Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-293/2020 03.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəçi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi x3 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə x1 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işlməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 iyul 2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs dəvəti əsasında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23 saylı binanın qarşısına gəldikdən sonra, Zərərçəkmiş şəxs öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs münaqişəyə cəlb edib həmin gün saat 12 radələrində bacısı oğlu Şahid2 döyməsi xüsusatını aydınlaşdırmaq və həmin münaqişəni təkrar həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə başladığı mübahisə gedişində, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən və bir dəfə sol kürək nahiyəsindən qəsdən vurub ona böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə müşayiət olunan qarının ön divarının qarın boşluğa nüfuz edən bir ədəd və sol kürək nahiyəsinin boşluğa nüfuz etməyən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 21 iyul 2019-cu il tarixdə saat 12 radələrində tanışı Müşviqlə Fuadın anasıgilin yaşadığı Neapol küçəsi, 23 saylı binanın qarşısında yerləşən “Qoşa Çinar” kafesinin ikinci mərtəbəsində yerləşən “Playstation” oyun salonuna gəlmiş, həmin vaxt orada Fuadın bacısı Rənanın oğlu Vüsalı görmüşdür. Vüsalla görüşüb hal-əhval tutmuş, sonra Vüsalı həyətə çağırıb aşağı düşmüş, Vüsal da onun arxasınca gəlmişdir. Vüsalın ona pul borclu olmuşdur. Həmin vaxt pula ehtiyacı olduğundan Vüsaldan pulunu istəmişdir. Lakin Vüsal pul verməmiş, ona görə də aralarında mübahisə yaranmışdır. Orada olan uşaqlar onları aralamış və dalaşmağa imkan verməmişlər. Oradan çıxıb getmişlər. Həmin gün saat 16 radələrində Vüsalın dayısı Zərərçəkmiş şəxs ona mesaj yazaraq Vüsalla aralarında olan mübahisəni aydınlaşdırmaq lazım olduğunu bildirmişdir. Bundan təxminən yarım saat sonra Fuad zəng edərək onu anasıgilin yaşadığı Neapol küçəsi 23 saylı binanın qarşısına çağırmışdır. Fuada gələcəyini bildirib təxminən 15-20 dəqiqədən sonra Neapol küçəsi, 23 saylı binanın doqquzuncu blokunun qarşısına gəlmişdir. Fuadın anasıgil həmin blokda üçüncü mərtəbədə yaşayır. Fuadla görüşüb söhbət etmişlər. Fuaddan nə üçün onun və ailə üzvlərinin borclu olduqları pulları qaytarmadıqlarını soruşmuş, Fuad isə bacısı oğlu Vüsala kiməsə pul verməyi qadağan etdiyini bildirmişdir. Söhbət zamanı məlum olmuşdur ki, Fuadın bacısı Rəna onun adından istifadə edərək Fuada pul atmışdır. Həmin məsələyə aydınlıq gətirmək üçün Fuada Rənanı çağırmağı demişdir. Fuad Rənanı çağırmış, Rəna gələndə Vüsalla mübahisə etdiyinə görə Rəna ona iradını bildirmiş və onu təhqir etməyə başlamışdır. O, əlləri ilə Rənanın çiyinlərindən tutub Rənanı silkələmiş və ona söyüş söyməməyi demişdir. Bu vaxt Fuad arxadan onun boynundan tutub onu aşağı əymiş və boynunu sıxmağa başlamışdır. Həmin an Fuadın bacısı oğlu Vüsal da həyətə düşüb əlində dəmir parçası tutaraq onun üstünə gəlmişdir. Həmin şəxslər onu vurmağa çalışmışlar. Bu vaxt ya Fuad ya da Vüsalın əlindən yerə bıçaq düşmüşdür. O, macal tapıb, yerə düşmüş qara rəngli açılıb-qatlanan bıçağı götürüb, birtəhər onu tutmuş və Fuadın əlindən çıxıb həmin bıçaqla bir dəfə Fuadın qarın nahiyəsinə zəif zərbə yetirmişdir. Onun heç kimi qəsdən vurmaq fikri olmamışdır. Orada özünü müdafiə etmişdir. Blokda Vüsalın iki nəfər də tanımadığı dostları çıxıb onun üzərinə hücum çəkmişlər. O, təkləndiyini gördüyünə görə həmin an əlinə keçən bıçaqla Fuadı vurmuşdur. Onun üzərində bıçaq olmamışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, o, restoranda ofisiant işləyir. Elşəni 2019-cu ilin yanvar ya da fevral ayından tanıyır. Bir məhəllədə yaşamışlar. Elşəngil həmin binadan köçəndən sonra da bir-biri ilə əlaqə saxlamışlar. Elşən tez-tez onun anasıgilə gəlib-getmişdir. Təxminən 7-8 ay əvvəl Elşən onun bacısı Rənaya borca 120 manat pul vermişdir. Rəna da həmin pulu bir ay sonra Elşənə qaytarmışdır. 21 iyul 2019cu il tarixdə saat 16 radələrində işdə olan zaman bacısı Rənanın oğlu Vüsal ağlaya-ağlaya onun yanına gəlmiş və bildirmişdir ki, həmin gün saat 12:30 radələrində yaşadığı binanın yaxınlığında yerləşən “Playstation” oyun salonunda olarkən Elşən həmin salona gəlmiş və ondan borca verdiyi 10 manat pulu istəmişdir. Vüsal Elşənə pul vermədiyinə görə Elşən sillə ilə bir dəfə Vüsalı vurmuşdur. Elşənlə bu məsələni aydınlaşdırmaq üçün işdən icazə alıb Vüsalla birlikdə anasıgilin yaşadığı Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 150 ünvanına gəlmişdir. Anasıgildə olan zaman bir neçə dəfə Elşənin mobil nömrəsinə zəng etmiş, bir az sonra danışmış, Elşənə onunla işinin olduğunu bildirib anasıgilin yaşadığı blokun qarşısına çağırmışdır. Saat 17 radələrində Elşən dostu Müşviqlə birlikdə onun yanına gəlmişdir. Elşəndən nə üçün Vüsalı vurduğunu soruşmuş, Elşən isə Vüsalın onun borca verdiyi pulu vermədiyi üçün vurduğunu bildirmişdir. Həmin vaxt bacısı Rəna həyətə düşmüş və Elşənə Vüsalı vurduğuna görə ondan polisə şikayət edəcəyini bildirmişdir. Elşən Rənanın saçından tutub onu özünə tərəf dartmaq istəyəndə, o, Elşənin boynundan tutub onu aşağı əymiş və bir neçə saniyə onu bu vəziyyətdə saxlamışdır. Müşviq isə həmin vaxt onları aralamağa çalışmışdır. Rəna da onları aralamağa çalışmışdır. O, Elşəni buraxıb kənara çəkilmişdir. Həmin vaxt Vüsal da aşağı düşmüşdür. Elşən isə sakitləşməmiş və qışqırmışdır. Həmin vaxt o, qarnından yaralandığını görüb Rənanı çağırmışdır. Artıq başa düşmüşdür ki, Elşən onu bıçaqla vurmuşdur. Elşən və Müşviq artıq uzaqlaşıb getmişlər. Rəna ona yaxınlaşında kürəyindən qan gəldiyini görmüşdür. Həmin vaxt qarnından qan gəlməmişdir. Rəna onun yaralandığını görüb Vüsalla birlikdə onu evə qaldırmış və təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardımın həkimi ona xəstəxanaya getməyi təklif etsə də, bundan imtina etmiş və müvafiq ərizə də yazmışdır. Lakin bir müddət sonra bərk ağrı hiss etmiş və “Azərsutikinti” xəstəxanasına getmişdir. Orada onu cərrahi əməliyyat etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Zərərçəkmiş şəxs bildirdi ki, Elşən cibindən bıçağı çıxaran anı o görmüş, hadisə vaxtı onun üzərində bıçaq olmamış, Elşən onun əlindən çıxandan sonra bıçağı əlində hərəkət etdirmiş, Vüsalın əlində plastik boru olmuş, Rəna mübahisə vaxtı söyüş söyməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxsla barışmış, Elşənə qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Elşən bir neçə dəfə ona xırda məbləğlərlə borca pul vermişdir. Sonradan həmin borcları Elşənə qaytarmışdır. Hazırda Elşənə heç bir borcu yoxdur. 21 iyul 2019-cu il tarixdə saat 12 radələrində yaşadığı Neapol küçəsi 23 saylı binanın qarşısında yerləşən “Qoşa Çinar” kafesinin ikinci mərtəbəsində fəaliyyət göstərən “Playstation” oyun salonunda dostları ilə futbol oynadığı vaxt Elşən dostu Müşviqlə salona daxil olub onu çölə çağırmışdır. Kafenin qarşısında həyətdə Elşən borca ondan 10 manat pul istəmişdir. O, Elşənə dayısı Fuadın kiməsə borca pul verməyi qadağan etdiyini bildirmiş, bundan sonra Elşən yumruqla onun başından vurmuşdur. Həmin vaxt Elşənin yanında olan Müşviq isə onları ayırmağa çalışmışdır. Sonra onu tanıyan uşaqlar gəlib Elşəni ondan aralamışlar. O, taksiyə oturub dayısı Fuadın işlədiyi Köhnə Günəşlidə yerləşən “Sehrli çıraq” restoranına gəlmiş və hər şeyi Fuada danışmışdır. Bundan sonra Fuad işdən icazə almış və onun yaşadığı Neapol küçəsi, bina 23, 153 saylı mənzilə gəlmişlər. Evdə olan zaman Fuad istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Elşənin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng etsə də, Elşən cavab verməmiş, təxminən 10 dəqiqədən sonra Elşən Fuadın nömrəsinə zəng etmiş, Fuad Elşəni söhbətə dəvət etmiş, Elşən isə 15-20 dəqiqəyə Neapol küçəsi, 23 saylı binanın 9cu blokunun qarşısına gələcəyini demişdir. Həmin vaxt onun dostu Samir də onlarda olmuşdur. Elşənin zəngindən təxminən 5-10 dəqiqə sonra Fuad Samirlə aşağı düşmüş, aşağı düşəndən təxminən 5 dəqiqə sonra Samir onların evinə qalxaraq Elşənin gəldiyini və Fuadın Rənanı aşağı çağırdığını demişdir. Anası Rəna aşağı düşmüş, ona isə aşağı düşməyə icazə verməmişlər. Amma balkondan aşağı baxmışdır. Bir neçə dəqiqədən sonra həyətdən səs-küy eşidib evdə olan plastik su borusunun qırığını götürüb həyətə düşmüşdür. Blokun qarşısında dayısı Fuadın qan içində olduğunu, Elşənin isə əlində bıçaq olduğunu görmüşdür. Bıçağın tiyəsində qan ləkələri olmuşdur. O, Elşənin bıçaqla Fuadı vurduğunu başa düşmüşdür. Elşən əlindəki bıçağı sağa-sola hərəkət etdirərək Fuadın üstünə gəlmiş, o, boru ilə Elşəni vurmaq istəsə də, anası imkan verməmişdir. Müşviq və Elşən qaçıb hadisə yerindən uzaqlaşmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid2 bildirdi ki, dayısı Fuadın kürəyindən qan gəldiyini görmüş, Fuadın bıçaqla vurulması anını görməmiş, amma Elşənin əlində bıçağı görmüş, onda, Samirdə və Müşfiqdə bıçaq olmamışdır. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs təxminən altı ildir ki, tanıyır. Elşən bir neçə dəfə xırda məbləğlərlə ona borca pul vermiş, o da həmin borcları Elşənə qaytarmışdır. Hazırda Elşənə heç bir borcu yoxdur. 21 iyul 2019-cu il tarixdə saat 12 radələrində evdə olmuş, oğlu Vüsal həmin vaxt ona zəng edərək Elşənin Vüsalı döydüyünü ağlayaraq bildirmişdir. Həmin gün saat 14 radələrində Vüsal və Fuad evə gəlmişlər. Vüsalın boğazında xəsarət izlərini görüb ondan nə baş verdiyini soruşmuşdur. Vüsal ağlayaraq Elşənin hər dəfə onu uşaqların yanında vurub pərt etdiyini bildirmişdir. Fuad isə Elşəni çağırtdırıb onunla söhbət edəcəyini demişdir. Evdə olan zaman Fuad istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Elşənin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng etsə də, Elşən cavab verməmiş, sonra Elşən Fuadın nömrəsinə bir mesaj göndərmiş, təxminən 10 dəqiqədən sonra Elşən Fuadın nömrəsinə zəng etmişdir. Elşən 15-20 dəqiqəyə yaşadıqları blokun qarşısına gələcəyini demişdir. Həmin vaxt Vüsalın dostu Samir də onların evində olmuşdur. Elşənin zəngindən təxminən 5-10 dəqiqə sonra Saat 17 radələrində Fuad Samirlə həyətə düşmüşdür. Fuad həyətə düşəndən təxminən 5 dəqiqə sonra Samir evə qalxaraq Elşənin gəldiyini və Fuadın onu aşağı çağırdığını demiş və o tez aşağı düşmüş və Elşəndən nə üçün oğlu Vüsalı vurduğunu soruşmuşdur. Elşən ona cavab verməmişdir. O, Elşənin yanında olan Müşviqə öz iradını bildirərək nə üçün aranı qızışdırdığını soruşmuşdur. Müşviq isə onluq heç bir şeyin olmadığını demişdir. Həmin vaxt Elşən ona kobud cavab verərək Vüsala qarşı bütün hərəkətlərini haqqına etdiyini demişdir. O, Elşənə polisə şikayət edəcəyini deyib üzünü çevirəndə, Elşən arxadan onun saçından tutub dartmış, sonra isə boğazından tutmuşdur. Həmin vaxt Fuad onların arasına girərək Elşəni tutub ondan aralamış və Elşənin boynundan tutub onu əyərək divara sıxmışdır. Müşviq isə həmin vaxt Fuadı Elşəndən aralamağa çalışmışdır. Həmin vaxt Elşən bədənindən asılmış çantanı açaraq içərisindən “kəpənək” tipli bıçağı çıxardıb bir dəfə Fuadın kürəyindən vurmuşdur. Sonra Elşən bir təhər Fuadın əlindən çıxaraq aralanmış və əlindəki bıçağı sağa-sola hərəkət etdirib Fuadın üstünə gəlməyə başlamışdır. Səs-küyə Vüsal gəlmiş, Vüsal Fuadın qan içində olduğunu görüb əlindəki su borusunun qırığı ilə Elşəni vurmaq istəmiş, lakin o, araya girib bunu etməyə Vüsala imkan verməmişdir. Elşən ətrafdan adamların gəldiyini görüb Müşviqlə birlikdə oradan qaçmışdır. Sonradan bilmişlər ki, Elşən Fuadı bıçaqlayıb. Sonra Fuadı evə qaldırıb təcili tibbi yardım çağırmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid1 bildirdi ki, Vüsalın əlində plastik boru olmuş, Vüsalda və Samirdə bıçaq olmamış, Elşən adətən üzərində bıçaq gəzdirmişdir. Şahid3 məhkəmədə şahid qismində dindirilərkən Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq, Şahid3 bildirdi ki, hadisə vaxtı onun və Fuadın əlində bıçaq olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir aydır ki, tanıyır. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 21 iyul 2019-cu il tarixdə saat 12 radələrində Xətai rayonu, Neapol küçəsi 23 saylı binanın qarşısında yerləşən “Qoşa Çinar” kafesinin ikinci mərtəbəsində fəaliyyət göstərən “Playstation” oyun salonuna gəlmişdir. Həmin vaxt orada tanışı Vüsal adlı şəxsi görüb sonuncu ilə salamlaşmış və bir az söhbət etmişdir. Təxminən beş dəqiqədən sonra oyun salonuna Təqsirləndirilən şəxs daxil olmuşdur. Elşənlə aralarında soyuq münasibətlər olduğundan sonuncu onunla görüşməmişdir. Elşən Vüsalı həyətə çağırıb oyun salonundan çıxmış, Vüsal da Elşənin arxasınca getmişdir. Salondan çıxıb həyətə düşmüşdür. Kafenin qarşısında Elşən Vüsaldan borcunu tələb etmiş, Vüsal isə Elşənə borclu olmadığım bildirmişdir. Elşən Vüsalla dartışmış, həmin vaxt orada olan tanımadığı uşaqlarla Elşənlə Vüsalın arasına girib onları aralamağa başlamışdır. Həmin vaxt Elşən bir dəfə sillə ilə Vüsalın sifətindən vurmuşdur. Elşənlə Vüsalı ayırdıqdan sonra sonuncu qaçıb taksiyə minmiş və çıxıb getmişdir. Sonra yaşadığı evə getmişdir. Yaşadığı bina “Qoşa Çinar” kafesi ilə üzbəüz yerləşir. Evdə iki-üç saat dincəlmişdir. Həmin gün saat 17 radələrində tanışı Amil adlı şəxs zəng edərək onu çay içməyə dəvət etmişdir. Həyətə düşüb Amillə görüşmüşdür. Söhbət edə-edə yolun digər tərəfində yerləşən Neapol küçəsi 23 saylı binanın qarşısına gəlmişlər. Həmin vaxt “Qoşa Çinar” kafesinin yanından məhəlləyə Elşənin gəldiyini görmüşlər. Elşən Vüsalın dayısı olan Fuadın ona zəng edib söhbətə çağırdığını bildirmişdir. Həmin vaxt Fuad binanın doqquzuncu blokunun qarşısında dayanmışdır. Fuad Elşəni görüb sonuncunu səsləmiş, Elşən Fuadın yanına getmiş, o da Elşənin arxasınca getmişdir. Amil həmin binada yaşadığı üçün evə qalxıb düşəcəyini bildirmişdir. Fuad Elşəndən nə üçün bacısı oğlu Vüsalı vurduğunu soruşmuş, Elşən isə Vüsalın ona pul borclu olduğunu və sözlərini Fuadın bacısı Rənanın təsdiq edə biləcəyini demişdir. Həmin vaxt Fuad yanında olan adını bilmədiyi bir oğlana evə qalxıb Rənanı çağırmağı demişdir. Həmin oğlan evə qalxıb Rənanı çağırmışdır. Rəna həyətə düşəndən sonra Elşənə Vüsalı vurduğuna görə iradını bildirmişdir. x7 aqressiv cavab verərək sonuncunu söyüb-təhqir etmiş və saçından tutub dartmışdır. Həmin vaxt Fuad araya girmiş və Elşənlə dartışmışdır. Fuad Elşənin ayağından tutub sonuncunu yerə yıxmaq istəmiş, həmin vaxt Fuadın belindən tutub sonuncunu Elşəndən aralamaq məqsədi ilə özünə tərəf dartmışdır. Rəna isə həmin vaxt əli ilə Elşəni vurmuş, Fuadın yanında olan oğlan da Elşənlə Fuadı aralamağa çalışmışdır. Bİr qədər sonra isə Vüsal həyətə düşmüşdür. Vüsalın əlində plastik boru qırığı olmuşdur. Vüsal həmin boru ilə Elşəni vurmaq istəmişdir. Artıq səs-küyə ətrafda olan şəxslər toplaşmışdır. Elşən və Fuadgil bir-birinə söyüş söyə-söyə binanın tininə tərəf getmişlər. Oradan isə Rənagil və Elşən yenə də bir-birinə söyüş söyə-söyə qonşu binanın qarşısında yerləşən çay evinə tərəf getmişlər. Çay evinin yaxınlığında Elşəni sakitləşdirib yola salmışdır. Həmin vaxtdan Elşəni görməmişdir. Həmçinin, Şahid4 Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurduğunu görmədiyini, bu haqda dindirilənədək heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs bu haqda ona heç nə demədiyini, dalaşmanın təxminən 5-6 dəqiqə davam etdiyini, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində bıçaq görmədiyini, lakin sonuncunun bıçaq gəzdirdiyini bildiyini, hadisə vaxtı Təqsirləndirilən şəxs bədənindən çantanın asıldığını, dalaşma zamanı həmin çantanın yerə düşdüyünü, sonradan həmin çantanı yerdən götürüb Elşənə verdiyini, hadisə vaxtı ətrafdan tanımadığı 10-15 nəfər şəxsin gəldiyini göstərmişdir (cild 1, iş vərəqi 84-87). Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Elşənlə Bakı şəhəri, Xətai rayonu 171 saylı tam orta məktəbdə oxumuş, Elşən ondan iki sinif yuxarı oxumuşdur. Elşənlə arabir görüşüb çay içib söhbət etmişlər. 21 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs zəng edərək bir nəfər şəxsi bıçaqla vurduğunu, polisdən gizlənmək üçün bir müddət Əhmədlidə olmayacağım demişdir. Elşəndən zarafat edib-etməməyini soruşmuş, Elşən isə ona heç bir cavab verməmiş və telefon əlaqəsini kəsmişdir. Bundan təxminən bir həftə sonra Elşəni Əhmədli qəsəbəsində görüb sonuncudan nə baş verdiyini soruşmuş, Elşən isə zərərçəkmişlə barışaraq işini həll etdiyini və mövzu haqda danışmaq istəmədiyini bildirmişdir. Elşənə inanmayaraq sözlərini ciddi qəbul etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulandan sonra məlum olmuşdur ki, Elşən həqiqətən də bir nəfər şəxsi bıçaqlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 11.08.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsinin təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 88-91). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19.08.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir (cild 1, iş vərəqi 110-111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19.08.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir (cild 1, iş vərəqi 112-114). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19.08.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs isə ifadə verməkdən imtina etmişdir (cild 1, iş vərəqi 115-117). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 26.07.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 istintaqa bir ədəd ağ rəngli qısaqol köynək təqdim edərək, həmin köynəyin qardaşı Zərərçəkmiş şəxs məxsus olduğunu, 21.07.2019-cu il tarixdə Təqsirləndirilən şəxs qardaşına bıçaqla xəsarət yetirərkən həmin köynəyin sonuncunun əynində olduğunu bildirmişdir.Təqdim edilmiş köynəyə baxış keçirilərkən müəyyən edilmişdir ki, köynəyin ön sol aşağı hissəsində bir zədə, arxa sol çiyin hissəsində bir zədə vardır (cild 1, iş vərəqi 25- 27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 25.09.2019-cu il tarixli, 21734 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin üzərində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin, o cümlədən bıçaq və ya ona bənzər xassəli hər hansı bir kəsici, deşici alətin təsirindən, onun tiyəsinin iti tərəfinin sol istiqamətdə olmaqla yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Aparılmış tədqiqatı dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 132-135). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07.08.2019-cu il tarixli, 681 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə müşayiət olunan qarının ön divarının qarın boşluğa nüfuz edən bir ədəd və sol kürək nahiyəsinin boşluğa nüfuz etməyən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti qərarda göstərilmiş 21.07.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (cild 1, iş vərəqi 99-101). İşdə olan 24.07.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 9). İşdə olan 02.10.2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək maddi sübüt kimi tanınmış və saxlanılmasından ötrü Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəq 137-144, 306). Təqsirləndirilən şəxs hadisə vaxtı özünü ona hücum etmiş şəxslərdən müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs və ya Şahid2 əlindən yerə düşmüş açılıb-qatlanan bıçağı qaldıraraq Zərərçəkmiş şəxs qarın nahiyəsinə zəif zərbə vurması barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadələr işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadələri qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs ifadələri ilə müəyyən edildi ki, hadisə vaxtı Şahid2 əlində plastik boru parçası olmuş, lakin həmin boru parçası ilə o, təqsirləndirilən şəxsə zərbə vurmamış, onun, həmçinin Zərərçəkmiş şəxs əlində bıçaq olmamışdır. Əksinə Təqsirləndirilən şəxs hadisənin gedişatında boynundan asılı olan çantasından açılıb-qatlanan bıçaq çıxararaq Zərərçəkmiş şəxs qarın və kürək nahiyəsindən iki bıçaq zərbəsi vuraraq sonuncunun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər yetirmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18.07.2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4 maddələri ilə təqsirli bilinərək 6 ay şərti sınaq müddəti təyin edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin tələbnamədən və Xəzər Rayon Məhkəməsinin 25.01.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11.10.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 78-80,122-123, 213-219). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtardığı gündən iki il keçmədən yenidən qəsdən cinayət törətməsi səbəbindən məhkumluğu ödənilmədiyindən məhkəmə onun törətdiyi əməli cinayətin residivi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Buna baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 60.1ci maddəsinin tətbiqi üçün əsas görmür. Belə ki, həmin maddənin tətbiqinə cəzanı ağırlaşdıran halların olmadığı halında yol verilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlində residivin olmasını və işin digər hallarını nəzərə alaraq ona təqsirli bilindiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısı həddində təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01.08.2019-cu il tarixdə tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 02.08.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 avqust 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdədir (cild 1, iş vərəqi 31, 68-71). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 01 avqust 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək təyinatını itirdiyindən məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-293/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-293/2020
03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver