Məhkəmə qərarları › İş №1(101)-271/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-271/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-271/2022 21.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və Bakı şəhəri Əhmədli qəsəbəsi Sarayevo 15 mən 86-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, 08 dekabr 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 saylı binanın qarşısında qardaşı X4 məxsus mobil telefonun Zərərçəkmiş şəxs qardaşı Şahid2 sındırması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən yumruqla vuraraq sonuncunun alın-təpə sagital tikişinin postravmatik aralanması, alın sümüyünün xətti sınığı, başın sol alın nahiyəsində hematoma, sol göz almasının ağlı qişasında qansızma, sol göz yarığının bir qədər daralması ilə müşaiyət olunan sol göz orbitası, gözaltı nahiyədə hematoma, əzilmiş səthi dəri yaraları ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 dekabr 2020-ci il tarixdə qardaşı Şahlar özünün “Samsung J2” markalı mobil telefonunu istifadə etməsi üçün tanışı Rəvan adlı şəxsə vermiş, Rəvan telefondan istifadə edib ona qaytaran zaman əlindən yerə düşürmüş, nəticədə zərbədən telefonun ekranı yanmışdır. Şahlar Rəvanla birlikdə telefonu ustaya aparmış, usta telefonun 90 manat xərci olduğunu bildirmişdir. Rəvan maddi vəziyyətinin yaxşı olmadığını bir həftəyə 45 manat pul verəcəyini deyib öz təşəbbüsü ilə papağını Şahlara vermiş, Şahlar da həmin papağı işlədiyi dönərxanaya qoymuşdur. O, 08 dekabr 2020-ci il tarixdə saat 10 radələrində onlayın dərsdə olan zaman Şahlar ona zəng edərək, Rəvan və böyük qardaşı Fərid onun iş yerinə gəldiyini, Fərid Rəvanın ona olan borcunu verməyə qoymadığını və telefonu Rəvan sındırmadığını bildirmişdir. O, Fəridlə Rəvanın telefonun sındırmasını izah etmək üçün evdən çıxaraq Şahların işlədiyi dönərxanaya getmiş, oraya çatanda və Şahların işinin başında olduğunu Fərid və Rəvanın isə kafenin içində onları gözlədiyini görmüşdür. Həmin vaxt o, Fərid və Rəvanı ilk dəfə orada görüb tanış olmuş, onlarla salamlaşdıqdan sonra Fəridə, qardaşı Şahlara məxsus telefonun Rəvanın sosial şəbəkəyə girməsi üçün Şahlardan alıb istifadə etdikdən sonra, geri qaytaran zaman əlindən düşüb sındığını izah etməyə başlamışdır. Fərid də həmçinin məsələnin belə olduğunu təsdiqləmiş, bu zaman Rəvan cibindən 20 manat pulu çıxardaraq imkanın buna çatdığını bildirmişdir. Bu zaman o, öz növbəsində “əgər bu pulu çətinlikdə toplamısansa ehtiyac yoxdur” ifadələrini onlara deyən zaman, Rəvan qardaşı Fəridin əlindən pulu alaraq cibindən 300-400 manata yaxın pulu göstərərək pulun olduğunu lakin verməyəcəyini bildirmişdir. Həmin vaxt o, Fərid və Rəvanla mehriban şəkildə danışsa da, Fərid onunla çox aqressiv danışmış və sözləri ilə onu alçaltmağa başlamışdır. Daha sonra Fərid əlini onun çiyninə ataraq kafedən çıxartmış, Şahlar və Rəvana gözləmələrini demiş, kafedən birlikdə çıxan zaman Fəridin əlini onun çiyninə atması yoldaşcasına deyil ona zərbə yetirmək məqsədi ilə olmuş və ona “xiyar sən kimsən” ifadələrini işlədərək bir daha alçaltmışdır. Sonra o, Fəridin telefonu ilə kimlərisə yiğib davaya çağırdığını eşitmiş, beləcə o Fəridlə üzbəüz söhbət edən zaman Fəridin yumruğunu sıxdığını və onu vurmaq üçün əlini qaldırdığını görmüşdür. Bu zaman o da öz növbəsində Fəridin yumruğunu sıxıb əlini qaldırmaq istəyən zaman o da qəflətən ona bir dəfə yumruğu ilə sol göz nahiyəsindən zərbə vurmuşdur. Onun zərbəsindən sonra Fərid 4-5 addım geriyə getmiş, Rəvan isə kafedən çıxaraq onun üstünə gəlmişdir. Rəvan və Fərid yenidən onun üzərinə gəlsə də, ətrafdakı şəxslər və kafedə işləyən Mayıl adlı şəxs onları aralaşdırmışdır. O, Şahların tək qalmaması üçün orada 15-20 dəqiqə gözləyən zaman Fərid, Rəvan və onların anası olduğunu təxmin etdiyi bir qadın gələrək onu təhqir etmiş və sözlə hədələmişlər. Fəridlə aralarında olan dava-dalaş təxminən 20 dəqiqə davam etmiş, həmin mübahisə zamanı o heç bir xəsarət almadığı üçün tibbi müayinədən keçmək istəməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən onun ali təhsilini yenicə başa vurmasının, hərbi xidmətə hazırlaşmasının və hərbi xidmətdən qayıtdıqdan sonra öz ixtisası üzrə çalışaraq layiqli vətəndaş olmaq arzusunda olmasının nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayının axırlarında qardaşı Rəvan ona bildirmişdir ki, “Bakı kinoteatrı”nın yanında dönərxanada işləyən Şahlar adlı şəxs onun papağını götürüb qaytarmır. Belə ki, Şahlar harasa gedəcəyini bildirib papağı ondan müvəqqəti istəsə də, halhazırda papağı qaytarmır. O da Rəvana papağı gedib Şahlardan götürməyini istəmiş, bir neçə gün sonra qardaşı Rəvan ona bildirmişdir ki, o Şahlara papağı qaytarmasını istəyəndə, sonuncu Rəvanın mobil telefonunun olmaması səbəbindən ona bildirmişdir ki, telefonunda “İnstagram” sosial şəbəkəsində profilini qeyd etsin və papağı ona qaytarmaq istəyəndə həmin sosial şəbəkədə ona mesaj yazsın. Qardaşı Rəvan ona bildirmişdir ki, o Şahların mobil telefonunda öz profilini qeyd etdikdən sonra Şahlara qaytarmış və Şahların öz ehtiyatsızlığı səbəbindən mobil telefonu əlindən düşərək sınmışdır. Sonra isə Şahlar mobil telefonun 90 manat dəyərində olduğunu qeyd edib yarı pulunun Rəvan tərəfindən ödənilməsini tələb etmişdir. Rəvan bu olanları ona danışandan sonra, o qardaşı Rəvanın pul verməməli olduğunu, çünki telefonun məhz onun əlindən düşməklə sınmadığını bildirmişdir. Həmçinin qardaşı Rəvana həmin məsələ ilə bağlı bir gün sonra vaxt edib Şahlarla söhbət edəcəyini demiş, sonra ona məlum olmuşdur ki, qardaşı Rəvan pul verməyəcəyini Şahlara bildirdikdə, Şahlar ona “get böyüyünü çağır söhbət edək” demişdir. O, 08 dekabr 2020-ci il tarixdə iş yerindən saat 12-yə qədər icazə alaraq, bankomata gedərək əmək haqqısını götürmüş və müəyyən qədər borclarını qaytarmaq istəmişdir. Həmin vaxtı istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı nömrədən qardaşı Rəvan zəng edərək, Şahların ondan 45 manat tələb etdiyini bildirmişdir. O, həmin zəngdən sonra “Bakı kinoteatrı”nın yanına getmiş, orada qardaşı Rəvanın işlədiyi çörək sexinin yanında onunla görüşdükdə, Rəvan ona Şahların işlədiyi dönərxananın da orada yerləşdiyini bildirmişdir. Beləcə o, Rəvanla birlikdə Şahların işlədiyi dönərxananın qarşısına getmiş və Şahların orda olduğunu görmüşdür. O, Şahlara qardaşı Rəvanın nə üçün 45 manat verməli olduğunu, telefonun onun əlindən düşməklə zədələnmədiyini bildirdikdə, oraya Şahların qardaşı sonradan adının Toğrul olduğunu öyrəndiyi şəxs gələrək, söhbətə müdaxilə etmiş və telefonun Rəvanın əlindən düşüb zədələndiyi üçün pulunu da Rəvanın verməli olduğunu bildirmişdir. Belə məzmunda aralarında mübahisə yaranmış və sonda Toğrul 45 manat deyil telefonun bütün pulunun onlar tərəfindən verilməli olduğunu tələb etmişdir. Bu zaman o, cibindən özünə məxsus əmək haqqı pulunu çıxardaraq pulunun olduğunu lakin, onlara heç nə verməyəcəyini demişdir. Həmin vaxt Toğrul qəflətən yumruqla bir dəfə onun sol göz nahiyəsindən vurmuş, həmin zaman dönərxanadan bir nəfər və təsadüfi oradan keçən 1-2 nəfər şəxs Toğrulu tutaraq onun yenidən vurmaq üçün üstünə gəlməsinə mane olmuşlar. Bundan sonra o, qardaşı Rəvan ilə birlikdə oradan uzaqlaşaraq yaxınlıqda yaşayan xalası Günay Məmmədovanın evinə gedib orada üzünə və gözünə buz qoymuşdur. Xalası gilə getdikdə anası Səlimə də orada olmuş və anası onun xəsarət aldığı vəziyyətdə görüb dərhal Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə zəng edərək onun döyülməsi ilə bağlı məlumat vermişdir. Bir neçə dəqiqə sonra 34-cü PŞ-dən onlar hadisə yerinə çağırılmış və o döyülməsi ilə bağlı şikayət vermişdir. İlkin olaraq o xəsarət alması ilə bağlı tibb müəssisəsinə getməsə də, sonradan təhqiqatçının göndərişi ilə əlaqədar tibbi ekspertizadan keçmişdir. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs ilə barışması barədə notarial qaydada ərizə vermişdir. Hazırda da Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Əhmədli-çörək" zavodunda fəhlə işləmiş, Hazırda Müdafiə Nazirliyi N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. 02 dekabr 2020-ci il tarixdə evdə olan zaman qardaşı Fəridə bildirmişdir ki, tanıdığı Şahlar adlı şəxsə papağını vermiş, sonuncu isə hazırda papağını geri qaytarmır. X10 nə səbəbdən belə etdiyini soruşanda, o Şahlara məxsus telefonda instagram sosial şəbəkəsində öz profilini yazmaq istəyən zaman telefonun əlinə dəyərək yerə düşüb qırıldığını, telefonun təmir xərcinə görə Şahların ondan 45 manat pul tələb etdiyini danışmışdır. 08 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində Şahların qardaşı ona zəng vuraraq, söhbətə çağırmış, o da bu barədə qardaşı Fəridə demişdir. Bundan sonra 08 dekabr 2020-ci il tarixdə qardaşı Fərid ilə birlikdə həmin çağırılan yerə ünvan 1 saylı binanın qarşısına getmişlər. Həmin vaxt qardaşı Fəridin Şahlar və onun qardaşı ilə aralarında sözlə mübahisələri yaranmış, Şahların qardaşı adının sonradan Toğrul olduğunu öyrəndiyi şəxs ondan 45 manat telefonun pulunun çatmalı olduğunu deyərək, qəfildən qardaşı Fəridin göz nahiyəsindən yumruqla vuraraq bədən xəsarəti yetirmişdir. Sonra orada olan şəxslər qardaşı ilə dava-dalaş edən Toğrulu ayırmış, sonra qardaşı Fəridin gözünə buz qoymaq üçün yaxınlıqda yaşayan xalasının evinə getmişlər. Xalasının evində olan anası Səlimə Fəridin gözünün pis vəziyyətdə olduğunu görüb, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş AR Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X7 X11 Xətai rayon şöbəsinin eksperti X6 ifadəsində göstərdi ki, 1283 və 03/1283 nömrəli ekspert rəyləri onun tərəfindən tərtib edilmiş və hazırda da həmin rəylərin düzgünlüyünü təsdiq edir. İlkin rəy üzrə qeyd etmişdir ki, 3 saylı Şəhər Poliklinikasının şüadiaqnostika şöbəsinin həkimi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş rentgenoloji cavab rəyinə əsasən alın sümüyünün iki tərəfə şaxələnən çat xətti izlənilmişdir. Vət.Zərərçəkmiş şəxs adına təqdim edilmiş rentgenoqrammada alın sümüyündə, eləcə də digər sümüklərdə sümük - travmatik dəyişikliyin olub - olmamasını təyin etmək üçün bir ədəd rentgenoqramma Birliyin MEŞ - nə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə ekspertizaya daxil olmuş Birliyin MEŞ-nin rəisi , ekspert - radioloq tərəfindən verilmiş 732 saylı, xx.xx.2020-ci il tarixli rentgenoloji cavab rəyindən görünmüşdür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına təqdim edilmiş, xx.xx.2020-ci il tarixli kəllənin ön - düz poyeksiyalı R-qrammasında alın sümüyünün xətti sınığı, sagital tikişin aralanması qeyd edilmiş, Kranial KT-qramma məsləhət görülmüşdür. xx.xx.2020-ci il tarixdə vət.Zərərçəkmiş şəxs Kranial KT - qrammasına göndəriş verilsə də həmin müayinədən keçməkdən qəti imtina etdiyini bildirmiş , lakin baş təhqiqatçı A.İmaməliyə həmin müayinənin vacibliyi söylənilmişdir. xx.xx.2020-ci il tarixədək gözləmiş, lakin dəfələrlə tələb olunmasına baxmayaraq vət. Zərərçəkmiş şəxs adına Kranial KT qrammanın cavabı ekspertizaya təqdim edilmədiyindən ilkin olaraq yarımçıq rəy vermişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə ekspertizaya təqdim edilmiş Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi tərəfindən 22 yaşlı Zərərçəkmiş şəxs adı verilmiş xx.xx.2021 -ci il tarixli Baş - beynin nativ KT müayinəsindən görünmüşdür ki, arxa kəllə çuxurunda beyincik yarımkürələrinin və beyin kötüyünün morfologiya və strukturası təbiidir. Dördüncü mədəciyin forma və lokalizasiyası təbiidir. Bazal sisternalar açıqdır. Daxili qulaq keçəcəkləri simmetrik olub, norma genişlikdədir. Supratentorial sahədə orta xətdə dislokasiya izlənməmişdir. Üçüncü və yan mədəciklərin forma və genişlikləri norma daxilində olmuşdur. Beyin parenximasına aid patoloji morfologiya və dansitə dəyişikliyi aşkar olunmamışdır. Beyin şırımları və Silvi yarıqların genişliyi normal olmuşdur. Müayinə sahəsinə daxil olan paranaza sinusların və etmoidal hücrələrin pnevmotizasiyası normal, patoloji görünüş diqqəti çəkməmişdir. Hər iki mastod hücrələrin pnevmatizasiyası adi, intra ve ekstraaksial qanama izlənilməmiş, sınıq aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə 3 saylı Şəhər Poliklinikasının Şüa - diaqnostika şöbəsinin həkimi tərəfindən vət. Zərərçəkmiş şəxs adına çəkilmiş xx.xx.2020-ci il tarixli kəllənin bir ədəd rentgenoqrammasında təkrar və Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi tərəfindən 22 yaşlı Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2021-ci il tarixli Baş beynin nativ kraniai KT - müayinəsinin bir ədəd CC görüntüsündə kəllə sümüklərində, əsasən alın sümüyündə simik - travmatdəyişikliyin, eləcə də sagital tikişin travmatik aralanmasının və digər travmatik dəyişikliyin olub - olmamasının dəqiq təyini üçün təkrar Birliyin MEŞ - ne göndərilmişdir. xx.xx.2021-ci il tarixdə ekspertizaya daxil olmuş Birliyin MEŞ-nin rəis: ekspert - radioloq tərəfindən verilmiş xx.xx.2021-ci il il tarixli 732 saylı rentgen rəyə əlavə cavab rəyindən görünmüşdür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə Kranial KT-qrammada alın - təpə sagital tikişinin posttravmatik ikiləşməsi-aralanması izlənilmiş və bunların əsasında 03/1283 nömrəli ekspert rəyi tərtib edilmişdir. Xəstənin şikayətləri əsasında kəllə-beyin sümüklərindəki travmatik xəsarətlərə görə rentgen müayinəsinə göndərilmişdir. Kəllə sümüyünün xətti sınığı müəyyən hallarda ağır xəsarət sayılmasa da, hazırki müayinədə ağır xəsarət olmuşdur. İkinci rəy verilərkən radioloqun qeydə alınmış xəsarətlərin sonradan əmələ gəlməsi ehtimalı olmamış, xəsarətin alındığı vaxta uyğun olmuşdur. xx.xx.2021-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Baş - beynin nativ KT müayinənin diskini və 3 saylı Şəhər Poliklinikasının şüa-diaqnostika şöbəsinin həkimi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş rentgenoloji müayinə cavabını üst üstə qoyaraq, təkrar olaraq AR Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X7 X11 ekspert radioloquna göndərmişlər. Ekspert radioloq da rəydə qeyd edilən nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər alın-təpə sagital tikişinin posttravmatik ikiləşməsi-aralanması ilə qeyd olunan başın sol alın nahiyəsində hematoma ağır dərəcəli xəsarətlərə aiddir. Qeyd edilən xəsarətləri “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2014-cü il tarixli AR NK Qərarının 1.2.2-ci bəndinə uyğun hesab edir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş AR Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X7 X11 ekspert-radioloqu X2 T130/2021 nömrəli rəyni təsdiq edərək, ifadəsində göstərdi ki, T130/2021 nömrəli rəyin tərtib edilməsində iştirak etmişdir. Zərərçəkmiş şəxs adına çəkilmiş xx.xx.2020-ci il tarixli rentgenoqramması təkrar və xx.xx.2021-ci il tarixli Baş - beynin nativ KT müayinənin CD diski Birliyin ekspertradioloquna təqdim edilərkən xx.xx.2021-ci il tarixdə kranial KT-qrammada alın-təpə sagital tikişinin ikilənməsi-aralanması müəyyən edilmişdir. Ekspert alın-təpə sagital tikişinin postravmatik ikiləşməsi-aralanması ilə qeyd olunan başın sol alın nahiyəsinin hematomasının, sol göz almasının ağlı qişasına qansızmanın və sol göz yanğının bir qədər daralması ilə müşayiət olunan sol göz orbitası və gözaltı nahiyənin hematomasının, əzilmiş səthi dəri yaralarını bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənməsini, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilməsini, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilməsini və xx.xx.2021-ci il tarixli 03/1283 saylı ekspert rəyinin nəticə hissəsinin təsviri hissəyə uyğun olmasını düzgün hesab edilmişdir. Kəllə sümüklərinin tamlığının pozulması həyat üçün təhlükəli xəsarətlərə aid edildiyindən ağır dərəcəli xəsarət hesab edilmişdir. Qeyd edilən xəsarətlər, yəni, alın-təpə sagital tikişinin posttravmatik ikiləşməsi-aralanması ilə qeyd olunan başın sol alın nahiyəsində hematoma kəllə sümüklərinin tamlığının pozulması hesab edilir. Qeyd etmişdir ki, “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2014-cü il tarixli AR NK Qərarında ayrı-ayrılıqda kəllə sümüklərində olan sınıqlar sadalanmır, lakin, kəllə tağı beyinlə təmasda olduğu üçün həmin hissələrin sınıqları ağır xəsarətlərdir. Həyat üçün təhlükəli əlamətlər dedikdə baş verən xəsarətlərin insanın həyatı üçün təhlükə yaratması başa düşülür, həmçinin, xəsarətlər nəticəsinə görə də həyat üçün təhlükəli hesab edilir. Xəsarət yetirildiyi anda həyat üçün təhlükəli olub-olmaması bədənin hansı nahiyyəsinə yetirilməsindən asılıdır. Qeyd edilən xəsarət sagital tikişin aralanması olmuş, yəni beyindaxili hematomalarla müşayiət olunmamışdır, lakin, həyat üçün təhlükə yaratmaq ehtimalı olmuşdur. Sagital tikiş alın sümüyünün arxa hissəsində, hər iki təpə sümüyünün arasında yerləşir. Hazırkı xəsarət, sagital tikişin aralanması adətən zərbə dalğasının trayektoriyasından və bəzən də orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır, belə ki, daha böyük əşya ilə zərbə vurulanda, daha ağır xəsarət yaranır. Lokal zərbə əgər alın nahiyyəsi ilə tac tikiş arasındakı hissəyə yetirilərsə daha çox sagital tikişin aralanması baş verir. Sagital tikişin ikiləşməsi rentgenoloji-radioloji termindir. Yəni, radioloji olaraq şüa hər hansı istiqamətdə verildikdə hansı hissədə fokus nöqtəsində çəkilirsə o, ikiləşmə kimi göründüyündən, ikiləşmə adlanır, həmin ikiləşmə elə sagital tikişin aralanmasına dəlalət edir. Qeyd edilən xəsarətdə sagital tikiş tam aralanmamışdır. Hazırki xəsarət yetirildiyi anda həyat üçün təhlükə yaratmayaraq, ürəkbulanma, özündən getmə halları olmasa da, zərərçəkən sərbəst şəkildə hərəkət etsə də, stasionar qaydada xəstəxanaya yerləşdirilməsə də, izah olaraq qeyd etmişdir ki, ola bilsin, hadisədən dərhal sonra zərərçəkəndə nevroloji xüsusiyyətlərin inkşafı tam baş verməmişdir. Lakin, “yetirilən anda” xəsarət dərəcəsi termini hazırda təlimatlardan çıxarılmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Mr.Dönər evi” adlı dönərxanada dönərçi işləyir, Şahlar Baxşəliyev də onun iş yoldaşıdır. 08 dekabr 2020 tarixində təxminən saat 11:00 radələrində o iş yerində dönər hazırlayan zaman Şahların qardaşı kimi tanıdığı Toğrul adlı şəxsin əvvəllər tanımadığı sonradan adı ona məlum olan Fərid adlı şəxslə söhbət etdiyini, sonra onlar arasında mübahisə yarandığını görmüşdür. O, dava-dalaş yaranmasın deyə, onlara yaxınlaşmış və onları sakitləşdirib onları ayırmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin mübahisəyə səbəb Şahlara məxsus mobil telefonun Fəridin qardaşının ehtiyatsızlığı nəticəsində əlindən yerə düşərək sınması və telefonun təmir xərcləri ilə bağlı aralarında yaranmış narazılıqla əlaqədar olmuşdur. Şahların qardaşı Toğrul və Fərid adlı şəxs arasındakı mübahisə çox çəkməmiş, mübahisə zamanı onlar tərəfindən ətrafdakılara qarşı zorakılıq və yaxud hədə nümayiş edilməmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 03/1283 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər alın-təpə sagital tikişinin posttravmatik ikiləşməsi-aralanması ilə qeyd olunan başın sol alın nahiyəsində hematoma, sol gözün almasının ağlı qişasında qansızma və sol göz yarığının bir qədər daralması ilə müşaiyət olunan sol göz orbitası və gözaltı nahiyəsində hematoma və üzərində əzilmiş səthi dəri yaraları küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə və şəraitdə-yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. (i.v. 44-46) Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyini Hüquqi şəxsinin 01 iyul 2021-ci il tarixli 130/2021 saylı rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər alın-təpə sagital tikişinin posttravmatik ikiləşməsi-aralanması ilə qeyd olunan başın sol alın nahiyəsində hematoma, sol gözün almasının ağlı qişasında qansızma və sol göz yarığının bir qədər daralması ilə müşaiyət olunan sol göz orbitası və gözaltı nahiyəsində hematoma və üzərində əzilmiş səthi dəri yaraları küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020ci il tarixdə və şəraitdə -yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. (i.v. 118-120) “Məhkəmə-X3” X13 Ekspertinin «17» iyul 2021-ci il tarixli 1560 №-li rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, cinayət əməlini törədərkən Anlaqlı olmuş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 115, 116) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 30) İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən Xətai rayon Polis İdarəsinə verilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (iş vərəqə 42) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, AR CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, ali təhsilini başa vuraraq, hərbi xidmətə hazırlaşmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, yəni işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edildiyindən və cəzanı ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan 09 sentyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar