Məhkəmə qərarları › İş №1(101)-269/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-269/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-269/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Bərdə rayonu, Alpout kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 24 fevral 2003-cü il tarixli, A-0299/03 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.11, 181.2.5 və 127.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 1(002)- 65/2013 saylı, 24 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin ağır və xüsusilə ağır cinayət əməllərinə görə məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 1(005)-55/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində 344 (üç yüz qırx dörd) saat ictimai işlər cəzası saxlanılmış, hazırda 196 (bir yüz doxsan altı) saat çəkilməmiş ictimai işlər cəzası qalmış, Azərbaycan Respublikası vətəndaşı, Xankəndi şəhəri, Atarbekov küçəsi, ev 44-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 44, mənzil 93-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 fevral 2024-cü il tarixdə, saat 10:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Neo” marketin qarşısında məlum olmayan şəxsdən 100 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 15,397 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd şəffaf sellofan bükümdə saxlamaqla daşımış, həmin tarixdə, saat 05 radələrində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Baksol yolu, “Məmmədoğulları” avtoservisin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş və 30 sentyabr 2022-ci il tarixdə, saat 08:10 dəqiqədə oradakı xidməti otaqların birində barəsində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 15,397 qram həmin qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 5 iyul 2023-cü il tarixli ifadəsində göstərdi ki, bir ildir narkotik vasitədən istifadə edir. O, narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən həmin xəstəlikdən sağalmaq istəyir. Yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisində olan bir şəxsdən mütəmadi olaraq narkotik vasitə əldə etmişdir. 29 sentyabr 2022-ci il tarixdə həmin şəxsə zəng edərək şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş, sonuncu Binəqədi qəsəbəsində qohumugildə olduğunu deyərək gələcəyini bildirmişdir. Bir neçə saat sonra, yəni 30 sentyabr 2022-ci il tarixdə, təxminən 00:00 radələrində yenidən həmin şəxsə zəng etdikdə sonuncu sərxoş olduğunu, buna görə avtomobillə gələ bilməyəcəyini deyərək taksi ilə onun yanına gəlməsini istəmişdir. Sonuncuya taksi ilə gələrsə ona verəcək pulu qalmayacağını dedikdə o, problem olmadığını, habelə pulu ona sonra da verə biləcəyini bildirmişdir. Ona ünvan bildirildikdən sonra təxminən gecə saat 01:00 radələrində taksi ilə “Məmmədoğulları” avtoservisin yanındakı dayanacağa gələrək orada avtomobildən enmişdir. Bundan sonra mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onu “metalik” rəngli “Mercedes” markalı avtomobilə əyləşdirmişlər. Onlardan nə baş verdiyini soruşduqda getdikləri yerdə öyrənəcəyini demişlər. Yolda onun üzərində axtarış aparılmışdır. Polis əməkdaşları ondan mobil telefonunun harada olmasını soruşduqda o, mobil telefonunun olmadığını bildirmiş, lakin polis əməkdaşları ona inanmadıqlarından mobil telefonunu axtarmaq üçün onunla birlikdə tutulduğu dayanacağın qarşısına geri qayıtmışlar. Dayanacaqda mobil telefon olmadığını gördükdə polis əməkdaşlarına mobil telefon işlətmədiyini bir daha bildirmişdir. Polis əməkdaşları ondan həmin yerdə hansı məqsədlə olmasını soruşduqda o, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək üçün orada olduğunu bildirmişdir. Polis əməkdaşları daha sonra onun şəxsiyyətini dəqiqləşdirərək əvvəllər məhkum olunduğunu öyrənmişlər. Buna görə də təxminən səhər saat 06:00 radələrində “metalik” rəngli “Mercedes” markalı avtomobillə iki nəfər polis əməkdaşı və bir nəfər sürücü ilə əvvəlcə Binəqədi Rayon Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa və pis rəftara məruz qalmış, cinsi orqanına zərbələr endirilmiş, həmçinin psixi təzyiq göstərilmişdir. Ona fiziki zorakılıq edilərkən “elektroşok” cihazından istifadə edilmişdir. Ağrılara dözmədiyi üçün polis əməkdaşlarının dedikləri ilə razılaşacağını bildirmişdir. Daha sonra o, avtomobillə 6-cı polis bölməsinə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Növbəti gün təhqiqatçı yanına gələrək şəxsiyyəti ilə maraqlandıqdan sonra bölmə rəisinin yanına aparılmışdır. Rəis ondan bölməyə nə üçün və kim tərəfindən gətirildiyi ilə maraqlanmış, daha sonra ona “Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə səni göndəririk” demişdir. Həmin vaxt bu ifadənin nə mənaya gəldiyini bilməmişdir. Hadisədən əvvəl sonuncu dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmuşdur. Müdafiəçi ilə tanış olarkən sonuncu ondan nəyə görə yeriyə bilmədiyini, habelə fiziki zorakılığa və pis rəftara məruz qalıb-qalmadığını soruşduqda yenidən zorakılığa məruz qalmaqdan qorxuduğu üçün müdafiəçiyə bu barədə heç nə deməmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 30 sentyabr 2022-ci il tarixdə, təxminən gecə saat 00:00 radələrində 8-ci kilometr qəsəbəsindən Binəqədi rayonu istiqamətində yola çıxdıqdan sonra təxminən saat 01:30 radələrində saxlanılmışdır. O, getdiyi yolu dəqiq tanımamış, narkotik vasitəni əldə edəcəyi şəxs ona “Məmmədoğulları maşın təmiri emalatxanasının” yanındakı dayanacaqda düşməli oluğunu bildirmişdir. Həmin şəxs onun mobil telefonunun olmadığını bilmiş, o, həmin şəxslə 8-ci kilometr qəsəbəsindəki dayanacaqda olan “taksofon”(avtomat telefon) vasitəsilə əlaqə saxlayaraq danışmışdır. Hadisə baş verən gün ona bir neçə dəfə zəng etmişdir. Sonuncu dəfə həmin şəxsə zəng edərkən ona taksi vasitəsilə yola çıxacağını bildirdikdə o da yolu nəzərə alaraq təxminən bir saata “Məmmədoğulları” avtoservisin yanındakı dayanacaqda olacağını bildirmişdir. O, öz şəxsi istifadəsi üçün 20 manat müqabilində 0,5 qram “kakos” deyilən narkotik vasitə və 0,1 qram psixotrop maddə metamfetamin almışdır. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, həmçinin bir müddət şadlıq evində ayıq sürücü kimi işləmişdir. O, istintaq təcridxanasına göndərildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı edilmiş pis rəftar və fiziki zorakılıq barəsində dəfələrlə prokurorluq orqanlarına, eləcə də müstəntiqə etirazlarını bildirərək şikayət etmiş, lakin şikayətlərinə baxılmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə nəzarətini həyata keçirən hakim tərəfindən ona qarşı fiziki zorakılıq edilməsi və pis rəftara məruz qalması ilə bağlı hər hansı sual verilmədiyindən bu barədə hakimə heç nə bildirməmişdir. İstintaq təcridxanasına daxil olarkən bədəni üzərində gözlə görülə bilən xəsarətlər olmasa da, ona qarşı fiziki zorakılıq edilməsi aydın müəyyən edilə bilmiş, tibbi müayinə zamanı tibb kitabçasında aldığı xəsarətləri qeyd olunmuşdur. Sonradan onun şikayətləri ilə əlaqədar onunla maraqlanılacağı bildirilsə də, heç kim onunla maraqlanmamışdır. İbtidai istintaq zamanı göstərilənlərin əksinə olaraq saxlanıldıqdan sonra o, qısa müddət də olsa azad edilməmiş və buraxılmamışdır. O, polis bölməsinə gətirildikdən sonra həbs edilmişdir. İlkin təhqiqat zamanı hər hansı müdafiəçisi olmamış, istintaq materiallarında olan müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olmaması barədə ərizəni isə təzyiq və təsir altında yazmışdır. İbtidai araşdırmanın ilkin mərhələsində təzyiq və təsir nəticəsində tərtib edilmiş sənədləri imzalamış, sonradan isə istintaq orqanına etiraz olaraq ona təqdim edilmiş bütün sənədləri imzalamaqdan imtina etmişdir. Onu saxlayan əməliyyat qrupunun rəhbərinin adının Samir Quliyev olduğunu bilsə də, digər polis əməkdaşlarının adını bilməmişdir. Samir Quliyevin sonradan həbs olunduğunu, habelə “BMW X5” markalı avtomobili olduğunu öyrənmişdir.

4. Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixli ifadəsində əlavə olaraq göstərdi ki, 30 sentyabr 2023-cü il tarixdə, gecə saatlarında əvvəllər tanıdığı, mütəmadi olaraq narkotik vasitə aldığı Nicat adlı şəxslə mobil telefon vasitəsilə əlaqə yaratmışdır. Nicat adlı şəxs ona Binəqədi rayonunda olduğunu bildirmiş, o da narkotik vasitəni özü gedib götürə biləcəyini demişdir. Bu zaman üzərində 20 manat pul olmuş, həmin pulun 7 manatını taksiyə vermişdir. Nicat adlı şəxslə razılaşdıqları ünvana gedib gözləməyə başladıqdan təxminən 40 dəqiqə sonra polis əməkdaşları onu tutmuşlar. Tutulduqdan sonra Binəqədi Rayon Polis İdarəsinə aparılmışdır. Orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmişdir. Polis İdarəsinə gətirildikdən sonra 2-3 saat orada saxlanılmış, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, nəticədə bədənində xəsarətləri yaranmışdır. Polis bölməsində olarkən özünü pis hiss etdiyindən təcili tibbi yardım çağrılaraq ona tibbi yardım göstərilmişdir. Şahid3 adlı polis əməkdaşı onun saxlanılmasında iştrak etmişdir. Belə ki, Şahid3 onu əvvəlcə saxlayaraq Binəqədi Rayon Polis İdarəsinə gətirmiş, daha sonra 6-cı Polis Bölməsinin əməkdaşlarını çağırıb onlara sənədləşdirmə ilə bağlı tapşırıqlar vermişdir. Şahid1 və Şahid2 adı polis əməkdaşları onun saxlanılmasında iştirak etməmiş, həmin polis əməkdaşlarını yalnız polis bölməsində görmüş, həmin şəxslər tərəfindən ona hər hansı fiziki və ya psixi təsir edilməmişdir.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş və məhkumluq həyatı yaşamışdır. Xeyli müddətdir narkotik vasitələr qəbul etməsi onda narkotik vasitələrdən asılılıq yaratmışdır. Son vaxtlar bədənindəki ağrılarla əlaqədar o, narkotik vasitələrin gündəlik qəbul dozasını artmışdır. Axır vaxtlar o, gün ərzində 4-5 dəfə, hər dəfəsində 1 qramdan artıq narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. 30 sentyabr 2022-ci il tarixdə, səhər saat 06:00 radələrində öz istifadəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Neo” marketin qarşısında əvvəllər tanımadığı, arıq bədən quruluşlu, təxminən 30 yaşında, anket məlumatlarını bilmədiyi qaraşın bir şəxsdən 100 manat pulun müqabilində 1 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin əldə etmişdir. Həmin gün, yəni 30 sentyabr 2022-ci il tarixində, saat 07:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Baksol yolu, “Məmmədoğulları” avto servisinin qarşısında piyada hərəkət etdiyi vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin 6-cı PB-nin) əməkdaşları olduqlarını, onun narkotik vasitələr əldə etməyi barədə məlumat əldə etdiklərini bildirərək onu 6-cı PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifləri ilə razılaşaraq sonuncularla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-yə gəlmiş və orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra onunla konfidensial görüşləri təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq ona üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. O, polis əməkdaşlarına vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirmələrini bildirərək bu barədə ərizə vermiş və bundan sonra polis əməkdaşları tərəfindən şəxsi axtarışın başlanıldığı elan edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona üzərində qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuşdur. O, polis əməkdaşlarının təkliflərilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ondan həmin bükümdəki kütlə barədə soruşduqda, o həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün təxminən 1 saat əvvəl 100 manat pulun müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitəni 100 manat pul müqabilində əldə etsə də, həmin şəxslə narkotik vasitənin ödənişini bir müddət sonra ödəyəcəyi ilə bağlı razılığa gəlmişlər. Aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəgli sellofan bükümdəki narkotik vasitə heroin qablaşdırılaraq üzəri möhürlənmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, ona və iştirakçılara uca səslə oxunduqdan sonra imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış və axtarış zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra onun icazəsi və razılığı ilə vəkilinin iştirakı olmadan yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 44, mənzil 93-ə baxış keçirilmiş və baxış zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş, ona və iştirakçılara uca səslə oxunduqdan sonra imzalanmışdır. Saxlanılarkən, polis bölməsinə gətirilərkən, eləcə də üzərində axtarış aparılarkən o, heç bir psixi və fiziki təsirə məruz qalmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 66-68; 85-87; 262-263).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmiş, sonuncu dəfə Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, polis kapitanı rütbəsində olmuşdur. Sonradan öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunmuş, hazırda Gəncə şəhərində yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 30 sentyabr 2022-ci il tarixdə polis bölməsinə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx xxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir. Əməliyyat yolu ilə daxil olan məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün bölmə rəhbərliyinə raportla məruzə edilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə Bakı şəhəri Binəqədi RPİnin 6-cı PB-nin sahə rəisi, polis kapitanı Şahid2 onun rəhbərliyi altında təşkil edilmiş əməliyyat qrupuna daxil edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid2la birlikdə 30 sentyabr 2022-ci il tarixdə, təxminən saat 07:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Baksol yolu, “Məmmədoğulları” avtoservisin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğu vaxt saxlayıb əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və xidməti otaqların birində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aparılacaq axtarış hərəkətlərində və mənzilinə baxışda vəkilinin iştirak etməməsini, axtarış və baxışın vəkilin iştirakı olmadan həyata keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütləni masanın üzərinə qoyaraq həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş həmin büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmış, üstü DİN-in möhürü ilə möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və dəlilə rast gəlinməmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və mənzilə baxış hərəkətləri başa çatdıqdan sonra müvafiq protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaxalanarkən, polis bölməsinə gətirilərkən və üzərində axtarış aparılarkən ona qarşı pis rəftar göstərilməmiş, hər hansı fiziki və ya psixi təsirə məruz qalmamışdır.

9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, o, hadisə zamanı təqsirləndirilən şəxsin saxlanıldığı ərazi üzrə əməliyyat müvəkkili olmuş, lakin öz şəxsi istəyi ilə polis orqanındakı fəaliyyətindən ayrılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı etiraz və ya müqavimət göstərməmiş, təqsirləndirilən şəxsin razılığı əsasında şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra onun 2 oktyabr 2022-ci il tarixdə buraxılması barədə hər hansı məlumatı yoxdur. Eyni zamanda, təqsirləndirilən şəxsin 6-cı PB-də döyülməsi, ona hansısa “elektroşok” cihazı ilə işgəncəyə məruz qalması halları olmamışdır. Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra 6-cı PB-nə aparıldığından və Binəqədi RPİ-də olmadığından ona qarşı hər hansı fiziki və ya sair təsir və ya təzyiq edilməsi barədə məlumatı yoxdur. 6-cı PB-də olan əməliyyat müvəkkilləri içərisində Samir Quliyev adlı şəxs yoxdur, lakin bildiyinə görə Binəqədi RPİ-də Şahid3 adlı polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsini inkar edir. Təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun üzərində hər hansı mobil telefon olmamışdır. İlkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı məlumat olmamışdır.

10. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tibbi yardım göstərilməsi üçün təcili tibbi yardımın çağırılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanıldığı ünvana ən yaxın polis bölməsi 6-cı Polis Bölməsi olduğundan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin PB-yə aparmışlar. Təqsirləndirilən şəxs saxladıqları ünvanla 6-cı polis bölməsi arasında avtomobillə təxminən 3-4 dəqiqəlik məsafə vardır. Müdafiəçinin dəvət olunması və digər hərəkətlərin edilməsi müəyyən müddət tələb etdiyindən Təqsirləndirilən şəxs üzərində təxminən saat 8 radələrində şəxsi axtarış aparılmışdır.

11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, onun saxlanılmasında iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə məhkəmə iclasında görür. 2022-ci ilin sentyabr-oktyabr aylarında Binəqədi RPİ-nin narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Abşeron Rayon Polis İdarəsində işləyir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nə aparılması, orada təzyiq və təsirə məruz qalması, ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım stansiyasına müraciət edilməsi və sair hallardan məlumatı olmamışdır.

12. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 Səməd oğlu ifadəsində göstərdi ki, tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs adlı şəxsi müayinə etmişdir. Belə ki, prosedur qaydalara görə çağırış verildikdə dərhal ünvana gedib şəxsin diaqnozu müəyyən edilməklə təcili tibbi yardım göstərilir. 30 sentyabr 2022-ci il tarixdə “103” məlumat xidmətinə saat 05:50-də 6-cı PB tərəfindən çağırış olmasına dair məlumat daxil olmuş, həmin məlumat əsasında çağırış “Təcili və X6 Stansiyasına” yönləndirilmiş, o isə həmin çağırışı saat 05:55-də qəbul etmişdir. Tərəfindən xəstənin yanına gedərək baxılmış, şikayətlərini dinləyib protokola uyğun yardım edilmişdir. 30 sentyabr 2022-ci il tarixdə, saat 05:55-də 6-cı PB-dən qəbul etdiyi çağırışa əsasən Təqsirləndirilən şəxs tibbi yardım göstərmişdir. Xəstənin bel ağrıları ilə bağlı şikayəti olduğundan ona inyeksiya yolu ilə ağrıkəsici dərmanlar vurulmuşdur. Şəxsi vizual olaraq müayinə etmiş, bu zaman gözlə görünən yerlərdə xəsarət əlamətləri aşkar etməmişdir. Çağırış vərəqəsində bütün məlumatlar qeyd edilmişdir. Hadisənin üzərindən uzun müddət keçmiş, lakin çağırış gəldiyi anda çağırış kitabçası tərtib edildiyindən həmin sənədlərə əsasən müəyyən məlumatları verə bilir. Tərtib edilmiş tibbi kitabçalardakı məlumatlarda hər hansı yanılma və ya təhrif edilmə ola bilməz. Xəstəni PB-də görəndə onun döyülməsi və ya xəsarət yetirilməsi hallarının olub-olmamasını xatırlamır. Şəxsin özünün döyülməsini deməsi halı olsa idi bu barədə çağırış kitabçasında qeyd edərdi, lakin belə bir halı qeyd etməmişdir.

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə, saat 07:00 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq həmin tarixdə, saat 08:10 radələrində üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan aşkar edilmiş satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd şəffaf rəngli bükümdə təmiz çəkisi 15,397 qram olan külli miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma və saxlama faktına görə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən 1 oktyabr 2022-ci il tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PBnin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx xxxx 1979-cu il təvəllüdlü, Bərdə şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.3-8).

16. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-2378/2022 saylı, 1 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və 6-cı PB-nin rəisi, polis polkovnikleytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ətrafında heç bir əməliyyat-axtarış tədbirləri keçirilməmiş və saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, şəxsin saxlanılması və üzərində baxış keçirilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində sadalanan və əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən tətbiq edilən əməliyyataxtarış tədbirlərinə aid edilməmişdir (Cild 1, i.v.60-62).

17. “Şübhəli şəxsin tutulması haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan və bu barədə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlanmasında və daşınmasında şübhəli bilinərək saxlanılmaqla Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş, həmin bölmənin inzibati otaqlarının birində Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 sentyabr 2022-ci il tarixdə, saat 07:00-dan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 08:03-də protokol tərtib edilmişdir (Cild 1, i.v.18-19).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 08:10-dan saat 08:35-dək Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı A.E.Həsənov tərəfindən həmin bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Binəqədi RPİ-nin Kriminalistik tədqiqatlar qrupunun ekspert-kriminalisti, polis mayoru X11 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşyanın olub-olmaması soruşulduqda sonuncu üzərində hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk növbədə onun geyindiyi paltarların cibinə baxılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, sonuncu 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan vasitənin el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etməsini və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, narkotik vasitədən istifadə etdiyini, həmin bükümü 30 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Binəqədi rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, ödənişi isə daha sonra edəcəyini bildirmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması qeyd edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digət iştirakçılar tərəfindən şikayət və vəsatət daxil olmamışdır. Ona görə də bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 27; 29- 31;).

19. 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən sonuncunun öz istəyi ilə müdafiəçi P.X.Aslanov iştirak etməmiş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 32;).

20. “Mənzilə baxış keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 10:25-dən saat 11:10-dək Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı A.E.Həsənov tərəfindən həmin bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2, habelə hal şahidləri X12 və X5 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına keçirilmiş baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilində baxış keçirilərkən sonuncunun öz istəyi ilə müdafiəçi P.X.Aslanov iştirak etməmiş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 34-41;).

21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq iki ədəd müddəti 6 dəqiqə 35 saniyə və 2 dəqiqə 8 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq R.S.Əliyev tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi P.X.Aslanovun iştirakı ilə baxış keçirilməsinə dair 1 oktyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Həmin videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildikdən sonra sonuncunun iştirakı ilə bu barədə olan videogörüntüyə baxılmış və tərtib edilmiş müvafiq protokol videoçəkiliş zamanı Təqsirləndirilən şəxs tərəfindən hər hansı etiraz, şikayət və ya qeyd olmadan imzalanmışdır (Cild 1, i.v. 72;).

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5634 saylı, 30 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, “..Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..” sözləri, soyadlar və imzalar olan 1 (bir) ədəd zərfin içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 15,397 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 15,397 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 15,347 qram. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manatdır (Cild 1, i.v. 52-57;).

23. “Tutulmuş şəxsin azad edilməsi haqqında” 2 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru R.S.Əliyev tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün toplanmış sübutlar kifayət etmədiyindən sonuncu həmin tarixdə, saat 07:00-da azad edilmişdir. Qərarın məzmununda göstərilmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı A.E.Həsənov tərəfindən toplanmış materialın həmin polis idarəsinin İstintaq Şöbəsinə göndərilməsi haqqında 1 oktyabr 2022-ci il tarixdə qərar qəbul edilmiş və material həmin gün, saat 15:45-də ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün toplanmış sübutlar kifayət qədər deyildir. Belə ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün kifayət qədər mötəbər sübutlar toplanılmamış, o cümlədən müvafiq əməliyyat məlumatı almış və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iştirak etmiş 6-cı PB-nin əməkdaşlarının ifadələri alınmamışdır (Cild 1, i.v. 73-74).

24. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 3 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham həmin tarixdə, saat 13:00-da elan edilmişdir (Cild 1, i.v. 78-79).

25. “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 3 oktyabr 2022-ci il tarixli qərar və müvafiq raportlardan görünür ki, Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 15,347 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (Cild 1, i.v. 96-99, 170; 275).

26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1152/2022 saylı, 3 oktyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 sentyabr 2022ci il, saat 07:00-dan hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Eyni zamanda, o verilmiş suallara cavab olaraq 30 sentyabr 2022-ci il tarixdə, səhər saat 7 radələrində tutulduğunu, məhkəməyə çıxarılanadək, yəni 3 oktyabr 2022-ci il, saat 16:00-dək polisdə saxlanıldığını bildirmişdir (Cild 1, i.v. 112-116;).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 dekabr 2022-ci il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 fevral 2003-cü il tarixli, A-0299/03 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.11, 181.2.5 və 127.1-ci maddələri ilə təqsirli bilinib cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 aprel 2003-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan 24 fevral 2003-cü il tarixli hökm dəyişdirilmiş, ona Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 29,120.2.11-ci maddəsi ilə olan əməli isə həmin məcəllənin 128-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “Azərbaycan Respublikası Milli Məclisinin 6 may 2003-cü il tarixli amnistiya haqqında” qərarının 2.3-cü bəndinə əsasən o, 23 may 2003-cü il tarixdə cəzasının 11 (on bir) ay 18 (on səkkiz) gününü çəkdikdən sonra həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyul 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində 16 aprel 2003-cü il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 23 sentyabr 2003-cü il tarixli qərarı ilə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 24 fevral 2003-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs qaçıb gizləndiyindən və qaldığı yer müəyyən edilmədiyindən hökmü icra etmək mümkün olmamış, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi tərəfindən 5 yanvar 2004-cü il tarixdə 9208 saylı axtarış işi açılmışdır. Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ukraynada 18 iyul 2004-cü il tarixdə Xarkov şəhəri Moskva Rayon Məhkəməsinin 29 sentyabr 2005-ci il tarixli hökmü ilə 2(iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Xarkov şəhəri, Kominternov rayon məhkəməsinin 10 iyun 2008-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin tarixdə cəzasını çəkmiş hesab edilərək azad edilmişdir. 5 avqust 2008-ci il tarixdə Təqsirləndirilən şəxs Xarkov şəhərində polis əməkdaşları tərəfindən tutulmuş və 3 yanvar 2009-cu il tarixdə Bakı şəhəri 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından 11 (on bir) ay 18 (on səkkiz) gün hissəsini çəkmiş hesab edilməklə, cəzanın çəkilməmiş hissəsi olan 11 (on bir) il 12 (on iki) gün hissəsini cəzasının əvvəli onun Xarkov şəhərində tutulduğu gündən, yəni 5 avqust 2008-ci il tarixdən hesablanmaqla çəkməyə başlamışdır. Həmçinin Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 24 aprel 2013-cü il tarixli, 1(002)-65/2013 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 fevral 2003-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 6(altı) il 3 (üç) ay 23 (iyirmi üç) gün hissəsi qismən birləşdirilərək qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, 24 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 1(005)-55/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib ona 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 244 (iki yüz qırx dörd) saat ictimai işlər cəzası saxlanılmışdır (Cild 1, i.v. 125-127; 130-136; Cild 2).

28. Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik leytenantı Cövdət Məmmədovun 19 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin keçirilmiş tədbirlər müsbət nəticə verməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs çoxdan narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilmiş, lakin əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə edilməmişdir (Cild 1, i.v.129;).

29. Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının 5 noyabr 2022-ci il tarixli, 6625 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, deməsinə görə, təxminən iki ildir narkotik vasitə olan heroini psixotrop maddə olan metamfetaminlə qarışdırıb inyeksiya yolu ilə yuxarı ətraf venalarına, son zamanlar isə əsasən qasıq nahiyəsinə vurmuşdur. Suallara düzgün cavab vermir, yalan danışmağa meyillidir (Cild 1, i.v.137-138).

30. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2022-ci il tarixli, 2999 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətləri aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəktələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd edilən rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda onda aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirərək özünümüdafiəyə səy göstərir.”(Cild 1, i.v. 139-141).

31. Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Cavid İsmayılovun 4 yanvar 2023 və 16 may 2023-cü il tarixli məktublarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 5 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış, cəzasının çəkilməsi məqsədilə 9 avqust 2022-ci il tarixli göndərişlə Nizami Rayon MKTB-nin 57 saylı MKİS-nə göndərilmiş, Təqsirləndirilən şəxs cəzasının 148 saatını çəkmiş, çəkilməmiş hissəsi isə 196 saat təşkil edir (Cild 1, i.v. 145; Cild 24).

32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.S.Əliyev tərəfindən 26 yanvar 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin ittiham aktı təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir (Cild 1, i.v.176-184;).

33. “İttiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə istintaqa qaytarılması haqqında” 1 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilmədən əlavə istintaq aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə qaytarılmışdır (Cild 1, i.v. 198-201).

34. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 1 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən yenidən icraata götürülməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 202-203).

35. Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədovun 10 mart 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə, saat 06:00 radələrində naməlum şəxslə görüşdüyü məkanın olduğu yerin yaxınlığında müşahidə kameralarının olmadığı müəyyən edilmişdir. Bununla yanaşı, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı, narkotik vasitə və psixotrop maddələrin satışı ilə də məşğul olması müəyyən edilmişdir (Cild 1, i.v. 231).

36. “Sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuş, Təqsirləndirilən şəxs əldə etdiyi 1 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 15,397 qram narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmaqla icraata qəbul edilərək istintaqın davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v. 234-242).

37. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham edildiyi ********* nömrəli cinayət işinin materiallarından sonuncunun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinin əldə edilmə mənbəyinə görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmaqla müstəntiq R.S.Əliyev tərəfindən icraata qəbul edilmişdir (Cild 1, i.v.245-249).

38. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v.255-256).

39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.S.Əliyev tərəfindən 28 mart 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd edilən ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.281-290).

40. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-299/2022 saylı, 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 aprel 2023-cü il tarixədək uzadılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli sayır.” (Cild 1, i.v. 302-306;).

41. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 8662/2022 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 4 oktyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı döş qəfəsinin ön səthində çapıq toxuması, sağ baldırının bayır səthində köhnə çapıq və hər iki qasıq büküşündə postinyeksiya döyənək aşkar edilmiş, səhhəti ilə bağlı hər hansı şikayəti olmamışdır (Cild 2).

42. Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X14 tərəfindən qəbul edilmiş 22 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 335-C-23 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması araşdırma zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 21 iyul 2023-cü il tarixli 1338 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində saxlanıldığı 30 sentyabr 2023-cü il tarixə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir (Cild 2).

43. “Bakı şəhəri Təcili və X6 Stansiyası” X25 direktorunun 8 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə, saat 05:50-də “103” xidmətinə Binəqədi RPİ-nin 6-cı PB-dən naməlum şəxsin adına daxil olan çağırışı 17 saylı bölmənin həkimi Şahid4 icra edərək xəstə Təqsirləndirilən şəxs “Dəqiqləşdirilməmiş nevrit və nevralqiya” diaqnozu qoymuş, Sol.Analqini 50%-2,0, Sol.Dimedroli 1%-1,0, Sol.Novokaini 0,5%-2,0 dərman preparatlarını əzələ daxilinə inyeksiya etmişdir (Cild 2)

44. 17 saylı bölmənin həkimi Şahid4 tərəfindən təqdim edilmiş 027679 saylı təcili yardımın qeydiyyat vərəqində vaxtın qeydiyyatı qrafasından görünür ki, Təqsirləndirilən şəxs barəsində çağırış barədə məlumat 30 sentyabr 2022-ci il tarixdə, saat 05:50-də qəbul edilmiş, saat 05:55-də çağırış 17 saylı bölməyə ötürülmüş, saat 05:56-da briqada çağırış ünvanına çıxmış, saat 06:10-da ünvana çatmış və saat 06:21-də ünvandan çıxmışdır. Qeydiyyat vərəqinin “Şikayətlər və anamnezə aid qeydlər” qrafasında qeyd edilmişdir ki, “Xəstə bel nahiyəsində ağrıdan şikayət edir. Deməsinə görə belə hallar tez-tez baş verir. Xəstəliyi soyuq havada qalması ilə əlaqələndirir. Qusma, ishal olmadığını bildirir.” Həmin vərəqin obyektiv müayinə və travma qrafasında xəstənin hər hansı dəri, qarın, sidikcinsiyyət xəsarət olmaması, hər hansı patalogiya olmaması və hər hansı şişkinlik, əzilmə, yara, parçalanma və sair halların olmadığı qeyd edilmişdir (Cild 2)

45. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Əsgərov X7 Lamiyə Yunis qızı ilə evlidir (Cild 2)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

46. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

47. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

49. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

50. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

51. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

52. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

53. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır.

54. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

55. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 36-cı bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

56. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

57. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

58. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

59. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

60. Bundan başqa, istintaq orqanı hökmün 36-cı bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs əldə edərək saxladığı narkotik vasitə şəxsi istehlak miqdarından çox artıq olmaqla, həmin narkotik vasitənin bir neçə gün ərzində bir nəfər şəxs tərəfindən qəbul edilməsi inandırıcı deyildir...Bundan başqa, 6-cı PB-yə göndərilmiş əməliyyat tapşırığına cavabda bildirilmişdir ki,...keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu ilə yanaşı, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə də məşğul olduğu müəyyən edilmişdir..” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

61. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik vasitənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Eyni zamanda, istintaq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumun biri-birini inkar edən iki ziddiyyətli məktubuna istinad etməklə hansı səbəbdən eyni şəxsin qısa müddət ərzində iki fərqli məzmunda məktub tərtib etməsini aydınlaşdırmamışdır.

62. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, həmin maddəni hər hansı şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.

63. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 28-ci bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə edilməmişdir.

64. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən, eləcə də hökmün 15-ci bəndində göstərilmiş sənədlərdən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır.

65. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

66. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

67. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

68. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

69. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

70. Hökmün 69-cu bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.

71. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

72. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

73. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

74. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

76. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

77. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

78. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

79. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

80. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

81. X21 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

82. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

83. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

84. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

85. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.

86. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

87. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

88. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

89. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

90. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi, polis əməkdaşları tərəfindən tutularkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək fiziki və psixi təsir və təzyiqlərə məruz qalması, bu səbəbdən törətmədiyi əməlini boynuna götürməsinə dair ilkin ifadə və izahatlar verməsi, onun istintaq sənədlərində göstərilən polis əməkdaşları tərəfindən deyil, başqa polis əməkdaşları tərəfinən saxlanılması, tutulma vaxtının 30 sentyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

91. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

92. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 12; 18-19; 21; 26; 30 və 40-44-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

93. Bununla yanaşı, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs tutulma vaxtı, 30 sentyabr 2022-ci il tarixdə, saat 05 radələri kimi qəbul edilməlidir. Belə ki, hökmün 12 və 43-44-cü bəndlərində göstərilən mötəbərliyi şübhə altına alına bilinməyən sübutlara əsasən Təqsirləndirilən şəxs məhz 30 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində saxlanılmaqla, 6-cı PB-nə gətirilmiş, həmin tarixdə, saat 06 radələrində ona tibbi yardım göstərilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında tərtib edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə, saat 07 radələrində saxlanılaraq 6-cı PB-nə gətirilməsi ilə bağlı göstərilənlərlə bağlı polis əməkdaşlarının əməllərinə çıxarılacaq xüsusi qərarla hüquqi qiymət verilməlidir.

94. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması ilə bağlı ifadələri ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr işin faktiki halı öz təsdiqini tapmamaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla tam inkar edilir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı özünün də təsdiq etdiyi kimi məhz öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməkdən ötrü gecə saatlarında yaşadığı evini tərk edərək kifayət qədər uzaq məsafədə olan tanımadığı əraziyə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs mötəbərliliyi şübhə altına alına bilinməyən hökmün 30-cu bəndində göstərilmiş ekspert komissiyası qarşısında, hökmün 26 və 40-cı bəndlərində göstərilmiş barəsində həbs qətimkan tədbiri seçilməsi və qətimkan tədbirinin uzadılması məsələsinə baxılması zamanı müdafiəçisinin iştirakı ilə məhkəmə iclas zalında hakimlərə üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olmasını bildirməklə təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçisinin olmadığını bildirsə də, lakin özü də istəmədən həmin ifadəsində polis əməkdaşları tərəfindən pis rəftara və fiziki zorakılığa məruz qalmasına dair müdafiəçisinin ondan soruşmaqla bu barədə maraqlanmasına baxmayaraq hər hansı bir halı demədiyini qeyd etmişdir (bax hökmün 2-ci bəndi). Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən eyni zamanda üzərində müəyyən miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını da qeyd etmişdir (bax hökmün 3-cü bəndi). Bütün bunlar Təqsirləndirilən şəxs ifadəsinə təndiqi yanaşılmalı olması qənaətinə gəlməyə əsas verir.

95. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

96. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

97. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

98. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

99. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

100. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

101. CM-in 18.3.2-ci maddəsinə əsasən qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır.

102. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən müvafiq olaraq altı və səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

103. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 44 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunmaq istəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

104. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 27-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz.

105. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

106. CM-in 67-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

107. CM-in 68.1.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatına bərabər tutulmaqla hesablanır.

108. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 1(005)-55/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilməklə çəkilməmiş qalmış 196 (bir yüz doxsan altı) saat ictimai işlər cəzası CM-in 68.1.4-cü maddəsinə əsasən ictimai işlər cəzasının səkkiz saatı azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona yekun cəza təyin edilməlidir.

109. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

110. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

111. CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı şəxslərin cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

112. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayət əməllərinə görə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu ödənilməmişdir (bax hökmün 27-ci bəndi).

113. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

114. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 30 sentyabr 2022-ci il tarixdən hesablanmış, həmin məhkəmənin 26 yanvar 2023, 17 fevral 2023 və 30 mart 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 aprel 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.112- 116; 193-196; 225-228; 302-306; Cild 2).

115. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır.

116. Məhkəmə hökmün 29-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

117. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

118. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 15,347 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

119. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

120. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

121. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

122. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

123. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

124. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2022-ci il tarixli, 1(005)-55/2022 saylı hökmü ilə təyin edilərək çəkilməmiş qalmış 196 (bir yüz doxsan altı) saat ictimai işlər cəzası Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən ictimai işlər cəzasının səkkiz saatı azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 15,347 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar