Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-282/2020 05.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi x3 iştirakı ilə, 18 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə 55 C, mənzil 74-də qeydiyyatda olan, həmin ünvanda yaşamış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs maddi cəhətdən imkanlı şəxs olaraq xarici ölkədən mebel və digər məişət avadanlığı almaq istədiyini bildikdənsonra onun etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs Çin Xalq Respublikasından mebel və digər məişət avadanlıqlarını alıb göndərə biləcəyinə dair yalan vəd verib inandıraraq aldatmaqla ondan 13 may 2016-ci il tarixdə Çin Xalq Respublikasının Quancou şəhərində ilkin olaraq 20.000 ABŞ dolları pulu, təkrarən 2016-cı ilin yay aylarında Zərərçəkmiş şəxs Şahid3 vasitəsi ilə hissə-hissə göndərdiyi cəmi 129.600 ABŞ dolları pulu, təkrarən 2016-cı ilin oktyabr ayında isə Bakı şəhəri, Yasamal rayonu, “Füzuli” meydanı yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsən görüşərək ondan 30.000 ABŞ dolları məbləğində pulu, ümumilikdə həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 294.597,88 manat təşkil edən 179.600 ABŞ dolları məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xarici dilləri mükəmməl bildiyi üçün 2006-cı ildən iş axtarmaq məqsədi ilə x8 Respublikasının Quancou şəhərinə getmiş və orada kirayə ev götürüb fərdi fəaliyyətlə məşğul olmağa başlamışdır. Belə ki, Azərbaycanda yaşayan tanışlarına Çində olan hər hansı məhsul lazım olduqda onlara həmin məhsulu alıb göndərmiş və xərclədiyi pul vəsaitindən əlavə olaraq ona 10 faiz iş haqqı ödənilmişdir. Təxminən 2016-cı ilin may ayında əvvəllər iş gördüyü Həbib adlı şəxs ona zəng edib yanında Vitaliy adlı tanışının olduğunu və onun Çindən ev və məişət avadanlıqları almaq istədiyini bildirib ona köməklik edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O da Vitaliyə köməklik edə biləcəyini deyib almaq istədiyi malları seçmək üçün onları Çinin Quancou şəhərinə dəvət etmişdir. Təxminən 2 may 2016-cı il tarixdə Həbib və Vitaliy onun yanına gəlmiş və onlar birlikdə Quancou şəhərinin məişət və mebel avadanlıqları satılan dükanlarına getmişlər. Orada Vitaliy almaq istədiyi malları bəyənmiş, hesablama zamanı Vitaliyin almaq istədiyi malların dəyəri təxminən 140.000-150.000 ABŞ dolları olmuşdur. O, Vitaliyə demişdir ki, aldığı malın dəyərinin 10 faizi, yəni 20.000 ABŞ dolları pulu ona ödəməlidir. Bundan başqa həmin pulun 7.000 ABŞ dollarını malların saxlanılmasına və göndərilməsinə ödəməli olduğunu Vitaliyə dedikdə o, razılaşmışdır. Həmin mallar anbarda mövcud olmadığından Vitaliyə malların pulunu ona tam ödədikdən 1 ay ərzində sifariş verdiyi malları göndərə biləcəyini demişdir. Vitaliy də razılaşıb seçdiyi malların pulundan 20.000 ABŞ dollarını Quancou şəhərində ona vermiş və sonra Vitaliy Bakı şəhərinə qayıtmışdır. Təxminən 1 ay sonra mağazalara pul ödəmək lazım olduğundan o, Çin nömrəsindən internet vasitəsi ilə Vitaliyə zəng edib malların hazır olduğunu, malların və onun xərclərini göndərməsini xahiş etmişdir. Vitaliy hansı vasitə ilə göndərəcəyini soruşduqda pulları dostu Mahirə verməsini ona demişdir. Bundan sonra təxminən 2016-cı ilin yay aylarında Vitaliy birinci dəfə 39.600 ABŞ dolları, bir neçə gündən sonra isə 90.000 ABŞ dolları pulu Mahirin vasitəsi ilə ona göndərmişdir. O, həmin pulları götürdükdən sonra Vitaliyə bu barədə bildirmişdir. Bundan sonra o, Vitaliyə malları 3 dəfəyə göndərəcəyini deyib 23.000 ABŞ dolları dəyərində malları ona göndərmiş, lakin mebel avadanlıqlarının hazılanması yubanmışdır. 2016-cı ilin sentyabr ayında o, Vitaliyə zəng edib 30.000 ABŞ dolları pul lazım olduğunu dedikdə o, həmin pulu hazırlayıb ona məlumat verəcəyini demişdir. Həmin ilin sentyabr ayında o, Bakı şəhərində olan zaman Vitaliy ilə “Füzuli” meydanının yaxınlığında görüşüb ondan 30.000 ABŞ dolları pul almış və bir həftəyə malları göndərəcəyinə söz vermişdir. Sonra da yenə Quancou şəhərinə gedərək orada internet qurğularının hazırlanmasının gəlirli iş olduğunu görüb Vitaliyin ona mebel almaq üçün verdiyi pulu mebel almaq əvəzinə həmin işə qoymaq üçün Çin Xalq Respublikasının vətəndaşına vermiş, həmin şəxs də bir neçə gündən sonra işin baş tutmadığı üçün pulun batdığını demişdir. Lakin bu barədə Vitaliyə deyə bilmədiyi üçün utandığından telefonları söndürmüşdür. Mebel fabrikinin müdiri Xe-Yan ilə Vitaliyi o tanış etmişdir. O, Vitaliydən ümumilikdə 179.600 ABŞ dolları pul almış, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin aprel ayında mebel dəsti almaq qərarına gəldikdən sonra Həbib adlı memarla tanış olub ondan istifadə etdiyi avadanlıqları və mebelləri haradan almasını soruşmuşdur. Həbib ona Çin Xalq Respublikasının Quancou şəhərində Ayaz adlı şəxsin həmin işlə məşğul olduğunu demişdir. O da Həbibdən Ayazla onu tanış etməsini xahiş etmişdir. Onun xahişinə əsasən Həbib Ayazla telefon əlaqəsi yaradaraq onun istəklərini ona bildirmiş və Ayaz ucuz qiymətə keyfiyyətli mebel avadanlıqlarının alınmasında köməklik edə biləcəyini deyərək onları Quancou şəhərinə dəvət etmişdir. Bundan sonra o, Həbiblə birlikdə 2016-cı ilin may ayının təxminən 2-də Quancou şəhərinə getmişlər. Orada o, Ayazla görüşüb tanış olduqdan sonra sonuncu bir daha ona köməklik edə biləcəyini deyib bunun müqabilində aldığı malın dəyərinin 10 faizini ondan əlavə götürəcəyini bildirmişdir. O da Ayazla razılaşmış və sonra onlar Quancou şəhərində yerləşən dükanlara getmişlər. Orada o, 130.000 ABŞ dolları dəyərində malları seçmiş və malların pulundan 20.000 ABŞ dollarını Quancou şəhərində Ayaza vermişdir. Ayaz ona köməklik edəcəyinə görə Ayaza 20.000 ABŞ dolları pul ödəmək barədə onunla razılığa gəlmişlər. Ayaz həmin puldan 7.000 ABŞ dollarını malların saxlanılmasına və göndərilməsinə ödəməli olmuşdur. Bundan sonra o, Bakı şəhərinə qayıtmış və təxminən 1 ay sonra Ayaz Çin nömrəsindən internet vasitəsi ilə ona zəng edib malların hazır olduğunu bildirmiş və malların pullarının göndərilməsini xahiş etmişdir. O da Ayazla razılaşıb əvvəlcə 39.600 ABŞ dolları, bir neçə gündən sonra isə 90.000 ABŞ dolları pulu Bakı şəhərində yaşayan Ayazın dediyi Mahir adlı şəxsə vermişdir. Ayaz da həmin pulun ona çatdığını təsdiq etmişdir. Bundan sonra Ayaz malları 3 mərhələdə göndərəcəyini deyib 23.000 ABŞ dolları dəyərində malları ona göndərmişdir. Bundan bir neçə gün keçdikdən sonra Ayazın qalan malların göndərilməsini gecikdirdiyini görüb Ayazla əlaqə saxladıqda o, malların qiymətləri qalxdığına görə əlavə olaraq 30.000 ABŞ dolları pul lazım olduğunu demişdir. Bundan sonra 2016cı ilin sentyabr ayında Ayaz Bakı şəhərində olan zaman onunla “Füzuli” meydanı yaxınlığında görüşüb ona 30.000 ABŞ dolları pul vermişdir. Ayaz isə ona bir həftəyə malları göndərəcəyinə söz vermiş, lakin buna baxmayaraq Ayaz aldığı 179.600 ABŞ dolları pul əvəzində ona cəmi 23.000 ABŞ dolları dəyərində mallar göndərərək qalan 156.600 ABŞ dolları dəyərində malları göndərməmişdir. İbtidai istintaq zamanı Ayaz ona 40.000 ABŞ dolları pul ödəmiş, məhkəmə istintaqı zamanı isə 30.000 manat ödəmişdir. Təqsirləndirilən şəxs ilə ödənilməyən 116.600 ABŞ dolları pul ilə bağlı razılığa gəldiklərindən onunla barışmış və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2016-cı ilin may ayının sonunda dostu Ayaz ona zəng edərək Bakı şəhərində bir nəfərlə görüşüb ondan pul almağını və ona göndərməyini xahiş etmişdir. O da Ayazla razılaşmış və bir neçə saatdan sonra ona əvvəllər tanımadığı Vitaliy adlı şəxs zəng etmiş və sonra onlar Bakı şəhəri, Nizami küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində görüşmüşlər. Orada həmin şəxs ona 39.600 ABŞ dolları pul vermişdir. O, 39.600 ABŞ dolları pulu götürdüyü barədə Ayaza dedikdən sonra o, tanımadığı şəxsi onun yanına göndərmişdir. Sonra həmin şəxs gəlib ondan həmin pulu götürmüşdür. Bundan bir neçə gün sonra Vitaliy adlı şəxs yenə də 90.000 ABŞ dolları pulu gətirib Ayaza göndərilməsi üçün ona vermişdir. O da həmin pulu Ayazın göndərdiyi şəxsə vermişdir. Vitaliy adlı şəxsdən Ayaza çatdırmaq üçün iki dəfə pul almışdır. O, həmin pulları Ayaza çatdırması üçün tanımadığı şəxsə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,2016-cı ildə atasının bibisi oğlu Təqsirləndirilən şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. x9 Respublikasında məişət avadanlıqlarının alışı və satışı işi ilə məşğul olmuşdur. Vitaliy ona bildirmişdir ki, Çin Xalq Respublikasından məişət avadanlıqlarının alınıb gətirilməsi üçün Ayaza pul vermiş, Ayaz isə həmin malları Vitaliyə göndərməmişdir. Vitaliyin Ayaza nə qədər pul verdiyini bilmir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 43-45). Cinayət işinin materiallarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədi ilə 2 may 2016-cı il tarixdən 14 oktyabr 2016-cı tarixədək 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsini Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytı olan www.cbar.az saytından götürülmüş çıxarışdan görünür ki, baxış keçirilən dövr ərzində 1 ABŞ dollarının Azərbaycan manatına nisbətdə məzənnəsinin yuxarı həddi 1,6403 manat olmuşdur. Buna görə də 179.600 ABŞ dolları həmin tarixin məzənnəsinə görə 394.597 manat təşkil etmişdir (cild 1, iş vərəqə 122-128). Cinayət işinin materiallarından görünür ki, hadisənin baş verdiyi tarixi dəqiq müəyyən etmək məqsədi ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 1 may 2016-cı il tarixdən etibarən Azərbaycan Respublikasının hüdudlarını tərk edib qayıtmaları barədə x2 əldə edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs 9 may 2016-cı il tarixdə Azərbaycan Respublikasını Qətər istiqamətindən tərk edib 16 may 2016-cı il tarixdə geri dönmüş, Təqsirləndirilən şəxs isə 5 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasına Rusiya Federasiyasından gəlib 13 oktyabr 2016-cı il tarixdə geri qayıtmışdır (cild 1, iş vərəqə 129-132). Yuxarıda qeyd olunanları nəzər alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 132-133). Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin faktiki olaraq tutulduğu tarixdən hesablanması müəyyən edilmişdir (cild 1, iş vərəqə 64-65). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2019-cu il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 104). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 23 noyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək təqsirləndirilən şəxs həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 160-162). Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı 40.000 ABŞ dolları, məhkəmə istintaqı zamanı isə 30.000 manat ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 159; cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 oktyabr 2019-cu il tarixdən bu günə kimi həbsdə və ev dustaqlığında qaldığı cəmi 4 (dörd) ay 20 (iyirmi) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus İsmayıllı rayonunun Xənəyə kəndində yerləşən 0,07 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur (cild 1, iş vərəqə 94). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, hazırki cinayət iş üzrə mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs məxsus İsmayıllı rayonunun Xənəyə kəndində yerləşən 0,07 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 oktyabr 2019-cu il tarixdən bu günə kimi həbsdə və ev dustaqlığında qaldığı cəmi 4 (dörd) ay 20 (iyirmi) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 5 (beş) il 1 (bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məxsus İsmayıllı rayonunun Xənəyə kəndində yerləşən 0,07 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-282/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-282/2020
05.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver