Məhkəmə qərarları › İş №1(101)-276/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-276/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-276/2022 30.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan qəsdən məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2021-ci il tarixdə axşam saatlarında qohumu Zərərçəkmiş şəxs işlədiyi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Elit” marketlə üzbəüz sahədə yerləşən ət kəsilmə məntəqəsində olarkən Zərərçəkmiş şəxs məntəqədə ət kəsərkən gündəlik istifadə etdiyi bıçağı yerində aşkar etməyərək onun kimsə tərəfindən oğurlandığını bildirib, bıçaq barədə məlumatının olub-olmamasını ondan soruşduqda, sonuncu bıçağı götürmədiyni və kimsə tərəfindən oğurlanmasını da bilmədiyini demiş, bundan sonra oğurlanmış bıçağı xx.xx.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin həyət qapısının qarşısında qoyulduğunu Zərərçəkmiş şəxs aşkar edib götürmüş və həmin gün axşam saatlarında yaxınlıqda yerləşən tanışı Şahid2 məxsus tikinti materialları mağazasının qarşısında sonucu ilə birlikdə Təqsirləndirilən şəxs söhbət etdiyini görüb onlara yaxınlaşaraq, bıçağı evlərinin həyət qapısnınm qarşısında tapdığını bildirib, bıçağı oğurlayan şəxsin ünvanına təhqiramiz söz deyərək, onun hərəkətinin «kişiyə yaraşmaz hərəkət» olmasını dediyinə görə Təqsirləndirilən şəxs həmin sözlərin onun ünvanına deyilməsini ehtimal edərək, bunu bəhanə edib, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, həmin məqsədlə xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində göstərilən məntəqəyə gəlib, sonuncu ilə salamlaşdıqdan sonra məntəqədə olan ət kəsilməsi zamanı istifadə olunan, soyuq silah hesab edilməyən məişət təyinatlı baltanı kötüyün üzərindən sağ əlinə götürərək, həmin vaxt məntəqədə oturmuş vəziyyətdə işləyən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb, baltanı hər iki əli ilə başının üstünə qaldırıb, baltanın kəsicİ-çapıcı hissəsi ilə sonuncunun baş nahiyəsinə bir dəfə güclü zərbə vuraraq, ona açıq kəllətravması, baş beynin orta dərəcəli əzilməsi-sıxılması, sağ ənsə payında epidural hematoma, ənsə sümüyünün basılmış qəlpəli sınığı ilə müşaiyət olunan yaralardan ibarət olmaqla dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, sonuncunun zərbədən sonra yerə yıxılaraq hərərkətsiz qaldığını görüb, hadisə yerini dərhal tərk etmiş, lakin Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq ona vaxtında tibbi yardım göstərilməklə həyatı xilas edildiyinə görə Təqsirləndirilən şəxs onun iradəsindən asılı olmayan səbəbdən cinayətkar qəsdinə nail olmayaraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə həyatdan qəsdən məhrum etməyə, yəni digər şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş, zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyəti ilə deyil, cəzalandırmaq məqsədi ilə balta ilə vurduğunu, hadisədən sonra könüllü olaraq polis bölməsinə gedib təslim olduğunu bildirmişdir. Onun psixoloji problemləri olduğundan ifadə verə bilmədiyini və ittiham aktında olan ifadəsini təstiq etdiyini qeyd etmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə Sulutəpə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə bağlı bildirir ki, həmin şəxs onun xalası nəvəsidir, aralarında heç vaxt mübahisə və narazlıq olmamışdır, hadisə gününədək də məntəqədə bir neçə dəfə olarkən də mübahisələri olmamışdır. Zərərçəkmiş şəxs özünə məxsus Sulutəpə qəsəbəsi ərazisində yerləşən ət kəsmə iaşə obyektində işləyərək ailəsini dolandırır. O da də həm qohum olduqları və eyni qəsəbədə yaşadıqları üçün, həm söhbət etmək, həm də müştəri yığmaq məqsədi ilə tez-tez Şirinin yanına getmişdir. xx.xx.2021 -ci il tarixdə axşam saatlarında o, Şirinin obyektində olan zaman Şirin heyvan kəsimi üçün mütəmadi istifadə etdiyi bıçağın oğurlandığını bildirib, ondan həmin bıçağın harada olması və ya kimin götürməsi barədə məlumatının olub-olmadığını soruşmuş, o da cavabında həmin bıçağı görmədiyini, kimin götürməsi barədə də məlumatı olmadığını bildirmişdir. Növbəti gün yenə təxminən saat 16 radələrində o, tanışı Amidlə və tanımadığı 1-2 nəfərlə Amidin işlətdiyi dükanın qarşısında olarkən Zərərçəkmiş şəxs onlara yaxınlaşmış,bıçağın tapılıb-tapılmamasını ondan soruşduqda Şirin bıçağın evinin qapısının qarşısından tapdığını deyib, həmin şəxs barəsində xoşagəlməz ifadələr işlətmiş, ” var-yox” söyüşü demişdir. Həmin vaxt onların yanında Amid və tanımadığı 1-2 nəfər şəxs də olmuşdur. Üstündən təxminən 1 həftə keçdikdən sonra Şirinin işlətdiyi ifadələri qəbul edə bilmədiyi üçün onu cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə xx.xx.2021-ci il tarixdə onun işlədiyi obyektə getmişdir bir neçə dəqiqə sonra Şirin də obyektə gəlmişdir. Şirin içəri keçdikdən bir neçə dəqiqə sonra o da içəri keçmiş,əvvəlcə onunla üzbəüz hissədə əyləşmiş,lakin Şirin üstünün çirklənəcəyini deyib kənara çəkilməsini bildirdiyindən o arxaya çəkilmişdir. Həmin vaxt Şirin qoyunun bağırsaqlarını yuyurdu. İçəridə olan ağac kötüyün üstündə olan baltanı gördükdə Şirini balta ilə vurmaq qərarına gəlmiş və baltanı götürüb iki əli ilə dəstəyindən tutub öz başının üstünə qaldıraraq, qəfildən Şirinin başının arxa üst hissəsindən bir zərbə endirmişdir. Zərbədən 1-2 saniyə sonra Şirin yerə yıxılaraq hərəkətsiz uzanıqlı şəkildə qalmış, özü isə dərhal oranı tərk etdiyi üçün sonra nə baş verdiyini bilmir. Baltanı isə ya kətilin üstünə qoymuş ya da yerə atmışdır, indi xatırlamır. Bundan sonra, yəni elə həmin gün o, Binəqədi RPİ-nin 40-cı PB-yə gedib polisə təslim olmuşdur. O, Zərərçəkmiş şəxs onu öldürmək məqsədi ilə xəsarət yetirməmiş, Şirinin dediyi təhqirli sözləri o öz ünvanıma qəbul edib hirslənmiş və Şirini cəzalandırmaq məqsədi ilə vurmuşdur, nə səbəbə balta ilə, həm də baş nahiyəsindən vurduğunu izah edə bilməz, yəqin çox hirsli olmuş, həm də həmin vaxt əlinə keçən balta olduğundan balta ilə vurmuşdur. Şirin bıçağı oğurlayan şəxsin hərəkətinin kişi hərəkəti olmadığını deyərək, həmin şəxsin ünvanına “var-yox” söyüşü demiş başqa nəsə deyibsə də indi yadında deyil, amma Şirin bu sözləri deyərkən konret heç kimin adını çəkməmişdir, ancaq o hesab etmişdir ki, məntəqəyə tez-tez getdiyi üçün Şirin bəlkə də onu nəzərdə tutub bu sözləri deyir, ola bilsin bu sözləri heç onun ünvanına demirdi, ancaq o həmin təhqirləri öz ünvanına qəbul etmiş və dözə bilməmişdir, başqa bir səbəb olmayıb, bir müddət kesçə də onu cəzalanıdrmaq qərarına gələrək arxadan yaxınlaşıb, balta ilə başından bir dəfə güclü zərbə vurub çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs balta ilə vurarkən həmin vaxt ona heç kim maneə olmamışdır, Şirin də arxası ona tərəf oturmuş vəziyyətdə olmuş, ona müqavimət göstərməmişdir, odur ki, onun Şirini yenə vurmaq imkanı olmuşdur, amma o bunu etməmişdir, çünki zərbədən sonra Şirin yerə yıxıldığından qorxmuş və dərhal oranı tərk etmişdir.O, Zərərçəkmiş şəxs xəsarət yetirsə də onu öldürmək məqsədi ilə xəsarət yetirməmişdir, Şirinin dediyi təhqirli sözləri o səhvən öz ünvanına qəbul edib hirslənmiş və Şirini cəzalandırmaq məqsədi ilə vurmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən özünə məxsus iaşə obyektində ət kəsimi ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs ilə bağlı bildirirmişdir ki, həmin şəxs anasının dayısı oğludur, həm qohum olduqlarına, həm də qəsəbə ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün münasibətləri normal olmuş, Mirzəyar tez-tez onun yanına gəlmiş və söhbət edib, birlikdə yemək yeyib çay içmişlər. Hadisə baş verən günə qədər, elə hadisə baş gündə də onların aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2021 -ci il tarixdə o işə getməmiş və onu həmin vaxt həmin gün axşam saatlarına qədər oğlu əvəz etmiş, həmin gün axşam saatlarında mağazaya qayıtdıqda ət kəsimi üçün mütəmadi istifadə etdiyi bıçağın yerində olmadığını görmüşdür, əvvəlcə bıçaq barədə oğlundan soruşmuş,oğlu bıçaq barədə məlumatı olmadığını bildirdikdən sonra o bunu məntəqəyə gəlmiş Mirzəyara danışaraq həmin bıçağı görübgörmədiyini, mağazaya tez-tez gəlib getdiyini, ola bilsin səhvliklə harasa qoyduğunu soruşmuşdur. Mirzəyar isə cavabında həmin bıçağı görmədiyini bildirmişdir. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə gedən zaman həmin bıçağı həyət qapısının qarşısında görmüş və götürərək mağazaya gəlmişdir.Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 16-17 radələrində onunla qonşuluqda işləyən Amidin mağazasının qarşısında Amid, Mirzəyar və tanımadığı 1-2 nəfər şəxsin dayanaraq söhbət etdiyini görmüş və boşluq olduğu üçün o da onların yanına getmişdir. Onu da qeyd etmişdir ki, Amid ondan təxminən 30 metr məsafədə tikinti materiallarının satışı ilə məşğul olur. Onların yanına çatan zaman Amid ondan bıçağı tapıb-tapmadığını soruşmuş, o isə cavab olaraq bıçağı həyət qapısının qarşısında görüb götürdüyünü bildirib, həmin hərəkətin kişi hərəkəti olmadığını deyib bıçağı ogulayan səxsin barəsində «var-yox» söyüşü etmişdir. Bildirmək istəyir ki, o həmin sözləri ümumi söhbət əsnasında demiş, konkret olaraq hansısa şəxsin adını və yaxud Mirzəyarın adını çəkməmişdir. Bu söhbətdən təxminən 2-3 dəqiqə sonra Mirzəyar heç bir söz demədən oranı tərk edərək getmişdir. xx.xx.2021-ci il tarixdə o, səhər saatlarında mağazaya gedən zaman mağazanın qarşısında Mirzəyarın avtomobilini saxlayıb dayandığını görmüş, buna elə bir əhəmiyyət verməmiş və mağazanın qapısını açıb içəri keçərək, heyvanı kəsmişdir, bu zaman Mirzəyar daxil olmuşdur. Həmin gün Mirzəyar bir az narahat görünsə də onda qeyri-adi heç nə hiss etməmişdir Mizəyar içəri girdikdən sonra araq onunla üzbəüz hissədə əyləşmiş, o da Mirzəyara üstünün batacağım deyib biraz kənara çəkilməsini bildirmişdir. Mirzəyar ayağa duraraq qapıya tərəf, yəni ondan arxa tərəfə keçmiş, arxa tərəfidə həmçinin ət doğramaq üçün istifadə etdiyi kötük, onun da üstündə əti hissələrə ayırmaq üçün istifadə etdiyi dəstəyi taxtadan olmaqla üzəri naxışlı balta olmuşdur. Həmin vaxt o, arxası qapıya tərəf olmaqla biraz əyilib heyvanın bağırsaqlarını yumaqla məşğul olmuşdur, məntəqədə isə onların ikisindən, yəni Mirzəyar və ondan başqa heç kim olmamış, bu zaman o qəfildən başının arxa nahiyəsindən güclü zərbə almış və yıxılmamaq üçün əlini atıb heyvanı asdığı dəmirdən tutmaq istəsə də, 1-2 saniyə sonra gözləri qaraldığı üçün yerə yıxılmışdır. Az müddət sonra əlində olan su şlanqı üzərinə düşdüyü üçün suyun təsirindən biraz özünə gəlmiş və səs edərək kömək istəmişdir. Bu zaman yaxınlıqdan keçən Amid onun səsimi eşidərək oraya gəlmiş, başından qan axdığını görüb dərhal oğluna və təcili tibbi yardıma məlumat vermişdir. Bir neçə dəqiqə ərzində təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar. Xəstəxanada əməliyyatdan sonra özünə gəlmiş və Mirzəyarın balta ilə başından xəsarət yetirdiyini öyrənmişdir. Belə ki xəstəxanada əməliyyatdan sonra 3 gün reanimasiya şöbəsində qalmış, 4-cü gün onu palataya keçirmişlər. Palatada olan zaman yoldaşından əlavə Mirzəyarın oğlu və qardaşı oğlunun gəldiyini görüb onun öz yaxın qohumları ola-ola onların nə yaxşı gəldiyini soruşduqda həmin əsnada onu baltayla Mirzəyarın vurduğunu öyrənmişdir. Mirzəyarla onun münasibəti həmişə normal olmuş, aralarında heç bir mübahisə olmamışdır. Eyni zamanda hadisə baş verən günə qədər də Mirzəyar dəfələrlə onun yanına gəlmiş, həmin müddət ərzində, həmçinin hadisə baş verən gün belə aralarında heç bir mübahisə olmamışdır.O, Mirzəyarın ona balta ilə xəsarət yetirməsinin dəqiq səbəbini bilmir, ola bilsin ki bıçağın oğurlanması ilə bağlı işlətdiyi ifadələrə görə ona xəsarət yetirmişdir, amma bir daha bildirir ki, bıçaq oğurlanan zaman o, ilkin olaraq Mirzəyarla söhbət etmiş, Mirzəyar isə bıçağı görmədiyini bildirmişdir. O isə bundan sonra ümumiyyətlə oğurlayan şəxs barəsində hərəkətin kişiyə yaraşan hərəkət olmadığını bildirərək, həm də həmin şəxsin barəsində var-yox söyüşü vermişdir. Həm də onu qeyd etmək istəyir ki, hadisə günü ət doğrama məntəqəsində ondan və Mirzəyardan başqa heç kim olmamış, orada yalnız onlar ikisi olmuşlar, bundan başqa hadisə onun qabağı heç kimlə mübahisəsi və ya şəxsi qərəzliyi də olmamışdır, ona görə hesab edir ki, Mirzəyar onun dediyi təhqirli sözləri, hansısa səbəbdən özünə qəbul edərək baltayla onu vurmuşdur. O, Mirzəyara qarşı heç bir söyüş işlətməmiş, sözləri isə ümumi söhbət əsnasında bıçağı oğurlayan şəxs barəsində demiş və həmin sözləri də o, xx.xx.2021-ci il tarixdə bıçağı qapısını qarşısında tapdıqdan sonra Amidin mağazasının qarşısnda demişdir. Həmin vaxt orada Amid, Mirzəyar və tanımadığı 1-2 nəfər şəxs olmuşdur. xx.xx.2021-ci il tarixdə Mirzəyaria birinci dəfə danışan zaman isə heç bir söyüş işlətməmişdir və Mirzəyarı göstərərək «əgər bıçağı o oğurlayıbsa həmin söyüşlər ona getsin» deməmişdir, Mirzəyar bu barədə yalan danışır. Həmin gün sadəcə olaraq Mirzəyar tez-tez ora gəlib getdiyi üçün bıçağı görüb-görmədiyini soruşmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o,təxminən 10 İl olar ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs mağazasının yaxınlığında tikinti materiallarının satışı ilə məşğul olur, eyni zmanda həmin qəsəbədə ailəsi ilə birlikdə kirayə yaşayır. Onun işlətdiyi mağaza Şirinin mağazasına yaxın yerləşir. İşlədiyi həmin müddətdə həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs tanımışdır. Tanıdığı müddət ərzində onların arasında heç bir münaqişənin, dava-dalaşın şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə Şirin ona yaxınlaşaraq bıçağının itdiyini və həmin bıçağı görüb-görmədiklərini soruşmuş və Şirin yaxınlıqda olan hər kəsdən kiminsə ehtiyacla bağlı bıçağı götürdüyünü düşünüb maraqlanmış, o da cavab olaraq həmin bıçağı görmədiklərini bildirmişlər. Növbəti gün,yəni xx.xx.2021-ci il tarixdə saat 16 ya da 17 radərində mağazanın qarşısında o Mirzəyarla əyləşib çay içib söhbət edən zaman orada tanımadığı 1-2 nəfər şəxs olmuşdur. Həmin vaxt Şirin oraya gələrək onlara yaxınlaşmış və ondan bıçağı tapıb-tapmadığımı soruşmuşlar. Şirin isə cavab olaraq bıçağı yaşadığı evin qapısının qarşısından tapdığını bildirib bıçağı oğurlayan şəxsin hərəkətinin kişi hərəkəti olmadığını deyib barəsində «var- yox» söyüşü işlətmişdir. Bundan sonra üstündən təxminən 1 həftə keçdikdən sonra xx.xx.2021 -ci il tarixdə səhər saatlarında mağazanın yaxınlığında olan zaman “kömək eləyin” səsi gəldiyini eşitmiş və ətrafa baxan zaman səsin Zərərçəkmiş şəxs mağazasından gəldiyini görüb ora yaxınlaşmışdır. Mağazaya yaxınlaşan zaman Şirinin yıxıldığını, baş nahiyəsinin və paltarlarının qan olduğunu görüb dərhal qohumlarına,oğluna və təcili tibbi yardıma məlumat vermiş , ətrafda olan mağaza işçilərini köməyə çağırmışdır. Bundan sonra təcili tibbi yardım əməkdaşları gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. xx.xx.2021-ci il tarixdə onların yanınıda olan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində söyüş işlətməmiş,həmin vaxt Zərərçəkmiş şəxs bıçağı oğurlayan şəxs barəsində ümumi olaraq danışmış, konkret olaraq kiminsə barəsində, o cümlədən Təqsirləndirilən şəxs xitabən heç bir söyüş işlətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Sulutəpə qəsəbəsi ərazisində yerləşən özünə məxsus iaşə obyektində ət kəsimi və satışı, qəssab fəaliyyəti ilə məşğul olaraq ailələrini dolandırır. Atası hər gün səhər saat 07:30, 08:00 radələrindən axşam saat 23:00 radələrinə qədər işdə olur. Aradabir isə atasının işləri olduqda müvəqqəti onu o əvəz edir. xx.xx.2021-ci il tarixdə də atasının işi olduğundan axşama qədər onu əvəz etmiş və həmin gün axşam saatlarında atası işə gəlmiş və mütəmadi olaraq heyvan kəsimi üçün istifadə etdiyi bıçağı tapmadığından həmin bıçağın harada olmasını ondan soruşmuşdur. O isə həmin bıçağı görmədiyini, gün ərzində də yalnız Mirzəyarın gəlib getdiyini bildirmişdir. Qeyd edir ki, Mirzəyarla atası Şirin uzaq qohumdurlar, ona görə də tez- tez atasın yanına gələrək çay içib söhbət etmiş, pişiklər üçün ət aparmışdır. Bundan sonra o, evə getmiş, atası isə özü Mirzəyardan bıçaq barədə soruşacağını bildirmişdir.xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanımadığı nömrədən ona zəng gəlmiş və naməlum şəxsin atasına xəsarət yetirdiyini və bu səbəbdən atasının xəstəxanaya aparıldığını bildirmişlər. O, dərhal atasının işlədiyi yerə getmiş,oraya çatan zaman təcili tibbi yardım atasnı artıq aparmış, ətraf isə qan içində olmuşdur. Xəstəxanada atası əməliyyatdan sonra 3 gün reanimasiya şöbəsində qalmış, 4-cü gün isə palataya keçirilmişdir. Xəstəxanada olan zaman Mirzəyarın oğlu və qardaşı oğlu atasının yanına gəlmiş, həmin söhbət əsnasında Mirzəyarın oğlu İbrahimdən Mirzəyarın atasına balta ilə xəsarət yetirdiyini və könüllü olaraq polisə təslim olduğunu öyrənmişlər.Onun atasnın kimləsə qərəzli münasibəti olmamışdar və o,hadisənin səbəbini atasından soruşduqda isə atası dəqiq səbəb bilmədiyini, lakin bıçağı oğurlayan şəxslə bağlı ümumi olaraq söyüş söydüyünü, ola bilsin ki, Mirzəyarın da həmin söyüşü özünə götürərək bu hərəkəti etdiyini bildirmişdir. Cinayət işinin 15-ci vərəqində olan Binəqədi RPİ-nin 40-cı PB-nin baş təhqiqatçısının tərtib etdiyi xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vət.Təqsirləndirilən şəxs həmin gün saat 12-30 radələrində Binəqədi RPİ-nin 40-cı bölməsinə gəlmiş və vət.Zərərçəkmiş şəxs balta ilə vurduğunu bildirərək könüllü təslim olmuşdur. Cinayət işinin 44-47-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi xx.xx.2021-ci ildə şübhəli şəxs qismində yerində yoxlanmaqla sonuncu törətmiş olduğu cinayət hadisəsini etiraf edərək hadisə yerində əyani olaraq göstərmişdir. Cinayət işinin 124-126-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021ci il tarixli 1205 saylı rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi-sıxılması, sağ ənsə payında epidural hematoma, ənsə sümüyünün basılmış qəlpəli sınığı ilə müşaiyət olunan ənsə nahiyəsinin çapılmış yarası çapıcı alətin təsərindən onun tibbi yardım üçün 3 saylı şəhər kliniki xəstəxanasına müraciət etdiyi xx.xx.2021-ci il saat 09:20dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baltanın çapıcı kənarı ilə yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 113-117-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 353/2021-MTBŞ saylı rəyindən görünür ki : 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/l/-dir. 2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B/lll/dür (təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən). 3. Ekspertizaya təqdim edilmiş balta üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 118-120-ci vərəqlərində olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/1209 saylı rəyində qeyd olunmuşdur ki: tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla hazırlanmış kəsici çapıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. Cinayət işinin 121-123-cü vərəqlərində olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1623 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törədən zaman hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır.M. D. Hüseynquliyev öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının həmin rəyindən həm də görünür ki, «Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində soruşulduqda istintaqda verdiyi ifadəyə uyğun ifadə verir və peşman olduğunu bildirir.» Cinayət işinin 188-189-cu vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs həmin ifadəsini Təqsirləndirilən şəxslə üzləşmə zamanı da tam təsdiq etmişdir. Cinayət işinin 190-203-cü vərəqlərində olan qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan bir ədəd balta cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanc otağında təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək üçün deyil, sonuncunu cəzalandırmaq məqsədi ilə xəsarət yetirməsi və öz müdafiəsi üçün gətirdiyi digər dəlillər, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, üzləşdirmə protokolu, maddi sübut və digər istintaq sənədləri ilə tam təkzib edildiyindən məhkəmə tərəfindən özünü müdafiə xarakterli kimi qiymətləndirilir. Cinayət işinin 182-183-cü vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Kirov qarnizonu hərbi məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə RSFSR CM-nin 117-ci mad.3-cü hissəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 32-34, 80-84-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.10 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il qərarının 9-cu bəndinə əsasən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını nəzərə alaraq məhkəmə hesab edir ki, ona təyin ediləcək cəza daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına verilmiş bir ədəd balta məhv edilməlidir. Məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına verilmiş bir ədəd balta məhv edilsin. Məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar