Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-285/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət hakimlər kollegiyası məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1993-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” (X9 Dövləti) adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməlinə görə məhkum olunmamışdır: belə ki, Təqsirləndirilən şəxs qəsdən Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə xx xxxxxx 2013-cü il tarixdə Türkiyə Respublikasına gedərək, xx xxxxxx 2013-cü il tarixdə isə oradan Türkiyə Respublikasının Hatay şəhəri istiqamətindən sərhədi Suriya Ərəb Respublikası ərazisinə keçərək Suriya Ərəb Respublikası, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” (X10 Dövləti) adlı cinayətkar birliyin tabeçiliyində olan “İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə qoşularaq dini düşmənçilik zəminində ona təhkim edilmiş döyüş sursatı ilə birlikdə “Kalaşnikov” tipli avtomat silahla 2014-cü ilin mart ayının ortalarınadək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak etmiş, bu cinayət əməllərinə görə Suriya Ərəb Respublikasında məhkum olunmamış və xx xxxx 2014-cü il tarixdə qanunsuz silahlı birləşməni tərk edərək Türkiyə Respublikasına keçməklə xx xxxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2011-ci ildən etibarən ibadət etməyə başlamış, həmin vaxtdan məscidlərə getmiş və oradakı dini söhbətlərin şahidi olmuş, ibadət etməyə başladıqdan sonra ətrafında olan din qardaşları onu Gözəl adlı, dini ləqəbi “Zəhra” olan bir qadınla evlənməyə məcbur etmişlər, bir müddət Gözəl adlı qadınla yaşadıqdan sonra Gözəl onun fikirlərini dolduraraq Suriyaya gedib orada “hicrət” etmək lazım olduğuna inandırmış, həmin vaxt çox cavan olduğundan və İslam dininə yeni ibadət etdiyinə görə arvadının sözlərinə aldanaraq Suriya Ərəb Respublikasına getməyə razılıq vermiş, 2013-cü ilin noyabr ayının ortalarında arvadı Gözəllə birlikdə Türkiyənin İstanbul şəhərinə, oradan isə 2 gün ərzində Hatay şəhərinə getmiş, Hatay şəhərindən qaçaq yolla Suriya Ərəb Respublikasının Atma şəhərinə keçdikdən sonra orada onları şəxsiyyətini xatırlamadığı Əhməd adlı milliyətcə türk olan şəxs qarşılamış və Hələb şəhərinə aparmış, oradan isə özləri Hafar Hamra şəhərinə gedərək orada Gözəlin və onun yanında olan şəxslərin təsiri və təzyiqi ilə milliyətcə türk olan “İkrimə” dini ləqəbli Süleyman adlı şəxsin camaatına qoşulmuş, həmin təşkilat İŞİD qruplaşmasına aid olmamışdır, orada ona kiçik odlu silah vermişlər və o, postlara çıxmağa başlamışdır; təxminən 2-3 ay orada qaldıqdan sonra, təxminən 2014-cü ilin mart ayının sonlarında, onu kafir adlandırmışlar, dini görüşlərinə görə onu edam etmək istəmişlər, barəsində hətta edam hökmü də çıxarılmışdır; həmin vaxt arvadı Gözəl onun tərəfini tutmamış və o, məcbur qalaraq tək həmin şəhərdən qaçaraq Türkiyə sərhədinə getmiş, oradan qaçaq yolla Hatay şəhərinə keçmiş, Hataydan isə avtobus ilə İstanbul şəhərinə getmiş, təxminən 2014-cü ilin sentyabr ayınadək İstanbul şəhərində yaşamış və fəhləliklə məşğul olmuş, 2014-cü ilin sentyabr ayında Azərbaycana geri qayıtmış və dərhal özü könüllü Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə gedərək təslim olmuş, lakin orada onu qısa müddət saxladıqdan sonra buraxmışlar, buraxıdıqdan sonra ona DTX-nın əməkdaşı zəng vuraraq DTX-ya dəvət etmiş, o, DTX-ya getdikdən sonra onu həbs etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrinin qanunsuz silahlı birləşmədə təsir və təzyiq altında iştirak etməsi, qoşulduğu silahlı birləşmənin terror təşkilatı olan «İŞİD»in tərkibində olmaması hissəsinə tənqidi yanaşaraq həmin ifadələri özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində görmüş, özü Suriya Ərəb Respublikası ərazisində azərbaycanlılardan ibarət olan “Abu Yahya”nın camaatında olsa da, Təqsirləndirilən şəxs orada türklərdən ibarət başqa bir camaatın tərkibində olmuş, Təqsirləndirilən şəxs daxil olduğu camaatın rəhbərinin kim olduğunu bilməmiş, lakin sonuncunun olduğu camaatın da “İŞİD” adlı cinayətkar birliyin tərkibində olmuş, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində postlarda iştirak etmiş, onu görən zaman hərbi şalvarda olmuş, əlində silah olub-olmamasını hazırda xatırlamasa da, Təqsirləndirilən şəxs ətrafındakı şəxslər silahlı olmuşlar. Məhkəmə zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs yaşadıqları X1 şəhərindən Azərbaycan Respublikasına hərbi borcunu yerinə yetirməsi üçün göndərmiş, səhhəti ilə əlaqədar oğlu Təqsirləndirilən şəxs hərbi xidmətə aparılmamış, 2013-cü ilin sonlarına yaxın Rusiya Fedenrasiyasında olduğu vaxt xatırlamadığı Azərbaycan mobil operatorunun nömrəsindən ona zəng daxil olmuş, adını söyləməyən qadın oğlu Samirlə evləndiyini, birlikdə Türkiyəyə gedəcəklərini bildirmiş, telefonu qadından alıb onunla danışan oğlu Samir də qadının dediklərini təsdiq etmiş, həmin qadınla Türkiyəyə gedəcəyini, orada işləyib ona pul göndərəcəyini bildirmiş, o, Samirə təkidlə heç yerə getməməsini demiş, bundan sonra uzun müddət Samirlə danışa bilməmiş, 2014-cü ilin sonlarında Samir onunla əlaqə saxlayaraq Türkiyədən qayıtdığını bildirmiş, Samirin Suriyaya getməsindən xəbəri olmamış, bu barədə sonuncu həbs olunduqdan sonra bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan Təqsirləndirilən şəxs barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan həmin ölkənin Hatay şəhərinə, oradan isə Suriya Ərəb Respublikasına getmiş, xx xxxxxxxx 2014-cü il tarixdə isə yenidən Azərbaycan Respublikası ərazisinə qayıtmışdır (1-ci cild iş vərəqi 44). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə xx xxxxxxx 2019-cu il tarixli 2116 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda yüngül ifadəli konversion pozuntu, anamnezində kəlləbeyin travması müəyyən edilir. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən konversion pozuntu o dərəcədə ifadə olunmayıb, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür; yoxlanınlan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 192-194). İşdə olan xx xxxxxxx 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid ********* nömrəli cinayət işinin ibtidai istintaqı dövründə fotoşəkillər üzrə tanınma zamanı hazırki iş üzrə Təqsirləndirilən şəxs tanıyaraq onu Suriya Ərəb Respublikası ərazisində olarkən türklərdən ibarət qanunsuz silahlı birləşmənin tərkibində gördüyünü, orada Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomat təhkim olunduğunu və orada postlarda dayandığını qeyd etmişdir (1-ci cild iş vərəqi 48-51). İşdə olan xx xxxxxxx 2019-cu il tarixli foto şəkil üzrə tanınma protokoldan və ona əlavə edilmiş fotocədvəldənq görünür ki, Təqsirləndirilən şəxs foto şəkillər üzrə tanınma zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid tanıyaraq onu Suriya Ərəb Respublikası ərazisində olarkən “Abu Yəhya” dini ləqəbli X2 rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibində gördüyünü, Şahid “Kalaşnikov” markalı avtomatla postlarda dayandığını qeyd etmişdir (1-ci cild, iş vərəqi 80-83). İşdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsinin xx xxxxxxx 2019-cu il tarixli 5/5729 nömrəli məktubundan görünür ki, əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş tədbirlər nəticəsində məlum olmuşdur ki, İbadov X5 Ərəb Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir (1-ci cild iş vərəqi 41-44). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görürün ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 54). İşdə olan Masallı RİHB-nın Masallı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 127). İşdə olan xx xxxxxxx 2019-cu il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə tutumuşdur (1-ci cild iş vərəqi 67). İşdə olan Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 101-103). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. İşdə olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin xx xxxxxxxx 2014-cü il tarixli 4/15-4796/15/14 nömrəli məktubundan və ona əlavə edilmiş Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan dilinə tərcüməsindən görünür ki, Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsində həmin dövlətin ərazisində cinayətkar birliyin fəalyyətin qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (1-ci cild iş vərəqi 145-189). İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” (X9 Dövləti) adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsi təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özüzünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına qismən uyğun gəlmir, törətdiyi cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək və yaxud cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 279.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 218.2-ci maddəsinin sanksiyasında altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 279.1 və 218.2-ci maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar, cinayət Məcəlləsinin 61.1-ci maddəsinə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 218.2 və 279.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar, ekspertiza xərcləri və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-285/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-285/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver