Məhkəmə qərarları › İş №1(101)-274/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-274/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-274/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Xaçmaz rayonu Nabran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Xaçmaz rayonu, Dalğalı kəndində qeydiyyatda olan və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmişdir: belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində yaşadığı Xaçmaz rayonunun Dalğalı kəndinin ərazisində yerləşən və fəaliyyət göstərməyən “Orxan” marketin qarşısında olan zaman müvəqqəti olaraq həmin kənddə yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində əlbəyaxa olarkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq üçün sağ yumruğu ilə bir dəfə sonuncunun üz nahiyəsindən vuraraq yerə yıxmış, Zərərçəkmiş şəxs yenidən ayağa qalxmaq istədiyini görüb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə marketin qarşısında uzunluğu 38 sm, eni 18 sm, hündürlüyü 16,5 sm, çəkisi isə 30 kiloqram olan mişar daşını götürərək Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən həmin daşla iki dəfə qəsdən vuraraq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu olmuş, Tərlanla aralarında bir qonşu kimi salam-sağolları olmuş, yaxın münasibətləri olmamış, hadisədən əvvəl Tərlanı normal insan kimi tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamış, Tərlan Bakı şəhər sakini olmuş, yay aylarında istirahət etmək üçün Dalğalı kəndində olan həyət evində qalmış, xx xxxxxx 2019-cu il tarixdə axşama qədər evdə olmuş, saat 22 radələrində gəzmək üçün çölə çıxmış, evdən 200 metr aralıda yerləşən fəaliyyət göstərməyən “Orxan” ərzaq mağazasının qarşısında olarkən sərxoş vəziyyətdə olan qonşusu Zərərçəkmiş şəxsla rastlaşmış, Tərlan kimisə axtarmış, onu görüb telefon işığını onun üzünə tutaraq nəsə soruşmaq istədikdə, Tərlanın sərxoş vəziyyətdə olduğunu görmüş, ona uzaqlaşması üçün: «Bilmirəm»,- demiş, cavab olaraq Tərlan onu səbəbsiz yerə söyməyə başlamış, Tərlanın «söyüşlərini özünə qaytararaq» söyüş söyməməsini Tərlandan tələb etmiş, Tərlan onun üstünə hücum çəkərək qollarından yapışmış, özünü qorumaq üçün Tərlanı özündən kənarlaşdırmaq istəyən zaman aralarında çəkişmə baş vermiş, dalaşaraq “Orxan” marketin sağ tərəfində olan su arxının yanına yaxınlaşmış, Tərlanın əl çəkmədiyini görüb sağ yumruğu ilə sonuncunun sifət nahiyəsinə bir güclü zərbə vurmuş, zərbədən Tərlan sağ tərəfi üstə yerə yıxılmış, sonuncunun ayağa qalxmaq istədiyini görüb yanında yerdə olan 25-30 kiloqramlıq mişar daşını götürüb var gücü ilə Tərlanın başına çırpmış, birinci zərbədən sonuncunun baş nahiyəsindən qan axmış, hirsi soyumadığı üçün mişar daşını yenidən qaldırıb var gücü ilə qəsdən öldürmək məqsədi ilə Tərlanın baş nahiyəsinə ikinci dəfə vuraraq sonuncunu qəsdən öldürmüş, Tərlanın öldüyünü görüb mişar daşını yerdən qaldırıb yanındakı su kanalına atmış, bundan sonra yaşadığı evə getmiş, hadisə barədə heç kəsə məlumat verməmiş, evdə əynindəki ağ rəngli şalvarının üzərinə Tərlanın qan ləkələrinin düşdüyünü görüb, cinayətin izlərini ört-basdır etmək məqsədi ilə həmin şalvarı soyunub su ilə dolu ləyənin içərisinə atmış, bir neçə saatdan sonra polis əməkdaşları onun yaşadığı evə gələrək polis bölməsinə dəvət etmiş, polis bölməsində Tərlanı qəsdən öldürməsini etiraf etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs heç kimlə düşmənçiliyi, ədavəti, problemi olmamış, öz işində-gücündə olan, çox mehriban bir insan olmuş, xx.xx.2019-cu il tarixdə doğum günü münasibətilə Tərlanın Xaçmaz rayonunun Dalğalı kəndində qaldığı evə qonaq gəlmişlər, həmin vaxt Tərlanda heç bir dəyişiklik, qanı qara olması hallarını müşahidə etməmiş, Tərlan ümumiyyətlə çox sakit, alicənab insan olmuş, ağzından nalayiq ifadə belə çıxmamış, Tərlan ilin yay fəsli girəndən Xaçmaz rayonuna gəlmiş, onunla sonuncu dəfə Qurban bayramı vaxtı, avqust ayının 12-13-ü tarixlərində, mobil telefonun “Whatsapp” proqramı ilə əlaqə saxlamış, birbirilərindən hal-əhval tutmuş, bayramlarını təbrik etmişlər, həmin vaxt Tərlan öz dediyinə görə Bakı şəhərində olmuş, daha sonra sonuncunun nə vaxt Xaçmaz rayonunun Nabran kəndinə qayıtdığını bilməmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Tərlanın Xaçmaz rayonunun Dalğalı kəndi ərazisində, yaşadığı evin yaxınlığında, öldürülməsi barədə məlumat almış, bu xəbəri eşidən kimi dərhal Xaçmaz rayonuna gəlmiş, qardaşının Dalğalı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən mişar daşı ilə xəsarət yetirilərək öldürüldüyünü bilmiş, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 1 il bundan əvvəl, 2018-ci ilin yay aylarında, oğlu Taleh əsgərlikdən gələndən sonra, Talehdə dəyişiklik hiss etməyə başlamış, sonuncu hər şeyə aqressiv yanaşdığına və tez əsəbləşdiyinə görə psixi pozuntularının yarandığını başa düşmüş, xx xxxxxx 2019-cu il tarixdə Talehlə birlikdə gün ərzində evdə olmuş, həyətdə müəyyən işlər görmüş, saat 22:00 radələrində Taleh evdən çıxmış, hara gedəcəyini deməmiş, o, Talehin çox vaxt “Orxan” marketin qarşısına gedərək internetdə başını qatdığını bildiyinə görə sonuncudan hara getdiyini soruşmamış, təxminən 30-35 dəqiqədən sonra Taleh evə qayıtmış, Talehə yemək yeyib çay içməsini təklif etmiş, Taleh əynindəki paltarları dəyişib gələcəyini demiş, həyətilərində olan Talehin gecələr yatdığı mişar daşından tikilmiş kotejə getmiş, bir qədər sonra gəlib: “Ana şalvarım toz olub, bunu yumaq lazımdı” - dedikdə o, yorğun olduğunu, səhəri gün yuyacağını demiş, Talehə şalvarı hamamda suya qoyub üstünə yuyucu toz tökməsini demiş, Taleh bildiyi qədər gedib şalvarı dediyi kimi suya qoyub qayıtmış, yemək yemiş, sonra Taleh öz qaldığı kotecə getmiş, yaşadıqları ərazinin polis sahə rəisi Qurban gələrək, Talehə onunla getməsini bildirib gəldiyi avtomobilə dəvət etmiş, Taleh Qurbanla birlikdə getmiş, səhər açılan kimi qonşuluqda yaşayan kiçik qaynı Həmid Mursalovgilə getmiş, sonuncuya gecə polislərin Talehi apardıqlarını dedikdə Həmid ona: “Dünən axşam Tərlanı öldürüblər, ola bilsin onunla bağlı aparıblar”, - deyərək cavab vermiş, o, Tərlanın öldürülməsini bildikdə təəccüblənmiş, hadisənin oğlu Talehlə nə əlaqəsinin olmasını başa düşməmiş, xx xxxxxx 2019-cu il tarixdə kənddə oğlu Talehin qonşuları Zərərçəkmiş şəxs mişar daşı ilə vurub öldürdüyünü eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Abduləziz oğlu ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında yaşadığı İstisu qəsəbəsində olduğu vaxt dost-tanışları zəng edərək əmisi oğlu Talehin yaşadığı Dalğalı kəndində qəsdən adam öldürdüyünü, polislər tərəfindən tutulduğunu bildirmiş, həmin xəbəri eşidən kimi dərhal Talehgilə getmiş, əmisi arvadı Laləgül Talehin xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında kənddə müvəqqəti yaşayan Bakı şəhər sakini Zərərçəkmiş şəxs mişar daşı ilə başından vuraraq qəsdən öldürdüyünü bildirmiş, Zərərçəkmiş şəxs uzun illərdir ki tanımış, Tərlanla yaxın münasibəti olmamış, sadəcə salam-sağolu olmuş, Tərlan spirtli içki aludəçisi olmuş, mütəmadi olaraq sərxoş vəziyyətdə olmuş, bildiyi qədər Tərlan əvvəllər idmançı olmuş, idman müəllimi olaraq çalışmış, Nabran kəndinə yay aylarında gəlmiş, özünə məxsus avtomobillə müştəri daşınması ilə məşğul olmuş, sonradan eşitdiyinə görə xx xxxxxx 2019-cu il tarixdə hava qaralan vaxtlarda Taleh evlərinin yaxınlığında yerləşən “Orxan” marketin qarşısında olarkən Zərərçəkmiş şəxs oraya gələrək Talehdən kiminsə barəsində soruşmuş, Taleh həmin adamı tanımadığını bildirdikdə aralarında mübahisə yaranmış, Tərlan Talehi nalayiq söyüşlərlə təhqir etmiş, Talehin qolundan tutub marketin yan tərəfinə apararaq döyməyə çalışmış, bu zaman Taleh Tərlana yumruq zərbəsi vuraraq onu yerə «sərmiş», əsəbi soyumadığından ətrafda olan mişar daşını götürərək yerdə uzanan Tərlanın başından bir neçə dəfə vurmuş, daha sonra həmin mişar daşını kənara ataraq evinə getmiş, son zamanlar Talehdə psixi dəyişiklik olduğunu müşahidə etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 Hacı oğlu ifadə verərək göstərmişdir ki, Taleh hərbi xidmətdən qayıtdıqdan sonra Talehin xasiyyətində dəyişiklik olduğunun, psixi pozuntular yarandığının şahidi olmuş, belə ki, Taleh günün əksər saatlarını yaşadığı evdə olmuş, küçəyə nadir hallarda çıxmış, söz soruşduqda dərhal cavab verməmiş, bir müddət sonra cavab vermiş, sanki nədənsə qorxmuş, özünə qapanmış vəziyyətdə olmuş, yalnız axşam saatlarında evdən çölə çıxmış, kənd ərazisində yerləşən, hazırda fəaliyyət göstərməyən “Orxan” marketin yanına gedib mobil telefonu ilə internetə daxil olub vaxtını keçirmişdir; xx xxxxxx 2019-cu il tarixdə axşam saat 23:50 radələrində yaşadığı evdə olduğu vaxt həmkəndlisi Şahid4 küçədə görmüş, sonuncu kənddə yaşayan Zərərçəkmiş şəxs öldürüldüyünü bildirmiş, Amilin sözlərindən sonra birlikdə hadisə yerinə - “Orxan” marketin yanına getmişlər, Bu vaxt orada polis və prokurorluq əməkdaşları olmuş, kənarda dayanıb baş verənləri seyr etdikdən qədər sonra çıxıb evlərinə getmiş, ertəsi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında, Tərlanın öldürülməsinə görə Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılaraq Xaçmaz rayon prokurorluğuna aparıldığı məlum olmuş, sonradan bilmişdir ki, Taleh Tərlanı mağazanın yanında olan mişar daşı ilə baş nahiyəsinə bir neçə dəfə vuraraq qəsdən öldürmüş, eşitdiyinə görə həmin vaxt Talehlə Tərlan arasında mübahisə yaranmış, hadisə də mübahisə nəticəsində baş vermiş, əvvəllər Tərlanla Taleh arasında heç vaxt mübahisə, dava-dalaş olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 Şahid5 Hacı oğlunun ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında kənd ərazisində dostları Mahir və Elvir ilə birlikdə Elvirgilin evində çay içmiş, saat 22:30 radələrində artıq gec olduğunu, evə getməli olduğunu bildirərək Mahirlə Elvirin evindən çıxıb evinə getmiş, “Orxan” marketlə üzbəüz yerləşən yaşadığı evin qarşısına çatdıqda marketin yanında yerdə uzanmış bir şəxsi görmüş, Mahirlə yerdə uzanmış şəxsə tərəf yaxınlaşıb mobil telefonun fənəri ilə həmin şəxsə baxdıqda Tərlan Ağabalayev olduğunu görmüş, ətraf qan içində olmuş, Tərlannın baş nahiyəsi sanki dağılmış vəziyyətdə olmuş, sonuncunun öldüyünü başa düşmüş, dərhal zəng edib bu barədə atasına məlumat vermiş, bir qədər sonra atası dostları və kəndin polis sahə rəisi Qurban Mütəllimov ilə birlikdə hadisə yerinə gəlmiş, Tərlanın meyitinin yaxınlığından keçən su arxının içində iri həcmli mişar daşı olmuş, mişar daşının yuxarı hissəsində qan ləkələrinin olduğunu görmüş, bundan sonra o, Yalama polis bölməsinə aparılmış, bölməyə çatdıqda Təqsirləndirilən şəxs da orada olduğunu görmüş, bu vaxt Tərlanı məhz Talehin mişar daşı ilə baş nahiyəsindən vuraraq öldürdüyünü eşitmiş, Talehlə uşaq yaşlarından tanış olmuş, Taleh hamı kimi normal insan olmuş, lakin hərbi xidmətdən qayıtdıqdan sonra Talehdə dəyişiklik baş vermiş, Təqsirləndirilən şəxs hansı səbəbdən Tərlan Ağabalayevi öldürməsi haqqında dəqiq məlumatı olmamış, dığını bildirmiş, lakin hadisə vaxtı Tərlanın sərxoş olduğunu, aralarında mübahisə baş verdiyini mübahisə zamanı Talehin Tərlanı əvvəlcə yumruqla vuraraq yerə yıxdığını, daha sonra mişar daşı ilə başından bir neçə dəfə vuraraq öldürdüyünü eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yerindən - Xaçmaz rayonunun Dalğalı kəndi ərazisində yerləşən “Orxan”, marketin ön tərəfində, pilləkanın yanında, yarı beton-yarı torpaq döşəmə üzərində Zərərçəkmiş şəxs meyiti aşkar olunmuş, meyitin başının ətrafında yerdə qanabənzər gölməçə var, meyitdə narıncı rəngli yay köynəyi, göy-qırmızı rəngli çimərlik tumanı və 1 cüt ağ rəngli rezin çəkələr var, meyitlə marketin divarı arasında mərhuma məxsus olduğu güman edilən 1 ədəd “Lenovo” markalı mobil telefon var; marketlə üzbəüz dayandıqda sağ tərəfdə eni 146 sm olan su kanalı var, su kanalında üzərində qana bənzər ləkə olan mişar daşı aşkar edildi, mişar daşının uzunluğu 38 sm, eni 18 sm, hündürlüyü 16,5 sm-dir. meyitdən mişar daşına qədər olan məsafə 290 santimetrdir, marketin divarına qana bənzər ləkələr sıçramışdır, baxış zamanı aşkar edilmiş “Lenovo” markalı 1 ədəd mobil telefon, üzərində qana bənzər ləkə olan mişar daşı və qana bənzər maye gölməçəsinə hopdurulmuş tənzif nümunələri müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (1-ci cild iş vərəqi 2-7). İşdə olan xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə müvafiq qərar əsasında Təqsirləndirilən şəxs anası Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd zoğalı rəngli yay köynəyi və 1 cüt göy rəngli rezin çəkələk müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (1-ci cild iş vərəqi 66-69). İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə x xxxxxxxx 2019-cu il tarixli 34 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə qapağı sümüklərinin (ənsə, təpə, alın) böyük qəlpəli sınıqları, alın nahiyəsinin əzilmiş yarası, burun və sağ alt çənə sümüklərinin sınıqları, sol göz qapağının şişkinliyi; göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə qərarda qeyd olunduğu müddət və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə, mişar daşı ilə yetirilmiş iki və ya daha artıq zərbənin təsirindən əmələ gələ bilərdi və bu xəsarətlərdən baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə qapağı sümüklərinin (ənsə, təpə, alın) böyük qəlpəli sınıqları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə qansızma olmuşdur; ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Xəsarətlərin xarakteri və yerləşmə nahiyəsinə görə demək olar ki, Zərərçəkmiş şəxs xəsarət yetirilərkən o, uzanmış vəziyyətdə ola bilərdi: Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 2%o qatılıqda etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluq vəziyyətinə aiddir (1-ci cild iş vərəqi 168-172). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 574 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin qançırı, sağ əl nahiyəsinin şişkinlik və sıyrığı, sağ ayağın birinci barmağının sıyrığı bərk küt əşya(əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir (1-ci cild iş vərəqi 55-57). İşdə olan məhkəmə tibbi-bioloji ekspertiza üzrə xx xxxxxxx 2019-cu il tarixli 643/2019-MTBŞ №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mişar daşı, Zərərçəkmiş şəxs məxsus yay çəkələkləri, çimərlik tumanı, qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus idman şalvarı və 02 ədəd tənzif kəsikləri üzərində olan ləkələrdə insan qanı aşkar olundu; həmin qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər, ekspertizaya təqdim edilmiş maddi sübutlar üzərindəki qan ləkələri periferik mənşəli olub kişi cinsinə məxsusdur (1-ci cild iş vərəqi 201-209). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza üzrə xx xxxxxxx 2019-cu il tarixli 2038 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, cinayət işinin materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır; onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmiş, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi) aşkar olunsa da, ixtiyari yaddasaxlamasının, emosional və assosiativ yaddaşının kifayət qədər aktiv olduğu, təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmamaqla, intellektual imkanlarının ümumilikdə normaya uyğun olduğu müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir; belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmiş, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. (1-ci cild iş vərəqi 216-219). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 32-33). İşdə olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 94- 97). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Xaçmaz rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy-qırmızı rəngli çimərlik tumanı, 1 ədəd narıncı rəngli yay köynəyi, 1 cüt ağ rəngli rezin çəkələk, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd zoğalı rəngli yay köynəyi, 1 cüt göy rəngli rezin çəkələk, tənzif nümunələri və 1 ədəd mişar daşı məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri 159 (yüz əlli doqquz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə materialların məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatın dəyəri 159 (yüz əlli doqquz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar - Xaçmaz rayon prokurorluğunda saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy-qırmızı rəngli çimərlik tumanı, 1 ədəd narıncı rəngli yay köynəyi, 1 cüt ağ rəngli rezin çəkələk, Təqsirləndirilən şəxs məxsus 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd zoğalı rəngli yay köynəyi, 1 cüt göy rəngli rezin çəkələk, tənzif nümunələri və 1 ədəd mişar daşı məhv edilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar