Məhkəmə qərarları › İş №1(101)-297/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-297/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-297/2020 28.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 1 yanvar 1985-ci il tarixdə Gədəbəy rayonunun Qurudərə kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 aprel 2013-cü tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 7 oktyabr 2013-cü il tarixli qərarı ilə həmin cəza 3 (üç) ilə endirilmiş, 9 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilmiş, Gədəbəy rayonunun Qurudərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, ev 22-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə satıb pul qazanmaq barədə razılaşaraq ondan qanunsuz olaraq ümumilikdə 1015,518 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üstündə və yaşadığı evdə saxlamış, 22 may 2019-cu il tarixdə gecə saat 00:05 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılıb Polis Şöbəsinə gətirilərək üstünə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü siqaret kağız bükümünün içərisində saxladığı təmiz çəkisi 0,518 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eləcə də, həmin gün gecə saat 3 radələrində əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evinə özünün iştirakı ilə baxış keçirilərkən yataq otağında olan çarpayının baş tərəfində döşəyin altında saxladığı bir ədəd ağ rəngli, üzərində göy rəngli naxışları olan polietilen torbada külli miqdarda təmiz çəkisi 1015 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 3 il narkotik vasitə olan heroindən istifadə etmişdir. 21 may 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, ev 22 ünvanında olarkən qapı döyülmüş və o, pəncərədən həyətə baxarkən polis əməkdaşlarının gəldiyini görüb qapını açmamışdır. Polislər də yaşadığı evin həyətinə keçərək evin pəncərəsini sındırıb içəri daxil olmuş və evinə heroin qoymuşlar.Sonra da polislər onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparıb orada üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra polislər onu yaşadığı evə aparıb evinə baxış keçirilərkən polislərin əvvəlcədən evinə qoyduğu narkotik vasitə heroin aşkar olunmuşdur. Bəxtiyar adlı polis əməkdaşı onun əvvəllər narkotik vasitə istifadə etdiyini bilmişdir. Üzərində və evində narkotik vasitə olmamış, evinə gələn polis əməkdaşlarından heç birini tanımamışdır. İbtidai istintaq zamanı təsir altında olduğundan yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və buna görə də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 3-4 il narkotik maddə olan heroini əzələ daxilinə vurmaq yolu qəbul etmiş, istifadə etdiyi narkotik vasitələri adətən tanımadığı şəxslərdən almışdır. Təxminən 1 ilə yaxın narkotik maddə olan heroinin satışı ilə də məşğul olmuşdur. Satdığı narkotik vasitəni iranlı tanışı Həsən aldı şəxsdən almış, satdıqdan sonra Həsən 3-4 aydan bir yaşadığı məhləyə gəlib pulu ondan götürmüşdür. 22 may 2019-cu il tarixdə təxminən saat 00:05 radələrində ünvan 2 ünvanının qarşısında dayanıb siqaret çəkərkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan adını soruşmuşlar. O, polis əməkdaşlarına adının İman olduğunu bildirdikdən sonra polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə xidməti otaqların birində əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymağı təklif ediləndə o, artıq ifşa olunduğunu görüb əynindəki qara rəngli şalvarının sağ yan cibində siqaretin gümüşü kağızına bükülmüş və içərisində narkotik maddə heroin olan bir ədəd bükümü çıxarıb təhvil vermişdir. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda o, bükümün içərisində narkotik maddə olan heroin olduğunu və həmin heroini təxminən 10-15 gün əvvəl İran vətəndaşı olan tanışı Həsəndən ümumilikdə 1,3 kq-nı 4000 manata aldığını, Həsənlə aralarında olan razlaşmaya əsasən ona ilkin olaraq 2000 manat pul verdiyini, qalan 2000 manatını isə Həsəndən aldığı narkotik maddəni satdıqdan sonra verəcəyini bildirmişdir. Sonra isə polis əməkdaşlarına Həsəndən aldığı narkotik maddə hesab edilən heroinin təxminən 200 qramını tanımadğı şəxsə satdığını, qalan hissəsini isə yaşadığı ünvan 3 ünvanında yerləşən nömrəsiz yeni tikili evdə yataq otağında çarpayının baş tərəfində gizlətdiyini demişdir. Daha sonra onun üzərinə baxış keçrilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol onlara oxunmuş, götürülmüş bir büküm qablaşdırılaraq möhürlənmiş, orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzasıyla təsdiq etmişdir. Bundan sonra saat 3:00 radələrində polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, özünün razılığı əsasında polislərin iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə çarpayının baş tərəfində döşəyin altında gizlətdiyi bir ədəd üzərində göy rəngli naxışlar olan sellofan paketə bükülmüş və içərisində qəhvəyi rəngli spesifik iyə malik, tozşəkilli maddə olan kütləni polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onun iştirakı ilə bağlamaya açıb baxmış və içərisində narkotik vasitə olan heroinin olduğunu görmüşlər. Aşkar edilmiş narkotik vasitə olan heroin qablaşdırılaraq götürülmüş, evindən narkotik vasitənin aşkar edilməsinə dair protokol tərtib edilmiş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 63-66). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini mötəbər hesab edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2019-cu il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət Vəlizadə adlı şəxs saxlanılaraq bölmədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Hikmətdən həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda İman adlı şəxsdən aldığını demişdir. İman adlı şəxsin cinayət əməlinin ifşa olunması və onun cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun yaradılması üçün tərəfindən 22 may 2019-cu il tarixdə şöbə rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyevin adına raport yazılmış, rəis tərəfindən əməliyyat tədbirinin keçirilməsinə icazə verildikdən sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq o da həmin qrupa daxil edilmişdir. Qrup üzvlərinə tədbir zamanı davranış qaydası izah olunduqdan sonra həmin gün əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı gecə saat 00:00 radələrində İman adlı şəxs Sabunçu rayonu, Ə.Bağırov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və orada müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis Şöbəsinin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz bir əşyanın olub-olmadığı soruşularkən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda o, bükümdə narkotik vasitə olan heroin olduğunu demişdir. Bükümü açıb içərisinə baxarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli narkotik maddəyə oxşar maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o, həmin narkotik vasitəni İran vətəndaşı Həsən adlı şəxsdən aldığını, bir hissəsini satdığını, bir hissəsini özü istifadə etmək üçün götürüb üzərində gəzdirdiyini, qalan hissəsini isə yaşadığı evin yataq otağındakı çarpayıda olan yastığın altında gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın keçirilməsi və üzərindən narkotik vasitənin aşkar edilməsi barədə protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs və tədbir iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək üçün əməliyyat qrupu ilə birlikdə onun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, ev 22 ünvanında yerləşən nömrəsiz evə getmişlər. Həmin evin həyətində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyi bildirildikdə o, etiraz etməmiş və bununla bağlı ərizə də yazmışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitəni harada gizlətdiyini soruşduqda o, evin yataq otağına daxil olaraq qoşa çarpayıya yaxınlaşmış və yastığın altında olan üzərində göy rəngli şəkilləri olan ağ sellafon torbanı göstərərək həmin torbada narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sellafon torbaya baxılarkən onun içərisində qəhvəyi rəngli, spesifik iyə malik, tozşəkilli narkotik vasitəyə oxşar maddənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə barədə soruşduqda o bir daha bildirmişdir ki, həmin narkotik vasitəni İran vətəndaşı Həsən adlı şəxsdən almış, aralarında olan razılaşmaya əsasən Həsən həmin kütləni ona 4.000 manata satmış, o, 2.000 manatı Həsənə vermiş, qalan 2.000 manatı isə narkotik vasitəni satdıqdan sonra verəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt evdən aşkar edilən kütlə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və həmin protokolun doğruluğu baxış iştirakçıları tərəfindən imzalar ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilərkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 135-137). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirmə zamanı da təsdiq etmişlər (cild 1, iş vərəqə 148-153). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən diskin bir tərəfində gümüşü rəngli hissəsində “PRİNCO” sözləri yazılmışdır. “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, disk 700 mb, içərisində mp4 formatında iki video faylı vardır. Onun birinin yaddaş tutumu 334 mb, “İMG_8338” adlandırılmış, digərinin yaddaş tutumu isə 215 mb-dır. Birinci video fayl 2.45 dəqiqə davam edir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin videofayl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasına dair videoçəkilişdir, baxış polis əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya saxlaması və gəzdirməsi barədə məlumat daxil olduğundan üzərində şəxsi axtarış keçiriləcəyi izah olunur. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli iç kağızına bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyur. Həmin vaxt onun üzərindən başqa hər hansı əşya aşkar olunmur. Təqsirləndirilən şəxs həmin bükülüdə nə olduğu soruşularkən o, həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu bildirir. Həmin vaxt bükülü açılarkən onun içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin vaxt üzərində hər hansısa başqa qanunsuz bir əşyanın alması soruşulur, o isə yaşadığı evin yataq otağındakı çarpayıda döşəyin altında da narkotik vasitə heroin olduğunu bildirir. İkinci fayl isə tünd yaşıl rəngli dəmir darvazanın qarşısından başlamışdır. Darvazanın qarşısında Təqsirləndirilən şəxs daxil olduqları həyət evinin hara olduğunu soruşularkən o, həmin evin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi 22 ünvanında yerləşdiyini və həmin ünvanda yaşadığını bildirir. Təqsirləndirilən şəxs həmin ünvana nə üçün gəlindiyi soruşularkən o, üzərindən aşkar edilmiş narkotik vasitənin bir qisminin həmin evdə çarpayıda yastığın altında gizlətdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə daxil olur. Əvvəlcə mətbəxə daxil olur, oradan isə sola dönərək yataq otağına daxil olur. Təqsirləndirilən şəxs yataq otağında iki nəfərlik çarpayının sağ tərəfində olan yastığın altından ağ sellafon torbanı göstərib onun içərisində narkotik vasitə olan heroin olduğunu bildirir (cild 1, iş vərəqə 120-121). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2019-cu il tarixli 13553 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,518 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş maddə” yazısı olan paketdəki bir ədəd bağlamada, təmiz çəkisi 1015 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 1015,518 qram (1 kq 15,518 qram), heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1015,518 qram, tədqiqata 0,2 qram sərf edildi, qalıq çəkisi 1015,318 qram, cild 1, iş vərəqə 41-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2019-cu il tarixli 21447 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş x3 götürülmüş ilkin tədqiqat zamanı çəkisi 0,346 qram olan heroin (21 may 2019-cu il tarixli 13432 saylı ekspert rəyi), Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 1015,518 qram olan heroin (22 may 2019-cu il tarixli 13553 saylı ekspert rəyi) xarici əlamətlərinə görə və tərkibindəki komponentlərə görə fərqlidir (Qeyd: Təqsirləndirilən şəxs: heroinin ümumi təmiz çəkisi 1015,318 qram, tədqiqata 0,15 qram sərf edildi, qalıq çəkisi 1015,168 qramdır. H.Vəlizadə: heroinin təmiz çəkisi 0,326 qram, tədqiqata 0,05 qram sərf edildi, qalıq çəkisi 0,276 qramdır, cild 1, iş vərəqə 183-185). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 15 iyul 2019-cu il tarixli 1648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş, lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyada məcburi müalicəyə ehtiyacı olmamış, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 186-187). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 avqust 2019-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin təzyiqlərə məruz qalması, ona hədə-qorxu gəlinməsi və polis əməkdaşlarının onun üzərinə və yaşadığı evə narkotik vasitə qoyması faktı təsdiq edilməmişdir (cild 1, iş vərəqə 176-180). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur (cild 1, iş vərəqə 217; 219; 229). Cinayət işinin materiallarında olan 26 noyabr 2019-cu il tarixli “xxxxxxx” mobil operatorundan daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən diskin bir tərəfində qırmızı rəngli hissəsində “xxxxxxx” VƏ “BKC/LGL- 21252-19” sözləri yazılmışdır. “CD” diskə baxış keçirilərkən müəyyən edildi ki, disk 700 mb, içərisində “PDF” formatında 4 ədəd fayl vardır. Onlar “554184352 sms in”, “554184352 sms out”, “Məxsusluq tarixçəsi_554184352”, “Zənglər_Məxsusluq tarixçələri_554184352_onlyBKC”, “Zənglərin Detallaşması_554184352” adlı fayllardır. “554184352 sms in” adlı faylda qeyd olunan mobil nömrəyə daxil olmuş smslərdir, “554184352 sms out” adlı faylda qeyd olunan mobil nömrədən müxtəlif mobil telefon nömrələrinə yazılmış sms mətnlərinin məzmunu, “Məxsusluq tarixçəsi_554184352” adlı faylda qeyd olunan nömrənin kimə məxsus olması barədə məlumat, “Zənglər_Məxsusluq tarixçələri_554184352_onlyBKC” adlı faylda qeyd olunan mobil nömrəyə zəng edilmiş “bakcel” mobil operatora aid nömrə sahiblərinin anket məlumatları və “Zənglərin Detallaşması_554184352” adlı faylda isə qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar əks olunmuşdur. Baxış zamanı müəyyən edildi ki, diskdə müxtəlif sms mətnləri vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etmiş, lakin iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir: - 02.04.2019-cu il tarixdə saat 05.36-da – ***-***-**-** – “Yarım istəyirəm, 0,5 qram alınar, ya da 1 padi, 1 koku alınar. Varsa indiyə lazımdı, gəlim alındıra bilsən zor olardı.” - 03.04.2019-cu il tarixdə, saat 01.29-da – ***-***-**-** – “İman, mənəm Orxan, yarı pati düzüb qoşmaq olar?” - 06.04.2019-cu il tarixdə saat 01.50-da – ***-***-**-** – “İman, ata gör nə deyirəm, sabah atam mənim bank kartının günorta 3-ün yarısında yeniləyəcək kartı, gətirəcək Əzizbəyova, ötürəcək mənə, yəni ata gör nə deyirəm sənə, 45 manat verəcəyəm, səhər saat 11-də ustalar bir də Vüqar gələcək, yəni ata qardaş sabaha yarı var, anamın canı var, var yoxuna nəhlət əzizbəyovda kişiynən görüşüb ya beynəxalda, ya da kapitaldan pulu çıxarıb pryamoy yanıva. Lap qardaşın sənə 50 manat verəcəy, 10 manat artıq, günorta yanındayam əziz canı, ayıb olar, sənə verəcəm 95 manat, lap ...... lap 100 verəcək qardaşın sənə. şükür ki həmin pul məndə olub. Bu üç gündə karta görə belə pulsuz parasız qaldım. Bir sözlə səhər əlimnən tut, uşaqlar vəziyyətdən çıxsın, işimi işdəsinlər.” - 06.04.2019-cu il tarixdə saat 00.55-də - ***-***-**-** – “Eto ya Bəxtiyar. Gusein seqodno to cto ti sdelal ye tebe ne prosu, ya teve predopridal, esli tı ne izvinişsa tebe budut xuyova...ti ne izvenila sam zaxotel”. - 09.04.2019-cu il tarixdə - ***-***-**-** – “Qaqaş mənə 1 manat keçmədin ama bes manatliq ceti on manata itələdin. Taksiynən idim, telesirdim hem de yanımda dostlar var idi, istemedim hay kuy duşsun. Hem de mene nokia vermisdin, oğurluqda o telefon, İmana denən ki, kimdən alıbsa o, telefonu tapsınadamı göndərsin qoratdelə, müstəntiq Vüqarın yanına iş onlardadı, bir dənə ayfon, 400-ə yaxın pul, sep, qolbaq, qızıl, qadın sumkası, qadının sənədləri, bir də nokia. Gedin yoluna qoyun bu məsələni, ucaskovu bir də qapıma gəlsə inciməyəkdə bir-birimizdən, evdə ailəm uşağım var. Başa düşdündən də məni hə brat?” - 12.04.2019-cu il tarixdə saat 12.22-də - ***-***-**-** “məynən təcili əlaqə saxla, xeyirdi” - 11.04.2019-cu il tarixdə saat 21.26-da – ***-***-**-** – Boğazdayam səndən uje. Nömrəmi sənə görə dəyişdim. Bir də məni yığan görməyim. - 22.04.2019-cu il tarixdə saat 06.41-də - ***-***-**-** – sabahın xeyir, brat, iman, axşam gəlib qaqandan götürdüm 40 manatlıq, ondan 4 dənə 2-sini puzok partdatdı, qaldım boş...brat üstümdə 19 manatdı 1 koko 1 pati düzələrsə vızıv ver mənim bilim, gəlim. - 22.04.2019-cu il tarixdə saat 21.50-də vu idi vacib işin? - 25.04.2019-cu il tarixdə saat 13.51-də - ***-***-**-** - Mən polisə gedirəm Orxan, sənə bu nömrə kimindi onu verəcəm, görüm hələ bular kimdi ki bulara görə evə gəlmirsən. Nə işlə məşğulsuz bilmirəm. hamı bir yerdə nələr eliyərsiz polisə düşəndə Orxan nə var senniydi, orxan bu axırıncı oyundu, azərin də anasını polisə çağırtdıracam. Gəlsin oğlu telefonu kimdən alıbsa gətirsin, telefonu hara satıb desin. evdən də gedirəm, get indi qaldığın adamlar səni saxlayar, bəsdi sən bizi bezdirdin. - 15.05.2019-cu il tarixdə saat 16.29-da – ***-***-**-** – İman qaqulya, qaqamızın nujnasıdı, belə bir birimizi tanımırıq yəqin, ama hörmətin qarşılığını görərsən, dedim axı. Baxış zamanı müəyyən edildi ki, ***-***-**-** nömrəli mobil telefon Təqsirləndirilən şəxs adınadır. Baxış zamanı müəyyən edildi ki, ***- ***-**-** saylı mobil nömrə Polad Əliyevin (AZE №16217104), ***-***-**-** saylı mobil nömrə Vüsal Gülməmmədovun (AZE №14604716) və ***-***-**-** saylı mobil nömrə Qafur Məmmədovun adınadır. Digər nömrələrin məxsusluğu barədə məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqə 13-14). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 12 dekabr 2019-cu il tarixli qərardan görünür ki, “Həsən” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır (cild 2, iş vərəqə 63-64). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 verilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10 aprel 2013-cü tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 7 oktyabr 2013-cü il tarixli qərarı ilə həmin cəza 3 (üç) ilə endirilmiş, 9 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 103-104; cild 2, iş vərəqə 45-50). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 195-198). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 23 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 may 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 78-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 22 may 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 1015,168 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli, 22 may 2019-cu il tarixdə şəxsi axtarış və yaşayış sahəsinə baxış zamanı aparılmış videoçəkiliş diskinin və Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı “xxxxxxx” MMC-dən daxil olan CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 228 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 1015,168 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin, 22 may 2019-cu il tarixdə şəxsi axtarış və yaşayış sahəsinə baxış zamanı aparılmış videoçəkiliş diskinin və Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı “xxxxxxx” MMC-dən daxil olan CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar