Məhkəmə qərarları › İş №1(101)-269/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-269/2020

17.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-269/2020 17.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: Səbuhi Sabir oğlu Hüseynov, İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1985-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam şəhəri, M.Məmmədov küçəsi ev 22-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «A» yaşayış massivi nömrəsinz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 avqust 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, 144 saylı ünvanda yerləşən “Nərmin” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs aralarında bir neçə saat əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs siqaret istəməsi və sonuncunun ona qarşı kobud hərəkət etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi və üzündən iki dəfə sillə ilə vurması səbəbindən üzərində olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağını çıxarıb Zərərçəkmiş şəxs sol tərəfindən bir dəfə qəsdən vuraraq sonuncuya sol ağ ciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, perikardın səthi əzilməsi ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vüsal, Murad, Cəfər, Kamran və Elvin onun dostlarıdır və onların arasında yaxşı münasibət vardır. Onlar demək olar ki, hər gün birlikdə vaxt keçirirlər. Onların arasında əvvəllər heç vaxt hansısa bir problem olmamışdır. 01 avqust 2019-cu il tarixdə təxminən axşam saat 19 radələrində yaşadığı məhəllədə yerləşən “Bizim Məkan” adlı kafeyə getmiş və orada olan stollardan birində əyləşmişdir. Həmin vaxt dostları Vüsal, Murad, Elvin və Cəfər kafedə olmuşlar. Vüsal və Murad pivə içmişlər. O, onlarla salamlaşmış və onların stolunda deyil, ona yaxın olan stolda əyləşmişdir. Bir az sonra dostu Kamran da həmin kafeyə gəlmişdir. Onlar birlikdə oturub yemək yemişlər. 2 saat sonra Vüsal qalxıb tualetə getmək istəmiş, o, həmin vaxt Vüsaldan bir siqaret verməsini xahiş etmişdir. Vüsal isə ona siqaret yerinə 2 manat pul uzadaraq oturduğu stolun üstünə qoymuş və gedib özünə siqaret almağını bildirmişdir. O da həmin 2 manat pulu Vüsalın özünə qaytarmış və ondan pul istəmədiyini, siqaret istədiyini bildirmişdir. Vüsal ondan 2 manatı almış və çölə çıxıb bir neçə dəqiqə sonra kafeyə qayıtmış və üzünü ona tərəf tutaraq bir də ondan siqaret istəyənin ünvanına nalayiq ifadə işlətmişdir. O görmüşdür ki, Vüsal sərxoşdur və danışığını bacarmır. Buna görə də əlavə problem yaranmasın deyə Vüsala heç nə deməmiş, Kamran və Cəfərlə birlikdə kafedən çıxmışlar. Onlar Ramana qəsəbəsində dik deyilən yerə gəlmişlər və orada Kamranın yaşadığı evin qarşısında dayanıb bir az söhbət etmişlər. Yarım saat sonra Vüsal yanında olan Elvin və Muradla birlikdə Elvinə məxsus olan “Opel Astra” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Həmin vaxt Elvin avtomobildən düşüb orada olan ərzaq mağazasına girmişdir. Vüsal isə avtomobildən düşüb onlara yaxınlaşmış və ona yaxınlaşan kimi onu söyüb təhqir etmişdir. O, Vüsala sərxoş olduğunu, evə getməsini, səhər ayıq başla danışmağı məsləhət vermişdir. Lakin Vüsal ona qulaq asmamış və onun ünvanına nalayiq sözlər işlətmişdir. O, Vüsaldan sakit olmasını, söyüş söyməməsini xahiş etmişdir. Vüsal isə söyüş söyməyə davam etmiş və gözləmədiyi anda qəflətən onun sifətinin sağ tərəfinə bir dəfə sillə ilə vurmuşdur. Həmin vaxt o, əsəbiləşdiyi üçün üzərində olan bıçağı çıxartmışdır. Vüsal onun əlindəki bıçağı görüb onu bıçaqla vurmayanın ünvanına çox pis söyüşlər söymüşdür. O, Vüsala uşaqlarına qurban olmasını demiş və həmin bıçağı cibinə qoyub özü oradan uzaqlaşmışdır ki, söhbət böyüməsin və Vüsal söyüş söyməsin. O, həmin yerdən 30 metr uzaqlaşmışdır. Vüsal arxadan yüksək səslə qışqıraraq qayıdıb onunla söhbət etməyənin ailəsinin ünvanına nalayiq ifadə işlətmişdir. O həmin söyüşü özünə sığışdırmadığına görə geriyə qayıtmış və Vüsalla üzbəüz dayanıb ona nə lazım olmasını bildirmişdir. Həmin vaxt Vüsal təkrar onun sifətinin sol tərəfinə bir dəfə sillə ilə vurmuş və yenə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, cibindən bıçağı çıxarmış və Vüsal bıçağı görüb yenə də onu bıçaqla vurmayanın ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da əlində olan bıçaqla Vüsalın sol qoluna bir dəfə zərbə vurmaq istəmiş, Vüsal qolunu kənara çəkib geriyə getdiyi üçün bıçaq onun sol yan tərəfinə keçmişdir. O qorxduğu üçün nə edəcəyini bilməmiş, bıçağı hadisə yerində yolun kənarına qoyulmuş dəmir su balonunun içinə qoyub gizlətmişdir. Vüsal aldığı zərbədən qışqırmağa başlamış və həmin vaxt Elvin mağazadan çıxmışdır. Bu zaman Murad da Elvinin avtomobilindən çıxıb onlara yaxınlaşmışlar və Vüsalı götürüb Elvinin avtomobili ilə xəstəxanaya aparmışlar. O da bir azdan Cəfərlə əlaqə saxlayıb Vüsalı hansı xəstəxanaya apardıqlarını soruşmuşdur. x1 rayonunda yerləşən 3 saylı Kliniki Xəstaxanaya apardıqlarını bildirmişdir. O özü tək oradan birbaşa Sabunçu rayonunda olan 3 saylı Klinik Xəstaxanasına getmişdir. Xəstəxanada bir az gözlədikdən sonra Vüsalın əməliyyat olunmasını və əməliyyatdan çıxdığını, vəziyyətinin də yaxşı olduğunu bilmişdir. Bundan sonra o, Vüsalın vəziyyətinin yaxşı olduğuna əmin olmuş və yaşadığı evə getmişdir. Evdə heç kimə bu barədə heç bir məlumat verməmişdir. Sonra özü könüllü şəkildə Suraxanı RPİ-nə gedib etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 avqust 2019-cu il tarixdə saat 19 radələrində “Bizim Məkan” adlı kafedə oturub pivə içmişdir. Həmin vaxtı əvvəldən tanıdığı məhlə uşaqları Murad, Elvin, Cəfər, Ceyhun və Kamran da orada olmuşlar. O, Muradla bir yerdə oturmuş, digər tanışları isə qonşu stolda oturmuşlar. Ceyhunun siqareti olmadığı üçün ondan bir neçə dəfə siqaret istəmiş, o da Ceyhuna siqaret vermişdir. Sonuncu dəfə Ceyhun ondan siqaret istəyən zaman o, cibindən 2 manat pul çıxardıb ona vermişdir ki, gedib özünə siqaret alsın. Həmin vaxt Ceyhun 2 manatı ona qaytararaq “bu nə hərəkətdi etmisən” ifadəsini işlətmişdir. O hiss etmişdir ki, onun 2 manat verməyi Ceyhunun xətrinə dəymişdir. Onlar kafedə yeyib içdikdən sonra oradan çıxmışlar. Ceyhun da onlardan qabaq kafedən çıxmışdır. O və Murad Elvinə məxsus “Opel Astra” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 23 radələrində məhlə tərəfə gedəndə görmüşdür ki, Ceyhun yolun qırağında dayanmışdır. O, Elvinə avtomobili saxlamasını bildirmiş və düşərək Ceyhuna yaxınlaşıb ona pul verməyinin niyə xətrinə dəydiyini soruşmuşdur. Bunun üstündə onların arasında mübahisə başlamışdır. Həmin vaxt o, şillə ilə 1 dəfə Ceyhunun üz nahiyyəsindən vurub ona qarşı nalayiq ifadələr işlətmişdir. Ceyhun həmin vaxt ona soxacağını demiş, o, isə Ceyhuna nalayiq ifadələr işlədərək “soxmayanı” təhqir etmişdir. Həmin vaxt Elvin onları sakitləşdirərək aralaşdırmışdır. Ceyhun onlardan 30 metrə yaxın məsafədə uzaqlaşmışdır. O, arxadan qışqıraraq yenidən Ceyhunu çağırmışdır. Ceyhun geri qayıdaraq onun yanına gəlmiş, o, yenə də Ceyhuna nalayiq söyüşlər söyərək “məni vura bilirsən? vur” deyərək “vurmayanın” ailəsi haqqında nalayiq sözlər işlətmişdir və Ceyhunun üz nahiyyəsindən yenidən şillə ilə vurmuşdur. Bu vaxt bədəninin sol nahiyyəsindən istilik olduğunu hiss etmiş, əlini ürəyinin aşağı hissəsinə vurduqda qan axdığını görmüşdür. Həmin vaxt Elvin onu ozünə məxsus olan avtomobilə oturdaraq Cəfər və Muradla birlikdə Sabunçu rayon 3 saylı Klinik Xəstaxanasına aparmışlar. Orada ona tibbi yardım olunaraq əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi notariat qeydiyyatından keçmiş ərizəsindən də görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir iddia və ya tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Dostları Vüsal, Murad, Elvin, Kamran və Ceyhun onun dostlarıdır və aralarında yaxşı münasibət vardır. Onlar demək olar ki, hər gün birlikdə vaxt keçirirlər. Onlarla aralarında əvvəllər heç vaxt hansısa bir problem olmamışdır. 01 avqust 2019-cu il tarixdə təxminən axşam saat 20 radələrində yaşadığı məhəllədə yerləşən “Bizim Məkan” adlı kafeyə getmiş və Vüsal, Murad, Elvin, Kamran və Ceyhunun həmin kafedə oturub yemək yeyib çay içdiklərini görmüşdür. O, da onlarla birlikdə oturmuş və çay içib söhbət etməyə başlamışlar. Bir az sonra Vüsal və Murad pivə içmişlər və sərxoş olmuşlar. Orada olduqları zaman Ceyhun Vüsaldan siqaret istəmiş, Vüsal isə siqaret əvəzinə çıxarıb 2 manat pul verərək gedib özünə siqaret almasını demişdir. Ceyhun isə bu hərəkətə ehtiyac olmadığını, lazım olmadığını bildirmiş və 2 manat pulu Vüsalın özünə qaytarmışdır. Bundan sonra Kamran və Ceyhunla birlikdə digər uşaqlarla sağollaşıb kafedən çıxmışlar və 16 saylı kalona tərəf piyada dikə qalxmağa başlamışlar. Təxminən yarım saat sonra Murad, Elvin və Vüsal da Elvininin idarə etdiyi “Opel Astra” markal, **- KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların arxasınca gəlib onlara çatmışlar. Həmin vaxt Elvin avtomobildən düşüb orada olan ərzaq mağazasına girmişdir. Vüsal isə avtomobildən düşüb onlara yaxınlaşmış və Ceyhuna yaxınlaşan kimi onu söyüb təhqir etmişdir. Ceyhun Vüsala sərxoş olduğunu, evə getməsini, sonra danışmağı bildirsə də, Vüsal ona qulaq asmamış və söyüş söyməyə davam etmişdir. Bu vaxt gözləmədiyi anda qəflətən Vüsal Ceyhunun sifətindən bir dəfə sillə ilə vurmuşdur. Ceyhun da əsəbiləşdiyi üçün üzərində olan bıçağı çıxarıb göstərmiş və “səni vuraram” ifadəsini işlətmişdir. Bu zaman Vüsal bıçağı görüb onu bıçaqla vurmayanın ünvanına çox pis söyüşlər söymüşdür. Ceyhun Vüsala uşaqlarına qurban olmasını demiş və həmin bıçağı cibinə qoyub oradan uzaqlaşmışdır. O, təxminən 30 metr uzaqlaşmışdır ki, Vüsal arxadan yüksək səslə qışqıraraq qayıdıb onunla söhbət etməyənin ailəsinin ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Ceyhun qayıdıb Vüsala yaxınlaşmış və üzbəüz dayanıb söhbət etməyə başlamışlar. Bu zaman Vüsal yenə də qəflətən Ceyhunun sifətindən sillə ilə vurmuş və onu bıçaqla vurmayanın ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra Ceyhun əlini cibinə atıb bıçağı çıxarmış və bir dəfə Vüsalı vurmuşdur. Onlar araya girib ayırmağa çalışmışlar. Həmin vaxt hava qaranlıq olduğu üçün o, yalnız Ceyhun kənara çəkiləndə onun əlindəki bıçağı görmuşdur. Murad da avtomobildən düşüb gəlmiş və Elvin də mağazadan çıxıb oraya yaxınlaşmışdır. Elvin nə baş verdiyini soruşmuş, Vüsal da Ceyhunun onu bıçaqla vurduğunu və onu tez xəstəxanaya aparmağı demişdir. Onlar köməkləşib Vüsalı Elvinin avtomobilinə əyləşdirib Sabunçu rayon 3 saylı Klinik Xəstəxanasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 08 avqust 2019-cu il tarixli raportdan məlum olur ki, həmin tarixdə Zərərçəkmiş şəxs Sabunçu rayon 3 saylı Klinik Xəstəxanasına kəsilmiş deşilmiş yarası ilə müraciət etməsi barədə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan 02 avqust 2019-cu il tarixli şəxsin könüllü gəlməsi barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı rayon Polis İdarəsinə gedərək törətdiyi əməli etiraf edib təslim olmuşdur. Cinayət işinin materiallarında olan 30 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2019-cu il tarixli 862 saylı rəyindən görünür ki, 1987-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol ağ ciyərin zədələnməsi və hemopnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, perikardın səthi əzilməsi deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarda göstərilən 01 avqust 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının 17 sentyabr 2019cu il tarixli 22333 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs notariat qeydiyyatından keçmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqənin surətinədən məlum olur ki, Təqsirləndirilən şəxs məcburi köçkündür Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməli etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəişdirilməməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, DİN-nin Bakı şəhər Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə ekspertiza xərci olan 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, DİN-nin Bakı şəhər Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza xərci olan 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Səbuhi Hüseynov İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar