Məhkəmə qərarları › İş №1(101)-290/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-290/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-290/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibləri X6 və X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 24 saylı Vəkil bürosunun vəkili X4, Tərcüməçi – X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 Yaşayış Massivi 3 saylı evdə qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında evində baş vermiş xırda talama barədə arvadı Qanuni nümayəndə polisə müraciət etməsi səbəbindən aralarındakı qonşuluq münasibətləri pozulmuş Zərərçəkmiş şəxs vəd etdikləri altı aya ödənilməli olan 1200 manat pulun ikinci ayının ödənişinin gecikdirilməsi səbəbindən onun atasını telefonda təhqir etməsindən əsəbiləşib 22 iyun 2021-ci ildə yaşadığı məhəllədəki mağazadan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı bıçaq alıb saat 22:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozundakı yeni yaşayış massivindəki evinin qarşısına gələrək Zərərçəkmiş şəxs çölə çağırıb atasını təhqir etdiyinə görə iradını bildirib hələlik ona və arvadına ödəniləcək məbləğdən 50 manatını qəbul etməyi təklif edəndə Zərərçəkmiş şəxs pulu qəbul etmək əvəzinə onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsindən pərt olub daha da hiddətlənərək özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninə qəsdən bir ədəd zərbə endirib ona posthemorraqik (qan itirmə) şokla müşayiət olunan sağ böyrək və köndələn çənbər bağırsağın yaralanması, sağ onurğanı düzləndirən əzələnin kəsilməsinə səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 ədəd deşici-kəsici alətin təsirindən törənən həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 22.06.2021-ci ildə saat 22 radələrində işdən evə gələndən sonra duş qəbul etmək üçün hamam otağına daxil olmuşdur. Hamam otağında olarkən yan otaqda atası Rövşənin telefonla danışdığını, mübahisə etdiyini, onunla danışan Keremin atasını nəlayiq sözlərlə təhqir etdiyini eşitmiş və bu onu bərk əsəbləşdirmişdir. Hamamdan çıxıb geyinib evdən getmiş və Keremin evinin qarşısına getmişdir. O, Keremi çağırıb atasının ona pul göndərməsini bildirmişdir. Kerem isə atası ilə danışması üçün ona gözləməyi tapşırmışdır. Kerem onun atasına zəng etmiş lakin atası telefonu açmamışdır. O, Keremə 50 manatı uzadanda Kerem «pulu istəmirəm, get ananı gətir» deyə cavab vermişdir. Keremin bu sözündən sonra o cibindəki bıçağı çıxardıb Keremin böyründən bir zərbə endirmişdir. Kerem yerə yıxılmış, o isə bıçağı yerə atıb qaçmışdır. Oradan taksi ilə Bakıxanov qəsəbəsinə əmisi Aqilgilə gəlmişdir. Hadisəni ona danışandan sonra əmisi Aqil atasına zəng etmiş və atasının hadisədən məlumatı olmasını öyrənmək məqsədi ilə onu soruşmuşdur. AtasıRövşənin cavabından məlum olmuşdur ki, onun hadisədən məlumatı yoxdur. Aqil ikinci dəfə Rövşənlə danışanda hadisə barədə məlumat vermiş və Aqil onu 12-ci Polis şöbəsinə aparmışdır. Polis əməkdaşları ondan izahat almış, bıçağı tapmaq üçün onunla hadisə yerinə getmiş və Keremi vurduğu bıçağı tapıb götürmüşlər. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2005-cİ ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş və həmin vaxtdan Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşayıb, soyuducu təmiri ilə məşğul olmuşdur. 2007-ci ildə Ellada adlı qadınla qeyri-rəsmi olaraq nikaha daxil olmuş, sonradan nikahı rəsmiləşdirmişlər. Ellada ilə nikahdan 2 övladları olmuşdur. Hadisədən 3 ay əvvəl arvadı Ellada 2 övladı ilə Suraxanı rayonunda yerləşən evlərində, o isə Elladanın 1 -ci nikahdan olan oğlu Vüsal ilə Südçülük sovxozu ərazindəki fərdi evdə yaşamışdır. Ellada müəyyən vaxtdan sonra onun Vüsalla yaşadığı evə qayıtmışdır. Evin yataq otağından metaldan seyf olmuşdur. Həmin metal seyfdə arvadı özünə məxsus əşyaları saxlamışdır. Arvadı Hovsan qəsəbəsindən yaşadıqları evə qayıdan gün Kerem təsadüfən həmin metal seyfin arxa tərəfinin sındırılmasını görmüşdür. Metal seyfin içərisinə baxanda heç bir əşya olmadığını müəyyən etmiş və dərhal Elladaya məlumat vermişdir. Ellada da baxıb bidirmişdir ki, pulu və bəzək əşyaları yoxdur. O, 12-ci Polis şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi, Elladanın oğlu Vüsal seyfi tanışı İlhamla birlikdə kəsmələrini, seyfdə 20 manatdan başqa heç nə olmadığını söyləmişdir. Polis əməkdaşları gələndən sonra Ellada baş vermiş hadisə və onu törədənlər barədə məlumat vermiş və qızıl-zinət əşyalarının oğurlanmasını bildirib ərizə yazmışdır. Polis əməkdaşları İlhamı polis şöbəsinə aparmışlar. Polis şöbəsində təsdiq olunmuşdur ki, seyfi İlham sındırıb və əmlakı Vüsalla bölüblər. İlham seyfdə qızıl olmamasını, sadə üzüklərin olmasını və onları atmasını bildirmişdir. Ellada isə qızıl üzüklər olmasını demişdir. Hadisədən bir müddət sonra İlhamın atası və əmisi onlara gəlmişlər. Onlar dəymiş ziyanı ödəyəcəklərini vəd edib şikayətdən imtina olunmasını xahiş etmişlər. Ellada bildirmişdi ki, seyfdən 1200 manat dəyərində qızıl məmulatları oğurlanıb. İlhamın atası Rövşən həmin ziyanı ayda 200 manat olmaqla ödəyəcəyini vəd etmişdir. Elladanın razılaşmadığını görüb o da Elladadan xahiş etmişdir ki, razılaşsın. Ellada isə şərt qoymuşdur ki, Rövşən vaxtı- vaxtında pulu ödəmədiyi halda, pulu ondan alacaqdır. O, Rövşənlə danışıb pulun ödənilməsinə əmin olduqdan sonra razılaşmışdır. Bundan sonra Ellada şikayətindən imtina etmişdir. Bu şəbədən Rövşənin ailəsi ilə münasibətlər pisləşmişdir. Razılaşmadan sonra Rövşən ilk ödəniş kimi 200 manatı vermişdir. Növbəti ay isə pulu vaxtında ödəməmiş və 15 gün vaxt istəmişdir. Həmin vaxt tamam olanda pul ödənilməmişdir. Məcburiyyət qarşısında qalıb hadisə günü 22.06.2021-ci ildə Rövşənə zəng etmiş və nə üçün vədinə əməl etməməsini soruşmuşdur. Rövşən əmək haqqı almaması səbəbindən pulu ödəyə bilmədiyini deyəndə, o Rövşənə irad tutub «kişi kimi söz verdin əməl etmirsən» cavabını vermişdir. Onların arasında sözlə mübahisə düşmüş və bir-birlərini nalayiq ifadələrlə təhqir etmişlər. Təxminən 5-10 dəqiqədən sonra Rövşənin oğlu İlham onun yaşadığı evin qarşısına gəlmişdir. O evin qarşısında olmuşdur. İlham yaxınlaşıb atasının onu dəvət etməsini bildirmişdir. O isə əsəbi halda «atanın sözü varsa, özü yaxınlaşsın»- deyə cavab vermişdir. İlham pulun bir hissəsini verməyə hazır olduğunu, ancaq atasını nahaq təhqir etdiyini söyləmişdir. O isə ona «sənin atan kişi deyil, söz verdi əməl etmədi» cavab vermişdir. Onun bu sözündən sonra aralarında mübahisə yaranmış, o İlhamın və atasının ünvanına nalayiq ifadələr işlətmişdir. İham onun sözlərindən əsəbləşmiş və hansısa predmetlə onun sağ yan tərəfindən zərbə vurmuşdur. O zərbədən yerə yıxılmış və huşunu itirmişdir. Bundan sonra nə baş verməsini xatırlamır. Özünə gələndə xəstəxanada əməliyyat olunduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ramana Gülçülük sovxozu yeni massivdə yaşayır. Qənirə ilə nikahdan İlham və Sənan adlı iki övladları vardır. İlham qonşuluqda yaşayan Vüsalla dostluq etmişdir. Vüsalın anası Ellada Türkiyə vətəndaşına ərə getmişdir. Bir müddət əvvəl məlum olmuşdur ki, İlham Vüsalgildə olarkən onunla birlikdə seyfi açmış və 20 manat pul oğuramışlar. Vüsalın anası iddia etmişdir ki, seyfdə qızıl üzüklər olubdur. İlham isə seyfdə qızıl yox, sadə üzüklərin olmasını bildirmişdir. Lakin Ellada dediyindən əl çəkməmiş və polisə şikayət etmişdir. Şakayətini geri götürmək üçün ona ayda 200 manat olmaqla 6 ay ödəməyə razılaşmışlar. Həmin vaxtdan münasibətləri pisləşmişdir. Birinci dəfə 2021-ci ilin may ayında ilk 200 manatı Vüsalın anası Elladaaya ödəmişdir. İkinci ay xəstəliyi ilə əlaqədar işləmədiyi üçün ödəniş edə bilməmiş və iyun ayının 20-nə qədər pulun ödənilməsinə vaxt almışdır. Ellada hesab nömrəsi verməsini pulu həmin hesaba köçürəcəyini təklif etmişdir. Elladaya hesab nömrəsi və verməkdən imtina etmiş və pulu məhəllədə yerləşən Sadiqin ərzaq mağazasına verməyi bildirmişdir. O, razılaşmışdır. Elladaya 22.06.2021 -ci ildə 100 manat, ayın sonunda isə əlavə 100 manat da ödəyəcəyini vəd etmişdir. Onunla danışandan sonra Elladanın əri Kerem zəng etmiş və pulu nə üçün gətirməməyinin səbəbini soruşanda, o Elladanın pulun Keremə yox, mağazaya verilməsini tələb etdini demişdir. Bu sözlərdən sonra Kerem onu təhqir etiş və evinə çağırmışdır. O, Keremin içkili olduğunu danışığından hiss edib əhəmiyyət verməmiş və Elladaya zəng edib məlumat vermişdir. Ellada Keremin içkili olduğunu təsdiq etmiş və onlara gəlməməyi, Keremlə görüşməməyi məsləhət görmüşdür. Kerem ona qarşı nalayiq söyüşlər ifadə edərkən oğlu İlham təsadüfən eşitmişdir. Həmin vaxt Kerem onu təhqir edəndə aralarında sözlə mübahisə başlamış və İlham həmin mübahisəni eşitmişdir. Saat 22 radələrində İlhamın evdən çıxdığını görüb hara getməsini soruşanda, İlham marketə gedib qayıdacağını söyləmişdir. Bir müddət keçəndən sonra qardaşı Aqil zəng edib İlhamı soruşmuşdur. O İlhamın marketə getməsini bildirmişdir. İkinci dəfə zəng edəndə Aqil məlumat vermişdir ki, İlham Keremi bıçaqla vurub və onlara gəlib. Aqilin zəngindən sonra evə polis əməkdaşları gəlmiş və hadisə barədə məlumat vermişlər. O Aqilə zəng vurmuş və polis əməkdaşı Aqillə danışmış, Aqil İlhamı polis şöbəsinə gətirəcəyini vəd etmişdir. Polis şöbəsində İlham ona bildirmişdir ki, Keremin yanına gedib ona 50 manat təklif edəndə, Kerem cavab vermişdir ki, 50 manatı cibinə qoy, get borcun əvəzinə ananı gətir. Buna əsəbləşən İlham özündə olan bıçaqla Keremə zərbə vurub və oradan taksi ilə əmisigilə Bakıxanov qəsəbəsinə gedib, hadisəni əmisi Aqilə danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22.06.2021- ci ildə saat 23 radələrində yaşadığı evdə olarkən qardaşı oğlu İlham gəlmişdir. İçəri daxil olandan sonra İlham məlumat vermişdir ki, bir nəfəri bıçaqla vurmuşdur. Aqil maraqlananda İlham söyləmişdir ki, həmin şəxsə olan borclarını vermək üçün onun evinə getmiş və pulu vermək istəyəndə Kerem adlı şəxs pulu götürməyib, «get ananı gətir»-deyə cavab vermişdir. İlham buna görə özündə olan bıçaqla onu vurmuşdur. O, İlhamın atası Rövşənə zəng vurmuş və İlhamın harada olmasını soruşmuşdur. X8 marketə getməsini demişdir. Başa düşmüşdür ki, Rövşənin hadisədən məlumatı yoxdur. Bir neçə dəqiqə sonra yenə Rövşənə zəng vurub baş vermiş hadisə barədə məlumat verib İlhamın onun evində olduğunu söyləmişdir. Onunla danışandan bir müddə keçmiş Rövşən zəng etmiş və polis əməkdaşlarının gəlməsini bildirmişdir. Bundan sonra İlhamla polis şöbəsinə getmiş onu təhvil vermişdir. İlhamın atası da polis bölməsinə gəlmişdir. Məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyən Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla dostluq etmişdir, bir-birlərinin evinə gedibgəlmişlər. 22.06.2021-ci ildə İlhamın atalığı Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmişdir. Həmin vaxt evdə olmuşdur. Həyətə düşəndə atalığının yerdə uzanmış və huşsuz vəziyyətdə olduğunu görmüşdür. Bu barədə anasına məlumat vermişdir. Təcili Tibbi yardım çağırmış və atalığını xəstəxanaya aparmışlar. Sonradan bilmişdir ki, atalığını bıçaqla İlham vurmuşdur. Bu barədə atalığı özünə gələndən sonra bildirmişdir. İlhamın atası ilə münasibətləri 2021 -ci ilin aprel ayında pozulmuşdur. Həmin ərəfədə anası, yataq xəstəsi olan anasına qulluq etmək üçün onun evinə getmişdir. O atalığı ilə evdə tək qalmışdır. Atalığı Kerem səhər 7-də işə getmiş və axşam 8-də qayıtmışdır. Evin açarları onda və atalığında olmuşdur. Anası evdə az pul qoymuş, ərzaq isə qurtarmışdır. Həmin vaxt evə qonaq kimi dəvət etdiyi İlham evi gəzmiş və seyfi görmüşdür. İlham seyfdə nə olduğunu soruşmuş, o anasının əşyalarını saxlamasını demişdir. İlham arxa tərəfdən seyfin divarının arasında olan dəlikdən içəri baxmış və pul olmasını bildirmiş, seyfi sındırmağı təklif etmişdir. O, razılaşmış və İlham onun gətirdiyi çəkiclə seyfin arxa tərəfini sındırmışdır. Seyfdə pul qabı, 20 manat pul, dəsmal və üzüklər olmuşdur. Onlar pulu götürmüş və ac olduqları üçün kafeyə gedib nahar etmişlər. Üzükləri, qızıl olmadığından yolda pul qabı ilə birlikdə atmışlar. Hara atdıqlarını xatırlamır. Anası evə qayıdandan sonra seyfin sındırılmasını bilmiş və şikayət etmişdir. Ondan soruşanda etiraf etmişdir ki, seyfdəki 20 manatı İlhamla götürmüşdür. Anası polisə məlumat vermişdir. Sonra İlhamı polis bölməsinə aparmışlar. Anası seyfdə üzüklərin olmasını, lakin o seyfdə üzük görmədiyini demişdir. Anasına üzükləri atdıqlarını demək istəməmişdir. Bundan sonra İlhamın atası hər ay anasına 200 manat ödəməyi razılaşmışdır. Bununla da münasibətləri pozulmuşdur. İlhamın Keremi vurmamışdan qabaq Keremin İlhamın atası ilə danışmasını eşitməmiş İlhamın evin qarşısına gəlməsini görməmişdir. Telefonun və kabelin oğurlanması ilə bağlı Şahid2 göstərmişdir ki, telefonu oğurlamamışdır. Telefonu anası ona bağışlamışdır. Ac olduğu üçün İlhama həmin telefonu satmağı təklif etmişdir və internet vasitəsi ilə telefonu bir qıza 100 manata satmışlar. Onunla görüşüb telefonu vermiş və 100 manatı almışdır. Həmin pula evə ərzaq almış və bir hissəsini İlhamla kafedə nahar yeməyinə sərf etmişdi. Kabeli də metal qəbulu məntəqəsinə satmaq istəmişdir. Bu barədə İlhama demiş, İlham gəlmiş və evdə olan kabeli götürüb metal qəbulu məntəqəsinə aparmış, məntəqənin xatırlamadığı işçisi baxıb 20 manat təklif etmişdir. Həmin pulu da İlhamla kafedə yeməyə sərf etmişlər. Telefonu alan qız telefonu geri qaytarmaq istədiyini bildirmişdir. Bundan sonra Vüsal anasına telefonu satdığını, lakin alıcının qaytarmaq istədiyini, pulu isə İlhamla xərclədiiyni demişdir. Bu barədə İlhamın valideynlərinə məlumat vermişlər. İlhamın valideyinləri 50 manat və onun valideynləri 50 manat vermişlər. Onlar telefonu geri almış və qızın pulunu qaytarmışlar. Məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyən şahid Qanuni nümayəndə ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, hadisədən təxminən 4 ay əvvəl yaşadığı Ramana qəsəbəsi, Südçülük saxozunda yerləşən nömrəsiz evdə ona məxsus 3 adda müxtəlif zərgərlik məmulatlarının və digər əşyaların oğurlanması faktına dair Sabunçu RPİ-nin 12ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluğu oğlu Şahid2 ilə qonşulqda yaşayan Təqsirləndirilən şəxs birgə törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs o evdə olmadığı vaxtda onun yaşadığı evə gəlib oğlu Vüsal ilə razılaşdıqdan sonra yataq otağında olan seyfi balta ilə yarıb, oradan ona məxsus üzükləri və ona məxsus, lakin Vüsalın öz istifadəsində olmuş mobil telefonu, 20 manatı, pul qabını oğurlamışlar. Baş vermiş hadisədən sonra İlhamın atası Rövşən xahiş etmişdir ki, o şikayətindən imtina etsin, 6 ay müddətində hər ay 200 manat olmaqla ona ümumilikdə 1200 manat ödəyəcəkdir. O əvvəlcə razılaşmasa da, sonradan ərinin xahişi ilə onunla razılaşmışdır. Bundan sonra Polis şöbəsinə gedərək, məzilində baş vermiş oğuruluq faktı ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını bildirmişdir. İlhamın atası Rövşən birinci ay 200 manat ödəniş etmişdir. İkinci ay isə gecikdirdiyi üçün o əri ilə sözlə mübahisə etmiş və demişdir ki, «sən mənə bildirməsəydin, mən Rövşənin xahişini nəzərə almayacaqdım». Əri Kerem ödənişin gecikdirilməsi səbəbini öyrənmək üçün Rövşənə zəng etmişdir. Onların arasında sözlə mübahisə olmuş və bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bundan bir neçə dəqiqə sonra İlham yaşadıqları evin qarşısına gəlmiş və əlində olan bıçaqla Keremi vurub ona ağır xəsarət yetirmişdir. Özü hadisəni görməmiş, bu barədə ona Kerem danışmışdır. Hadisə baş verəndə o evdə olmuşdur. Vüsal gəlib Keremin küçədə uzanmış vəziyyətdə, qanın içərisində olmasını söyləmiş, ancaq nə baş verməsini deməmiş, o tez təcili yardım çağırmışdır. Qanuni nümayəndə ifadəsində həmçinn bildirmişdir ki, seyfdə olan üzüklər qızıl olmamışdır. Polis şöbəsində aparılan araşdırma zamanı üzüklərin qızılı olmasını demiş, təhqiqatçı onu düz başa düşməmişdir. 1200 manatı isə ona vurulan maddi və mənəvi ziyana görə istəmişdir. Telefon onun olsa da, Vüsal istifadə etmiş və telefonu Vüsala bağışlamışdır. Kabel də əvvəl oğurlanıb. Kabel az idi, 20 manata almışdır. Qızılı rəngli üzüklər, 20 manat və pul qabı sonuncu dəfə seyfdən oğurlanmışdır. Üzüklərin hər birinin qiyməti 5 manat olmuşdur. Pul qabını çoxdan almış və qiyməti 2 manat olmuşdur. Əsasən mənəvi ziyana görə dəymiş ziyanın 1200 manat olmasını demişdir. Seyfin sındırılması və oradakı əşyaların oğurlanmasından bərk əsəbləşmişdir. Vüsal həmin əşyaların İlham tərəfindən oğurlanmasını bildirəndə və əvvəl də evdən kabel oğuladığı üçün onu və ailəsini maddi cəhətdən cəzalandırmaq istəmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 957 nömrəli 06.07.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs posthemorraqik (qan itirmə) şokla müşayiət olunan sağ böyrək və köndələn çənbər bağırsağın yaralanması, sağ onurğanı düzləndirən əzələnin kəsilməsinə səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 ədəd deşici-kəsici alətin təsirindən törənən həyatı üçün təhlükəli olan ağır xəsarət aşkar olunmuşdur. Cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmətibbi-kriminalistik ekspertizasının 02.09.2021 -ci il tarixli 495/MTKŞ- 2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş posthemorraqik (qan itirmə) şokla müşayiət olunan sağ böyrək və köndələn çənbər bağırsağın yaralanması, sağ onurğanı düzləndirən əzələnin kəsilməsinə səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 ədəd deşici-kəsici alətin təsirindən töranən həyatı üçün təhlükəli olan ağır xəsarət deşici əşyanın təsirindən törənmiş, eləcə də ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənə bilər. Ekspertə təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı məbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəməpsixiatrik və psixoloji ekspertizanın 27.08.2021-ci il tarixli 1954 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, CM-in 21-22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixiemosional sferasında hirslilik yaranmış, həmin halların yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş barışıq ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Xocalı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10.01.2022-ci il tarixli arayışından görünür ki, Şahid3 Xocalı faciəsi zamanı girov götürülmüş və iki aya yaxın müddətə girovluqda saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs idman sahəsində dəfələrlə göstərdiyi xüsusi naliyyətlərə görə - “Sindo-ryu” və “Pençak Silat” idman növləri üzrə Azərbaycan birincilyində 1-ci yerin qalibi olmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, hadisədən sonra əmisi ilə birlikdə könüllü olaraq polis bölməsinə gedib törətdiyi cinayətini etiraf edib təslim olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını və onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin ediləcək cəzanın müddəti 6 (altı) ildən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 25 iyun 2021-ci il tarixdən hökmün elan edildiyi 24 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün cəmi 07 (yeddi) ay 01 (bir) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 25 iyun 2021-ci il tarixdən hökmün elan edildiyi 24 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 29 (iyirmi doqquz) gün cəmi, 07 (yeddi) ay 01(bir) gün ona təyin edilmiş 03 (üç ) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki ) il 04 (dörd ) ay 29 ( iyirmi doqquz ) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar