Məhkəmə qərarları › İş №1(101)-291/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-291/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-291/2022 24.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Ermənistanın Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 8, mənzil 1-də qeydiyyatda olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi ev 137, mənzil 141-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə küllü miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə etmək məqsədilə X8 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metamfetamini əldə edərək daşıyaraq saxlamış, 22.03.2021-ci il tarixdə saat 23 radələrində o, həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metamfetamini qrupun digər üzvü Ülviyyə Salmanovaya saxlaması üçün vermiş, həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində X8 Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi “BMV” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilib orada Ülviyyə Salmanovanın üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq Nizami RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 51 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİnə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə Ülviyyə Salmanovanın üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən təmiz çəkisi 1,025 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulan zaman üzərindən aşkar olunan narkotik vasitəsinin ona aidiyyatı yoxdur, şöbədə onun cibinə qoyublar. Özünü ona görə qismən təqsirli bilir ki, o, psixotrop maddə olan metafetamini almağa getmiş, lakin ala bilməmişdir. Ülviyyə Salmanovanı tutulmamışdan əvvəl tanımış, onunla bir yerdə bir-iki dəfə metafetamin istifadə etmiş, həmin psixotrop maddəni isə Nizami rayonunda yaşayan, adını Vadim kimi bildiy şəxsdən əldə edirdilər. Şahid1 tutulmamışdan bir müddət əvvəl tanımış, sonuncunun vasitəsi ilə Niyaməddin ilə tanış olmuşdur. Onların ortaq maraqları psixotrop maddə metafetaminin istifadəsi olmuşdur. İsanın “BMV” markalı maşını vardır. 22.03.2021-ci il tarixdə X8 ilə birlikdə axşam saatlarında İsa ilə “Sabunçu keçidi” deyilən yerdə görüşmüş, həmin vaxt İsanın avtomobilində Niyaməddin də olmuşdur. O Ülviyyə ilə avtomobilə əyləşmiş və bir qədər söhbətdən sonra qərara gəlmişlər ki, metafetamin alıb qəbul etsinlər. İsa ilə Niyaməddin ona söyləmişlər ki, metafetamin almaq üçün pulu da onlar verməyə razıdırlar. Ondan elə bir tanışının olub-olmamasını soruşanda o bildirmişdir ki, belə bir tanışı vardır. Bundan sonra Vadimlə əlaqə saxlamış, sonuncu onların yanına, metronun “Neftçilər” stansiyasına gələrək maşında oturmuş, ona 30 manatlıq metafetamin sifariş vermişdir. Vadim ona «Diqlas» ticarət mərkəzinin yanına gəlməsini, orada onunla telefon əlaqəsi saxlamasını, özünün isə gizlətdiyi yerdən metafetamin götürməyə getdiyini demişdir. Vadimi «Diqlas» ticarət mərkəzinin yanında maşından düşürmüşlər, o, ona yaxınlıqdakı aptekə dəyib oradan isə «Diqlas» ticarət mərkəzinin yanında metafetaminlə onu gözləyəcəyini demişdir. Sən demə, Vadim maşından düşəndə maşının arxa oturacağına, Ülviyyənin yanına bir ədəd siqaret qutusu qoyub getmişdir. Bunu yalnız Ülviyyə görmüş, lakin əhəmiyyət verməmişdir. Bundan sonra Niyaməddin ona 50 manatlıq əskinas verərək onu xırdalayaraq 20 manatını ona qaytarmasını, 30 manatı isə metafetaminə görə Vadimə verməsini bildirmişdir. Pulu yaxınlıqdakı ticarət yerində xırdalayaraq 20 manatı Niyaməddinə vermiş və Vadimin dediyi «Diqlas» ticarət mərkəzinin yanına metafetamini götürməyə getmişdir. Orada bir saata yaxın Vadimi gözləmiş, sonuncuya bir neçə dəfə zəng etsə də sonuncuya düşə bilməmiş, bundan sonra Niyaməddinə zəng vurmuş, sonuncu da cavab verməmiş, lakin bir azdan zəng edərək maskasız olduqlarına görə polis əməkdaşları onları şöbəyə gətirmiş, hal-hazırda şöbədən çıxıb «PANDA» ticarət mərkəzinin yanına getdiklərini, onun da oraya gəlməsini bildirmişlər. O, onların yanına gedən zaman 3 nəfər polis əməkdaşları onu saxlayıb polisə aparmışlar, orada Ülviyyəni, İsanı və Niyaməddini görmüşdür. Orada ona təklif olunmuşdur ki, cibinə qoyacaqları bir qram metafetamini üzərinə götürsün. Belə olan halda ona köməklik olunacaq və buraxılacaqdır. Lakin onu aldatmışlar, üzərinə nəinki bir qram metafetamin, hətta Vadimin maşina atdığı və polislərin maşından aşkar etdikləri siqaret qutusunun içərisindən aşkar etdikləri bir büküm metafetamini də onun üzərinə qoymuşlar. Xatırladığı qədər Ülviyyənin də üzərindən metafetamin aşkar edilmiş və onu Ülviyyə ilə birlikdə cinayət məsuliyyətinə cəlb etmişlər, lakin həbs etməmişlər. İsanın barəsində isə başqa cinayət işi başlayaraq istintaqı aparılmışdır. Niyaməddini isə ona məlum olmayan səbəblərə görə şöbədən azad etmişlər. Halbuki metafetamin almaq üçün pulu Niyaməddin vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Adil oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, o, hadisə baş verən zamanda Bakı şəhəri, Nizami RPİ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı, halhazırda isə Nizami RPİ-nin İB-nin müstəntiqi vəzifəsindədir. 22.03.2021-ci il tarixdə “Elməddin və İsa” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuş, məlumatla əlaqədar əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları X6 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmış və 22.03.2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi avtomobil ilə saxlanılmış və avtomobildə olan X8 və Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmişlər. Aparılmış əməliyyat-axtarış tədbirlərin davamı olaraq həmin vaxt metronun “Q.Qarayev” stansiyası yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Hər üç şəxs idarənin təhqiqatçısına təqdim edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, Şahid1 və Ülviyyə Salmanovaya müdafiəçi dəvət olunaraq hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman X5 üzərindəki siqaret qutusunda 2,472 qram psixotrop maddə metafetaminə bənzər maddə, Şahid1 üzərindən 01 ədəd bükülüdə 2,534 qram metafetaminə bənzər maddə və Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükülüdə 1,025 qram metafetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. O və digər əməliyyatçılar axtarışda iştirak etmişlər, lakin bütün sənədləşməni təhqiqatçı aparmışdır. Saxlanılan şəxslərin heç birinə təzyiq olunmamış, onlar üzərlərində olan qanunsuz maddələri özləri könüllü olaraq təhqiqatçının təklifi ilə ayrı-ayrılıqda təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin X3 əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanıyır. Belə ki, o, hadisə baş verən zaman Bakı şəhəri, Nizami RPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində çalışırdı, hal-hazırda isə Xaçmaz RPŞ-nin əməkdaşıdır. 22.03.2021-ci il tarixdə “Elməddin və İsa” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, məlumatla əlaqədar əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları Şahid4 Adil oğlu və Şahid6 ibarət əməliyyat qrupu yaradılmış və 22.03.2021ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi avtomobil ilə saxlanılmış və avtomobildə olan Ülviyyə Salmanova, Şahid1 və Şahid2 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmişlər. Aparılmış əməliyyat-axtarış tədbirlərin davamı olaraq həmin vaxt metronun “Q.Qarayev” stansiyası yaxınlığında Təqsirləndirilən şəxs bu şəxslərdən sonra saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Saxlanılan şəxslər idarənin təhqiqatçısına təqdim edilmiş, təhqiqatçı tərəfindən onların hər birinə müdafiəçi dəvət olunaraq hər birinin üzərinə ayrıayrılıqda baxış keçirilmiş, X5 üzərindəki siqaret qutusunda 2,472 qram psixotrop maddə metafetaminə bənzər maddə, Şahid1 üzərindən 01 ədəd bükülüdə 2,534 qram metafetaminə bənzər maddə və Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükülüdə 1,025 qram metafetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Ülviyyə Salmanova ondan aşkar olunmuş maddə ilə əlaqədar göstərmişdir ki, metafetamini ona saxlamaq üçün Təqsirləndirilən şəxs vermişdir. O və digər əməliyyatçılar axtarışda iştirak etmişlər, lakin bütün sənədləşməni təhqiqatçı aparmışdır. Saxlanılan şəxslərin heç birinə təzyiq olunmamış, onlar üzərlərində olan qanunsuz maddələri özləri könüllü olaraq təhqiqatçının təklifi ilə ayrıayrılıqda təqdim etmiş və hər biri tərtib olunmuş protokolu sərbəst və təzyiq olunmadan imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onu Rəşad adlı tanışının vasitəsi ilə tanımışdır. O, uzun illərdir narkotik vasitə olan heroin qəbul edir. Buna görə də bir neçə dəfə məhkum olunmuşdur. Halhazırda barəsində narkotik vasitə istifadəçisi olduğu üçün Nizami RPİ-də cinayət işi aparılır. O iş bu işlə bağlı deyildir. Narkotiki ona Rəşad adlı tanışı təşkil edirdi. Rəşadın deməsinə görə narkotiki o Təqsirləndirilən şəxs əldə edirdi. Hətta bir dəfə Rəşad onun yaşadığı məhəlləyə hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxslə gəlmiş, elə orada Rəşad Elməddinə pul verib heroin əldə etmiş, həmin narkotiki Rəşadla birlikdə istifadə etmişdir. Rəşad br-iki dəfə Elməddinlə onun telefonundan istifadə etməklə əlaqə saxladığı üçün nömrəsi Elməddində qalmışdır. Sonradan o sosial şəbəkədə Elmədinlə əlaqə saxlamış və aralarında münasibət yaranmışdır. Elməddin onun narkotik vasitə olan heroin qəbul etdiyini bilmiş və bir dəfə ona söyləmişdir ki, tezliklə iranlı tanışları onun üçün heroin gətirəcəklər və o həmin heroindən onun üçün də təşkil edəcək. 22.03.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarından “Neftçilər” dairəsinə gələn yolda Elməddinlə təkrar görüşmüşdür. Elməddin ağ rəngli bir avtomobil ilə gəlmiş, avtomobildə Elməddinlə bir qız və başqa bir nəfər də olmuşdur. O avtomobilə əyləşdikdən sonra onlar bir qədər 8-ci kilometr bazarı istiqamətində getdikdən sonra «Diqlas» ticarət mərkəzinin yanında maşından düşmüşlər, orada Elməddin ona 30 manat təklif etmişdir ki, həmin pulun müqabilində o ona metafetamin təşkil etsin. Hər zaman Elməddin ona narkotik maddə təşkil etdiyi üçün bu dəfə isə onun özünün ondan «şüşə» yəni metafetamin istəməsi onda şübhə doğurmuş, bu səbəbdən o Elməddin və avtomobildəki şəxslərdən ehtiyat edərək onlardan uzaqlaşmış və hətta mobil telefonunu söndürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin X3 əməliyyat müvəkkili işləmiş və hal-hazırda Gəncə şəhər polis idarəsinin əməkdaşı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 22.03.2021-ci il tarixdə həmkarı Şahid5 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatla əlaqədar əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan, Şahid5, Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və 22.03.2021ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında saxladıqları maşında olan Şahid1, Ülviyyə Salmanova və Şahid2 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmişlər. Aparılmış əməliyyat-axtarış tədbirlərin davamı olaraq həmin vaxt metronun “Q.Qarayev” stansiyası yaxınlığında Təqsirləndirilən şəxs bu şəxslərdən sonra saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Saxlanılan şəxslər idarənin təhqiqatçısına təqdim edilmiş, təhqiqatçı tərəfindən onların hər birinə müdafiəçi dəvət olunaraq hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirilmiş, X5 üzərindəki siqaret qutusunda 2,472 qram psixotrop maddə - metafetaminə bənzər maddə, Şahid1 üzərindən 01 ədəd bükülüdə 2,534 qram metafetaminə bənzər maddə və Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükülüdə 1,025 qram metafetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Ülviyyə Salmanova ondan aşkar olunmuş maddə ilə əlaqədar göstərmişdir ki, metafetamini ona saxlamaq üçün Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla tutulmamışdan 10 gün əvvəl tanış olmuş, tanışlıqları isə Elməddinin ona bir müddət psixotrop maddə olan metafetamin satması ilə bağlı olmuşdur. Elməddin bir neçə dəfə ona psixotrop maddə satmış, bəzi hallarda həmin maddəni bir yerdə qəbul etmişlər. 22.03.2020-ci il tarixdə Elməddin ona zəng edərək dostu İsa ilə görüşüb narkotik qəbul edəcəyini bildirmiş, onu da həmin məclisə dəvət etmişdir. Həmin gün axşamüstü Elməddinlə “Sabunçu keçidi” deyilən yerdə görüşmüşdür. Az sonra ağ rəngli bir avtomobildə Elməddinin dostları gəlmişlər. Onlardan biri İsa avtomobili idarə etmiş, daha bir nəfər isə sürücünün yanında əyləşmişdir. Həmin şəxsin adını bilmir. İsa və yanındakı şəxs Elməddinə 30 manat verib metafetamin sifariş vermişlər. Elməddin telefonunda danışıq konturu olmadığı üçün o, onun telefonu ilə kiminləsə danışmış, maşından düşüb danışdığı şəxslə getməmişdən əvvəl siqaret qutusunu ona verib demişdir ki, “bizim ikimiz üçün çəkməyə patimiz var”. Elməddin onun telefonunu götürərək avtomobildən düşüb metafetamin almaq üçün getmiş, bir müddət sonra İsaya zəng edib onları metronun “Q.Qarayev” stansiyasının yaxınlığına çağırmışdır. Bu zaman Elməddinə 30 manat verən şəxs maşından enib harasa getmişdir. Onlar deyilən yerə gedən zaman yolda polis əməkdaşları onları saxlayıb Bakı şəhəri Nizami RPİ-nə aparmışlar. Orada onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən Elməddinin ona verdiyi siqaret qutunun içərisində Elməddin ilə bir yerdə istifadə edəcəyi metafetamin aşkar edilmişdir. Polis əməkdaşlarına siqaret qutusunun Elməddinə məxsus olmasının, mobil telefonununda hal-hazırda Elməddində olmasını bildirmiş, polislər bundan sonra keçirdikləri tədbir zamanı Elməddini də saxlayıb polis idarəsinə gətirmişlər. Elməddini tanımağına çox peşmandır, onun bu günkü vəziyyətinin səbəbkarı məhz Elməddin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhəllə uşağı kimi tanıyır, Ülviyyə Salmanovanı isə bir dəfə 22 mart 2021 -ci il tarixdə Elməddinin yanında görmüşdür. Şahid1 isə o sosial şəbəkədən tanımış, onu Elməddinlə tanış etmişdir. O, Elməddinə metafetamin almaq üçün pul verməmiş, Elməddinlə bir yerdə narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, Elməddin, Ülviyyə və Elməddinin dostu İsadan həmin gün aralanmış, onların tutulmasından isə həmin gün xalası oğlu dalaşdığına görə saxlanıldığı üçün bölməyə getdikdə bilmişdir. Onun bu işə heç bir aidiyyatı yoxdur. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində qeyd olunmuşdur ki, o, bir-neçə ildir psixotrop maddə olan metafetamin qəbul edir. O metafetamini adətən dostları ilə bir yerdə olan zaman qəbul edir. Təqsirləndirilən şəxslə bir məhəllədə yaşamışdır, aralarında yaxın münasibət olmuşdur. Şahid1 isə o sosial şəbəkədən tanımış, onunla da yaxın münasibəti olmuşdur. 22 mart 2021-ci il tarixdə İsa ilə görüşüb qərara gəlmişlər ki, metafetamin alıb qəbul etsinlər. Bu məqsədlə Elməddinə zəng edib onlar üçün metafetamin tapmasını xahiş etmişlər, o Elməddinə söyləmişdir ki, pulu da o verəcəkdir. Həmun gün İsanın idarə etdiyi BMW markalı avtomobili ilə Elməddinlə qabaqcadan razılaşdıqları kimi “Sabunçu keçidi” deyilən yerdə görüşmüşlər. Orada Elməddinin yanında tanımadıqları bir qızın da olduğunu görmüşlər. Onlar hər ikisi avtomobilə əyləşmiş və Elməddin metafetamin almaq üçün avtomobili Nizami rayonu, 8-ci kilometr qəsəbəsinə sürməyi demişdir. 8-ci kilometr qəsəbəsinə gəldikdən sonra xatırlamadığı birneçə yerə getmişlər. Sonra Elməddin ondan 30 manat alıb metafetamin almaq üçün avtomobildən düşərək getmişdir. Bir müddət sonra o da şəxsi işi ilə əlaqədar avtomobildən düşmüş və demişdir ki, Elməddinlə görüşəndə ona zəng edib desinlər, o da gəlib qoşular. Sonra nə İsaya, nə də Elməddinə zəng çatmamışdır. Növbəti gün eşitmişdir ki, həmin gün İsanı, Elməddini və həmin qızı polis əməkdaşları saxlayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, həqiqətən o, Niyaməddin və İsa 22 mart 2021 -ci il tarixdə axşamüstü Sabunçu dairəsi deyilən yerdə görüşmüş, İsanın BMV markalı maşını olmuşdur. Orada onlarla bir müddət vaxt keçirdikdən sonra düşüb aralanmışdır. Elməddinə metafetamin almaq üçün pul verməmiş, Elməddinin alacağı metafetamini birlikdə istifadə etmələri barədə razılığı olmamışdır. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid2 düzgün ifadə vermir. Belə ki, Niyaməddin onun kimi metafetamin istifadəçisi olmuş, bir yerdə dəfələrlə həmin maddəni qəbul etmişlər. İsa ilə onu məhz Niyaməddin tanış etmiş, İsa da narkomandır. Hadisə günü onu Sabunçu dairəsinə məhz Niyaməddinlə İsa «patı» qəbul etmək üçün dəvət etmişlər. O da öz növbəsində Ülviyyəni onlarla birlikdə metafetamin qəbul etmək üçün dəvət etmişdir. «Patı» almaq üçün 30 manat pulu ona məhz Şahid2 vermişdir. Hətta Niyaməddin ona 50 manatlıq əskinas vermiş, Niyaməddinlə birlikdə yaxınlıqdakı ticarət obyektində həmin əskinası xırdalayıb 30 manat götürmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, psixotrop maddə olan metafetamin istifadə edir. Elməddin ilə tanışı Niyaməddinin vasitəsi ilə tanış olmuş, 22.03.2021-ci il tarixdə axşam saatlarında Niyaməddinlə bir yerdə olan zaman Niyaməddin onda pul oduğunu, həmin pula metafetamin almaqla onunla bir yerdə metamfetamin qəbul etmək istədiyini bildirmişdir. O razılıq verdikdən sonra Niyaməddin Elməddinə zəng edib metafetamin almaq istədiyini demiş, çünki Elməddin bir dəfə də onlar üçün metafetamin alıb vermişdir. 22 mart 2021 -ci il tarixdə axşam saatlarında o Niyaməddinlə öz avtomobilində Elməddini götürmək üçün Sabunçu dairəsinə getmişdir. Orada Elməddini və sonuncunun yanında olan Ülviyyə adlı qızı götürüb “Neftçilər” dairəsinə gəlmişlər. Elməddin demişdir ki, orada tanışı ilə görüşüb onlar üçün metafetamin alacaqdır. Onlar “Neftçilər” dairəsinə çatdıqdan sonra Niyaməddin metafetamin almaq üçün Elməddinə 30 manat vermişdir. Elməddin getdikdən az sonra zəng edib onları metronun “Q.Qarayev” stansiyasının yanına çağırmışdır. O idarə etdiyi avtomobili ilə deyilən yerə yaxınlaşan zaman polis əməkşları onları saxlayıb Bakı şəhəri Nizami rayon polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirli olması qismən özünün ifadəsi, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nİzami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan «İsa və Elməddin» adlı şəxslər mütəmadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanılması, qəbulu və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, 22 mart 2021-ci il tarixdə saat 22:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində X8, Təqsirləndirilən şəxs və Şahid1 Bakı şəhəri, Nizami rayonu inzibati ərazisində saxlanılıb Nizami RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürülmə aparılması haqqında» 23 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş ağ rəngli, kristal şəkilli maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olduğunu, 2 gün əvvəl öz istifadəsi üçün Q.Qarayevdə tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 23 mart 2021-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 mart 2021-ci il tarixli, 4(007)-65/20219 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 23 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 23.03.2021-ci il tarixli, 6/1159 saylı rəyindən müəyyən olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N162 möhür əksi, “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs ...” vəs. yazılar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,025 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.” Məhkəmədə elan edilib araşdırılmış təkrar təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli, 2058 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 25.08.2021-c il tarixli, 6/3114 saylı rəyindən müəyyən olunur ki, üzərində “saxlanılan şəxs ... Ü.A.Salmanova ...” sözləri soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan psixotrop maddə metamfetamin ilə üzərində “saxlanılan şəxs...Təqsirləndirilən şəxs ...” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,422 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 16.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dəndaxil olmuş hadisə zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə aid məlumatların olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 22.01.2021-ci il tarixdə 15:16, 19:44, 20:33 və 20:40 radələrində 20:48 radələrində ***-***-**-** nömrəsi ilə danışıqları müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 04.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,935 qram qalan psixotrop maddə metafetamin saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, CD disklər cinayət işinin materiallarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli “şəxsi axtarış və götürmə barədə” və “CD diskə baxış keçirilməsi haqqında” protokolları, təqsirləndirilən şəxsin ifadəsi, üzləşdirmə protokolları, şahid ifadələri, məhkəmə kimyəvi və fiziki-kimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin ümumi təmiz çəkisi 1,025 qram psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 23 mart 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 0,935 qram psixotrop maddə metafetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edlmiş CD disklər cinayət işinin materiallarında saxlnılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 142,04 (yüz qırx iki manat dörd qəpik ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 mart 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs oğlnun üzərindən aşkar edilərək götürülmüş, 0,935 qram psixotrop maddə metafetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD dikslər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 142,04 (yüz qırx iki manat dörd qəpik ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar