Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-295/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Lerik rayonunda doğullmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lerik rayonu, Orand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, 15 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Stansiya» deyilən ərazidə yerləşən adsız kafenin daxilində Zərərçəkmiş şəxs ilə sonuncunun təşəbbüsünə əsasən başlanmış sözlə mübahisə zamanı, Zərərçəkmiş şəxs şəxsiyyəti məlum olmayan «Zahir» adlı şəxslə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və ayaq zərbələri ilə vurub ona sol göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyənin, üst göz qapağının qançırları, üst dodağın qansızması və əzilmiş yarası, sol və sağ qulaqarxası nahiyənin hematomaları, sağ qalçanm sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətlərinə cavab olaraq, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində kafenin qarşısında küçədə qarşılıqlı olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə olunan bıçaqla qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq ona qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaqla xuliqanlıq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi müşaiyət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 126.2.4cü maddəsi ilə irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı, həmin hissədə onun hərəkətlərində Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Şahəddin oğlunu və “Zahir” adlı şəxsi əvvəllər tanımamış, onlarla münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Hadisədən bir gün qabaq o, çox spirtli içki qəbul etdiyinə görə 14 iyul 2021-ci il tarixdə səhər yuxudan duranda başının ağrıdğını görmüş və yenidən içki içmək qərarına gəlmişdir. Ona görə də saat 11-12 radələrində Mərdəkan qəsəbəsində “Stansiya” deyilən ərazidə fəaliyyət göstərən kafeyə getmiş və orada xeyli müddət oturaraq pivə və araq içmişdir. Səhərdən həmin kafedə çoxlu içib sərxoş olduğuna görə orada nə baş verdiyini tam xatırlaya bilmir. Lakin yadındadır ki, onun özü digər şəxslər tərəfindən orada döyülmüş, yadında qaldığına görə, həmin dava kafedə yox, kafedən çöldə olmuşdur. Axşam polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər. Bölmədə ona məlum olmuşdur ki, o, bıçaqla sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs vurub xəsarət yetirmişdir. Hətta həmin vaxt Azər tanımadığı başqa bir şəxslə birlikdə onu döyüb xəsarət yetirmişdir. Həmin vaxt sərxoş olduğu üçün hadisəni tam xatırlamır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 iyul 2021-ci il tarixdə təxminən saat 12:30 radələrində Mərdəkan qəsəbəsində “Stansiya” deyilən ərazidə yerləşən kafeyə bibisi oğlu Zahir Hüseynovla birlikdə gedib pivə içmək qərarına gəlmişlər. Kafeyə daxil olduqda bir nəfər talış millətindən olan cavan oğlanın səs-küy salaraq pivə içdiyini görmş, özü və həmin şəxs talış olduğu üçün bu ona pis təsir göstərmişdir. Həmin oğlanı yanına çağırıb orada səs-küy salmasını irad tutmuş, oturub pivəni içməsini məsləhət görmüşdür. Oğlan yerinə qayıdıb pivə içməyə davam etmişdir. Həmin vaxt o da, dostu Zahirlə bir kənarda oturub pivə içməyə başlamışlar. Onlar hərəyə iki bakal pivə içmişlər. Oradan durmaq istəyərkən adını sonradan bildiyi talış balası Ərəslan yenə özündən coşmuş, qışqıraraq danışmağa davam etmişdir. Hətta orada işləyən qadın gəlib Ərəslana bir sillə vurmuş və pivəni onun üzünə tökmüşdür. Buna görə da o, yenə Ərəslana talış dilində “Gör sən özünü nə günə qoymusan ki, qadın sənin üzünə pivə tökür” demişdir. Həmin vaxt Ərəslan ona nəsə demiş, o, Ərəslanın onu söydüyünü fikirləşib talış dilində Ərəslanı söymüş və onların arasında mübahisə yaranmışdır. O, ərk edib Ərəslana bir-iki şillə vurmuş, Zahir də həmin vaxt onun yanında olmuşdur. Sonra onlar birlikdə kafedən çölə çıxmışlar. Kafedən çöldə ara yolda olan zaman o, Ərəslandan nə üçün söyüş söydüyünü soruşmuş, sonuncu, ona cavab qaytararaq onun qarın nahiyəsindən bıçaqla bir dəfə vurub xəsarət yetirmişdir. O, Ərəslanın qolundan tutmuş və üzündən bir dəfə vurmuşdur. Sonra Ərəslan qaçıb kafeyə girmiş, o da, sonuncunun ardınca kafeyə daxil olmuşdur. Kafenin içərisində Ərəslanı bir neçə dəfə vurub xəsarət yetirmişdir. Daha sonra orada işləyən qadınlar araya keçib onu sakitləşdirmişlər. O isə, Ərəslanın onu bıçaqla vurduğuna görə əsəbi olmuş, kafenin içərisində bir neçə dəfə onu vurmuş, yerə yıxmış, yerdə də təpiklə vurmuşdur. Onun qarın nahiyəsindən qan gəldiyi üçün köynəyini çıxarmış, orada işləyən tanımadığı qadın yarasını bağlamışdır. Əvvəlcə xəstəxanaya müraciət etmək istəməmiş, lakin sonradan qarnı şişməyə başladığından qorxaraq həkimə müraciət etmişdir. Zərərçəkmiş şəxs hadisənin baş verməsində həm özünün, həm də Ərəslanın günahı olduğunu, Ərəslan içkili və sərxoş olduğuna görə özünün gərək ona baş qoşmamalı olduğunu, hazırda tam sağaldığını, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindiriğlmiş Şahid1 ifadəsində göstərdi ki, Mərdəkan qəsəbəsində “Stansiya” adlanan ərazidə olan adsız kafeni icarəyə götürüb işlədir. 14 iyul 2021-ci il tarixdə kafedə olarkən Ərəslan da oraya gəlmiş və tək oturub pivə içmişdir. Daha sonra kafeyə əvvəllər tanımadığı və adını sonradan bildiyi Zərərçəkmiş şəxs bir nəfər dostu ilə gəlmişdir. Onlar da başqa stolda oturub pivə içmişlər. Həmin şəxslər orada Ərəslanm Lerik rayonundan olduğunu bilib onu öz stoluna dəvət etmiş və birlikdə içki içməyə başlamışlar. Onlar aralarında talış dilində söhbət etdikləri üçün nə danışdıqlarını başa düşməmişdir. Sonra onlar bir-biri ilə ucadan danışmağa davam etmiş, birdən Azər və onunla olan şəxs Ərəslanın üstünə düşüb onu vurmağa başlamışlar. Həmin şəxslər kafedə Ərəslanı möhkəm döymüşlər. Həmin vaxt kafedə oturan digər 3-5 nəfər tanımadığı müştəri oradan getmişər. Daha sonra onların hər üçü kafedən çölə çıxmış, küçədə də Azər və onunla olan digər şəxs Ərəslanı döymüşlər. Ərəslan bərk sərxoş olduğuna görə onlara müqavimət göstərə bilməmişdir. Bir müddət sonra yenə hər üçü kafeyə qayıtmış, o, Azərin qarın nahiyəsindən qan axdığını görmüş, lakin nəyə görə qan axdığını başa düşməmişdir. Lakin Azər köynəyini qaldırıb Ərəslana onu bir dəfə də vurmasını demiş, hiss etmişdir ki, Ərəslan Azəri bıçaqla vurmuşdur. Sonra Azər və onunla olan şəxs kafenin içərisində yenidən Ərəslanı vurmağa davam etmişlər. Hətta kafedə olan stolu Ərəslanın belinə vurmuşlar. Sonra o, araya keçib həmin şəxsləri aralamışdır. Ərəslanın Azəri harada və necə bıçaqla vurması barədə onun xəbəri olmamış və bunu görməmişdir. Kafenin içərisində olan zaman o, Ərəslanın əlində bıçaq görməmişdir. Ərəslanın bıçağı haradan götürüb Azəri vurduğunu başa düşməmişdir. Azər ona qarın nahiyəsini köynəklə bağlamasını xahiş etmiş. O da, bunu etmişdir. Daha sonra polis əməkdaşı onları şöbəyə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Cəfərova X4 qəsəbəsində “Stansiya” adlanan ərazidə Şahid1 icarəyə götürüb işlətdiyi adsız kafedə ofisiant və xadimə kimi işlədiklərini, hadisə baş verən gün kafedə olduqlarını, orada Zərərçəkmiş şəxs və onunla gələn şəxslə Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaşın şahidi olduqlarını bildirərək, Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi barədə 19 avqust 2021-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs sərbəst ifadəsində qeyd etdiyi hadisə yerini göstərərək, istintaqa verdiyi ifadəsini təsdiq etmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Stansiya» deyilən ərazidə yerləşən adsız kafenin qarşısında onu bıçaqla vuraraq xəsarət yetirmişdir (cild 1, iş vərəqi 87-90). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, bu zaman onların istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 124-126). Cinayət işində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 14 iyul 2021-ci il tarixli 1/1238 saylı aktından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur (cild 1, iş vərəqi 7). Cinayət işinə əlavə olunmuş 17 iyul 2021-ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, 14 iyul 2021-ci il tarixdə Bakı şəhəri 3 saylı Kliniki Şəhər Xəstəxanasına daxil olarkən Zərərçəkmiş şəxs Şahəddin oğlunun üzərində olmuş 1 ədəd alt geyimi olan qolsuz mayka götürülmüşdür. Həmin mayka ağ rənglidir, maykanın üzərində baxış zamanı hər hansı zədə aşkar edilməmişdir. Həmin maykanın üzərində qanabənzər ləkələr olmuşdur. 1 ədəd ağ rəngli qolsuz mayka polietilen torbaya qoyularaq qablaşdırılmış və üzərinə Xəzər RPİ-nin zərflər üçün möhürü vurularaq götürülmüşdür (cild 1, iş vərəqi 62). Məhkəmə-tibbi ekspertizasının 16 iyul 2021-ci il tarixli 830 saylı rəyindən görünür ki:
1. 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət, ola bilsin bıçaq) təsirindən törənmişdir, törənmə müddəti onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 14.07.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir.
2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir (cild 1, iş vərəqi 97-98). Məhkəmə tibbi-krimininalistik ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 556-MTKŞ/2021 saylı rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd mayka üzərində zədə aşkar olunmamışdır (cild 1, iş vərəqi 112-114). Məhkəmə tibbi-bioloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 687/2021 MTBŞ saylı rəyindən görünür ki,
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/.(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən).
2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız A antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə A-(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 115-118). İbtidai istintaq orqanının 19 oktyabr 2021-ci il tarixli qərarı ilə 14 iyul 2021-ci il tarixdə cinayət hadisəsi baş verərkən Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd mayka maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılır (cild 1, iş vərəqi 128-135). Cinayət işinə əlavə olunmuş 04 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 109). Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Ali Məhkəmə Plenumunun həmin mövqeyini nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, qeyd olunan tövsiyyə qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə kollegiyası hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun xuliqanlıq niyyətinin mahiyyətinə dair həmin tövsiyyəsini də nəzərə alır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla təsdiq olundu ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Stansiya» deyilən ərazidə yerləşən adsız kafenin daxilində Zərərçəkmiş şəxs ilə sonuncunun təşəbbüsünə əsasən başlanmış sözlə mübahisə zamanı, Zərərçəkmiş şəxs şəxsiyyəti məlum olmayan «Zahir» adlı şəxslə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və ayaq zərbələri ilə vurub ona sol göz almasının ağlı qişasının qansızması, sağ və sol gözaltı nahiyənin, üst göz qapağının qançırları, üst dodağın qansızması və əzilmiş yarası, sol və sağ qulaqarxası nahiyənin hematomaları, sağ qalçanm sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətlərinə cavab olaraq, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində kafenin qarşısında küçədə qarşılıqlı olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə olunan bıçaqla qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq ona qarnın ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsaslar və sübutlar olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №-li Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Ali Məhkəmə Plenumunun həmin tövsiyyələrinin mənasından aydın olur ki, şəxsi münasibətlərin pozulması zəminində başlanılmasına və intiqam hissi ilə törədilməsinə baxmayaraq, ictimai yerdə baş verən və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən həmin hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən, Təqsirləndirilən şəxsun həmin əməli həm də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə verilmiş ittiham həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini və həmin Məcəllənin 59.1.12-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər RPİ İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2021-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxsun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən, dəyəri olmayan əşyalar məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilməklə Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən, hesabatdan və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil X5 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkilə ödənilməli olan 180 (yüz səksən) manat məbləğində pul Bakı şəhəri, 8 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 iyul 2021-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov