Məhkəmə qərarları › İş №1(101)-281/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-281/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-281/2022 15.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1 və X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1, həmin şöbənin prokuroru X6, müdafiəçi: Bakı şəhər 13 Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,543 qram, 0,521 qram, 0,452 qram, 0,210 qram və 0,160 qram olmaqla ümumi təmiz çəkisi 2,369 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,580 qram və 0,471 qram olmaqla, ümumi təmiz çəkisi 1,051 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin əldə edib üstündə daşımaqla qanunsuz saxlamış, bu barədə Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanda saxlanılıb, 23 iyun 2021-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu 35-ci Polis Bölməsinə gətirilərək şəxsi axtarışı aparılan zaman, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 06 ədəd bükümdə ümumi təmiz çəkisi 2,369 qram narkotik vasitə heroin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,051 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayında ölkə ərazisində yayılmış “COVİD 19” pandemiyası ilə əlaqəli işlədiyi şirkət fəaliyyətini dayandırmış, həmin vaxtdan heç bir yerdə işləməmiş, işsizliyi ərəfəsində yaranmış boşluq səbəbindən narkotik vasitələrin istifadəsinə başlamışdır. İlk vaxtlarda narkotik vasitənin qurudulmuş marixuana növündən istifadəyə başlamış, sonrakı vaxtalarda isə narkotik vaistənin daha ağır təsir qüvvəsinə malik heroin və metamfetamin qəbul etmişdir. Narkotik vasitələrdən suiistifadəsi nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, bu xəstəlikdən əziyyət çəkmiş, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olmuş, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkmişdir. Narkotik vasitələri o, əsasən müxtəlif internet saytlarında tanış olduğu özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim etmiş tanımadığı şəxslərdən almışdır. Belə ki, o tanış olduğu özünü İİR vətəndaşı kimi təqdim edən şəxsin verdiyi kart hesabına “Pay Pal” və ya "Mİlliön” aparatları vasitəsi ilə müəyyən məbləğdə pul göndərmiş, bundan sonra həmin şəxs ona göndərilmiş pul müqabilində narkotik vasitələrin müxtəlif ünvanlara qoyulmasını həll etmiş, bu barədə ona ətraflı məlumat verdikən sonra o deyilən ünvana getmiş, orada qoyulmuş narkotik vasitələri götürməklə istifadə etmişdir. Bu minvalla 22 iyun 2021-ci il tarixdə “dep web” internet saytı ilə Respublika ərazisində narkotik vasitələrin alqı-satqısını həyata keçirən tanımadığı İran İslam Respublikası vətəndaşı olduğu deyilən şəxsin “skype” adresini əldə etmiş, internet üzərindən onunla əlaqə saxlayaraq ondan istifadə üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir Həmin şəxs heroin və metamfetaminin 01 bükümünü 7.50 manatdan satdığını demiş, həmin narkotik vasitləri almaq istədiyi təqdirdə onun kart hesabına “Pay Pal” vasitəsi ilə pul gödərməli olduğunu bildirmişdir Həmin vaxt özündə 60 manat pul olduğu üçün ona 06 ədəd bükümdə heroin və 02 ədəd bükümdə matemfetamin sifariş vermiş, həmin şəxs ona kart hesabının nömrəsini vermiş, pulu həmin hesaba göndərməsini, pul hesabına oturduqdan sonra həmin narkotik vasitələr və psixotrop maddələri Bakı şəhəri ərazisində müəyyən yerə qoyulacağını və bu barədə ona məlumat veriləcəyini bildirmişdir. 23.06.2021-ci il tarixdə saat təxminən 20 radələrində o, “Pay Pal” terminalı vasitəsi ilə ona verilən hesab nömrəsinə 60 manat pul göndərmiş, pulu göndərdikdən təxminən bir saat sonra internet üzərindən həmin şəxslə təkrar əlaqə saxladığında, o narkotik vasitələrin NZS-dəki K.Kərimov küçəsində yol kənarındakı kolluq sahəyə siqaret qutusu içərisində qoyulduğunu demiş, həmin yerin fotoşəkilini ona nümayiş etdirmişdir. Həmin gün axşam saatlarında idarə etdiyi “Hundai Sonata” markalı 99SB579 dövlət qeydiyyat nişanlı avtomobillə deyilən əraziyə gedib, baxış keçirdikdə kolluq sahədə 01 ədəd siqaret qutusu aşkar etmiş, qutunu açıb, içərisinə nəzər yetirdikdə, bağlamanın içərisində həqiqətən də sifariş verdiyi 06 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu aşkar etmiş və onları götürərək yaşadığı ev istiqamətdə gəlmiş, yolda susamış olduğu üçün, avtomobili Neapol dairəsi yaxınlığındakı “Səbət” marketin qarşısında saxlayıb avtomobildən düşmüşdür. Həmin vaxt saat 23 radələri olmuş, marketə dorğu bir neçə addım atdıqda bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu etmiş, o özünü təqdim etdikdən sonra, polis əməkdaşları onun barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onu Xətai Rayon Polis İdarəsinə dəvət etmiş, o da polis əməkdaşlarının müşayiəti ilə idarə etdiyi avtomobillə İdarəyə gəlmişdir. Xidməti otaqda polis əməkdaşları ilk əvvəl üzərində olan mobil telefonu və “Hundai Sonata” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə aid açarları götürmüş, ardınca isə üstündə qadağan olunmuş əşya olub-olmaması barədə sorğu etmiş, o üzərində 06 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu etiraf edib həmin bükümləri polis əməkdaşlarına təqdim etmək istəmiş, lakin polis əməkdaşları bundan imtina etmiş, şəxsi axtarışın aparılacağı zaman həmin bükümləri təqdim etməli olacağını demişlər. Bundan sonra polis əməkdaşları narkotik vasitələri haradan və kimdən ədlə etməyilə bağlı onu sorğu-sual etməyə başlamış, o da baş verənləri olduğu kimi demişdir. Polis əməkdaşları ona inanmadıqlarını deyib külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin anket məlumatları barədə sorğu etmiş, o isə təkrarən bu barədə hər hansı məlumatının olmadığını dedikdə, polis əməkdaşları onların təklifəri ilə razılaşmayacağı təqdirdə, boynuna əlavə olaraq təxminən 10 kq narkotik vasitə marixuana qoyacaqlarını demiş, buna baxmayaraq, o narkotacirləri tanımadığı üçün, polis əməkdaşlarının təklifindən imtina etmiş, belə olan halda, polis əməkdaşları avtomobilinə 10 kq narkotik vasitə marixuana qoyulacağını, onun da həmin narkotik vasitənin özünə aid olmasını etiraf etməli olacağını bildirmiş, bunu etmədiyi tədqirdə narkotik vasitlərin satışını həyata keçirməklə bağlı üzünə adam qoyacaqlarını, habelə tanışlarını narkotik vasitələrlə yükləyib həbsə alacaqlarını demişdir. Polis tərəfindən ilk dəfə tutulduğundan onların bu sözlərini həqiqət kimi qəbul edib qorxaraq təklifləri ilə razılaşmış, bunda sonra polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə üstünə və avomobilinə baxış keçiriləcəyini demiş, baxış zamanı guya narkotik vasitələri NZS qəsəbəsindən deyil, “Flaminqo” restoranının yaxınlığındakı qəbirstanlıq ərazidən götürməsi, habelə həmin narkotik vasitələri götürdüyü zaman təsadüfən yaxınlıqda qara rəngli sellofan torba aşkar etməsi və torbaya baxan zaman orada narkotik vasitə marixuana olduğunu aşkar edib həmin marixuananı da götürməklə avtomobilinin yük yerinə qoyması barədə ifadə verməli olduğunu demişlər. Bundan sonra polis əməkdaşları onun mobil telefonunu və avtomobilinin açarlarını özlərində saxlamaqla onu Xətai RPİ-nin 37-ci PB-nə gətirmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deib vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması barədə sorğu etmiş, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Həmin zaman o əynindəki boz rənglli şalvarın sağ yan cibindəki 1 ədəd siqaret qutusunu polis əməkdaşlarına təqdim edib qutuda 06 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə isə psixotorop maddə metamfetamin olduğunu demiş, həmin narkotik vasitələr və psixatrop maddəni məhz özünün istifadəsi üçün internet üzərindən X8 vətəndaşından aldığını bildirmiş, polis əməkdaşları onlara təqdim etdiyi siqaret qutusundakı bükümlərin içərisinə baxış keçirdikdən sonra, həmin bükümləri elektron tərəzidə ölçərək qablaşdırmaqla götürmüşlər. Daha sonra o, polis əməkdaşlarının əvvəlcədən qurduqları ssenari əsasında davaranmış, idarə etdiyi avtomobilin yük hissəsində narkotik vasitə marixuana saxladığını, həmin narkotik vasitələri də təqdim edə biləcəyini demiş, bundan sonra müdafiəçi və polis əməkdaşları iiə birgə bölmənin həyətinə gətirilmiş “Hundai Sonata” markalı 99SB579 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı o əvvəlcədən avtomobilin yük hissəsinə qoyulmuş 04 ədəd üzəri skotçlanmış qara rəngli sellofan bağlamaları polis əməkdaşlarına təqdim edib, həmin bağlamaların içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitələri özü üçün sifariş verdiyi narkotik vasitələri deyilən ünvandan götürməyə getdiyi zaman, yaxınlıqda təsadüfən aşkar etdiyini demişdir. Polis əməkdaşları təqdim etdiyi bağlamaların içərisinə baxış keçirdikdən sonra, həmin bağlamaları tərəzi vasitəsi ölçüb çəkilərini müəyyən edərək qablaşdırıb götürmüş, bundan sonra keçirilən baxışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmüş, o özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkilidir. 23 iyun 2021-ci il tarixdə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumat yoxlanması üçün idarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin bölmənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin gün saat 03 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanda yeləşən “Səbət” adlı marketin yaxınlığına gəlmiş, qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, marketin qarşısına “Hundai Sonata” markalı 99SB579 dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşaraq dayandığını müşahidə etmiş, həmin zaman Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasından düşüb market istiqamətdə hərəkətə başladığını gördükdə, dərhal onu saxlayaraq xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin NMB-nin əməkdaşları olduğlarını, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi barədə məlumat daxil olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu yaxınlıqdakı Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişdir. Bölmədə Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin itirakı ilə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı izah edilmiş sonra da Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, şəxsi axtarışı aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rənglli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu təqdim edərək, qutuda 06 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitələr və psixotrop maddəni özünün istifadəsi üçün internet üzərindən tanımadığı X9 vətəndaşından aldığını bildirmiş, ardınca Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa heç bir qeyri qanuni əşya aşkar edilməmişdir.Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümləri açıb, həmin bükümün içərisinə baxdıqda bükümlərdən 06 ədədinin içərisində spesefik iyli, narkotik maddə hesab olunan heroinə oxşar toz şəkilli kütlənin, bükümlərdən 02 ədədinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristailik kütlənin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə və ya nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya və ya predmet olub- olmaması barədə sorğu edilmiş, o, yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya olmadığını, lakin idarə etdiyi nəqliyyat vasitəsində olduğunu deyərək bildirmişdir ki, üstündən aşkar edilmiş narkotik vasitələri Nizami rayonundakı “Flaminqo” restoranın yaxınlığında yerləşən qəbirstanlıq ərazidən götürərkən həmin yerdən təxminən 10 metr məsafədə qara rəngli sellofan bağlama aşkar edib bağlamanı açdıqda içərisindən narkotik vasitə marixuana iyinin gəlidyini hiss etmiş, bu səbəbdən həmin torbanı götürüb avtomobilinin yük yerinə atmış, həmin bağlamanı da könüllü olaraq təqdim edə biləcəyini bildirmişmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmış, möhürlənmiş, daha sonra bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarışı bitdikdən sonra, idarə etdiyi “Hundai Sonata” markalı 99SB579 dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirdiyindən, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişdən istifadə edilməklə "Hundai Sonata” markalı 99SB579 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək avtomobilin yük yerindən içərisində 04 ədəd qara rəngli sellofan bağlama olan 01 ədəd qara rəngli torba aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin 04 ədəd qara rəngli sellofan bağlamalarda narkotik vasitə marixuana olduğunu, həmin sellofanları üstündən aşkar edilərək götürülmüş narkotik vasitələri Nizami rayonundakı “Flaminqo” restoranın yaxınlığında yerləşən qəbirstanlıq ərazidən götürdüyü zaman təsadüfən aşkar etdiyini, bağlamaları açıb içərisinə nəzər yetirdikdə orada narkotik vasitə marixuana olduğunu görüb, 01 ədəd qara rəngli torba içərisində olan bağlamaları götürərək, gələcəkdə istifadə etməsi üçün idarə etdiyi avtomobilin yük yerinə qoyduğunu bildirmiş, ardınca Təqsirləndirilən şəxs darə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 04 ədəd bağlamalar tərəzi vasitəsi ilə çəkilərək, möhürləniş və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 cinayət işinin 113-116-cı vərəqlərində olan, məhkəmədə araşdırılan ifadəsindən görünür ki, o da Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 30-32-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə, saat 03 radələrində ünvan 3 ünvanda yerləşən “Səbət” marketin yaxınlığında saxlanılıb Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətirilərək şəxsi axtarışı aparılan zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli, spesefik iyli, narkotik vasitə heroinə bənzər maddə olan 04 ədəd büküm və içərisində ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olan 02 ədəd büküm edilərək götürülmüşdür. Cinayət işinin 46-52-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli, 6/2547 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən ..." sözləri olan zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,483 qram, 0,543 qram, 0,521 qram, 0,452 qram, 0,210 qram, 0,160 qram, ümumi təmiz çəkisi 2,369 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,580 qram, 0,471 qram, ümumi təmiz çəkisi 1,051 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Cinayət işinin 82-83-cü vərəqində olan “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışını aparması, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusundakı 06 ədəd bükümü təqdim etməsi, həmin bükümlərdən 06 ədədinin içərisində narkotik vasitə heroin, 02 ədədinin içərisində isə psixotorop maddə metamfetamin olmasını deməsi, təqdim etdiyi narkotik vasitələr və psixotrop maddəni özünün istifadəsi üçün internet üzərindən tanımadığı X9 vətəndaşından aldığını bildirməsi müəyyən edilmişdir. Cinayət işinin 135-136-cı vərəqlərində olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə kartlarına dair məlumatları əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilərək ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi, 22 iyun 2021-ci il tarixdə saat 22:20-dən saat 23:03-dək olan müddət ərzində mobil nömrənin anten dairəsi ünvan 6 ünvanını, həmin gün 23:23-dən etibarən isə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi"/ Xətai ünvanını əhatə etməsi müəyyən edilmişdir. Baxış zamanı həmçinin ***-***-**-** saylı mobil nömrə kartına cinayət işi üzrə əhəmiyyəti kəsb edəcək SMS mətnlərinin daxil olması və çıxması müəyyən edilmişdir ki, həmin mətnlərdə təqsirləndirilən şəxsin müxtəlif şəxslərlə narkotik vasitələr və psixotrop maddələrin alınıb satılmasından bəhs edilir. Cinayət işinin 137-138-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 01.07.2021-ci il tarixli, 2115 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri, mobil telefonunda olan sms mətnləri və hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməklə daşımasından ibarət olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, o, bu maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 20 və 95-98-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 132-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 162-165-ci vərəqlərində olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladları-15.12.2018-ci il təvəllüdlü X2, 03.06.2011-ci il təvəllüdlü X3 və 17.04.2009-cu il təvəllüdlü X5 var. Himayəsində üç nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması CMnin 59.1.4 və 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 23 iyun 2021-ci ildən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 01.07.2021-ci il tarixli, 2115 nömrəli rəyinə müvafiq olaraq CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 160,64 (bir yüz altmış manat altmış dörd qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – Bakı Şəhər Xətai Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 2,249 qram narkotik vasitə heroin, 0,951 qram psixotrop maddə metamfetamin, CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 03 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-49,351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 23 iyun 2021-ci il tarixdən hesablansın, ona narkomaniydan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən 160,64 (bir yüz altmış manat altmış dörd qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – Bakı Şəhər Xətai Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkiləri müvafiq olaraq 2,249 qram narkotik vasitə heroin, 0,951 qram psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar