Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-295/2024 07.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs, müdafiəçi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsi ərazisi, M.Zeynalov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, eləcə də, külli miqdarda psixotrop maddəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda psixotrop maddələrin İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli olmaqla 10,232 qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış külli miqdarda pisixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə keçirtmiş, 20 dekabr 2022-ci il tarixdə saat 14:45 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin və 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış sahəsi ərazisi Məmməd Zeynalov küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış, baxış və götürmə aparılarkən əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda 4,569 qram və 5,663 qram, ümumi təmiz çəkisi 10,232 qram olan ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Zirə kəndində yaşamaqla heyvandarlıqla məşğul olmuşdur. Heyvanları otaran zaman 4 nəfər şəxs gəlib onu tutub, əllərini bağlayıb, həmçinin üzünü papaqla örtüb polis şöbəsinə aparmışlar. Həmin şəxslər onu polis şöbəsində bir otağa salıb önünə narkotik vasitəni qoymuşlar ki, o, həmin narkotiki boynuna götürsün. Lakin o, bununla razılaşmamışdır. Buna görə həmin şəxslər onu döyməyə başlamış, təpiklə üzünə, qoluna vurmuşlar. O yenə də narkotiki boynuna götürməyə razı olmamışdır. Lakin sonra həmin şəxslər onun şərəf və ləyaqətinə toxunacaq hərəkətlər etdikləri üçün o, artıq həmin şəxslərin dedikləri ilə razılaşmış və narkotiki boynuna götürmüşdür. Onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. O, ibadət əhlindəndir, evdən kənara çıxmayan birisidir, dövlətə, hakimiyyətə, milli adətənənələrə sadiq bir vətəndaş olmuşdur. Məhkəmədə verilmiş əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs 2022-ci ilin Məhərrəm ayında Ərbəin ziyarətinə görə İran İslam Respublikasına getdiyini, heç bir İran vətəndaşı ilə tanışlığı və əlaqəsinin olmadığını, polislər tərəfindən tutulduğu ay müddətində sərhəd bölgəsində olan heç bir rayonda olmadığını, ümumiyyətlə Zirədən kənara çıxmadığını, polislərin onu günorta saatlarında, saat 2-dən sonra saxladıqlarını, saxlanılan zaman ətrafda başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu Zirə qəsəbəsinə yollanmış, Eldarın yaşadığı evin yaxınlığında həmin şəxsi saxlayarkən özlərini təqdim edib, aidiyyatı üzrə 1-ci Polis şöbəsinə dəvət etmişlər və orada təhqiqat şöbəsinə təhvil vermişlər. Təhqiqat şöbəsində üzərinə şəxsi baxış keçirilərkən, Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarın sol yan cibindən 2 büküm narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və həmin maddə ekspertizaya təqdim olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və necə əldə etdiyi soruşulmuş, o, narkotiki Zirə qəsəbəsindən yerdən tapdığını və heç kimin, o cümlədən uşaqların əlinə keçməməsi üçün haradasa basdırıb saxladığını bildirmişdir. Məhkəmədə verilmiş əlavə suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs kənd adamı kimi tanıdıqlarını, bildikləri qədəri ilə heyvandarlıqla məşğul olduğunu, məlumatın narkotikin satışı ilə deyil, istifadəsi ilə bağlı olduğunu, şəxsi 14:00 radələrində saxladıqlarını, saxlanılan zaman üzərində heç bir xəsarət-zədə izi olmadığını, ona qarşı polis bölməsində olduğu müddətdə heç bir psixi və fiziki təsir olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 87-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 dekabr 2022-ci il tarixdə saat 14:45 radələrində xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 87-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Zirə qəsəbəsində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması təklif edilmiş və vətəndaş Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli cins şalvarın sol yan cibində olan 2 ədəd şəffaf sellofana bükülmüş, spesifik iyə malik, ağ rəngli, toz şəkilli narkotik vasitəyə oxşar kütləni təqdim etmiş, bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərinə, əynində olan paltarlarına şəxsi axtarış keçirilmiş, keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd "Samsung Galaxy A-51" markalı mobil telefon, lakin qanunla dövriyyəsi qadağan olunmuş digar predmet, əşya və narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi əynindəki açıq boz rəngli cins şalvarın cibindən çıxararaq təqdim etdiyi maddə narkotik vasitə olan "Pati"dir, həmin narkotik vasitəni bir neçə gün əvvəl Zirə qəsəbəsində, çöllükdə qoyun otararkən yerdən tapıb üzərində saxlamış və gəzdirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə narkotik vasitǝyǝ oxşar kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 157 saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspetizasının xx.xx.2022-ci il tarixli, 6/7115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N157” dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd bükümdə təmiz çəkiləri 4,569 qram, 5,663 qram ümumi çəkisi 10,232 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində təsdiq dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 38-41). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş DVD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi, sorğu zamanı həmin maddənin ona məxsus olmasını bildirməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 49). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Xəzər rayon polis İdarəsinin 1-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 20 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 79). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X2 rayon prokuroruna ünvanlandığı xx.xx.2022-ci il tarixli, xx/xx-6238 saylı xüsusi məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına gətirilib ilkin tibbi müayinəsi keçirilərkən sağ çiyin nahiyəsinin ön səthində bənövşəyi rəngli qançır aşkar edilmişdir (cild 1, iş vərəqi 81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, verilən əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, ********* saylı cinayət işi üzrə bir çox əməliyyat tədbirləri keçirilmiş, həmin psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gətirildiyi məxfi mənbələrdən öyrənilsə də, həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 1242 nömrəli rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 135-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatına baxış keçirilən zaman telefonda narkotik vasitələrin satışı ilə məşğul olmağa dair hər hansı mesaj mətnləri, “Whatsapp” yazışmaları, səs mesajları və sair məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X5 atası Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonu işlək vəziyyətdə təhvil almış, bununla bağlı hər hansı şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 140). İşdə olan sübutların qiymətləndiriləsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 10,232 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalan 10,132 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 141- 146). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 78). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ərazisində (Məmməd Zeynalov ünvanı) yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır və onun barəsində qəsəbə nümayəndəliyinə şifahi və ya yazılı şəkildə heç bir şikayət və ərizə daxil olmamışdır (cild 1, iş vərəqi 128-129). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə psixotrop maddə metamfetamini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 10,232 qram çəkidə psixotrop maddə metamfetamini iki büküm sellofan paketdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddənin hansı mənbədən, necə, hansı şəraitdə əldə edilməsinin müəyyən edilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, tapşırıqla əlaqədar bir sıra əməliyyat tədbirləri keçirilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz gətirildiyi məxfi mənbələrdən öyrənilsə də, gətirən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa konkret şəxsə psixotrop maddə metamfetamin satması müəyyən edilmir. Məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş cavab formal xarakter daşıyır. Belə ki, həmin cavabda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq məhz satış məqsədilə əldə edib-etmədiyi barədə dəqiq məlumatı təsdiq edə biləcək heç bir müddəa yoxdur. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də görünür ki, təqsirləndirilən şəxsin kiməsə psixotrop maddə satması barədə konkret fakt müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin psixotrop maddə satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 10,232 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda iki bükümdə psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması, həmçinin onun satış məqsədilə hər hansı şəxslə cinayət əlaqəsinə girərək bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” psixotrop maddə ilə bağlı sifariş alması, ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə külli miqdarda 10,232 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetaminin məhz hər hansı şəxslə cinayət əlaqəsinə girərək satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə irəli sürülmüş itithamdan birinin Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla (cinayət hadisəsi olmaması əsası ilə) ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək saxlanılan zaman üzərində hər hansı psixotrop maddə olmaması, polislər tərəfindən döyülməsi, polislərin onun şərəf və ləyaqətinə toxunacaq hərəkətlər etdikləri üçün həmin şəxslərin dedikləri ilə razılaşması və narkotiki boynuna götürməsi barədə etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan cins şalvarın sol yan cibində olan 2 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmiş, sorğu zamanı təqdim etdiyi maddənin "pati" olduğunu, onu bir neçə gün əvvəl Zirə qəsəbəsində, çöllükdə qoyun otararkən yerdən tapıb üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol digər iştirakçılarla yanaşı, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Lakin sonradan ibtidai istintaqda və məhkəmədə ifadələrini dəyişərək həmin psixotrop maddənin ona aid olmadığını qeyd etmiş və polis idarəsində polis əməkdaşları tərəfindən edilmiş təzyiq altında etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində 22 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən o, törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasını əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun tibb sanitar hissəsində müayinədən keçirilən zaman sağ çiyin nahiyəsinin ön səthində bənövşəyi rəngli qançır aşkar olunduğu barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bununla əlaqədar, məhkəmə faktla bağlı araşdırma aparılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğuna müraciət etmişdir. Həmin prokurorluqdan daxil olmuş 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və psixoloji təzyiqlərə məruz qalması ilə əlaqədar olaraq prokurorluqda araşdırma aparılmışdır. Qərardan o da görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs fiziki və psixoloji təzyiqlərə məruz qalması ilə əlaqədar bildirdikləri öz təsdiqini tapmadığından, eləcə də hər hansı şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 dekabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20-22, 70-75, 182-185). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 10,132 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan 10,132 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-295/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-295/2024
07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver