Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-291/2023 17.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamış və daşımış, 28 may 2022-ci il tarixdə saat 20:00-da Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb 12-ci Polis Şöbəsinə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,180 qram qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən 28 may 2022-ci tarixində evində tutulmuşdur. Belə ki, may ayının 8-də anası vəfat etmişdir. May ayının 15-də polis əməkdaşları oğurluq hadisəsi ilə əlaqədar yaşadığı məhləyə gəlmişlər. Elə həmin gün 12-ci polis bölməsinin 2 əməkdaşı- Bəxtiyar və Cavid müəllim yaşadığı evə girərək yaxın zamanlarda onu oğurluq hadisəsi ilə əlaqədar aparacaqlarıını bildirmiş, lakin oğurlurla heç bir əlaqəsi olmadığı aşkar edildikdən sonra çıxıb getmişlər. 28 may 2022-ci il tarixdə həyətdə saxladığı itin səsinə yuxudan ayılmış, polis əməkdaşlarının bir qisminin darvazanın üstündən düşüb darvazanı açdıqlarını, digər qisminin isə həyətə daxil olduğunu görmüşdür. Evin qapısı döyüldükdə, qapını açmamış və açmayacağını söyləmişdir. 102-ə yığmaq istəyəndə polis əməkdaşları çöldən telefonun şunurunu dartaraq çıxartmışlar. Otağa köynəyini geyinməyə getmiş, daha sonra özünü itirərək şifonerin arxasında gizlənmişdir. Elə bu vaxt polislərdən biri pəncərəni sındırıb ev qapısını açaraq evə girmiş, onu görmüşlər. Narkotik vasitə istifadəçisi olduğu üçün polis əməkdaşları ona qarşı aqressiv davranmışdırlar. Daha sonra onu maşına otuzduraraq bölməyə aparmışlar. Bölmədə otağa girəndə məhlələrində yaşayan bütün uşaqların orada olduğunu görmüşdür. Belə ki, yaşadığı ərazidən Müslüm Ələkbərovu, Lətifxan Soltan oğlunu, Ruslan Tağıyevi də tutub gətirmişdilər. Bölmədə barəsində şikayət olduğunu bildirmişlər, o isə xəstə olduğunu müalicəyə ehtiyacı olduğunu qeyd etmişdir. Polisə aparan zaman onun evi açıq qalmış, oradan televizor və başqa əşyalar götürülmüşdür. O, polis bölməsində axşama qədər vəkili olmadan qalmışdır. Axşam saat 20:00-da onu ikinci mərtəbəyə qaldırmışlar. Həmin vaxt onun artıq nəfəsi darıxmış, ürək sıxıntısı var imiş. Seyfdən bükümlər çıxarıb demişlər ki, bunu boynuna götür. Məhkəmədə onu çıxartdıracaqlarını söz vermişlər. Sonra telefonla içəri girmiş və çəkiliş aparmışlar. Vəkil polislərin yanında ondan döyülüb-döyülmədiyini soruşmuşdur ki, o isə həmin vaxt qorxduğu üçün heç nə deyə bilməmişdir. Ona polisdə demişlər ki, narahat olma yaxşı olacaq. Saxlanıldığı zaman üzərində heç bir qanunsuz əşya olmamışdır, lakin dəfələrlə döyüldüyünə görə həmin narkotik vasitələrin onun olmasını bildirmişdir. Şahid1 onun qarnına yumruqla zərbə vurmuşdur. Həmişə narkotik vasitələri özü üçün almış, digər şəxslər də ondan birlikdə istifadə etmək üçün narkotik vasitə istəmişdirlər. Ona narkotik vasitə ilə bağlı mesaj yazan şəxslər birlikdə narkotik vasitə qəbul etmək üçün yazmışdırlar. Tutulmazdan bir gün öncə də narkotik vasitələrdən istifadə etmişdir. Ümumiyyətlə narkotik vasitədən hər gün, yaşadığı evin hamamında istifadə etmiş, gündəlik olaraq narkotik vasitələrə 5-15 manat arası pul vəsaiti xərcləmişdir. Narkotik vasitələr harada ucuz satılmışdırsa, oradan almışdır. Adətən 5 manat dəyərində olan “kakos” adı ilə bilinən “heroin” adlanan narkotik vasitə satın almış və ya ona pay verilmişdir. Bir neçə nəfər birlikdə istifadə etdikləri üçün Balada olanda o, yoldaşlarına, yoldaşlarında olanda onlar Balaya pay vermişlər. Göstərdiyi səbəblərdən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, iki ilə yaxındır ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. O, əvvəllər də “Bala” adlı şəxsi tanımış, onun barəsində dəfələrlə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Lakin bundan öncə daxil olmuş məlumatlar əsasında aparılmış hərəkətlər heç bir nəticə verməmişdir. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs barəsində aparılmış tədbir uğurla nəticələnmişdir. Təqsirləndirilən şəxs şəxsən onun tərəfindən dəfələrlə xəbərdarlıq olunsa da, o öz əməllərindən əl çəkməmiş, ətrafına cinayətə meyilli şəxsləri toplayaraq müvəkkili olduğu ərazinin krimogen vəziyyətini ağırlaşdırmışdır. Şəxsən Təqsirləndirilən şəxs özünə əgər əməllərinə davam edərsə onu əvvəl-axır tutacağını demişdir. Onda əməliyyat məlumatı mövcud olmuş, raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəllər də əməliyyat işi açmışdır. Lakin tutulduğu gün o, əməliyyat məlumatı əsasında deyil, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün sonuncuya yaxınlaşmış, tərəfindən şöbəyə dəvət edilmiş, üzərinə baxış keçirilmiş və aşkar edilmiş narkotik vasitələr sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs 4-5 ay əvvəl yaşadığı ərazinin yaxınlığında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Dadaş Dadaşovun küçəsində xidməti vəsiqələri təqdim etməklə saxlamışdırlar. Onu saxladıqları saatı və üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını hal-hazırda xatırlamır. Təqsirləndirilən şəxs küçədə yaxınlaşan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş və özünü çox sakit aparmışdır. O, saxlanılan vaxt yanında başqa adamlar da olmuş, sonradan həmin şəxslər də saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alışı, satışı və dövriyyəsi ilə bağlı cinayət əlaqələri mövcud olmuş və həmin şəxslər də aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan gün ondan başqa həmin ərazidə daha bir neçə şəxs də saxlanılmışdır. Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı ondan izahat almışdırlar. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, hazırda 14-cü polis bölməsində xidmət göstərir. Artıq 6 aydır ki, Sabunçu rayon 12-ci polis bölməsindən işdən çıxmışdır. Orada xidmət göstərdiyi zamanlarda Təqsirləndirilən şəxs barəsində araşdırma aparmışdır, lakin fakt təsdiqini tapmamışdır. Təxminən 7-8 ay əvvəl Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Sonradan Bala özü etiraf etmişdir ki, həm narkotik vasitənin satışı ilə məşğuldur, həm də uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs Sabunçu qəsəbəsi, Dadaş Dadaşov küçəsində, məhəllə marketindən bir az aralıda dayandığı halda saxlamışlar. Onu saxladıqları vaxt yanında başqa adamlar da olmuşdur. Sonradan həmin şəxslər də tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs günorta saatlarında saxlamışlar, lakin saxlanıldığı saatı tam xatırlamır.Saxladıqdan sonra polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs saxlanılmasına səbəb barəsində dəfələrlə şikayət daxil olmuş, hətta qonşuları da şikayət ərizəsi yazmışdırlar. Onun yaşadığı yerdə qonşunun evində oğurluq olmuşdu. O hadisə ilə bağlı araşdırma aparılarkən Baladan şübhələndikləri üçün sonuncu da araşdırılmışdır. Ümumiyyətlə əməliyyat məlumatı Balanın narkotikdən istifadə etdiyi, satdığı, camaatı zəhərlədiyi barədə olmuşdur. Lakin hansı maddə olduğu məlumatda əks olunmamışdı. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 28 may 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə saat 20:00-da Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi nömrəsiz fərdi yaşayış evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb 12-ci Polis Şöbəsinə dəvət edilmişdir (Cild 1, iş vərəqə 4) . Şəxsi axtarış və götürmə aparılması haqqında 28 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən içində bir ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngli maddə, sol yan cibindən “Hofman” markalı telefon aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin “Kakos” olduğunu və onu Sabunçu rayon, Balaxanı qəsəbəsindən üzdən tanıdığı birindən 30 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və DVD disk protokola əlavə edilmişdir.(Cild 1, iş vərəqə 25-27) Məhkəmə kimyəvi ekspertizasının 29 may 2022-ci il tarixli 6/3024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN «Zərflər üçün № 159» möhür əksi, «Vət.Təqsirləndirilən şəxs üzərindən...» və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,180 qram qəhvəyi maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 5,080 qram təşkil etmişdir(Cild 1, iş vərəqə 35-36). DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 29 may 2022-ci il tarixli protokoldan görünür ki, baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin onun özünün olduğunu, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığı üçün həmin heroinin ona məxsus olduğunu bildirdiyini qeyd etmişdir (Cild 1, iş vərəqə 51). Sabunçu rayon Polis İdarəsinin Bakcell MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, özündə 01 aprel 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aparılmış danışıqları, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları əks etdirən 01 ədəd CD yaddaş daşıyıcısına baxış keçirilərkən ***-***-**-** mobil nömrənin ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələr ilə danışıqların aparıldığı, iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS mesajların olduğu müəyyən edilmişdir: -01 aprel 2022-ci il tarixdə saat 22:48:35-də ***-***-**-** mobil nömrədən 055-275- 75-62 mobil nömrəsinə «SƏN DEMƏLİ YENƏ QAD HƏRƏKƏTİVİ ETDİN MƏNU AGRİDA İNDİYƏCƏN QOYUB GETDUN VƏ DEYİRSƏN ƏMİDİDƏ YENƏ HAÇANSA GETSƏM SOXACAQ İÇİNƏ НЕС BU OLMAMUŞ KİMİ YALAN BƏHANƏ DANİŞİB GİRƏCƏM EVƏ YADA RASRAŞACAM? LƏTİF İNDİ GÖR MƏN SƏNİ AGRİDA YOX AGLAYA AGLAYA PİS GUNƏ QOYMASAM ANAMİ İNDİ İTİRİM YAXŞU NOLAR..BİRDE MƏNDƏ VİDE VAR CALAN GÖZL XEYANET; -05 aprel 2022-ci il tarixdə saat 12:00:54-də ***-***-**-** mobil nömrədən 055-596- 89-01 mobil nömrəsinə «Sahib mən bankamata getdim at qaqAş kart qonşudan 20 deqqeliy aidim qaytarim deyene ataaa et alacam bint Ad cavab de indi bilim»; -07 may 2022-ci il tarixdə saat 15:33:01-də ***-***-**-** mobil nömrədən 055-367- 01- 11 mobil nömrəsinə «ROVSEN ADBOY VERİB RAHATLANİRSAN? AMMA BURDA OTURUB SENE ZENG EDEN İNSAN HEQİQETEN GORUREM BU GETDİ BAWQA SOHBETE MENDE SENE HORMETLE HEMİWE YANAWAN OLMUWAM NE SEN MENE NE MEN SENE BU CUR YA HORMETSİZLİY ETMEMİWİK..ROVWEN MENE GOTURDUYUN 105 MANATİ YARİM SAATA GETİR EVE ANAM CAN USTEDİ İNAN ALLAHA GOZUME»; -07 may 2022-ci İl tarixdə saat 15:40:32-də ***-***-**-** mobil nömrədən 055-367- 01-11 mobil nömrəsinə «BURDA DUZELİB İK! CUR VAR GOTURECEM Kİ MECLİSİ İNAN YOLA VERİM Kİ HALİM OLSUN EGER ROVWEN SEN MENE QARWİ BU HALİMDA BAWQA CUR FİKİRLE LETİFİN EMİDİDE PUL OLACAQ ONDA QOY AMMA MENEDE DUWSUN_BU CUR BAWA DUWULUB AÇİLSA SÖHBET İNAN MEN TUFAN EDİB QAN ETMEYE HER CUR VİRAN HER WEY ETMEYE AXİRDA SENİ BU DVİJE EGER LETİF EVE GETİRİBSE DEYİLEN DUZDUSE LETİF OZU BİLİR Kİ 10 ya 20 qat bu gun bir zenge pul sizden cixib qeweng cibime gelecey letif ise seni SAt acaq»; - 04 aprel 2022-ci il tarixdə saat 02:14:39-da ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə «Balw sen eaga diraznitem mal piwrsen mende 5 tocka ver berk diraznitem yuxmda gelmir. Qardwin evezini cixacaq»; - 04 aprel 2022-ci il tarixdə saat 12:27:06-da ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə «Aye 5dik pati 5kola alinar ?»; - 06 aprel 2022-ci il tarixdə saat 22:18:15-də ***-***-**-** mobil nömrədən 055-902- 22- 80 mobil nömrəsinə «gijdilag bizi gozdedib burda gedim mal verib geliem qehbe helede yöxdue»; - 06 aprel 2022-ci il tarixdə saat 23:57:05-də ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə «cixmiwam mehledeyem gelir qehbeye amma atam men bu vaxdi ora gele bilmereme kımise gonder gelin verim mehlede 45m gonder butov aa gelsin gotursun»; - 08 aprel 2022-ci il tarixdə saat 22:52:05-də ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə «Gelirem dediyimide 10 nug goturmushem.srn tez ele gec olsa ala bilmiyecem»; - 17 aprel 2022-ci il tarixdə saat 13:35:43-də saat ***-***-**-** mobil nömrədən 055- ***-**-** mobil nömrəsinə «Salam Emican necesen emiwka elime ucuz tema duwub istesen yaz amma 2mizin arasında qalsin»; - 09 may 2022-ci il tarixdə saat 01:12:39-da ***-***-**-** mobil nömrəsinə «Saba getrim secun ?pul ozum vercem sebişcun gotrecem sende verim?»(cild 1, iş vərəqə 144- 145). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X10 11 iyun 2022-ci il tarixli 5280 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2018-ci il tarixdən 15 mart 2018-ci il tarixədək olan dövr ərzində qeyd olunan xəstəxanada «Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntular» diaqnozu ilə müalicədə olmuşdur (cild 1, iş vərəqə 114). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X10 29 iyun 2022-ci il tarixli xx/xx-8922 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu» diaqnozu ilə 24 dekabr 2018-ci il tarixdə qeyd olunan mərkəzdə stasionar müalicəyə qəbul olunsa da, həmin gün müalicədən imtina edərək öz ərizəsinə əsasən evə yazılmışdır (Cild 1, iş vərəqə 115) . Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o məhkəmə iclasında əməlini etiraf etmiş və peşmançılıq hissi keçirtdiyini bildirmişdir (Cild 1, səh 75-78) . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-psixiatrik ekspertizasının 02 iyun 2022-ci il tarixli 1401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, xasiyətin psixopatik cizgiləri müəyyən edilir, öz hərəkətlərini ölçüb-biçmək, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, hal- hazırda onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 120-122) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqının əvvəlində dindirilərkən polis əməkdaşları tərəfindən zor tətbiq edilərək şöbəyə aparılması və orada olarkən polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən üzərindən çıxan narkotik vasitənin ona məxsus olmasını bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən 20 iyun 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunun müstəntiqi X7 tərəfindən araşdırma aparılmış, cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir(cild 1, iş vərəqə 116-117). Qərar çıxarılarkən istinad edilən məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş xəsarətlərin xarakter və lokalizasiyasına əsasən yıxılma nəticəsində törənməsi inkar edilmiş, müxtəlif şəraitlərdə alınması, o cümlədən əlçatan nahiyələrdə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunmamışdır. Həmçinin araşdırma aparılan zamanı Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində etiraz etmək üçün yerdən götürdüyü “şurupla” qarın nahiyəsinə bir neçə dəfə cızıq atdığını etiraf etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunun 20 iyun 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məhkəmə iclasında şikayət verib-verməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Bundan başqa məhkəmənin özünün təşəbbüsünə əsasən Sabunçu rayon Prokurorluğu tərəfindən təqdim olunmuş məktubda da təqsirləndiirlən şəxsin həmin qərardan şikayət verməməsi xüsusatı öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs etiraz əlaməti olaraq yerdən götürdüyü “şurupla” qarın nahiyəsinə bir neçə dəfə cızıq atdığını etiraf etməsini, məhkəmə-tibb ekspertizasının verdiyi rəyə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətlərin əlçatan nahiyələrdə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunmaması, o cümlədən təqsirləndirilən şəxsin 20 iyun 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət verməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin ona məxsus olması barədə verdiyi ifadələrin, habelə 5,180 qram narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması faktının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələbləri nöqteyi nəzərindən şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona məxsus 055 902 22 80 mobil nömrəsi vasitəsilə aparılan 04 aprel 2022-ci il tarixdə saat 12:27:06-da ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə “Aye 5dik pati 5kola alinar ?”, 04 aprel 2022-ci il tarixdə saat 02:14:39-da ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə “Balw sen eaga diraznitem mal piwrsen mende 5 tocka ver berk diraznitem yuxmda gelmir. Qardwin evezini cixacaq”, 08 aprel 2022-ci il tarixdə saat 22:52:05-də ***-***-**-** mobil nömrədən 055-902- 22-80 mobil nömrəsinə “Gelirem dediyimide 10 nug goturmushem.srn tez ele gec olsa ala bilmiyecem” danışıqlarla əlaqədar ifadə verərkən mövcud danışıqları rədd etməmiş, bir neçə nəfər birlikdə istifadə etdikləri üçün onda olanda yoldaşlarına, yoldaşlarında olanda isə ona pay verdiyini bildirmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs məhkəmə iclasında əməlindənpeşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 07 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, 24 iyul 2020-ci ildə cəza müddəti bitmişdir (cild 1, iş vərəqə 104-106). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçdiyinə görə yeni cinayətin törədilməsi zamanı məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, üzərindən aşkar edilən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş(Cild 1, iş vərəqə 14), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 75-78). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 may 2022-ci il tarixdən hesablanmalıdır. 02 iyun 2022-ci il tarixli 2928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 14) Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi - 5,180 qram narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq - 5,080 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 1 ədəd DVD və Bakcell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən materialların məhkəmə ekspertizası keçirilməsi ilə bağlı 110 (bir yüz on) manat, kompüter-texniki ekspertizası ilə bağlı 53 (əlli üç manat) 65 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,202). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən, məhkəmə zamanı Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,080 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD və Bakcell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs materialların məhkəmə ekspertizası keçirilməsi ilə bağlı 110 (bir yüz on) manat, kompüter-texniki ekspertizası ilə bağlı 53 (əlli üç manat) 65 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-291/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-291/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver