Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-277/2023 19.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər – "Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 15 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən salış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və küllü miqdarda - ümumi təmiz çəkisi 9,874 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 may 2022-ci il tarixdə saat 07:20-də ünvan 3 ünvanının qarşısında Bakı şəhəri, Xətai rayon Polis idarəsi Post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirilərək, üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol cibindən 2 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 8,302 qram və 9,069 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf rəngli selofan bükümdə ayrı- ayrılıqda çəkiləri 3,559 qram, 4,787 qram və 1,528 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 9,874 qram olan ağ rəngli kristallik maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla alınmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir müddətdir narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar olunan narkotik vasitəni də özünün istifadəsi üçün almışdır. Saxlanılan vaxt o, polis əməkdaşlarını görərkən əlində olan narkotik vasitələri yerə atmış və həmin yerdən uzaqlaşmışdır. Bundan sonra polis işçiləri ona yaxınlaşmış, onu saxlayıb üzərinə baxsalar da, heç bir şey aşkar olunmamışdır. Sonra polis əməkdaşları onun narkotiki atdığı yerə aparmış və onun tulladığı narkotik vasitəni tapmışlar. Onun özünü də polis bölməsinə aparmışlar. Sualları cavablandıran Təqsirləndirilən şəxs özünün tələbə olduğunu, narkotik vasitəni "instagram" sosial şəbəkəsi üzərindən aldığını, saxlanılan vaxt onun üzərində bir büküm narkotik vasitə olduğunu, polis işçilərini görən zaman özündə olan narkotik vasitəni yerə tulladığını, özünün axşam saat 11-də tutulduğunu, saxlanılarkən üzərində axtarış aparıldığını, bu zaman heç nə aşkar olunmadığını, sonra narkotikin onun tulladığ yerdən tapıldığını, bundan sonra bölməyə gətirildiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Bir ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri qəbul etməyə başlayanda “İnstagram” sosial şəbəkəsində Davud adlı şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “İnstagram” sosial şəbəkəsində əlaqə saxlamışlar. Davud ona bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də, o, narkotik vasitə heroin lazım olduqda “İnstagram” sosial şəbəkəsində Davudla əlaqə saxlamış və Davudun ona verdiyi hesaba “milli ön” aparatı vasitəsi ilə pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra həmin şəxs ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və həmin yerə gedərək narkotik vasitəni götürüb istifadə etmişdir. 14 may 2022-ci il tarixdə o, yenidən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə etmək qərarına gəlmişdir. Buna görə də, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələri aldığı Davud adlı şəxslə əlaqə saxlayıb, sonuncudan küllü miqdarda narkotik vasitə və psixotrop maddə istəmişdir. Davud da ona 500 manat dəyərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. O, Davuda 100 manat pulu olduğunu, həmin maddələri ona satmasını, qalan 400 manat pulu 15 günə verəcəyini bildirmişdir. Davud da əvvəllər ondan bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı üçün ona inanmış və Davudun verdiyi bank hesabına “milli ön” aparatı vasitəsi ilə 100 manat pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Davud ona Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən bağçanın həyətində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qoyulduğu yeri bildirib, həmin yerin fotoşəklini çəkərək ona atmışdır. O, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən bağçanın həyətinə gedərək orada gizlədilmiş 2 ədəd bükümdə narkotik vasitə heroini və 3 ədəd bükümdə psixotrop maddə metamfetamini götürüb əynində olan göy rəngli gödəkcənin sol cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 14 may 2022-ci il tarixdə saat 07 radələrində ünvan 7 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O da, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü olaraq təqdim etməyi bildirmişlər. O da, gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli gödəkcənin sol cibində saxladığı 5 ədəd şəffaf rəngli selofan bükümləri çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərdən 3 ədədinin içərisində psixotrop maddə metamfetamin, 2 ədədinin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığımı soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 14 may 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Davud adlı şəxsdən şəxsi istifadə məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs istintaqa verdii ifadəsinə görə, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, narkotik vasitə lazım olan zaman Davudla əlaqə saxlaya bilmədiyi üçün və hər dəfə narkotik vasitəni qoyulduğu yerdən götürən zaman polis tərəfindən tutulmaq ehtimalının olduğunu nəzərə alaraq, Davuddan narkotik vasitəni və psixotrop maddəni külli miqdarda almışdır. O, sadəcə olaraq Davuddan narkotik vasitə və psixotrop maddə istəmişdir. Həmin maddələrin Davudun ona bildirdiyi ünvanlara kim tərəfindən qoyulması barədə məlumatı olmamışdır. Davud adlı şəxsin heç bir anket məlumatlarını və sonuncuya məxsus olan mobil telefon nömrəsini bilməmişdir. Həmin şəxs sadəcə olaraq ona adının Davud olduğunu bildirmişdir (cild 1, iş vərəqi 70-72). Sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, istintaq vaxtı ifadəni oxumadan imzaladığını, saxlanılarkən onda bir büküm narkotik vasitə heroin olduğunu, onun 13 may 2022-ci il tarixdə gecə saat 11 radələrində polis işçiləri tərəfindən saxlanıldığını, polis əməkdaşlarının təzyiqləri ilə aşkar olunmuş bütün narkotik vasitələrin özünə məxsus olduğunu dediyni bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdq edir. Hadisə günü ərazidə xidmət aparan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar və onlarla bölməyə gəlməsini təklif etmişlər. Orada vəkilin iştirakı ilə Kamranın üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman onun üstündən narkotik vasitə heroin və metamfetamin aşkar olunanaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onunla birlikdə iş yoldaşı İldırım Aayevin də Kamranın saxlanılmasında iştirak etdiyini, bölmədə Kamranın üzərinə baxış keçirilən zaman onun da iştirak etdiyini, bu zaman saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunduğunu, Kamran narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə iranlıdan aldığını bildirdiyini, saat 19:30-da xidmətə başladıqlarını və 12 saat xidmətdə olduqlarını, saat 23 radələrində onun xidməti ərazidə olduğunu, bölmə ilə bağçanın arasının təxminən 5-10 dəqiqəlik yol olduğunu, təqsirləndirilən şəxsi gecə saat 11-12 radələrində saxladıqlarını, sonra şöbəyə gətirdiklərini, vəkil olmadığı üçün səhər saat 7-8-də tutulmasının rəsimiləşdirildiyini, Kamranın narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etdiyini və sosial şəbəkə vasitəsi ilə iranlıdan aldığını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, 14 may 2022-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 6558 çağırışlı avtopatrulla polis nəfəri Şahid2 ilə birlikdə Xətai rayonu, General Şıxlinski küçəsində xidmət aparmışlar. Həmin gün saat 07:20 radələrində General Şıxlinski küçəsi, ev 51 ünvanının qarşısında bir nəfər şəxsin narkotik vasitələrin təsiri altında olmasını və özünü onları görən kimi şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri-səmimi cavab verib onlardan yayınıb getməyə çalışdığını görüb, sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci Polis bölməsinə aparmışlar. Bölmədə şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatla olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı İlahi Heydərova həvalə edilmişdir. İlahi Heydərov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək, həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Kamrana üzərində qeyri-qanuni maddə və ya əşya varsa, çıxarıb təqdim etməsi təklif edilmişdir. Kamran da əynindəki tünd göy rəngli gödəkcənin sol cibindən içərisində qəhvəyi rəngli maddə olan 2 ədəd şəffaf rəngli selofan və içərisində ağ rəngli kristallik maddə olan 3 ədəd şəffaf rəngli selofan bükümü təqdim edib masanın üzərinə qoyaraq, həmin bükümlərdən 2 ədədinin içərisində narkotik vasitə heroin və digər 3 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri 14 may 2022-ci il tarixdə "İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsin ona vermiş olduğu bank hesabına 100 manat pul göndərdikdən sonra Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən bağçanın yanında qoyulduğu yerdən şəxsi istifadə məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra Kamranın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Kamranın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Kamran tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Tədqiq olunmuş ifadə ilə bağlı suallara cavabında Şahid1 həmin ifadəni təsdiq etdiyini, hadisənin üstündən xeyli vaxt keçdiyinə və bu cür tədbirlər tez-tez keçirildiyinə görə məhkəmədə ifadə verərkən Kamranın saxlanıldığı dəqiq vaxtı unutduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 bildirdi ki, 14 may 2022-ci il tarixdə iş yoldaşı Şahid1la birlikdə növbədə olmuşlar. Səhərə yaxın onlar xidmət etdikləri ərazidə adını sonradan bildikləri Təqsirləndirilən şəxs adlı şəxsi saxlamışlar. Həmin vaxt Kamran özündə olmamış, onun narkotikin təsiri altında olması hiss edilmişdir. Kamranı saxladıqdan sonra 35-ci Polis bölməsinə aparmışlar. Orada təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Bu zaman Kamranın üstündən narkotik vasitə heroin və metamfetamin aşkar olunmuşdur. Sualları cavablandıran Şahid2 bildirdi ki, onlar təqsirləndirilən şəxsi səhərə yaxın təxminən saat 6-7 radələrində saxlamışlar. Həmin vaxt o, digər əməkdaş Şahid1la birlikdə olmuşdur. Saxlanılan vaxt Kamran tək olmuşdur. Bölmədə onun üzərinə şəxsi axtarış keçirilən zaman onlardan başqa vəkil və təhqiqatçı iştirak etmişlər. Onlar xidmətə axşam saat 19:30-da çıxmış, səhər saat 07:30-dək xidmətdə olmuşlar. Kamranın əynindəki şalvarının cibindən 3 böyük büküm aşkar olunmuş, təxminən 10 qram metamfetamin, 20 qrama yaxın isə heroin olmuşdur. Kamranın məhkəmədə bildirdiyi kimi, gecə saat 11-də yox, onu səhər təxminən saat 6-7 radələrində saxlamışlar, bundan sonra şəxs bölməyə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işə əlavə edilmiş 14 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci Polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən aşkar edilmiş 5 ədəd bükümlərin elektron tərəzidə çəkilən zaman 2 ədəd şəffaf rəngli selofan bükümdə olan qəhvəyi rəngli maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 19,05 qram, 3 ədəd şəffaf rəngli selofan bükümdə olan ağ kristallik maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 11,84 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 25-26). Məhkəmə-kimyəvi ekspertizasının 14 may 2022-ci il tarixli 6/2781 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №154” dairəvi möhür əksi və “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 5 ədəd büküm" yazısı və imzalar olan zərfdəki: - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,302 qr və 9,069 qr, ümumi təmiz çəkisi 17,371 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,559 qr, 4,787 qr, 1,528 qr, ümumi təmiz çəkisi 9,874 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 33-38). Məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2022-ci il tarixli 4167 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixostrop maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 121-122). İşə əlavə edilmiş 14 may 2022-ci il tarixli videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçənin sol cibindən 2 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 8,302 qram və 9,069 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 17,371 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 3 ədəd şəffaf rəngli selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 3,559 qram, 4,787 qram və 1,528 qram olmaqla külli miqdarda - ümumi təmiz çəkisi 9,874 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 51-52). İbtidai istintaq orqanının 12 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə ilkin təmiz çəkisi 17,371 qram olan narkotik vasitə heroin və 3 ədəd bükümdə ilkin təmiz çəkisi 9,874 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 17,271 qram çəkidə narkotik vasitə heroin və 9,724 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 141-149). Cinayət işində olan 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 114-115). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitəni özünün istifadəsi üçün aldığını, polis əməkdaşlarını görən zaman əlində olan narkotik vasitəni yerə atdığını və həmin yerdən uzaqlaşdığını, sonra polis əməkdaşlarının ona yaxınlaşdığını və onun üstünü axtardıqlarını, lakin heç bir şey aşkar olunmadığını, sonra polis əməkdaşlarının onun narkotik vasitəni atdığı yerə getdiklərini və onun atdığı narkotik vasitəni tapdıqlarını, üzərində bir büküm narkotik vasitə olduğunu, özünün polis işçiləri tərəfindən 14 may 2022-ci il tarixdə deyil, 13 may 2022-ci il tarixdə gecə saat 11 radələrində saxlanıldığını, lakin üzərinə səhər saat 7 radələrində şəxsi axtarış keçirildiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Müdafiəçi də məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə gecə saat 11 radələrində saxlanıldığını və həmin vaxtdan polis bölməsinə gətirilərək səhərə qədər bölmədə saxlanıldığını, yalnız səhər 7 radələrində onun üzərinə şəxsi axtarış keçirildiyini, bu zaman səhər tezdən olduğuna görə vəkilin şəxsi axtarış zamanı iştirak etməsinin inandırıcı olmadığını, şəxsin gecə saxlanılmasının iş üzrə şahidlərdən birinin məhkəmədə verdiyi ifadəsi ilə təsdiq olunduğunu bildirib, ona bəraət verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla onun şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları sosial şəbəkədə tanış olduğu şəxsin kart hesabına pul köçürməklə, sonuncunun bildirdiyi bağçanın həyətindən götürüb üzərində saxladığını bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs törətmiş cinayəti etiraf edərək, narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Müdafiə tərəfinin iş üzrə Şahid1 təqsirləndirilən şəxsin gecə saat 11 radələrində saxlanılıb bölməyə gətirilməsi və səhər üzərinə şəxsi axtarış keçirilməsi barədə səsləndirdiyi fikirlərlə bağlı qeyd edilməlidir ki, şahid məhkəmədə verdiyi sərbəst ifadəsində bu cür bildirməsinə baxmayaraq, verilən suallara cavabında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmiş, həmin ifadə tədqiq olunarkən hadisənin üstündən xeyli vaxt keçdiyinə və bu cür tədbirlər tez-tez keçirildiyinə görə məhkəmədə ifadə verərkən Kamranın saxlanıldığı dəqiq vaxtı unutduğunu bildirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Şahid1la birlikdə təqsirləndirilən şəxsin saxlanılıb polis bölməsinə gətirilməsində iştirak etmiş digər polis nəfəri Şahid2 ibtidai istintaqda və məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə səhər saat 6-7 radələrində saxlanılması barədə ifadə vermişdir. Qeyd olunan halı mübahisələndirən müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə Xətai RPİ 35-ci Polis bölməsinin girişində quraşdırılmış kamera görüntülərinin və "xxxx" MMC tərəfindən Şahid2 məxsus 055 793-77-47 saylı mobil telefonun 13 may 2022-ci saat 19:00-dan 14 may 00:00dək hansı ərazidə olması barədə sorğular ünvanlamış, lakin kamera görüntülərinin müddətin keçməsi ilə əlaqədar yaddaşdan silindiyi üçün təqdim olunmasının qeyri-mümkün olması, mobil nömrə ilə bağlı məlumatların isə texniki nasazlıq üzündən təqdim edilməsinin mümkünsüz olması barədə məhkəməyə məlumat verilmişdir. Ona görə də, məhkəmə kollegiyası müdafiə tərəfinin mövqeyini, həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib xırda bağlamalara bükülməsini, həmçinin aşkar olunmuş narkotik və psixotrop maddələrin kütləsinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxsnin gənc və tələbə olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 14 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2022-ci il tarixli 4167 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixostrop maddələrdən istifadə etmə halları olsa da, hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2 ədəd bükümdə 17,271 qram çəkidə narkotik vasitə heroin və 3 ədəd bükümdə 9,724 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmiş, artıq 13 sentyabr 2022-ci il tarixli məhkəmə iclasına təqsirləndirilən şəxsin müqavilə üzrə müdafiəçisi işə buraxılmışdır. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə hazırlıq iclasında və bir məhkəmə iclasında iştirak etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 36 (otuz altı) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2 ədəd bükümdə 17,271 qram çəkidə narkotik vasitə heroin və 3 ədəd bükümdə 9,724 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə hazırlıq iclasında və bir məhkəmə iclasında iştirak etmiş vəkil Müdafiəçi1 ödəniləcək 36 (otuz altı) manat məbləğində pul vəsaiti «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-277/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-277/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver