Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-276/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X7, X6, X1 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 08 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2022-ci il tarixdə barəsində 2 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində 08 aprel 2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 08 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 07 noyabr 2023-cü il tarixdə tutulmaqla barəsində həbs qətimkan tədbiri tətbiq edilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda narkotik vasitə heroin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq naməlum tarixdə və naməlum mənbədən ümumi təmiz çəkisi 13,913 qram olmaqla küllü miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 31-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin, NMB-nin, PB-nin) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 dekabr 2022-ci il tarixdə, saat 17:45-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 1-də saxlanılaraq, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına aparılmış, həmin tarixdə üzərinə şəxsi axtrarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman onun əynində olan qara rəngli cins şalvarının sağ cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,592 qram, 3,160 qram və 3,161 qram olan - ümumi təmiz çəkisi 13,913 qram təşkil edən, qəhvəyi rəngli, xarici görnüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakının Əmircan kəndində doğulmuş, 11-ci sinifə qədər orada oxumuş, hazırda Sumqayıt şəhərində yaşayır. Dostları və qohumları isə Əmircan kəndində yaşadığından mütəmadi olaraq oraya gedib-gəlmiş, lakin faktiki olaraq Sumqayıtda yaşamışdır. Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, 2022-ci iln dekabrın 7-si yaxın dostunun ad günü olduğu üçün Əmircan kəndində olmuş, ayın 8-i isə tutulmuşdur. Ayın 8-i səhər Cəfər adlı dostuna zəng etmiş, ona zəng çatmamışdır. Onların məhəlləsinə - Bülbülə qəsəbəsi, Nizami küçəsi adlanan məhəlləyə gedib onu axtarmış, lakin tapa bilməmişdir. Tarzan ləqəbli Şamil adlı bir nəfərdən Cəfəri görüb-görmədiyini soruşduqda Şamil görmədiyini demişdir. Soyuq olduğu üçün Şamilgilin həyətinə girmiş, orada dayanıb gözləməyə başlamışdır. Heç 2 dəqiqə keçməmiş 5 nəfər polis əməkdaşı içəri girmiş, heç bir söz demədən onu tutmuşlar. Səbəbini soruşduqda, «gedək, orada bilərsən» cavabını vermiş, onu Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Onun küçədə tutulması barədəyazılanlar doğru deyildir. Üst-başı axtarılmış, 1 ədəd telefon və 32 manat pul çıxmış, başqa heç nə, o cümlədən narkotik vasitə olmamışdır. Bölmədə ancaq «gözlə, biləcəksən» deməklə onu saxlamışlar. daha sonra 3 büküm narkotik vasitə gətirilmişdir. 2 qrama qədər narkotikin külli miqdar olmadığını o, sadəcə eşitmişdir. 3 balaca büküm olduğundan, narahat olmamağı tapşırmış, imzalamaq tələb olunmuşdur. Vide çəkiliş vaxtı onun üstündən telefon çıxmamışdır. Həyətdə videoçəkilişədək cibi yoxlanılarkən özü cibindən 32 manat pulu və 1 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. 32 yaşıma qədər polis bölməsində olmadığından aldadılmış, çoxlu sənədə qol çəkdirilmiş, vərəqlər çox olduğu üçün oxuya da bilməmiş və dayanmadan qol çəkdirilmişdir. Sonra video çəkiliş olmuşdur. Onu da 10 dəfə etmişlər. 5 nəfər polis əməkdaşı iştirak etmiş, vəkili də orada olmamışdır. Vəkilinin də orada olmalı olmasını sonradan bilmişdir. Nə deməli olduğu polis tərəfindən təlimatlandırılmış, lakin hər dəfə o, səhv dediyindən çəkiliş yenidən aparılmışdır. Ona narkotiki «Dovşan» adlı şəxsdən aldığını, 3 bükümün sağ cibindən çıxdığını deməsi tapşırılmışdır. Narkobiznesin rəisi də əlində xəncər orada olmuşdur. Lakin bölmədə onu döyən olmamış, sadəcə aldadılmışdır. Belə ki, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəlb olunacağı və evə buraxılacağı vəd verilsə də, aldadılmış, vədə əməl olunmamışdır. Çəkiliş prosesində və ya ondan əvvəl ona qarşı işgəncə verən olmamışdır. Onlar bükümü ona vermiş və bir neçə cəhddən sonra çəkiliş aparmışlar. Çəkiliş zamanı polis əməkdaşlarının istiqamətləndirməsi əsasında bükümləri çıxarıb təqdim etmiş, öz istifadəsi üçün «Dovşan» adlı şəxsdən aldığını demişdir. Çəkilişdən sonra narkotik vasitə zərfin içinə qoyulmuş və imzalanmışdır. Sonradan bir qadın vəkil onun yanıma gəlmişdir. Çəkilişdən sonra gecə saat 1-də onu müvəqqəti saxlama yerinə aparmışlar. Müstəntiq ora gəldikdən sonra adına 13 qram narkotik rəsmləşdirildiyini öyrənib bilmişdir. Müstəntiqin deməsinə görə narkotikin hər bir qramı 50 manat olmuşdur. O, Suraxanı RPİ-də də məhkəmədə verdiyi ifadəni vermiş, hətta həmin vaxt müstəntiqlə mübahisə etmiş, lakin daha sonra dostlaşmışlar. Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsi onun dediyi kimi yazılmadığından ifadəsini imzalamamışdır. Sonra da onu Şüvəlana göndərmişlər. Onun heç bir günahı olmamış, üstünə şər atılmışdır. O, Bəxtiyar Hacıyevlə müqavilə bağladıqdan sonra onun iştirakı ilə müstəntiqə ifadə verməmiş, Bəxtiyar bəy onun yanına tək gəlmiş, müstəntiq olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik vasitələrdən ancaq marixuanadan istifadə etmiş, heroindən istifadə etməmişdir. Narkolojidə müayinə zamanı narkotiklərin hamısından istifadə etdiyini demişdir. Belə ki, bunu ona vəkil kimi tutduğu şəxs, yəni müqavilə üzrə olan vəkili Bəxtiyar Hacıyev demiş, ona xeyri olacağını bildirmişdir. Odur ki, o, həmin vəkil, bir növ onu aldatdığından o, Bəxtiyar Hacıyevdən imtina etmişdir. Narkolojidə də onu yoxlamadan, yalandan rəy yazmışlar. Onun ən böyük səhvi polisin dediyini deməsi olmuşdur. Onun saxlanılmasında Suraxanı polisindən Anar, Həbib, Siyavuş və İzzət adlı polis əməkdaşalrı iştirak etmiş, işdə adı şahid kimi keçən Şahid1 adlı şəxs onu saxlayanlar arasında olmamışdır. Dostu Səfər də narkotikə görə tutulmuş və hazırda Şüvəlanda təcridxanada saxlanılmaqdadır. Lakin o, Cəfərlə bir yerdə tutulmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun cinayət işinin ibtidai istintaqı zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi 08 dekabr 2022-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə, saat 17:45-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində olan zaman ona mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrinin qanunsuz əldə olunmasında, saxlanılmasında, gəzdirilməsində və satılmasında şübhəli olduğunu bildirərək, ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı RPİ-nin 31ci PB-nə getməli olduğunu bildirmişlər. 31-ci PB-nə getdikdən sonra orada şübhəli şəxs qismində tutulmaqla, ona hüquq və vəzifələri izah olunduqdan və dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə və ya sənədlər olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ cibindən üç ədəd içərilərində qəhvəyi rəngli maddə, yəni heroin olduğu görünən şəffaf selofan bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə heroindir və həmin heroini öz istifadəsi üçün “Dovşan” ləqəbli şəxsdən 03 bükümü 50 manata almışdır, narkotik vasitələrin satşı ilə məşğul olmur. Bundan sonra üzərinə axtarış keçirilmiş və əynində olan tünd göy rəngli qış gödəkçənin sol cibindən ağ rəngdə “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Ona qarşı polis əkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlər və ya təzyiqlər göstərilməmiş (iş vərəqə: 49-50). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs işdə olan təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 10 dekabr 2022-ci il tarixli protokol elan edildi və müəyyən edildi ki, qeyd olunan protokolun məzmunu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair 08 dekabr 2022-ci il tarixli protkolun məzmunu ilə eynidir, lakin Təqsirləndirilən şəxs həmin protokolu imzalamaqdan imtina etmişdir (iş vərəqə: 69-70). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi Bəxtiyar Hacıyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirildiyi 04 aprel 2023-cü il tarixli ifadəsi elan edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğundur, yəni həmin ifadəsində də özünü təqsirli bilməmiş, ondan hər hansı növdən olan narkotik vasitə aşkar edilmədiyini, polis əməkdaşları tərəfindən Cnayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəlb olunacağı və evə buraxılacağı vəd verilməklə aldadılıb 3 bükümdə heroin narkotik vasitəsinin boynuna qoyulduğunu göstərmişdir. Lakin qeyd olunan ifadənin ittiham aktında (iş vər.153-154) sübut növü kimi qiymətləndirməsinə dair hissədə görünür ki, istintaqçı tərəfindən həmin ifadənin məzmunu təhrif olunmuş və təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən ittimhamla özünü təqsirli bildiyi göstərilmiş, ifadənin məzmununua Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 08 dekabr 2022-ci il tarixli etirafedici ifadəsinin məzmunu əlavə edilmişdir (iş vər.153-154). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona, iştirakçı əməkdaş kimi Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həvalə edilmişdir. 08 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 1-də xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi aşkar edib ona yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsin özünün vasitəsi ilə şəxsiyyəti bir daha dəqiqləşdirilmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış keçirilməsi zərurəti ilə əlaqədar onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanlılarkən tək olmuşdur. Polis Bölməsində araşdırma Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısına həvalə olunmuş, o, xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmazdan əvvəl ona üzərində qanunsuz olaraq əldə edilən hər hansı bir əşya, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərilərində qəhvəyi rəngli kütlə olduğu görünən üç ədəd şəffaf sellofan bükümlərini, əynindəki gödəkcənin sol cibindən bir ədəd ağ rəngli korpusu olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim olunan 3 bükümdə narkotik vasitəyə şübhəli maddə onlar tərəfindən çəkilməmiş, ekpertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlənin narkotik vasitə heroin olduğunu, “Dovşan” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün cəmi 50 manata aldığını bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və ya üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılanadək onun üzərinə onlar tərəfindən baxış keçirilməmiş və ya hər hansı əşya götürülməmişdir. Təqsirləndirilən şəxs kiminsə həyətində deyil, Bülbülədə Nizami küçəsində birbaşa küçədə saxlanılmışdır. -mənə qarşı fiziki zorakiliq olmayıb. Təqsirləndirilən şəxs saxlanılan zaman və ya daha sonra ona qarşı fiziki zor və ya psixi təsir göstərilməmiş və ya hər hansı üsulla aldadılmamışdır. Təqsirləndirilən şəxs səmimi olmuş, əməlini səmimi etiraf etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 08 dekabr 2022-ci il tarixdə, saat 17:45-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 1-də Suraxanı RPİ-nin və 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə təhqiqatçı tərəfindən ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən üç ədəd şəffaf sellofan bükümləri, əynindəki tünd göy rəngli qış gödəkcəsinin sol yan cibindən ağ rəngli korpusa malik bir ədəd “Samsung” markalı nobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin narkotik vasitə heroin olduğunu, “Dovşan” ləqəbli şəxsdən 50 manata öz istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin şübhəli başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümləri bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırması və götürmə prosesi «Samsung» markalı mobil telefondan istifadə olunmaqla video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə: 34-35). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd «DVD diskə baxış keçirilməsi haqqında» 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilərkən müəyyən edilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 dekabr 2022-ci il tarixli protokolun yazılı mətninə uyğundur və prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 76). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 6/6957 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 195” daiəvi möhür əksi olan “Təqsirləndirilən şəxs, sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,592 qram, 3,160 qram və 3,161 qram olmaqla ümumi təmiz çəkisi 13,913 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi kimponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiq olunan rəydən görünür ki, ümumi təmiz çəkisi 13,913 qram təşkil edən heroin narkotik vasitəsinin 0,15 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 13,763 qram qalıq qalmışdır (iş vərəqə: 42-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli, 720 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 124-125). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 fevral 2023-cü il tarixli, 353 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, cinayət əməlini törədərkən fizioloji effekt vəziyyətində olmamışdır (iş vərəqə: 126-129). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş 03 ədəd şəffaf sellofan bükümdə olan ümumi təmiz çəkisi 13,913 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 13,763 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 130-138, 159). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının 22 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroininin əldə olunma mənbəyini, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyənləşdirmək mümkün olunmamışdır (iş vərəqə: 103). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxs X4 istifadəsində olmuş və üzərində ***-***-**-** saylı GSM nömrəsi olan mobil telefona baxış keçirilməsi haqqında 10 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (iş vərəqə: 77). Məhkəmə baxışı zamanı, həmiçinin müəyyən edildi ki, ibtidai istintaq orqanının 31 mart 2023-cü il tarixli qərarına əsasən baxılan cinayət işinin materiallarından aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca material ayrılmışdır (iş vərəqə: 141-142). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 13,913 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən ona aldadıcı üsullardan istifadə etməklə, o cümlədən onun Cinayət Məcəlləsinin daha yüngül hesab olunan 234.1-ci maddəsi ilə cəlb edilib buraxılacağına vəd verilməklə məcburi qəbul etdirilməsi, onun dedikləri yazılmadığından şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə imza etməməsi, müdafiəçisi Bəxtiyar Hacıyev işə buraxıldıqdan sonra onun iştirakı ilə ifadə verməməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. İş üzrə məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs həm izahat vermiş və həm də cinayət işinin ibtidai istintaqı zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində 08 dekabr 2022-ci il tarixli ifadə vermişdir ki, hər iki halda, məhkəmədə tədqiq olunduğu kimi, əməlini etiraf etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə müdafiəçisi Bəxtiyar Hacıyevin iştirakı ilə məhkəmədəki sərbəst ifadəsinə uyğun ifadə verib əməlini inkar etmiş və dindirmə protokolunu imzalamışdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 109-110). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, ilk dəfə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 08 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 2 (iki) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 10 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunmuş və sonuncunun barəsində 08 aprel 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bundan sonra, Suraxanı rayon prokurorluğunun 08 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina olunmuş və sonuncunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmiş, məhkəmə hazırlıq iclasının 05 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat mərhəlsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmədən yayınmaqla məhkəmə iclaslarının normal gedişini pozduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, sonuncunun barəsində olan «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Barəsində görülən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə tutulub həbs qətimkan tədbiri tətbiq edilmiş və sonuncu məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində axtarış elan edilməsi haqqında 13 oktyabr 2023-cü il tarixldi qərarına əsasən tutulduğu 07 noyabr 2023-cü il tarixdən də hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 08 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 10 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 10 dekabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri altında saxlanıldığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün, 08 fevral 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay – cəmi 4 (dörd) ay ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün azadlıqdan məhrum etmə növündə qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 13,763 qram heroin narkotik vasitəsi məhv edilməlidir; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 10 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 10 dekabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri altında saxlanıldığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün, 08 fevral 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 2 (iki) ay – cəmi 4 (dörd) ay ona təyin olunan 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 13 oktyabr 2023-cü il tarixldi qərarına əsasən tutulduğu 07 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 13,763 qram heroin narkotik vasitəsi məhv edilsin; - təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-276/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-276/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver