Məhkəmə qərarları › İş №1(101)-271/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-271/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-271/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1977-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 19:20 radələrində ictimai yer olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısında vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş çardağın yaxınlığında tanışı Zərərçəkmiş şəxs2 ona məxsus “simkart”ı gec qaytarmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıq-açığa hörmətsizlik edib Zərərçəkmiş şəxs2lə mübahisə edərək, əvvəlcə əli ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən vuraraq yerə yıxdıqdan sonra əlində saxladığı selofan paketə bükülü vəziyyətdə olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edərək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa hissəsindən bir dəfə vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin 1 ədəd kəsilmiş yarasından ibarət xəsarət yetirməklə, zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bunu görən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onu tutub qanunsuz hərəkətlərinin qarşısını alaraq ictimai borcunu yerinə yetirmək istəyərkən, sonunculara müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə qarşı zor tətbiq edilməsi ilə müşaiyət edilən xuliqanlıq hərəkətlərini davam etdirib əlində olan bıçağı silah qismində istifadə edərək aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək, əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çiyin qurşağının kəsilmiş yarası, sol gözaltı nahiyənin qançırı, sağ əlin İ barmağının sıyğırından ibarət xəsarətlər, Zərərçəkmiş şəxs3 isə döş qəfəsinin sol yarısının yan hissəsindən qəsdən vuraraq, sonuncuya insan həyatı üçün təhlükli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli hemopnevmotraksla müşaiyət olunan sol plevra boşluğuna keçərək perikardın və sol ağciyərin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının yan divarının 1 ədəd deşilmiş kəsilmiş yarası və qarnın ön səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs2 bir həmyerlisi kimi tanımış və onunla bir yerdə oturub çay içmişlər. Bir gün o, ehtiyacı olduğu üçün öz telefonunu 40 manata satmaq istəmiş, İlqar ona telefonu almaq istədiyini və qısa zamanda telefonun pulunu verəcəyini bildirmişdir. Buna görə telefonunu İlqara vermiş, sonradan İlqarın telefonun pulunu vermədiyini görüb pulunu tələb etmişdir. İlqar isə ona həmin vaxt «gözlə gəlirəm» sözlərini demişdir. O, hadisə yerində durub İlqarı gözlədiyi zaman birdən maşın dayandığını və maşından bir neçə nəfərin tökülüb üzərinə gəldiklərini görmüşdür. O da, özünü müdafiə etmək üçün cibində olan bıçağı çıxarıb həmin şəxsləri vurmuşdur. Bu zaman bıçağı sağa-sola fırladığından kimə dəydiyini bilməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs İlqarla heç bir düşmənçiliyinin olmadığını, ibtidai istintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olunmadığını, ibtidai istintaq zamanı da məhkəmədəki kimi ifadə verdiyini, telefonu hadisədən üç gün əvvəl İlqara verdiyini, onun üstünə gələn şəxslərin 6 nəfərdən ibarət olduğunu və onların maşınla gəldiklərini, maşında qabaqda 3 nəfərin, arxa oturacaqda da 3 nəfərin oturduğunu, əvvəlcə Romanın maşından düşdüyünü və onu vurmağa başladığını, o da, Romana İlqarın ona borcu olduğunu və onu nə səbəbə vurmasını soruşduğunu, hadisə vaxtı ətrafda heç kimin olmadığını, bıçağı itilətdirmək üçün evdən götürdüyünü, görüş vaxtını İlqarın ona təklif etdiyini və sonra onun özünün taksofonla İlqara zəng etdiyini, İlqara saat 7-də zəng etdiyini və işdən çıxıb onunla görüşməyə getdiyini, ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəni verdiyini, hadisənin Zərərçəkmiş şəxs2 ondan götürdüyü telefonu qaytarmaması səbəbindən baş verdiyini, İlqarı gözlədiyi vaxt altı nəfərin maşından tökülüb onun üzərinə gəldiklərini və onu döyməyə başladıqlarını, özünü müdafiə etmək üçün selofan paketdə saxladığı bıçağı çıxarıb həmin şəxsləri vurduğunu, bu zaman onların aralanması üçün bıçağı sağa-sola fırlatdığını və bıçağın kimə dəydiyini bilmədiyini göstərdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, xx.xx.2001-ci il tarixdə Naxçıvan şəhər məhkəməsinin hökmü ilə Azərbayacan Respublikası CM-nin 234.1 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum edilmişdir. Həbsdən çıxdıqdan sonra bir müddət Naxçıvan şəhərində yaşamış, 2008-ci ildən Bakı şəhərində müxtəlif yerlərdə kirayə yaşayır. Hazırda fərdi əməklə, yəni müxtəlif şəxslərin mənzillərini təmir edərək gəlir əldə edib maddi təminatını qarşılayır. İlqar adlı şəxsi təxminən bir ildir ki, tanıyır. İlqarı hazırda dünyasını dəyişmiş Sülü adlı dostunun vasitəsi ilə tanımışdır. İlqar onunla həmyerli olduğundan mütəmadi olaraq onunla görüşüb birlikdə oturub çay içib söhbət etmişlər. 02 dekabr 2022-ci il tarixdə saat 14 radələrində İlqar ilə metronun «Neftçilər» stansiyasının yaxınlığında görüşmüş və özünə məxsus, hazırda imei kodunu xatırlamadığı “NOKİA” markalı mobil telefonunu maddi ehtiyacını qarşılamaq üçün 20 manat müqabilində sonuncuya satmışdır. İlqar mobil telefonu götürərəkən ona bildirmişdir ki, mobil telefonun pulunu ən gec halda iki saata onunla görüşərək verəcəkdir. 02 dekabr 2022-ci il tarixdə təxminən saat 19:20 radələrində o, İlqardan pulu almaq məqsədi ilə «Neftçilər» metrostansiyasının yaxınlığındakı «Rahat market»in yanına gəlmiş və yaxınlıqda olan taksofondan İlqara məxsus 077 ***-**-** saylı mobil nömərsinə zəng vurmuş və İlqarı olduğu yerə çağırmışdır. İlqar zənginə çavab verərək bildirmişdir ki, yaxınlıqdadır və tez bir zamanda onun olduğu yerə gələcəkdir. O, İlqara bildirmişdir ki, «Rahat market»in arxasında olan binanın qarşısında quraşdırılmış besedkada sonuncunu gözləyir. Bundan təxminən 5 dəqiqə sonra İlqar onun olduğu yerə avtomobillə gəlmişdir. Havanın qaranlıq olmasından o, avtomobilin rəngini və markasını diqqətli görməmişdir. İlqar avtomobilin ön sağ oturacağından enərək ona yaxınlaşmışdır. O, İlqardan 20 manat pulu istəmiş, həmin vaxt İlqar pulunun olmamasını bildirmişdir. O, İlqara ona söz verdiyini, hazırda həmin pula ehtiyacı olmasını demişdir. Bu zaman İlqar qışqıraraq “pulum yoxdu, verəcəm, hara tələsirsən” ifadəsini işlətmişdir. İlqarın qışqıraraq həmin ifadələri işlətməsi onu əsəbləşdirmişdir. O, sağ əli ilə İlqarın sifətinin sol tərəfindən yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən İlqar yerə yıxılmışdır. Bu zaman İlqarın gəldiyi avtomobildən enən 5 nəfər onun üzərinə gəlmişlər. Həmin vaxt İlqar da yerdən ayağa qalxmışdır. O, sonuncuların onu döymələrindən qorxaraq həmin vaxt göy rəngli selofan paketə bükülü mətbəx bıçağını əynində olan gödəkçənin sol iç cibindən çıxararaq bıçağı açıb özünü müdafiə edərək sağa-sola hərəkət etdirmişdir. Həmin vaxt İlqar yenidən yerə yıxılmışdır. İlqar yerdə “ay ana, öldüm” deyərək qışqırmışdır. O, İlqarın bu qışqırmasını görüb arxa-arxaya gedərək, sonunculardan bir qədər aralanmış və üzü Nizami rayonu, K.Balakişiyev 56 ünvanında olan binaların arası ilə qaçmışdır. Həmin vaxt əlində olan bıçağı yenidən selofana bükərək əynində olan gödəkçənin sol iç cibinə qoymüşdür. Yaxınlıqdakı dayanacaqda olan 12 saylı xətt marşrutuna minərək yaşadığı mənzilə getmişdir. O, İlqarla görüşə tək gəlmişdir. Münaqişəyə səbəb İlqar adlı şəxsin mobil telefonunu alması və müqabilində ona verəcəyi 20 manatı verməməsi olmuşdur. Baş vermiş hadisənin şahidi hadisənin iştirakçısı olan özü, İlqar və sonuncu ilə birlikdə gələn 5 nəfər dostları olmuşdur. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin bıçağı təxminən bir həftə öncə almışdır. İlqara və yanında olan digər şəxslərə qarşı bıçaqdan istifadə etmək niyyəti ilk öncə olmamışdır. Sadəcə sonuncuların çox olmasını və qaranlıq bir yerdə olduğlarını görüb, özünü qorumaq məqsədi ilə bıçağı çıxarmış və istifadə etmişdir. Həmin bıçağı polis əməkdaşları onu saxlayan zaman təqdim etmişdir. Baş vermiş hadisə zamanı havanın qaranlıq olmasına görə o, həmin vaxt kimə necə xəsarət yetirməyindən məlumatsızdır. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, dekabrın 6-da polis əməkdaşlarının onu saxladıqlarını, həmin vaxt vəziyyəti yaxşı olmadığı üçün CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bildiyini göstərdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımamış və hadisə vaxtı özünün kim tərəfindən vurulduğunu bilməmişdir. Həmin gün həyətdə İlqarla dayanıb söhbət etmiş, bu zaman İlqara zəng gəlmiş və harasa getmək lazım olduğunu bildirmişdir. O da, İlqarın təklifi ilə onunla birlikdə getmişdir. İlqar maşında gedərkən yolda da telefonla danışmışdır. Sonra İlqar maşından düşmüş, o isə, maşında oturmuşdur. Bu zaman İlqarın kiminləsə tutaşdığını görüb maşından düşmüş və onları ayırmağa getmişdir. İlqar qoca adam olduğuna görə o, İlqarı vuran şəxsə yaxınlaşıb niyə onu vurduğunu soruşmaq istəmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs də yəqin həmin vaxt onun üstünə gedib vurmaq istədiyini fikirləşmiş, buna görə onu vurmuşdur. Həmin vaxt o, təqsirləndirilən şəxsin əlində nə olduğunu bilməmişdir. Çünki onun əlində selofan paket olmuş, həmin əşya də paketin içərisində olmuşdur. Sonra bir də böyründən qan axdığını görmüşdür. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, maşından düşərkən məqsədinin dalaşan şəxsləri ayırmaq olduğunu, özünün və maşında olan digər şəxslərin təqsirləndirilən şəxsi vurmadıqlarını, təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti, tələbi olmadığını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslə əvvəlcədən heç bir tanışlığı olmamışdır. Hadisə baş verən gün o, hadisə yerində iki nəfərin dalaşdığını görmüş və yaxınlaşıb onları ayırmışdır. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, o, həmin şəxslərin nəyə görə mübahisə etdiklərini bilməmişdir. Həmin vaxt İlqarla təqsirləndirilən şəxs dava eetmişlər. Hadisə zamanı onun özü çiynindən xəsarət almışdır. Həmin vaxt o, maşınla yoldan keçmişdir. Vurulan şəxsi, yəni İlqarı tanıdığı üçün maşını saxlamışdır. Onlar yaşayış binasının həyətində dava etmişlər. Hadisə vaxtı təqsirləndirilən şəxs nalayiq söyüşlər söydüyü üçün o da, həmin şəxsə qarşı əl-qol atmışdır. Hadisə yerinə o, üç nəfərlə birlikdə gəlmişdir. Sonradan İlqarla təqsirləndirilən şəxsin arasında «simkart» söhbətinin olduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 02 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində tanışı Şahid özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq bildirmişdir ki, icarəyə götürərərk idarə etdiyi KİA RİO markalı avtomobilini yol nəqliyyat hadisəsi zamanı vurulmuşdur. İmran onu Nizami rayonu İcra Hakimiyyətinin qarşısına çağırmışdır ki, onun tanış ustasının yanına aparsınlar və avtomobili təmir etdirsinlər. O, evdən çıxaraq İmranın dediyi yerə gəlmişdir. Orada İmran, Roman və İlqar avtomobildə əyləşmişlər. Birlikdə Romanın yaşadığı ünvan 4 ünvanında Romanın tanışı olan Samir adlı avtomobil ustasının yanına gəlmişlər. Onlar avtomobildən enmiş və avtomobili Samir adlı ustaya İmran təmir üçün göstərmişdir. Onlar ustanın yanında olan zaman İlqarın mobil telefonuna dayanmadan taksofondan zəng gəlmişdir. Həmin vaxt İmran və usta Samir avtomobilin təmirini 3 dekabr tarixində olunacağı barədə razılığa gəlmişlər. Bundan sonra onlar avtomobilə İmran sükan arxasına, Roman ön sağ oturacağa, İlqar arxa sağ oturacağa, o isə, arxa sol oturacağa əyləşmişlər. Həmin vaxt İlqar İmrana “xiyarın biri məni bezdirib. Məndə simkartı var, gedək simkartı ona verək məndən əl çəksin” ifadələrini işlətmişdir. İmran İlqardan hara gedəcəkləri barədə soruşduqda, İlqar ünvan 5 ünvanında yerləşən Rahat marketin arxasındakı məhləyə getməli olduğlarını bildirmişdir. Onlar avtomobil ilə qeyd olunan ünvana gəlmişlər. İmran avtomobili dayandırdıqdan sonra İlqar arxa oturacaqdan düşərək təxminən 10 metr irəlidə olan istirahət üçün nəzərdə tutulmuş besedkaya yaxınlaşmışdır. Həmin besedkada İlqarı 1,90 metr uzunluğunda arıq bədən quruluşlu, sonradan adının Elşən olduğunu öyrəndiyi şəxs gözləmişdir. İmran avtomobili çevirib yenidən məhlənin çıxışına gələn zaman İlqarın yerdə uzandığını və həmin şəxsin sonuncunu ayaq zərbələri ilə vurmağını görmüşdür. Bu zaman o, Romanla avtomobildən enərək sonunculara yaxınlaşmış, Elşən onu, Romanı və İlqarı nalayiq küçə söyüşləri ilə söyməyə başlamışdır. O, Elşənə tərəf gedəndə, Elşən əlində olan göy rəngli selofan paketə bükülü təxminən 25-30 sm uzunluğunda əşya ilə onun sol tərəf kürək nahiyəsindən vurmuşdur. O, arxaya gedən zaman Roman Elşəni yumruqla vurmaq istəmiş, lakin Romanın əli boşa keçmişdir. Elşən əlində olan selofana bükülmüş əşya ilə Romanın sol qoltuqaltı nahiyəsindən vurmuş və qaçaraq binaların arasına girmişdir. Bu zaman İmran da onlara yaxınlaşmış və İlqarı yerdən qaldırmışdır. Həmin vaxt Roman qışqraraq onu bıçaqla vurmağını demişdir. O, İmranla İlqarı orada qoyaraq Romanı avtomobilə əyləşdirib xəstəxanaya aparırmışlar. Nizami rayonu, Qara Qarayev prospekti, Dakar meydanı istiqamətində yolda tıxac olduğundan Roman avtomobildən enərək xəstəxanaya getmək üçün yolun digər istiqamətinə keçmişdir. Onunla İmran yolun əks istiqamətinə keçənə qədər Roman getmişdir. Onlar qərara gəlmişlər ki, Romanın ailəsinə məlumat versinlər. Buna görə də Romanın anasının yanına gələrək Romanın anasına bu barədə məlumat vermişlər. Bundan təxminən yarım saat sonra Sabunçu rayonu 3 saylı xəstəxanın həkimi İmrana zəng edərək Romanın əməliyyat olunacağını demiş və onun sənədlərini istəmişdir. O, İmranla bir yerdə olan zaman kürək nahiyəsində istilik hiss etmişdir. Əli ilə yoxlayan zaman qan gəldiyini görmüş və İmrana bildirmişdir ki, baxsın görsün, nə olub. İmran onun kürəyinə baxan zaman kürəyindən qan axmasını və kəsildiyini demişdir. Bundan sonra o, İmrandan ayrılaraq yaşadığı mənzilə getmişdir. Yaşadığı mənzildə həyat yoldaşı Təhminə İmanova onun kürəyini perekis adlı dərmanla yuyaraq ora yapışqan bint yapışdırmışdır. İlqar və Təqsirləndirilən şəxs arasında olan mübahisənin səbəbi, onun bildiyinə görə, Elşənə aid «simkart»ın İlqarda qalması olmuşdur. Baş vermiş hadisənin şahidi hadisənin iştirakçısı olan özü, İlqar, İmran, Roman və Elşən olmuşdur. Hadisə zamanı xəsarət almışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı havanın qaranlıq olmasına görə o, həmin vaxt Elşənin nə ilə ona, İlqara və Romana xəsarət yetirməsini konkret olaraq görməmişdir. Lakin həmin alət kəsici deşici xassəyə malik və göy rəngli selofan paketə bükülmüşdür. Məhkəmə iclaslarının tarixi, vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, hətta barəsində məcburi gətirilmə haqqında qərar çıxarılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamış, bununla əlaqədar proses iştirakçılarının fikirləri dinlənilməklə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə cəzasının sonu ilə azadlıqa buraxılmışdır. Təqsirləndirilən şəxs yerli olduğundan uzun illərdir tanıyır. Elşənlə aralarında heç bir düşmənçilik və yaxud ədavət olmamışdır. Elşən Bakı şəhərində yaşadığından, sonuncu ilə arabir görüşərək müxtəlif kafelərdə oturub çay içib söhbət etmişlər. 01 dekabr 2022-ci il tarixdə günorta saatlarında o, Elşənlə metronun «Neftçilər» stansiyasının yaxınlığında görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra Elşən ona bildirmişdir ki, yemək alıb onunla birlikdə yaşadığı mənzilə gedərək yeyib-içsinlər. O, Elşənlə razılaşmış və onlar birlikdə sonuncunun yaşadığı Kənd Əhmədli qəsəbəsində yerləşən mənzilə getmişlər. Mənzildə axşam tərəfi yeyib-içmiş və Elşənin mənzilində gecələmişdir. 02 dekabr 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyanaraq yaşadığı mənzilə getmişdir. Onun mobil telefonu olsa da, mobil nömrəsi olmadığından Elşəndən bir günlük mobil nömrəsini istifadə etmək üçün almışdır. 02 dekabr 2022-ci il tarxdə saat 18 radələrində o, İmranla «Neftçilər» metrostansiyasının yaxınlığında görüşmüş, həmin vaxt İmran «KİA RİO» markalı avtomobil icarəyə götürdüyünü görmüşdür. O, İmrana bildirmişdir ki, gedib yeni avtomobilin şərəfinə yemək yesinlər. İmran onunla razılaşmış və bundan sonra Roman adlı dostuna zəng edib sonuncu ilə yaşadığı mənzilin qarşısında görüşmüşlər. Onlar İmranın avtomobilinə əyləşmiş və yaxınlıqda olan çayxanaya gedən zaman yolda yol-nəqliyyat hadisəsi baş vermiş və İmranın avtomobili əzilmişdir. Bundan sonra İmran bildirmişdir ki, Romanın yaşadığı ünvanda sonuncunun tanışı Samir adlı avtomobil ustasının yanına gəlmişlər. Həmin vaxt Elşən ona zəng edərək almış olduğu mobil nömrəni istəmişdir. O, Elşənə bildirmişdir ki, hazırda onlar avtomobili təmir etdirir, işlərini qurtarıb sonuncu ilə görüşüb mobil nömrəni verəcəkdir. Elşən həmin vaxt təkidlə mobil nömrəni istəmişdir. O, Elşənin sözlərinə qulaq asmayaraq mobil telefonu söndürmüşdür. Samir adlı ustaya İmran avtomobili təmir üçün göstərmişdir. Onlar ustanın yanında olan zaman Elşən onun mobil telefonuna dayanmadan taksofondan zəng etmişdir. Həmin vaxt İmran və usta Samir avtomobilin təmirini 03 dekabr tarixdə olunacağı barədə razılığa gəlmişlər. Bundan sonra onlar avtomobilə - İmran sükan arxasına, Roman ön sağ oturacağa, o, arxa sağ oturacağa, Rəşad isə arxa sol oturacağa əyləşmişlər. Həmin vaxt o, İmrana bildirmişdir ki, tanışı Elşən onu bezdirib. Onda «simkartı» var, gedib simkartı sonuncuya versinlər ki, ondan əl çəksin. İmran ondan hara gedəcəkləri barədə soruşduqda, o, İmrana Nizami rayonu, Əzim Əzimzadə küçəsi, 34 ünvanında yerləşən «Rahat market»in arxasındakı məhləyə getməli olduğlarını bildirmişdir. Onlar avtomobil ilə qeyd olunan ünvana hava qaralanda təxminən saat 19 radələrində gəlmişlər. İmran avtomobili dayandırdıqdan sonra o, arxa oturacaqdan düşərək təxminən 10 metr irəlidə olan istirahət üçün nəzərdə tutulmuş besedkaya yaxınlaşmışdır. Həmin besedkada Elşən onu gözləmişdir. O, yaxınlaşan zaman Elşən onun aldatdığını irad bildirmişdir. O, Elşənə yalan danışmadığını və həqiqətən də ustada olduqlarını sübut etmək üçün İmranın avtomobilini göstərmişdir. Həmin vaxt Elşən yumruqla onun sifət nahiyəsindən vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Bundan sonra Elşən onu ayaq zərbələri ilə vurmağa başlamışdır. O, yerdən ayağa qalxmış və Elşənə yenə yalan danışmamağını sübut etmək üçün paltarından tutub avtomobili göstərmişdir. Həmin vaxt Elşən üzərində olan göy selofan paketə bükülü alətlə onu sol kürək nahiyəsindən vurmuşdur. O, yenə yerə yıxılmışdır. Bu zaman Rəşad və Roman avtomobildən enərək onlara yaxınlaşmış, Elşən onları nalayiq küçə söyüşləri ilə söyməyə başlamışdır. Rəşad Elşənə tərəf gedəndə, Elşən əlində olan göy rəngli selofan paketə bükülü təxminən 25-30 sm uzunluğunda əşya ilə onun sol tərəf kürək nahiyəsindən vurmuşdur. Rəşad arxaya gedən zaman Roman sonuncunu yumruqla vurmaq istəmiş, lakin Romanın əli boşa keçmişdir. Elşən əlində olan selofana bükülmüş əşya ilə Romanın sol qoltuqaltı nahiyəsindən vurmuş və qaçaraq binaların arasına girmişdir. Bu zaman İmran da onlara yaxınlaşmış və onu yerdən qaldırmışdır. Həmin vaxt Roman qışqıraraq onu bıçaqla vurmağını demişdir. Rəşad və İmran Romanın yaralı olmasına görə, onu götürüb xəstəxanaya aparmışlar. O isə, oradan çıxıb yaşadığı mənzilə getmişdir. Üç gün özü-özünü müalicə edərək sağalmışdır. Görüş yerini Təqsirləndirilən şəxs təyin etmişdir. O, Rəşad, İmran və Roman həmin yerə gəlmişlər. Mübahisəyə səbəb Elşənə aid «simkart»ın onda qalması olmuşdur. O, hadisə zamanı xəsarət almışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs3 yalan danışır. Elşənlə aralarında olan mübahsəyə səbəb simkart olmuşdur (cild 1, iş vərəqi 123-127). Məhkəmə iclasında dindirilən Şahid ifadəsində bildirdi ki, hadisə günü tanışı İlqar onu hadisə yerinə aparmağı xahiş etmiş, o da, idarə etdiyi maşınla digər dostları ilə birlikdə İlqarı dediyi yerə aparmışdır. Həmin vaxt o, sükan arxasında olmuşdur. İlqar ona bir nəfər olduğunu və onunla görüşəcəyini bildirmişdir. Hadisə yerinə çatanda o, maşından düşməmiş, kimin kimi vurduğunu görməmişdir. O, maşından düşənda artıq dava başa çatmışdır. O, istintaqa ifadə verməmiş, sənədləri oxumadan imzalamışdır. Müstəntiq ona sənədlər verərək imzalatmış, lakin o, həmin sənədlərdə nə yazıldığını bilməmişdir. Verilən sualları cavablandıran Şahid özünün əvvəlcədən Elşəni tanıdığını, lakin oraya Elşənə görə gəlmədiyini, oraya yaxınlaşanda İlqarın artıq yerdə uzanmış vəziyyətdə olduğunu, Romanın sol tərəfinin ağrıdığını bildirdiyini və onun Romanı xəstəxanaya apardığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid göstərmişdir ki, hadisə günü «Neftçilər» metrostansiyasının yaxınlığında olan zaman tanışı İlqarı görmüşdür. Onunla bir qədər danışdıqdan sonra İlqar gedib çay içməyi təklif etmişdir. Onlar birlikdə çayxanaya gedən zaman xatırlamadığı bir avtomobil yolda onun avtomobilinə toxunmuşdur. Avtomobilə dəymiş ziyanın elə də xərc aparmadığını görüb bu barədə heç bir hüquq mühafizə orqanına müraciət etməyərək özü təmir etdirmək qərarına gəlmişdir. Bundan sonra onlar birlikdə avtomobili təmir etdirmək üçün Nizami rayonu İcra hakimiyyətinin yanına getmişlər. Orada tanışı Roman və Rəşada zəng edərək ora çağırmışdır. Rəşadın tanış ustası olmuşdur. Bir qədər sonra Rəşad və Roman ora gəlmişdir. Rəşad avtomobildə sürücünün arxasında olan sərnişin oturacağına əyləşmiş. Onlar birlikdə Samir adlı avtomobil ustasının yanına gəlmişlər. Onlar avtomobildən enmiş və avtomobili Samir adlı ustaya təmir üçün göstərmişdir. Onlar ustanın yanında olan zaman İlqarın mobil telefonuna dayanmadan taksafondan zəng gəlmişdir. Həmin vaxt o və usta Samir avtomobilin təmirini üç dekabr tarixində olunacağı barədə razılığa gəlmişlər. Bundan sonra onlar avtomobilə o, sükan arxasına, Roman ön sağ oturacağa, İlqar arxa sağ oturacağa Rəşad isə arxa sol oturacağa əyləşmişlər. Həmin vaxt İlaqar ona bildirmişdir ki, “xiyarın biri məni bezdirib. Məndə simkartı var gedək simkartı ona verək məndən əl çəksin” ifadələrini işlətmişdir. O, İlqardan hara gedəcəyi barədə soruşduqda o, ünvan 6 ünvanında yerləşən Rahat marketin arxasındakı məhləyə getməli olduqlarını bildirmişdir. Onlar avtomobil ilə qeyd olunan ünvana gəlmişlər. O, avtomobili dayandırdıqdan sonra İlqar arxa oturacaqdan düşərək təxminən 10 metr irəlidə olan istirahət üçün nəzərdə tutulmuş bisetkaya yaxınlaşmışdır. Həmin bistekada İlqarı 1,90 metr uzunluğunda arıq bədən quruluşlu, sonradan adının Elşən olduğunu öyrəndiyi şəxs gözləmişdir. O, avtomobili çevirib yenidən məhlənin çıxışına gələn zaman İlqarın yerdə uzandığını və həmin şəxsin onu ayaq zərbələri ilə vurmağını görmüşlər. Bu zaman Rəşad və Roman avtomobildən enərək onlara yaxınlaşmışdır. Elşən Rəşad, Romanı və İlqarı nalaiq küçə söyüşləri ilə söyməyə başlamışdır. Rəşad ona tərəf gedəndə Elşən əlində olan göy rəngli sellafon paketə bükülü təxminən 25-30 sm uzunluğunda əşya ilə onun sol tərəf kürək nahiyəsindən vurmudur. Rəşad arxaya gedən zaman Roman onu yumruqla vurmaq istəmişdir, lakin Romanın əli boşa keçmişdir. Elşən əlində olan sellafona bükülmüş əşya ilə Romanın sol qoltuqaltı nahiyəsindən vurmuşdur və qaçaraq binaların arasına girmişdir. Bu zaman o, avtomobildən enərək onlara yaxınlaşmış və İlqarı yerdən qaldırmışdır. Həmin vaxt Roman qışıqraraq onu bıçaqla vurmağını demişdir. O, Rəşadla İlqarı orada qoyaraq Romanı avtomobilə əyləşdirib xəstəxanaya aparan zaman Nizami rayonu Qara Qarayev prospekti Dakar meydanı istiqamətində yolda tıxac olduğundan Roman avtomobildən enərək xəstəxanaya getmək üçün yolun digər istiqamətinə keçmişdir. O və Rəşad yolun əks istiqamətinə keçənə qədər Roman getmişdir. Onlar qərara gəlmişlər ki, Romanın ailəsinə məlumat versinlər. Buna görədə Romanın anasının yanına gələrək Romanın anasına bu barədə məlumat vermişlər. Bundan təxminən yarım saat sonra Sabunçu rayonu 3 saylı xəstəxanın həkimi ona zəng edərək Romanın əməliyyat olunacağını və onun sənələrini istəmişdir. O, Rəşadla bir yerdə olan zaman Rəşad bildirmişdir ki, onun kürək nahiyəsinə baxsın. O, Rəşadın kürək nahiyəsinə baxan zaman qan gəlməsini ona bildirmişdir. Bundan sonra Rəşad ondan ayrılaraq yaşadığı mənzilə getmişdir. Həmin hadisədən sonra o, nə İlqarı, nə Rəşadı, nə də ki, Romanı görmüşdür. 02 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxsla Nizami rayonu ərazisində yerləşən metronun Neftçilər stansiyasının yaxınlığında Rahat marketin arxasında olan binaların qarşısındakı bisetkada baş tutacaq görüşü tanışı İlqarın tanışı Təqsirləndirilən şəxs təyin etmişdir. O, İlqar, Rəşad və Roman həmin yerə gəlmişlər. O, bildiyinə görə Elşənə aid simkart İlqarda qalmışdır. Baş vermiş hadisənin şahidi hadisənin iştirakçısı olan o, İlqar, Rəşad, Roman və Elşən olmuşdur. O, həmin vaxt xəsarət almamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Baş vermiş hadisə zamanı havanın qaranlıq olmasına görə mən həmin vaxt Elşənin nə ilə Rəşadı, İlqara və Romana xəsarət yetirməsini konkret olaraq görməmişdir (cild 1, iş vərəqi 112-116). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu, lakin həmin ifadəni oxumadan imzaladığını, özünün dava zamanı orada olmadığını, zərərçəkmiş şəxsləri kimin vurduğunu ona demədiklərini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli baxış və götürmə haqqında protokola əsasən, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 xəsarət yetirməkdə şübhəli olan Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis şöbəsinə gətirilmişdir. Üzərinə baxış keçirilərkən hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli paltonun sağ yan döş cibindən üzərində «STAİNLESS STEEL» sözləri yazılmış ağ tutacaqlı mətbəx bıçağını çıxarıb təqdim edərək həmin mətbəx bıçağı ilə Roman adlı şəxsə xəsarət yetirdiyini bildirmişdir. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin mətbəx bıçağı götürülmüşdür (cild 1, iş vərəqi 25-26). Məhkəmə-tibb ekspertizasının 14 dekabr 2022-ci il tarixli 1141 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol çiyin qurşağının kəsilmiş yarası, sol gözaltı nahiyənin qançırı, sağ əlin İ barmağının sıyğırı olmuşdur. Qeyd olunan kəsilmiş yara iti kənara malik əşyanın (ola bilsin bıçaq), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 135-137). Məhkəmə-tibb ekspertizasının 19 dekabr 2022-ci il tarixli 1159 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu - sol tərəfli hemopnevmotraksla müşayiət olunan sol plevra boşluğuna keçərək perikardın və sol ağciyərin zədələnməsi nəticələnən döş qəfəsinin sol yarısının yan divarının 01 ədəd deşilmiş kəsilmiş yarası, qarırnın ön səthinin sıyrıqları - şiş uca və ksicİ kənara malik əşyanın, ola bilsin bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 02 dekabr 2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla 1 dəfə vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə həyat üçün təhlükli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 138-141). Məhkəmə-tibb ekspertizasının 28 yanvar 2023-cü il tarixli 82 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin 1 ədəd kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqi 151-153). Məhkəmə-bioloji ekspertizasının 28 dekabr 2022-ci il tarixli 801/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qurupu A/ll/-dir (sənədlər üzrə axtarış vəsiqəsi kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş mayka, gecə paltarı üzərində olan ləkələrlə insan qanı edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «A» antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı (cild 1, iş vərəqi 142-146). Məhkəmə-kriiminalistik ekspertizasının 13 yanvar 2023-cü il tarixli 635- MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2 məxsus paltarların (qolsuz mayka və üzünqol alt köynəyi) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi il əvə ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs3 məxsus paltarlarda (qolsuz mayka və üzünqol alt köynəyi) aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin forma və xətti ölçüsünə əsasən (alt köynəyində olan zədə) demək olar ki, iz törədən alətin tiyəsinin eni daxil olma səviyyəsində 2,5 sm-ə yaxın olmuşdur. Zərərçəkmiş şəxs3 məxsus paltarların (qolsuz mayka və üzünqol alt köynəyi) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin sol yarısının yan divarında olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Təqdim olunmuş bıçaq zavold üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqi 147-150). İbtidai istintaq orqanının 16 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi bir ədəd bıçaq, Zərərçəkmiş şəxs3 məxsus qolsuz mayka və üzünqol alt köynəyi iş üzrə maddi sübut kimi tanınaraq maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 176-187). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışlar, onların Elşən Rütəmova qarşı şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İinformasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin «a» bəndi ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Naxçıvan Muxtar Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66-cı maddəsi tətbiq edilməklə, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya haqqında qərarının 6.1-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 130-132). Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, onun məhkumluqları ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, hadisənin Zərərçəkmiş şəxs2 ondan götürdüyü telefonu qaytarmaması səbəbindən baş verdiyini, İlqarı gözlədiyi vaxt altı nəfərin maşından tökülüb onun üzərinə gəldiklərini və onu döyməyə başladıqlarını, özünü müdafiə etmək üçün selofan paketdə saxladığı bıçağı çıxarıb həmin şəxsləri vurduğunu, bu zaman onların aralanması üçün bıçağı sağa-sola fırlatdığını və bıçağın kimə dəydiyini bilmədiyini qeyd etdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, həmçinin məhkəmədə ifadəsi tədqiq olunmuş Zərərçəkmiş şəxs2, eləcə də hadisənin bilavasitə şahidi olan Şahid öz ifadələrində Təqsirləndirilən şəxs gətirdiyi dəlilləri tamamilə təkzib etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əvvəlcədən Təqsirləndirilən şəxs tanımadıqlarını və onunla heç bir problemi olmadıqlarını, hadisə yerinə yaşlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 təklifi ilə yoldaş kimi getdiklərini, bu zaman İlqarın onlara kiminləsə dalaşacağını bildirmədiyini, onların maşında oturaraq İlqarın maşından düşüb tanımadığı uzunboylu bir şəxsə yaxınlaşıb söhbət etdiyini, sonradan isə həmin uzunboylu şəxsin İlqarı döyməyə başladığını gördüklərinə görə maşından düşüb onları aralamaq istədiklərini, bu zaman Təqsirləndirilən şəxs əlində olan selofan paketdən bıçaq çıxarıb onların hamasına həmin bıçaqla xəsarət yetirdiklərini və daha sonra yaşayış binalarının arasına girib hadisə yerindən qaçdığını bildirmişlər. İş üzrə alınmış ifadələrlə və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanliq hərəkətləri etmiş və qəsdən ictimai borclarını yerinə yetirməsi ilə əlaqədar, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmuşdur. Göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllər ağır cinayətlər, CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməl isə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ, 25-ci Polis şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 20 aprel 2023-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazıra qədər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd bıçaq və Zərərçəkmiş şəxs3 məxsus qolsuz mayka və üzünqol alt köynəyi məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının müəyyən mərhələsində Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil bununla bağlı 20 saat vaxt sərf etmişdir. Odur ki, məhkəmə məsrəfləri hesab edilməklə vəkil Müdafiəçi1 ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - bir ədəd bıçaq, Zərərçəkmiş şəxs3 məxsus qolsuz mayka və üzünqol alt köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar