Məhkəmə qərarları › İş №1(101)-278/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-278/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-278/2020 15.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində qeydiyyatda olan, faktiki olaraq ünvan 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 98 saylı uşaq bağçasının yaxınlığında hücuma məruz qalmış X3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib, zərərçəkmiş şəxsin ağız nahiyyəsini əlləri ilə tutub baş nahiyəsinə yumruqla qəsdən vurmaqla yerə yıxıb ona döş qəfəsinin, sol budun qançırları, sağ əlin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunmuş həmin əlin qançır və sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Rehan Əliyevanın əlindəolan və içərisində 35 manatolan4 manat 20 qəpik dəyərində qara rəngli üzərində “Dior” markalanma yazısı olan pulqabınıgötürərək, ələ keçiribzərərçəkmişşəxsRehan Əliyevaya ümumilikdə 39 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs X4 qarşı cinayət törətməmişdir. Polis əməkdaşları onun evinə gələrək onu Polis Bölməsinə aparmışlar və orada ona işgəncələr verərək cinayət törətməsini etiraf etməyə məcbur etmişlər. Hadisə baş verən gün, yəni xx xxxx 2019-cu il tarixdə təxminən 15:00 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən avtomobil yuma yerinə gedərək özünə iş axtarmış və xx xxxx 2019-cu il tarixdən işə başlaması barədə avtomobil yuma yerində işləyən şəxslə razılaşmışdır. Hava qaraldıqda o, evinə qayıtmışdır. 29-cu Polis Bölməsinin əməkdaşları ona hadisə yerinin video görüntülərini göstərərək və onun cinsi orqanına zərbələr vuraraq törətmədiyi cinayəti etiraf etməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə zərərçəkmiş şəxs X4 hücum etməmiş, onu vurmamış və hər hansı bir pul qabını ələ keçirməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında quldurluq cinayətini törətməməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxsin özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək quldurluq cinayətini törətməsi məhkəmə istintaqında zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdiyi ifadələri ilə yanaşı, maddi sübutalarla, istintaq hərəkəti protokolları, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə saat 13:30 radələrində yaşadığı evdən çıxıb qardaşı Aslanın Bakı şəhəri, Yasamal raonu, M.Xiyabani küçəsində yaşadığı evə getmişdir. Həmin gün o, evdən çıxarkən əlində “Dior” sözü yazılmış qara rəngli pul qabı, əynində palto, paltonun cibində isə göy rəngli “Samsung S4” markalı mobil telefon olmuşdur. Əlindəki pul qabının içərisində bir ədəd 20 manatlıq, iki ədəd 5 manatlıq və beş ədəd 1 manatlıq pul əskinazları, ümumilikdə 35 manat pul olmuşdur. O, qardaşı Aslangildə Novruz bayramı münasibəti ilə şəkərbura və paxlava hazırlanmasına köməklik göstərdikdən sonra həmin gün təxminən saat 18:00-19:00 radələrində qardaşıgildən çıxaraq piyada öz yaşadığı ünvana getmişdir. O, bir qədər piyada getdikdən sonra Yasamal rayonunda yerləşən 98 nömrəli bağcanın qarşısından keçərkən bir nəfər tanımadığı şəxs arxadan ona yaxınlaşaraq onun ağız nahiyəsindən tutmuş və baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. O, aldığı zərbədən müvazinətini itirsə də yerə yıxılmamışdır. Onun başından zərbə vuran şəxs onun yerə yıxılmadığını gördükdə, onun saçını önə-arxaya doğru itələyərək onu yerə yıxmışdır. O, yerə yıxıldıqda üzünü görə bilmədiyi hündür boylu, qara saçlı, əynində qara rəngli gödəkcə olan şəxs onun əlində olan pul qabını götürərək oradan qaçmışdır. Tanımadığı şəxs ondan pul qabısını götürüb qaçdıqda o, uca səslə «ay camaat, mənə kömək edin» deyə qışqırmağa başlamışdır. O, aldığı xəsarətdən və qorxudan yerdə uzanmış vəziyyətdə qaldığından ayağa qalxmaq istəmişdir. Lakin o, ayağa qalxa bilməmişdir. Onun səsinə yaxınlıqda yerləşən bağçanın mühafizəçisi yaxınlaşmış və onun əlindən tutaraq ayağa qaldırdmış və onu 98 nömrəli bağçanın içərisindəki mühafizəçi otağına aparıb orada ona su vermiş, əlini spirtləmişdir. Həmin mühafizəçi ona köməklik edərkən o, qardaşı Aslanın həyat yoldaşı Sevdanın nömrəsini mühafizəçiyə vermiş və mühafizəçi öz telefonu ilə Sevdaya zəng edərək telefonu ona vermişdir. O da telefonda Sevdaya onu vurub pul qabısını aparmalarını, 98 nömrəli bağçadakı mühafizəçinin otağında olduğunu demişdir. Sonra onun qohumları onun olduğu yerə gələrək evə aparmışlar. Həmin gün o, özünü çox pis etdiyindən polisə gedib hadisə barədə məlumat verə bilməmişdir. Lakin sonra özünə gələn kimi gedib polisə məlumat vermişdir. İbtidai istintaq zamanı müstəntiq onu yanına çağıraraq onun pul qabısında olan digər əşyaları qaytarmış, lakin pul qabının içərisində olan pulu və pul qabının özünü qaytarmamışdır. O, bu barədə müstəntiqdən soruşduqda müstəntiq ona demişdir ki, pul qabı maddi sübutdur və cinayət işinə məhkəmədə baxılıb qurtardıqdan sonra qaytarılacaq. Lakin ona hücum edən şəxs pul qabının içərisində olan 35 manat pulu xərclədiyindən müstəntiq həmin pulun ona qaytarılmasının mümkün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin onu da bildirdi ki, ona qarşı törədilən cinayət nəticəsində onun sağlamlığına zərər vurulmuş və nəticədə onun səhhəti pisləşmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək təqsirləndirilən şəxs barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2003-cü ildən polis orqanlarında xidmət edir. 2018-ci ildən isə o, Bakı şəhəri Yasamal RPİnin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətindən 29-cu Polis Şöbəsinə X3 pul qabısının oğurlanması barədə məlumat daxil olmuşdur. Bundan sonra xx xxxx 2019-cu il tarixdə Rehan Əliyeva ərizə ilə 29-cu Polis Şöbəsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 98 saylı uşaq bağçasının yaxınlığında naməlum şəxsin onu yumruqla vuraraq pul qabını götürüb qaçması barədə məlumat vermişdir. Buna görə də o, 29-cu PŞ-nin əməliyyat müvəkkili Rüstəm Hüseynovla birlikdə həmin cinayət faktının açılması üçün ərazidə olan video müşahidə kameralarına baxış keçirməyə başlamışdır. Kameraya baxış keçirildiyi zaman o, cinayətin törədildiyi ərazidə tanıdığı, bir neçə dəfə narkotik vasitələrdən istifadə etdiyinə görə inzibati qaydada həbs olunmuş Təqsirləndirilən şəxs bənzər şəxsin həmin ərazidən keçməsini və sonra oradan qaçaraq getməsini görmüşdür. Buna görə də o və Rüstəm dərhal Nazimin yaşadığı ünvan 2 ünvanına getmişlər. Onlar qapını döymüşlər və qapını Nazimin qardaşı açmışdır. Nazimin qardaşı qapını açdıqda onlar özlərini təqdim edərək Nazimi 29-cu PŞ-nə dəvət etmişlər. O və Rüstəm Nazimi 29-cu PŞ-nə gətirmişlər və orada Nazimlə törədilmiş cinayət barədə danışıqlar aparan zaman Nazim törətdiyi cinayət əməlini səmimi etiraf edərək xx xxxx 2019-cu il tarixdə Rehan Əliyevaya arxadan yaxınlaşaraq yumruqla vurub əlində olan içərisində 35 manat pul olan pul qabını götürərək qaçdığını və pul qabını da 286 nömrəli məktəbin binasının havalandırma yerində gizlətdiyini bildirmişdir. Bundan sonra o, öz mobil telefonunda olan video görüntüləri Nazimə göstərmiş və Nazim də video görüntülərdə qadına hücum edən şəxsin özü olmasını bildirmişdir. Bundan sonra o, Nazimi Polis Şöbəsinin təhqiqatçısına təhvil verərək öz işlərinin arxasınca getmişdir. Sonradan ona məlum olmuşdur ki, Nazim törətdiyi əməli təhqiqatçıya da etiraf etmiş və ələ keçirdiyi pul qabını gizlətdiyi yerdən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Bu barədə müvafiq protokol da tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 98 saylı uşaq bağçasında mühafizəçi işləyir. xx xxxx 2019-cu il tarixdə saat 09:00 radələrində o, 98 saylı uşaq bağçasına gəlmiş və növbəni təhvil almışdır. Həmin gün saat 18:00 radələrində o, bağçada olan zaman küçədən səs gəldiyini eşitmiş və küçəyə çıxmışdır. Bu zaman əvvəllər tanımadığı adını sonradan öyrəndiyi Rehanın yerdə oturduğunu, üst başının qan olmasını və mobil telefonunun özündən 1-2 metr kənarda olduğunu görmüşdür. O, Rehana kömək etmək üçün yaxınlaşıb qolundan tutub ayağa qaldırmış və işlədiyi yerə gətiribmasada əyləşdirmişdir. O, Rehanın əlinin və üzünün qan olmasını görüb, su tapıb gətirmiş və Rehan əl-üzünü yumuşdur. Rehan əl-üzünü yuyan zaman bir nəfər şəxsin Rehana arxadan yaxınlaşdığını, yumruqla baş nahiyəsinə vurub əlində olan pul qabısını götürüb qaçdığını ona demişdir. Bundan sonra Rehan ondan ailə üzvlərinə zəng etməyini xahiş etmişdir. O da mobil telefonu ilə Rehanın ailə üzvlərinə zəng edərək, telefona cavab verən şəxsi Rehanla danışdırmışdır. Bir müddət sonra Rehanın ailə üzvləri onların yanına gəlmiş və Rehanı götürüb getmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 41) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli tutma protokolundan (cild 1, iş vərəqə 51) görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019cu il tarixdə saat 21:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası barədə 182 nömrəli rəyindən (cild 1, iş vərəqə 133-135) görünür ki, X3 almış olduğu xəsarətlər – döş qəfəsinin, sol budun qançırları, sağ əlin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunmuş həmin əlin qançır və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxx 2019-cu il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən, eləcə də yıxılma nəticəsində törənməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 64-66) görünür ki, X6 cinayətin baş verdiyi yerdə ona qarşı törədilmiş cinayətin mexanizmini və üsulunu əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 67-69) görünür ki, X6 ona tanınma üçün təqdim edilmiş pul qabılarının arasından özünə məxsus pul qabını əlamətlərinə görə tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin yerini və cinayət nəticəsində ələ keçirdiyi pul qabını gizlətdiyi yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-239/2019 saylı qərarından (cild 1, iş vərəqə 96-97) görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən (cild 1, iş vərəqə 121) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, həmin maddə üzrə ona 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10165 nömrəli rəyindən (cild 1, iş vərəqə 131) görünür ki, ekspertizaya təqdim edilən üzərində “Dior” yazısı olan pul qabının işlənmiş vəziyyətdə, xx xxxx 2019-cu il tarixə köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 4 manat 20 qəpik məbləğində müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 138) görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli, üzərində “Dior” yazısı olan pul qabı sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-510/2019 saylı qərarından (cild 1, iş vərəqə 165-166) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 2 ay müddətinə, yəni 14 avqust 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal rayon prokurorluğunun xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan (cild 1, iş vərəqə 169-171) görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunmasına dair 127-C-19 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərar alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertızasının 1219 nömrəli rəyindən (cild 1 iş vərəqə 178-179) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərini faktiki xarakterlərini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxsin hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malkikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət əməlinin tovsif edilməsi barədə qərardan (cild 1, iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 181.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-701/2019 saylı qərarından (cild 1, iş vərəqə 195-197) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri daha 1 ay müddətinə, yəni xx xxxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 212- 213) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qərardan (cild 1, iş vərəqə 248-250) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti başa çatdığından onun həbsdən azad edilməsi və onun barəsində həbslə bağlı olmayan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26608 nömrəli rəyindən (cild 1, iş vərəqə 263-264) görünür ki, təqdim edilmiş 7 ədəd “VİD- 20190819-WA0000”, “VİD-20190819-WA0001”, “VİD-20190819-WA0002”, “VİD- 20190819-WA0003”, “VİD-20190819-WA0004”, “VİD-20190819-WA0005”, “VİD- 20190819-WA0006” adlı “mp4” formatında tərtib olunmuş videoçəkilişlərdə montaj əlamətləri müəyyən olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 284-294) görünür ki, hadisə yerinin görüntülərini əks etdirən 1 (bir) ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X7 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş və həmin sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək quldurluq cinayətini törətmişdir. Belə ki, məhkəmə istintaqında sübutların hər tərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşən 98 saylı uşaq bağçasının yaxınlığında piyada yol gedən X3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zərərçəkmiş şəxsin ağız nahiyəsini əlləri ilə tutmuş, sonra Rehan Əliyevanın baş nahiyəsinə yumruqla qəsdən vuraraq onu yerə yıxaraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Rehan Əliyevanın əlindəolan pul qabını və pul qabının içərisində olan 35 manatməbləğində pulu ələ keçirərək hadisə yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs zərərçəkmişşəxsRehan Əliyevaya qarşı ümumilikdə 39 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, quldurluq cinayəti özgə əmlakını talamaq məqsədilə həyat və ya sağlımlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Qeyd edilən qərarın 23-cü bəndində göstərilir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181.1-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülür ki, təqsirkarın hərəkətləri zərərçəkmiş şəxsə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, quldurluq basqını nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilirsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 127, 128-ci maddələri ilə tövsif edilməsi tələb olunmur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona 29-cu Polis Bölməsində polislər tərəfindən işgəncə verilməsi və məhz işgəncələr nəticəsində törətmədiyi cinayəti etiraf etməsi ilə bağlı hissədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxs belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq istəmişdir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş Yasamal rayon prokurorluğunun xx xxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından (cild 1, iş vərəqə 169-171) görünür ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları barəsində xidməti yoxlama aparılmış, yoxlama əsasında Yasamal RPİ-nin MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabına baxış keçirilmiş, həmin kitaba baxış keçirilərkən həkim tərəfindən aparılan müayinə nəticəsində Təqsirləndirilən şəxs səhhəti ilə bağlı şikayət etməsi müəyyən edilməmiş, eləcə də Təqsirləndirilən şəxs MSY-yə qəbul edilərkən onun bədən səthində xəsarət aşkar edilməmiş və bununla bağlı Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs zoraki cinayət sayılan quldurluq cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasında 4 (dörd) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, törədilmiş cinayətin zorakı cinayət növünə aid olduğunu və zoraki cinayətin məhz qadına qarşı törədildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalıdır və azadlıqdan məhrum etmə növündə cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində çıxış edən Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan zərərçəkmiş şəxsə məxsus üzərində “Dior” yazısı olan pul qabı zərərçəkmiş şəxsə qaytarılmalı, hadisə yerinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 282 (iki yüz səksən iki) manat 17 (on yeddi) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan, üzərində “Dior” yazısı olan pul qabı zərərçəkmiş şəxs X4 qaytarılsın, hadisə yerinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 282 (iki yüz səksən iki) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar