Məhkəmə qərarları › İş №1(101)-297/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-297/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-297/2023 08.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 29 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,591 qram narkotik vasitə heroini və 0,838 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq 12 may 2022-ci il tarixdə saat 08:00 radələrində taksi kimi istifadə etdiyi tanışı Şahid1 idarə etdiyi “Opel-Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsinin yaxınlığına gələrkən üzərində daşıdığı qeyd edilən çəkidə psixotrop maddə metamfetamini əlindəki salfet kağızlarına bükülü halda saxlaması üçün Şahid1 sonra götürəcəyini bildirməklə avtomobilin sürücü qapısının saxlanc yerinə qoymasını tapşıraraq ona vermiş, külli miqdarda narkotik vasitə heroini isə öz üzərində saxlamış, həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X12 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsinin yaxınlığında özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirilib, orada şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümündə 6,591 qram külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, axtarış hərəkətlərinin davamı olaraq Şahid1 idarə etdiyi “Opel-Astra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılarkən həmin avtomobilin qabaq sol qapısının saxlanc yerindən 01 ədəd şəffaf sellofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda 0,838 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. O, hər gün qramını 10-15 manata almaqla yarım qram heroin qəbul etmişdir. O, hadisə baş verən gün tanışı Mirəlini narkotik götürməyə gedərkən taksi kimi çağırmış, onunla “Sovetski” adlanan əraziyə gəlmişdir. “5 mərtəbə” adlanan əraziyə çatmamış düşüb Seyid adlı şəxsdən 18 manata 1 qram heroini istifadə etmək üçün almış, daha sonra aldığı narkotik vasitəni istifadə etmişdir. Axşam təxminən saat 12-də o, Mirəli ilə Maştağa qəsəbəsinə dostu ilə görüşməyə getmişdir. Saat 1-ə işləmiş Maştağada yol-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşmış və həmin saatda qeyd edilən ərazidə nə etdiklərini soruşmuşlar. O, kobud cavab vermişdir. Polislər üzərilərinə baxış keçirmək üçün icazə istəmiş, daha sonra üzərilərinə baxış keçirmişlər. Onun üzərindən telefonu aşkar olunmuş, telefona da baxış keçirmək istəmişlər, o isə icazə verməmişdir. Amma onlar telefona baxış keçirmişlər. Daha sonra maşına baxış keçirərkən maşından narkotik aşkar olunmuş, kimin olduğunu soruşanda o, narkotikin ona məxsus olduğunu bildirmişdir. Onu bölməyə aparmışlar, orada ona fiziki təzyiq göstərmişlər. Ona silah və narkotiklə tutulacağı deyilmiş, o, silahı qəbul etməmişdir, narkotik istifadəçisi olduğunu etiraf etmişdir. Ona çəkiliş olacağı, öyrətdikləri sözü deməsi bildirilmiş, o da polislərin öyrətdikləri sözləri demiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılacağı bildirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, saxlanılandan sonra təhqiqatçı çəkilişdən qabaq onun üzərinə, idman şalvarının sağ cibinə narkotik vasitə qoymuş, çəkilişdə cibindən çıxarmağı, tanımadığı maştağalıdan aldığını, lakin haradan aldığını xatırlamadğını bildirməsini tapşırmışdır. Təhqiqatçı onu döyməmiş, amma təhqiqatçının yanında əməliyyatçılar onu döymüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hal-hazırda Daxili İşlər Nazirliyinin Əlahiddə X12 polis nəfəri vəzifəsində işləyir, polis serjantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. Bildirir ki, 12 may 2022-ci il tarixdə gecə saat 2-3 radələrində Əlahiddə X12 polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə təhkim olunduqları ərazi üzrə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsinin yaxınlığında 9627 çağırışlı avtopatrul avtomobili ilə hərəkətdə olarkən bir avtomobilin bulağın yanında dayanmasını, avtomobilin kapotunun açıq olmasını, sürücünün avtomobillə məşğul olmasını, digər şəxsin isə orada gəzişərək nəsə axtarmasını görüb onlara yaxınlaşmışlar. Bu zaman gəzişən oğlan həmin yerdən nəsə götürüb tələsik avtomobilin qabaq sərnişin oturacağına əyləşmiş, bunu gördükdə bu, onlarda şübhə yaratmış, onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan şəxsiyyətlərini təsdiq edən sənəd tələb etmiş, lakin həmin şəxslərin üzərlərində heç bir sənəd olmamışdır. Həmin vaxt sərnişin kimi əyləşən şəxsin özündə olmadığını, həyəcanlandığını və suallara qeyri-adekvat, sürücü ilə ziddiyyətli cavablar verməsini görüb həmin şəxslərin narkotik vasitə istifadəçiləri olmasından şübhələnib onları ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə avtomobillə birlikdə təhvil vermişlər. Polis bölməsinə təhvil verərkən şəxsiyyətlərini yoxladıqda müəyyən edilmişdir ki, həmin şəxslərdən avtomobilin sürücüsü Şahid1dur, sərnişin isə Təqsirləndirilən şəxsdur. Polis bölməsində araşdırma 14-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru Şahid4 həvalə edilmişdir. Onun və xidmət yoldaşı polis serjantı Şahid2 iştirakı ilə şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona paltarında və ya bədənində ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet, sənəd varsa təqdim edilməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən sellofan bükümü təqdim etmiş və həmin sellofanda narkotik vasitə aşkar olunmuşdur. Ramil narkotiki şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofandakı maddə zərfə qoyularaq üzəri möhürlənmiş və axtarış aparılması barədə protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərinə şəxsi axtarış keçirildikdə onun üzərindən heç bir narkotik vasitəyə bənzər maddə, qanunsuz əşya, predmet aşkar edilməmişdir. Bundan sonra Şahid1 avtomobilinə baxış keçirilən zaman sonuncu həmin avtomobilin qabaq sol sürücü qapısının saxlanc yerindən 01 ədəd sellofan bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin bükümü ona tanışı Təqsirləndirilən şəxs verdiyi salfetkaların arasında olmasını bildirmişdir. Aşkar edilmiş həmin bükülü açıldıqda içindən narkotik maddəyə bənzər maddə olması müəyyən edilmiş, həmin bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş və tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, onlar əvvəllər Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bir məhəllədə yaşamışlar. Ramillə dostluq etmiş, aralarında heç bir qərəzlilik, ədavət olmamışdır. O, Ramilin narkotik vasitə aludəçisi olduğunu bilsə də, özü heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. 11 may 2022-ci il tarixdə Ramil ona zəng edib onu köhnə məhəllələrinə çağırmış və onu taksisi ilə bir neçə yerə aparmağı və xidmət haqqını da ödəyəcəyini demişdir. O, Ramilin yaşadığı evin qarşısına gəlib Ramillə görüşmüş, sonra Ramil bir nəfərlə görüşmək üçün onu “Tarqovı” adlanan əraziyə aparmasını sifariş etmişdir. O, Ramili “Tarqovı”ya gətirmiş, maşını saxlayandan sonra Ramil maşından düşüb həmin adamın yanına getmiş, bir qədər sonra isə geri qayıdıb maşına oturmuş və onu yenidən məhəllələrinə aparmağı bildirmişdir. O, Ramili yenidən özünün yaşadığı Bayıl qəsəbəsindəki məhəlləyə, lap evlərinin qarşısına gətirmiş, Ramil maşından düşmüş, onu gözləməsini tapşırıb özü evə getmişdir. Bir neçə dəqiqədən sonra Ramil qayıtmış və onu Maştağa qəsəbəsinə aparmağı sifariş etmişdir. O, Ramili Maştağa qəsəbəsinə “Məmmədyarov” dairəsi adlanan əraziyə gətirmişdir. Maşın qaynatdığı üçün o, maşınını saxlamış, bu zaman Post-Patrul polis əməkdaşları onlara yaxınlaşmışlar. Polislər maşını axtarmağa başlamış, daha sonra sürətlər qutusunun əlcəyinin yanından Ramilin salfetkada qoyduğu, istifadə etdiyi maddə aşkar olunmuşdur. Həmin salfetkanı yolda Ramil qoymuşdur. Həmin maddə çox az olmuş, hətta polis işçisinin əlindən tökülmüşdür. Onları saxlayıb bölməyə aparmışlar. İlk olaraq onları növbətçi hissəyə gətirmişlər. Polis işçilərindən biri “bura nəyə gəlmişdiz” deyərək onu döyməyə başlamışdır. Daha sonra Ramili sıxışdırmağa başlamışlar, kimin yanına gəldiyini deməsini istəmişlər. Sonra Ramili, daha sonra yenə onu döyməyə başlamışlar. Sabahısı gün videoçəkiliş aparılmışdır, onu maşından aşkar olunan narkotikin maşının saxlanc yerindən aşkar olunmasını deməyə məcbur etmişlər. Çəkiliş zamanı o, razılaşmamış, çəkilişi dayandırıb yenidən onu özlərinin dediklərini deməyə məcbur etmişlər. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, onlar əvvəllər Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bir məhəllədə yaşamışlar. O, Ramilin narkotik vasitə aludəçisi olduğunu bilsə də, özü heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. 11 may 2022-ci il tarixdə, təxminən saat 19 radələrində o, “20 Yanvar” metrosunun yanına sərnişin aparmış, bu zaman Ramil özünün istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib onu Bayıl qəsəbəsinə köhnə məhəlləyə çağırmış və demişdir ki, onu taksi olaraq bir neçə yerə aparsın və xidmət haqqını da ödəyəcəkdir. O Ramilin yaşadığı evin qarşısına gəlib onunla görüşmüşdür. Sonra Ramil onu “Tarqovı” adlanan əraziyə aparmağını sifariş etmiş və bildirmişdir ki, orada bir nəfərlə görüşməlidir. Bu adamın kim olduğunu bilmir. O, Ramili “Tarqovı”ya gətirmiş, ara küçələrlə maşınla bir neçə dəfə dövrə vurduqdan sonra həmin küçələrdən birində yolun kənarında bir nəfər orta boylu, arıq bədənli bir adamı görəndən sonra Ramil ona maşını bu adamdan bir qədər aralıda saxlamağını tapşırmışdır. O, maşını saxlayandan sonra Ramil maşından düşüb həmin adamın yanına getmiş, bir qədər sonra isə geri qayıdıb maşına oturmuş və onu yenidən məhəllələrinə aparmağı tapşırmışdır. O, Ramili yenidən yaşadığı Bayıl qəsəbəsindəki məhəlləyə, evinin qarşısına gətirmişdir. Ramil maşından düşmüş, onu gözləməyini tapşırıb özü evə getmiş, bir neçə dəqiqədən sonra qayıtmışdır. Həmin vaxt görmüşdür ki, Ramilin halı dəyişmişdir və başa düşmüşdür ki, Ramil narkotik vasitə və ya psixotrop maddə qəbul edib. Sonra Ramil ona özünü Maştağa qəsəbəsinə aparmağı sifariş etmişdir. O da etiraz etməyib avtomobili həmin istiqamətə sürmüşdür. Yolda olarkən Ramil kiminləsə telefonla danışıb həmin adamdan özünün telefonuna “konum” atmasını istəmişdir. Sonra isə yolda Ramil özünə bir ədəd dönər almış və maşında gedə-gedə yemişdir. Həmin adam da ona “konum” atdıqdan sonra həmin məlumat əsasında o, Ramili Maştağa qəsəbəsinə “Məmmədyarov” dairəsi adlanan əraziyə gətirmişdir. Orada Ramil yolun kənarında olan bulağın yanında maşını saxlamağını istəmişdir. O, avtomaşını saxlamış, bu zaman Ramil dönəri yeyərkən əlini sildiyi salfetləri verib demişdir ki, bunları maşının bir yerinə qoyub saxlasın və götürəcəkdir. O da salfetləri ovcunun içində əzilmiş-bükülü halda alıb sürücü qapısının cibinə qoymuşdur. Sonra Ramil avtomaşından düşüb bulağın ətrafında bir qədər gəzməyə başlamışdır. Bu zaman o da, görmüşdür ki, maşının mühərrikinin suyunun hərarəti qalxmış qaynamaq dərəcəsinə çatmışdır. Ona görə də radiatora su əlavə etmək üçün maşından düşmüş, bulaqdan qaba su doldurub maşının kapotunu açaraq radiatora su əlavə edərkən arxadan onlara tərəf polis avtopotrul maşını gəlmişdir. Ramil onları görən kimi tələsik avtomaşına oturub tez buradan getməyi istəmişdir. O isə Ramilə demişdir ki, “Niyə tələsirik? Dayan maşına su töküm.” Həmin anda polis əməkdaşları maşını saxlayıb əvvəlcə Ramilə yaxınlaşmışlar. Ramil həyəcanlanaraq özünü şübhəli aparmasına görə və onların suallarına düzgün cavab verməməyə görə polis əməkdaşları onları avtomobillə birlikdə Maştağa qəsəbəsində yerləşən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirib təhvil vermişlər. Polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına müdafiəçi qismində 7 saylı Vəkil bürosundan vəkil Kamandar Hüseynov təyin edilmişdir. Daha sonra onun könüllü ərizəsi əsasında vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə onun idarə etdiyi “Opel-Astra” markalı **-TY-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman Ramilin ona verdiyi salfetlərin arasından bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Maştağa qəsəbəsinə hansı məqsədlə gəldiyini bilməmiş və Ramil ona guya Maştağada bir nəfər tanışı ilə görüşəcəyini bildirmişdir. Ramilin ona verdiyi salfetlərin arasında 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu o, əvvəlcədən bilməmişdir. Polis bölməsinə gətirən zaman onlar yanaşı oturmuşlar və həmin vaxt Ramil onun qulağına bir az əvvəl ona verdiyi salfetlərin arasında 1 ədəd bükümdə “şüşə” adlandırdığı metamfetamin olduğunu pıçıldamışdır. Onlar bulağın yanında dayanan zaman polis əməkdaşlarının ona tərəf gəldiyini görüb, üstündə olan həmin metamfetamin bükümünü ona verib ki, polislər onun üstünə axtarsalar aşkar edilməsin. Əlavə olaraq bildirir, polis bölməsində Ramilin üzərində axtarış aparılandan sonra polis əməkdaşları ona demişlər ki, Ramil özü onlara etiraf edib ki, avtomobildə bir büküm metamfetamin vardır. Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində Məmmədyarov dairəsi adlanan ərazidəki bulağın yanından narkotik vasitə götürdüyünü, ümumiyyətlə oraya məhz narkotik vasitə götürmək üçün gəldiyini bilməmişdir (cild 1, iş vərəqi 132-135). Məhkəmədə məhkəmənin təşəbbüsü əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin baş təhqiqatçısı vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq 12 may 2022-ci il tarixdə 14-cü Polis bölməsinə gətirilmişdir. Onlar şəxsi prosessual qaydada müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi tutmuşlar. Daha sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Tərəfindən həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində müdafiəçi iştirak etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, şəxsə bildirmişdir ki, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcək, şəxs də etirazı olmadığını bildirmişdir. Bu barədə ərizə yazmış, imza atmışdır. Digər prosessual hərəkətlərin hər birində müdafiəçi iştirak etmişdir. Müdafiəçinin iştirakından şəxs özü könüllü imtina etmişdir. Ramillə birlikdə başqa bir şəxs də gətirilmişdir. Ramilin üzərindən narkotik vasitə çıxdığının şahidi olmuşdur. Digər şəxsin isə maşınından narkotik aşkar olunmuşdur, həmin şəxs bildirmişdir ki, maşından aşkar olunan narkotik vasitə Ramilə məxsusdur. Onun yanında heç kim Ramili döyməmişdir. Bütün imzalar Ramilin özü tərəfindən icra olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 08:00 radələrində polis əməkdaşları 9627 saylı avtopatrulda xidmət apardıqları Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi deyilən ərazidə “Opel Astra” markalı dövlət qeydiyyat nişanı **-TY-*** olan maşın şübhələrini çəkmişdir. Həmin avtomaşının sürücüsünə özlərini təqdim etmiş, sürücü və sərnişindən şəxsiyyətlərini təsdiq edən sənədi istədikdə onlar üzərilərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığını və Maştağa qəsəbəsində yaşamadıqlarını demişlər. Sürücü və sərnişinin özlərində olmadıqlarını görmüş, verdikləri suallara qeyri-səmimi cavab verdiklərinə görə həmin vətəndaşları ərazi üzrə 14-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər Şahid1 və Təqsirləndirilən şəxsdur. Həmin şəxslər narkotik maddələrin istifadəsində və daşınmasında şübhəlidirlər (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümünü təqdim etmiş və həmin sellofanın içərisində narkotik vasitə heroin olmasını, bu narkotik vasitəni bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən tanımadığı şəxsdən 130 manata almasını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmiş və əlavə etmişdir ki, Maştağa qəsəbəsinə gəldiyi taksi avtomobilində də bir büküm metamfetamin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofanın içərisində olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 24-25). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2733 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,591 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş heroin ilə Şahid1 aşkar edilmiş metamfetamin (6/2732 nömrəli 2022-ci il tarixli ekspert rəyi) müxtəlif tərkibli olduğundan müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (cild 1, iş vərəqi 30-33). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş avtomobildə axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, avtomobilə axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək avtomobilində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra idarə etdiyi “Opel Astra” markalı, **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobildə qapının saxlanc yerində 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin sellofan bükümünü saxlamaq üçün Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Şahid1 təqdim etdiyi 01 ədəd şəffaf sellofanın içərisində olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Avtomobilə axtarış zamanı vətəndaş cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 123-124). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2732 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Vət. Şahid1 idarə etdiyi avtomobildən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,838 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar edilmiş heroin (6/2733 nömrəli 2022-ci il tarixli ekspert rəyi) müxtəlif tərkibli olduğundan müqayisəli tədqiqat aparılması mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (cild 1, iş vərəqi 126-130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1/923 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik və digər maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti müəyyən olunmuşdur (cild 1, iş vərəqi 35). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirilmiş Şahid1 idarə etdiyi “Opel Astra” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı təhqiqatçı tərəfindən Şahid1, Təqsirləndirilən şəxs həmin avtomobildə 1 ədəd bükümdə metamfetamin olması barədə məlumat verdiyini bildirdikdən sonra Şahid1 bunu təsdiq edərək avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq sol, yəni sürücü qapısının saxlanc yerindən 1 ədəd ağ rəngli kağız-salfetka büküm aşkar edilmişdir. Təhqiqatçı, Şahid1 bükümün içərisində nə olduğunu soruşduqda o “Xeyr, nə olduğunu bilmirəm” cavabı verdikdən sonra büküm açılaraq içərisində ağ rəngli kristall şəkildə olan, pisxotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Şahid1 bildirmişdir ki, həmin bükümü ona Maştağa qəsəbəsində özü ilə birlikdə saxlanılan Ramin Xəlilzadə saxlanılandan az əvvəl, sonra götürəcəyini deyərək ona vermişdir. Şahid1 avtomobilindən aşkar edilmiş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı Şahid4 tərəfindən zərfə qoyularaq üzəri möhürlənmişdir (cild 1, iş vərəqi 131). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoçaplardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon “Xiaomi-Redmi” markalı M1906GTG modelli sensorlu **********22192/02 və **********22190/02 İMEİ kodlu, tünd göy rəngli mobil telefondur, üzərində ***-***-**-** "xxxx" abonent nömrəsi vardır. Mobil telefon açıldıqda orada narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məlumatlar əldə edilmişdir. Belə ki, həmin mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqi proqramında +9***- ***-**-** abonent nömrəsindən 12 may 2022-ci il tarixdə saat 12:17-də “Salam qaqa, mnm iosifin ogli, iosifin ogliam qaqa, mal gotrdz axsam” məzmununda mesaj Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə göndərilmişdir. Mobil telefonda olan fotoşəkillərin içində isə xx.xx.2022-ci il tarixdə saat 23:49:51-də Səbail rayonu, Q.Abbasov küçəsi 56 “Real market”dəki Milliön elektron ödəmə aparatından 416973******6232 nömrəli “Kapital bank” kartına 130 manat məbləğində pulun ödənilməsi barədə qəbzin fotoşəkilləri olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini əks etdirən DVD diskinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskdən görünür ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd mobil telefon aparatı, sonra isə həmin gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülü halda olan tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs bu maddənin nədən ibarət olduğunu soruşduqda o, həmin maddənin heroin olduğunu bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs həmin heroini haradan və kimdən, hansı tarixdə aldığını soruşduqda Ramin Xəlilzadə bildirmişdir ki, bu heroini 1 gün bundan əvvəl Maştağa qəsəbəsində adını, soyadını bilmədiyini, üzdən tanıdığı şəxsdən 130 manata almışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bundan əlavə üzərində və ya başqa yerdə qanunsuz saxlanılan nə isə olduğunu soruşduqda o, bildirmişdir ki, bundan əlavə Maştağa qəsəbəsinə gəldiyi taksi avtomobilində də 1 ədəd bükümdə metamfetamin adlanan maddə vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı Şahid4 tərəfindən zərfə qoyularaq üzəri möhürlənmişdir (cild 1, iş vərəqi 80-81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, "xxxx" MMC-dən götürülmüş DVD diskə baxış keçirilmiş, baxış zamanı həmin DVD diskdə 4 ədəd pdf formatlı “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması” və “X2” adlı 4 ədəd “pdf” formatlı fayllar olması aşkar edilmişdir. İstintaq marağı kəsb edən məlumatların olması yoxlanıldıqda müəyyən edilmişdir ki, xx.xx.2022-ci il saat 15:43 radələrində ***-***-**-** abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “MENEM AYAN HARDARAN AC TELİ”, saat 15:56-də “BU HEREKETTİVİN ADİ NEDİ AGRİDAYAME MEN.” xx.xx.2022-ci il tarixdə saat 00:55:17-də “MENEM AYAN SROCNU ZENG ELE”, xx-xx-2022-ci il tarixdə saat 02:03:21də “MEN BUTUN GUNU LOMKADA QALMİSAM. İNDİ GEDİREM EVE. BAYAGDAN TELEFONNAN DANİSİRSAN YİGİRAM ACMİRSAN. COX SAG OL. SAG OL. xx.xx.2022-ci il saat 03:14:45-də “20DEQ VURDA OLMASON VİRDE MENİ AXTARMA” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 21:03:45-də ***-***-**-** abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə “AC DA BU POXU BELKEM S....LLER MENİ BURDA. HARDASAN? TEMA LAZİMDİ PULNAN ELMİR İSTİYİR. TEZ CAVAB VER.” xx.xx.2022-ci il tarixdə 23:49:42-də “GELİREM BAYİLDA SOHBET ELİYERUY. ZAKAZ ELEDİM TAKSİ” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 00:32:29-də ***-***-**-** abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Qaqaw seni gozduyuruy e seni hamsi senende cox gazamat gorenlerdi. 02 yarm malı catdir. sohbet wiwmesun” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 16:38:50-də ***-***-**- ** saylı abonent nömrəsindən “Sene kola lazim olsa cekiynen 05-1 gram yiga bilersne varmizdi” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 17:28:10-da ***-***-**-** saylı abonent nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Ramil agriyiram men olurem uje veziyyetim pisdi. Gelmirsen sen?” məzmununda narkotik vasitələrin satışına və yayılmasına dəlalət edən gələn mesaj mətnlərin olması müəyyən edilmişdir. Bundan başqa, diskdə olan “Zənglərin detallaşdırılması” faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, Bayıl döngəsindəki anten dairəsindən Şahid1 istifadəsində olmuş ***-***-**-** abonent nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 19:38 radədə zəng edilərək 16 saniyə danışıq aparılmış, həmin gün saat 22:08 radələrində eyni anten dairəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Şahid1 istifadəsində olmuş ***-***-**-** abonent nömrəsinə zəng edilərək 81 saniyə, həmin gün saat 22:25 radədə isə 11 saniyə danışıq aparılmışdır. xx.xx.2022-ci il tarixdə şaat 01:28-də Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov 89 anten dairəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Şahid1 istifadəsində olmuş ***-***-**-** abonent nömrəsinə zəng edilmiş və 10 saniyə danışıq aparılmışdır (cild 1, iş vərəqi 101- 103). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs dönəri yeyərkən əlini sildiyi salfetləri ona verib maşının bir yerinə qoymasını istəməsi, daha sonra polislərin maşına baxış zamanı həmin salfetləri aşkar edib götürməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 166-169). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140-141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 7992 saylı məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə hal-hazırkı tarixədək xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 147). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 6,591 qram külli miqdarda narkotik vasitə heroin və avtomobildən götürülmüş 0,838 qram psixotrop maddə metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk və telefon məlumatları olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 6,541qram heroin, 0,788 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 177-187). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs götürülmüş 6,591 qram külli miqdarda narkotik vasitə heroinin və 0,838 qram psixotrop maddə metamfetaminin qanunsuz olaraq əldə edildiyi naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 189-190). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün narkotiklərin yalnız istifadəçisi olması, onların satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, işdə olan, Təqsirləndirilən şəxs apardığı SMS yazışmalarını özündə əks etdirən həm mobil telefona, həm də "xxxx" MMC-dən götürülmüş DVD diskə baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs birbaşa narkotiklərin satışı ilə məşğul olmuşdur. Məhkəmə həmin sübutları, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotiklərin müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, bükümlərə bükülməsini, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddəni metamfetamini məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda Şahid1 ibtidai istintaq zamanı verdikyi ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Şahid1 məhkəmədə verdiyi ifadələrə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələrlə şahid uzun zaman yoldaşlıq münasibətində olduğu təqsirləndirilən şəxsə məsuliyyətdən yayınmaqda kömək etmək məqsədini güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən və həmin tədbirin müddəti uzadılarkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmidir. Əksinə təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, saxlanılarkən üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartoçkasını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, Xəlilzadə X7 Saxlama Yerinə təhvil verildikdə onun qollarında köhnə kəsik izləri aşkar olunmuş, onun təcridxanaya qəbul edilərkən üzərində yeni zədələrin olması həmin sənədlərdən müəyyən olunmamışdır. Şəxsi işdə olan Təqsirləndirilən şəxs izahatından görünür ki, qolunda və qarnında olan çapıq xəsarətləri əvvəl cəza çəkdiyi zaman Qobu həbsxanasında olarkən olmuşdur. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin qardaşı X4 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək, qardaşı Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılması, Samir adlı polis əməkdaşı tərəfindən ondan 10000 manat məbləğində pul tələb edildiyi, üzərində qeyd edilən narkotik vasitənin olmadığı, təzyiqlərə məruz qaldığı barədə şikayəti əsasında araşdırma aparılmış, araşdırma nəticəsində qeyd edilən məlumatlar öz təsdiqini tapmadığından və toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmişdir. O, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq edilmiş, o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib ona təyin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən birləşdirilmiş və ödənilməmiş 500 manat cərimə cəzasından azad edilmiş və həmin cəzaya münasibətdə üzərindən məhkumluq götürülmüşdür (cild 1, iş vərəqi 117-119). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir və bu səbəbdən onun əməlində cinayətin residivi mövcud deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 13, 59-62, 96-99, 220-223). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan 6,541 qram heroin və 0,788 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk və telefon məlumatları olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 130 (yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin saxlancında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalan 6,541 qram heroin və 0,788 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk və telefon məlumatları olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar