Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-280/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Məcidov X18 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nərimankənd kəndində pasport qeydiyyatında olan və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,035 qram çəkidə kustar üsulla hazırlanmış natkotik vasitə heroin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 29 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada saat 22:15-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd sellofan bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,018 qram, 1,103 qram, 0,914 qram ümumi təmiz çəkisi 3,035 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroinin istifadəçisidir. 29 iyul 2021-ci il tarixdə saat 16-17 radələrində ünvan 1 ünvanın həyətinə polis əməkdaşları daxil olmuşlar və özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri kimi təqdim etmişlər. Bundan sonra onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək, özləri ilə baş idarəyə aparmışlar. Orada 3 büküm narkotik vasitə heroin gətirib ona məxsus olmasını və videoçəkiliş zamanı etiraf etməsini tələb etmişlər. O, polis əməkdaşlarının dediklərinə öz etirazını bildirdikdə, ona işgəncə verərək döyməyə başlamışlar. O, işgəncələrə dözməyib deyilənlərin hamısını boynuna götürmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, cinayət işi materiallarında mövcud olan istintaq hərəkəti protokolları, müvafiq ekspertiza rəyləri və digər sənədələrlə tam öz təsdiqini tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Ona görədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün 29 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü müşayiətləri altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi-vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması üçün şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilməklə, şəxsi axtarış və götürmənin video çəkiliş aparılacağı Təqsirləndirilən şəxs bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin 03 ədəd bükümlərin içərisində narkotik vasitə olan heroin vardır. Həmin 03 bükümdə olan heroini həmin gün, günorta saatlarında yaşadığı ünvanın yaxınlığında yerdən tapmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, şahid X1 ifadəsində uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3 il bundan qabaq atası Şahid4 onun üçün öz adına mobil telefon nömrəsi almağını xahiş etmişdir. Çünki mobil telefon nömrəsi almaq üçün alan şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Atasının isə şəxsiyyət vəsiqəsi yoxdur. Ona görədə o, “Bakcell”- dən öz adına olan şəxsiyyət vəsiqəsini təqdim etməklə 099 ilə başlayan lakin digər rəqəmləri yadında qalmayan mobil telefon nömrəsini alaraq istifadə etməsi üçün atası Şahid4 vermişdir. O da özündə olan səhv etmirsə “Samsung” markalı mobil telefona həmin mobil telefonu taxaraq işlətmişdir. Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxslə münasibəti yoxdur. Atası Şahid4 öz istifadəsində olan “Samsung” markalı mobil telefonu nömrəsi ilə birlikdə Təqsirləndirilən şəxs satmışdır. Həmin mobil nömrə onun istifadəsində olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdi ki, o, nasosxanadan verilən suyu məhəllələrə vurmaqla məşğuldur. Hadisə günü də su vuran zaman Rasimgilin çənlərindən su axdığını görmüş, buna görə də Rasimin anası Minayəni səsləmişdir. Səsinə cavab verən olmadığını görüb həyətə daxil olduqda həyətdə görmüşdür ki, Təqsirləndirilən şəxs və Anarı 4-5 nəfər polis əməkdaşı qandallayıb çölə çıxarırlar. Hətta polislərdən biri də onu tutub maşına otuzdurmaq istəmiş və o, bildirmişdir ki, məhəllədə su işinə baxır, sonra onu buraxmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdi ki, o, Təqsirləndirilən şəxs ailəsinə məxsus evdə kirayədə yaşayır, özü isə servisdə rəngsaz işləyir. Məlum hadisə baş verən günü Rasimin anası ona zəng vurub kirayə pulunu istəmiş və o bildirmişdir ki, pulu yoxdur. Bir azdan Rasim zəng vurub bacısıgildə olduğunu söyləmiş və o, bildirmişdir ki, axşam işdən çıxandan sonra pulu ona çatdıracaq. Axşam evə gedəndə Rasim orada olmamışdır. Bacısından soruşarkən, Rasimin aşağı düşdüyünü bildirmişdir. Daha sonra küçədə Rasimi apardıqlarını görmüşdür. Evə girərkən evin dağıdılmış vəziyyətdə olduğunu görmüş və bu barədə zəng edib Rasimin qardaşına məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 3 il bundan qabaq oğlu Şahid3 onun üçün Etibarın öz adına mobil telefon nömrəsi almağını xahiş etmişdir. Çünki mobil telefon nömrəsi almaq üçün alan şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Onun isə şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsini 1996-cı ildə itirdikdən sonra yenisini almamışdır. Ona görədə oğlu Etibar “Bakcell”-dən öz adma olan şəxsiyyət vəsiqəsini təqdim etməklə ***-***-**-** saylı mobil telefon nömrəsi alaraq istifadə etməsi üçün ona vermişdir. O da özündə olan “Samsung” markalı mobil telefona həmin mobil telefonu taxaraq işlətmişdir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun yaşadığı məhəllədən sonrakı məhəllədə yaşayır. Oğlu Etibar ona həmin ***-***-**-** saylı mobil nömrəni aldıqdan sonra o, həmin nömrəni özündə olan “Samsung” markalı mobil telefona salaraq, bir müddət işlətmişdir. Ancaq sonrakı müddətdə pula ehtiyacı olduğundan həmin “Samsung” markalı mobil telefonu Təqsirləndirilən şəxs satmışdır. Telefonu Rasimə satarkən içərisində olan ***-***-**-** saylı mobil nömrəni də telefon ilə birlikdə vermişdir. İşdə olan 29 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəxsi axtarış və götürmə zamanı 03 sellofan bükümdə narkotik vasitəyə- heroinə oxşar maddə aşkar olunaraq, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən verilmiş məhkəmə - kimyəvi ekspertizasının 30 iyul 2021-ci il tarixli 6/3189 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6» dairəvi möhrü əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,018 qram, 1,103 qram, 0,914 qram ümumi təmiz çəkisi 3,035 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə görə bir- biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd:-heroinin ümumi çəkisi - 3,035 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq 2,885 qramdır. Odur ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə aşkar olunaraq götürülmüş, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi 3,035 qram hesablanması, aparılmış məhkəmə-kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,15 qram nəzərə alınmaqla qalıq-2,885 qram heroinin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi hesablanması və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə verilməsi barədə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X7 02 avqust 2021-ci il tarixli maddi sübut hesab edilməsi barədə qərar öz qüvvəsində saxlanılmalı, maddi sübutların Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji X15 şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 11.09.2021-ci il tarixli 3376 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-psixiatrik ekspertiza mərkəzi” Publik Hüquqi şəxsindən verilmiş 11.09.2021-ci il tarixli 2109 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şahidlər X12 və X5 ifadələrinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, həmin şahidlərdən biri təqsirləndirilən şəxsin qonşusu, digəri isə təqsirləndirilən şəxsin evində kirayədə yaşayan şəxs olduqlarından, ifadə verərkən Təqsirləndirilən şəxs küçədən deyil onu evdən aparmalırını bildirməklə onun məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Eyni zamanda şahid X12 ifadəsində göstrdi ki, o həyətə daxil olub Rasimin bacısı evinə gələrək Rasimi soruşduqda bacısı Rasimin az vaxt əvvəl evdən çıxdığını bildirdiyni və özü də həyətə düşərkən küçədə Rasimi apardıqlarını görmüşdür. Burdan da belə başa düşmək olar ki, Təqsirləndirilən şəxs məhz polis əməkdaşları tərəfindən küçədə saxlanılmışdır. Sadəcə olaraq şahid Samin Yusifov evə qayıdıb gələrkən evin dağınıq vəziyətdə olduğunu bildirməkdə Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsinin düzgün ifadə kimi nəzərə alınması üçün, onun məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Odur ki, məhkəmə hər iki şahidin ifadələrinə hüquqi qiymət verərək onları inandırıcı hesab etmir və həmin ifadələrə tənqidi yanaşır. Eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirirərək şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilmiş narkotik vasitə-heroini satış məqsədi ilə əldə etmədiyini, şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Həmin xüsusat işdə olan sənədlərlə təkzib edildiyindən onun məsuliyyətdən yaxa qurtarmağa cəht etməsi və özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilir. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,885 qram narkotik vasitə heroin məhv edilməlidir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd CD diski və "xxxx" MMC-dən əldə olunmuş telefon məlumatlarını özündə əks etdirən 01 ədəd CD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (altış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,885 qram narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişi özündə əks etdirən 01 ədəd CD diski və "xxxx" MMC-dən əldə olunmuş telefon məlumatlarını özündə əks etdirən 01 ədəd CD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (altış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-280/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-280/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver