Məhkəmə qərarları › İş №1(101)-280/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-280/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-280/2021 16.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, müdafiəçi Bakı şəhəri, 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 16 » fevral 2021-ci il Bakı şəhərində xx.xx.1979-cu ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2012-ci ildən 2018-ci ilədək rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs ilə 2020-ci ilin mart ayının ortalarında sonuncuya məxsus ünvan 3 saylı ünvanda cinsi əlaqədə olan zaman həmin prosesi telefonun videokamerası vasitəsi ilə çəkib, daha sonra həmin video görüntüləri Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona göndərərək eyni görüntüləri sonuncunun ailə üzvlərinə göstərəcəyi, haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayının sonlarından 2020-ci ilin may ayının əvvəllərinə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2929-cu məhəllədə yerləşən “xxxx” ASC-də vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya evli olan zaman verdiyi lombarda qoyulan və 2000 manat qiymətləndirilən qızıl məmulatlarının əvəzinə 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini tələb edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə təhvil verilən qızıllardan qalan 200 (iki yüz) manatı tələb etmiş və xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi 1 ünvanında yerləşən "Bəylik" hamamının qarşısında olarkən polis əməkdaşları tərəfindən yaxalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. 2018-ci il tarixdə aralarında yaranmış fikir ayrılıqlarına görə onlar Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə boşanmışlar.Onlar Nuranə ilə boşandıqdan 1 il sonra aralarında yenidən ünsiyyət yaranmış və onunla zəngləşib Nuranə ilə görüşəndə Nuranəyə məxsus Naxımov küçəsində yerləşən evində cinsi əlaqədə olurmuş. Son zamanlar maddi vəziyyəti ilə əlaqədar yaranmış çətinliyə görə o, Nuranə ilə razılaşıb ona verdiyi qızılları yəni 1 ədəd qızıl sepi, 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd bilərziyi lombarda təhvil verib əvəzində 2000 manat pul almışlar. Həmin puldan 1800 manatı Nuranə ona vermişdir. xx xxx 2020-ci il tarixdə Nuranəyə zəng edib qalan 200 manatı tələb etmişdir. Nuranə səhəri gün pulu verməyə söz vermişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 17-18 radələrində Ukrayna dairəsinin yaxınlığında yerləşən "Bəylik" Hamamının qarşısında təyin olunan görüşə Nuranədən qalan 200 manat pul almaq istəyən zaman polis əməkdaşları onu yaxalayaraq 35-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur.2018-ci ildə aralarında yaranmış fikir ayrılıqlarına görə Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq boşanmışlar.Onlar Razim ilə boşandıqdan sonra yenidən görüşmüşlər. O, Razim ilə yaşadığı Xətai rayonu, Naxımov küçəsi 13m saylı ünvanda görüşən zaman könüllü razılıq əsasında cinsi əlaqədə olmuşdur.Təxminən 2020ci ilin mart ayının ortalarında Razim onların cinsi əlaqədə olduqları görüntüləri ailə üzvlərinə göndərəcəyi ilə onu hədələmiş,həmin görüntüləri onun telefonuna göndərmiş və evli olan vaxtı verdiyi qızılları geri tələb etmişdir.Onlar razılaşaraq həmin qızıl məmulatlarını yəni 1 ədəd qızıl sepi, 1 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd bilərziyi lombarda təhvil verib 2000 manat almışlar. Həmin puldan 1800 manatı o,Razimə vermişdir. xx xxx 2020-ci il tarixdə Razim yenidən onunla əlaqə saxlayaraq qalan 200 manat pulu istəmişdir. O, Razimin ona gəldiyi hədə qorxulardan bezərək və Razimə verməyə pulu qalmadığından məcbur olaraq xx xxx 2020-ci il tarixdə 35-ci Polis Bölməsinə müraciət etmiş, Razimə zəng edərək xx xxx 2020-ci il tarixdə saat 17-də Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında Neapol küçəsində yerləşən "Bəylik" hamamının qarşısında görüşməyi təklif etmişdir. xx xxx 2020-ci il tarixdə 17 radələrində qeyd edilən ünvanda yerləşən "Bəylik" hamamının qarşısında Razimi yaxalayaraq Polis Bölməsinə dəvət etmişlər.İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı hirsli olduğuna görə Razimin ondan 2400 manat tələb etdiyini səhvən demiş,sonuncunun qohumları ona 1800 manatı qaytarmış və o, bu barədə müstəntiqə ərizə yazıb vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 35-ci PB-nə ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs aralarında olan intim münasibəti videoçəkilişə aldığını və həmin videoçəkiliş ilə ona hədə-qorxu gələrək 1800 manat pul aldığını Təqsirləndirilən şəxs 1800 manat pul verdikdən sonuncunun ondan 200 manatı xx xxx 2020-ci il tarixdə saat 17 radələrində Xətai rayonu, "Bəylik" Hamamının qarşısında ona verməli olduğunu bildirmişdir.Bununla bağlı o, Polis Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis leytenantı Şahid3lə birlikdə həmin tarixdə saat 17 radələrində Xətai rayonu "Bəylik" hamamının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs aşkar edərək Polis Bölməsinə dəvət etmişlər.Polis Bölməsində Təqsirləndirilən şəxs izahatı alınmış və sonuncu barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün materiallar İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Sahib oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Hadisə barədə o Razim həbs olunandan sonra bilmişdir. Anası ondan xahiş etmişdir ki, gedib cinayət işini aparan müstəntiqlə danışıb və Zərərçəkmiş şəxs xalası oğlundan tələb etdiyi 1800 manat pulu versin. O, Xətai Rayon polis şöbəsinə getmiş və orada cinayət işini aparan müstəntiq Həsənbəy Şirinovun yanında Zərərçəkmiş şəxs 1800 manat pul vermişdir. Nuranə də razılaşmışdır ki, şikayətini geri götürəcək. Müstəntiq ona demişdir ki, xalası oğlu Razim guya keçmiş həyat yoldaşını şantaj etdiyi üçün onun şikayəti əsasında tutulub. Pul ödəndiyi üçün Zərərçəkmiş şəxs şikayətini geri götürəcək. Cinayət işinə əlavə edilmiş xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Alıyeva X4 Razimlə cinsi əlaqədə olduğu görüntüləri və onunla olan telefon danışıqları istintaqa təqdim etmiş və həmin təqdim olunmuş diskə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş,disklər cinayət işinə əlavə edilmişdir.(vərəqə 51-55) Məhkəmə-fonoskopik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4/453 saylı rəyindən görünür ki: ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir; - Fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur; - Fonoqramlardakı danışıqlarda iştirak edən K1 və Q1 diktorlarının emosional psixoloji vəziyyətlərində nisbi ekstremallıq müşahidə olunmur, danışıqlarda fiziki təsir əlamətləri qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkəmədə tədqiq edilən sübutlardan görünür ki, Təqsirləndirilən şəxs sabiq arvadı Zərərçəkmiş şəxs evli olan vaxtı bağışladığı qızıl məmulatları hədə qorxu gələrək tələb etmiş və onlar qarşılıqlı razılaşmaya əsasən həmin əşyaları lombarda təhvil verərək 2000 manat götürmüşlər.Həmin puldan 1800 manatı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vermişdir.Təqsirləndirilən şəxs həmin puldan qalan 200 manatı tələb etdikdə Zərərçəkmiş şəxs polisə şikayət ərizəsi ilə müraciət etmişdir.İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs elan edilən ittihamda həmin pulları vahid niyyətlə əhatə olunan qəsdlə tələb etdiyini qeyd etdiyi halda onun həmin puldan qalan 200 manatı tələb etdiyini əməlin təkrar törədilən cinayət kimi qiymətləndirib və buna görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində təkrarlıq əlaməti yoxdur və buna görə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarını nəzərə alır. Həmin qərarda göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduqları görüntüləri onun çəkmədiyi və Zərərçəkmiş şəxs göndərmədiyi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. İş üzrə maddi sübut-02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 300 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut-02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 300 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar