Məhkəmə qərarları › İş №1(101)-290/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-290/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-290/2023 05.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:15 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Femida” Vəkil Bürosunun vəkili X10, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1977-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 200 saylı orta məktəbdə müəllimə işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, xx xxx 1973-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 71 saylı orta məktəbdə müəllimə işləyən, ünvan 2 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, İstixana kombinatı, yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxslərin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və X4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, razılaşdırdıqları plana uyğun hərəkət edərək Təqsirləndirilən şəxs1 Bakı şəhəri 200 saylı orta məktəbdə direktor müavini işləyən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində güya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə 38000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edib aldatmış və inandırmışdır. Bundan sonra, vəd verdiyi üsulla Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyini söz verdiyi Zərərçəkmiş şəxs1 sonuncunun işlədiyi Bakı şəhəri 200 saylı orta məktəbdə xidməti otağında 2016-cı ilin noyabr ayının ortalarında 8000 manat, 19 noyabr 2016-cı il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanın qarşısında 30000 manat alaraq, Zərərçəkmiş şəxs1 xeyli miqdarda - ümumilikdə 38000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və X4 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşdırdıqları plana uyğun hərəkət edərək, 17000 manat pul müqabilində Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında aldığı magistr təhsilinə dair diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə təsdiq etdirəcəklərinə və Bakı şəhərində orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vəd verib inandırmaqla aldatmış, Zərərçəkmiş şəxs2 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 5 ünvanında yerləşən «Mado» restoranında 5000 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə ünvan 6 ünvanında yerləşən «Şəkər Bala» uşaq bağçasının qarşısında 12000 manat pulu alaraq, sonradan verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs2 Cəlal qızına xeyli miqdarda – ümumilikdə 17000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərdi ki, o, 1994-cü ildən hal-hazıradək Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Zərərçəkmiş şəxs1 isə onun işlədiyi həmin məktəbə 2002-ci ildə direktor müavini vəzifəsinə təyin olunmuşdur. Zərərçəkmiş şəxs1 ilə münasibəti əvvəllər xidməti işi ilə bağlı olsa da, sonralar iş yoldaşı kimi daha yaxın münasibətləri yaranmışdır. 2007-ci ildə şəxsi işləri ilə əlaqədar pula ehtiyacı olduğu üçün Arzudan 500 manat borc pul almış və bir müddət sonra həmin pulu qaytarmışdır. Sonrakı vaxtlarda söhbət əsnasında Arzuya “mənim faizə, yəni sələmə pul götürmək istəyən tanışlarım var, əgər imkanınız varsa pul verin, mən də həmin pulu sələmə verib əvəzində veriləcək pulları yığıb sizə çatdırım” deyə bildirmişdir. Arzu müəllimə sələmə pul verməyə razılaşmış və təxminən 2012-ci ildən başlayaraq Zərərçəkmiş şəxs1 müxtəlif məbləğlərdə pul götürüb aylıq 5% sələm haqqı müqabilində ayrı-ayrı tanışlarına vermişdir. 2014-cü ildə Arzudan 5%-lə sələmə 2000 manat pul götürüb öz xalası oğlu Ramil İbrahimova vermiş, sonuncu da əsas məbləğdən əlavə hər ay 100 manat faiz pulu ödəmişdir. Ramil bu qaydada 2000 manat pulun faizini də verməklə dörd-beş ay ərzində borcunu tamamilə ödəyib qurtarmışdır. Bundan başqa o, 2015-ci ildə Zərərçəkmiş şəxs1 məktəbdə idman müəlliməsi işləyən Hafizə Mədətova üçün 3200 manat pul almış və həmin pulu sonuncuya 5%-lə sələmə vermişdir. Hafizə Mədətova həmin pulun müqabilində əsas məbləğ yerində qalmaq şərtilə hər ay faiz olaraq 160 manat əlavə pul ödəmişdir. Bütün bu haqq-hesabların gedişində pullar vaxtlı-vaxtında ödənildiyindən Arzu müəllimə ilə aralarında heç vaxt narazılıq olmamışdır. 2016-cı ilin fevral ayında qardaşı Şahid7 iş yerində yıxılıb onurğa sümüyündən xəsarət aldığı üçün xeyli müddət evdə yataq xəstəsi kimi qalmışdır. Həm özü, həm qardaşı ağır maddi vəziyyətdə olduqlarından özündən başqa kömək edəcək kimsəsi olmayan qardaşının müalicə və dərman xərclərini qarşılamaqda çox böyük çətinliklərlə üzləşmişdir. Anasının xəstəliyi vəziyyəti daha da ağırlaşdırmışdır. Başqa heç yerdən maddi dəstəyi olmadığından Arzu müəlliməyə müraciət edib vəziyyəti danışaraq özü üçün aylıq 5% sələm haqqı ilə 10000 manat məbləğində faizə pul götürmüşdür. İlk vaxtlar həmin pula görə ayda 500 manat sələm haqqı ödəsə də sonradan onları ödəyə bilməmişdir. Həqiqətən də 2016-cı ilin noyabr ayının ortalarında 200 saylı orta məktəbdə xidməti otağında Arzu xanımdan 8000 manat pul almışdır. Həmin vaxt rəfiqəsi Zülfiyyə də onun yanına məktəbə gəlmiş, o da Arzu xanımla görüşmüşdür. Onun sonrakı müddət ərzində şəxslərə də borcları yaranmışdır. Ona görə 12 may 2017-cı il tarixdə Zərərçəkmiş şəxs1 yenə eyni qaydada aylıq 5% sələm haqqı ilə daha 3000 manat pul götürüb bir neçə başqa şəxslərə olan borclarını ödəmişdir. Daha sonra yenidən borcları yarandığı üçün 28 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 eynilə əvvəlkilər kimi aylıq 5% sələm haqqı müqabilində 8000 manat faizə pul götürmüşdür. Ehtiyacı olduğundan sonuncu dəfə Zərərçəkmiş şəxs1 05 sentyabr 2017-ci il tarixdə aylıq 5% sələm haqqı ilə əlavə 2000 manat pul götürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 götürdüyü ümumilikdə 23000 manat pulun fazilərini ödəyə bilmədiyi üçün ona olan borcları getdikcə artmağa başlamış, yavaş-yavaş Arzu müəllimənin narazılıqları başlamışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs1 ona götürdüyü pulara görə faizləri ilə birlikdə faktiki ödəməli olduğu borcunun artıq 40000 manata çatdığını deyərək bu məbləğdə pul tələb etməyə başlamışdır. Amma imkanı olmadığından nəinki faizlərini, heç ana məbləği belə ödəyə bilməmişdir. 2017-ci ilin sentyabr ayında Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Sarı market”in qarşısında Arzunun polisdə yüksək vəzifədə işləyən oğlu Turalla görüşmüşdür. Həmin vaxt Tural ona anasına olan 40000 manat borcunun müqabilində 9 ayrı şəxsə məxsus sənədləri təqdim edərək bildirmişdir ki, onlara olan borcundan 30000 manatının müqabilində həmin şəxsləri Bakı şəhərində olan müxtəlif orta məktəblərə direktor və müəllimə vəzifələrinə təyin etdirsin. O, bundan dərhal imtina etmiş, belə bir imkanının və tanışlarının olmadığını demiş, amma Tural polis olduğundan və onu hədələdiyindən qorxaraq həmin şəxsləri işə düzəltməyə çalışacağını bildirmişdir. Arzunun təhdidlərindən qorxduğundan Zülfiyyə adlı rəfiqəsinin əri polisdə işlədiyi üçün ona zəng edib məsləhət almış, düşdüyü vəziyyəti danışmışdır. Buna görə Arzu həm ondan, həm də Zülfiyyədən şikayət etmişdir. Arzunun şikayət ərizələrində, ifadələrində göstərdikləri şər və böhtandır. İstintaqa təqdim edilmiş Zərərçəkmiş şəxs1 ilə telefon danışıqları və “WhatsApp” səs yazılarında olan səs ona məxsusdur. O, Zərərçəkmiş şəxs1 onu və tanışlarını Bakı şəhərində müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirmək adı ilə heç bir halda 118000 manat pul almamışdır, sadəcə sələmə götürdüyü pulların müqabilində Arzuya 40000 manat borcu vardır. Zərərçəkmiş şəxs1 dediyi kimi guya direktor təyin olunacaq şəxsləri heç vaxt görməmiş və tanımamışdır. Arzu müəllimənin özü də uydurma bir şəkildə fikirləşib ki, guya kimlərinsə əvəzində özü pul verib pulu olmayan adamları direktor təyin elətdirmək istəyibmiş. Nərimanov rayonunda yerləşən 202 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəlliməsi işləyən Zərərçəkmiş şəxs2 xeyli müddətdir ki tanıyır, onunla təlimdə olduqları zaman tanış olmuşdur. Onunla eyni məktəbdə müəllimə işləyən Təqsirləndirilən şəxs2 20 ildən artıqdır ki, tanıyır. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 ona müraciət edərək ona pul lazım olduğunu, faizə pul verən adam axtardığını deyərək belə bir adam tanıyıb-tanımadığını soruşmuşdur. O da Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs2 lazım olan pulu tapıb verməsini xahiş etmiş, Gülşən də bir nəfər şəxsdən aylıq 10% sələm haqqı olmaqla 5000 manat pul tapıb verəcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayında Nərimanov rayonunda yerləşən «Mado» restoranında Gülşənlə görüşmüşlər, sonuncu da 5000 manat pulu Zülfıyyəyə vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 sələm haqqı ilə birlikdə tələb etdiyi pul artıqlamasilə ona ödənilib. Belə ki, 40000 manatın əvəzinə ona artıq hazırkı vaxta 42000 manat pul ödənilib. Bütün bu müddət ərzində Arzu Nəzərəvadan xahişləri ancaq o olub ki, artıq pul tələb etməsin, bu yaşında onu şərə salmasın və məsuliyyət qabağında qoymasın. Amma uzunuzadı aparılan danışıqlar heç bir nəticə verməmişdir. Zərərçəkmiş şəxs1 əsassız tələb etdiyi ümumilikdə əlavə 80000 manat məsələsi tam uydurmadır. Sonradan öz aralarında olan söhbətlərdə Arzu müəllimə bu məbləğin yarısını, yəni ümumi 118000 manatın yarısını ödəyəcəkləri halda şikayətini geri götürəcəyini bildirmişdir. Uzun-uzadı bununla bağlı aralarında danışıqlar getsə də, Arzu müəllimə insafa gəlib razılaşmamışdır. Amma onun pul verməyə heç bir imkanı yoxdur. Arzu xanıma ödənilmiş 42000 manat pulun da əksər hissəsini Zülfiyyə qohum-əqrabadan, tanışlardan borc kimi yığıb vermişdir. Zərərçəkmiş şəxs1 2019-cu ildə Bakı şəhəri 162 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyinat alandan sonra da onlardan əsassız tələblərini davam etdirmiş, istədiyinə nail olacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 ilə bağlı məsələdə isə səhvə yol verdiyini başa düşür. Həqiqətən Gülşəndən diplomun təsdiq etdirilməsi, vəzifədə irəli getməsi üçün müəyyən köməklik göstərəcəyi adı ilə 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 5 ünvanında yerləşən «Mado» restoranında 5000 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə ünvan 6 ünvanında yerləşən «Şəkər Bala» uşaq bağçasının qarşısında 12000 manat pul aldığını, bu məsələdə Təqsirləndirilən şəxs2 da müəyyən rolunun olduğunu etiraf edir. Həmin məsələ sonradan qarşılıqlı razılıqla həll olunmuşdur. Gülşənin pulunu tam şəkildə ödəmişlər və barışıq əldə olunmuşdur. Ona görə də məhkəmədən bütün bu halların, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam şəkildə ödənilməsinin, barışıq əldə olunmasının, heç bir tələb və şikayətin olmamasının, habelə Zərərçəkmiş şəxs1 tələb etməli olduğu 38000 manatın hazırda artıqlaması ilə ödənilməsinin, Zərərçəkmiş şəxs1 başqa heç bir məbləğdə pul almadıqlarının, yaşının, qadın olmasının, 30 ilə yaxın müddətdə ibtidai sinif müəlliməsi kimi qüsursuz pedaqoji fəaliyyətlə məşğul olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərdi ki, 2006-cı ildən hal-hazıradək Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Zərərçəkmiş şəxs1 rəfiqəsi Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Billurəni isə təxminən 20 ilə yaxın müddətdə tanıyır və aralarında yaxın rəfiqəlik münasibəti vardır. Billurənin anası və qardaşı ağır xəstə olduqlarından tez-tez onlara gedib baş çəkmiş, ağır maddi vəziyyətdə olduqlarından imkanı çatan qədər Billurəyə köməklik etmişdir. Anası və qardaşının ağır müalicə və dərman xərclərini necə qarşıladığını soruşduqda Billurə bu xərclərin öhdəsindən gəlmək üçün işlədiyi 200 saylı orta məktəbdə Zərərçəkmiş şəxs1 adlı imkanlı direktor müavinindən sələmə faizlə pul götürdüyünü bildirmişdir. Billurənin maddi vəziyyəti çox ağır olduğu üçün dəfələrlə ondan da faizə pul verən tanışının olub-olmadığını soruşmuş, o da elə bir tanışının olmadığını bildirmişdir. 2016-ci ilin noyabr ayının əvvəllərində Billurə onun evinə qonaq gələrək işlədiyi məktəbin direktor müavini Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 23000 manat faizə pul götürdüyünü, amma faizi ödəyə bilmədiyini, Arzunun deməsinə görə artıq ona faizlə birlikdə 40000 manat borcunun yarandığını bildirmişdir. Həmin ilin noyabr ayının ortalarında o özü də Billurə və Arzunun işlədiyi məktəbdə həqiqətn olmuş, gedişinin səbəbi isə Billurənin özünü pis hiss etməsi olmuşdur. Amma həmin gedişində Arzu xanımla da görüşdüyünü xatırlayır. Billurə ona həmçinin bildirmişdir ki, Arzu yaxın zamanlarda icra hakimiyyətində yüksək vəzifədə işləyən bir qohumu vasitəsilə direktor vəzifəsinə təyin olunacağını deyərək bu səbəbdən iki gün ərizində onun 40000 manat pulunu qaytarmasını tələb etmişdir. O, Billurəyə “sən çalış həmin Arzu adlı qadından vaxt al, görək sənə nə kömək edə bilirik ki, onun pulunu qaytarasan” deyə məsləhət vermişdir. Bundan bir neçə gün sonra Billurə yenidən onun evinə gələrək Arzunun özünü direktor vəzifəsinə təyin etdirmək üçün ondan 40000 manat borcunu təkidlə tələb etdiyini bildirmişdir. Billurənin deməsinə görə sonuncu Arzuya “Arzu müəllimə, siz bilirsiz mənim özümün də Təhsil Nazirliyində tanışım var, mənə bir az vaxt verin, əgər istəsəniz mən həmin tanışım vasitəsilə sizə olan borcumun müqabilində sizi Bakı şəhərində yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə təyin elətdirim” deyə bildirmişdir. O da Billurəyə irad bildirib nazirlikdə tanışı olmadığı halda bir müddət sonra Arzu vəzifəyə təyin olunmayanda nə cavab verəcəyini soruşmuşdur. Billurə isə həmin sözü Arzuya borcunu qaytarmaq üçün vaxt qazanmaq məqsədilə dediyini bildirmişdir. Bir müddət keçdikdən sonra Arzu Billurənin onu heç bir yerə direktor təyin etdirə bilmədiyini görərək “bəs sən məni aldadırsan, pulumu yemisən, mən də həmin pula görə fazi ödəyirəm, pulumu qaytar” demişdir. Bu söhbətdən sonra Billurə ondan Arzu xanıma zəng edib həmin pulu nazirlikdə olan yaxınına verdiyini deməsini xahiş etmişdir. Billurəyə yazığı gəldiyi üçün onun xahişini qəbul etmiş və Arzuya zəng edərək Billurənin dediyi Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsi olduğunu, direktor təyin olunması ilə bağlı məsələ üzrə danışıqlar aparıldığını, narahat olmamasını bildirmişdir. Bundan sonra növbəti dəfə Billurə özünə məxsus telefonla Arzuya zəng edərək ona nazirlikdə işlədiyini dediyi həmin tanışının yanında olduğunu bildirib əvvəlcədən razılaşdıqları qaydada telefonu ona vermiş, o da telefonda Arzuyla salamlaşıb ona Billurənin dediyi adam olduğunu, işi ilə bağlı narahat olmamasını, işlərin qaydasında getdiyini və yaxında direktor vəzifəsinə təyin olunacağını deyərək ondan bir qədər vaxt istəmişdir. Bu söhbətdən bir müdət sonra Arzu müəllimə direktor təyin olunmadığını görüb yenidən Billurəni sıxışdırmağa başlamış, ondan pulunu tələb etmişdir. Billurə pulu qaytara bilmədiyi üçün yenə də onu müxtəlif vədlərlə yubatmışdır. Bu proseslərin gedişində Billurə bildirmişdir ki, artıq Zərərçəkmiş şəxs1 aldadılıb məsələsi uzadıldığına görə hirslənib ondan 40000 manat yox, 75000 manat pul tələb edir, tutduracağı ilə hədələyir. Billurə də tutulmaq qorxusundan Arzunun dediyini qəbul etmiş və onun yanına gələrək «sən yenə Arzu ilə danış, mənə vaxt al» deyə xahiş etmişdir. Bundan sonra Billurə Arzuya zəng edib onu nazirlikdə olan yaxını kimi təqdim edib telefonu ona vermiş, o da yenə Arzu ilə danışıb narahat olmamasını, məsələsinin həlli üzrə işlərin qaydasında davam etdiyini, bir qədər gözləməsini dedikdə sonuncu «mənə iş lazım deyil mənim pulumu geri qaytarın» deyə bildirmişdir. Bundan sonra 2017-ci ilin yay aylarının əvvəlində Billurə ona Arzunun polisdə yüksək vəzifədə işləyən oğlu Turalın onunla görüşmək istədiyini bildirmişdir. Həmin ərəfələrdə Billurə ona Arzunun oğlu Turalla Binəqədi rayonunda yerləşən “Sarı market”in qarşısında görüşdüyünü, orada Turalın ona 9 nəfərə aid sənədləri təqdim edərək anasına sələmlə birlikdə borclu qaldığı 75000 manat pulun müqabilində həmin şəxslərin müəllim kimi vəzifəyə təyin olunmalarını təmin etməsini tələb etdiyini, əks təqdirdə onu tutduracağı ilə hədələdiyini bildirmişdir. Bundan sonra möhkəm qorxuya düşmüş Billurənin təkidi ilə o, Arzu ilə aralarında olan telefon danışığı zamanı həmin 9 nəfər şəxsin də işlərinin həll olunacağını deyərək ondan əlavə vaxt istəmişdir. Amma Arzuya dedikləri vaxt təbii ki heç bir iş alınmadığı, əslində heç bir iş də görülmədiyi üçün sonuncu yenidən Billurəni sıxmağa başlamışdır. Billurə yenə Arzuya zəng edərək telefonu ona vermiş, o da Arzunu işinin getdiyinə və yaxında həqiqətən direktor vəzifəsinə təyin olunacağına əmin etmişdir ki, Billurəni sıxışdırmasın. Həmin telefon danışıqları zamanı Arzu onun nömrəsini Billurənin telefonundan götürərək onun kim olduğunu öyrənmişdir. İşlətdiyi ***-***-**-** saylı mobil nömrə həyat yoldaşı X7 adına olduğu üçün Arzu onun adını və ev ünvanını götürüb Billurəyə göstərərək kim olduğunu tapdığını bildirmişdir. Bundan sonra 2018-ci ilin may ayında xeyir işdən evinə gələn zaman öyrənmişdir ki, Arzu və polis rəisi olan oğlu Tural onun evinə gələrək hər şeyi əri Şamil Qocayevə danışmışdır. Bundan sonra olanları olduğu kimi ərinə də açıb demişdir. Sonrakı vaxtlarda Arzu və oğlu polisə şikayət edəcəkləri ilə hədələyib hər dəfə onlardan ayrı-ayrı məbləğdə pullar tələb etmişlər. Bundan sonra özü Arzu ilə bir-iki dəfə danışıb pulunu qaytarmaq barədə onunla razılıq əldə etməyə çalışsa da sonuncu telefonda onu təhqir etdiyi üçün söhbətləri baş tutmamışdır. Hətta bir dəfə əri Şamil Arzunun oğlunu Bilgəh qəsəbəsinə apararaq orda yerləşən torpaq sahəsini ona göstərib Billurənin borcuna görə onun adını hallandırmamaları üçün həmin torpaq sahəsini onlara verməyi təklif etsə də onlar qəbul etməmişlər. Bundan bir müddət sonra isə Arzunun ondan və Billurədən polisə şikayət etdiyini öyrənmişdir. İstintaqa təqdim edilmiş Zərərçəkmiş şəxs1 ilə telefon danışıqları və “WhatsApp” səs yazılarında olan səs ona məxsusdur. Məsələ bundan ibarətdir ki, 20 illik rəfiqəsi olan Təqsirləndirilən şəxs1 iş yoldaşı Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla 23000 manat borc almış, pulu alarkən onu hər hansı bir məktəbə direktor düzəldəcəyini vəd etməmişdir. Zərərçəkmiş şəxs1 pulunu Billurədən tələb etdikdə Billurə vaxt qazanmaq üçün onu Bakı şəhərində olan məktəblərdən birinə direktor vəzifəsinə düzəldəcəyini vəd etmişdir. Sonradan daha ağır duruma düşən Billurənin xahişi ilə o da yuxarıda göstərdiyi qaydada Zərərçəkmiş şəxs1 Bakı şəhərində olan məktəblərdən birinə direktor vəzifəsinə düzəldəcəyini vəd etmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs1 hal-hazırda qaytarılan məbləğ 42000 manat təşkil edir. Bu məbləğ məsələnin böyüyüb bu yerə çatana qədər olan mərhələsində Zərərçəkmiş şəxs1 tələb etdiyi 40000 manatdan da artıqdır. Təqsirləndirilən şəxs1 onu Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 və tanışlarını Bakı şəhərində yerləşən müxtəlif orta məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinizi vəd edərək ondan ümumilikdə 118000 manat pul alması barədə Zərərçəkmiş şəxs1 dedikləri tamamilə yalandır. 40000 manatın hansı şəkildə 118000 manata qalxmasından məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 guya pulu olmayan naməlum tanışlarını da müxtəlif orta məktəblərə direktor vəzifəsinə təyin etdirmək üçün öz cibindən pul qoyması ilə bağlı iddiaları da tam əsassızdır. Ağır maddi vəziyyətdə olan Billurənin Zərərçəkmiş şəxs1 pul ödəməyə heç bir imkanı olmamışdır. Baxmayaraq ki, Zərərçəkmiş şəxs1 2019-cu ildən Bakı şəhəri 162 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyinat almağa nail olmuşdur, amma yenə də tələbindən əl çəkməmiş, vəzifəyə təyinatından sonra da etdikləri sonsuz xahişləri heç bir nəticə verməmişdir. Bu yaşında özünün adının həmin xoşagəlməz hadisədə hallanmaması üçün ödənilmiş pulun xeyli hissəsini qohum-əqrəbadan borc kimi toplayaraq özü ödəmişdir. Uzun müddət ərzində Zərərçəkmiş şəxs1 ilə danışıqlar aparıb mübahisəni bitirməsini, şikayətini geri götürməsini xahiş etsələr də heç bir nəticəsi olmamışdır. Qeyri-rəsmi danışıqlarında ödənilmiş məbləğdən əlavə daha 20000 manat da ödəniləcəyi halda şikayətini geri götürcəyini, tələb etdiyi 118000 manatın hamısının ödənilməsi barədə ərizə verəcəyini bildirmişdir. Amma onun bu əsassız tələbini ödəmək üçün daha heç bir maddi imkanı yoxdur. Zərərçəkmiş şəxs2 ilə bağlı məsələ isə yenə Təqsirləndirilən şəxs1 ilə bağlı olmuşdur. Gülşənlə əlaqədar məsələ ilə razılaşır və həqiqətən Gülşəndən diplomun təsdiq etdirilməsi, vəzifədə irəli getməsi üçün müəyyən köməklik göstəriləcəyi adı ilə 2019-cu ilin sentyabr ayı ərzində iki dəfəyə cəmi 17000 manat pul alınmış, amma sonradan məsələlər alınmamışdır. Zərərçəkmiş şəxs2 ilə ilk dəfə həqiqətən də Billurənin vasitəsilə «Mado» restoranında görüşüb tanış olmuş, onun magistr diplomunun Təhsil Nazirliyində təsdiq etdirilməsi və vəzifəyə irəli çəkilməsi barədə söhbət də orada olmuşdur. İşlər düzəlmədikdə isə Gülşənin pulu tam şəkildə özünə qaytarılmışdır. Gülşənin pulunu tam şəkildə ödənildiyindən onunla barışıq əldə olunmuşdur. Ona görə də məhkəmədən bütün bu halların, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tam şəkildə ödənilməsinin, barışıq əldə olunmasının, heç bir tələb və şikayətin olmamasının, habelə Zərərçəkmiş şəxs1 əslində Billurədən tələb etdiyi və ödənilməli olduğunu qəbul etdikləri məbləğin artıqlamasilə ödənildiyini, 25 ildən artıq ləyaqətlə pedaqoji fəaliyyətlə məşğul olmasını, qadınlığını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 2002-ci ildən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 200 saylı məktəb-litsey kompleksində direktor müavini işləmişdir. 15 avqust 2019-cu il tarixdə isə Bakı şəhəri 162 saylı tam orta məktəbin direktoru təyin olunmuşdur və hal-hazırda da həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs1 həmin məktəbdə işləməyə başladıqdan sonra tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 həmin məktəbdə ibtidai sinif müəlliməsi kimi fəaliyyət göstərmişdir. 2016-cı ilin noyabr ayının sonlarında məktəbin akt zalında oturub söhbət edən zaman Təqsirləndirilən şəxs1 söhbət əsnasında Təhsil Nazirliyində yüksək vəzifəli şəxsin yanında köməkçi kimi işləyən bir tanışının ona Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən birində direktor kimi işləməyi təklif etdiyini, lakin onun bu işə keçmək üçün lazımı qədər savadı və səriştəsi olmadığından həmin təklifi rədd etdiyini bildirmişdir. Həmin söhbət əsnasında Billurə ona “siz bu qədər savadlı və idarəçilik qabiliyətinə malik olduğunuz halda nə səbəbə direktor işləmirsiniz? Əgər istəyirsinizsə bayaq barəsində danışdığım tanışım vasitəsilə sizi Bakı şəhərində yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə düzəltdirim” deyə bildirmişdir. Həmin vaxt o, Billurənin belə bir imkana malik olmadığını düşündüyü üçün təklifini qəbul etməmişdir. Buna baxmayaraq Billurə ondan əl çəkməyərək bir neçə gün ardıcıl olaraq ona həmin direktor söhbətini danışıb razılıq verməsini təkid etmişdir. O, Billurədən Təhsil Nazirliyində işlədiyini bildirdiyi tanışını haradan tanıdığını soruşduqda sonuncu “həmin şəxs mənim yaxın rəfiqəmdir, məni müəllimlərin ixtisasını artırmaq üçün olan kurikulum kurslarına həmin tanışım cəlb etmişdir” deyə cavab vermişdir. Bundan sonra, Billurənin həqiqətən Təhsil Nazirliyində tanışının olmasına inanmışdır. O, Billurədən bu işin necə olacağını soruşduqda sonuncu həmin işin düzəlməsi üçün 38000 (otuz səkkiz min) manat pul verməli olduğunu bildirmişdir. O, Billurəyə bu məbləğin çox olduğunu, bir çox şəxsə borcu olduğu üçün işini düzəldəcək şəxsi görmədən pul verməyəcəyini bildirmişdir. O, Billurəyə onu direktor vəzifəsinə təyin etdirəcəyi ilə bağlı suallar verən zaman sonuncu öz telefonu ilə nazirlikdə işlədiyini bildirdiyi tanışına zəng edərək telefonu ona vermiş, həmin qadın da telefon danışığı zamanı onun suallarını cavablandıraraq onu arxayın salmışdır. Buna baxmayaraq, o, Billurəyə bildirmişdir ki, Zülfiyyə ilə tanış olmasa, pul verməyəcək. Bu söhbətin səhəri günü xidməti iş otağında olan zaman həmin qadın, sonradan adının Zülfiyyə olduğunu öyrəndiyi qadın Billurə ilə birlikdə onun iş otağına gəlmişlər. Orada Zülfiyyə özü haqqında məlumat verərək nazirliyin işçisi olduğunu bildirmişdir. O, həmin qadına inanaraq birinci dəfə 2016-cı ilin noyabr ayının ortalarında Billurənin iştirakı ilə işlədiyi məktəbdə xidməti otağında ona 8000 manat pul vermişdir. Dəqiq xatırlayır ki, Billurə həmin anda onun otağının yarımaçıq qapısının qarşısında dayanaraq pulu verəndə başqa adamın içəri keçməməsinə nəzarət etmişdir. O, həmin Zülfiyyə adlı qadından onun direktor vəzifəsinə təyinatının hansı tarixdə olacağını, onu nazirlikdə rəhbər işçilərdən kimin qəbul edəcəyini və bu işə görə ona nə qədər pul verəcəyini soruşduqda sonuncu çox yaxın günlərdə təyinatın olacağını və bunun müqabilində Billurənin dediyi kimi 38000 manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt o, Zülfıyyə adlı həmin şəxsə hazırda əlində 8000 manat pulu olduğunu, qalanını sonra verəcəyini bildirmişdir. Zülfiyyə isə 38000 manatın tam verilməli olduğunu, pul tam verilməsə işin alınmayacağını demişdir. Bu söhbət 2016-cı ilin noyabr ayının ortalarında olmuşdur. Odur ki, o, bir neçə gün sonra, yəni noyabr ayının 19-da yaşadığı ünvanda qalan 30000 manat pulu Billurəyə vermişdir ki, Zülfiyyəyə çatdırsın. Bir müddət sonra Billurə ona “sənin işinin uzanmasının səbəbi odur ki, sən işinin tez düzəlməsi üçün bir neçə nəfər də tapmalısan ki, onları da direktor vəzifəsinə təyin etsinlər. Siyahıda 5-6 nəfər olmalıdır və onda işin tez həll olunacaq” deyə bildirmişdir. Billurə bunu dedikdən sonra öz telefonu ilə Zülfiyyəyə zəng etmiş, sonuncu da həqiqətən qaydanın belə olduğuna onu inandırmağa çalışmışdır. O, da bu barədə tanışları arasında sorğu aparacağını demişdir. Həmin işi itirməmək naminə ayrı-ayrı tanışlarına, yəni İkram müəllimə, Samir müəllimə, Aybəniz müəlliməyə və Aliyə müəlliməyə belə bir təklif etmiş, lakin həmin tanışları hazırda pullarının olmadığını bildirmişlər. O, Billurənin və Zülfıyyənin ona təklif etdikləri işi itirməmək üçün həmin tanışlarının yerinə də istənilən pulları vermək qərarına gəlmişdir. Pulu aldıqdan sonra Billurə “üzümüzə gələn həftə sənin Bakı şəhərindəki orta məktəblərdən birinə direktor əmrin olmalıdır” demişdir. Bundan sonrakı günlərdə Billurə ona “WhatsApp” proqramı vasitəsilə yaxınlarda direktor vəzifəsinin boşalacağı məktəblərin siyahısını göndərmişdir. Beləliklə, o, Billurəyə və Zülfiyyəyə inanaraq ayrı-ayrı vaxtlarda, yəni 2017-ci ilin iyun ayının əvvəllərində 21000 manat pulu qızı Şahid6 yaşadığı evin qarşısındakı “Sarı market” in yanında, 13000 manat pulu həmin tarixlərdə oğlu Tural eyni yerdə Billurəyə vermişdir. Bundan sonra 21000 manat pulu öz bağ evinin həyətində özü Billurəyə vermişdir. Həmçinin Tural 07 avqust 2017-ci il tarixdə qızını işə düzəltmələri üçün diplomu ilə birlikdə 7000 manat pulu yaşadıqları evdə Billurənin qardaşı Rəşada vermiş, 18000 manat pulu isə 06 sentyabr 2017-ci il tarixdə yaşadığı evdə özü Billurəyə vermişdir. Pulları verdikdən sonra işin düzəlmədiyini görüb onlardan pulu qaytarmalarını tələb etməyə başlamış, lakin onlar pulu qaytarmamışlar, Billurə və Zülfıyyə onu aldadaraq pulunu ələ keçirmişlər. Odur ki, onlardan polisə şikayət etmişdir. Ona vurulmuş ziyanın 22000 manatı ibtidai istintaq vaxtı, 20000 manatı isə məhkəmə zamanı ödənilmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid6 Zərərçəkmiş şəxs1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Nərimanov rayonunda yerləşən 202 №li orta məktəbdə müəllimə işləyir. Nərimanov rayonunda yerləşən 200 №li orta məktəbdə müəllimə işləyən Təqsirləndirilən şəxs1 ilə təlimdə olduğu zaman tanış olmuş, aralarında yaxşı münasibət yaranmış, gediş-gəlişləri olmuşdur. Bir dəfə söhbət əsnasında Billurə ona «sənin bu sahədə yaxşı uğurların var, ilin ən yaxşı müəllimisən, bu sahədə irəliləyə bilərsən» deyərək onu vəzifəyə təyin etdirə biləcəyini vurğulamışdır. Billurə ona Zülfıyyə Qocayeva adlı tanışının bu işdə köməklik edə biləcəyini demiş və onu «Mado» restoranında Zülfiyyə ilə görüşdürmüşdür. Zülfiyyə onun magistr diplomunu Təhsil Nazirliyində təsdiq etdirməyə və onu məktəb direktoru vəzifəsinə təyin etdirməyə söz verib ondan 17000 manat pul istəmişdir. O, da 2019-cu ilin sentyabr ayının oratalarında orada Billurəyə 5000 manat pul vermiş, sonuncu da pulu sayıb Zülfıyyəyə vermişdir. Qalan 12000 manat pulu da sentyabr ayının sonlarında Nərimanov rayonu, «Şəkər Bala» restoranının qarşısında görüşərək vermişdir. Zülfıyyə pulu aldıqdan sonra işi bir ay ərzində həll edəcəyinə söz vermişdir. Vəd verdiyi bir ay tamam olduqdan sonra Zülfiyyəyə zəng etməyə başlamış, sonuncu isə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Artıq Zülfıyyənin onu aldatdığını başa düşüb ondan şikayət etmişdir. Şikayət etdikdən xeyli müddət sonra Zülfıyyə aldığı pulu qaytarmışdır. Billurə və Zülfıyyənin guya pulu faizlə aldıqlarına dair ifadələri tamamilə yalandır. O, pulu onlara faizlə verməmiş, pulu magistr diplomunun təsdiq etdirilməsi və məktəblərin birinə direktor təyin etdirilməsi üçün vermişdir. Sonradan onlardan pulu ala bilmədiyi üçün şikayət etmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsləri bağışlamış və onlarla barışmışdır. Təqsirləndirilən şəxs1 və Zülfıyyə Qocayevaya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, yaxın qohumu olan Zərərçəkmiş şəxs1 2017-ci ilin təxminən yaz aylarında onun yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmiş və söhbət əsnasında yeni işə düzəldiyini, işini həll etməsi üçün pul lazım olduğunu deyərək əgər imkanı varsa ona borc verməsini xahiş etmişdir. O, Arzudan yeni işinin necə bir iş olduğunu soruşduqda sonuncu onunla eyni məktəbdə işləyən müəllimə yoldaşı Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində yüksək vəzifəli şəxsin yanında köməkçi işləyən tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə onu Bakı şəhərində yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə düzəldəcəyini bildirmişdir. Həmin vaxt o, Arzuya evini satdığına görə əlində 45000 manat pulunun olduğunu deyərək əgər lazımdırsa həmin pulu verə biləcəyini təklif etmişdir. Arzu da pulun ona lazım olduğunu, iki ay müddətinə həmin pulu qaytaracağını bildirmişdir. O, həmin vaxt 45000 manat pulu Arzuya vermişdir ki, öz iş məsələsini həll etsin. Bundan iki ay sonra Arzu ilə görüşərkən sonuncu ondan borc aldığı 45000 manatı, eləcə də başqa qohumlarından borc aldığı pulları iş üçün müəllimə yoldaşı Təqsirləndirilən şəxs1 verdiyini, amma hələ də işinin düzəlmədiyini bildirmişdir. Amma şəxsən o Arzunun Billurəyə pul verməsinin şahidi olmamış, görməmişdir. Bu məsələləri yalnız Arzunun sözlərindən eşidib bilmişdir. O, bu qədər pul verdiyi üçün Arzuya irad tutduqda sonuncu bir neçə ildir ki, Təqsirləndirilən şəxs1 ilə eyni məktəbdə müəllimə işlədiyini, ona inandığı üçün pulu hissəhissə olmaqla müxtəlif vaxtlarda ona verdiyini, hətta Billurənin və tanışı Zülfiyyənin onun məktəbdə xidməti iş otağına gəldiklərini, həmin vaxt Zülfyyə ilə tanış olduğunu, amma son vaxtlar onlar barədə araşdırma aparan zaman həmin Zülfiyyə adlı şəxsin Təhsil Nazirliyində işləmədiyini, əslində onun Bakı şəhəri 71 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyini, həmin şəxslər onu aldadaraq pulunu ələ keçirdikləri üçün polisə şikayət etdiyini bildirmişdir. Bundan sonra o, Arzuya “onların mobil telefon nömrələrini ver mən danışım, hər halda o da müəllimədir, bəlkə bir-birimizi başa düşərik” demiş, Arzu da onların telefon nömrələrini ona vermişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs1 zəng edərək özünü Arzunun bacısı kimi təqdim etmiş və ondan nə üçün Arzuya qarşı bu cür hərəkət etdiklərini soruşaraq bu cür hərəkətlərin müəlliməyə yaraşmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə cavabında Arzudan aldığı pulu işin həll olunması üçün Təqsirləndirilən şəxs2 verdiyini demişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs2 zəng edərək “bu məsələni öz aranızda həll edin, Arzudan aldığınız pulları qaytarın ki, Arzu da mənim pulumu versin” deyə bildirmişdir. Amma Təqsirləndirilən şəxs2 nə Arzunu işə düzəltmiş, nə də ki, Arzudan aldığı pulu geri qaytarmamışdır. Ondan hər dəfə pulun qaytarılmasını tələb etdikdə Təqsirləndirilən şəxs2 müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Arzu ondan borc alarkən ancaq özünün direktor təyin olunması məsələsinin həll edilməsi adı ilə almışdır. Arzunun başqa şəxslərin də direktor təyin olunması üçün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 ilə danışıq aparıb-aparmaması, hansısa başqa şəxslərin vəzifəyə təyin olunması üçün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 pul verib-verməməsi barədə onun heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 onunla söhbətlərində bu mövzudə heç nə bildirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, əsl adı Həkimxan olsa da, hamı onu İkram kimi tanıyır. Zərərçəkmiş şəxs1 uzun illərdi ki, tanıyır, onunla ailəvi gediş-gəlişləri var. 2017-ci ilin yay aylarında Arzu onların evinə növbəti gəlişlərinin birində evdə söhbət əsnasında Təhsil Nazirliyində işləyən Zülfiyyə adlı qadın və Billurə adlı müəllimə tanışları vasitəsi ilə Bakı şəhərində yerləşən məktəblərdən birinə direktor təyin olunacağını bildirmişdir. Söhbətdən belə məlum olmuşdur ki, Arzu xanım bu məsələni pul verməklə həll edir. Amma öz işinin düzəlməsi üçün nə qədər pul verdiyini ona deməmişdir, hər halda belə bir söhbətlərini xatırlamır. Həmin vaxt o Arzuya özünün də uzun illərdi ki müəllim işlədiyini deyərək əgər tanışları ona da kömək edərsə özünün də Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin olunmaq istədiyini demişdir. Arzu da cavabında tanışları ilə danışıb belə bir imkan varsa ona xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra Arzu zəng edərək onun direktor təyin olunması ilə bağlı həmin tanışları ilə danışdığını, Zülfiyyəgilin bu məsələnin həll olunması üçün 21000 manat pul istədiklərini bildirmişdir. O, Arzuya o qədər pulunun olmadığını deyərək bu işdən, yəni direktor olmaq niyyətindən qəti imtina etmişdir. Sonradan Arzunun özündən eşitmişdir ki, Bakı şəhərində yerləşən məktəblərdən birinə direktor vəzifəsinə təyin olunmasına söz vermiş həmin şəxslər Arzunu aldadaraq pulunu mənimsəmişlər. Şəxsən o Arzudan direktor təyin olunması üçün onun əvəzinə 21000 manat pul verməsini xahiş etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 onun iş yoldaşlarıdır. Zərərçəkmiş şəxs1 onun işlədiyi məktəbdə vaxtilə direktor müavini vəzifəsində işləmişdir. O, həmin məktəbdə 1992-ci ildən, Təqsirləndirilən şəxs1 isə 1994-cü ildən işləyir. Billurə ilə yaxın münasibəti var, Arzunu isə sadəcə iş yoldaşı kimi tanıyır. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib onu və tanışlarını Bakı şəhərində yerləşən müxtəlif orta məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinizi vəd edərək ondan ümumilikdə 118000 manat pul alması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 sələmə olaraq pul verməsi haqqında yalnız ümumi şəkildə eşitmişdir və dəqiq kimə, hansı şərtlərlə sələmə pul verməsi barədə məlumatı yoxdur. Arzu xanımın sələmə pul verməsi ilə bağlı məlumatı da məktəbdə kimdən eşitdiyini xatırlamır. Zərərçəkmiş şəxs1 özünün hansısa məktəbə direktor təyin olunmaq üçün cəhdlər etməsi, bu məqsədlə kimlərəsə hansısa məbləğdə pul verməsi, həmçinin Arzu Nəzərəovanın özü ilə bərabər başqa kimlərinsə də direktor təyin olunması üçün əlavə pul verməsi barədə heç vaxt heç kimdən eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Zərərçəkmiş şəxs1 bacısı Billurə vasitəsilə tanımış, onun Billurənin işlədiyi məktəbdə direktor müavini olduğunu bilmişdir. Bacısı Billurə onun və anasının səhətində yaranmış problemlərlə bağlı müalicələri üçün Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə sələmə 23000 manat pul götürmüşdür. 2017-ci ilin avqust ayında Billurə ona hazırda xatırlamadığı mobil nömrə verərək Zərərçəkmiş şəxs1 evinə gedib zəng etməsini, ya Arzu müəllimənin, ya da onun oğlu Turalın zəngə cavab verib onunla görüşəcəyini və ona çatdırması üçün pul verəcəklərini bildirmişdir. O, özünə məxsus "QAZ 3110” markalı avtomobillə Billurənin dediyi kimi Arzunun yaşadığı ünvan 4 ünvanında yerləşən evinin qarşısına gedərək həmin nömrəyə zəng etmişdir. Həmin vaxt evdən bir cavan oğlan bayıra çıxaraq Arzunun oğlu olduğunu bildirmiş və içərisində pul olan paketi avtomobildə ona vermişdir. Həmin şəxs ondan Billurəyə zəng edib pulu götürdüyünü deməsini xahiş etmiş, o da Billurəyə zəng edərək Turaldan pulu götürdüyü barədə məlumat vermişdir. Billurə də evdə gözlədiyini deyərək pulu ona çatdırmasını xahiş etmişdir. Bundan sonra o, Turaldan aldığı paketi aparıb öz evində bacısı Billurəyə vermişdir. Həmin paketin içərisində nə qədər pul olmasından onun məlumatı olmamış, nə Billurə, nə də Tural bu barədə ona heç nə deməmişlər. Paketi Billurəyə verdikdən sonuncu gedib-gəlmək haqqı olaraq ona 10 manat pul vermişdir. Bundan bir müddət sonra Billurə yenidən ona zəng edərək Arzu müəllimənin Tibb Universitetinin yaxınlığında gözlədiyini deyərək gedib onunla görüşüb pulu götürməsini xahiş etmişdir. O da Billurənin dediyi kimi Arzu müəllimə ilə həmin yerdə görüşmüşdür. Həmin vaxt Arzu müəllimə ona paketdə məbəğini bilmədiyi miqdarda pul verib Billurəyə çatdırmasını bildirmiş, o da pulu alaraq dərhal aparıb Billurəyə vermişdir. Billurənin tapşırığı ilə Zərərçəkmiş şəxs1 və onun oğlu Turaldan aldığı paketlərin içərisində nə qədər pul olduğundan, həmin pulların nə məqsədlə verilməsindən onun heç bir məlumatı olmamış, o, sadəcə paketləri aparıb bacısı Billurəyə vermişdir. Arzu və Tural pulla birlikdə ona hər hansı sənəd verməmişlər. Billurənin tanışı X9 Nəzərovaya Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib onu və guya həm də hansısa tanışlarını Bakı şəhərində yerləşən müxtəlif orta məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək ondan ümumilikdə 118000 manat pul alması barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun illərdi ki, tanıyır, ailəvi gediş-gəlişləri var. 2017-ci ilin yay aylarında Arzu onlara gəlib söhbət əsnasında bildirmişdir ki, Təhsil Nazirliyində Zülfiyyə və Billurə adlı tanışları var, onlar onu 38000 manat müqabilində Bakı şəhərində yerləşən məktəblərdən birinə direktor təyin olunmağa söz veriblər. Bu zaman Arzuya bildirmişdir ki, Aybəniz və Aliyə adlı ailəvi tanışları var, onlar da uzun illərdi ki, məktəbdə müəllimə işləyirlər, əgər onun tanışları kömək etsə onlar da Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin olunardılar. Arzu cavabında bildirmişdir ki, Zülfiyyə ilə danışıb xəbər edəcək. Bundan bir neçə gün sonra Arzu zəng edərək bildirmişdir ki, Aybəniz və Aliyənin məsələsi ilə bağlı Billurə vasitəsi ilə Zülfiyyə ilə danışmış, Zülfiyyə xanım Aybəniz məsələsinin əmələ gəlməsi üçün 20000, Aliyənin məsələsi üçün isə pul istəyir. O da Arzuya bildirmişdir ki, Aybəniz və Aliyənin hal-hazırda əllərində o qədər pulları yoxdur, əgər imkanı varsa özü bu işi düzəltsin və əmr verilən gün Aybənizin 20000, Aliyənin isə 21000 manatını ona çatdıracaqdır. Bundan sonra Arzu onunla razılaşıb işin ləngiməməsi üçün onların əvəzinə pul tapıb Zülfiyyəyə verəcəyini bildirmişdir. Sonradan eşitmişdir ki, Arzunun, Aybənizin və Aliyənin Bakı şəhərində yerləşən məktəblərdən birinə direktor keçməklərinə söz vermiş Zülfiyyə və Billurə adlı qadınlar ümumilikdə 79000 manat pulu Arzudan alıb onu aldadaraq heç bir iş görməyib pulları mənimsəmişlər (cild 1, iş vərəqə 132-133). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Audioyazının dinlənilməsi haqqında 07 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında olan «WhatsApp» yazışmalarında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 pulu tələb edir, Təqsirləndirilən şəxs1 isə hər dəfə pulu tezliklə qaytaracağına söz verir (cild 1, iş vərəqə 105-106). Yaddaş kartına baxış keçirilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında, oğlu Şahid1la Billurənin əri Şamil İsmayılov arasında və Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında olmuş danışıqlara dair səs yazılarının mətni protokola köçürülmüşdür. Səs yazılarından görünür ki, tərəflər arasında olan danışıqlar zamanı Billurənin vasitəsilə alınan pulların qaytarılmasının tələbi barədə danışıqlar aparılır. Amma həmin danışıqlarda başqa şəxslərin vəzifəyə təyin olunmalarına görə alınmış pullar, vəzifəyə təyin olunmaq üçün müraciət etmiş şəxslər barədə hər hansı məlumat, söhbət yoxdur (cild 1, iş vərəqə 219-221). Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxslərər qarşı heç bir tələb və şikayəti yoxdur. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 11 oktyabr 2018-ci il tarixdə 15000 manat, 25 dekabr 2018-ci il tarixdə 4000 manat, 28 fevral 2019-cu il tarixdə 3000 manat, 09 fevral 2023-cü il tarixdə 20000 manat olmaqla ümumilikdə 42000 manat maddi ziyan ödənilmişdir (cild 1, iş vərəqə 70-72, 83). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (cild 1, iş vərəqə 107,108). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmunun həm də belə bir bənd daxil edilmişdir ki, onlar həm də «…2017-ci ilin iyun ayının əvvəllərindən - 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində isə Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib inandırmaqla onu aldadaraq Baki şəhərinin müxtəlif ərazilərində 73000 manat, sonuncu dəfə ünvan 4 ünvanında 7000 manat pul alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1» daha 80000 manat - külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında bu qənatə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın onların Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vədlər verib inandırmaqla aldadaraq ona 80000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmələrinə dair həmin bənd sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin epizod üzrə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra onların həmin cinayət əməlini törətmələrinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, ittihamın bu bəndinin təsdiqini tapmaması ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət əməlini törətmələrinin təsdiqi kimi istinad etdiyi sübutların bütövlükdə onların həmin cinayət əməlini törətmələrini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Həmin bəndlə bağlı pulun nə vaxt, harada, hansı şəraitdə verilməsi bütünlüklə mübahisə doğuran haldır. İbtidai istintaq orqanı tərəfindən həmin hal üzrə mövcud olan ziddiyyətli və şübhəli məqamların aradan qaldırılmasına imkan verə biləcək hər hansı mötəbər sübut əldə olunmamış, mücərrəd şəkildə ittiham irəli sürülmüşdür. Belə ki, ittihamın qeyd olunan məbləğlə bağlı bəndi faktiki olaraq yalnız zərərçəkmiş şəxsin ifadələrinə əsaslanır. Hər hansı digər mötəbər sübutla təsdiq olunmayan həmin ifadələr isə ittihamın sübutunun əsasını təşkil edə bilməz. Belə ki, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsə yaxın olan şahidlərin dolayısı ilə onun ifadələrinin təsdiqinə cəhd edilməsinə yönəlmiş ifadələrinin təhlili ittihamın israr edilən bəndləri üzrə əslində fərqli mənzərə yaradır. İfadənin ittiham sübutlarının əsasını təşkil etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin və ya şəxslərin kimə qarşı ifadə verirsə ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadənin ümumilikdə baş verməsi israr olunan hadisə ilə bağlı həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin həqiqətə uyğun olub-olmaması, ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə istintaqında müəyyən edildi ki, ittihamın həmin bəndləri üzrə təqsirləndirilən şəxslərə qarşı əslində birbaşa olmayan ifadə vermiş şahidlər şahidlər Şahid1 və Şahid6 Zərərçəkmiş şəxs1 bilavasitə yaxın ailə üzvləri – doğma oğlu və qızıdır. Şahid2 isə qohumu, digər şahidlər Şahid3 və Şahid4 isə zərərçəkmiş şəxsin uzun illər dostluq etdiyi və ailəvi gediş-gəlişləri olan şəxslərdir. Bu mənzərə ibtidai istintaq orqanına da bəlli idi və toplanmış ibtidai istintaq materiallarında birbaşa əks olunmuşdur. Belə olan halda məhkəmə həmin şəxslərin ifadələrini ittihamın qeyd olunan bəndləri üzrə israr edilən əməlin törədilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun işinin tez həll olunması üçün siyahıda 5-6 nəfərin olmalı olduğunu deyərək direktor vəzifəsinə təyin olunmaq istəyən bir neçə nəfər də tapmasını istəmiş, buna görə də o, ayrı-ayrı tanışlarına, yəni İkram müəllimə, Samir müəllimə, Aybəniz müəlliməyə və Aliyə müəlliməyə də belə bir təklif etmiş, lakin həmin tanışları pullarının olmadığını bildirmişlər. O, Billurə və Zülfıyyənin ona təklif etdikləri direktor vəzifəsini itirməmək üçün həmin tanışlarının da yerinə istənilən pulları vermək qərarına gəlmiş, ayrı-ayrı vaxtlarda, yəni 2017-ci ilin iyun ayının əvvəllərində qızı Şahid6 21000 manat pulu yaşadığı evin qarşısındakı “Sarı market”in yanında, oğlu Tural isə 13000 manat pulu həmin tarixlərdə eyni yerdə Billurəyə vermişdir. Bundan sonra 21000 manat pulu öz bağ evinin həyətində özü Billurəyə vermişdir. Həmçinin qızını işə düzəltmələri üçün Tural 07 avqust 2017-ci il tarixdə 7000 manat pulu yaşadıqları evdə Billurənin qardaşı Rəşada vermiş, 18000 manat pulu isə 06 sentyabr 2017-ci il tarixdə yaşadığı evdə özü Billurəyə vermişdir. Şahid1 və Şahid6 isə analarının verdiyi ifadəyə uyğun şəkildə ifadələr vermişlər. Məhkəmə bu məqamlarla bağlı nəticəyə gələrkən həm də qeyd edir ki, zərərçərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 özü və onun övladları hətta ibtidai istintaqın gedişində ziddiyyətli ifadələr vermişlər. Belə ki, Zərərçəkmiş şəxs1 ilkin araşdırma zamanı və sonrakı bütün ifadələrində özünün direktor təyin olunması üçün 2016-cı ilin noyabr ayında Billurə və Zülfiyyəyə cəmi 38000 manat verdiyini həqiqətən də ardıcıl olaraq təsdiq etmişdir. Amma digər məbləğlərlə bağlı ziddiyyətli ifadələr vermiş, o cümlədən ilkin izahatında 06 sentyabr 2017-ci il tarixdə tanışı Aliyənin direktor təyin olunması üçün 21000 manat pul verdiyini göstərmiş, həmin tarixdən sonrakı ifadələrində bu məbləğin 18000 manat olduğunu göstərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 ilkin izahatında 2017-ci ilin iyun ayında tanışı İkram, Samir və Aybəniz üçün ardıcıl olaraq 3 gün ərzində müvafiq olaraq 38000 manat, 21000 manat və 18000 manat pul verdiyini göstərsə də, sonrakı ifadələrində 18000 manat pulu 06 sentyabr 2017-ci il tarixdə verdiyini israr etmişdir. Eyni ziddiyyətli məqamlar şahidlər Şahid1 və Şahid6 ifadələrində əks olunmuşdur. İş üzrə Şahid2 ifadəsində Zərərçəkmiş şəxs1 direktor təyin olunması məsələsinin həll edilməsi üçün sonuncuya 45000 manat məbləğində borc verdiyini bildirmiş, amma bununla belə Zərərçəkmiş şəxs1 başqa hanısa şəxslərin də direktor təyin olunmaları üçün Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 pul verib-verməməsindən ümumiyyətlə heç bir məlumatının olmadığını bildirmişdir. İş üzrə Şahid5 nə ibtidai istintaq zamanı, nə də məhkəmədə iş üçün əhəmiyyətli heç bir ifadə verməmiş, heç nədən xəbərinin və məlumatının olmadığını bildirmiş, bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsində məktəbdə Zərərçəkmiş şəxs1 sələmə pul verdiyini eşitdiyini qeyd etmişdir. Amma ittiham aktında həmin şahidin bu ifadəsi təhrif edilərək guya bu şahidin Zərərçəkmiş şəxs1 sələmə pul verməsi barədə məlumatı olmadığı göstərilmişdir. İş üzrə Şahid7 ifadəsində bacısı Billurənin tapşırığı ilə bir dəfə Zərərçəkmiş şəxs1 oğlu Turaldan, bir dəfə isə Zərərçəkmiş şəxs1 özündən paket götürərək Billurəyə çatdırdığını qeyd etmiş, amma həmin paketlərin içərisində nə qədər pul olduğundan, həmin pulların nə məqsədlə verilməsindən heç bir məlumatının olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində tanışlarına, yəni «İkram müəllimə, Samir müəllimə, Aybəniz müəlliməyə və Aliyə müəlliməyə» direktor təyin olunmalarını təklif etdiyini, lakin onların pulu olmadığı üçün onların əvəzinə özünün pul verdiyini göstərsə də, «İkram» adı ilə tanınan Şahid4 istisna olmaqla digər şəxslərin ümumiyyətlə şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamış, onların şahid qismində dindirilməsi təmin edilməmiş, ibtidai istintaq orqanına məlum olmayan bu şəxslərin direktor olmaq üçün Zərərçəkmiş şəxs1 onların əvəzinə pul verməsini xahiş edib-etməmələri, ümumiyyətlə həmin dövrdə məktəb direktoru olmaq niyyətində olub-olmadıqları, onlara belə bir təklifin edilib-edilmədiyi araşdırılmamışdır. Şahid4 isə məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 əgər tanışları ona da kömək edərsə özünün də Bakı şəhərində yerləşən məktəblərin birinə direktor keçmək istədiyini söylədiyini, amma bu məsələnin həll olunması üçün 21000 manat pul istənildiyindən, onun isə həmin məbləğdə pulu olmadığından bu işdən imtina etdiyini, Zərərçəkmiş şəxs1 özünün direktor təyin olunması üçün onun əvəzinə 21000 manat pul ödəməsini xahiş etmədiyini göstərmişdir. Beləliklə, yuxarıda sadalanan şahidlərin ifadələrinə ittihamın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin əlavə olaraq 80000 manat məbləğində pulunu ələ keçirmələri ilə bağlı bəndi üzrə sübut kimi istinad edilməsi mümkünsüzdür. Qeyd olunan epizod üzrə Şahid3 ibtidai istintaq zamanı dindirilərkən ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 əgər onun tanışları kömək etsə ailəvi tanışları olan Aybəniz və Aliyənin Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin olunmalarını demiş, Aybənizin məsələsinin həll olunması üçün 20000 manat, Aliyənin məsələsi üçün isə 21000 manat pul istənildikdə Arzuya Aybəniz və Aliyənin hal-hazırda o qədər pullarının olmadığını, əgər özündə imkan varsa işi düzəltməsini, əmr veriləndən sonra pulları çatdıracağını bildirmişdir. Məhkəmə, Şahid3 öz təşəbbüsü ilə iki nəfər tanışını məktəb direktoru vəzifəsinə düzəltməyə cəhd etməsini və Zərərçəkmiş şəxs1 həmin tanışlarının əvəzinə ümumilikdə 41000 manat pul verməsini istəməsini, özünün direktor təyin olunması üçün müxtəlif şəxslərdən borc aldığını iddia edən Zərərçəkmiş şəxs1 bu təklifi qəbul edərək başqa şəxslərin əvəzinə də böyük məbləğdə pul verməyə razılaşmasını və əlavə olaraq yenə borc almaqla həmin pulu verməsini inandırıcı hesab etmir. Hər bir halda bu fərziyyənin həqiqət olmasını təsdiq edə biləcək heç bir sübut mövcud deyildir. Həmçinin bu epizod üzrə Zərərçəkmiş şəxs1 və Şahid3 ifadələri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs1 Aybəniz müəlliməyə və Aliyə müəlliməyə direktor təyin olunmaları üçün özünün müraciət etdiyini göstərsə də, Şahid3 həmin tanışlarının direktor təyin olunmasını özünün Zərərçəkmiş şəxs1 təklif etdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan təqsirləndirilən şəxslərin, şahidlərin və zərərçəkmiş şəxsin ifadələrindən birinə əhəmiyyət verilməsini, digərinə əhəmiyyət verilməməsini yolverilməz hesab edir. Zərərçəkmiş şəxsin ifadəsini təsdiqləyən digər sübutlar olmadığı və həmin ifadə işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmadığı halda həmin ifadə təqsirləndirilən şəxslərin təqsirini təsdiq edən sübut kimi qiymətləndirilə bilinməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vədlər verərək dələduzluq etmələri epizodu üzrə belə bir ittiham verilmişdir ki, “.... 2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində isə Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib inandırmaqla onu aldadaraq Bakı şəhərinin müxtəlif ərazilərində 73000 manat, sonuncu dəfə ünvan 4 ünvanında 7000 manat pul alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 cəmi -118000 (yüz on şəkkiz min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir”. Göründüyü kimi həmin epizod üzrə verilmiş ittiham bütünlüklə natamam olmaqla konkret olaraq Zərərçəkmiş şəxs1 hansı tanışlarının direktor vəzifəsinə təyin olunacaqlarının vəd olunduğu, Zərərçəkmiş şəxs1 hansı tanışı üçün hansı məbləğdə pulu kimə verdiyi göstərilməmişdir. Bundan başqa ittihamın həmin bəndi üzrə ümumiyyətlə cinayətin törədildiyi yer, vaxt və üsul konkret olaraq göstərilməmiş, mücərrəd şəkildə “2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində”, “Bakı şəhərinin müxtəlif ərazilərində” ifadələrindən istifadə olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 və onun övladları olan şahidlər Şahid1 və Şahid6 ifadələrində göstərmişlər ki, X5 işə düzəlməsi üçün Şahid1 07 avqust 2017-ci il tarixdə İlahənin diplomu ilə birlikdə 7000 manat pulu yaşadıqları evdə Billurənin qardaşı Rəşada vermişdir. Amma təqsirləndirilən şəxslərə bu məsələ ilə bağlı ittiham verilməmiş, ümumi şəkildə “sonuncu dəfə ünvan 4 ünvanında 7000 manat pul alındığı” göstərilsə də həmin pulun nə üçün alındığı əks olunmamışdır. Bundan başqa, itiiham aktında sonuncu dəfə 7000 manat pul alındığı göstərilsə də Zərərçəkmiş şəxs1 ifadəsində 07 avqust 2017-ci il tarixdə 7000 manat, 06 sentyabr 2017-ci il tarixdə isə 18000 manat pul verildiyini göstərilmişdir. Bütövlükdə ibtidai istintaq orqanının Zərərçəkmiş şəxs1 verdiyi fərqli ifadələr ətrafında topladığı materiallar ziddiyyətli olmaqla bərabər ittihamın 80000 manat ziyan vurulması ilə bağlı hissəsində təqsirliliklə bağlı qəti nəticəyə gəlməyə imkan verə biləcək hər hansı mötəbər sübuta əsaslanmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 30 avqust 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməli törətmələri faktının təsdiq olunmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 73-76). Amma Binəqədi rayon prokurorunun müavininin 30 may 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair həmin qərar ləğv olunmuş və material əlavə araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Binəqədi rayon prokurorluğunun qeyd olunan qərarında göstərilmişdir ki, “... Samir, İkram və Aybəniz adlı şəxslərin şəxsiyyəti və olduğu yer müəyyən edilərək izahatı alınmalı, izahatlar arasında ziddiyyət olarsa aradan qaldırılmalı, ... Zərərçəkmiş şəxs1 pulu verdiyi yerə baxış keçirilməlidir” (cild 1, iş vərəqə 80-82). Bundan başqa, Binəqədi rayon prokurorunun müavini Binəqədi rayon Polis İdarəsinin rəisinə ünvanladığı 08 iyul 2019-cu il tarixli məktubunda göstərmişdir ki, “...materiala əlavə edilmiş işə müraciətlə bağlı, anketdə qeyd olunan şəxslərin izahatları alınmalı, Zərərçəkmiş şəxs1 işə düzəltmək üçün əvəzinə pul verdiyi digər şəxslərin şəxsiyyətləri müəyyən edilməklə izahatları alınmalı, Zərərçəkmiş şəxs1 işlədiyi məktəbin idman müəlliməsinə faizə pul verilməsi xüsusatı yoxlanılmalı və ortaya çıxan digər əhəmiyyət kəsb edən məsələlər yoxlanılmalıdır” (cild 1, iş vərəqə 79). Amma ibtidai istintaq orqanı tərəfindən Binəqədi rayon prokurorluğunun qeyd etdiyi hallar cinayət işi nə Binaqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində, nə də ibtidai istintaqın tamamlandığı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində olduğu vaxtlarda ümumiyyətlə araşdırılmamış, bunun nəticəsində də bir-biri ilə zidiyyət təşkil edən, əməlin törədilməsinin birbaşa təsdiqinə yönəlməyən sübutlara istinad edilməklə təqsirləndirilən şəxslərə mücərrəd ittiham verilmişdir. Məhkəmə bununla bağlı digər məqamlara da diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisinin 14 dekabr 2020-ci il tarixli rəsmi tapşırığından müəyyən olunur ki, ibtidai istintaqı aparmış müstəntiq tərəfindən cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatların araşdırılmadığı, cinayət işi üzrə ifadələr arasında yaranmış zidiyyətlərin aradan qaldırılması üçün üzləşdirmələrin keçirilmədiyi, Təqsirləndirilən şəxs1 istifadəsində olan GSM nömrənin anten dairəsi barədə məlumatlar mobil operatorlardan əldə edilmədiyi, digər şahidlərin müəyyən edilərək dindirilmələri ilə bağlı əməliyyat orqanına tapşırıqlar verilmədiyi, digər zəruri istintaq hərəkətlərinin keçirilmədiyi, bununla da prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulduğu qeyd edilmiş, göstərilən xüsusatlara və ortaya çıxan digər hallara hüquqi qiymətin verilməsi, təxirə salınmadan qeyd olunan istintaq hərəkətlərinin aparılması tapşırılmışdır (cild 1, iş vərqə 191-192). Bundan sonra cinayət işi 14 dekabr 2020-ci il tarixdə müstəntiq Elvar Quliyevin icraatına qəbul olunmuş, amma nə həmin müstəntiq, nə də ibtidai istintaqı davam etdirən digər müstəntiq tərəfindən qeyd olunan hallar araşdırılmamış, yalnız 26 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir. Həmin üzləşdirmə zamanı isə hər hansı başqa dəlil müəyyən olunmamış, tərflər eyni məzmunlu ifadələrini təkrarlamışlar. Həm də qeyd olunan üzləşdirmələr zamanı daha ziddiyyətli nəticələr əldə olunmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan və saat 14:50-dən 15:20-dək davam edən üzləşdirmə istintaq hərəkəti zamanı işlədiyi məktəbdə öz iş otağında Təqsirləndirilən şəxs2 əvvəlcə 8000 manat pul verdiyini, sonra isə özünün, həmçinin Samir, İkram və Aybəniz adlı şəxslərin direktor təyin olunmaları üçün üst-üstə 120000 manatı ona çatdırması üçün Billurəyə verdiyini göstərmişdir. Bundan 10 dəqiqə sonra, yəni saat 15:30-da Təqsirləndirilən şəxs1 ilə üzləşərkən Zərərçəkmiş şəxs1 öz iş otağında Təqsirləndirilən şəxs2 8000 manat pul verdiyini, sonra isə hissə-hissə özünün, həmçinin Samir, İkram və Aybəniz adlı şəxslərin direktor təyin olunmaları üçün Billurəyə 111000 manat pul verdiyini, pulu Bakı şəhərinin müxtəlif yerlərində, əsasən də 200 №-li məktəbdə verdiyini göstərmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 eyni gündə keçirilmiş iki üzləşdirmə istintaq hərəkəti zamanı fərqli ifadələr vermiş, Təqsirləndirilən şəxs2 ilə üzləşmə zamanı 8000 manatdan əlavə Billurəyə 120000 manat verdiyini, Təqsirləndirilən şəxs1 ilə üzləşərkən isə 8000 manatdan əlavə sonuncuya 111000 manat pul verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadələrinə əsasən birinci halda məbləğ ümumilikdə 128000 manat, ikinci halda isə 119000 manat təşkil edir. Halbuku, həmin epizod üzrə 118000 manat ziyan vurulması ilə bağlı ittiham verilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı pulu Bakı şəhərinin müxtəlif yerlərində, əsasən də 200 №-li məktəbdə verdiyini göstərmişdir. Üzləşdirmələr zamanı isə Zərərçəkmiş şəxs1 Aliyə adlı şəxsin adını ümumiyyətlə çəkməmişdir (cild 1, iş vərəqə 213- 218). Cinayət işinin materiallarından görünür ki, 11 fevral 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 qarşı 108000 manat məbləğində dələduzluq edilməsi faktı üzrə cinayət işi başlanılmış və həmin qərarda göstərilmişdir ki, “Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onunla birlikdə Bakı şəhəri, 200 saylı orta məktəbdə direktor müavini işləyən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində güya vəzifədə işləyən tanışları vasitəsi ilə Bakı şəhərində olan məktəblərin birində direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, 19 noyabr 2016-cı ildə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında 38.000 manat pulu, 2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində isə Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib inandırmaqla onu aldadaraq Baki şəhərinin müxtəlif ərazilərində 63.000 manat, sonuncu dəfə ünvan 4 ünvanında 7.000 manat pul alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 cəmi - 108.000 (yüz səkkiz min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, cinayət işi üzrə icraatın dayandırılması haqqında 11 mart 2020-ci il tarixli qərarda, cinayət iş üzrə icraatın təzələnməsi və əməlin tövsif edilməsi haqqında 24 iyun 2020-ci il tarixli qərarda Arz Nəzərovaya vurulmuş ziyanın 108000 manat olduğu qeyd olunmuş, amma təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında eyni tarixli, yəni 24 iyun 2020-ci il tarixli qərarda Zərərçəkmiş şəxs1 118000 manat ziyan vurulduğu göstərilmişdir. Qeyd olunan məbləğin 10.000 manat artıq göstərilməsi üçün Təqsirləndirilən şəxs1 Bakı şəhərinin müxtəlif ərazilərində Zərərçəkmiş şəxs1 63.000 manat deyil, 73000 manat pul aldığı qeyd olunmuşdur. Vəkilin cinayət prosesində iştirakına xitam verilməsi haqqında 24 iyun 2020-ci il tarixli qərarda 108000 manat ziyan vurulduğu, dövlət vəsaiti hesabına müdafiəçi dəvət olunması haqqında eyni tarixli qərarda isə 118000 manat ziyan vurulduğu göstərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Binəqədi rayon prokurorunun təqdimatında, həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair Binəqədi rayon məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarında, müstəntiq Elvar Quliyevin cinayət işini öz icraatına qəbul etməsi haqqında 14 dekabr 2020-ci il tarixli qərarda Zərərçəkmiş şəxs1 108000 manat maddi ziyan vurulduğu göstərilmişdir. Cinayət işinin ərazi aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinə göndərilməsi barədə 09 yanvar 2021-ci il tarixli qərarda Zərərçəkmiş şəxs1 108000 manat maddi ziyan vurulduğu göstərilsə də 3 gün sonra Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin cinayət işini icraatına qəbul edilməsi haqqında 12 yanvar 2021-ci il tarixli qərarında 118000 manat ziyan vurulduğunu göstərilmişdir. Qeyd olunan aşkar ziddiyyətlərin heç biri aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydasını müəyyənləşdirən 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti dəqiq əks olunmalıdır. Göründüyü kimi, 80000 manat məbləğində talama cinayətinin törədilməsini təsdiq edə biləcək hər hansı ötəbər sübutun olmaması ilə yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamlar bütövlükdə prosessual qanunun bu tələblərinə də ümumiyyətlə uyğun deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Yuxarıda şərh olunanları əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlardan «…2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib inandırmaqla aldadaraq Baki şəhərinin müxtəlif ərazilərində 73000 manat, sonuncu dəfə ünvan 4 ünvanında 7000 manat pul” almaqla dələduzluq etmələrinə dair bənd xaric edilməlidir. Belə olan halda Zərərçəkmiş şəxs1 vurulmuş ziyan ümumilikdə 38000 manatdır ki, həmin məbləğdə də cinayət qanunvericiliyinə görə xeyli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamlardan qeyd olunan bənd çıxarıldıqdan sonra Zərərçəkmiş şəxs1 vurulmuş ziyan 38000 manat, digər Zərərçəkmiş şəxs2 vurulmuş ziyan 17000 manat təşkil edir. Dələduzluq əməlinin həm də təkrarlıq tövsifedici əlaməti ilə törədilməsini də nəzərə alaraq belə olan halda məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə gəldiyi həmin qənaəti tam qanuni və əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməmələri, sonuncudan pulları sələmə götürmələrinə dair ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların Zərərçəkmiş şəxs1 38000 manat maddi ziyan vurmaqla dələduzluq sübuta yetirilmiş hesab edir. Onların öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələr yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmələri tam təsdiqini tapan əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində cərimə cəzası, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 törətmələri təsdiqini tapmış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada pedaqoji fəaliyyətlə məşğul olmaqdan məhrum edilmə növündə əlavə cəzaların təyin edilməsi zəruridir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Müəllimlərin etik davranış Qaydalarının tələblərinə əsasən müəllim cəmiyyətin fəal üzvü olmalı, hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməli, öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalı, müəllim adını və şərəfini uca tutmalıdır. Ona görə də məhkəmə, müəllim olan təqsirləndirilən şəxslərin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, şəxsiyyətlərini də nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxslərin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən ilk dəfə cinayət törətmələrini Təqsirləndirilən şəxs1 və X1 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd «DVD» disk və bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Vurulmuş maddi zərərlə bağlı, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası vardır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə müraciət edərək ona vurulmuş 96000 manat maddi zərərin təqsirləndirilən şəxslərdən tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiası ilə bağlı belə nəticəyə gəlir ki, mülki iddia qismən – zərərçəkmiş şəxsə qarşı törədilməsi məhkəmədə təsdiqini tapmış cinayət əməli ilə vurulmuş 38000 manat məbləğlə bağlı hissədə təmin edilməli, göstərilən məbləğ zərərçəkmiş şəxsə (mülki iddaçıya) tam qaytarıldığından təmin edilmiş mülki iddia ilə bağlı məbləğin artıq tam ödənildiyi nəzərə alınmalı, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin.Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - bir ədəd «DVD» disk və bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddası qismən – ona qarşı törədilməsi məhkəmədə təsdiqini tapmış cinayət əməli ilə vurulmuş 38000 manat məbləğə münasibətdə təmin edilsin, göstərilən məbləğ zərərçəkmiş şəxsə (mülki iddaçıya) tam ödənildiyindən təmin edilmiş mülki iddia tələbinin icra edildiyi nəzərə alınsın. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar