Məhkəmə qərarları › İş №1(101)-278/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-278/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-278/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məsləhətçi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları: Dövlət ittihamçısı, X7 və X9, müdafiəçilər: «Femida» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1987-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Salyan şəhəri 20 Yanvar küçəsi, ev 423-də qeydiyyatda olan, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 2 oktyabr 1983-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Salyan şəhəri Kür Qaraqaşlı ərazi dairəsi, Kür Qaraqaşlı kəndində qeydiyyatda olan, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə birgə şəxsiyyəti istintaqa məlum olmayan «Baba» adlı İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni qrup üzvü «Baba»nın verəcəyi pul qarşılığında gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada satışını həyat keçirməyi sonuncuya vəd verib razılaşdıqdan sonra, qrup üzvü «Baba»dan satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,39 qram, 0,38 qram, 0,37 qram, 0,38 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,37 qram, 0,39 qram və 0,42 qram olmaqla, ümumi təmiz çəkisi 4,21 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki və «Baba» adlı şəxsin göstərişi ilə külli miqdarda narkotik vasitəni ünvan 1 ünvanın yaxınlığında qabaqcadan razılaşdırılmış yerdən götürmək məqsədi ilə idarə etdiyi «VAZ 2107» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtmobillə 3 avqust 2022-ci il tarixdə saat 01 radələrində qrupun digər üzvü Təqsirləndirilən şəxs2la həmin ünvana gəlib sonuncu ilə birlikdə avtomobildən düşüb 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli polietilen bağlamalardakı ümumi çəkisi 9255 qram (9 kq 255 qram) olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı gizlədildiyi yerdən taparaq, sağ əlində tutmaqla Təqsirləndirilən şəxs2la birgə əldə edib, vahid niyyətlə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə 9259,21 qram (9 kq 259,21 qram) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləni xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki qanunsuz olaraq əldə etməklə, özlərində saxladıqları zaman Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov RPİ-nə aparılıb xidməti otaqda müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli polietilen bağlamalardan ümumi çəkisi 9255 qram (9 kq 255 qram) olan və sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasında olan sellafon torbacığın içərisində 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,39 qram, 0,38 qram, 0,37 qram, 0,38 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,37 qram, 0,39 qram və 0,42 qram olmaqla, ümumi təmiz çəkisi 4,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin vaxt müdafiəçinin iştirakı ilə video çəkilişlə qrup üzvü Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə sonuncunun əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləsi xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə birgə şəxsiyyəti istintaqa məlum olmayan «Baba» adlı İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri ərazisinə gətirilməklə gizlədilmiş külli miqdarda narkotik vasitəni qrup üzvü «Baba»nın verəcəyi pul qarşılığında gizlədildiyi yerdən götürüb onun göstərişinə uyğun formada satışını həyat keçirməyi sonuncuya vəd verib razılaşdıqdan sonra, qrup üzvü «Baba»dan satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,39 qram, 0,38 qram, 0,37 qram, 0,38 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,37 qram, 0,39 qram və 0,42 qram olmaqla, ümumi təmiz çəkisi 4,21 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki və «Baba» adlı şəxsin göstərişi ilə külli miqdarda narkotik vasitəni ünvan 1 ünvanının yaxınlığında qabaqcadan razılaşdırılmış yerdən götürmək məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 2107» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtmobillə 3 avqust 2022-ci il tarixdə saat 01 radələrində həmin ünvana gəlib sonuncu ilə birlikdə avtomobildən enərək 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli polietilen bağlamalardakı ümumi çəkisi 9255 qram (9 kq 255 qram) olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı gizlədildiyi yerdən taparaq Təqsirləndirilən şəxs1 sağ əlində tutmaqla sonuncu ilə birgə əldə edib, vahid niyyətlə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə 9259,21 qram (9 kq 259,21 qram) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki qanunsuz olaraq əldə etməklə, özlərində saxladıqları zaman Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov RPİ-nə aparılıb xidməti otaqda müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüş, həmin vaxt müdafiəçinin iştirakı ilə video çəkilişlə qrup üzvü Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun sağ əlində saxladığı 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli polietilen bağlamalardan ümumi çəkisi 9255 qram (9 kq 255 qram) olan və sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasında olan sellafon torbacığın içərisində 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,39 qram, 0,38 qram, 0,37 qram, 0,38 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,37 qram, 0,39 qram və 0,42 qram olmaqla, ümumi təmiz çəkisi 4,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, növbəli qrafiklə həftənin müəyyən günlərində avtobus sürücüsü işləyir. Avtobus sürücüsü işləmədiyi vaxtlarda isə fərdi qaydada taksi kimi fəaliyyət göstərir. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Tanışı Təqsirləndirilən şəxs2 isə fəhlə işləməklə özünü dolandırmış, bəzən iş olduqda ona da təkif etmiş, birlikdə qum, sement və s. daşımaqla məşğul olmuşlar. Saxlanıldığı gün Cəlal ona zəng edib ünvan 2 ünvanının yaxınlığına gedərək bir zənbil götürməli olduğunu bildirib, onu aparmağını xahiş etmişdir. Razılaşıb Cəlalı qeyd edilən ünvana aparmışdır. Orada Cəlal maşından düşüb getmiş, o isə maşında qalmışdır. Təxminən 20 dəqiqə gözləsə də, Cəlal gəlməmişdir. Odur ki, onun yanına gedib niyə gəlmədiyini, orada nə etdiyini soruşmuşdur. Cəlal isə orada bir zənbil olduğunu, zənbilin içinə onun üçün fəhlə paltarı qoyulduğunu, onu götürmək istədiyini bildirmişdir. Ətrafa baxdıqda yerdə içində göy rəngdə bir fəhlə paltarı olan zənbil görmüşdür. Zənbili götürmək istəyərkən tanımadığı bir neçə nəfər şəxs onları saxlayıb döyməyə başlamış və sonra onları polis idarəsinə aparmışlar. İdarədə də onları döyməyə davam etmişlər. Sonra həmin zənbili gətirib, içərisindən 2 ədəd qara bağlama çıxartmışlar. Lakin o, zənbili götürdükdə onun içində bağlama olmamış, sadəcə fəhlə paltarı olmuşdur. Polis əməkdaşları onlardan götürdükləri zənbilin həmin zənbil olub-olmadığını soruşmuş, o da həmin zənbil olduğunu təsdiq etmişdir. Lakin o, zənbili götürərkən onun içərisində bağlama olmamışdır. Daha sonra videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılmış və üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi 11 büküm marixuana aşkar edilmişdir. Marixuananı saxlanılmazdan 10 gün əvvəl «Hyundai Service» mağazasına apardığı müştəridən almışdır. Bundan sonra ona məcburi şəkildə sənədlərə imza etdirilmişdir. Onun zənbilin içərisində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmin bağlamalar ona məxus deyildir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, fəhlə işləməklə özünü dolandırır. Təqsirləndirilən şəxs1 onun tanışıdır. Bəzən tikinti malları almaq lazım olduqda taksi sürücüsü kimi Elvinin xidmətindən istifadə etmişdir. Həmin ərəfədə telefonda tanış olduğu bir şəxsdən aldığı fəhlə paltarı almışdır. Həmin şəxs ona fəhlə paltarını ünvan 2 ünvanının yaxınlığına qoyacağını bildirmişdir. Hadisə günü Elvinə zəng edib, onu qeyd etdiyi ünvana aparmasını xahiş etmiş və sonunucu razılaşıb onu həmin yerə aparmışdır. Orada maşından düşüb fəhlə paltarını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bir müddət sonra Elvin də maşından düşüb onun yanına gəlmiş, nə səbəbə gecikdiyini və nə axtardığını soruşmuşdur. Elvinə həmin yerə içərisində fəhlə paltarı olan bir ədəd sellofan torba qoyulduğunu, lakin tapa bilmədiyini demişdir. Paltarın iəçrisində təxminən 100 qram marixuana da olmalı idi. Lakin bu haqda o, Elvinə bildirməmişdir. Elvinlə birlikdə sellofan torbanı axtarmağa başlamış və tapmışdır. Bu zaman bir neçə şəxs qəfildən onları saxlayaraq polis idarəsinə aparmışlar. Saxlanıldığı zaman üzərində təxminən 40 qram tiryək olmuşdur. Lakin torbada 9255 qram deyil, 100 qram marixuana olmalı idi. Elvinin tapdığı sellofan kiçik ölçülü olmuş, içərisinə 9255 qram marixuana yerləşməzdi. İdarədə polis əməkdaşları tərəfindən fiziki zorakılığı məruz qalmış, ailə üzvlərinin polis idarəsinə gətirilərək cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə təhdid edilmişdir. Məcbur qalıb 9255 qram marixuananın onlara məxsus olmasını etiraf etmişlər. Həqiqətdə onun üzərimdə cəmi 40 qram tiryək olmuş, zənbildə isə ona deyilənə görə 100 qram marixuana olmuşdur. Sonradan ona fəhlə paltarı göndərən şəxsi idarədə görmüş və həmin şəxsin polislərin adamı olduğunu başa düşmüşdür. Elvinin həmin narkotik vasitələrdən xəbəri olmamış, sadəcə taksi sürücüsü kimi onu deyilən yerə aparmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 3 avqust 2022ci il tarixdə, saat 1 radələrində bölmənin digər əməkdaşı Şahid2 Bəhram oğlu ilə birlikdə rayonun A.Neymətulla küçəsi 23 ünvanının yaxınlığında xidmətdə olmuşdur. Bu zaman iki nəfər şəxsin mobil telefonun işığı ilə qaranlıqda nəsə axtardıqlarını və sellafon paket tapıb götürdüklərini müşayiət etmişlər. Həmin şəxslərin bu hərəkətləri onlarda şübhə yaratmışdır. Odur ki, sonunculara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onlardan özlərini təqdim etmələrini tələb etmişlər. Bu zaman həmin şəxslər qaçmağa cəhd etmişlər. Onları saxlayıb Nərimanov RPİ-nə gətirmişlər. İdarədə həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, sonuncu sağ əlində saxladığı göy rəngli üzərində «Original Levis» yazısı olan sellofan torbanın içərisindən iki ədəd qara rəngli sellofana bükülmüş və üzərində ağ rəngli kağızda yazı olan, şəffaf yapışqanla bağlanmış bükümün içərisindən yaşıl rəngli, spesifik qoxuya malik maddəni təqdim edib, marixuana olduğunu, sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasının içərisindən bir ədəd qara rəngli elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 11 ədəd ağ rəngli kağız bükümün içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sol yan cibindən qara rəngli «Samsung» markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi, göy rəngli üzərində «Original Levis» yazısı olan sellofan torbanın içərisindən iki ədəd qara rəngli sellofana bükülmüş və üzərində ağ rəngli kağızda yazı olan və şəffaf yapışqanla bağlanmış bükümün içərisində marixuana olduğnu, onu 2 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 ilə bir yerdə olan zaman özünü «Baba» kimi təqdim edən İran İslam Respublikasının vətəndaşının onun telefonu ilə Cəlalla internet vasitəsi ilə əlaqə yaradıb danışmasından sonra 3 avqust 2022-ci il tarixdə saat təxminən 01 radələrində ünvan 3 ünvanında götürərək başqa yerə qoyacağını, sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasının içərisindən qara rəngli elektron tərəzini, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindəki 11 ədəd ağ rəngli kağız bükümün içərisindəki marixuananı isə İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxsdən əvvəl aldığını bildirmişdir. Bunda sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi sağ əlində saxladığı göy rəngli üzərində «Original Levis» yazısı olan sellofan torbanın içərisindəki iki ədəd qara rəngli sellofana bükülmüş və üzərində ağ rəngli kağızda yazı olan və şəffaf yapışqanla bağlanmış bükümün içərisindən yaşıl rəngli, spesifik qoxuya malik maddə və sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasının içərisində bir ədəd qara rəngli elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan 11 ədəd ağ rəngli kağız bükümün içərisindəki yaşıl rəngli spesifik qoxuya malik maddə və bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün işirakçılar tərəfinən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı sonuncu əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan bir ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sol yan cibindən qara rəngli «Xiaomi» mobil telefon cihazını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bükümün içərisində narkotik maddə tiryək olduğunu, həmin maddəni 27 iyul 2022-ci il tarixdə «Baba» kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Axtarış və götürmənin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslərə nə hadisə yerində, nə yolda olarkən, nə də polis idarəsində heç bir psixi təzyiq və ya fiziki zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 3-cü vərəqindəki 3 avqust 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinə aparılmasna səbəb Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsi 23 ünvanında mobil telefonun işığı ilə qaranlıqda nəsə axtarmaları, sellofan paket götürmələri, həmin şəxslərə yaxınlaşan zaman özlərini şübhəli aparmaları və qaçmağa cəhd etmələri olmuşdur. İşin 1-ci cildinin 24-27-ci vərəqlərindəki 3 avqust 2022-ci il tarixli «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. Bakı şəhəri Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmişdir. X5 polis əməkdaşları və Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqlarını izah etmiş və şəxsi axtarış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs1 videoçəkiliş aparılmasına etirazının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı göy rəngli üzərində «Original Levis» yazısı olan sellofan torbanın içərisindən iki ədəd qara rəngli sellofana bükülmüş və üzərində ağ rəngli kağızda yazı olan və şəffaf yapışqanla bağlanmış bükümün içərisindən yaşıl rəngli, spesifik qoxuya malik maddəni təqdim edib həmin maddənin marixuana olduğunu bildirmişdir. Bundan əlavə sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasının içərisindən bir ədəd qara rəngli elektron tərəzini, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 11 ədəd ağ rəngli kağız bükümün içərisindən yaşıl rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sol yan cibindən qara rəngli «Samsung» mobil telefon cihazını və bir ədəd A 00384996 saylı 5 AZN və bir ədəd üzərində A05930373 sayları olan 5 AZN pul əskinasını çıxardıb könüllü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi, göy rəngli üzərində «Original Levis» yazısı olan sellofan torbanın içərisindən 2 ədəd qara rəngli sellofana bükülmüş və üzərində ağ rəngli kağızda yazı olan və şəffaf yapışqanla bağlanmış bükümün içərisindəki yaşıl rəngli, spesifik qoxuya malik maddəni 2 avqust 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 ilə bir yerdə olan zaman özünü Baba kimi təqdim edən İran İslam Respublikasının vətəndaşının onun telefonu ilə Cəlalla internet vasitəsi ilə əlaqə yaradıb danışmasından sonra 3 avqust 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Nərimanov rayonu, A.Nemətulla küçəsi 23 ünvanında götürərək başqa yerə qoyacağını, sol əlində saxladığı üzərində «Haolong» yazısı olan qara rəngli əl çantasının içərisindən qara rəngli elektron tərəzini, bir ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 11 ədəd ağ rəngli kağız bükümün içərisində yaşıl rəngli spesifik qoxuya malik maddəni isə İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxsdən əvvəl aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və protokol oxunduqdan sonra iştirakçılar, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən imzalarla təsdiq edilmişdir. İşin 1-ci cildinin 86-88-ci vərəqlərindəki 3 avqust 2022-ci il tarixli «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmişdir. Nərimanov RPİ TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilməklə, üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmişdir. X5 polis əməkdaşları və Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparmazdan əvvəl ona hüquqlarını izah etmiş, şəxsi axtarış prosesinin aparıldığı müddətdə video çəkilişdən istifadə ediləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs2 videoçəkiliş aparılmasına etirazının olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 əynində olan açıq sarı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindən qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan açıq sarı rəngli şalvarının sol yan cibindən qara rəngli «Xiaomi» mobil telefon cihazını və bir ədəd A 41968540 saylı 10 manat və bir ədəd üzərində A55965148 sayları olan 1 manat və bir ədəd üzərində F 65996483 sayları olan 1 manat pul əskinasını çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindən qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni 27 iyul 2022-ci il tarixdə özünü «Baba» kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə bir zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, oxunduqdan sonra Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən imzalarla təsdiq edilmişdir. İşin 1-ci cildinin 195-196-cı vərəqlərindəki protokollardan görünür ki, X3 və Təqsirləndirilən şəxs1 üzərinə «şəxsi axtarış keçirilməsi və götürmə» aparılan zaman istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş iki ədəd «DVD-R» diskə baxış keçirilmiş, protokolda qeyd olunan xüsusatlar diskdə də öz əksini tapmışdır. İşin 1-ci cildinin 37-41-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3 avqust 2022ci il tarixli 7/863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd polietilen bağlamadakı 2 (iki) ədəd qara rəngli polietilen bağlamada ümumi çəkisi 9255 qram və kağız paketdəki sellofan torbacığın içərisində 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,39 qram, 0,38 qram, 0,37 qram, 0,38 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,37 qram, 0,39 qram, 0,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 9258,21 qramdır (9kq 259,21 qram). Bir ədəd eletron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası nəticəsində təqdim edilmiş təmiz çəkisi 9259,21 qr narkotik vasitə qurudulmuş marixuanadan tədqiqata 0,62 qram (hər bir bağlamadan 0,1 qram, hər bir bükümdən isə 0,02 qram götürülmüşdür) sərf edildikdən sonra 9258,59 qr qalmışdır. İşin 1-ci cildinin 97-101-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 3 avqust 2022ci il tarixli 6/4151 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 44 nömrəli dairəvi möhür əksi, «Şübhəli şəxs...Təqsirləndirilən şəxs2...» yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 40,047 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası nəticəsində təqdim edilmiş təmiz çəkisi 40,047 qr narkotik vasitə tiryəkdən tədqiqata 0,1 qr sərf edildikdən sonra 39,947 qr qalmışdır. İşin 2-ci cildinin 81-82-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X10 məhkəmə-narkoloji ekspertizasının 5 avqust 2022-ci il tarixli, 4298 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 79-80-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X10 məhkəmə-narkoloji ekspertizasının 5 avqust 2022-ci il tarixli, 4297 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 83-85-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 məhkəmə ambulator-psixiatrik ekspertizasının 5 avqust 2022-ci il tarixli, 2054 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 öz prosessual hüquqlarını şəxsən həyata keçirmək imkanına malikdir. İşin 2-ci cildinin 86-88-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi» X13 tərəfindən verilmiş məhkəmə ambulatorpsixiatrik ekspertizasının 5 avqust 2022-ci il tarixli, 2053 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məxburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə öz prosessual hüquqlarını şəxsən həyata keçirmək imkanına malikdir. İşin 2-ci cildinin 24-25-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan rayon Məhkəməsinin 1 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Sabunçu rayon Məhkəməsinin 6 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 66.5-ci maddələrinə əsasən 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 mart 2015-ci ildə Salyan rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 9 (doqquz) ay 1 (bir) gün vaxtından əvvəl şərti azad olunmuş, 19 dekabr 2015-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs2 qeyd edilən məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. İşin 2-ci cildinin 26-cı vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olan tələbnamədən görünür ki, Novruzov X6 rayon Məhkəməsinin 4 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2, 264, 66.2, 66.4-cü maddələrinə əsasən 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. İşin 2-ci cildinin 17-19-cu vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 40,047 (tədqiqatdan sonra qalıq 39,947) qram narkotik vasitə-tiryək, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 9258,21 qram (tədqiqatdan sonra qalıq 9258,59) narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə «şəxsi axtarış keçirilməsi və götürmə» haqqında 3 avqust 2022-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş iki ədəd «DVD-R» diski iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, disklər cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitələr isə saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 31 may 2016-cı il təvəllüdlü Sakin Novruzov və 29 may 2019-cu il təvəllüdlü Elnur Novruzov adlı iki azyaşlı uşağı vardır. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 14 avqust 2018-ci il təvəllüdlü Zəhra Həsənli adlı bir azyaşlı uşağı vardır. İşin 1-ci cildinin 17-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 3 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 172-176-cı vərəqlərindəki qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 3 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdəki 3 saylı İstintaq Təcrixanasından daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5 avqust 2022-ci il tarixdə istintaq təcridxanasına yerləşdirilmiş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxslər zədə almadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 bədən səthinin müayinəsi zamanı sağ çiyin üst nahiyyəsində sıyrıntılar, sol dirsək nahiyyəsində qərtməkli yara, sağ ayaq pəncəsinin ön səthində və topuq nahiyyəsində qərtməkli yaralar, sol ayaq pəncəsinin İİ barmağında dırnağın düşməsi ilə olan yara aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bədən səthinin müayinəsi zamanı sol çiyin nahiyəsində qərtməkli yara, onurğanın sol yan səthində sarımtıl rəngli qançırlar aşkar edilmişdir. İşdəki Təqsirləndirilən şəxs1 Nərimanov RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 132-C-23 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 5 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərə məruz qaldığını təsdiq edəcək heç bir sübut mövcüd olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşin 1-ci cildinin 79-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 3 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 177-182-ci vərəqlərindəki qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 3 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli bilsələr də, onların ittiham olunduqları cinayətləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktub, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 3 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 3 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş təmiz çəkisi 40,047 (tədqiqatdan sonra qalıq 39,947) qram narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş iki ədəd qara polietilen və 11 ədəd kağız paketdə olmaqla ümumi təmiz çəkisi 9259,21 (tədqiqatdan sonra qalıq 9258,59) qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının videogörüntü fayllarını özündə saxlayan iki ədəd disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 94 (doxsan dörd) manat olmaqla dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Femida Vəkil Bürosunun vəkili X1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 216 (iki yüz on altı) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına, müdafiəçi X1 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 216 (iki yüz on altı) manat onun işlədiyi Femida Vəkil Bürosuna köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş təmiz çəkisi 40,047 (tədqiqatdan sonra qalıq 39,947) qram narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş iki ədəd qara polietilen və 11 ədəd kağız paketdə olmaqla ümumi təmiz çəkisi 9259,21 (tədqiqatdan sonra qalıq 9258,59) qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə aparılmasının videogörüntü fayllarını özündə saxlayan iki ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 94 (doxsan dörd) manat olmaqla dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 216 (iki yüz on altı) manat onun işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına, müdafiəçi X1 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 216 (iki yüz on altı) manat onun işlədiyi Femida Vəkil Bürosuna köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar