Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-287/2022 06.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1986-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasıın vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə narkotik vasitənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti müəyyənləşdirilməmiş “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Mehdi” adlı şəxs tərəfindən satış üçün göndərilmiş ümumi çəkisi külli miqdar təşkil edən 550 qram heroin narkotik vasitəsini naməlum vaxtda Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin (bundan sonra: RPİ-nin) 19-cu polis şöbəsinin (bundan sonra: PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyul 2021-ci il tarixdə, saat 13:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına aparılmış və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman təmiz çəkisi 550 qram təşkil edən külli miqdarda həmin heroin narkotik vasitəsi 01 ədəd bükümdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkomandır, əvvəllər Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin barəsində olan həmin hökmündən apellyasiya şikayəti verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında ittihamın mahiyyəti üzrə göstərdi ki, dayısı oğlu Bakı şəhərində «Əcəmi» metrostansiyasının yaxınlığında yaşadığından o da dayısı oğlunun yanına getmiş, dostları da ora onun yanına gəlmişlər. Blokun qarşısında dostları ilə mübahisəsi düşmüş və səs-küy etmişlər. Qonşular narazı olduqlarından polisə şikayət etmişlər. Bundan sonra dostları çıxıb getmişdirr. O, dayısı oğlunun evində olduğu zaman polis ərazi rəisi gəlib onları evdən bölməyə aparmış, aparılarkən həmin vaxt onun üstündə olan pul kisəsinin içində 0,5 qram narkotik vasitə heroin olmuşdur. Ona görə də pul kisəsini öz cibindən çıxarıb ilişməməsi üçün dayısı oğlunun cibinə qoymuşdur. Bölmədə dayısı oğlunu da, onu da yoxlamışlar. Pul kisəsini dayısı oğlunun cibindən çıxarıb masanın üzərinə qoymuşlar. O, orada həmin pul kisəsinin ona məxsus olduğunu, dayısı oğlunun olmadığını etiraf etmişdir. Üzərində “LD” markalı siqaret olmuşdur. Bölmədə ona qarşı zor tətbiq olunmuş, 500 qram narkotik vasitəni cibinə qoymasını və ona məxsus olduğunu bildirməsi ondan tələb olunmuşdur. O da təzyiqlərə və təsirlərə məruz qaldığından onların dediklərini etmiş, bölmədə çəkilişlə üzərinə axtarış aparılmışdır. Pul kisəsindən 0,5 qram narkotik aşkar olunsa da, amma nədənsə istintaq orqanı onu üzərindən 500 qram narkotikin çıxması ilə ittiham etmişdir. Həmin gün dayısı oğlu Polis Şöbəsindən buraxılmış, lakin o, saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər tərəfindən küçədən deyil, saat 11:00 radələrində evdən aparılmışdır. Mehdi adlı şəxsi tanımamış, ümumiyyətlə telefonu olmamış, instaqramdan da istifadə etməmişdir. Üzərində cəmi 0,5 qram narkotik olmuş, qalan narkotik ona məxsus olmamışdır. Bölmədə təzyiqlərə və təsirlərə məruz qalması barədə heç bir yerə şikayət etməmişdir. Nəsimi Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən özündə olmadığından hakimə döyülməsi və üstünə 500 qram narkotik qoyulmasını deməmişdir. İstintaqda demədiklərini məhkəmədə deyəcəyini düşünmüş və haqq ədalətin məhkəmədə öz yerini tapacağını fikirləşmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu etirafedici ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə məhkum edilmişdir. 10 iyul 2021-ci il tarixdə, saat 13:00 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsi 8 nömrəli ünvanın qarşısı ilə piyada hərəkət etdiyi zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin saxlanmasında və qəbulunda şübhəli olduğunu deyərək onu 19-cu PŞ-nə dəvət etmişlər. Etiraz etməmiş, onlarla bilrikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçının otağına aparılmış, daha sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət tərəfindən təyin edilmiş vəkil dəvət edilmiş və kamera çəkən mütəxəssis çağırılmışdır. Üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı el içində “Kakos” adlanan narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmin vaxt narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini və internet sosial şəbəkəsində hazırda adını xatırlmadığı narkotik satan profildən özünü “Mehdi” kimi təqdim edən şəxsdən aldığıı bildirmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış davam etdirilmiş, üzərində qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunan büküm qablaşdırılıb zərfə qoyulmuş, hər bir iştirakçı tərəfindən imzalandıqdan sonra təhqiqatçı həmin zərfi ekspertiza tədqiqatına göndərmiş, daha sonra isə müvafiq ekspert rəyi ilə tanış olmuşdur. Şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməklə yanaşı bəzi hallarda tanımadığı şəxslərə də narkotik vasitə satmış, əməlindən peşmandır. Narkotik vasitəni internet portalında instagram sosial şəbəkəsində hazırda adını xatırlmadığım narkotik satan profildən özünü “Mehdi” kimi təqdim edən şəxsdən iki gün öncə, yəni 08 iyul 2021-ci il tarixdə almışdır. Belə ki, həmin şəxs ona hesab nömrəsi göndərmiş və özünü «Mehdi» kimi təqdim etmişdir. Hesaba hazırda dəqiq xatırlamadığı məbləğdə pul vəsaitini ödəmə terminalı vasitəsi ilə göndərmiş, daha sonra həmin şəxs yazaraq Yeganə şadlıq sarayının yaxınlığında olan zibil qutusunun altından narkotik vasitəni götürməsini bildirmişdir, götürüb həmin gündən üzərində gəzdirmiş, bəzi hallarda narkotik vasitələri tanımadığı şəxslərə satmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, tutulmamışdan bir neçə ay öncə ailəsindən ayrılmış, ayrı olaraq müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Tutulduğu gün isə yaşayış yeri olmamış, müvəqqəti olaraq gündəlik kirayədə qalmışdır. Üzərində aşkar olunan narkotik vasitənin ümumi qiymətini xatırlamasa da, ilkin olaraq xatırlamadığı hesab nömrəsinə 100 manat pul göndərmiş, narkotikdən gəlir əldə etdikdən sonra isə əlavə pul göndərəcəyini planlaşdırmışdır (iş vərəqə: səh. 131-132; 175-178). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Nəsimi” adlı şəxsin narkotik vasitə əldə etməsi və saxlaması barədə məlumat əldə etmiş, həmin şəxsin ifşa edilməsindən ötrü şöbə rəhbərliyinə müraciət etmişlər. O, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 10 iyul 2021-ci il tarixdə, saat 13:00-da ünvan 2 ünvanın qarşısında Nəsimi kimi bildiyi şəxsi görmüş, həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirirək sonuncunu polis şöbəsinə dəvət etmiş, sonuncu da buna etiraz etməmişdir. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən sonunnun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası 19-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Elşad Vəliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Vəliyevin xidməti iş otağına aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda iştirak etmişdir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə sonuncu ilkin olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarmış, həmin bükümdə el içində “Kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmış və həmin narkotik vasitəni internet sosial şəbəkəsi vasitəsi ilə tanımadığı “Mehdi” adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq ekspertiza tədqiqatına göndərilmişdir. Sonda isə bükümün içərisində 550 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu öz təsdiqini ekspertiza rəyi ilə tapmışdır. Nəsimi adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə də məlumatlar olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən sonuncuya qarşı tərəflərindən hər hansı təsir və təzyiqlər olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, DİNnin Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülünü və ağ rəngli “LD” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükülüdə olan narkotik maddənin “Kakos” olduğunu, həmin narkotik vasitəni internet sosial şəbəkəsindən “Mehdi” kimi tanıdığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (iş vərəqə: səh. 47-52). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan baxış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan CD diskə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə aparılması barədə protokola uyğundur (iş materiallarına əlavə olunmuşdur). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2021-ci il tarixli 6/2776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 550 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: səh. 57-62). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3652 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 145-146). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 550,00 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 549,8 qram narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (iş vərəqə: səh. 153-158). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək və sonuncu ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş “Mehdi” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 160-161). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azəbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 05 iyul 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: 109-110; 147-152). Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, baxılan iş üzrə hadisənin baş verdiyi 10 iyul 2021-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 6 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onun məhkumluğu 05 iyul 2024-cü il tarixdə ödənilməli idi. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2011-ci il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri) törətdikdə, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, onun əməlinin cinayətlərin təhlükəli residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 3652 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 549,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114,00 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 549,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-287/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-287/2022
06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver