Məhkəmə qərarları › İş №1(101)-276/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-276/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-276/2023 11.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 və Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı Səftər oğlunun, Müdafiəçisi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1974-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, bir azyaşlı uşağı olan, rejissor işləyən,Tərəqqi medalı ilə təltif edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 30 aprel 2022-ci il tarixdə qanunsuz olaraq satış məqsədi ilə 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,552 qr, 1,121 qr, 1,790 qr, ümumi təmiz çəkisi 4,463 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan «Rza» adlı İran İslam Respublikası vətəndaşından əldə edib üzərində daşımaqla saxlamış, 04 may 2022-ci il tarixdə saat 17:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasında xidməti iş otağında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində yerləşən kiçik cibindən çıxararaq təqdim etdiyi 02 (iki) ədəd bənövşəyi rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,552 qr, 1,121 qr, ümumi təmiz çəkisi 2,673 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 may 2022-ci il tarixdə saat 22:00-da ünvan 3 ünvanının həyətində yerləşən dayanacaqda saxlanılmış Təqsirləndirilən şəxs məxsus «Opel Astra» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən sürət qutusunun arxasında 01 (ədəd) göy rəngli siqaret qutusunun içərisində olan göy rəngli kağız bükümdə təmiz çəkisi 1,790 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ali təhsillidir, kinorejisordur, 11 yaşlı oğlu vardır. Çox sayda film çəkmişdir. Cənab Prezidentin sifarişi ilə “Bir günəş altında” filmini çəkmişdir. Baş verənlər bugünki kimi yadındadır. 4 may 2022-ci il tarixdə o, səhər saat 9-da Mingəçevir şəhərindən Bakıya gəlib-çıxmışdır. Həmin gün axşam saat 7 radələrində işgüzar görüşü var imiş. O, Köhnə Raboçiyə getmiş və orada bir restoranda yemək yemişdir. Restorandan çıxarkən bir şəxsi görmüşdür, kaş ki, onu görməzmiş. Ondan özü üçün 20 manat dəyərində təqribən 0,3 miqdarında narkotik vasitə olan kakos almışdır. Narkotik vasitədən çox az hallarda istifadə edirmiş, lakin həmin maddədən istifadə etməyinin səbəbini bilmir. Aldığı kakosdan bir az istifadə etmiş, üzərində az miqdarda kakos qalmışdır. Bir neçə işini həll edəndən sonra Zahid Xəlilov küçəsində yerləşən ofislərinə getmək üçün avtomobili ilə yola düşmüşdür. Ofisinin yanına çatmışdır. Saat 4-5 radələrində avtomobildən düşməmiş bir ayağı çöldə imiş ki, bir nəfər şəxs onu tutub avtomobildən çıxarıb divara dirəmişdir və üzərini axtarmağa başlamışdır. Bundan sonra ikinci bir şəxs də yanlarına gəlmişdir. Həmin şəxs də onu tutub divara dirəmiş və üzərini axtarmağa başlamışdır. O, nəfəs ala bilmirmiş. Digər şəxs isə avtomobilini axtarırmış. Üzərini axtaran şəxs cibindəki kakosu aşkar etmişdir. O, onlardan “Siz kimsiz?”, deyə soruşmuşdur. Onlardan biri ona vəsiqəsini göstərmişdir. Onu dərhal həmin şəxslər öz avtomobillərinin içərisinə salmışlar. Əlini qandallamışlar. Əli sıxıldığından incidirmiş. Həmin şəxslərdən birinin adı Ramin, digərinin adı isə Ruslan imiş. Ramin avtomobildə onun yanında oturmuşdur. Ramindən əlindəki qandalı azca boşaltmasını istəmişdir, lakin Ruslan buna icazə verməmişdir. Ruslan qəribə hərəkətlər edirmiş, gah qapını açıb nəsə deyirmiş, gah digər pəncərəni açıb kimisə söyürmüş. Ruslan uzun müddət onun avtomobilini axtarmışdır və təbii ki, heç nə tapmamışdır. Bu vaxt o, Raminlə onların avtomobilində əyləşmişdir. Ruslan avtomobilini axtardıqdan sonra gəlib onların olduğu avtomobilə əyləşmişdir və avtomobili idarə etməyə başlamışdır. Ruslan yol boyu avtomobili idarə etməklə yanaşı arabir arxaya çevrilib onu hədələyir və söyürmüş. Ruslan qırıq-qırıq ifadələrdən istifadə edirmiş, onun nə dediyini başa düşmürmüş, onun dediklərini Ramin ona tərcümə edirmiş. Onlar ona müəyyən şərtlər əsasında onu azadlığa buraxa biləcəyini bildirmişlər. Bundan sonra atasına zəng etmiş və ona saxlanıldığını, üzərində az miqdarda narkotik vasitə aşkar etdiklərini bildirmişdir. İki saat imiş ki, avtomobillə yolda onu gəzdirirmişlər. Bundan sonra onu idarəyə gətirmişlər. Orada ləyaqətini alçaltmışlar, onu söymüşlər. Ona kobud rəftar edən Ruslan ona qarşı mülayim rəftar etməyə başlamışdır. Ruslan və təhqiqatçı ona yaxşı adam olduğunu, ona köməklik edəcəklərini, səhv olduğunu deyərək onların dediklərini etsə, onu azadlığa buraxacaqlarını bildirmişlər. Onun Cinayət Məcəlləsinin maddələrinin dispozisiyaları barədə heç bir anlayışı yox imiş. O onların dediklərinə inanmışdır. Onlar oyun qurmağa başlamışlar. Polislər ona birazdan videoçəkiliş olacağını, onlar nə desələr, onu təsdiqləməyini, onların dediklərini etməli olduğunu demişlər. Təhqiqatçı onların dediyini etsə, hətta növbəti gün onu buraxa biləcəklərini, işini yüngülləşdirəcəklərini bildirmişdir. Videoçəkiliş zamanı onlar nə demişsə, elə də etmişdir. Bundan sonra onu Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə göndərmişlər. Növbəti gün müstəntiq Taleh Baxşıyev yanına gəlmiş və onu məhkəməyə aparmışdır. Məhkəmədə artıq o həqiqəti danışmağa başlamışdır. Hakim Murad müəllim onu çox güman ki, başa düşmüş və barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdir. 2 aydan sonra sanksiyanın vaxtı bitən vaxt hazırki müdafiəçisi Hücrəddin müəllim yanına gəlmişdir. Onunla tanışlığından sonra ona mövcud vəziyyətin ağırlığı məlum olmuşdur. Həqiqəti demək üçün bir çox yerlərə müraciət etmişlər. Bundan sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. O, ibtidai istintaqda ifadə verməmişdir, onlar özləri ifadələri yazmışlar, o da onlara aldanıb həmin ifadələri oxumadan imzalamışdır. Heç bir il deyilmiş ki, narkotik vasitədən istifadə edirmiş. Kakosdan-loru dildə deyilən heroindən istifadə edirmiş. Saxlanıldığı vaxt üzərində Samsung markalı mobil telefon olmuşdur. Mobil telefonunun kontaktında sonu 3968 rəqəmləri ilə bitən “Rza İran” adıyla qeyd olunmuş şəxs olmuşdur. “Rza İran” adlı şəxsi tanımır, o özü əlaqə saxlayırmış. “Rza İran” adlı şəxs bir neçə dəfə ona nəsə təklif etmişdir. O, hətta özü ondan qiymətlər barədə soruşmuşdur. Rza İran adlı şəxsin onun mobil nömrəsini necə tapdığını bilmir. Həmin şəxs sonradan ona demişdir ki, ona nömrəni filankəs verib. Nömrəni ona vermiş şəxs azərbaycanlı oğlan imiş, lakin o, hazırda Rusiya Federasiyasına gedib. “Rza İran” adlı şəxs ona yazaraq ucuz qiymətə, 16-17 manata kakos təklif etmişdir. Rza İran adlı şəxslə narkotik vasitənin qiymətini maraqlanmağından əlavə başqa heç bir söhbət olmamışdır. Saxlanılarkən istifadəsində ********** saylı mobil nömrə olmuşdur. İstifadəsində olan ********** saylı mobil nömrə ilə kimlərləsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar danışığı olmayıb. Baş Narkotiklərlə Mübarizə İdarəsində Ruslan və Ramin adlı əməliyyatçılar ona həm fiziki, həm də psixi təzyiq göstərmişlər. İttiham aktında göstərilən iki ədəd büküm ona məxsus deyil. Həmin bükümləri onun üzərinə yerləşdirmişlər. Ramin yox ancaq Ruslan üzərinə yerləşdirdikləri narkotik vasitəni boynuna götürməyini təklif etmişdir. O, Raminlə Ruslanın ona qarşı etdikləri hərəkətlər barədə təhqiqatçıya məlumat vermişdir. Avtomobilində narkotik vasitə olmamışdır. Avtomobilindən aşkar edilmiş narkotik vasitə onun deyil. Onlar özləri onu yerləşdirmişlər. Avtomobilinə gecə saatlarında videoçəkilişlə baxış keçirilmişdir, o saxlanılandan sonra Ruslan da avtomobilini dərhal axtarmışdır. O, idarəyə gətirildikdən sonra iki saatdan çox müddət sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Heç müstəntiq onu dindirməmişdir. Taleh Baxışov ancaq ona sənədləri imzalatmışdır, onu dindirməmişdir. İmzaladığı sənədləri oxumamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqdar onu Yasamal rayonunun prokurorunun yanına aparmışlar. O, Yasamal rayonunun prokuroruna ona qarşı edilən qanunsuzluqlar barədə məlumat vermişdir eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı hakimə ona qarşı edilən qanunsuzluqlar barədə məlumat vermişdir. O saxlanılan andan avtomobilinin açarı əməliyyatçılarda olmuşdur. O, Mingəçevir şəhərinə pandemiyadan bir il əvvəl köçmüşdür. Lakin film sifarişləri ilə əlaqədar tez-tez Bakıya gəlib-gedir. Narkotik vasitə aldığı şəxsi lap əvvəllər görmüşdür. Onu hamı tanıyırmış. Təqribən 0,3 miqdarında narkotik vasitə olan kakos almışdır. Onu bir ədəd çet adlandırırlar. Kakosu çəkirmiş. Ruslanla Ramin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları imişlər. Əmindir ki, Rza təkcə ona yox, çox adama zəng edirmiş. O, sonradan bilmişdir ki, kimsə Rzaya onun nömrəsini verib. O, Rzadan kim olduğunu soruşmuşdur. Yəqin ki, Rza bilib ki, o, narkotik vasitə istifadəçisidir. Ona görə də Rza onunla əlaqə saxlayıb. Rzadan heç vaxt narkotik vasitə almamışdır. Ondan sadəcə olaraq, narkotik vasitənin qiymətini soruşmuşdur. Narkotik vasitə aldığı şəxsin adını bilmir, lakin onu görsə, tanıya bilər. Narkotik vasitə aldığı şəxsdən əvvəllər bir dəfə də narkotik vasitə almışdır. Onu narkotik vasitə istifadəçiləri tanıyırmış. Avtomobilinə baxış keçirilərkən o orada deyilmiş, o digər avtomobildə əli qandallı şəkildə oturub gözləyirmiş. Ramin yanında imiş. Ruslan avtomobilini axtarırmış. Barəsində həbs qətimkan tədbiri seçilərkən təqsirini boynuna aldığını deməmişdir. Əksinə, o, iclasda günahı olmadığını deyirmiş. İranlı şəxsdən heç vaxt narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ildə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və Şahid2 iştirak edirmiş. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxlanılmışdır. O avtomobilinin yanında dayanmışdır. Təqsirləndirilən şəxs avtomobili onu saxladıqları yerdə qalmışdır. Özünü isə baş idarəyə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu saxladıqları yerə getmişlər və Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə aşkar edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə imiş. Qanunsuz dövriyyə dedikdə, külli miqdarda narkotik vasitəni üzərində daşıması və kiməsə verməsi başa düşülür. Əməliyyat məlumatının dəqiq olaraq hansı tarixdə daxil olmasını xatırlamır. Əməliyyat tədbiri günortadan sonra başlanmışdır. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxlamışdır. Təqsirləndirilən şəxs saxlayan kimi idarəyə aparmışlar, onu başqa yerə aparmamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu 15-30 dəqiqəyə idarəyə aparmışlar. Müdafiəçi dəvət olunduqdan 30-40 dəqiqə sonra gəlmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs saxlayarkən ona qarşı hər hansı qanunsuz hərəkət edilməyib. Əməliyyat qrupunda o və Şahid2 iştirak edirmiş. İdarədə Ramin adlı əməkdaş işləmir. Onlar Təqsirləndirilən şəxs idarəyə gətirdikdən sonra onu birbaşa təhqiqatçının yanına aparmışlar. O Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. İdarəyə gəldikdən təqribən 1 saat ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Avtomobilə Təqsirləndirilən şəxs saxladıqları yerə geri qayıdıb baxış keçirmişlər. Təqsirləndirilən şəxs saxlayarkən ondan avtomobilinin açarlarını almamışlar, açarlar onun özündə qalmışdır. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə yerləşdirməmişdir, belə bir hal olmayıb. Tərəfindən Təqsirləndirilən şəxs təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı vəzifəsində işləyir, tərəflərindən tərtib olunan qərar və protokollar idarənin əməkdaşları tərəfindən qeydiyyata alınır. Qərar və protokolun qeydiyyat nömrələri arasında ardıcıllığın pozulmasına səbəb də onun texniki səhvə yol verməyi olmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 04 may 2022-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, baxış keçirilməsi və götürmə aparılması haqqında qərarın 05 may 2022-ci il tarix qeyd olunması texniki səhvdir. Baxış keçirilməsi və götürmə aparılması haqqında qərar 04 may 2022-ci il tarixdə tərəfindən qəbul edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin ittiham aktında göstərilən miqdardan az olmasını və özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BNMİ-nin təhqiqatçısı, polis kapitanı Şahid4 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 19:25-də BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli pencəyinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, özünə məxsus Opel astra markalı **-TN-*** dövlət qeydiyyat naşanlı avtomobilinin qeydiyyat şəhadətnaməsini, sağ iç cibindən 1 ədəd özünə məxsus içərisində ***-***-**-** GSM nömrəsi olan “Samsung” markalı mobil telefonu, sağ yan cibindən avtomobilinin açarını, göy rəngli cins şalvarının sağ yan cibində yerləşən kiçik cibindən isə 2 ədəd bənövşəyi rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02(iki) ədəd kağız bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kağız bükümlər 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroini istifadəsi üçün və istəyən olarsa pay vermək üçün üzərində saxladığını və həmin maddəni 5-6 gün öncə «Stansiya mingəçevir» adlanan yerdən götürdüyünü və həmin yerə narkotik maddənin İİR vətəndaşı Rza adlı şəxs tərəfindən həmin yerə qoyulmasını, həmin narkotik vasitəni almaq üçün 200 manat göndərdiyini bildirmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BNMİ-nin təhqiqatçısı, polis kapitanı Şahid4 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə haqqında” 04 may 2022-ci il tarixli protokoldan görünür ki, avtomobilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə saxladığı bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o həmin avtomobilin qabaq sağ qapısım açaraq sürətlər qutusunun arxasında olan 1 ədəd göy rəngli siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirilərkən içərisində 1 ədəd göy rəngli kağız bükümdə qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni İİR vətəndaşı Rza adlı şəxs vasitəsilə həm öz istifadəsi üçün, həm də istəyən olarsa pay vermək üçün üzərində saxladığını və 3 ildir narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Cinayət işindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizası keçirilərək 05 may 2022-ci il tarixli, 6/2585 saylı rəyi alınmışdır. Rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazısı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,552 qram və 1,121 qram ümumi təmiz çəkisi 2,673 qram qəhvəyi rəngli tozşəkilli maddəllər kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kütlə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,790 qram qəhvəyi rəngli tozşəkilli maddəllər kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4,463 qram təşkil edir və heroinlər kimyəvi komponent tərkiblərinə və xaraici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Heroinin təmiz çəkiləri-1,790 qram və ümumi 2,673 qram tədqiqata sərf edildi 01 qram, qalıqlar: 1,490 və 2,573 qram(Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işindən olan 07 may 2022-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş 01 ədəd Samsung markalı mobil telefon aparatına baxış zamanı Təqsirləndirilən şəxs vatsap proqramı vasitəsi ilə kontakta “RİZA İRAN” kimi adı qeyd olunmuş +**********68 saylı nömrədən istifadə edən şəxslə 07 fevral 2022-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs yazışmalarının olması müəyyən edilmiş, həmin yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs “Rza” adlı şəxsdən Mingəçevirə hansısa əşyanın atılmasını soruşur, “Rza” ona 22 dollar müqabilində Gürcü vətəndaşı olan şəxsə hansısa əşyanı satmağı təklif edir və baha satdıqda ona da əlavə pul verəcəyini bildirir, Təqsirləndirilən şəxs gürcü dilini bilən qohumunun olduğunu onlar arasında əlaqə yaratmağı təklif edir, Təqsirləndirilən şəxs əvvəlcə ona birlikdə çox işləyəcəklərini bildirsə də, sonra bir nəfər şəxsin onun başına oyun açdığını, pulu düzəltmədiyini,onu doladığını bildirir, sonrakı yazıda “Rayondakıların mal gözdədiyini ona bildirir, sonrakı yazıda 2 dənə ağ, 3 dənə torpaq yazaraq, sonra daha çox götürəcəyini yazır. Rza 10 qramdan aşağı sifariş olmadığını bildirir, Təqsirləndirilən şəxs öz istifadəsi üçün mal istədiyini bildirir. Rza isə 5 qram atılmadığını bildirir. Sonra isə Təqsirləndirilən şəxs “Mingəçevir Mall” ünvanının məkanı göndərilir. Rza Patı 17, Kola 16, M40 7 yazısını Təqsirləndirilən şəxs göndərir. Təqsirləndirilən şəxs evin içində 20 manata aldığını, Rza isə 16-ya verirəm ancaq nisyə vermirəm yazısını Təqsirləndirilən şəxs göndərir. Cinayət işindən olan 19 may 2022-ci il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı BNMİ-də video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynində olan boz rəngli pencəyinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, özünə məxsus Opel astra markalı **-TN-*** dövlət qeydiyyat naşanlı avtomobilinin qeydiyyat şəhadətnaməsini, sağ iç cibindən 1 ədəd özünə məxsus içərisində ***-***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefonu, sağ yan cibindən avtomobilinin açarını, göy rəngli cins şalvarının sağ yan cibində yerləşən kiçik cibindən isə 2 ədəd bənövşəyi rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroini istifadəsi üçün və istəyən olarsa pay vermək üçün üzərində saxladığını və həmin maddəni 5-6 gün öncə «Stansiya mingəçevir» adlanan yerdən götürdüyünü və həmin yerə narkotik maddənin İİR-nm vətəndaşı RZA adlı şəxs tərəfindən həmin yerə qoyulmasını və həmin narkotik vasitəni almaq üçün 200 manat göndərdiyini bildirmişdir. Cinayət işindən olan 19 may 2022-ci il tarixli “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə baxış və götürmə zamanı video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, avtomobilə baxış keçirilməzdən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə saxladığı bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o həmin avtomobilin qabaq sağ qapısını açaraq sürətlər qutusunun arxasında olan 1 ədəd göy rəngli siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirilərkən içərisində 1 ədəd göy rəngli kağız bükümdə qəhvəyi rəngli kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işindən olan 03 iyun 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları, sms yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, həmçinin sms yazılarının olmaması, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu və Yasamal rayonunun anten dairəsində olması, sms vasitəsi ilə istintaqa məlum olmayan şəxslərdən narkotik vasitə və pul istəməsi, ona narkotik satan şəxslərin ondan aldığı narkotik vasitənin müqabilində pulunu verməsini tələb etməsi, həmçinin şəxsi mesajları, o cümlədən atasına məxsus ***-***-**-** saylı nömrəyə sms yazaraq: -Papa qurban olum məni qutarın burdan. Burda qalsam ölərəm. Qadan alım elə elə çıxım. -Qadan alım qutarın məni. Pünhandan pul istəyək. Talıbdan istəyək nolar. Ölərəm burda qalsam. Və atasının ona yazdığı -Çalışıram - məzmunlu mesajların olması müəyyən edilmişdir. Cinayət işində olan 04 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-375/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş, heç bir fiziki zorakılığa məruz qalmamasını bildirmişdir, barəsində həbsetmənin əvvəli 04 may 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işindən olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-557/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2022-ci il tarixli 4369 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarmm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X2 adlı xx.xx.2012-ci il təvəllüdlü azyaşlı övladı var. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 10 noyabr tarixli, 1829 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 04 may 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, “Tərəqqi” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, barəsində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,063 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114(yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,063 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və avtomobilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD Diskin və "xxxx" MMCdən əldə edilmiş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar