Məhkəmə qərarları › İş №1(101)-282/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-282/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-282/2023 05.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X8 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər – UNİVERSAL Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 may 2022-ci il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Mustafa” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, naməlum vaxtda və yerdə “Mustafa” adlı şəxsdən külli miqdarda - 1045 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 505 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 17 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 18:05-də Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 5A ünvanının qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində tutduğu selofan torbanın içərisindən 1 bükümdə təmiz çəkisi 1045 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 1 bükümdə təmiz çəkisi 505 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə günü dayısıgilə gedən zaman iki maşının yanında dayandığını görmüş və həmin maşınlardan 3-4 nəfər düşüb onun üzərinə cummuşlar. Daha sonra onu maşınlardan birinə otuzdurmuşlar. O, həmin şəxslərin polis işçiləri olduqlarını maşına mindikdən sonra bilmişdir. Onlardan nə səbəbə onu tutduqlarını soruşsa da, polis əməkdaşları ona heç bir şey deməmişlər. Polis işçiləri maşında onu başından və böyründən yumruqla vurmuş, o, həmin şəxslərə əməliyyatdan yeni çıxdığını bildirdikdən sonra onu vurmağı dayandırmışlar. Sonra onu polis bölməsinə gətirərək bir selofan bağlamanı verərək, həmin narkotikləri boynuna götürməyi demişlər. O da, əlacsız qalıb çəkiliş zamanı narkotiklərin özünə məxsus olduğunu etiraf etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyini, pul verib heç vaxt narkotik vasitə almadığını və satmadığını, onun bu cür işldərdən məlumatı olmadığını, nəyə görə tutulduğunu bilmədiyini, polis əməkdaşları onu döydüklərinə görə özündə olmadığını və sənədləri imzaladığını, lakin bədəni üzrəində xəsarət izləri olmadığını, məhkəmədə sanksiyaya gedən zaman hakimin ondan heç bir şey soruşmadığını, buna görə özünün də heç nə demədiyini, Bakı İstintaq təcridxanasında olduğu müddətdə heç yerə şikayət etmədiyini, tutulduqdan sonra 20-40 dəqiqə həmin ərazidə saxlanıldığını, sonra isə onu 20-ci polis bölməsinə gətirdiklərini, istifadəsində iki mobil nömrənin olduğunu, onu saxlayan şəxslərin 3-4 nəfər olduğunu, bölmədə 20-25 dəqiqə gözlədikdən sonra təhqiqatçının gəldiyini, sonra onun cibinə polis əməkdaşlarının özlərinin 35 manat pul qoyduqlarını və baxışda çıxarıb təqdim etməsini ona bildirdiklərini, tutulduqdan sonra onun əlinin qandalda olduğunu, həmin polis əməkdaşlarının Narkotiklərlə Mübarizə Baş idarəsinin əməkdaşları olduqlarını bildirmələrini, müdafiəçisinin xanım vəkil olduğunu, həmin müdafiəçini 20-ci bölmədə, məhkəmədə sanksiya veriləndə və ev dustaqlığı ilə bağlı müraciət ediləndə, həmçinin istintaqın sonunda sənədlərə imza edən zaman gördüyünü, müstəntiqin bir dəfə İstintaq təcridxanasına gəlib ondan mobil telefon nömrəsini soruşduğunu, müstəntiqin müvəqqəti saxlama yerində də ona sənədlərə imza etdirdiyini, həmin vaxt vəkilin də iştirak etdiyini, 20-ci polis bölməsində sənədlərə imza edən zaman vəkilin olmadığını, yalnız müvəqqəti saxlama yerində olduğunu, şübhəli və təqsirləndirilən şəxs barəsində olan sənədlərin hamısına eyni gündə imza etdiyini, onun polis işçiləri tərəfindən tutulmağını saxlanıldığı yerdə olan şəxslərin hamısının gördüyünü məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2 ildir narkotik vasitə marixuanadan istifadə etməyə başlamışdır. 17 may 2022-ci il tarixdə saat 18:05-də ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və qanunsuz narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirərək, barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Bu zaman ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, həmin təklifdən sonra o, sağ əlində tutduğu içərisində 1 bükümdə heroin və 1 bükümdə metamfetamin olan selofan torbanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon içərisində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə birlikdə və 35 manat pul aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək işirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd “Samsung” markalı mobil telefon izah verildikdən sonra götürülmüş, 35 manat pul isə onun özünə qaytarılmışdır. İbtidai istintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 17 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda, «Ximqorodok» deyilən ünvanın yaxınlığında İran İslam Respublikası vətəndaşı "Mustafa" adlı şəxsin dediyi ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, sonuncunun ona gördüyü işin qarşılığında 300 (üç yüz) manat pul verəcəyini dediyini, özünün arada qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini, başqa yerdə narkotik maddə saxlamadığını, narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından gəlməsi barədə məlumatı olmadığını, maddi vəziyyəti pis olduğundan pul qazanmaq niyyəti ilə bu səhvi etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, özünün istifadəsində 070 213-80-13 və 055 242-77-60 saylı mobil nömrələrin olduğunu və həmin nömrələrin təhqiqatçı tərəfindən götürülmüş «Samsunq» markalı mobil telefonun içərisində olduğunu, lakin həmin telefonda olan bütün məlumatları sildiyindən telefonda sübut əhəmiyyətli məlumatlar olmadığını bildirmişdir (cild 1, iş vərəqi 34-35, 46-47, 64-65, 150-151). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etmədiyini, onları müstəntiqin yazdığını, özünün isə oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, etimad doğuran qərəzsiz mənbədən 1982-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə ondan və əməliyyat müvəkkili Miryusif Seyidovdan ibarət əməliyyat qrupu yaradılmışdır. 17 may 2022-ci il tarixdə saat 18:05 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında saxlanılmış, bu zaman onun əlində selofan torba olmuşdur. Saxlanıldıqdan sonra o, ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, sonuncu, sağ əlində saxladığı içərisində 1 büküm heroin və 1 büküm metamfetamin olan selofan torbanı təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın cibindən 1 ədəd «Samsung» markalı mobil telefon içərisindəki nömrələrlə birlikdə və 35 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, içərisi boş olan kağız zərfdə qablaşdırılmışdır. Zərfin üstü Təqsirləndirilən şəxs özü, həmçinin müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd «Samsung» markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 35 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri saxlanıldığı gün Nəsimi rayonunda, «Ximqorodok» deyilən ünvanın yaxınlığından İran vətəndaşı "Mustafa" adlı şəxsin vasitəsi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona 300 manat pul verəcəyini, narkotik maddələrin satışını həyata keçirmədiyini, başqa yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X5 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Nəsimi RPİ 20-ci Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılması, bu zaman ondan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürlüməsi ilə bağlı keçirilmiş əməliyyat tədbirlərində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxlanıldığı əraziyə tez-tez gedib-gəlmiş, belə ki, həmin ərazidə onun bacanağı yaşamışdır. Həmin gün də o, Anarın gəzə-gəzə yuxarıdan gəldiyini görmüş, həmin vaxt onun əlində heç bir şey olmamışdır. Bu vaxt onun qabağını bir neçə nəfər kəsib saxlamış və onlar mübahisə etməyə başlamışlar. Həmin vaxt Anarı saxlayan şəxslər onun qoluna qandal vurub aparmışlar. Daha sonra Anarın mindirildiyi maşın bir az qabaqda yenidən saxlanılmış və təxminən 10-15 dəqiqə sonra yenidən həmin maşın hərəkət edərək oradan uzaqlaşmışlar. O, həmin müddətdə qeyd olunan əraziyə yaxın yerdə yaşamış, həmin vaxt heç bir yerdə işləməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən, sonuncu, sağ əlində tutduğu içərisində 1 bükümdə heroin və 1 bükümdə metamfetamin olan selofan torbanı təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd «Samsung» markalı mobil telefon və 35 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və metamfetaminə bənzər kütlə içərisi boş ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 7 saylı möhürü ilə möhürləndikdən sonra Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd «Samsung» markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, 35 manat pul isə özünə qaytarılmışdır. Həmçinin, istintaq hərəkəti zamanı aparılmış videogörüntülərin olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi vərəqi 29-30). Cinayət işinə əlavə edilmiş 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı GSM nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısı və mətnləri götürülmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı mobil nömrə, SMS mətn, fotoşəkil, video və ya səs yazısı, eləcə də mobil proqram aşkar olunmamışdır (cild 1, iş vərəqi 105-106). İş materiallarında olan 08 avqust 2022-ci il tarixli protokola əsasən, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** saylı GSM nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddətdə daxil olan, çıxan mesajların siyahısı və mətnləri alınmış, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı mobil nömrə, SMS mətn, fotoşəkil, video və ya səs yazısı, eləcə də mobil proqram aşkar olunmamışdır (cild 1, iş vərəqi 107-109). Cinayət işində olan 12 avqust 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş və şəxsi axtarış zamanı ondan götürülmüş «Samsunq» markalı mobil telefon aparatına baxış keçirilmiş, bu zaman telefonun yaddaşında hər hansı mobil nömrə, SMS mətn, fotoşəkil, video və ya səs yazısı, eləcə də mobil proqram aşkar olunmamışdır (cild 1, iş vərəqi 110). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2841 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs təqdim etdiyi» yazı və imzalar olan 1 (bir) ədəd bağlamada: - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1045 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd bağlamada təmiz çəkisi 505 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi 1045 qr., tədqiqata sərf edildi: 0,2 qr., qalıq: 1044,8 qr. - metamfetaminin ümumi təmiz çəkisi: 505 qr., tədqiqata sərf edildi: ümumi 0,2 qr., qalıq: 504,8 qr. (cild 1, iş vərəqi 36-39). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4065 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 112-113). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2085 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi vəziyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklər müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 114-116). İbtidai istintaq orqanının 25 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1045 qram çəkidə narkotik vasitə heroin və 505 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1044,8 qr. heroin və 504,8 qr. metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 124- 133). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 17 may 2022-ci il tarixli raportundan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). Cinayət işinə xx.xx.2022-ci il tarixli protokolla əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 49-53). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış 18 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin statistik-informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 94-95). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, polis işçilərinin onu bölməyə gətirib bir selofan bağlama verdiklərini, həmin narkotikləri boynuna götürməyi dediklərini, onun da əlacsız qalıb çəkiliş zamanı narkotiklərin özünə məxsus olduğunu etiraf etdiyini, əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyini, pul verib heç vaxt narkotik vasitə almadığını və satmadığını, onun bu cür işlərdən məlumatı olmadığını, nəyə görə tutulduğunu bilmədiyini, polis əməkdaşları onu döydüklərinə görə özündə olmadığını və sənədləri imzaladığını, lakin bədəni üzrəində xəsarət izləri olmadığını, məhkəmədə sanksiyaya gedən zaman hakimin ondan heç bir şey soruşmadığını, buna görə özünün də heç nə demədiyini, Bakı İstintaq təcridxanasında olduğu müddətdə heç yerə şikayət etmədiyini, tutulduqdan sonra 20-40 dəqiqə həmin ərazidə saxlanıldığını, sonra isə onu 20-ci polis bölməsinə gətirdiklərini, istifadəsində iki mobil nömrənin olduğunu, narkotik vasitənin Seyid deyilən şəxsin əlində olduğunu, onu saxlayan şəxslərdən 3-4 nəfəri tanıdığını, bölmədə 20-25 dəqiqə gözlədikdən sonra təhqiqatçının gəldiyini, sonra onun cibinə polis əməkdaşlarının özlərinin 35 manat pul qoyduqlarını və baxışda çıxarıb təqdim etməsini ona bildirdiklərini, tutulduqdan sonra onun əlinin qandalda olduğunu, müstəntiqin bir dəfə İstintaq təcridxanasına gəlib ondan mobil telefon nömrəsi soruşduğunu, müstəntiqin müvəqqəti saxlama yerində də ona sənədlərə imza etdirdiyini, şübhəli və təqsirləndirilən şəxs barəsində olan sənədlərin hamısına eyni gündə imza etdiyini, onun polis işçiləri tərəfindən tutulmağını saxlanıldığı yerdə olan şəxslərin hamısının gördüyünü bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni və narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olduğunu, onları 17 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda «Ximqorodok» deyilən ünvanın yaxınlığında İran vətəndaşı "Mustafa" adlı şəxsin dediyi ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, sonuncunun ona gördüyü işin qarşılığında 300 (üç yüz) manat pul verəcəyini dediyini, özünün arada qurudulmuş marixuanadan istifadə etdiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini, başqa yerdə narkotik maddə saxlamadığını, narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından gəlməsi barədə məlumatı olmadığını, maddi vəziyyəti pis olduğundan pul qazanmaq niyyəti ilə bu səhvi etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, özünün istifadəsində 070 213-80-13 və 055 242-77-60 saylı mobil nömrələrin olduğunu və həmin nömrələrin təhqiqatçı tərəfindən götürülmüş «Samsunq» markalı mobil telefonun içərisində olduğunu, lakin həmin telefonda olan bütün məlumatları sildiyindən telefonda sübut əhəmiyyətli məlumatlar olmadığını bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etdiyini, əməlindən peşman olduğunu, daimi yaşayış yerinin və himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək, vəsatətin təmin olunmamasını xahiş etmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surəti tələb olunmuş və məhkəmə iclasında həmin sənəd tədqiq edilmişdir. Tibbi kitabçadakı qeydlərdən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl zədə almadığını bildirmiş, həmçinin baxış zamanı dəri səthində çapıqlar və zədələr qeydə alınmamış, daxili orqanlarda ciddi patologiya aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna verilmiş sorğuya cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli 118-xid-213 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu zaman polis əməkdaşları tərəfindən ona bədən xəsarətləri yetirilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən müxtəlif vəsatətlər qaldırılmış, həmin vəsatətlərə baxılaraq əksəriyyəti təmin olunmuş, əsassız vəsatətlər isə təmin olunmadan rədd edilmişdir. Bununla belə, məhkəmə çıxışları mərhələsində də müdafiə tərəfi təmin olunmamış vəsatətləri təkrar qaldıraraq onların təmin edilməsini məhkəmədən xahiş etmişlər. Belə ki, Müdafiəçi1 məhkəmə çıxışında Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin çıxarılmasını, şübhəli şəxsin tutulması haqqında və şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokolların və əlavələrinin CPM-nin tələblərinə müvafiq tərtib edilmədiyi üçün mötəbər sübut hesab edilməyərək sübutlar siyahısından çıxarılmasını, iş üzrə şahid qismində dindirilmiş X1 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrdə göstərilən xüsusatları "xatırlamadıqlarını” bildirərək təkzib etdikləri üçün ifadələrinin sübutlar siyahısından çıxarılmasını, məhkəmə istintaqının təzələnərək, xx.xx.2023-cü il tarixdə verdiyi təkrar vəsatətlərin - müvəkkilinə məxsus ***-***-**-** nömrəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək anten dairə məlumatlarının "Azercell” Telekomdan alınması üçün məhkəmə sorğusu göndərilməsi, Təqsirləndirilən şəxs tutulması və üzərində şəxsi axtarışın keçirilməsi barədə protokolların tərtib olunması vaxtı və müddəti cinayət işində olan mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, həmin tutma və axtarışda iştirak edən şəxslərə - X2, Şahid1 məxsus 055-23331-32, ***-***-**-** mobil telefonlarının 15-xx.xx.2022-ci il tarixlərdə olan anten dairə məlumatlarının "xxxx" şirkətindən sorğu edilərək alınması, ilkin protokolların tərtib edilməsində iştirak etmiş təhqiqatçı X3 və vəkil X7 müvafiq olaraq istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri üzrə “Azərcell” mobil operatorlara anoloji sorğular edilməsi, öz xətti ilə yazdığı ərizəsi elektron məhkəmə sisteminə yerləşdirilmiş şahid - Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 24, mənzil 12-də qeydiyyatda olan X4 (əlaqə telefonu: ***-***-**-**) şahid qismində cəlb edilərək dindirilməsinin təmin edilməsi, ilkin protokolların tərtib edilməsində iştirak etmiş təhqiqatçı X3 məhkəmədə şahid qismində dindirilməsinin təmin edilməsi, iş üzrə maddi sübutların yenidən məhkəməyə gətirilərək təqsirləndirilən şəxsdə olması ehtimal edilən narkotik maddələrin büküldüyü selofan material üzərində Miryusif Seyidov və Nizami Omarovun əl-barmaq izlərinin olub-olmamasını müəyyən etmək üçün məhkəmə-daktiloskopik ekspertizasının təyin edilməsi, Təqsirləndirilən şəxs AR CMnin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi, bunu məhkəmə tərkibi mümkün görmədiyi halda, satış məqsədi sübut olunmadığı üçün əməlin həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Müdafiə tərəfinin məhkəmədə qaldırdığı həmin vəsatətlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, vəsatətlərdə qeyd olunanlar müdafiəçinin subyektiv fikirləri olmaqla iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təkzib olunur. Bu səbəbdən həmin vəsatətlər əsassız hesab edilməklə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları “Mustafa” adlı iranlının vəd etdiyi pul qarşılığında dediyi yerlərə qoymaq üçün əldə edib saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin çəkilib ayrı-ayrı bağlamalara qablaşdırılmasını, həmçinin aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin ailəli olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 may 2022-ci il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixli tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4065 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin özünə tənqidi münasibəti nəzərə alınaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1044,8 qram çəkidə heroin və 504,8 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Samsunq» markalı mobil telefon aparatının onun ailə üzvlərinə qaytarılması nəzərə alınmalı, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 may 2022-ci il tarixli tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1044,8 qram çəkidə narkotik vasitə heroin və 504,8 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 1 ədəd «Samsunq» markalı mobil telefon aparatının Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar