Məhkəmə qərarları › İş №1(101)-276/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-276/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-276/2020 18.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, « 18 » fevral 2020-ci il Bakı şəhərində xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının ortalarında bir qrup şəxslə Rusiya Federasiyasında olan tanışı Ülvi adlı şəxsə və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digərləri ilə külli miqdarda psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək realizə edilməsi üçün ona göndərilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun Rusiya Federasiyasında olan üzvü Ülvi istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən tərkibindəki preqabalin güclü təsir edən maddənin 92,4 qram təşkil edən hər konvolyutda 14 həb olmaqla, 22 konvalyutda 308 həb “Lirika 300 mq” dərman preparatını satış məqsədi və tamah niyyətilə qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 ədəd karton qutudakı səs gücləndiricinin içərisində gizlədərək Təqsirləndirilən şəxs göndərilməsi üçün cinayətdən xəbərsiz olan Şahid2 təhvil vermiş, sonuncu isə qeyd olunan dərmanların Moskva-Bakı istiqaməti üzrə hərəkət edən “X6” markalı, **-KG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitənin sürücüsü, cinayətdən xəbərsiz olan Şahid1 vermişdir. Şahid1 qeyd olunan güclü təsir edən dərmanların gizlədildiyi səs gücləndiricini qəbul edərək idarə etdiyi avtomaşınla xx xxxx 2019-cu il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirmiş və saat 13:30 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərkən həmin maddələr gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Paşayev Ülvi onun qonşusudur. Onunla dostluq münasibəti olmuş, birlikdə narkotik vasitələr qəbul etmişlər. Bir müddət X2 köçmüş və 2019-cu ilin mart ayında ona zəng edərək, Moskvadan yük göndərdiyini və həmin yükü qəbul edib anasına çatdırılmasını xahiş etmişdir. Ülvi ona sürücünün telefon nömrəsini vermiş və sürücüylə əlaqə saxlamasını xahiş etmişdir. Ülvi ona nə yük göndərdiyi barədə məlumat verməmişdir. Bir neçə gündən sonra Ülvi ona verdiyi nömrəyə zəng etmiş və sürücü ona bildirmişdir ki, maşın nasazlığa görə yolda qalıb. Bir neçə gündən sonra Azərbaycana gələcəklər. Lakin bir neçə gündən sonra Ülvi ona zəng edib bildirmişdir ki, o Azərbaycana səs gücləndirici göndərmiş və onun içində psixotrop dərmanlar gizlətmişdir. Həmin dərmanları sərhəddə götürmüşlər. Buna görədə sürücüylə əlaqə saxlamaı lazım deyil. 2019-cu ilin avqust ayında polis əməkdaşları onun evinə gəlib gömrük idarəsinə aparmış,o narkotik vasiətlərin təsiri altında olduğuna görə və təzyiqlər nəticəsində psixotrop dərmanların yükün içində olduğunu təsdiq etmişdir. O, həmin ifadələri təsdiq etmir, çünki Ülvinin Azərbaycana dərman göndərilməsini yalnız həmin dərmanlar sərhəddə tapıldıqdan sonra bilmişdir. O, qanunsuz sərhədi keçməmiş, nəzarətdən kənar psixotrop dərmanların Azərbaycana gətirilməsindən xəbəri olmamış və narkotik vasitələrin,psixotrop dərmanların satışı ilə məşğul olmamışdır. Özünü yalnız narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi kimi təqsirli bilir,barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaxın qohumuna məxsus “X6” markalı, 99KG013 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə X3 şəhərinə sərnişin daşıyır və bu işdə ona Şahid3 köməklik etmişdir. Sonuncu dəfə, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X6” markalı, 99KG013 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə 4 nəfər sərnişini X3 şəhərinə aparmışdır. Moskva şəhərində Lubnino bazarı adlanan ərazidən Azərbaycana geri qayıtmaq üçün sərnişin axtarırmış, tanımadığı şəxslər ona yaxınlaşaraq Azərbaycana göndərmək üçün müxtəlif bağlamalar gətirib verirmiş və o da bu yükləri ölkə ərazisinə gətirirmiş. Bağlamaların hər 1 kq-a 100 Rusiya rublu hesablanmaqla pul alırmış. Şəxslərin Azərbaycana aparmaq üçün gətirib ona verdiyi həmin bağlamaları özünə aid kağızda qeyd edirmiş və orada bağlamaların Azərbaycanda kimə çatacağı, kimin gəlib təhvil alacağını, həmin şəxslərin əlaqə nömrələrini yazırmış. Onun digər köməkçisi Şahid2 vətəndaşlardan eyni qaydada bağlamaları qəbul edib kimə çatmalı olduğunu qeyd edir və daha sonra o Moskvaya gələndə həmin siyahını və təhvil aldığı malları ona verir. xx.xx.2019-cu il tarixdə Lubnino bazarında köməkçisi Vüqar ona gətirib bir ədəd karton qutuda səsgücləndiricini vermiş və bildirmişdir ki, bazarda olarkən tanımadığı və özünü “Elvin” kimi təqdim edən bir nəfər şəxs 1 ədəd karton qutunu Bakı şəhəri Avtovağzalda Orxan adlı şəxsə təhvil verilməli olduğunu demiş və bunun müqabilində ona yükün daşınması üçün 1000 Rusiya rubulu pul vermişdir. Vüqar həmin karton qutunun içərisində nə olduğunu soruşmuş, həmin adam da 1 ədəd səs gücləndirici olduğunu bildirmişdir. Həmin malı Azərbaycanda qəbul edəcək şəxsin yəni, “Orxan” adlı şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etmişdir. Eyni zamanda həmin “Elvin” adlı şəxsin +**********68 saylı mobil telefon nömrəsini qeyd etmişdir. Vüqar Elvinə Azərbaycanda olan və şəxslərin mallarını təhvil verən köməkçisi Zamiqin ***-***-**-** saylı nömrəsini vermişdir ki, Bakıda bu nömrə ilə əlaqə saxlayıb gəlib malını təhvil alsınlar. O Vüqardan həmin səsgücləndiricini qəbul edib nəqliyyat vasitəsinə yerləşdirmiş, xx.xx.2019-cu il tarixdə 5 nəfər sərnişin götürüb Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. xx xxxx 2019-cu il tarixdə Rusiyada Azərbaycanla sərhəd ərazisinə yaxın ərazidə idarə etdiyi nəqliyyat vasitəsinin “dinamosu” xarab olmuş, buna görə də o avtomobili orada qoyub maşında olan sərnişinlərlə Azərbaycana gəlmişdir. xx xxxx 2019-cu il tarixdə o, köməkçisi Zamiqlə birgə nəqliyyat vasitəsinin dinamosunda olan “rele” adlandırdıqları detalı Biləcəridə aparıb təmir etdirmiş və xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Rusiya sərhəd keçid məntəqəsinə yaxın ərazidə olan nəqliyyat vasitəsinin nasazlığını aradan qaldırdıqdan sonra birgə Rusiya gömrük sərhəd keçid məntəqəsini keçib həmin gün saat 13:30 radələrində Azərbaycan sərhəd keçid məntəqəsində “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olmuşlar. Nəqliyyat vasitəsində olan müxtəlif şəxslərə çatacaq bağlamaları nəqliyyat vasitəsindən köməkçisi Zamiqin köməkliyi ilə düşürmüş və yoxlamadan keçirilməsi üçün orada rentgen aparatına qoymuşdur. Burada gömrük əməkdaşı ondan bəyan edilməli mallarının olub-olmadığını soruşmuş, o da 4 ədəd sumkada əl yükü olduğunu bildirmişdir. Sonra gömrük işçisi nəqliyyat vasitəsindən düşürülən əl yüklərinə rentgen aparatında gömrük baxışı keçirmiş və gömrük baxışı zamanı 1 ədəd səs gücləndiricinin içərisində şübhəli cizgilər olduğunu ona bildirmiş, səs gücləndiricinin içərisi gömrük əməkdaşı tərəfindən yoxlanılmış və yoxlama zamanı onun içərisindən sellofan paketə bükülü şəkildə dərman vasitələri aşkar edilmişdir. Həmin dərman vasitələrinə baxış zamanı onların 22 konvolyut hər konvolyutda 14 həb olmaqla, cəmi 308 həb “Lirika 300 mq” adlı dərman preparatları olduğu məlum olmuşdur. Daha sonra gömrük əməkdaşı onu postun otağına dəvət edərək üzərini iki nəfər şəxsin iştirakı ilə yoxlamış və yoxlama zamanı qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamış, həmin dərman preparatları isə gömrük işçisi protokol tərtib edərək götürülmüşdür. Həmin yükü Azərbaycanda Bakı şəhəri Avtovağzal adlanan ərazidə qəbul etməli olan “Orxan” adlı şəxs köməkçisi Zamiqə zəng edərək həmin bağlama ilə maraqlanmış, lakin qeyd olunan bağlama gömrük əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin şəxs zəng etməmiş və ümumiyyətlə zənglərə də cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tanışı Şahid1 idarə etdiyi “X6” markalı, 99KG013 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə onunla birgə X3 şəhərindən Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşıyırlar. O, Rusiyaya gedərkən 3 ay müddət ərzində Moskvada qalır və bu müddət ərzində gələn sərnişinlərdən Azərbaycana göndərmək üçün əşyaları qəbul edir, sifarişləri onun nəqliyyat vasitəsinə yığır, malları Azərbaycanda təhvil almalı olan şəxslərin əlaqə məlumatlarını Mehraba verir. 3 ayda bir dəfə də Mehrabla birgə Azərbaycana qayıdır və daha sonra bir müddət qaldıqdan sonra Moskvaya qayıdır. 2019-cu ilin mart ayının sonlarında Moskvada Lubnino bazarı adlanan ərazidə bir neçə şəxs yaxınlaşıb Azərbaycana göndərmək üçün müxtəlif bağlamalar gətirib vermiş, bağlamalara görə hər 1 kq-a 100 Rusiya rublu hesablanmaqla pul almışdır. Həmin tarixdə Lubnino bazarında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb adının Elvin olduğunu, Azərbaycana göndərmək üçün 1 ədəd karton qutunu vermişdir ki, Bakı şəhərində Avtovağzalda Orxan adlı şəxsə təhvil verib, yükün daşınması üçün 1000 Rusiya rubulu vermişdir. O, həmin şəxsdən karton qutunun içərisində nə olduğunu soruşmuş, o da 1 ədəd səs gücləndirici olduğunu və təcili şəkildə dostuna çatdırılmalı olduğunu bildirmişdir. O da həmin yükün içərisinə baxmış və içərisində bir ədəd kalonka və mikrofonu olan karaoke üçün aparat olduğunu görmüş, eyni zamanda malın təzə olduğunu müşahidə etmişdir. Şəxs həmin malı Azərbaycanda qəbul edəcək dostunun yəni, Orxanın ***-***-**-** saylı mobil telefon nömrəsini vermişdir. Bundan əlavə özünə məxsus olan +**********8 saylı Rusiya mobil operatoruna məxsus olan nömrəni də ona vermiş və malı şəxsdən təhvil almışdır. Həmin tarixdən təxminən 2-3 gün sonra Mehrab Moskvaya gəlmiş, o digər sərnişinlərdən o cümlədən özünü Elvin kimi təqdim edən şəxsdən aldığı malı və malı qəbul edəcək şəxsin əlaqə nömrəsini və adını Mehraba vermişdir. Həmin malı digər mallarla birgə nəqliyyat vasitəsinə yükləmiş və Mehrab Azərbaycana qayıtmaq üçün yola çıxmışdır. Sonradan Mehrab gömrükdə Azərbaycana keçərkən orada malların yoxlanılması zamanı Elvin adlı şəxsin Azərbaycana göndərmək üçün təqdim etdiyi kalonkanın içərisindən qanunsuz dərmanlar aşkar edildiyi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, dostu Şahid1 Rusiyadan Azərbaycana gələndə gömrük sərhəd buraxılış məntəqəsində yüklərin daşınmasında köməklik edir və Bakıya qədər müşayiət edir. xx xxxx 2019-cu il tarixdə Mehrab Rusiyadan Azərbaycana gəlmiş və bildirmişdir ki, idarə etdiyi “X6” markalı, 99KG013 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Rusiyada Azərbaycanla sərhəd ərazidə dinamosunda yaranan problemlə əlaqədar xarab olmuş, “rele” adlandırılan detalı söküb gətirmişdir ki, Bakıda təmir etdirsin. Onlar həmin detalı Biləcəriyə aparıb təmir etdirmiş və Mehrabla birgə xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Rusiya sərhəd keçid məntəqəsinə yaxın ərazidə olan nəqliyyat vasitəsinin yanına qayıtmışlar. Orada nəqliyyat vasitəsinin nasazlığını aradan qaldırdıqdan sonra birgə Rusiya gömrük sərhəd keçid məntəqəsini keçmiş, saat 13:30 radələrində Azərbaycan sərhəd keçid məntəqəsində “Samur” gömrük postuna daxil olmuşlar. Orada o, Mehrabla birgə Rusiyadan müxtəlif şəxslərin Azərbaycana gətirmək üçün təhvil verdikləri bağlamaları yoxlamadan keçirilməsi üçün rentgen aparatına qoymuşdur. Bağlamalar yoxlamadan keçirilərkən gömrük əməkdaşı 1 ədəd qutuda səs gücləndiricinin içərisində şübhəli cizgilər olduğunu Mehraba bildirmiş, daha sonra həmin qutu açılaraq yoxlanılmış və yoxlama zamanı onun içərisindən sellofan paketə bükülü şəkildə dərman vasitələri aşkar edilmişdir. Həmin dərman vasitələrinə baxış zamanı onların 22 konvolyut hər konvolyutda 14 həb olmaqla, cəmi 308 həb “Lirika 300 mq” adlı dərman preparatları olduğu məlum olmuşdur. Daha sonra gömrük əməkdaşı onu və Mehrabı postun otağına dəvət edərək üzərlərini iki nəfər şəxsin iştirakı ilə yoxlamış və yoxlama zamanı qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamış, həmin dərman preparatlarını gömrük işçisi protokol tərtib edərək götürmüşdür. Qeyd olunan bağlama barədə Mehrab ona demişdir ki, Moskvada digər köməkçisi Şahid2 “Elvin” adlı şəxsdən qəbul edib və Azərbaycanda Bakı avtovağzalı deyilən ərazidə “Orxan” adlı şəxs gəlib təhvil almalı imiş. Onun telefon nömrəsini vermişdir ki, bağlamanı təhvil alacaq şəxs Bakıda onunla əlaqə saxlasın. Belə də olmuşdur. Belə ki, mal gömrüyə gələnə qədər yəni, 28 mart tarixindən xx xxxx 2019-cu il tarixinə qədər ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olub həmin bağlama ilə yəni, səs gücləndirici ilə maraqlanırmışlar. Həmin adam malın nə vaxt gələcəyini və nə vaxt gəlib götürə biləcəyini soruşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, tanışı Vüqar ilə birlikdə “Samur” gömrük postunun qarşısına gedib vətəndaşların əl yüklərinin daşınmasına köməklik etmişdir. xx.xx.2019-cu il tarixdə “Samur” gömrük postunun qarşısında gözlədikləri zaman bir nəfər gömrük işçisi onlara yaxınlaşmış və onlardan “Samur” gömrük postunda keçiriləcək yoxlamalarda hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar da əməkdaşa etiraz etməmiş və yoxlamalarda iştirak etmək üçün birlikdə “Samur” gömrük postuna daxil olmuşlar. Postda Azərbaycan Respublikası vətəndaşları Şahid1 və Şahid3 əl yüklərinə və üzərilərinə keçirilən yoxlamalarda iştirak etmişlər. Şahid1 məxsus əl yükünə keçirilən yoxlama zamanı, 1 ədəd səs gücləndiricinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 22 konvolyut hər konvolyutda 14 həb olmaqla, cəmi 308 həb “Lirika 300 mq” adlı dərman preparatları aşkar edilmişdir. Bundan sonra Şahid1 və Şahid3 üzərilərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Bundan sonra, gömrük işçisi bu işlə bağlı protokollar tərtib etmiş və aşkar olunmuş dərman preparatlarını götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Paşayev Ülvi qardaşıdır. Təqsirləndirilən şəxs isə qardaşının dostudur. O, qardaşı Ülvinin həyat tərzini xoşlamır. Çünki, qardaşı narkotik qəbul edirmiş. Elxanın da narkotika qəbul etdiyini eşitmişdir. Ona görə də qardaşından uzaq olurmuş. Elxanla isə şəxsi tanışlığı olmamışdır. O, eşitmişdir ki, qardaşı Rusiyadan narkotik tərkibli dərman göndərmiş və həmin mallar da saxlanılmışdır. Bunu isə o Xaçmaz rayonunda təhqiqata gedib izahat verib qayıdandan sonra bilmişdir. Hətta Elxandan bu barədə soruşanda Elxan ona bildirmişdir ki, qardaşı Ülvi onu zibilə salmışdır. Sonuncu dəfə qardaşı ilə evdə mübahisələri olmuş və Ülvi evdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 7-ci mkr-dan tanımış, Elxanla sıx əlaqəsi olmamışdır. Ondan birlikdə marixuana və psixotrop maddələr alıb istifadə etmişlər. Lakin artıq bir neçə aydır ki, onunla əlaqəsi olmamışdır. Sonuncu dəfə Elxan tutulmamışdan təxminən 1 həftə qabaq ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. O, Elxanla məhlədə görüşmüşdür. Görüş zamanı Elxan ona, Rusiyadan dostu Ülvi tərəfindən yükün içərisində “lirika” göndərildiyini, ona görə də onu axtardıqlarını və istintaqa çağırdıqlarını bildirmişdir. Elxan ondan istintaqda tanışının olub-olmadığını və ona köməklik göstərməyi istəmişdir. O da tanışının olmadığını demiş və bu hadisədən sonra onlar görüşməmişdirlər. Elxanın narkotika satışı ilə məşğul olduğunu bilmir. O, marixuananı tanışı Şamxaldan alıb istifadə edirmiş, Şamxal isə bir neçə ildir Türkiyədə yaşayır. Şamxaldan lirika dərmanından və “pati” kimi adlandırılan metamfetamindən alıb istifadə edirmiş. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs “Qaqa 150 lik liri var gor istiyen olsa xeber ele” məzmununda sms göndərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, orta məktəbdə müəllimə işləyir. X5 onun oğludur. Bir neçə ay olar ki, ölkə ərazisindən getmiş və hazırda Rusiya Federasiyasında yaşayır. Arada da olanda onunla əlaqə saxlayır. Muradov X4 məhlə tanışıdır, bir məhlədə böyüyüblər. Oğlu Ülvinin evləri üçün yük göndərməsi barədə Elxan ona hər hansı bir şey deməmişdir. Ümumiyyətlə oğlu Ülvi evə heç bir yük göndərmir və bu vaxta qədər də nəsə alıb göndərdiyi olmamışdır. Çünki onunla telefonda danışır və həmin ərəfələrdə də evə nəsə göndərəcikdisə bu barədə ən azından valideyni kimi ona məlumat verərmiş. İkinci tərəfdən əgər Ülvi nəsə alıb ev üçün göndərməli idisə evdə onun həyat yoldaşı, digər oğlu və yaxın qohumları var, onlara deyə bilərdi ki, gedib qarşılayıb gətirib evə versinlər. Ümumiyyətlə oğlu Ülvi Elxan vasitəsilə evə hansısa yük göndərməmişdir. 2019-cu ilin mart-aprel aylarında oğlu Ülvi telefonla zəng edib ona pul göndərməsini bildirmiş, o da pul göndərmək məqsədilə yaşadığı ərazidəki Accsess banka getmiş, lakin bankda növbə çox imiş və o da işə getməli imiş, həmin ərəfədə digər oğlu Fərid də evdə yox imiş, Ülviyə zəng edib bankda növbə çox olduğunu və pulu göndərə bilmədiyini demiş, Ülvi isə pulu məhlədən olan tanışlardan biri vasitəsilə göndərməyini xahiş etmişdir. O da həmin ərəfədə məhlədə olan Elxandan xahiş etmişdir ki, banka gedib ona verəcəyi pulu Ülviyə göndərsin. Beləcə o, 400-450 manat pulu Elxana vermişdir ki, gedib bankdan Ülviyə yola salsın. Bundan savayı Elxandan Ülvi ilə bağlı hər hansı xahişi olmamışdır. Oğlu Ülvinin narkotik vasitələrdən istifadə edib etmədiyini bilmir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən aparılan telefon danışıqlarına dair Bakcell MMC-dən götürülmüş məlumatlardan müəyyən olunmuşdur ki, Elxanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid3 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 16:22-də telefon zəngi olunmuş və aralarında 47 saniyəlik danışıq aparılmışdır. Daha sonra ********** saylı mobil telefon nömrədən ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 tarixlərində zənglər olunmuş lakin, danışıq aparılmamışdır. Cinayət işinə əlavə edilmiş “yoxlama haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, gömrük baxışı zamanı Şahid1 gömrük nəzarətinə təqdim etdiyi 1 ədəd əl yükü olan səsgücləndiricinin içərisindən gömrük nəzarətindən gizlədilmiş 22 konvolyut hər konvalyutda 14 həb olmaqla cəmi 308 həb “Lirika 300 mq” adlı dərman preparatları aşkar olunmuş və qeyd olunan 308 həb preparatlar və səsgücləndirici götürülmüşdür. Cinayət işinə əlavə edilmiş fotoşəkillər əsasında şəxsin tanınması haqqında protokoldan görünür ki, 1 ədəd səs gücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddəsinin miqdarı 92,4 qram təşkil edən 308 həb “Lirika 300 mq” dərman preparatlarını Azərbaycan Respublikasına göndərən X5 olmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 8413/8414 №li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Azərbaycan Respublikası Şahid1 barəsində...” sözləri olan bir ədəd politilen paketdəki üzərində “Lirika 300 mq Preqabalin 06/2021” göstəriciləri olan 22 ədəd konvalutda ümumi sayı 308 ədəd olan kapsulların (hər konvalyutda 14 ədəd kapsul olmaqla) əsas təsiredici maddəsi preqabalindir. Preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Təqdim olunmuş 22 ədəd konvalutda ümumi sayı 308 ədəd olan kapsulların tərkiblərində preqabalin təsir maddəsinin ümumi miqdarı 92.4 qram təşkil edir. Məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 1997 nömrəli rəyində Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətlərinin aşkar olunmadığı, cinayətdən sonra və əvvəl öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunduğu qeyd olunmuşdur. Məhkəmə narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2550 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, lakin onun şəxsiyyətini, əvvəllər məhkum olunmadığını,cavanlığını və cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli və sınaq müddəti təyin edilməlidir. İş üzrə maddi sübutlar- Dövlət Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsində saxlanılan 92,4 qram preqabalin “Lirika 300 mq” dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd səs gücləndirici sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri 181 manat 82 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs x xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi, yəni 6 ay 11 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 19 (on doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal azad edilsin, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübutlar- Dövlət Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsində saxlanılan 92,4 qram preqabalin “Lirika 300 mq” dərman preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd səs gücləndirici sahibinə qaytarılsın. Ekspertiza xərcləri 181 manat 82 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar