Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-296/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 212 ünvanında qeydiyyatda olan, 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, İ.Məmmədov küçəsindən Əmircan qəsəbəsi, M.Ramazanzadə küçəsi istiqamətində marşrut üzrə hərəkətdə olan müddət ərzində 213 saylı avtobusda sərnişin qismində dayanmış Zərərçəkmiş şəxs1 çiynindəki qadın əl çantasından içərisində 100 manat nəğd pul olan 10 manat dəyərində sarı rəngli pul kisəsini və sonuncunun adına sənədləşdirilməklə istifadəsində olan “X2” ASC-yə məxsus 4098 5844 9606 9061 nömrəli “Leo Bank” plastik kartını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 cəmi 110 manat məbləğində zərər vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2022-ci il tarixdə saat 21:10:17-dən 21:29:26-dək olan müddət ərzində həmin gün Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş və istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən “X2” ASC-yə məxsus 4098 5844 9606 9061 nömrəli “Leo Bank” plastik kartından ödəniş vasitəsi kimi istifadə etməklə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən «Oba» marketdən 19 manat, 71 manat 40 qəpik, 34 manat 52 qəpik və 78 manat 02 qəpik dəyərində, habelə həmin ünvanda yerləşən «AL» marketdən 55 manat 50 qəpik, 53 manat 20 qəpik və 57 manat 80 qəpik dəyərində ərzaq malları, tütün məmulatları və digər əşyalar alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə davam edən cinayət formasında Zərərçəkmiş şəxs1 cəmi 369 manat 44 qəpik məbləğində zərər vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 avqust 2022-cİ il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsindən həmin qəsəbədə yerləşən “2 aprel” küçəsi istiqamətində marşrut üzrə hərəkətdə olan müddət ərzində 204 saylı avtobusda sərnişin qismində dayanmış Zərərçəkmiş şəxs2 çiynindəki qadın əl çantasından içərisində 140 manat nəğd pul olan 10 manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 cəmi 150 manat məbləğində zərər vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 avqust 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Qara Qarayev” stansiyasının yaxınlığından ünvan 2 ünvanda yerləşən 114 nömrəli tam orta məktəb istiqamətində marşrut üzrə hərəkətdə olan müddət ərzində 213 saylı avtobusda sərnişin qismində oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs3 sol böyrünə söykədiyi selofan torbanın içərisində 243 manat nəğd pul olan 9 manat dəyərində qara rəngli pul kisəsini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 cəmi 252 manat məbləğində zərər vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan vaxtda və mənbədən külli miqdarda - təmiz çəkisi 3,362 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığından Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan kəsiyi bükümündə külli miqdarda -ümumi təmiz çəkisi 3,362 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, lakin Sabunçu rayonundakı 204 saylı marşrutda baş verən oğurluq hadisəsinin və 234 manat oğurluğa aid hissədə hadisənin onun tərəfindən törədilmədiyini, qalan hissələrdə ittihamları qəbul etdiyini, özünün CM-nin 234.1-1-ci maddəsi ilə tutulduğunu bildirdi. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı da dindirilərkən həmin iki oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini dediyini, lakin istintaqa verdiyi ifadəsini oxumadan imzaladığını, tutularkən və istintaq vaxtı onun heç kim tərəfindən döylmədiyini, ona qarşı hər hansı fiziki təzyiqlər göstərilmədiyini ifadəsinə əlavə etdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq oldundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Özü sərnişin avtobuslarında müxtəlif vətəndaşların çantalarından pul kisələri, o cümlədən nəğd pul və digər əşyalar oğurlamışdır. Belə ki, bir dəfə 2022-ci ilin avqust ayının əvvəllərində Suraxanı rayonu, Əmircan qəsəbəsində hərəkət edən 213 saylı sərnişin avtobusuna minmiş, hansı dayanacaqda minməyini də xatırlamamışdır. Həmin vaxt bir qədər spirtli içki qəbul etdiyindən tam olaraq özündə olmamışdır. Avtobusda ayaqüstə dayanmış təxminən 30 yaşlarında olan bir qadının çiynindən asılı əl çantasını və çantanın içərisində isə pul kisəsini görüb onu oğurlamaq qərarına gəlmiş, fürsət tapıb həmin qadına tərəf yaxınlaşmışdır. Bir az gözlədikdən sonra avtobusda olan sərnişinlərin sıxlığından istifadə edərək əl atıb qadının çiynində olan əl çantasının içərisindəki qəhvəyi rəngli pul kisəsini götürüb əlində saxlayaraq arxaya çəkilmişdir. Bunu həmin qadın və avtobusda olan digər sərnişinlər görməmişlər. Belə ki, o, əvvəllər də dəfələrlə cibgirliklə məşğul olduğundan bu üsulla oğurluq etmişdir. Sonra növbəti dayanacaqda düşərək uzaqlaşmış, hansı dayanacaqda düşdüyünü xatırlamamış, amma Suraxanı ərazisində düşdüyü yadındadır. Bayırda olduğu zaman həmin pul kisəsinin içərisində olan 100 manat nəğd pulu və bank kartlarını götürüb pul kisəsini yolun kənarına atmışdır. Bundan sonra o, “Oba” və “Al” marketə gedib oğurladığı bank kartları ilə təxminən 400 manat məbləğində ərzaq və qeyri-ərzaq malları alıb mağazanı tərk edib evə getmişdir. Əldə etdiyi pulu, aldığı ərzaq və qeyri-ərzaq mallarını öz tələbatına sərf etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi həmin ifadələrinə görə, 2022-ci ilin avqust ayının sonlarında Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən “Araz” marketin yaxınlığında 204 saylı sərnişin avtobusuna minmiş və orada sıxlıqdan istifadə edərək əvvəllər tanımadığı bir qadının üzərində olan çantasının içərisindən pul kisəsini oğurlamışdır. Daha sonra növbəti dayanacaqda düşüb pul kisəsinə baxdıqda içərisində 140 manat pulun olduğunu aşkar etmişdir. Kisənin içərisində olan bank kartlarını xatırlamadığı yerdə zibilliyə atmış, həmin pula isə özünə yemək, siqaret, narkotik vasitə alaraq istifadə etmiş, əldə etdiyi pula özünə siqaret, yemək narkotik almış və tələbatına sərf etmişdir. Bundan sonra, 2022-ci il avqust ayının sonlarında 204 saylı sərnişin avtobusunda oğurluq etdikdən təxminən 2-3 gün sonra Suraxanı rayonu istiqamətində hərəkət edən 213 nömrəli sərnişin avtobusuna əyləşmiş və hansı dayanacaqda əyləşdiyini xatırlamır, çünki spirtli içki qəbul etdiyindən tam olaraq özündə olmamışdır. Avtobusda olduğu zaman oturacaqların birində əyləşmiş təxminən 40-45 yaşlarında olan bir qadının əlindəki pul kisəsindən pul çıxardığını görmüşdür. Həmin qadının qucağında əl çantası və əlində selofan torbası olmuşdur. Pul kisəsini qadın həmin selofan torbanın içərisinə qoymuş, selofan torbanı isə sonradan sol böyrünə söykəmişdir. Bu zaman o, həmin qadının pul kisəsini oğurlamaq qərarına gəlmiş və fürsət tapıb həmin qadına tərəf yaxınlaşmışdır. Bir qədər gözlədikdən sonra avtobusda olan sərnişinlərin sıxlığından istifadə edib həmin qadının sol böyrünə söykədiyi selofan çantanın içərisindən qara rəngli pul kisəsini çıxarıb köynəyinin altına qoymuşdur. Bunu həmin qadın və avtobusda olan digər şəxslər görməmişlər. Sonra növbəti dayanacaqda düşərək uzaqlaşmış, hansı dayanacaqda düşdüyünü xatırlamır, amma Suraxanı ərazisində düşdüyü yadına gəlir. Daha sonra həmin pul kisəsinin içərisinə baxdıqda təxminən 200 manatdan artıq pul, həmin qadının şəxsiyyət vəsiqəsi, bir neçə «Kapital» bank kartları və «Covid 19» pasportunu aşkar edərək götürmüşdür. Şəxsiyyət vəsiqəsi, bank kartları, «Covid 19» pasportunu və pul kisəsini xatırlamadığı yerdə zibilliyə atmış, əldə etdiyi pula isə özünə yemək, siqaret, narkotik almaqla öz tələbatlarına sərf etmişdir. Bundan başqa, tutulmamışdan əvvəl 6 aya yaxındır ki, o, narkotik vasitələrdən istifadə edir. Tutulmamışdan 2 gün əvvəl isə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 1 ədəd bükümdə «kokos» adlandırdığı narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədi ilə 20 manata alıb üzərində saxlamış və yaşadığı evə getmişdir. 22 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ilə piyada hərəkətdə olduğu zaman 2 nəfər polis formasında əməkdaşlar ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Cibində narkotik olduğu üçün polis əməkdaşlarından yayınmaq məqsədilə yerdən əlinə keçən bir iti əşya götürərək həmin əşya ilə özünə xəsarət yetirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları onu saxlayıb 12-ci Polis şöbəsinə gətirmişlər. Burada özünün razılığı ilə vəkilin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir bükümdə heroini təqdim etmişdir. Sorğu-sual zamanı bir bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onu tutulmamışdan iki gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitə heroini özü qəbul etmək məqsədi ilə üzərində saxlamışdır. Üzərində saxladığı narkotik vasitə heroindən qəbul etməmiş, narkotik vasitəni tək qəbul etmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə heroini gizli qəbul etmişdir. Narkotik vasitə heroini aldığı şəxs orta boylu arıq bədən quruluşlu bir şəxs olmuş, əynində cins şalvar və tünd rəngli qısaqol köynəyi olmuş, digər əlamətlərini xatırlamamışdır. Polis bölməsində ona heç bir şəxs təzyiq göstərməmişdir. Polis əməkdaşları ona yaxınlaşdıqda yerdən tapdığı iti əşya ilə özünə xəsarət yetirmiş, polis əməkdaşlarından yayınmaq istəmiş, hesab etmişdir ki, özünə xəsarət yetirdiyini görüb ehtiyat edib ona yaxınlaşmayacaqlar, o da, bundan istifadə edib onlardan yayınacaqdır cild 1, iş vərəqi 40-41, 102-104, cild 2, iş vərəqi 45-48, 66-69, 88-91). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarını özünün imzaladığını və ifadələrini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 09 avqust 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən evinə qayıdan zaman çantasından pul kisəsinin oğurlanmasını aşkar etmişdir. Həmin pul kisəsi sarı rəngli dəridən olmuşdur. Pul kisəsinin içərisində öz adına məxsus şəxsiyyət vəsiqəsi, 100 manat nəğd pul, “Premium bank” a məxsus maaş kartı, “Leo bank”a məxsus kredit kartı olmuşdur. Həmin gün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə saat 21:10-dan 21:42-dək olan müddət ərzində 410 manat “Al market”dən və “Oba” marketdən alış-veriş üçün çıxarılmışdır. Pul kisəsinin hansı şəraitdə oğurlanmasını hiss etməmiş, lakin dəqiqliklə bilir ki, pul kisəsi 213 nömrəli marşrut avtobusunda oğurlanmışdır. Belə ki, avtobusda olarkən hələ düşəcəyi yerə çatmamış çantasından pul kisəsini götürüb gediş haqqı ödəmiş və pul kisəsini geri çantaya qoymuşdur. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 510 manat maddi ziyan maddi ziyan dəymişdir. Bundan başqa, ona məxsus şəxsiyyət vəsiqəsi də oğurlanmışdır. Zərərçəkmiş şəxs1 baş vermiş cinayət hadisəsi nəticəsində böyük sarsıntı keçirməsinə baxmayaraq, yenə də təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı iddia tələbi və şikayəti olmadığını bildirdi, bununla bağlı 31 yanvar 2024-cü il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 24 avqust 2022-ci il tarixdə saat təxminən 14:00 radələrində Sabunçu qəsəbəsində yerləşən «Araz» marketdən çıxıb 204 saylı avtobusa əyləşib həmin qəsəbədəki yaşadığı evə getmişdir. Avtobusda sərnişinlərin sayı çox olmuş, sıxlıq yaranmış, 2-3 dayanacaq ketdikdən sonra yaşadığı evin yaxınlığında avtobusdan düşmüşdür. Bu zaman çiynində olan əl çantasına baxdıqda içərisində 140 manat nağd pul və özünə aid bir neçə bank kartları olan pul kisəsinin olmadığını görmüşdür. Buna görə də, avtobusda gedərkən pul kisəsinin çiynində olan əl çantasından çıxarıldığını başa düşmüş, lakin həmin vaxt o, bunu hiss etməmişdir. Bununla bağlı oğlu Vüqar İsmayılov «102» xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra özü 12-ci polis şöbəsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, əl çantasından pul kisəsini oğurlayan şəxs tutulmuş, lakin avtobusda çox sayda sərnişin olduğundan pul kisəsinin konkret olaraq kim tərəfindən oğurlandığını bilməmiş, həmin şəxsi görməmişdir. Pul kisəsindən 3 ədəd «Kapital bank»a məxsus plastik kartlar da oğurlanmış, lakin həmin kartların heç birinin içərisində pul olmamışdır. Hadisə zamanı ona məxsus 10 manat dəyərində qara rəngli dəridən pul kisəsi və içərisində 140 manat nəğd pul oğurlanmışdır. Nəticədə ona 150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi zərərin ödənilmədiyini, lakin buna baxmayaraq, təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı iddia tələbi və şikayəti olmadığını bildirdi və bununla bağlı 31 yanvar 2024-cü il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə yaşadığı ünvana qayıdan zaman «Qara Qarayev» metrostansiyasının yanında olan dayanacaqdan 213 nömrəli avtobusa əyləşmişdir. Avtobusda olan zaman gediş haqqını ödəmək üçün yanına qoyduğu selofan paketdən pul kisəsini çıxarıb oradan 1 manat pul götürmüş və yenidən pul kisəsini selofan paketə qoymuşdur. Ünvana çatan zaman Əmircan qəsəbəsi, 114 nömrəli məktəbin yaxınlığında avtobusdan düşmüş, dayanacaqdan 2-3 metr aralanan zaman evin açarlarını selofan paketdən götürmək istədiyi zaman pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Pul kisəsinin oğurlanmasını hiss etməmişdir. Həmin tarixdə saat 23:54-də onun mobil telefonuna «sms» bildirişi gələrək balansında 200 manat pul vəsaitinin olması bildirilmişdir. Bu zaman bank kartına kimsə tərəfindən müdaxilə edildiyini və pul çıxarmağa cəhd olunduğunu bilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 243 manat maddi ziyan dəymişdir. Bundan başqa, pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsi və sığorta şəhadətnaməsi də oğurlanmışdır. Oğurlanan pul kisəsini o, “Sədərək” ticarət mərkəzindən 1 il öncə 9 manata almışdır. Ona ümumilikdə 252 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 154-155, cild 2, iş vərəqi 15-17). Zərərçəkmiş şəxs3 baş vermiş cinayət əməli nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, lakin buna baxmayaraq təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı iddia tələbi və şikayəti olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, bununla bağlı 06 noyabr 2023-cü il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Post-Patrul Xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən saat 16:00 radələrində Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində bir nəfərin özünü şübhəli apardığını görüb onu saxlamışlar və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Həmin şəxs onlara dağınıq cavab verərək əlində olan iti əşya ilə özünə xəsarət yetirməyə başlamış, lakin onlar həmin şəxsi saxlayaraq özünə xəsarət yetirməsinin qarşısını almışlar. Sonra şübhəli şəxsi Sabunçu RPİ, 12-ci Polis şöbəsinə gətirmişlər. Şöbədə onun əvvəllər oğurluqla məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Hüquqları izah edildikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Təhqiqatçının təklifindən sonra şübhəli şəxs əynindəki şalvarın cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni təqdim etmiş, həmin maddələrin narkotik vasitə “kokos” olduğunu, 2 gün əvvəl Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, Post-Patrul Xidməti bölüyünün polis nəfəri Şahid2 22 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsinə gətirilməsi və üzərinə şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi prosesində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, həmçinin videogörüntülərin qeydə alındığı DVD diskə baxış protokolundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis şöbəsində şübhəli şəxs şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin, videogörüntülərlə şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlar arasında uyğunluğun mövcud olduğu müəyyən edilir (cild 1, iş vərəqi 71-72, 120). Məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 6/5455 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddə...” yazısı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,362 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir (cild 1, iş vərəqi 82-86). İbtidai istintaq orqanının 02 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,362 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,312 qram çəkidə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 64-76, 111). Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6947 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 18-19). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3049 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 20-22). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə dörd dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 18 aprel 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 50-61, 99-101). Məhkəmə iclasında sərbəst ifadəsində Təqsirləndirilən şəxs Natiq oğlu öz müdafiəsi üçün dəlillər gətirərək, Sabunçu rayonundakı 204 saylı marşrutda baş verən oğurluq hadisəsinin və 234 manat oğurluğa aid hissədə hadisənin onun tərəfindən törədilmədiyini, qalan hissələrdə ittihamları qəbul etdiyini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq olunduqdan sonra gətirdiyi dəlillərdən imtina etmiş, bütün ittihamları qəbul etdiyini bildirmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5-ci maddələri ilə nəzərdə tutulan əməllər az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, 15.4-cü maddəsinə əsasən isə, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı iddia tələblərinin və şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən az ağır və ağır cinayətlər törətmişdir. Bu isə təqsirləndirilən şəxsə münasibətdə cinayətlərin residivi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Sabunçu RPİ, 12-ci Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6947 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.5-ci maddəsinə uyğun olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,312 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə olunmuş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Bununla əlaqədar, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.5-ci maddələri ilə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,312 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-296/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-296/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver