Məhkəmə qərarları › İş №1(101)-292/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-292/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-292/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsrləndirilən şəxsin qanuni nümayəndəsi Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının üzvü X3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4, müdafiəçi «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, əvvllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 3-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 iyul 2021-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanının qarşısında yetkinlik yaşına çatmayan 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşıb üzərində olan pulları ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs üzərində pulu olmadığını, olduğu halda da ona pul verməyəcəyini bildirdikdə o, sonuncunun əynində olan şalvarının sol cib hissəsinin üstündən əli ilə toxunaraq cibində pul olduğuna tam əmin olduqdan sonra üzərində olan silah qismində istifadə etdiyi dəstəyi qırmızı rəngli burğacla və hadisə yerindən götürdüyü, üzərində “Sarı kız” sözləri yazılmış mineral su şüşəsinin kəsici hissəsi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək burğac və su şüşəsinin kəsici hissəsi ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə vurub ona bel, qarın nahiyyələrinin, sol bazunun deşilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onu bir neçə dəfə şəhərdə görmüşdür. Ramiz də onun kimi tüfeyli həyat tərzi sürür. Onun valideynləri vəfat etdiyindən və yaşamağa evi olmadığından bu həyat tərzini seçmişdir. Törətdiyi oğurluq cinayətinə görə 11.03.2021-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Evi olmadığından isti aylarda parklarda, soyuq aylarda isə 1-2 manatlıq evlərdə gecələməklə yaşayır. 08 iyul 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «Ağ Bulaq» kafesində özü tək 2 bakal pivə içmiş, oradan çıxıb marketdən əlavə olaraq 2 butulka «Xırdalan» pivəsi alıb onları da içmiş və sərxoş olmuşdur. Bundan sonra o, metronun «Memar Əcəmi» stansiyasının ətrafında piyada gəzişməyə başlamış və elə bu zaman «Əcəmi» adlanan dairənin yanında «Kiosk Press»in sağ tərəfində və «Şəki» kafesinin giriş hissəsinin sol tərəfində, yəni hər iki obyektin ortasında daşın üzərində əyləşən Zərərçəkmiş şəxs görmüşdür. Ona yaxınlaşaraq «mənə su ala bilərsənmi ?» demiş, o isə pulunun olmadığını bildirmiş, hətta ona «sən öl» vurmuşdur. Sağ əlini Ramizin sol yan cibinə atmış və onun cibində pul olduğunu gördükdə ona «niyə yalan yerə sən öl sözünü deyirsən» deyərək iradını bildirmiş,Ramiz isə pulun özünə məxsus olmadığını, özünə məxsus olduğu halda belə ona su almayacağını və bunun üçün də pul verməyəcəyini dedikdə o qəzəblənərək və spritli içkinin təsiri altında olduğundan bel nahiyəsində olan atvyorkanı çıxararaq Ramizin sol bel nahiyəsinə tutub ondan pullarını cibindən çıxarmasını və ona göstərməsini tələb etmişdir. Ramiz isə pulları çıxarmayacağını dedikdə, o sağ əlində olan atvyorkanın uc hissəsi ilə onun sol bel, sol qarın və sol qol nahiyələrinə yüngül zərbələr vurub cibində olan pulları çıxarıb göstərməsini tələb etməkdə davam etmişdir. Ramiz ona müqavimət göstərərək əlləri ilə onu kənara itələmiş, bu zaman o, burğacı sol əlində tutmaqla yanaşı yerdə olan içərisi boş «Sarı Kız» mineral suyunun butulkasını sağ əli ilə yerdən götürüb butulkanın boğaz hissəsindən tutaraq aşağı hissəsini səkiyə vurub sındıraraq boğaz hissəsi ilə Ramizin sol qol nahiyəsindən və qarın nahiyəsindən yüngül xəsarətlər yetirmişdir. Bütün bunlara baxmayaraq Ramiz cibindəki pulları çıxarıb ona verməmişdir. Elə bu zaman kənar bir şəxs onları aralamış, Ramiz oradan qaçıb getmişdir. O isə əlində olan şüşə parçasını hadisə yerində səkinin kənarına atmış, atvyorkanı isə şalvarının bel hissəsinə qoyub oradan uzaqlaşıb getmişdir. Növbəti gün isə polis əməkdaşları onu saxlayıb şöbəyə gətirmiş və o, orada törətdiyi əməli etiraf etməklə üzərində olan atvyorkanı təqdim etmişdir. Həmçinin növbəti gün polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək cinayəti törədərkən istifadə etdiyi butulkanı atdığı yerdən götürüb polis əməkdaşına təhfil vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu hadisədən əvvəl də bir-iki dəfə görmüşdür. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10 B, mənzil 91-də atası Qanuni nümayəndə1 ilə birlikdə yaşayır. Maddi imkanları pis olduğu üçün metronun «Memar Əcəmi» stansiyasının ətrafında avtomobillərin təkərlərini qaraldaraq çörək pulu qazanır. Yaşadığı ev iş yerindən uzaq olduğundan əksər hallarda Bakı şəhərində müxtəlif ünvanlarda 1-2 manatlıq evlərdə kirayədə gecələyir. Hadisə ilə bağlı onu bildirir ki, 2021-ci il tarixdə iyul ayının 08-dən 09-na keçən gecə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən kioskun yanında daşın üstündə oturduğu zaman ləqəbi «Malış» olan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ondan su almaq üçün pul istəmiş, onun bu sözü onun acığına gəlmiş və pulu olduğu halda Aslana pulu olmadığını demişdir. Aslan isə ona «de sən öl pulum yoxdur» demiş, o da ona «sən öl pulum yoxdur» cavabını vermişdir. Bu zaman Aslan sağ əlini onun şalvarın sol yan cibinə ataraq cibində pulunun olduğunu hiss etmiş və ona «niyə mənə yalandan sən öl deyirsən» demiş, aralarında bu söhbətə görə mübahisə yaranmış, Aslan bel nahiyəsindən atvyorka çıxararaq sağ əli ilə sol bel nahiyəsinə tutub ona cibində olan pulları çıxarıb ona verməyini tələb etmişdir. O isə verməyəcəyini dedikdə Aslan sağ əlində olan atvyorkanın uc tərəfi ilə sol bel nahiyəsindən, sol qarın nahiyəsindən, sol qol nahiyəsindən yüngül formada vurub pul tələb etmişdir. Özünü müdafiə edərək hər iki əlləri ilə onu kənara itələmiş, Aslan isə bir əlində atvyorka olmaqla yerdən boş «Sarı Kız» mineral su butulkasını boğaz hissəsindən götürərək aşağı hissəsini səkiyə vurub sındırmış və butulkanın sınmış hissəsi ilə onun sol qol nahiyəsindən və qarın nahiyəsindən vuraraq yüngül xəsarətlər yetirmiş və yenə də ondan pul tələb etmişdir. Bu vaxt yoldan keçən tanımadığı bir şəxs onları ayırmış və o, Nəsimi RPİ-nin 19-cu PŞ-nə gedərək hadisə haqqında məlumat vermiş, hətta polis əməkdaşları ilə hadisə yerinə qayıdaraq orada Aslanın ona xəsarət yetirdiyi butulka parçasını tapıb polislər götürmüşdür. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-in 19-cu PŞ-in məsul növbətçisi Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 08 iyul 2021-ci il tarixdən 09 iyul 2021-ci il tarixə keçən gecə saat 01 radələrində həmkarı Şahid2 ilə birlikdə növbədə olduğu zaman sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs Növbətçi Hissəyə müraciət edərək təxminən 15-20 dəqiqə bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyanın yaxınlığında yerləşən «Əcəmi» adlanan dairənin yanında bir nəfər oğlanın ona su alması adı ilə yaxınlaşdığını, pulu olmadığını bildirdikdə, həmin oğlan üzərində olan burğacla ona xəsarət yetirərək pul verməsini tələb etməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs təhqiqatçı, polis mayoru Seydi Quliyevə təhvil vermişlər. Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar Təqsirləndirilən şəxs bir neçə dəfə şöbəyə gəlib -getdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-in məsul növbətçi köməkçisi Şahid2 həmkarı Şahid1 verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 08 iyul 2021-ci il tarixdən 09 iyul 2021-ci il tarixə keçən gecə saat 01 radələrində həmkarı Şahid1la birlikdə növbədə olduğu zaman sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs Növbətçi Hissəyə müraciət edərək təxminən 15-20 dəqiqə bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu, metronun «Memar Əcəmi» stansiyanın yaxınlığında yerləşən «Əcəmi» adlanan dairənin yanında bir nəfər oğlanın ona su alması adı ilə yaxınlaşdığını, pulu olmadığını bildirdikdə, həmin oğlan üzərində olan burğacla ona xəsarət yetirərək pul verməsini tələb etməsini bildirmişdir. Bundan sonra Anar müəllim Zərərçəkmiş şəxs təhqiqatçı, polis mayoru Seydi Quliyevə təhvil vermiş, Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar Təqsirləndirilən şəxs bir neçə dəfə şöbəyə gəlib -getdiyini görmüşdür. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs 09.07.2021-ci il tarixli şifahi ərizə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 09.07.2021-ci il tarixdə saat təxminən 01-30 radələrində «Əcəmi» dairəsinin yaxınlığındakı köşkün sağ tərəfində tanımadığı bir nəfər şəxs onun qarın, boğaz və sol qol nahiyyəsinə şüşə parçası və vintaçanla xəsarət yetirərək ondan pul tələb etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi barədə» 09.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, Cavadxan küçəsi, 3005-ci məhllədə yerləşən «Şəki» kafesinin sol hissəsidir. Kafenin giriş qapısınn sol tərəfində köşk fəaliyyət göstərir. Baxış zamanı Zərərçəkmiş şəxs 09.07.2021-ci il tarixdə saat təxminin 01-30 radələrində həmin köşkün sağ hissəsində tanımadığı bir nəfər şəxs onun qarşın kürək, boğaz və sol qol nahiyyəsinə şüşə parçası və vint açanla xəsarət yetirərək ondan pul tələb etməsini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «təqdim etmə və baxış keçirilməsi barədə» 09.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd vintaçan və bir ədəd «sarı kız» içki butulkasının sınmış boğazını könüllü olaraq təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 09.07.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 15 iyul 2021-ci il tarixli, 574 saylı rəyindən müəyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-bel, qarın nahiyyələrinin, sol bazunun deşilmiş yaraları deşici əşyanın(alətin) təsirindən, sol bazunun, qarın nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən 09.07.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 avqust 2021-ci il tarixli, 1906 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs içtimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs anlaqllığı istisna etməyən psixi pozuntu müşahidə olunmur, Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 21.09.2021-ci il tarixli, 2219 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı emosianal vəziyyətindən asılı olaraq etdiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosianal sferasında qıcığa qarşı həssaslıq, hirslilik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlərlə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 11.10.2021-ci il tarixli, 2358 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs emosianal halından aslı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilərkən psixi-emosianal vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik(qorxu, güclü həyəcan, kəskin stress, psixi emosianal gərginlik və.s) yaranmamışdır. Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilərkən müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqnda» 14.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, iş üzrə maddi subat olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd burğac və bir ədəd «sarı kız» içki butulkasının sınmış boğazı Nəsimi RPİ-in saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 185.2.1-ci maddələri ilə təqsirli bilinməklə 01(bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsiniqn 29.07.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3-1 və 177.2.4-cuü maddələri ilə təqsirli bilinərək CM-nin 68.1-1 və 66.5-ci maddələrinə əsasən üzərində 02 il 01 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər cinayətlərin residivi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddtinə hesablanır. Belə olan halda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş halladan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə uyğun olaraq cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan RespublikasıCM-nin 85-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri və 10 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilər və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində CM-nin 60-cı maddəsi tətbiq edilməklə CM-nin 85-ci maddəsi nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın deyil, CM-nin 85-ci maddəsinə əsasən təyin ediləcək cəza, cəzanın son həddinin dördə üçündən artıq təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2005-ci il tarixdə anadan olmuş, cinayət əməlini törətdiyi 09 iyul 2021-ci il tarixə yetkinlik yaşına çatmamışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməllərinə görə cəza təyin edilməsinə baxmayaraq, o islah olunmamış və daha ağır cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməli, cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə halda iş üzrə maddi sübut olan Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd burğac və bir ədəd «sarı kız» içki butulkasının sınmış boğaz məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 320 AZN (üç yüz iyirmi manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 428, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum edilsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “09” iyul 2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd burğac və bir ədəd «sarı kız» içki butulkasının sınmış boğaz məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 320 AZN (üç yüz iyirmi manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar