Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-279/2022 05.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,264 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,002 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək özündə saxlamaqla daşımış, 26 aprel 2021-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Ramana" qalasının yaxınlığında Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq 12-ci Polis şöbəsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir bükümdə təmiz çəkisi 4,264 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir bükümdə təmiz çəkisi 1,002 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gödəkcənin sağ iç cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üç ildir narkotik vasitə istifadəçisidir. Hadisə günü Ramana qəsəbəsində olarkən polis işçiləri ona yaxınlaşaraq saxlamış və evinə aparmışlar. O, evinin qarajında saxladığı narkotik vasitəni onlara təqdim etmişdir. O, narkotik vasitəni satan şəxsi heç vaxt görməmişdir. Belə ki, narkotiki satan şəxslər narkotik vasitələri qoyduqları yeri ona demiş, o da gedib həmin yerdən götürmüşdür. Sonradan polis işçiləri onu şöbəyə gətirərək üzərində videoçəkilişlə axtarış aparmış, o da cibinə qoyduğu həmin narkotikləri çıxarıb stolun üzərinə qoymuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onun narkotik vasitədən asılılığı vardır. Ağrıları olduğuna görə gündə 1 qram, 1,5 qram narkotik vasitədən istifadə edir. O, narkotik vasitəni heç kim üçün götürməmiş, heç kimə satmamış, yalnız özü istifadə etmək üçün əldə etmişdir. O, şirkətlərdə sürücü işləmiş, sonradan taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitəni Rəhim adlı şəxsdən almış, onun yaşadığı yeri bilməmişdir. Polis əməkdaşları tərəfindən evə gətirilən zaman anası evdə olmuş və ondan narkotik vasitənin yerini soruşduqda, o, qarajda saxladığı narkotikləri çıxarıb onlara təqdim etmişdir. Evdən aşkar olunan həmin narkotik vasitə ona məxsus olmuşdur, polis işçiləri cibinə narkotik qoymamışlar. Onun əsil adı Kamal olsa da, ətrafda hamı onu “Elşən” kimi tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir və törətdiyi əməldən peşmandır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda anası Şahid3 ilə birlikdə yaşayır. 2018-ci ildə narkotik vasitə heroini iynə vasitəsi ilə vurmağa başlamışdır. 2019-cu ildən isə psixotrop maddə metamfetamini çəkmə yolu ilə qəbul edir. 20 aprel 2021-ci ildə o, özü istifadə etmək üçün Yasamal rayonunda yerləşən «Yasamal Bazarı»nın yaxınlığında üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 110 manata 5 qram narkotik vasitə heroin və 1 qram metamfetamin almış və üzərində saxlamışdır. Bu barədə heç kimə bir söz deməmişdir. 26 aprel 2021-ci ildə saat 20:30 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mağazadan çıxıb "Ramana" qalasının yanı ilə piyada evə tərəf gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Sabunçu rayon Polis İdarəsi 12-ci Polis şöbəsinin əməliyyat müvəkkilləri olduğunu bildirmiş və və ondan anket məlumatlarını soruşmuşlar. O, polis əməkdaşlarına demişdir ki, xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis şöbəsinə dəvət etmiş və o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkil dəvət olunmuşdur. Polis əməkdaşları şəxsi axtarış və götürmə aparılması barədə qərarla onu tanış etdikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxs axtarış aparılmasını bildirmişlər. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. O, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən iki ədəd selofan bükümləri, həmin gödəkcənin sağ iç cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları ondan iki ədəd bükümdə nə olduğunu soruşmuş, o, həmin bükümlərin birində heroin, digərində isə metafetamin olduğunu bildirmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfində elektron tərəzidə çəkilmiş, bükümlər açılarkən bükümün birinin içərsində qəhvəyi rəngli maddə, digər bükümün içərisində isə ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Həmin iki ədəd büküm və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üstü imzalanmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına demişdir ki, təqdim etdiyi heroin və metamfetamini bir həftə əvvəl Bakı şəhəri, Yasamal rayonunda üzdən tanıdığı və adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan sonra üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qəbul etdiyinə çox peşmandır. Narkotik vasitə və psixotrop maddə aldığı şəxsin anket məlumatlarını bilmir, ona narkotik vasitə və psixotrop maddə lazım olanda Bakı şəhəri, Yaşamal rayonunda yerləşən «Yasamal bazarı»nın yanında həmin şəxslə görüşüb "mal" almışdır. O, narkotik vasitə və psixotrop maddə qəbul etsə də, heç vaxt narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. O, üzərində saxladığı elektron tərəzi ilə narkotik vasitə və psixotrop maddə alanda və istifadə edəndə çəkisini bilmək üçün istifadə etmişdir (cild 1, iş vərəqi 64-66). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 26 aprel 2021-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, M.Qafarov küçəsi, dalan 2, ev 1-də yaşayan "Elşən’' kimi tanınan Təqsirləndirilən şəxs Ramana qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxsi cinayət başında ifşa etmək məqsədi ilə 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2021-ci ildə saat 20:30-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Ramana" qalasının yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxs onlar tərəfindən saxlanılmış, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün 12-ci Polis şöbəsinə dəvət etmişlər. Xidməti otaqların birində şöbənin təhqiqatçısı Tapdıq Quliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və sonra videoçəkiliş aparılmaqla şəxsi axtarışı keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim olunması təklif edilmiş, sonuncu, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən iki ədəd büküm, həmin gödəkcənin sağ iç cibindən bir ədəd elektron tərəzini çıxarıb stolun üzərinə qoymuşdur. Həmin iki ədəd bükümdə nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs bükümlərin birində narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu, onların özünə məxsus olduğunu bildirmişdir. Həmin bükümlər açılarkən bir bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, digər bükümdə isə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini bir həftə əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün əldə edib üzərində saxlamış və bu barədə heç kimə bir söz deməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan iki ədəd büküm və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlə möhürlənib götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ, 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 26 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq 12-ci Polis şöbəsinə gətirilməsi və üzərində şəxsi axtarış keçirilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, ünvan 1 ünvanında oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. 2016-cı ildən oğlu Kamal Cəbaılov narkotik vasitə qəbul etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs müalicə etdirib narkotik vasitədən uzaqlaşdırmaq istəsə də, bunu edə bilməmişdir. 26 aprel 2021-ci ildə Sabunçu RPİ, 12-ci Polis şöbəsindən Təqsirləndirilən şəxs tutulması ilə bağlı məlumat daxil olmuşdur. Onun həmin vaxt oğlunun narkotik vasitə əldə etdiyini və saxladığını bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. O, ancaq Təqsirləndirilən şəxs narkotik vasitə heroin qəbul etdiyini bilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 21:30-da Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini, həmin gödəkcənin sağ iç cibindən bir ədəd elektron tərəzini təqdim etməsi zamanı videoçəkiliş aparılmış və videogörüntü olan bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 29-30). Cinayət işində olan 27 aprel 2021-ci il tarixli 1250 nömrəli "Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında" aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ (+) və MET (+) qrupu preparatları aşkar olunmuşdur (cild 1, iş vərəqi 37). Məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2021-ci il tarixli 6/1663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...." yazısı olan kağız paketdəki bir bükümdə təmiz çəkisi 1,002 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir bükümdə təmiz çəkisi 4,264 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Heroinin təmiz çəkisi: 4,264 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq - 4,214 qram. Metamfetaminin təmiz çəkisi: 1,002 qram, tədqiqata istifadə olundu – 0,05 qram, qalıq - 0,952 qramdır (cild 1, iş vərəqi 38-43). Məhkəmə-kompüter texniki ekspertizasının 29 iyun 2021-ci il tarixli 5/550 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 10" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy A31" markalı “SM-AZ15F/DS" medelli "**********66411, **********66419" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş "Samsung Galaxy A31" markalı "SM-AZ15F/DS" modelli mobil smartfonun yaddaşından əldə edilməsi mümkün olan məlumatlar müəyyən olundu (bax: rəyə əlavə olunmuş iki ədəd DVD-R diskə). Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy A31" markalı "SM-AZ 15F/DS" medolli mobil smartfonun yaddaşından hər hansı bir (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, video, audio fayllar, "WhatsApp". "İnstagram”. "Facebook" və digər sosila şəbəklər vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş "Samsung Galaxy AZ1" markalı "SM-AZ15F/DS" medelli mobil smartfonun yaddaşında +994 70 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçmiş "WhatsApp" proqram təminatında on üç ədəd müxtəlif kontakla aparılmış (çat seans, audio fayllar, qəbul olunmuş və buraxılmış zənglər) məlumat mübadiləsi müəyyən olundu və daha sonra "Bluetooth" texnologiyası vasitəsilə "WhatsApp" adlı qovluğa köçürülərək bir ədəd DVD-R diskdə ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş "Samsung Galaxy A31" markalı "SM-AZ15F/DS" medelli mobil smartfonun yaddaşında "royalyerazik" istifadəçi adı ilə qeydiyyatdan keçmiş "İnstagram" sosial şəbəkəsinin aid istifadəçi profilinin "Direct" bölməsində məlumat mübadiləsi müəyyən olundu, lakin rəyin "Tədqiq hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (cild 1, iş vərəqi 155-159). İş materiallarına əlavə edilmiş 21 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokola əsasən, "xxxx" MMC-dən alınmış bir ədəd diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, 14 aprel 2021-ci il tarixdə saat 20:54-də +**********27 nömrədən Təqsirləndirilən şəxs məxsus +**********40 nömrəyə "Elsen emi basqa artiq hecne istemiremm bayaq vurduqumuzdan qalani gelim goturumda yarimnan qalani" məzmunda mesaj daxil olmuşdur. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. "xxxx" MMC-dən alınmış bir ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 100-103). Cinayət işinə əlavə edilmiş 20 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokola əsasən, "xxxx" MMC-dən alınmış bir ədəd diskə baxış keçirilmişdir. Belə ki, həmin diskdə ***-***-**-** nömrəli telefon nömrəsinin 26 yanvar 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnləri məlumatlar əks olunmuşdur. Məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Həmin ***-***-**-** nömrədən çıxan SMS mətnlərinə baxış zamanı: 08 mart 2021-ci ildə saat 22:12-də +**********22 nömrədən +**********30 nömrəyə daxil olan mesajdan görünür ki, Gli 20 m est; 19 aprel 2021-ci ildə saat 16:33-də +**********22 nömrədən +**********29 nömrəyə daxil olan mesajdan görünür ki, Eli nolar gelimde be; 19 aprel 2021-ci ildə saat 16:46-da +**********22 nömrədən +**********29 nömrəyə daxil olan mesajdan görünür ki, Bewi manat pulum var; 20 aprel 2021-ci ildə saat 09:35-də +**********22 nömrədən +**********29 nömrəyə daxil olan mesajdan görünür ki, Olum aygvin altinda; 20 aprel 2021-ci ildə saat 09:37-də +**********22 nömrədən +**********29 nömrəyə daxil olan mesajdan görünür ki, Onu manat var; 20 aprel 2021-ci ildə saat 09:46-da +**********22 nömrədən +**********29 nömrəyə daxil olan mesajdan görünür ki, Gelim cox pisem axwam; 20 aprel 2021-ci ildə saat 13:04-də +**********22 nömrədən +**********29 nömrəyə daxil olan mesajdan görünür ki, Ozum hec yaxwi his e kimi mesajlar daxil olmuşdur. ***-***-**-** nömrə nömrəsinə daxil olan SMS mətnlərinə baxış zamanı: 01 fevral 2021-ci ildə saat 14:33-də +**********54 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, ELİWİM NOLDU CAN 1 İSTİYİREM 30 MANATDİ DUZ QOWDA NOOLAR BİR AZDAN OLUCEM DELİVERED; 02 fevral 2021-ci ildə saat 00:08-də +**********54 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, NOLDUN OMRUM; 05 fevral 2021-ci ildə saat 20:05-də +**********33 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Bir kelme soz dede qaqa aqriyiram axi men; 10 mart 2021-ci ildə saat 22:27-də +**********54 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Ayagimi vurub sindirib vasif 20 manatım var 5 manatliq suse 15 manatliqda mal getir tez; 30 mart 2021-ci ildə saat 19:21-də +**********14 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, ay eli sima cox pis agryır deyir harda galdı deyir gelmir sesi gotrub buralar men bir cavab yaz; 06 aprel 2021-ci ildə saat 02:02-də +**********92 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Menem sima 10 manat pulum var olem agridan 5 onan 5 bunnan lazimdi; 07 aprel 2021-ci ildə saat 14:15-də +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Nolar gelmde yanina; 08 aprel 2021-ci ildə saat 22:43-də +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Noldu agriyram; 09 aprel 2021-ci ildə saat 19:38-də +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Cox sagol; 18 aprel 2021-ci ildə saat 00:40-da +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Simadi ac teli; 19 aprel 2021-ci ildə saat 16:33-də +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Eli nolar gelimde berkı agriyram; 19 aprel 2021-ci ildə saat 16:46-da +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Bewi manat pulum var bir sozu de; 20 aprel 2021-ci ildə saat 09:35-də +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Olum aygvin altinda cox pisem gelimde; 20 aprel 2021-ci ildə saat 09:37-də +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, On manat var; 20 aprel 2021-ci ildə saat 09:46-da +**********29 nömrədən +**********22 nömrəyə daxil olan mesajdan görünür ki, Gelim cox pisem axwamnan olum kimi mesajlar daxil olmuşdur. "xxxx" MMCdən alınmış bir ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 109-117). Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli 2833 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 162-163). Məhkəmə-psixiatrik ekspertizasının 14 avqust 2021-ci il tarixli 1803 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər pisixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən zaman hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onda hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 165-166). İbtidai istintaq orqanının 10 sentyabr 2021-ci il tarixli və 13 oktyabr 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir bükümdə 1,002 qram psixotrop maddə metamfetamin, bir bükümdə 4,264 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, bir ədəd "Samsung Galaxy A31" markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 148, 167). Cinayət işində olan 07.10.2021-ci il tarixli 374 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ərazi üzrə nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 153-154). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 may 2021-ci il tarixli tələbnaməsindən görünür ki, həmin idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqə 87-88). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, saxlanılarkən üzərindən narkotik vasitə aşkar olunmadığını, polis işçiləri tərəfindən saxlanılaraq evinə aparıldığını, narkotik vasitələrin yaşadığı evin qarajından aşkar olunduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Bakı şəhəri, Yasamal rayonunda üzdən tanıdığı və adını bilmədiyi şəxsdən dəfələrlə narkotik vasitələr aldığını, məhkəmə iclasında verdiyi ifadəsində isə həmin şəxsin adının «Rəhim» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri dəfələrlə müxtəlif şəxslərə satması onun istifadəsində olmuş +994 50-621-13-40 və +994 70-811-39-22 mobil nömrələ daxil olan və çıxan çoxsaylı SMS mətnləri ilə bir daha öz təsdiqini tapır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli olan ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,214 qram çəkidə heroin və 0,952 qram çəkidə metamfetamin, eləcə də bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung Galaxy A31" markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalıdır. Həmçinin, 26 aprel 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 12-ci Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aparılmış videoçəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış iki ədəd disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 118 (yüz on səkkiz) manat 65 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 118 (yüz on səkkiz) manat 65 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2021-ci il tarixli 2833 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,214 qram çəkidə heroin və 0,952 qram çəkidə metamfetamin, eləcə də bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung Galaxy A31" markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. 26 aprel 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 12-ci Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aparılmış videoçəkiliş görüntülərinin əks olunduğu bir ədəd DVD disk, eləcə də "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış iki ədəd disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 118 (yüz on səkkiz) manat 65 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-279/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-279/2022
05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver