Məhkəmə qərarları › İş №1(101)-268/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-268/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-268/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1989-cu ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 6, ev 4-də qeydiyyat olmaqla, Yasamal rayon məhkəməsiniy 19 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə “Beynəlxalq Banka” aid bankomatın yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Mehdi» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən qaydada bir ədəd bükümdə olmaqla təmiz çəkisi 98,737 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamaqla daşımış, həmin günü saat 22:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 69A ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə olmaqla təmiz çəkisi 98,737 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür.. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü verilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının 13-də cəzaçəkmə müəssəsindən çıxmış və həmin vaxtdan fəhləliklə məşğul olmuşdur. 6 saylı cəzaçəkmə müəssəsində cəza çəkən zaman orada tanış olduğu dustaqlar ona narkotik satan iranlı şəxsin nömrəsini vermişdilər. Azadlığa çıxdıqdan bir neçə gün sonra narkotik vasitə istifadə etmək istəmiş, bu səbəbdən 17 aprel 2021-ci il tarixdə həmin xarici ölkəyə aid olan mobil nömrəyə whatsapp proqramı vasitəsi ilə zəng etmişdir. Həmin şəxslə danışaraq cəzaçəkən zaman onun nömrəsini əldə etdiyini və istifadə üçün tiryək almaq istədiyini bildirmişdir. Həmin şəxs narkotik vasitə olan tiryəki 20 yanvar ərazisi yaxınlığındakı bankomatın yanına atacağını demişdir. Həmin yerdən tiryəki götürdükdən sonra həmin şəxs onu kiminləsə əlaqələndirəcəkmiş və həmin şəxsə aldığı narkotikin pulunu ödəyəcəkmiş. Mehdi kimi özünü təqdim edən şəxs ona narkotik vasitəni atdığı yerin şəklini whatsappla göndərmişdir. Həmin yerə gedib balaca şəffaf sellofandakı bükümü götürmüş. Həmin bükümün içərisində təxminən 3-4 qram tiryək olmuşdur. Narkotik vasitəni götürdükdən təxminən 1 dəqiqə sonra fikrini dəyişərək narkotik vasitəni tullamışdır. Narkotik vasitəni tulladıqdan təxminən 2-3 dəqiqə sonra 3-4 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onu tutmuşlar. Həmin şəxslər onu yerə yıxaraq qoluna qandal vurub maşına salmışlar. Onlardan bir nəfər ona nalayiq söyüşlər işlədərək “malı hara atdın” demişdir. Həmin şəxsə “məndə mal olmayıb deyə” bildirmiş, bu zaman həmin şəxslər ona “narahat olma, bizdə seyfdə mal çoxdur” demişlər. Bundan sonra onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsinin inzibati binasının otaqlarından birində onu sorğu-sual etməyə başlamışlar. Həmin vaxt həmin şəxslərin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onun qarşısına sellofan torbada narkotik vasitə qoyaraq ona aid olduğunu bildirmişlər. O həmin narkotik vasitənin ona aid olmadığını demişdir. Lakin yenə də narkotik vasitənin ona aid olmadığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona “bu malı boynuva götürürsən götür, götürməsən sənin evinə külli miqdarda narkotik vasitə qoyub sənin ailəni də polis şöbəsinə gətirib cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görəcəyik” deyə bildirmişlər. O da arvadının və onunla yaşayan bibisi Təranənin polis şöbəsinə gəlməməsi, eləcə də həqiqətən də onlara qarşı hər hansı haqsızlıq olacağından ehtiyat etdiyi üçün polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşlarının ona verdiyi narkotik vasitəni öz üzərinə götürmüşdür. Sonra polis şöbəsinə müdafiəçi dəvət edərək orada üzərinə şəxsi axtarış keçirilmiş və video çəkiliş aparılmışdır. Video çəkilişdə narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. O, narkotik vasitənin istifadəçisi olmuş, ancaq heç vaxt narkotik vasitə satmamışdır. Narkotik vasitəni götürdükdən təxminən 1 dəqiqə sonra fikrini dəyişmişdir ki, daha istifadə etməyəcək, ona görə də onu tullamışdır. Narkotik vasitəni tulladıqdan təxminən 2-3 dəqiqə sonra 3-4 nəfər mülki geyimli şəxslər onu saxlayıb, Yasamal RPİ-nin 29-cu polis şöbəsinə gətirmişlər. **********08 mobil nömrəsi arvadı Günaya məxsusdur. Günay onun ilişdiriləcəyindən şübhələnmişdi. Ona görə də sms yazmışdı ki,.”gedirəm bölməyə səni axtarışa verim, o iranlının da sənə son SMS yaza.” O, SMS-i oxuduqdan sonra götürdüyü narkotik vasitəni tullamaq qərarına gəlmişdir. **********49 mobil nömrəsindən gələn sms şəxsi istifadəsi üçün narkotik vasitəni alacağı şəxsin olmuşdur. Həmin şəxs ona satacağı tiryəkin yerini bildirmək üçün ona sms yazmışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 17 aprel 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 69A ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirirlməsi haqqında qərarla tanış etmişlər. Onu Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə dəvət etmişlər. Onlarla razılaşıb polis şöbəsinə getmişdir. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli uzunqol gödəkcənin sağ yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən 1 manat pul və 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 102,22 qram olmuşdur. Sonra həmin büküm içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, o, müdafiəçisi və iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd, "Samsung" markalı mobil telefon ona bu barədə izah verildikdən sonra götürülmüş, 1 manat pul isə özünə geri qaytarılmışdır. Üzərindən çıxarıb təqdim etdiyi heroin özünə məxsus olmuşdur. Həmin bükümü “whatsapp”-dan tanış olduğu +98- ***-***-**-** “whatsapp” vasitəsi ilə danışdığı İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsdən öz şəxsi istifadəsi üçün əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri Yasamal rayonu “Şamaxinka” adlanan yerdə yerləşən “Beynəlxalq Bank”-a aid bankomatın yanında yerdən 17 aprel 2021 -ci il tarixdə əldə etmişdir. Saxlanılan zaman polis əməkdaşları ona qarşı hər hansı bir zor tətbiq etməmişlər. Həmin bükümün içərisində narkotik vasitə olduğunu əvvəlcədən bilmişdir. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Mehdi adlı şəxsin adını, soyadını, atasının adını və harada yaşamasını bilməmişdir. Mehdi adlı şəxs ona +98-***-***-**-** nömərli İran nömrəsindən onun istifadə etdiyi 55-582-91-89 nömrənin vatsapına zəng etmişdir. Həmin narkotik vasitəni öz istifadəsi üçün almış, satmaq məqsədi olmamışdır. O bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi birinci ifadədə nə yazıldığından xəbəri olmamış, onu məcbur edib boş kağıza imza etdirmişlər. Onu saxlayarkən ailəsi ilə təhdid etmiş, ona təzyiq göstərmişlər o da məcbur olub həmin ifadəni oxumadan imza etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 aprel 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 4 ünvanında pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyataxtarış tədbirləri keçirilməsi üçün onun və Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, iştirakçısı isə Şahid2 təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 aprel 2021-ci il tarixdə saat 22:30-da ünvan 5 ünvanının yaxınlığında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona qanunsuz olaraq narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə gətirmişlər. Bundan sonra Yasamal RPİ-nin 29-cu polis şöbəsinin inzibati binasında müvafiq araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Nizami Omarova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, üzərində digər başqa əşya və maddə olmadığını qeyd etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə, əynindəki gödəkçənin ciblərinə, o cümlədən ayağındakı ayaqqabının içərisinə baxış keçirilərək onun əynində olan cins şalvarın sol yan cibində 1 manat pul və 1 ədəd Samsung markalı mobil telefon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, lakin 1 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükümün içərisində olan maddənin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidən istifadə edilmiş, bu zaman içərisində heroinə oxşar maddə olan bükümün çəkisinin 102,22 qram olması müəyyən edilmişdir. Həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 67 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün whatsapp-da tanıdığı Mehdi adında İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Göstərilənlərlə yanaşı müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər-hansı bir qanuna zidd davranışın olub-olmaması sorğu edilmiş, o isə özünə qarşı heç bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Həmin prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər birinin imzası ilə təstiq edilmişdir. Daha sonra iş üzrə həmin maddənin tərkibinin müəyyən edilməsi məqsədi ilə müvafq ekspertiza təyin edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmuşdur. Lakin əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitəni satan zaman ifşa etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis polkovniki Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 17 aprel 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Yasamal rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 19 aprel 2021-ci il tarixli 4(004)-195/2021 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 17 aprel 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə, saat 22:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 69A ünvanının qarşısında saxlanılaraq Yasamal RPİnin 29-cu polis şöbəsinə aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin şəffaf sellofana bükülmüş bükümün içərisində, narkotik vasitə hesab edilən heroinə oxşar vasitə aşkar edilərək götürülmüş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümdəki vasitənin heroin olduğunu bildirmişdir. 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında video çəkiliş aparılmış və həmin video görüntüləri özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 17 aprel 2021-ci il tarixdə saat Whatsapp proqramı vasitəsi ilə tanıdığı Mehdi adlı İran İslam Respublikası vətəndaşından əvvəlcədən təyin edildiyi yerdən öz istifadəsi üçün götürərək saxladığını və göstərilən maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 18.04.2021-ci il tarixli 6/1517 №-li məhkəmə-kimyəvi ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 98,737 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 26.07.2021-ci il tarixli 2461 №-li məhkəmə-narkoloji ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən daxil olmuş 25.08.2021-ci il tarixli 2875 №-li məhkəmə-psixiatrik ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və onun hazırki vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Bakı şəhəri rayon Yasamal rayon Məhkəməsinin «əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın qanuniliyi» haqqında 21 aprel 2021-ci il tarixli 5(004)-367/2021 saylı qərarından məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş N əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi İslam Hümmətov tərəfindən təsdiq edilmiş qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, həmçinin Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 19.02.2007-ci il tarixli A-0263/07 nömrəli hökmünün surətlərindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.08.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 19.02.2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 62 və 70-ci maddələri tətbiq edilməklə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 04 il şərti sınaq müddəti təyin edilmişdir. Suraxanl rayon məhkəməsinin 03.03.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.08.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.4, 185.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 10 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 16.01.2018-ci il tarixli qərarına əsasən CM-nin 181.3.2-ci maddəsi CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilib, cəza müddəti dəyişməmiş, Bakı Apelliyasiya Məhkəməsinin 13.03.2018-ci il tarixli qərarı ilə 16.01.2018-ci il tarixli qərar dəyişdirilib CM-nin 181.3.4-cü maddəsi CM-nin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilib 08 il 06 ay azadlıqdan məhrum etmə təyin edilmişdir. 13.03.2021-ci il tarixdə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. İş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş və saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması” otağına verilmiş 01 ədəd bükümdə təmiz çəkisi 98,737qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 98,637qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi axtarış və götürmə zamanı Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən video görüntüləri əks etdirən 1 ədəd CD disk 09 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz . Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarını xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyn olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törədiyi və əməlində cinayətin residivi olduğu üçün və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması” otağına verilmiş, bir ədəd zərfdə ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 98,637 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zəmanı Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında çəkilmiş və özündə video görüntüləri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 17 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat (səksən bir manat 82 qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması” otağına verilmiş, bir ədəd zərfdə ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 98,637 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zəmanı Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında çəkilmiş və özündə video görüntüləri əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat (səksən bir manat 82 qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar