinə təyin etmək imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün atasının Təhsil Nazirliyində işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid2 aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2019-cu ilin oktyabr ayının ortalarında Abşeron rayonu, Fatmayi kəndi ərazisində yerləşən “Töhfə” adlı restoranda Şahid2 4.500 (dörd min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.650 (yeddi min altı yüz əlli) manat və 350 (üç yüz əlli) manat olmaqla, cəmi 8.000 (səkkiz min) manat məbləğində, eyni niyyətlə, bir həftə sonra Bakı şəhəri, Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsi 32/15-də yerləşən “X14 adına” Milli Oftalmologiya Mərkəzinin yaxınlığında Şahid1 iştirakı ilə Şahid2 12.000 (on iki min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2019-cu ilin noyabr ayının əvvəllərində özünə müraciət edən Şahid3 guya yaxın qohumunun həmin Nazirlikdə rəhbər vəzifədə işləməklə geniş əlaqələrə malik olduğunu və bu əlaqələrindən istifadə edərək sonuncunun oğlu Vüqar Abdullayevi həmin Nazirliyin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəltmək imkanına malik olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar Abdullayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 vasitəsilə Vüqar Abdullayevin atası Şahid3 bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2019-cu ilin noyabr ayında Abşeron rayonu, Novxanı kəndi İlqar Abdullayev küçəsində yerləşən “Dalğa” Ticarət Mərkəzinin yaxınlığında Şahid1 Şahid3 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar Abdullayevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş X7 həbsdən azad edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin fevral ayında özünə müraciət edən Əli Məhərrəmovun atası Şahid4 əvvəllər prokurorluq orqanlarında işləməsi ilə əlaqədar guya prokurorluqda səlahiyyətli vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin münasibətindən istifadə edərək Əli Məhərrəmova qeyd edilən köməkliyi göstərmək, yəni əməlində cinayət tərkibinin əlamətlərinin olmasına baxmayaraq, onun barəsindəki cinayət işi üzrə icraata qanunsuz olaraq bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək imkanına malik olmasını yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün prokurorluq orqanlarında tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əli Məhərrəmovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 vasitəsilə və şəxsən telefonla danışmaqla Şahid4 aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin fevral ayının sonlarında ünvan 3 ünvanında yerləşən “Avesta Holding”in inzibati binasının qarşısında Şahid1 vasitəsilə Şahid4 məxsus 18.000 (on səkkiz min) manat məbləğində, eyni niyyətlə, iki gün sonra sonuncuya məxsus 2.000 (iki min) məbləğində pul vəsaitini Şahid1 və cinayətdən xəbərsiz taksi sürücüsü Şahid5 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində istintaqla dəqiq müəyyən edilməyən ünvanda alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əli Məhərrəmovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid4 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək məhkəməyə təqdim etdiyi yazılı ifadəsində göstərmişdir ki, o, Şahid1 təxminən 1998-ci ildən qonşu kimi tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Xəqanini təsadüfən 2019-cu ilin yay aylarında Bakı şəhərində görmüş və bir-biri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini vermişlər. Bundan təxminən bir ay sonra Xəqani zəng edib bildirmişdir ki, sələmə girovsuz pul istəyən olsa xəbər elə, ancaq inandığın insanlar olsun ki, səhər arada qalmayaq, bu işdə yaxşı xeyrimiz də olacaq, çünki girovsuz pul olduğundan sələm (faiz) yüksəkdi, ordan bizim də xeyrimiz var. O, belə bir adam olsa xəbər edəcəyini demişdir. Təxminən 2019-cu ilin oktyabr ayının 3-5 aralığında o, idman layihələrinin təşkili ilə bağlı zərərə düşdüyündən Xəqaninin mobil nömrəsinə zəng edib 4000 dolların 3-4 günlük lazım olduğunu bildirmişdir. Təxminən bir neçə saat sonra Xəqani zəng edib 4000 dollar hazırdır deyərək, onu Mehdiabad qəsəbəsinə adını xatırlamadığı bir kafeyə çağırmışdır. X11 əmisioğlu olduğunu bildirdi və 4000 dollar Samirdən alıb sayaraq ona vermişdir. Daha sonra isə Xəqani bildirdi ki, özün bilirsən ki, bu günkü gün heç kim heç kimə girovsuz pul vermir, bu məbləği də sənə girovsuz verdiyimizdən 3 gündən sonra tam olaraq 4000 dolları və əlavə 1500 dollar faizlə birlikdə qaytarmalı olacaqsan. Arada olan razılaşmaya əsasən 3 gün tamam olduqda Xəqani zəng edib pulu istəyəndə bir az möhlət verilməsini istəmişdir. Xəqani 3 gün yenidən tamam olan kimi ardıcıl olaraq zəng edərək pulu tələb etməyə başlamışdır. Oktyabr ayının təxminən 20-i Xəqani zəng edərək demişdir ki, “gözün aydın, bunu istəyirdin?, dörd fara mersedesimi satıb sənin şişib 20000 manat olmuş borcunu bağldım.”. Bununla da, o, anlamışdır ki, “Xəqani onu yükləyir”. Oktyabr ayının sonları Xəqaniyə 5.000 dollar təklif etsə də razı olmamışdır. Əvəzində onu biabır edəcəyini bildirərək, əmisi, atasının adlarını da bu məsələyə qataraq saytlara verəcəyini bildirib, onu təhdid edərək özündən asılı vəziyyətə gətirməyə çalışmışdır. Noyabr ayının sonlarından artıq Samir də onu yığaraq pulu tələb etməyə başladı. O, isə onlara həmin 20000 manatı verməyəcəyini, yalnız götürmüş olduğu məbləği qaytaracağını bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortaları Xəqani zəng edərək qohumu Əli adlı şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində seçilmiş olmuş həbs qətimkan tədbirinin məhkəmədə ev dustaqlığı ilə əvəz edilməsində köməklik etməyini bildirmişdir. Xəqani bu işi həll edəcəyi təqdirdə aralarında olan dırnaq arası şişirdilmiş 20000 manatın faizlərini sildirəcəyini demişdir. O, bir neçə vəkil tanışları ilə məsləhət etdikdən sonra Əlinin işinə məhkəmədə baxıldığı təqdirdə onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ehtimalının böyük olduğunu və bu məsələ üçün 12.000 manatın lazım olacağını bildirmişdir. Bir neçə gün sonra Xəqani zəng edərək onu Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən “Avesta” Holdinqin qarşısına çağırmışdır. Orada ona 10000 manat pul vermiş, qalan 2000 manatı isə 2 gün sonra verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Xəqani zəng edərək 2000 manatı da çatdırmaq istədiyini bildirmişdir, onun işi olduğu üçün taksi sürücüsü Zəfəri göndərmişdir ki, Xəqanidən 2000 manatı götürərək ona çatdırsın. Zəfər də pulu Xəqanidən götürüb ona çatdırmışdır. Aradan təxminən bir neçə həftə keçdikdən sonra Xəqaniyə zəng edərək bildirmişdir ki, Əlinin ev dustaqlığı məsələsi əmələ gəlmir, görüşək pulu sənə qaytarım. Xəqani bu sözlərdən əsəbiləşərək telefonu bağlamışdır. Təxminən 1 saat sonra Xəqani zəng edərək demişdir ki, “işi nəyin bahasına olursa olsun həll etməlisən, mən o, adamın yanında hörmət sahibiyəm, ev dustaqlığı alınmasa da məhkəmənin sonunda hansısa qaydada buraxılmalıdır.”. O, bu işin mümkün olmadığını israrla bildirdikdə, Xəqani bildirmişdir ki, “özün bil işi həll etməsən, Əlinin çatası 12000 manat puldan əlavə 8000 manat da tələb edir, ümumilikdə 20000 manat verəcəksən.”. Sonradan izahat vermək üçün prokurorluğa gedəndə orada məlum olmuşdur ki, Xəqani Əlinin işinə görə 20000 manat pul alıb xərclədiyi 8000 manatı onun boynuna atır. Xəqani Fövqəladə Hallar Nazirliyinin rayon üzrə yanğın söndürmə xidmətinə qohumunu düzəltmə təklifini dekabr ayında etmişdir. Xəqani bildirmişdir ki, onun qohumunun 6-7 min manat pulu var, onun həmin vəzifəyə düzəltməyə kömək etsə, o pulu borcdan çıxacaq, lakin öncədən pul verməyəcək. O, şişirdilmiş 20.000 manat pulun qaytarılmasına vaxt udmaq üçün yalandan guya bir nəfər hörmətli şəxsə bu işin həll edilməsində yardımçı olmasını dediyini, lakin həmin şəxsin Respublikadan kənarda olmasını, gələndə bu işi həll edə biləcəyini Xəqaniyə bildirmişdir. Xəqani mütəmadi vaxtlarda həmin adamın gəlməsi barədə zəng edib soruşduqca, o da müxtəlif bəhanələrlə vaxtı uzadırmış. O, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhqiqatçının çağırışı ilə idarəyə gedərək izahatını verdikdən sonra, Xəqani onunla əlaqə saxlayaraq telefonda bildirmişdir ki, Əli Məhərrəmovun yanında hörmətdən düşməmək üçün Əli Məhərrəmovu zərərçəkmiş kimi tanıyacaqlar və onun qarşısında etibardan tam düşməməsi üçün ifadəsində guya onun işi ilə bağlı pulu Bakı Apelyasiya məhkəməsində rəhmətə getmiş hakim Əflatuna verməsini desin, o da öz növbəsində Əlini razılığa gətirəcək ki, ondan 20000 manat əvəzinə 8000 manatı almaz, eləcə 12000 manat pul qaytararsan. O, Xəqaniyə inanıb ifadəsində Əli ilə bağlı epizodda Xəqani dediyi kimi ifadə vermişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ondan öncə də üzləşmədə onun yalanlarla üzünə durmasından sonra anlamışdır ki, Xəqani onu inandıraraq aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və sonuncunun atası X2 təxminən 20 il olar ki, tanımış, onlarla qərəzli, ədavətli olmamış, həmçinin qohumluğu olmamışdır. Təqsirləndirilən şəxsla 2019-cu ilin oktyabr ayında görüşən zaman qohumu Samir Şahverdiyevin onun atasının rektor olduğu Bakı Humanitar Kollecində işə düzəltməyin mümkün olub-olmadığını soruşmuş, Emil isə kollecdə bir prorektor yerinin vakant olduğunu dediyindən o, da Samiri ora işə düzəltməsini xahiş etmiş, Emil də bu barədə maraqlanıb xəbər edəcəyini dedikdən təxminən 3-4 gün sonra Emil onunla əlaqə saxlayaraq atası Vaqif Əmiraslanovun Təhsil Nazirliyi ilə əlaqə saxlayıb Samirin işi ilə bağlı “hə” cavabı aldığını deyib görüş təklif etmiş, görüşən zaman Emil Samirin prorektor təyin edilməsi üçün ümumlikdə 22.000 manat pul lazım olduğunu, həmin pulun da 20.000 manatının Təhsil Nazirliyində adını demədiyi vəzifəli şəxsə veriləcəyini, qalan 2.000 manatının isə atası Vaqifə çatacağını bildirmiş, o da bu barədə Samirə telefonla məlumat verdikdə Samir birlikdə söhbət etməyi təklif etmişdir. 2019-cu ilin oktyabr ayının təxminən ortalarında Emillə görüşmək üçün Mehdiabad qəsəbəsində “Töhfə” restoranına Samirlə birlikdə getmiş, həmin vaxt Emil də ora sürücüsü kimi təqdim etdiyi Zəfərlə birlikdə gəlmiş, sonra Emil, Samir və özü restoranın yemək otağına keçmiş, Zəfər isə çöldə gözləmiş, həmin vaxt Samir Emilə həmin pulun bir hissəsini verəcəyini, qalan hissəsini isə bir neçə günə verəcəyini bildirmiş, Emil də bununla razılaşmışdır. Az sonra onların yanına Zəfər də gəlmiş və Samir orada onun və Emilin sürücüsü Zəfərin iştirakı ilə ilkin olaraq Emilə 4.500 ABŞ dollarını, eləcə də əlavə 350 manatı hesabladıqda cəm halda 8.000 manatı vermiş və bundan sonra Emil həmin yerdən çıxıb getmişdir. Bundan bir həftə sonra isə Zərifə Əliyevə adına Göz Xəstəxanasının yaxınlığında Samir qalan 12.000 manat pulu da onun iştirakı ilə Emilə vermiş, qalan 2.000 manat pulun isə işə təyinlə bağlı əmrin çıxmasından sonra verilməsi barədə razılığa gəlmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 20.000 manat pulu 2019-cu ilin oktyabr ayında iki dəfəyə Samirdən aldıqdan sonra məsələnin təxminən iki həftə ərzində həll ediləcəyini bildirmişdir. Lakin iş düzəlmədiyindən 2020-ci ilin mart ayında bir neçə dəfə Emilin atası Vaqif Əmiraslanovun qəbuluna düşmək üçün onun müavini Namiq adlı şəxsin qəbulunda olsalar da, Namiq adlı şəxs hər dəfəsində onlara yeni bir tarix deyərək məsələnin həmin vaxtadək həll ediləcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla Samirin prorektor təyin edilməsi söhbətlərinin aparıldığı ərəfədə 2019-cu ilin noyabr ayında İsmayıllı şəhərindən olan tanışı Şahid3 onunla söhbət edərkən, özünün doğma oğlu Vüqar Abdullayevin işsiz olduğunu bildirməklə ona işə düzəlmək üçün dost-tanışları vasitəsi ilə köməklik etməyi istəmiş, buna görə də ondan Vüqarın harada işləmək arzusunda olduğunu soruşduqda Rövşən də oğlu Vüqarın orta təhsilli olmasını, fiziki baxımdan sağlam olduğunu bildirməklə, Vüqarın İsmayıllı Rayon Yanğından Mühafizə İdarəsində işləmək istədiyini bildirmiş, o da tanışları ilə əlaqə saxladıqdan sonra bu barədə Rövşənə xəbər verəcəyini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra tanışı Təqsirləndirilən şəxsla Bakı şəhərinin Nərimanov rayonunun Təbriz küçəsindəki «Nar çiçəyim» restoranında görüşüb söhbət edərkən, ondan Fövqəladə Hallar Nazirliyində tanışının olub-olmadığını soruşmuş, Emil isə əmisi Əhliman Əmiraslanovun oğlunun həmin qurumda general rütbəsində xidmət etdiyini bildirmiş, bu söhbəti biləndən sonra Emildən öz tanışının həmin qurumda işə düzəlməsinə köməklik etməsini istəmiş, Emil isə cavabında həmin general qohumu ilə əlaqə saxladıqdan sonra bu barədə xəbər verəcəyini bildirmişdir. Bundan təxminən 4-5 gün sonra Emil ona zəng edərək, Vüqarın həmin quruma işə düzəltməyin qiymətini bildirməklə, kənar adamlar üçün qiymətin 15.000 manat olduğunu, Vüqarın işə düzəlməsini isə ona görə 12.000 min manata həll edə biləcəyini bildirmişdir. O, da bu söhbəti tanışı Rövşənə bildirmiş, Rövşən də üç gün sonra ona 12.000 manatı Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Şuşa» restoranın həyətində olan çayxanada vermiş, Rövşən pulu çatdırandan sonra Emillə telefon əlaqəsi saxlamış və telefon danışığı zamanı Emil olduğu yeri bildirmiş, həmin gün Abşeron rayonunun Novxanı kəndi ərazisindəki «Dalğa» Ticarət Mərkəzinin qarşısında Emillə görüşmüş, Emil görüş yerinə taksi sürücüsü Zəfərlə birlikdə gəlmiş, həmin vaxt Emil və Zəfər avtomaşından yerə enib onunla görüşmüşdür. Həmin vaxt da tanışı Şahid3 oğlu Vüqarın işə düzəlməsi üçün verdiyi sənədləri və 12.000 manat pulu taksi sürücüsü Zəfərin iştirakı ilə Emilə əlbəəl vermiş, Emil də sənədləri və pulu aldıqdan sonra yanında pulu sayıb məbləğin düzgün olmasını bildirmiş, bundan sonra, Rövşənin oğlu X5 Rayon Yanğından Mühafizə İdarəsində yanğın söndürən vəzifəsinə işə düzəlməsi üçün iki ay vaxt istəmiş, Emilə etiraz etməsə də, həmin işin alınmasına ciddi yanaşmağı xahiş etmiş, buna baxmayaraq Emil Vüqarı işə düzəltməmiş, eləcə də, bu məqsədlə aldığı pulu qaytarmamışdır. Həmin söhbətlərin getdiyi ərəfədə təxminən, 2020-ci ilin fevral ayının ortalarında qardaşının qohumlarından olan Şahid4la olan görüşü zamanı sonuncu oğlu Əli Məhərrəmovun bank işi ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi ilə bağlı məhkəmə tərəfindən həbs edildiyini və sonuncunun ən azından həbsdən azad edilməsi ilə bağlı yol axtardığını bildirmiş, bu zaman o, Təqsirləndirilən şəxs sabiq prokurorluq əməkdaşı olmasını və prokurorluq, məhkəmə orqanlarının işi ilə bağlı məlumatlı olmasını nəzərə alaraq onunla məsləhətləşmək qərarına gəlmiş, Emillə olan telefon danışığı zamanı Emil Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən tanışlarından bu barədə məlumat aldıqdan sonra ona xəbər edəcəyini bildirmiş, təxminən iki gün sonra Emil ona zəng edərək Nərimanov rayonunda yerləşən “Avesta Holdinq”in binasının qarşısında görüşməyi təklif etmiş, görüş zamanı Emil prokurorluqda işləyən yaxını vasitəsilə Əli Məhərrəmovun həbsdən azad etdirilməsi ilə yanaşı, araşdırmanın onunla bağlı olan hissəsinə xitam verilməsinin mümkün olduğunu, həmin işin 20.000 manata başa gələcəyini bildirmiş, o, da bu barədə Şahid4la danışdıqdan sonra ona cavab verə biləcəyini bildirmiş, Şahid4la olan danışığı zamanı Oktay həmin işin 20.000 manatla bitəcəyi mümkündürsə, həmin məbləği verməyə hazır olduğunu bildirmiş, söhbət vaxtı hətta Şahid4 yanında Emillə telefon əlaqəsi yaradaraq, sonuncunun ona dediklərini təsdiq etməsini xahiş etmiş, Emil də bir daha ona dediklərini telefonda təsdiq etmişdir. Təxminən iki gün sonra Şahid4 verdiyi 18.000 manatı “Avesta Holdinq”in binasının qarşısında Təqsirləndirilən şəxs vermiş, qalan 2.000 manatı isə iki gün sonra Emilin sürücüsü Zəfər Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Sevgilim” kafesinin yaxınlığında ondan götürmüşdür. Təqsirləndirilən şəxs məbləği tam şəkildə aldıqdan sonra Əli Məhərrəmovun uzağı bir həftə ərzində həbsdən azad ediləcəyini bildirmiş, lakin həmin məsələdən təxminən iki həftə sonra Əli Məhərrəmovla bağlı olan cinayət işinin istintaqının tamamlanaraq, baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini öyrənmiş, Emilə zəng edərək bu barədə ondan aydınlıq gətirməsini tələb edərkən, X20 məhkəmədən buraxılacağını bildirmiş, o, isə razılaşmalarının bu cür olmadığını və məsələnin həlli ilə bağlı aldığı pulları qaytarmasını tələb etmişdir. Bundan bir müddət sonra isə Şahid4 Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını əsas gətirərək pulunu tələb etməyə başladığından o, Şahid4la olan qohumluq əlaqələrini və onu bu məsələdə Emilə etibar etməsində özünün təkid etməyini nəzərə alaraq, Xızı rayonunda yerləşən torpaq sahəsini sataraq sonuncunun 20.000 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Şahid1 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilk olaraq aldığı 20.000 manat pulu faizə borc alma ilə əlaqədar göstərdikləri yalan və uydurma sözlərdir. Samir Emilə borc pul verməyibdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu və dostu Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında qohumu Şahid1la söhbəti zamanı sonuncu Təqsirləndirilən şəxs adlı uşaqlıq dostu olduğunu, onun sabiq prokurorluq əməkdaşı olduğunu və atası Vaqif Əmiraslanovun Bakı Humanitar Kollecinin direktoru olduğunu deyib, bir müddət əvvəl atasının işlədiyi kollecə müəllim axtarıldığını ona demiş, o, da Xəqaniyə müəllim olaraq deyil, başqa vakant vəzifə olarsa, işləmək istədiyini demişdir. Bu söhbətdən təxminən bir neçə gün sonra Xəqani ilə birlikdə Mehdiabad qəsəbəsində yerləşən “Töhfə” adlı kafenin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Emil ora Zəfər adlı taksi sürücüsü ilə birlikdə gəlmiş, daha sonra kafenin içində özü, Emil və Xəqani arasında olan söhbət zamanı Təqsirləndirilən şəxs atası Vaqif Əmiraslanovun direktoru olduğu Bakı Humanitar Kollecində prorektor yerinin boş olduğunu və onu həmin vəzifəyə təyin etdirə biləcəklərini, bu məsələnin Təhsil Nazirliyində həll edilməsinin 20.000 manata başa gələcəyini, əmri çıxdıqdan sonra isə 2.000 manat da həmin Kollecdə direktor işləyən atası Vaqifə “şirinlik” veriləcəyini, ümumilikdə isə prorektor vəzifəsinə təyin olunmağının 22.000 manata başa gələcəyini, yerli olmaqları ilə bağlı özünün də nəzərinin həmişə üzərində olacağını söyləməklə mehribançılıqla işləyəcəklərini bildirmişdir. Emilin Xəqani ilə dost olmasını, əvvəllər hüquq mühafizə orqanı əməkdaşı olmasını nəzərə alaraq oradaca üzərində olan 4.500 ABŞ dolları pulu, həmin dövrün məzənnəsi ilə 7.650 manat hesablanmışdır və üzərində də 350 manat pulu cəmi 8.000 manat pulu Xəqaninin iştirakı ilə Emilə vermiş, qalan 12.000 manat pulu isə hissə-hissə olmaqla bibisi Zəringül Şahverdiyevadan borca alıb təxminən son görüşdən bir həftə sonra Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında yerləşən lombardın qarşısında Xəqaninin iştirakı ilə Emilə vermiş, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra uzağı bir ay müddətində işə təyinlə bağlı əmrin veriləcəyini, artıq Təhsil Nazirliyindən işlə bağlı razılıq alındığını bildirmişdir. Lakin daha sonra bibisi təcili əməliyyat keçirdiyindən və işin həllinin də gecikdiyini nəzərə alaraq Emildən pulu qaytarmasını tələb etmiş, Emil isə onu arxayın salaraq lombarddan faizə pul götürərək aldığı borcu bağlamağı təklif etmiş, özünün də uzağı bir həftəyə pulu qaytaracağını bildirmişdir. O da Emilin sözünə inanaraq Bakı şəhəri, Sabunçu bazarında fəaliyyət göstərən lombarda 20.000 manatlıq qızıl-zinət əşyaları girov qoyaraq həmin lombardı işlədən X8 hissə-hssə olmaqla cəmi 12.500 manat pulu 0,6 faizlə borca götürüb bibisi Zəringülün pulunu qaytarmışdır. Şahid2 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ondan faizə 4.000 ABŞ dolları məbləğində borc aldığı barədə dedikləri tamamilə yalandır, o, Emilə borc pul verməmişdir. Emilin ondan aldığı 20.000 anat pulu “şirinlik” adı ilə aldığından həmin pulun qanunsuz verildiyini bilmiş, lakin həmin pulun rüşvət olduğunu və vəzifəli şəxsə rüşvət olaraq veriləcəyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 və X1 əvvəllər tanımamışdır. Lakin təxminən 2020-ci ilin mart ayında Kollecdə işdə olarkən iki nəfər şəxsin Kollecin direktoru ilə görüşmək istəmələri barədə ona məlumat verilmiş, həmin vaxt Kollecin direktoru Vaqif müəllim işdə olmadığı üçün həmin şəxsləri qəbul etmiş, onlarla tanış olarkən Şahid1 və Şahid2 olduqlarını bilmiş, Şahid1 ona Təqsirləndirilən şəxs uşaqlıq dostu olduğunu, Xızı rayonunda birlikdə böyüdüklərini bildirmişdir. Şahid1 Vaqif Əmiraslanovu hansı səbəbdən axtardıqlarını soruşduqda o, Təqsirləndirilən şəxs dostu Samir Şahverdiyevdən pul aldığını, lakin pulu ödəmədiyini, dostu Samirin Emilə verdiyi pulu faizə verdiyini bildirmiş, Şahid2 də Xəqaninin dediklərini təsdiq etmişdir. O, isə bu işin Vaqif müəllimə aidiyyatı olmadığını, lakin ona bu məsələ barədə məlumat verəcəyini dedikdən sonra onlar çıxıb getmişlər. Şahid1 Vaqif Əmiraslanovu hansı səbəbdən axtardıqlarını soruşanda o, Təqsirləndirilən şəxs dostu Samir Şahverdiyevdən pul aldığını, pulu ödəmədiyini, dostu Samirin Emilə verdiyi pulu faizə verdiyini demişdir. Sonra onlar getmişlər. İkinci dəfə onlar təkrarən gələndə onları Vaqif məllimlə görüşdürmüşdür. Xəqani və X22 işə düzəltməsi barədə ona deməmişlər. Sadəcə olaraq demişlər ki, Emilə faizə pul vermişik, o pulu qaytara bilmirsə heç olmazsa faizi ödəsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Vüqar Abdullayev onun doğma oğlu olmaqla orta təhsilli, fiziki cəhətdən sağlam bir şəxsdir və işsizdir. Oğlu Vüqara iş axtarsa da, tapa bilməmiş, buna görə də dost-tanışları ilə rastlaşanda və həm söhbət olanda oğlu Vüqar üçün bir iş tapılmasını onlardan xahiş etmişdir. 2019-cu ilin təxminən oktyabr ayının sonu noyabr ayının əvvəllərində dostu Şahid1la telefon əlaqəsi saxlayıb hal-əhval tutarkən, ona da oğlu Vüqarın işsiz olmasını və yaxınları vasitəsi ilə ona bir iş tapmasını xahiş etmiş, söhbət zamanı Vüqarın İsmayıllı rayon Yanğından Mühafizə idarəsində işləmək istədiyini bildirmiş, Xəqani də tanışları ilə əlaqə saxlayıb ona xəbər edəcəyini söyləmiş, həmin söhbətdən bir neçə gün sonra Xəqani ona telefonla zəng edərək İsmayıllı rayon Yanğından Mühafizə idarəsində Vüqarın yanğın söndürən işinə düzəlməsi üçün öz tanışları ilə söhbət etdiyini və adını xatırlamadığı tanışlarından birinin bu işi 12.000 manata həll edə biləcəyini demişdir. Buna görə də Xəqani ilə razılaşıb bir-iki günə həmin pulu borc-xərc edib tapıb onunla görüşəcəyini demiş, bundan sonra qeyd edilən məbləği toplamaq məqsədi ilə evdə olan 4.000 manat vəsaitin üstünü düzəltmək üçün “xxxx” ASCnin İsmayıllı rayon filialından oğlu Səid Abdullayevin adına 6.000 manat, öz adına isə 3.000 manat istehlak krediti götürüb həmin pulları da evdəki pullarla cəmləyib 12.000 manat düzəltdikdən sonra Xəqani ilə zəngləşib görüş yeri təyin edərək Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsindəki “Şuşa “ restoranının həyətində olan çayxanada 12.000 manat pulu, oğlu Vüqarın şəxsiyyət vəsiqəsini, hərbi biletini və orta təhsil haqqında attestatını Xəqaniyə vermiş, həmin vaxt X13 rayon Yanğından Mühafizə İdarəsinə yanğın söndürən vəzifəsinə işə qəbul edilməsinin tanışı tərəfindən iki aya həll olunacağını söyləmiş və bundan sonra sağollaşıb ayrılmışlar. Həmin vaxtdan iki ay keçəndən sonra Xəqani ilə telefon əlaqəsi saxlamış, telefon danışığı zamanı Xəqani öz tanışının həmin işlə məşğul olduğunu və yaxın vaxtlarda xəbər olan kimi məlumat verəcəyini bildirmişdir. Sonra “Covid-19” virusunun yayılmasının qarşısının alınması ilə əlaqədar xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar bir qədər də gözləmək məcburiyyətində qalmış, karantin rejimi yumşaldılan vaxtlarda Xəqaniyə zəng edib oğlu Vüqarın işinin alınıb-alınmadığını, əgər alınmırsa, yəni onun tanışı bu işi görə bilmirsə, pulu qaytarmasını demiş, Xəqani də öz tanışı ilə əlaqə saxladıqdan sonra ona zəng edib bu işin xx xxxx 2020-ci il tarixədək həll olunacağını söyləmiş, həmin tarix başa çatsa da, oğlu Vüqarın iş məsələsi həll olunmamış, buna görə Xəqani ilə əlaqə saxlayarkən Xəqani ona bildirmişdir ki, həmin işi düzəldən tanışı bir çox adamları aldatdığı üçün ona Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, ora müraciət etdiyi təqdirdə pulun qaytrılmasına köməklik edilcəkdir. Şahid3 həmçinin göstərmişdir ki, oğlu Vüqarın işə düzəldilməsi müqabilində tanışı Şahid1 12.000 manat məbləğində pul verərkən bunun qanunsuz olmasını bilməmiş, həmin pulu oğlu Vüqarın işə düzəlməsi məsələsini həll edəcək şəxsə “şirinlik” adı ilə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Əli Məhərrəmov uzun müddət bank sistemində çalışmış və “xxxx” ASC-nin “İnvestisiya” filialında işlədiyi 2004-2007-ci illərlə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılarkən Əli həbs olunmuşdur. Buna görə də Əlinin həbsdən azad olunması üçün digər yollar axtarmağa başlamış, həmin ərəfələrdə dosttanışları ilə söhbət edərkən onlardan oğlu Əlinin həbsdən azad edilməsi üçün köməklik etmələrini xahiş etmişdir. 2020-ci ilin fevral ayında da tanışı Xəqani ilə görüşüb danışarkən ona da oğlu Əlinin həbsdən azad edilməsi üçün köməklik etməsini xahiş etmiş, Xəqani də bu işlə maraqlanıb xəbər verəcəyini söyləmiş, söhbətdən bir neçə gün sonra Xəqani ona zəng edərək öz tanışlarından olan keçmiş prokurorluq işçisi Təqsirləndirilən şəxs prokurorluqda işləyən yaxınları vasitəsi ilə Əli Məhərrəmovun həbsdən azad etdirilməsinə, eyni zamanda, araşdırmanın onunla bağlı olan hissəsinə xitam verilməsinə nail olmağın mümkün olduğunu, həmin işin 20.000 manata başa gələcəyini bildirmiş, o, isə Xəqaninin Emil adlı tanışının təklifinin mümkün olduğu halda həmin işlər üçün 20.000 manat pulu verməyə razı olduğunu bildirmiş, həmin vaxt Xəqaninin dediklərini dəqiqləşdirmək istəyərkən Xəqani Emillə telefon əlaqəsi yaratmış, Emil də telefon danışığı zamanı Xəqaninin dediklərini təsdiq etmişdir. Bu danışıqlardan təxminən iki-üç gün sonra Xəqani ilə Bakı şəhəri Nərimanov rayonu ərazisindəki “Xarı Bülbül” restoranı yaxınlığında olan ofisdə təkbətək görüşüb 20.000 manat pulu ona vermiş, Xəqani də bildirmişdir ki, tanışı Emilin deməsinə görə ən geci bir həftə ərzində Əli Məhərrəmov həbsdən azad ediləcək. Bu söhbətdən təxminən iki həftə sonra oğlu Əli barəsində olan cinayət işinin tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini öyrənmiş, buna görə də Xəqani ilə əlaqə saxlayaraq nə baş verdiyini soruşmuş, Xəqani də bu məsələdən xəbərsiz olduğunu, tanışı Emillə əlaqə saxladıqdan sonra cavab verəcəyini demiş, sonra Xəqani ona zəng edərək tanışı Emilin Əlini məhkəmədə həbsdən buraxdıracağını bildirdiyini demiş, buna narazılığını bildirsə də, məsələyə bir qədər səbrlə yanaşmış, bundan bir neçə gün sonra heç bir yeniliyin olmadığını görüb Xəqaniyə zəng edərək onun tanışı Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını bildirməklə 20.000 manat pulun geri qaytarılmasını tələb etmiş, 2020-ci ilin fevral ayının axırlarında isə Xəqani həmin pulu ona qaytarmış, həmçinin bildirmişdir ki, Emil adlı tanışı həmin pulu aldıqdan sonra Əlinin həbsdən buraxılması və ya barəsində olan cinayət işinə xitam verilməsi üçün hər hansı bir addım atmamış, verdiyi vədi yerinə yetirməyərək onu aldatmışdır. Şahid4 həmçinin ifadəsində göstərdi ki, oğlu Əlinin buraxılması üçün pul Təqsirləndirilən şəxs tərəfindən “şirinlik” adı ilə alındığı üçün həmin pulun qanunsuz verildiyini bilmiş, lakin həmin pulun rüşvət qismində veriləcəyini bilməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1989-cu ildə hazırda yaşadığı yerə köçdükdən sonra tanımış, belə ki, Emilin ailəsi onun yaşadığı binada yaşamış, qonşu olduqlarından münasibətləri həmişə yaxşı olmuş, 2000-ci il tarixdən Emil və ailəsi yaşadıqları yerdən başqa bir yerə köçsələr də, taksi fəaliyyəti ilə məşğul olduğundan və Emillə münasibəti olduğundan onun özünü və ailə üzvlərinə taksi kimi xidmət göstərmişdir. Şahid1 da Təqsirləndirilən şəxs görə tanımış, belə ki, Emillə Xəqanini bir neçə dəfə görüşüb söhbət edərkən görmüşdür. Belə ki, 2019-cu ilin təxminən oktyabr ayında Emil ona zəng edib onu Mehdiabad qəsəbəsinə “Töhfə” adlı restorana aparmağı xahiş etdiyindən taksi sürcüsü kimi onu dediyi yerə aparmış, yolda olarkən Emil ona bildirmişdir ki, Xəqani adlı dostundan pul götürmək üçün həmin yerə gedir, lakin hansı məqsədlə pul götürməsi barədə ona heç nə deməmişdir. Həmin gün təxminən saat 20 radələrində həmin yerə çatmış, az sonra Xəqani də yanında bir nəfərlə ora gəlmiş və yanında olan həmin adamın adının “Samir” olduğunu deyib onu əmisi oğlu kimi təqdim etmişdir. Bundan sonra Emil, Xəqani və Samir həmin restoranın kabinetinə daxil olmuş, o isə çöldə - maşında gözləmişdir. Təxminən 40 dəqiqə sonra Emil onu da çay içməyə çağırdığından onların yanında gedib orada çay içmiş, həmin vaxt Samirin Emilə dəqiq sayını bilmədiyi ABŞ dolları və bir neçə ədəd 100 manatlıq əskinasda Azərbaycan manatı verdiyini görmüş, Emil və Samir birlikdə həmin pulu sayarkən Samirin Emilə verdiyi dollar və manatın ümumilikdə 8.000 manat olduğunu eşitmişdir. Həmçinin həmin vaxt Samir bildirmişdir ki, həmin pulu bir qadından borc kimi faizə götürüb Emilə verir, əgər iş alınmasa, həmin pula görə faizi Emillə birlikdə ödəyəcəklər. Həmçinin Samir bildirmişdir ki, Emil pulu qaytarmasa, özündə pul olmadığına görə məcbur olub maşınını sataraq pulu ödəyəcək. Həmin vaxt da Emil Samirə bildirmişdir ki, əgər alınmasa, həmin pulu üç günə qaytaracaq. Samir isə üç gün yox bir həfətə də ona vaxt verə biləcəyini demişdir. Lakin onların arasında hansı iş söhbəti olduğunu bilməmiş, pulu aldıqdan sonra Emili həmin yerdən idarə etdiyi avtomobillə Xətai metrosu tərəfdə yaşadığı evinə aparmışdır. Təxminən 2019-ci ilin noyabr ayının ortalarında Emil ona zəng edərək onu Bakı şəhəri 9-cu MKR-dan götürüb Novxanı kəndində “Dalğa” Ticarət Mərkəzinin yaxınlığına aparmağını istədiyindən həmin gün saat 19 radələrində Emili dediyi yerdən götürüb “Dalğa” TM-nin yanına aparmış, orada Şahid1 gözlədiyini görsə də o, avtomobildən düşməmiş, Xəqani kənardan ona salam vermiş, Emil isə avtomobildən düşüb Xəqaninin idarə etdiyi qara rəngli Mersedes (dördgöz) markalı avtomobilə əyləşmiş, onlar təxminən 15 dəqiqə həmin maşında söhbət etdikdən sonra Emil maşından düşüb onun avtomobilinə əyləşmiş və onu Novxanı kəndində olan bağ evlərinə aparmışdır. Lakin həmin vaxt Emilin Xəqani ilə nə söhbət etməsini bilməmiş, lakin sonradan Xəqaninin Emildən şikayət etdiyini eşitdikdə Xəqani ilə danışarkən Xəqani həmin vaxt Emilə 12.000 manat pul verdiyini ona demişdir. Həmçinin 2020-ci ilin təxminən fevral ayında Emil ona zəng edib Xəqaninin nömrəsini vermiş və Xəqanidən pul götürüb ona verməyi tapşırmışdır. O da Xəqaninin mobil nömrəsinə zəng edib onunla görüşməyi təklif etmiş, Xəqani ilə Bakı şəhərində Təbriz küçəsində yerləşən “Sevgilim“ kafesinin yaxınlığında görüşüb Xəqaninin ona verdiyi 2.000 manat pulu alıb həmin gün də 9-cu mikrorayonda Emilə vermiş, lakin həmin pulun nə üçün verildiyi barədə məlumatı olmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiqi edilmiş üzləşmə istintaq hərəkəti protokollarından görünür ki, üzləşmələr zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərmiş olduqları xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Azercell” mobil operatorundan daxil olan bir ədəd CD diskə baxış keçirilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cinayətin törədildiyi ərəfədə Təqsirləndirilən şəxs Şahid1la və Şahid2lə mütəmadi şəkildə telefonla ünsiyyətdə olmuş, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs sms-lər yazaraq ondan verilən pulu qaytarmağı dəfələrlə tələb etmiş, Təqsirləndirilən şəxs isə həmin sms-lərə heç bir cavab verməyərək hər hansı etirazını bildirməmişdir. Həmçinin, Şahid1 ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxs pul verdiyi yerlərin ünvanı sonuncunun olduğu yer üzrə anten dairələri ilə üst-üstə düşməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsinə əlavə etdiyi Şahid1la Təqsirləndirilən şəxs danışığının qeyd edildiyi diskə baxış keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 pul vəsaitlərini aldığını, lakin borcları olduğu üçün aldığı pul vəsaitlərini qaytara bilmədiyini, imkanı olan kimi aldığı pulları geri qaytaracağını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/524 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Həmin mübahisəli fonoqramdakı danışıqlarda sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, akustik fonda kəskin sıçrayışlar, diktorların emosional vəziyyətlərinin və akusitik şəraitin situasiya ilə əsaslanmamış kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi X4 məxsusdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışığı qeyd edilmiş 01 ədəd CD disk və “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş 01 ədəd CD disk xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində Şahid2 pulu faizlə borc alması, Şahid3 oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə söz versə də bunun müqabilində hər hansı məbləğdə pul almaması, Əli Məhərrəmovun həbsdən azad edilməsi üçün 20.000 manat deyil 12.000 manat pul alması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun həmin ifadəsi iş üzrə şahid ifadələri, üzləşdirmə istintaq hərəkətləri, məhkəmə-fonoskopik ekspertizasının rəyi, “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixdə daxil olan bir ədəd CD diskə baxış keçirilməsi protokolunda göstərilənlərlə və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etməsi cinayətlərini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarında olan “X24 LTD” MTK-dan verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır, kompleksin ictimai-sosial işlərində fəal iştirak edir, binada yaşayan qonşularla mehriban, mülayim dolanaraq böyük hörmət qazanıb, xasiyyətnaməyə əsasən müsbət xaraterizə olunur. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşaqları (2007-ci il təvəllüdlü X9 və 2009-cu il təvəllüdlü X10) vardır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərər alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hazırki iş üzrə tutulduğu tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış telefon danışığı qeyd edilmiş 01 ədəd CD disk və “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 3285xx xxx 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış telefon danışığı qeyd edilmiş 01 ədəd CD disk və “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 3285xx xxx 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar