Məhkəmə qərarları › İş №1(101)-290/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-290/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-290/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili X5 və 14 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, «xxxx» MTK-da nəzarətçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş təmiz çəkisi 5,986 qram olan külli miqdarda psixotrop maddə metamfetamini xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evin yaxınlığından istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində müalicə almaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, 69 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzinə getmiş, göstərilən ünvanın giriş qapısından keçərkən özünü şübhəli apardığı üçün həmin ünvanda xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin (bundan sonra: RPİ) 14-cü PB-nə aparılmış, orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, təmiz çəkisi 5,986 qram olan ağ rəngli, kristall şəkilli kütlə kustar üsulla hazırlanmş külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 5,986 qram metamfetamin psixotrop maddəsini əldə edərək saxlamış və daşımışdır, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,986 qram olan metamfetamin psixotrop maddəsini xx xxxx 2020ci il tarixdə Bakı şəhərində, Yasamal rayonu ərazisində, yaşadığı evin yaxınlığından naməlum mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində o, narkomaniya xəstəliyindən müalicə almaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, 69 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzinə getmiş, göstərilən ünvanın giriş qapısından keçərkən özünü şübhəli apardığı üçün həmin ünvanda xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq əşyaları yoxlanılarkən üzərində içərisində narkotik vasitəyə şübhəli ağ rəngli, kristall şəkilli kütlə olan bükülü aşkar edildiyindən o, Sabunçu Rayon Polis İdarəsinin (bundan sonra: RPİ) 14-cü PB-nə aparılmış, orada Təqsirləndirilən şəxs videokamera vasitəsi ilə aparılan çəkiliş altında əynində olan göy rəngli parça şalvarın sol yan cibində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı və daşıdığı bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə, təmiz çəkisi 5,986 qram təşkil edən kustar üsulla hazırlanmş metamfetamin psixotrop maddəsini polis əməkdaşlarına təqdim etmiş və təqdim olunan həmin psixotrop maddə ondan götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təqribən 10 ilə yaxındır ki, heroin narkotik vasitəsindən istifadə etmiş və tutulmazdan təqribən bir il əvvəl isə heroini “şüşə” kimi tanıdığı metafetamin psixotrop maddəsi ilə qarışdırıb əzələ daxilinə yeritməklə istifadə etmişdir. Onu buna heç kim məcbur etməmiş, özü könüllü olaraq istifadə etmişdir. Narkotik vasitələrdən asılılıq yarandığı üçün hərdən Respublika Narkoloji Mərkəzinə gedib müalicə də almışdır. İstifadəsi üçün gərəkli olan narkotik vasitə və ya psixotrop maddəni müxtəlif vaxtlarda, müxtəlif yerlərdən, adlarını bilmədiyi müxtəlif şəxslərdən alıb əldə etmişdir. Amma heç vaxt məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə, saat təxminən 14-15 radələrində Yasamal rayonunda yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı kişi cinsindən olan bir şəxsdən 250 manat pul ödəməklə bir bükümdə, təqribən 6-7 qram «şüşə» kimi bildiyi metamfetamin almış və tutulduğu günədək həmin metamfetaminin bir qismini istifadə etsə də qalan hissəsini yenə də istifadə etmək üçün cibində saxlamış, ailə üzvlərinin xəbəri olmaması üçün üzərində gəzdirmişdır. “Şüşə” kimi tanıdığı həmin metafetamin psixotrop maddəsini də heroinlə qarışdırıb iynə ilə əzələ daxilinə yeritməklə istifadə etmişdir. Demək olar k, o, hər gün 2-3 dəfə metamfetaminlə heroini qarışdırıb iynə ilə damarına vurmuşdur. Heroin qurtarsa da, metamfetamindən qalmışdır. Həmin ərəfədə müalicəyə ehtiyac duyduğu üçün xx xxxx 2020-ci il tarixdə, gündüz saat 13-14 radələrində Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə stasionar müalicə almaq üçün getmişdir. Belə ki, əvəllər də həmin yerdə bir dəfə də müalicədə olmuşdur. Mərkəzdə qalması üçün zəruri olan pal-paltar, siqaret, su və sair əşyalar da götürmüş, lakin həmin vaxt üzərində «şüşə» kimi bildiyi metamfetamin psixotrop maddəsi olmasını tam unutmuşdur. O, narkoloji mərkəzin giriş qapısından içəri keçib müalicə almaq üçün gəldiyini bildirdikdə, qapnın girişində xidmət aparan polis əməkdaşları onu saxlayıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. O, özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarmaq istədikdə üzərində metamfetamin psixotrop maddəsi olması yadına düşmüş və əli ilə cibini tutduğundan polis əməkdaşları ondan şübhələnib üzərində və çantasında olan əşyaları yoxlamışlar. Həmin yoxlama nəticəsində onun təqdim etdiyi yarımçıq siqaret qutusunun üzlüyünün arxasına qoyub saxladığı metamfetamin psixotrop maddəsi olan ağ kağızda bükülünü görüb ondan tam şübhələnmiş, onu saxlamış, içərisində metamfetamin psixotrop maddəsi olan ağ kağıza bükülünü götürmüş və Sabunçu RPİ-nin 14-cü PB-nə telefonla məlumat vermişlər. Təxminən 5 dəqiqə sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili ora gələrək onu orada xidmət aparan polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə aparmışdır. Artıq hər şeyin polis əməkdaşlarına bəlli olduğunu fikirləşib heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən video-çəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparacaqlarını bildirmiş və video çəkilişə başlanılmazdan əvvəl ondan götürülmüş içərisində metamfetamin psixotrop maddəsi olan ağ kağız bükülünü ona qaytarmış, çəkiliş zamanı çıxarıb təqdim etməyi tapşırmışlar. O da həmin bükülünü əynində olan göy rəngli parça şalvarın sol yan cibinə qoymuşdur. Videoçəkiliş başladıqda üzərində qanuna zidd əşya və ya predmet olduğu təqdirdə həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif etdikdə o, bir az əvvəl əynində olan göy rəngli parça şalvarın sol yan cibindən 1 ədəd içərisində «şüşə» olan ağ kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, polis əməkdaşlarına təqdim etdiyi kristal şəkilli, ağ rəngli maddənin «şüşə» kimi tanıdığı metamfetamin olduğunu, həmin «şüşə»ni saxlanılmazdan təxminən 5 gün əvvəl Yasamal rayonunda yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 250 manat qarşılığında aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş metafetamin psixotrop mddəsi polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmaqla möhürlənmiş, qablaşdırılmış zərf onun özü və digər iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndəriləcəyi ona bildirilmişdir. Bundan sonra onun metamfetamin psixotrop maddəsini polis əməkdaşlarına təqdim etməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokol da və onun özü və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Lakin üzərindən aşkar edilmiş metafetamin psixotrop mddəsinin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılması və zərfin imzalanması ilə videoçəkiliş tamamlanmış, protokol tərtib olunarkən videoçəkilişdən istifadə olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, üzərindən götürülən «şüşə»nin miqdarını əvvəlcədən bilməmiş, yalnız ekspertizadan sonra miqdarının 5,986 qram olduğunu öyrənmişdir. Onun təqribi hesablamasına görə üzərində təqribən 2-3 qram metamfetamin olmuşdur. Ondan 5,986 qram metamfetaminin aşkar olunmasından şübhəli qalmış, polis əməkdaşları tərəfindən üzərinə əlavə olunduğunu fikirləşmişdir. O, narkoman olmuş, məhz buna görə müalicə almaq istəmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddəni satmaq, eləcədə kiməsə pay vermək niyyəti olmamış, həmin maddəni özünün istifadəsi üçün alıb əldə etmişdir. Saxlanıldığı günədək həmin maddənin bir qismini heroinlə qatmaqla istifadə etmiş, qalan hissəsini üzərində saxlamaqla daşımışdır. Sadəcə Respublika Narkoloji Mərkəzə stasionar müalicə almaq üçün getməzdən az əvvəl yenə də narkotik vasitə ilə qarışıq “şüşə” qəbul etdiyindən özündə olmamış, üzərində psixotrop maddə olduğunu unutmuş və həmin maddə yoxlama nəticəsində onun üzərində aşkar edilib götürülmüşdür. O, heç kimə narkotik vasitə və ya psixotorop maddə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda tutduğu əməldən səmimi peşiman olduğunu bildirdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində verdiyi ifadəsi ilə onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələri könüllü olaraq istifadə etmiş və buna onu heç kim məcbur etməmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 14-15 radələrində Yasamal rayonunda yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 250 manat qarşılığında bir büküm «şüşə» kimi bildiyi narkotik vasitə-metafetamin almış və bu günə kimi onun bir qismini istifadə etsə də qalan hissəsini yenə də istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə müalicə almaq üçün getmişdir. Çünki əvəllər həmin yerdə bir dəfə müalicə olmuşdur. Həmin gün saat təxminən 19 radələrində narkoloji mərkəzin giriş qapısından keçmək istədikdə orada xidmət aparan polis işçiləri onu saxlayıb şəxsiyyətini təsdiq edən sənədini istəmiş, üzərində narkotik maddə olduğu üçün əli ilə cibini tutub şəxsiyyət vəsiqəsini çıxarmaq istəyəndə polis əməkdaşları ondan şübhələnib dərhal yaxınlaşıb onu saxlamışlar. Daha sonra onu saxlamaları barədə sonradan bildiyi Sabunçu RPİ-nin 14-cü PB-nə telefonla məlumat vermişlər. Təxminən 5 dəqiqə sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşı həmin ünvana gələrək onlarla birlikdə Sabunçu RPİ-in 14-cü PB-nə getməyini bildirmiş, o, da polis əməkdaşları ilə birlikdə 14-cü PB-nə getməyə razılıq vermişdir. Həmin vaxt o, polis əməkdaşlarına artıq hər şeyin aydın olduğunu bildiyini zənn etdiyi üçün şübhə yaranmasın deyə heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Yol boyu ona diqqət yetirdikləri üçün cibində olan narkotik vasitəni tullaya bilməmişdir. 14-cü Polis Bölməsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmaqla Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, siyahı ilə tanış olduqdan sonra vəkil X7 hüquqlarını müdafiə etməsini ərizə ilə yazıb xahiş etmiş, bundan sonra Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 dəvət olunaraq təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis bölməsində video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməyini təklif etdikdə o, könüllü olaraq əynində olan göy rəngli parça şalvarın sol yan cibindən 1 ədəd ağ kağıza bükülmüş və içərisində narkotik vasitə metamfetamin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, polis əməkdaşlarına üzərindən aşkar edilmiş maddənin «şüşə» kimi tanınan metamfetamin olduğunu, həmin maddəni saxlanılmazdan təxminən 5 gün əvvəl Yasamal rayonunda, yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən 250 manat qarşılığında aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş metafetamin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmaqla möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda üzərindən aşkar olunmuş metafetamini satmaq, eləcə də kiməsə pay vermək niyyətinin olmadığını, «şüşə» kimi tanınan psixotrop maddə metafetamini özünun istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir (iş vərəqə: 70-74). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Sabunçu Rayon Mühafizə İdarəsində manqa komandiri vəzifəsində xidmət edən, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, 69 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində xidmət aparmış, giriş-çıxışa və ictimai asayişə nəzarət etmişlər. Onların vəzifəsinə həm də, stasionar müalicəyə gələn şəxslərin özləri ilə kəsici-deşici alətlər, yanğın təhlükəli və ya narkotik maddələr, spirtli içkilər, silah-sursat və ya partlayıcı mddələr və ya sair təhlükəli alət və maddələr keçirməmələri üçün, onların əşyalarına baxış keçirmək də daxildir. xx xxxx 2020-ci il tarixdə xidməti iş yoldaşı, polis nəfəri Şahid3 xidməti növbədə olmuş, həmin vaxt manqa komandiri kimi o özü də orada olmuş, xidmətə nəzarət etmişdir. Həmin gün saat 19 radələrində Mərkəzdə xidmətdə olarkən əvvəllər görmədiyi və tanımadığı bir nəfər vətəndaş – hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs Mərkəzin girişinə yaxınlaşıb Narkoloji Mərkəzə müalicə almaq üçün gəldiyini bildirmişdir. Saxladıqları şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Təqsirləndirilən şəxs həm özünü şübhəli apardığından və həm də xidməti zərurətlə əlaqədar ona üzərində şübhəli nə varsa, təqdim etməsini bildirmişlər. İmran ciblərindən siqaret, alışqan, şəxsiyyət vəsiqəsi, həmçinin əynində olan cins şalvarın sol yan cibindən bir ədəd “KENT” siqaretinə aid boş qutunun içərisindən ağ kağızda olan bir ədəd büküm çıxarıb onlara təqdim etmişdir. Bükümü İmran özü açmış, açıldıqda bükümün içərisində ağ rəngli, duza oxşar maddə olduğunu görmüşlər. Bükülünün siqaret qutusunda olması, İmranın bükümdəkinin nə olduğunu bildirməməsi bükümün içərisindəkinin narkotik maddə və ya psixotrop maddə ola biləcəyindən onları şübhələnmiş və bu barədə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə məlumat vermişlər. Şübhəli əşyanın dəqiq yoxlanılması üçün içərisində ağ rəngli, duza oxşar maddə olan kağız bükülü Təqsirləndirilən şəxs özünə qaytarılmış, lakin nəzarətdə saxlanılmışdır. Az sonra 14-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 gəlmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və onları birlikdə Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs onun və polis nəfəri Şahid3 birlikdə tərtib etdikləri raport əsasında 14-cü polis bölməsinə təhvil verilmişdir. Şahid qismində dindirilən Şahid2 ifadəsinin davamında göstərdi ki, 14-cü polis bölməsində bölmənin təhqiqatçısı Tural Allahverdiyevin rəhbərliyi, onları gətirən əməliyyatçının və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəyə şübhəli, içərisində ağ rəngli, duza oxşar maddə olan kağız bükülü Təqsirləndirilən şəxs götürülmüşdür. Belə ki, xidməti iş otağında Təqsirləndirilən şəxs əvvəlcədən üzərinə video çəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmişdir. Videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli parça şalvarın sol yan cibindən ağ kağızda olan 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. İmranın təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilərkən içərisində ağ rəngli, duz kristallarına oxşar maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “şüşə” adlı maddə olduğunu, tibbi dildə metamfetamin olduğunu bildirmiş, “şüşə” kimi bildiyi həmin maddəni saxlanılmazdan 5 gün əvvəl Yasamal rayonunda, yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şübhəli maddə çəkilmədən, ağ kağıza bükülü vəziyyətdə tərkibi və miqdarı müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilməkdən ötrü zərfdə qablaşdırılaraq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Video çəkiliş bitdikdən sonra təhqiqatçı tərəfindən bütün proses çəkilişə uyğun protokollaşdırılmış, tərtib olunan protokol yenə də bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamış, onun narkotik vasitələrin və ya psixotorop maddələri qəbul edib-etməməsini bilməmiş, onun narkotik vasitələrin və ya psixotorop maddələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə satması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Şahid2 məhkəmə baxışı mərhələsində verdiyi ifadəsi ilə onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Belə ki, Şahid2 tədqiq olunan ifadəsində əksəriyyət hissədə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, lakin həmin ifadəsində Təqsirləndirilən şəxs özünü şübhəli aparması ilə əlaqədar ona üzərində şübhəli əşyalar olduğu təqdirdə, təqdim etməsini təklif etmələri, İmranın ciblərindən sair əşyalarla yanaşı əynində olan cins şalvarın sol yan cibindən bir ədəd “KENT” siqaretinə aid boş qutunun içərisindən ağ kağızda olan bir ədəd büküm çıxarıb onlara təqdim etməsi, həmin bükümün içərisində ağ rəngli, duza oxşar kristal şəkilli maddə olması, bükümün içərisindəkinin narkotik maddə ola biləcəyindən şübhələnib Sabunçu RPİ-nin 14-cü polis bölməsinə məlumat vermələri barədə qeyd etməmişdir. Şahid2 tədqiq olunan həmin ifadəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs əynindəki göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə kristall şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoymasını ilk dəfə Sabunçu RPİ-nin 14-cü polis bölməsində görmüşdür (iş vərəqə: 52-54). Məhkəmə baxışı zamanı ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən özləri şübhəli maddə ilə bağlı sənədləşmə apara bilmədiklərindən və ibtidai istintaq mərhələsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə kristall şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoymasını konkret olması üçün ilk dəfə Sabunçu RPİnin 14-cü polis bölməsində gördüyünü qeyd etmişdir. Əsil həqiqətdə məhkəmə baxışı zamanı verdiyi ifadəsi doğrudur və bu ifadəsinin obyektiv ifadə kimi qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən digər polis əməkdaşı - Azərbaycan Respublikası DİN, Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfəri Şahid3 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə xidmət etdiyi Polis Bölməsində olarkən saat təqribən 19 radələrində bölmənin məsul növbətçisi ona zəng vurub Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, 69 ünvanda yerləşən Respublika Narkoloji Mərkəzinin giriş qapısında Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirmiş, araşdırmanın ona həvalə edildiyini demişdir. O, məlumatı dəqiqləşdirmək məqsədilə dərhal Narkoloji Mərkəzə getmiş, əvvəllər görmədiyi və tanımadığı, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Polis əməkdaşları saxlanılan şəxsin üzərində “KENT” siqaretinə aid boş qutunun içərisində ağ kağızda olan bir ədəd büküm aşkar edildiyini, bükümün içərisində ağ rəngli, duza oxşar naməlum maddə olduğunu gördüklərini bildirmiş, həmin şübhəli maddəni qaytarıb Təqsirləndirilən şəxs özünə qaytardıqlarını demişlər. Bundan sonra o, Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmiş, orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət olunmuş, sonuncunun üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri, könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açılıb baxıldıqda ağ rəngli kağız bükülünün içərisində kristall şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə könüllü olaraq təqdim etdiyi maddə “şüşə” kimi tanıdığı metamfetamin psixotrop maddəsi olmuş, həmin maddəni tutulmazdan 5 gün əvvəl Yasamal rayonunda yaşadığı evin yaxınlığında tanımadığı şəxsdən 250 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin psixotrop maddəsinə bənzər maddə qablaşdırılaraq möhürlənmiş, protokollaşdırılmış, həm möhürlü bağlama və həm də tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid1 ifadəsinin yekununda göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun narkotik vasitələrin və ya psixotorop maddələrin qəbulu və ya satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə satması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Şahid1 məhkəmə baxışı mərhələsində verdiyi ifadəsi ilə onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Belə ki, Şahid1 tədqiq olunan həmin ifadəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs əynindəki göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə kristall şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoymasını ilk dəfə Sabunçu RPİ-nin 14-cü polis bölməsində görmüş, Respublika Narkoloji Mərkəzində olarkən Təqsirləndirilən şəxs üzərində şübhəli maddə olmasından ümumiyyətlə xəbərsiz olmuşdur(iş vərəqə: 97-100). Məhkəmə baxışı zamanı ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid1 göstərdi ki, əsil reallıq məhkəmədəki ifadəsində göstərdiyi kimidir. O, Respublika Narkoloji Mərkəzində olarkən Təqsirləndirilən şəxs üzərində şübhəli maddə olması barədə polis nəfərlərindən eşitsə də, orada baxmamış, faktiki həmin maddəni ilk dəfə Sabunçu RPİ-nin 14-cü polis bölməsində görmüşdür. İbtidai istintaq zamanı ifadə verərkən ehtiyac duymadığından Respublika Narkoloji Mərkəzində eşitdikləri barədə göstərməmişdir. Tərtib olunmuş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolunun məzmunundan və ona bir ədəd diskdə əlavə edilmiş videogrüntüdən aydın olur ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərindən baxış zamanı bir bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə barədə Sabunçu RPİ-nin 14-cü polis bölməsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, və 14-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfərləri Şahid2 və Şahid3 iştirakları ilə bölmənin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən saxlanılan şəxs – baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərinə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş aparılmaqla baxış və şəxsi axtarış aparılmış və bu zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə kristal şəkilli maddə aşakr edilərək götürülmüşdür (iş vərəqə: səh. 27-28). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə kristal şəkilli naməlum maddə aşakr edilərək götürüldüyü təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış və götürmə aparılması barədə xx xxxx 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxx 2020ci il tarixli protokollardan görünür ki, həmin sənəd məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan DVD diskə yüklənmiş videogörüntülərə uyğundur (iş vərəqə: səh. 46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1009 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülməklə ibtidai istintaq orqanı tərəfindən ekspertizaya təqdim olunan bir ədəd zərfin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 5,986 qram təşkil edən ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəydən görünür ki, metamfetamin psixotrop maddə olaraq xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı l) daxildir (iş vərəqə: səh. 47-51). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2061 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 102-103). Məhkəmə baxışı zamanı tədqiq olunan sair istintaq materialları ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,986 qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,936 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: səh. 89-90). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq naməlum vaxtda və naməlum mənbədən bir ədəd kağız bükümdə, təmiz çəkisi 5,986 qram təşkil edən metamfetamin psixotrop maddəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması və daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs o, saxlanılanadək satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və ya satması barədə hər hansı əməliyyat məlumatı əldə olunmamış, onun ətrafında hər hansı əməliyyat-axtarış tədbiri keçirilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, yalnız üzərində narkotik vasitəyə şübhəli, naməlum maddə saxlamaqda şübhəli şəxs qismində saxlanılmışdır. Qeyd olunan bu xüsusatı cinayət işinin materialları ilə yanaşı, həm də məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları bir daha təsdiq etdilər. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı sübut müəyyən edilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı dindirilən hər üç şahid - polis nəfərləri Şahid2, Şahid3 və polis mayoru Şahid1 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə satması barədə onlarda hər hansı məlumat olmadığını bildirdilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsi aşkar olunub götürülməsi faktına görə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixli müvafiq protokol əsasında məhz Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: səh. 16). Məhkəmə baxışı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2061 №-li rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edən narkomandır, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilb götürülmüş narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun aşkar edilb götürülmüş psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində cinayət işi üzrə xx xxxx 2020-ci il tarixli əməliyyat tapşırığı ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri müsbət nəticə verməmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri konkret olaraq kimlərə, hansı yolla və ya hansı üsulla satmasını müəyyən etmək mümkün olmamış, bu istiqamətdə onun konkret şəxslərlə əlaqəsinin olması təsdiq olunmamış, həmçinin ondan aşkar olunub götürülən psixotrop maddənin mənbəyi müəyyənləşdirilməmişdir (iş vərəqə: səh. 87, 101). İş üzrə Təqsirləndirilən şəxs isə ondan aşkar olunan psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığını, onun satışı ilə məşğul olmasını hələ ibtidai istintaqın ilk günündən ibtidai istintaq yekunlaşdırılanadək, həmçinin məhkəmə baxışı zamanı dindirilərkən inkar etmiş, aşkar olunan psixotrop maddəni 250 manata alıb əldə etdiyini, bir qismini saxlanılanadək istifadə etdiyini və qalan hissəsini isə şəxsi istifadəsi məqsədilə saxladığını etiraf etmişdir. Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən metamfetamin psixotrop maddəsinin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa bir cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: səh. 109-114, 116-117). Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir(iş vərəqə: səh. 113). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndindən göründüyü kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları ilə yanaşı başqa sübutların da olması zəruridir ki, istintaq orqanı tərəfindən belə sübutlar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş metamfetamin psixotrop maddəsinin külli miqdarda olmaqla bir ədəd bükümdə olması bir fakt oldsa da, Təqsirləndirilən şəxs adı çəkilən həmin psixotrop maddəni satış məqsədilə əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun xx xxxx 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən «metafetamin» psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,986 qram təşkil etsə də, həmin miqdar təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən «metafetamin» psixotrop maddəsinin kütləsinin 5,986 qram olmaqla külli miqdar təşkil etməsi, həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh.96). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını və tutduğu əməldən səmimi peşimanlığını ifadə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmasa belə, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutuldluğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 2061 №-li rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutlarla əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülməklə Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra metamfetamin psixotrop maddəsinin qalıq qalmış 5,936 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəməo H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin maddi sübutların saxlancı yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,936 qram çəkidə metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar