Məhkəmə qərarları › İş №1(101)-291/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-291/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-291/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Socar” Neft şirkətində operator vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və daşımışdır: Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,176 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 16,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və 03 yanvar 2023-cü il tarixdə, saat 01:10 radələrində ünvan 2 ünvanının yaxınlığında olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zaman ona məxsus olan əynindəki qızılı rəngli şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,176 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 16,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ittihamda qeyd edilən üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil, heç zaman narkotik vasitə istifadə etməmişdir. 02 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Mərdəkan qəsəbəsi Mədəniyyət sarayı yaxınlığında tanışı Tərlan adlı şəxslə görüşmüş, birlikdə “Şale” adlı restorana getmişlər. Spirtli içki içdikdən sonra sərxoş vəziyyətdə restoranın qarşısına çıxmış, ərazidə gəzişərkən təsadüfən tanışları Aslan adlı şəxs qarşılarına çıxmışdır. Salamlaşdıqdan sonra Aslan ona birlikdə şəhərə gəzməyə getmək istədiyini, onunla söhbət etmək istədiyini bildirdikdə onunla razılaşmış və tanışı Tərlanı tək qoyduğuna görə onu üzürlü saymasını deyərək Aslanı gözləyən **-PY-*** nömrəli qara rəngli avtomobilə əyləşmişlər. Maşında Aslan sürücü ilə onu tanış edərək adının Vüsal olduğunu bildirmiş və maşın Heydər Əliyev prospekti ilə şəhər istiqamətinə hərəkət etmişdir. Bir müddət şəhərdə gəzdikdən sonra ayaqyoluna getmək istədiyindən Vüsaldan maşını saxlamasını xahiş etmişdir. Sərxoş olduğu üçün maşını harada saxladığını xatırlamır. Binaların arasında qaranlıq olan yerdə ayaqyoluna gedib qayıdarkən tanımadığı şəxs onun üstünə hücum çəkərkən ayağı səkiyə ilişib yerə yıxıldıqda ona yaxınlaşıb köməklik edərək ayağa qaldırmışdır. Həmin şəxs isə ayağa qalxaraq onun yaxasından yapışmış, bir az kənarda olan digər şəxs də maşına tərəf hücum etmişdir. Həmin vaxt polis əməkdaşları Anar və Vüsalın olduğu maşının qapılarını açmağa cəhd etsə də qapı içəridən kilidli olmuş və Vüsalgil maşını sürüb oradan kənarlaşmışlar. Onu saxlayan şəxs yaxınlaşaraq qoluna girmiş və polis əməkdaşları olduqlarını, onda narkotik vasitə olmasından şübhələndiklərini bildirərək ərazidə olan “Doblo” markalı maşına əyləşməyini təklif etmişlər. Maşına əyləşdikdə əlavə 4 nəfərin də maşında olduğunu görmuşdur. Özlərini polis əməkdaşları kimi təqdim etmiş şəxslər onun gəldiyi maşınla maraqlanmış, onlar barədə məlumat verməyini, narahat olmamasını, ərazidə videokamera olduğunu və həmin şəxsləri kameraya baxdıqdan sonra da tapa biləcəklərini bildirmişlər. Telefonunu istədikdə telefonunun olmadığını bildirmiş, bu zaman polis əməkdaşları onu sillə və yumruqla vurmuşlar. Polis əməkdaşlarına ciyərindən əməliyyat olunduğunu və ciyərinə zərbə dəydiyi zaman partlayacağını və ölə biləcəyini demişdir. Nə desələr razı olacağını, sadəcə ciyərinə vurmamalarını xahiş etmişdir. Sonra ciblərinə baxmış, cibindən evin açarı, əmək haqqı kartı və şəxsiyyət vəsiqəsi çıxmışdır. Polis əməkdaşları ona bölməyə gedərək orada bir neçə sənədə imza etməli olduğunu, sonra isə buraxacaqlarını bildirmişlər. Sərxoş vəziyyətdə bölməyə gətirilərək orada 1-2 saat saxladıqdan sonra polis əməkdaşları ona videoçəkiliş olacağını və narkotik vasitəni 100 manat müqabilində aldığını boynuna götürməyini tələb etmişlər. O, etiraz etdikdə polis əməkdaşları yenidən onu döymüş, məcbur qalaraq bütün şərtlərlə razılaşmışdır. Seyfdən bir ədəd videokamera, sellofan bükümdə narkotik maddəni ona verərək cibinə qoymasını dedikdə o da razılaşmışdır. Videoçəkiliş 1-2 dəfə müxtəlif səbəblərdən alınmamışdır. Sonunda videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu, tanımadığı İran İslam Respublikası vətəndaşından 100 manata aldığını bildirmişdir. Sərxoş olduğu halda ona bütün sənədlərə imza etdirmişlər. Döyülməsi barədə hər hansı orqana şikayət etməmişdir. Narkotik vasitə istifadəçisi deyil, istintaq zamanı yoxlandıqda da narkotik vasitə istifadə etmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edərkən bu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və söhbət zamanı ondan şübhələndiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirmişlər. Orada xidməti otaqda video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan qızılı rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamini və bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin cibindən aşkar olunan şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetamin və şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana (nəşə) onundur və ona məxsusdur, onu xx.xx.2023- cü il tarixdə, gecə saat 00:30 radələrində onlayn qaydada tanımadığı adını və heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 100 manata özü istifadə etmək məqsədi ilə işarələnmiş yer olan Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 45 ünvanının yaxınlığından ələd etmiş, özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqdim etdiyi psixotrop maddə və narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa o, üzərində olan psixotrop maddədən və narkotik vasitədən hər hansı bir şəxsə istifadə etmək üçün vermədiyini, gəlir qazanc əldə etmək üçün satmadığını, belə bir niyəti, məqsədi və fikri olmadığını yalnız özü istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmadığını psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etdiyini, bundan başqa, heç yerdə heç bir cinayət etmədiyini, polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki və psixi yaxud digər bir üsulla təsir göstərən olmadığını bildirmişdir. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı çox almaqda məqsədi, niyyəti və fikri tez-tez gedib narkotik vasitə almamaqdır bir dəfəlik gedib o qədər alır sonrada azaz istifadə etməkdir (cild 1, iş vərəqi 63-66). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ii tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirilmiş, Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilmişdir. Xidməti otaqda videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu, öz şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı polis əməkdaşı tərəfindən heç bir fiziki və ya psixi təsir və ya təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilmiş Şahid1 ifadəsindən müəyyən edilmişdir ki, o X2 ilə eyni məzmunlu və işin faktiki hallarına uyğun ifadə vermişdir (cild 1, iş vərəqi 110-112). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən külli miqdarda psixotrop maddə və şəxsi istehlak miqdarından artıq mqidarda narkotik vasitənin aşkar edilməsi faktına görə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, iş vərəqi 1). 03 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PB-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). 03 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 19-20). Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir; həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək bildirmişdir ki, narkotik vasitə onun üzərindən aşkar edilsə də, o narkotik vasitə istifadəçisi deyil, göstərilənlərə əsasən vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir” (cild 1, iş vərəqi 81-84). Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çıxış edərək əməlindən peşman olmasını bildirmişdir (cild 1, iş vərəqi 113-115). 03 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd şəffaf rəngli sellofan bükümdə spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşılımtıl rəngli qurudulmuş, xırdalanmış maddə, digər şəffaf rəngli sellofan bükümdə isə psixotrop maddə metmafetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə aşkar olunaraq götürülmüşdür; Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşından 100 (yüz) manat müqabilində əldə etdiyini bildirmişdir; şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün əks olunduğu bir ədəd DVD-R disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 29-30). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyun 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 13 dəqiqə 45 saniyə olan həmin videogörüntünün əks olunduğu diskə müstəntiq Yavər Məmmədli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Mehman Muradlının iştirakı ilə baxış keçirilməsinə dair 03 yanvar 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmiş, habelə ona hüquq və vəzifələrinin ətraflı izah edilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 78). Məhkəmə-kimyəvi ekspertizası üzrə 03 yanvar 2023-cü il tarixli 6/05 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Şübhəli şəxs : Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,176 qram olan ağ rəngli kristal şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. aparılmış tədqiqatın dəyəri 153 (bir yüz əlli üç) manatdır (cild 1, iş vərəqi 37-45). Məhkəmə-bioloji ekspertizası üzrə 03 yanvar 2023-cü il tarixli 7/06 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs : Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə üzəri skoçla bağlanmış 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi- 16,655 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır; (cild 1, iş vərəqi 37-45). Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 284 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, arabir narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkməklə, psixotrop maddə metamfetamini yandırıb yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib (cild 1, iş vərəqi 127-128). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli, 371 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır; Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə oz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur; Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 129-130). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (cild 1, iş vərəqi 107-108). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiqlər edilməsi, məcbur qaldığından polislərin təklifi ilə razılaşaraq onların bildirdikləri kimi deməsi və təqdim edilmiş sənədləri imzalaması, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaamanı ifadələrində üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiqlərə yol verilməsi barədə göstərməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə nəzarəti qaydasında hakim tərəfindən baxılarkən onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara, o cümlədən hakimə müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir. Əksinə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını bildirmişdir. Sonradan barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində göstərdiyi hallar barəsində uzun müddət ərzində davam etmiş ibtidai araşdırma zamanı deməmiş, həmin halları mübahisələndirməmişdir. Qeyd edilən hala məhkəmə tərəfindən tənqidi yanaşılarkən məhkəmə həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs həmin müddət ərzində həbsdə olmamış, sərbəst olaraq məhkəmədə ifadəsində göstərdiyi hallar barədə müraciətlər etmək və ya ona verilmiş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Bundan başqa, 03 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etməsi əksini tapmışdır. Bundan başqa, məhkəmə-narkoloji ekspertizası üzrə müayinə zamanı da Təqsirləndirilən şəxs arabir narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkməklə, psixotrop maddə metamfetamini isə yandırıb yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etməsini etiraf etmişdir. Təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş və məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təsirə məruz qalması barədə göstərdikləri məhkəmə baxışı zamanı iş materialları və işin faktiki halları ilə təsdiq olunmamışdır Bundan başqa, müdafiə tərəfi məhkəməyə vəsatətlə müraciət edərək X4 hadisə günü idarə etdiyi qeyd edilən **-PY-*** dövlət qeydiyyat nişanlı, “Lada” markalı avtomobili "xxxx" ASC-dən lizinq müqaviləsi əsasında əldə etdiyini və avtomobildə GPS qurğusunun quraşdırıldığını bildirmiş, həmin GPS qurğusunda 02 yanvar 2023-cü və 03 yanvar 2023cü il tarixlərinə olan məlumatların götürülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin xüsusatın araşdırılması üçün "xxxx" ASC-ə sorğu göndərilmiş və 05 noyabr 2024-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, **- PY-*** dövlət qeydiyyat nişanlı “Lada” markalı avtomobil "xxxx" ASC-nin mülkiyyətində olmamış, şirkətin vasitəsi ilə lizinqə verilməmiş, eyni zamanda "xxxx" ASC-nin lizinq müqaviləsi əsasında lizinqə verilmiş avtomobillərinə GPS qurğusu quraşdırılmır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ifadəsində hadisə günü Aslan, Tərlan və Vüsal adlı tanışları ilə birlikdə olması, saxlanıldığı yerə məhz Aslan və Vüsal adlı şəxslərlə Vüsalın idarə etdiyi avtomobil ilə birlikdə gəlmələri, həmin şəxslərin də hadisənin şahidi olmaları barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, adları qeyd edilən şəxslərin həqiqətən də hadisə günü Təqsirləndirilən şəxsla birgə olmaları, sonuncunun saxlanılmasının bilavasitə şahidi olmaları öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlar həqiqətə və işin faktiki hallarına uyğun deyil, sadəcə olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmaq üçün söylədiyi fərziyyələrdən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın şəxsi istehlak miqdarının (təmiz halda qramlarla) aşağı həddi 5 qram və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 03 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalında həbs edilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının 03 yanvar 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyasi məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli 3293 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 03 yanvar 2023-cü il tarixli 6/05 nömrəli və məhkəmə-bioloji ekspertizası üzrə 03 yanvar 2023-cü il tarixli 7/06 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5,176 qram psixotrop maddə metamfetamin, 16,655 qram narkotik vasitə qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,076 qram psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 16,635 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli; şəxsi axtarış və götürmənin videogörüntülərinin əks edildiyi 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,076 qram psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 16,635 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin; şəxsi axtarış və götürmənin videogörüntülərinin əks edildiyi 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar