Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-292/2023 17.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 02 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə naməlum mənbədən qanunsuz olaraq külli miqdarda, yəni 1009,921 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və yaşadığı evdə saxlamış, 02 iyun 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən "Əfsun” şadlıq sarayının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi külli miqdarda, yəni 4,806 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ əlində olan çəhrayı rəngli qələm qabının içərisində 1 ədəd içərisində 2 ml-lik şprisin içərisində 0,4 ml həcmində qəhvəyi rəngli məhlul kustar üsulla hazırlanmış heroin məhlulu (həmin məhlulda heroinin təmiz çəkisi 0,115 qramdır) və 1 ədəd üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilən zaman həmin evin həyətyanı sahəsində olan yardımçı tikilinin içərisindəki tullantı taxta materiallarının arasından 1 ədəd polietilen torbada təmiz çəkisi külli miqdarda, yəni 1005 qram olan, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü, yəni 02 iyun 2022-ci il tarixdə onun ad günü olmuş və evdə olmuşdur. Sonra həmin gün o, qonşunun həyətinə su çəkməyə getmiş və həmin vaxt polis əməkdaşları tərəfindən tutularaq 32-ci Polis bölməsinə aparılmışdır. Həmin vaxt üzərində yarım qram heroin olmuşdur. Bölmədə ona təzyiqlər göstərilmiş, ona aidiyyatı olmayan narkotik vasitələri verib boynuna almağa məcbur etmişlər. Daha sonra yaşadığı evə gedib həyətdəki yardımçı tikilinin içərisindən bir bağlama götürmüşlər. Həmin bağlama da onun olmamış, həyətinə kimin tərəfindən gətirildiyini izah edə bilmir. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müstəntiqə də məhkəmədə danışdıqlarını bildirdiyini, lakin ifadəsinin düzgün yazılmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, təcridxanaya yerləşdirilən zaman üzərində bədən xəsarətləri aşkar olunduğunu, bununla bağlı prokurorluq əməkdaşları tərəfindən izahatının alındığını, həmin gün üzərində 0,5 qram narkotik vasitə heroin olduğunu, onu da qəbul etmək üçün hazırladığını, evdən aşkar olunan maddənin narkotik vasitə olmadığını, polis əməkdaşlarının gerkulesi və çirk çıxaran maddəni qarışdırıb həmin maddəni hazırladığını və bir bağlama narkotik vasitə aşkar olunduğunu bildirdiklərini, həmin maddəni polis əməkdaşlarının onun gözləri qarşısında hazırlamadığını, həmin 1 kq maddənin ona məxsus olmadığını, onu tutan polis əməkdaşlarını əvvəlcədən tanımadığını və onlarla heç bir problemi olmadığını, barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı hakimə döyülməyi və narkotik vasitənin ona məxsus olmadığını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir bədənindəki ağrılara görə Bakı şəhərində müxtəlif ünvanlardan tanımadığı şəxslərdən narkotik vasitə alaraq qəbul edir. Sonuncu dəfə xx.xx.2022-cİ il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 1500 manata narkotik vasitə heroin almış, heroinin bir hissəsindən istifadə etmiş, qalan hissəsindən bir qismini üzərində saxlamış, bir qismini də yaşadığı evində gizlədib saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən «Əfsun» şadlıq sarayının yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə PB-nə getdikdən sonra bölmənin inzibati binasında xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdaifə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Videoçəkiliş aparmaqla üzərində axtarış aparılacağı barədə qərar ona elan olunduqdan sonra üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir vasitə və ya əşyası varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümü, sağ əlində olan çəhrayı rəngli qələm qabını açıb içərisində olan bir ədəd elektron tərəzini, bir ədəd «Nokia» markalı sadə mobil telefonu, bir ədəd 2 ml-lik içərisində öz istifadəsi üçün çəkib hazırladığı içərisində maye halında heroin olan şprisi və bir ədəd bloknotu çıxarıb təqdim etmiş, selofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, bir ədəd 2 ml-lik şprisin içərisindəki mayeni heroindən öz istifadəsi üçün hazırladığını, heroini xx.xx.2022-ci İl tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini, heroinin bir qismini yaşadığı evində saxladığını bildirmişdir. Təqdim etdiyi bir ədəd selofan bükümündə olan heroin, bir ədəd içərisində maye halında heroin olan şpris, bir ədəd «Nokia» markalı mobil telefon, bir ədəd bloknot polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunan protokolla tanış olaraq protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, 2 nömrəli evində də narkotik vasitə heroin olduğunu, orada baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, öz razılığı ilə videoçəkliş aparılmaqla yaşadığı evə, həmin evin yardımçı binalarına baxış keçirilmiş və yardımçı binanın içərisində olan tullantı taxtaların altında gizlədib saxladığı selofan bükümündə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi heroin bir ədəd zərfə qablaşdırılıb möhürləniş bu barədə tərtib olunan protokol ucadan oxunmuşdur, protokolda yazılanlar doğru olduğundan imzalamışdır. ***-***-**-** nömrəsi öz adına olmaqla istifadəsində olmuşdur, ***-***-**-** nömrəsindən adına olan 050-713- 21-62 nömrəsinə « qoca bu gelmedi isden icaze ala bilmedi saat 6 da mene yari kola 5 diy pati diyib saxla neyniyek men getmek isdiyrem sen mene 5 diy verseydin men gedib pul düzüb qoşub gelerdim» məzmununda olan sms narkotik vasitələrin alqı-satqısı ilə əlaqədardır. Sms yazan şəxs ondan pul müqabilində «kola», «patı», yəni narkotik vasitə heroin istəyir. Lakin həmin şəxsə narkotik vasitə satmasını xatırlamır, ***-***-**-** nömrəsinin məxsus olduğu X1 tanımır (cild 1, iş vərəqi 77-79). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, saxlanılarkən onda bir şprisin içərisində istifadəsi üçün hazırladığı heroin olduğunu, qalan narkotiklərin ona aidiyyatı olmadığını, polis əməkdaşlarının təzyiqləri ilə narkotik vasitələrin özünə məxsus olduğunu dediyni, həmin polis işçilərinin kim olduqlarını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 02 iyun 2022-ci il tarixdə Abas adlı şəxsin satış məqsədilə narkotik vasitə əldə etməsi, saxlayıb daşıması və axşam saatlarında Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Əfsun» şadlıq sarayının yaxınlığında olacağı, həmin vaxt üzərində də narkotik vasitə olacağı barədə Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Onun rəhbərliyi ilə Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əmliyyat qrupu yaradılmişdır. Onlar həmin gün saat 18:40 radələrində məlumatda göstərilən Abas adlı şəxsin «Əfsun» şadlıq sarayının yaxınlığında olduğunu müəyyən edərək onu saxlamış, özlərini təqdim edib Abası narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib 32-ci Polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin Yeni Suraxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşyalar olacağı halda, onları təqdim etmək təklifi edildikdə, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli selofana bükülmüş bükümü, sağ əlində olan çəhrayı rəngli qələmqabını, bir ədəd bloknotu və bir ədəd «Nokia» markalı mobil telefonu təqdim etmişdir. Həmin selofan bükümün içərisində heroinə oxşar kütlə, qələm qabının içərisində bir ədəd elektoron tərəzi, 2 ml-lik bir ədəd şpris, şprisin içərisində isə heroindən hazırlanmış mayeyə oxşar maye aşkar olunmuşdur. Şəxs təqdim etdiyi selofan torbanın içərisində narkotik vasitə heroin, şprisin içərisində heroindən öz istifadəsi üçün hazırlağı maye olduğunu, heroini 30 may 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində sifətdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 1500 manata alaraq öz şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm, qələmqabının içərisində olan bir ədəd elektron tərəzi, içərisində məhlul olan 2 ml-lik şpris götürülərək bir ədəd zərfə qablaşdırılmış və möhürlənmiş, həmçinin protokol tərtib olunmuş, onlar protokolla tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Şahid1 ifadəsinə görə, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, 2 nömrəli evində də narkotik vasitə heroin gizlədib saxladığını, həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Onun razılığı və müdafiəçinin iştirakı ilə yaşadığı evə və həmin evin yardımçı binalarına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqda qapıdan solda olan yardımçı binaya daxil olaraq orada olan tullantı taxtaların altından bir ədəd selofan torbanı çıxarıb təqdim etmiş, torbanının içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 30 may 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində sifətdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 1500 manata alaraq öz şəxsi istifadəsi üçün evinin həyətində gizlədib saxladığını bildirmişdir. Təqdim olunan kütlə götürülərək bir ədəd zərfə qablaşdırılıb möhürlənmiş, bu protokol tərtib olunandan sonra protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qimində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, 32-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindəki «Əfsun» şalıq sarayının yaxınlığında saxlanılıb Bakı şəhəri, Suraxanı RPİ, 32ci Polis bölməsinə gətirilərək şəxsi axtarışı zamanı narkotik vasitə olan heroinin, elektron tərəzinin və içərisində 2 ml-lik bir ədəd tibbi şprisin, həmin şprisin içərisində heroindən hazırlanmış mayenin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından bir ədəd selofan torbada narkotik vasitə heroinin aşkar olunub götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 02 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə oxşar kütlə olan selofan büküm, əlindəki qələmqabının içərisində bir ədəd gümüşü rəngli elektron tərəzi, içərisində 2 ml-lik bir ədəd tibbi şpris, həmin şprisin içərisində heroindən hazırlanmış mayeyə oxşar maye, bir ədəd «Nokia» markalı mobil telefon və bir ədəd bloknot aşkar edildmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən heroini 30 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində sifətdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 1500 manata alaraq öz şəxsi istifadəsi üçün üzərndə saxlayıb gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 33-34). Cinayət işinə əlavə edilmiş 02 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına və həmin evin yarlımçı binasına baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqdan sonra giriş qapısından solda olan taxtaların altından bir ədəd selofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, selofan torbada narkotik vasitə heroin olduğunu, heroini 30 may 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində sifətdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 1500 manata alaraq öz şəxsi istifadəsi üçün yaşadığı evinin həyətində gizlədib saxladığını bildirmişdir (cild 1, iş vərəqi 41). Məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2022-ci il tarixli 6/3110 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 4196» dəirəvi möhür əksi, «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan 4 (dörd) ədəd zərfdəki: - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,806 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 1005 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 2 mm-lik şiprisin içərisində 0,4 ml həcmində qəhvəyi rəngli məhlul kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,115 qramdır. Bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır, iz şəklində olduğu üçün heroinin təmiz çəkisini, bükümdə və torbada olan heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1009,921 qram (1 kq 921 qram) təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümdə və torbada olan heroinlər xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidirlər, şprisdəki heroin məhlul şəklində olduğu üçün bükümdə və torbada olan heroinlərlə eyni kimyəvi tərkibdə olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkiləri: 4,806 qram və 1005 qram, tədqiqata sərf edildi: 0,1 qram və 0,2 qram, qalıqlar 4,706 qram və 1004,8 qram. Şprisdəki mayenin həcmi 0,4 ml, tədqiqata sərf edildi 0,3 ml, qalıq 0,1 ml (cild 1, iş vərəqi 46-50). Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 10 avqust 2022-ci il tarixli 4394 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 136-137). Cinayət işində olan CD diskə baxış keçirilməsi barədə 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X4 adına olan ***-***-**-** nömrəsinə 2022-ci ilin fevral ayının 02-dən 2022-ci il iyul ayının 02-nə kimi olan müddət ərzində gedib-gələn zənglərin və SMS-lərin siyahısının və məzmununun, nömrələrin kimə məxsus olması (ad, soyad, ata adı və s.) həmçinin anten dairəsi barədə məlumatların olduğu 1 ədəd CD disk "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 14960 nömrəli məktubla daxil olmuş, həmin diskə kompüterdə baxış keçirlmişdir. Baxış zamanı xx.xx.2022-cİ il tarixdə ***-***-**-** nömrəsindən X4 adına olan ***-***-**-** nömrəsinə «qoca bu gelmedi isden icaze ala bilmedi saat 6 da mene yari kola 5 diy pati diyib saxla neyniyek men getmek isdiyrem sen mene 5 diy verseydun men gedib pul düzüb qoşub gelerdim» məzmununda sms olması aşkar edilmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, həmin SMS-in məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq satması faktı ilə əlaqədardır (cild 1, iş vərəqi 124-125). İbtidai istintaq orqanının 10 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ümumi təmiz çəkisi 4,806 qram və 1005 qram narkotik vasitə heroin, bir ədəd şprisdə heroindən hazırlanmış həcmi 0,4 ml maye və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 4,706 qram və 1004,8 qram heroin, bir ədəd şprisdə olan 0,1 ml məhlul və üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 148-155). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 23 iyun 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə təqdim olunmuş 22 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il 395-VİQR nömrəli qərarının 2.4-cü bəndinə əsasən, cəzadan azad edilmişdir. Həmçinin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il 395-VİQR nömrəli qərarın 7-ci bəndinə əsasən, həmin qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinin tələbinə görə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl azad edildiyindən və həmin qərarla onun məhkumluğu götürüldüyündən, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hadisə günü, yəni 02 iyun 2022-ci il tarixdə qonşusunun həyətinə su çəkməyə getdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən tutularaq 32-ci Polis bölməsinə aparıldığını, həmin vaxt üzərində yarım qram heroin olduğunu, bölmədə ona təzyiqlər göstərildiyini və ona aidiyyatı olmayan narkotik vasitələri verib boynuna almağa məcbur etdiklərini, daha sonra yaşadığı evə gedib həyətdəki yardımçı tikilinin içərisindən bir bağlama götürdüklərini və həmin bağlamanın da onun olmadığını, həyətinə kimin tərəfindən gətirildiyini izah edə bilmədiyini, ibtidai istintaq zamanı müstəntiqə də məhkəmədə danışdıqlarını bildirdiyini, lakin ifadəsinin düzgün yazılmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, təcridxanaya yerləşdirilən zaman üzərində bədən xəsarətləri aşkar olunduğunu, bununla bağlı prokurorluq əməkdaşları tərəfindən izahatının alındığını, həmin gün üzərində 0,5 qram narkotik vasitə heroin olduğunu, onu da qəbul etmək üçün hazırladığını, evdən aşkar olunan maddənin narkotik vasitə olmadığını, polis əməkdaşlarının gerkulesi və çirk çıxaran maddəni qarışdırıb həmin maddəni hazırladıqlarını və bir bağlama narkotik vasitə aşkar olunduğunu bildirdiklərini, barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı döyülməyi və narkotik vasitənin ona məxsus olmadığını hakimə də dediyini qeyd edərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və onun satışı ilə məşğul olması onun istifadəsində olmuş +994 50 713 21 62 nömrəsinə 25 aprel 2022-ci il tarixdə +994 70 881 17 51 nömrəsindən «qoca bu gelmedi isden icaze ala bilmedi saat 6 da mene yari kola 5 diy pati diyib saxla neyniyek men getmek isdiyrem sen mene 5 diy verseydun men gedib pul düzüb qoşub gelerdim» məzmunlu yazılmış SMS mətni ilə bir daha öz təsdiqini tapır. Bundan əlavə, məhkəmənin 06 dekabr 2022-ci il tarixli iclasında Təqsirləndirilən şəxs təcridxanaya yerləşdirilən zaman üzərində bədən xəsarətlərinin aşkar olunduğunu, bununla bağlı prokurorluq əməkdaşları tərəfindən izahatının alındığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs tibbi kitabçasının təsdiq olunmuş surətinin 3 saylı İstintaq Təcridxanasından, həmçinin bədən xəsarətləri ilə bağlı aparılmış araşdırma üzrə qəbul edilmiş qərarın surətinin Bakı şəhəri, Suraxanı rayon prokurorluğundan əldə edilməsi üçün müvafiq sorğular verilmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında daxil olmuş xx.xx.2022-ci il tarixli 20- 12/812 saylı məktubdan və tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onda sol bazunun içəri səthində bənövşəyi rəngli qançır müəyyən olunmuş, eləcə də sol saiddə çoxlu sayda köhnə çapıq toxumalar izlənilmişdir. Suraxanı rayon prokurorluğundan məhkəməyə daxil olmuş 26 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 749 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yetirilmə müddəti haqqında konkret fikirlər söyləmək mümkün olmasa da, həmin xəsarətlər şəxsin istintaq təcridxanasına daxil olmasından 3- 7 sutka əvvəl törənə bilərdi. Qeyd olunan araşdırma materiallarına əsasən Bakı şəhəri, Suraxanı rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərilən xüsusatlarda cinayət hadisəsi olmadığından 276 C-22 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti maraqlı şəxslərə göndərilərək ondan şikayət vermək hüququnun olması izah edilmişdir. Lakin keçən müddət ərzində nə Təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən qeyd olunan qərar mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün döyülərək təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdlr, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanl RPİ, 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli 4394 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,706 qram və 1004,8 qram heroin, bir ədəd şprisdə olan 0,1 ml məhlul və üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun şəxsi axtarışı, yaşadığı evə baxış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 70 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumlikdə sərf etdiyi vaxt 25 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,706 qram və 1004,8 qram heroin, bir ədəd şprisdə olan 0,1 ml məhlul və üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı, yaşadığı evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-292/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-292/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver